Super User

Super User

 

İsveçin paytaxtı Stokholm şəhərində “Türk dünyasının milli mədəniyyəti” adlı konsert proqramı keçirilib.

 

“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinaədən xəbər verir ki, müxtəlif türkdilli icmaların bir araya gəldiyi tədbir Özbəkistanın “Hicran” Mədəniyyət Dərnəyi tərəfindən təşkil olunub.

Tədbirdə Azərbaycanı SAF – İsveç Azərbaycan Birliyi təmsil edib. SAF-ın sədri Sevda Dadaşovanın təşəbbüsü ilə təşkil olunan sərgidə Azərbaycanın atributları, milli aksesuarları, geyimləri, kitabları və digər mədəni nümunələri tədbir iştirakçılarına təqdim olunub. Sərgi vasitəsilə Azərbaycanın zəngin mədəni irsi tamaşaçılarla bölüşülüb.

Konsertdə özbək, qazax, türk və Azərbaycan sənətkarları çıxış ediblər. Tədbir çərçivəsində opera müğənnisi Burcu Kuru, İsveçdə yaşayan azərbaycanlı pianoçu Aynur Məlikova və tar ifaçısı Fərid Xankişiyev Azərbaycan və türk musiqisinin incilərini ifa edərək proqramın zənginləşməsinə töhfə veriblər. Onların ifasında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından “Qızlar xoru”, Tofiq Quliyevin “Sənə də qalmaz”, Vasif Adıgözəlovun “Qərənfil” kompozisiyası və “Ay Laçın” xalq mahnısı səsləndirilib.

Tədbirin əsas məqsədi Stokholmda yaşayan türkdilli icmalar arasında birlik və həmrəyliyi təşviq etmək, eləcə də bu xalqların mədəniyyətini daha geniş auditoriyaya tanıtmaq olub.

 

“Ədəbiyyat və incəsənət”

(30.06.2025)

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə "Sevdiyin şeiri gəl mənə söylə" rubrikasında portalımızın Qarabağ təmsilçisi, yazar, pedaqoq Nemət Tahirdir. Nemət bəy poeziyaya ürək bağlayan, sözlərə hissləri düyünləyən yaradıcılarımızdandır.

 

-Xoş gördük, Nemət bəy. Sizə də "Sevdiyin şeiri gəl mənə söylə" deyirik.

 

-Salam Ülviyyə xanım, xoş gördük. Mənim ən çox sevdiyim şeir Vahid Əzizin “Əzizim” şeiridir.

Bəzən bir şeir insana elə toxunur ki, sanki onu sən yazmısan, sanki sənin içinə baxıb, sənin ağrını, susqunluğunu sözə çeviriblər. Vahid Əzizin “Əzizim” şeiri də mənim üçün belə bir poetik mətndir. Bu şeiri sevməyimin səbəbi onun hər misrasında gizlənən dərdin, yanğının və acının mənə çox tanış olmasıdır.

Əvvəlcə şeirin dili çox səmimi və doğmadır. Vahid Əziz burada heç bir bəzək-düzəyə ehtiyac duymadan, öz ağrısını sadə, lakin çox təsirli şəkildə çatdırır. “Dağ başında qar üstünə qar gələr...” misrasından etibarən oxucu sanki bir həyat yükünün, bir ömür yorğunluğunun içinə düşür. Bu misralarda həm tənhalıq var, həm də bir fəryad.

Mən bu şeirdəki “Bu darlığa dözmək olmur, əzizim” sətirində özümü görürəm. Bəzən həyat, ətraf, içində olduğun şərait o qədər daralır ki, sanki nəfəs almaq belə çətinləşir. Amma bu şeir həmin boğuq hissimi və səsimi çölə çıxarır. Oxuduqca insanın içindəki dustaq duyğular bir az da azad olur.

Digər tərəfdən, bu şeirdə dərin bir fəlsəfə də var. “Əzəl gündən dünya yalan dünyadı...” deyən şair, dünyanın saxtalığına, ədalətsizliyinə işarə edir. Burada “baha satan, ucuz alan” dünyada insanların dəyərsizləşdirildiyi, arzuların puç olduğu bir reallıq göstərilir. Bu, şairlə yanaşı, çoxumuzun yaşadığı bir həqiqətdir. Ona görə də şeirdəki hər söz bir güzgü kimi qarşıma çıxır.

Şeirin mənim üçün xüsusi əhəmiyyət kəsb edən cəhətlərindən biri də sevgidən ayrı düşməyin, onu yaşaya bilməməyin doğurğu kədəridir. “Səndən ayrı yaşamaqdan bezmişəm” deyən şairin bu fəryadı sevgidən yox, sevgisizlikdən yaranan bir həyat yorğunluğunun təzahürüdür. Hər kəs sevə bilər, amma hər kəs sevdiyinə qovuşa bilmir.

Sonuncu bənd isə mənə həyatın sonuna yaxınlaşmaqla bağlı bir səssiz qəbul hissi verir. “Gedəcəyəm, göylər məni çağırdı...” – bu misrada artıq bütün mübarizələrdən sonra bir təslimiyyət var. Amma bu təslimiyyət acizlik yox, sükunət içində bir ayrılıq kimi təqdim olunur.

Məhz bütün bu səbəblərə görə Vahid Əzizin “Əzizim” şeiri mənim üçün həm bir poeziya nümunəsi, həm də duyğularımı, yaşantılarımı ifadə edən bir nəğmədir. Onu hər dəfə oxuduqda içimdə gizli qalan sözlər sanki dillənir. Bu şeir mənim könlümə yol tapan, öz yerini alan, daim ürəyimdə yaşayan bir poetik səsdir.

 

Dağ başında qar üstünə qar gələr,

Gileylənmək zirvələrə ar gələr

Hər nə geysəm, vücuduma dar gələr,

Bu darlığa dözmək olmur, Əzizim.

 

Əzəl gündən dünya yalan dünyadı,

Baha satan, ucuz alan dünyadı,

Arzuları nakam qalan dünyadı,

Dağılanı düzmək olmur, Əzizim.

 

Kaş ki dünya zalımlığın ataydı,

Qəlbim bir an istəyinə çataydı,

Yaşamağım göz yaşımdı, haraydı..

Göz yaşında üzmək olmur, Əzizim.

 

Dalğalara yalvarmaqdan bezmişəm,

Hönkürməkdən, ağlamaqdan bezmişəm,

Səndən ayrı yaşamaqdan bezmişəm,

El-obadan bezmək olmur, Əzizim.

 

Heç bilməzdim daşım belə ağırdı,

Bəxtim belə biçarədi, fağırdı,

Gedəcəyəm, göylər məni çağırdı,

Daha yerdə gəzmək olmur, Əzizim.

 

“Ədəbiyyat və incəsənət”

(30.06.2025)

 

“Dənizçilərə Sosial Dəstək ” İctimai Birliyi Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı aparılan qanuna zidd rəftarı pisləyir, vəhşiliyə, insanlıqdan uzaq hərəkətlərə son qoyulmasını tələb edir. 

Eyni zamanda bütün Xəzəryanı ölkələrin, xüsusi ilə də Possevet məkanı olan qardaş Qazaxıstan, Türkmənistan, eləcə də İİR-nın, və Rusiyanın özünün bütün sülhsevər insanlarından, əsasən də bu ölkələrin dənizçilərindən, su nəqliyyatında çalışan vətəndaşlarından xahiş edir ki, bu qətliamlar üçün Rusiya hakimiyyətini, onun qanundan uzaq güc və qanun keşikçisi olan strukturlarına müraciətimizə səs versinlər. Bu cür faşist ənənəsini xatırladan əməllərə son qoysunlar.

Heç kəsə sirr deyil ki, Rusiyanın digər xalqlara münasibətdə zaman-zaman belə vəhşi, qəddar hadisələrə rəvac verib, nahaq qan töküb, xalqların öz müqəddəratın həll etməsində mane olub. Bu ölkədən, konkret rusiyanın hakim dairələrində təmsil olunan məmurlarından, konkret prezident V.V.Putindən heç vaxt humanist addım gözləmək olmaz. Dini, mənşəyi, az qala dili bir olan Ukrayna xalqına qarşı etdiyi haqsız müharibə, körpə uşaq evlərini, dinc əhalini raket atəşinə tutması dediylərimizinəyani sübutudur.

Şovinist, faşist, mədəniyyətdən, siyası və insani əxlaqdan, insanlığın özündən uzaq olmaq Rusiyanı bu dünyanın üz qarası kimi tanıdıb.

İrtica hərəkətləri ilə bu bölkə, inşallah nə vaxtsa özünün süqutunu yaşayar.

Uzun illər xalqlar dostluğundan bəhs edən, əslində isə çoxsaylı xalqları öz içərisində əridən ruslar imperiya iddiasından əl çəkməlidir.

Qardaş Qazaxıstanın, Türkmənistanın, eləcə də Rusiyanın, bir sözlə Xəzər dənizi ətrafında yerləşən ölkələrin eləcə də bütün dünya ölkələrinin dənizçilərinin bizim səsimizə səs qatmalarını, qonşu ölkəlr olaraq mehriban yaşamağa üstünlük verməyinizi xahiş edir və Rusiya irticasına son qoyulmasında bizimlə həmrəy olmanızı xahiş edirik.

Biz, “DSD” İB- yi olaraq bu Rusiyanın zorakılıq siyasətinə, günahsöz insanlara işgəncə verərək qətlə yetirməsinə son qoymasını, azərbaycanlılara və digər xalqlara hörmət etmələrini, qətlləri pisləyir bu qeyri insani hərəkətlərə son qoymasını tələb edirik və sizləri də sıramızda görmək istəyirik.

 

Hörmətlə: “DSD”İB-nin İdarə Heyətinin sədri, AYB-nin üzvü , 

Prezident mükafatçısı, Azərbaycanın və Rusiyanın və bir çox ölkələrin ədəbi ödüllərinin təltifçisi, 

AXDG QSC DND -nin gəmi kapitanı Faiq Balabəyli

 

“Ədəbiyyat və incəsənət”

(30.06.2025)

Bazar ertəsi, 30 İyun 2025 11:04

TƏLƏBƏ YARADICILIĞI - Nuray Fərzəliyeva

“Ədəbiyyat və incəsənət” portalının Tələbə yaradıcılığı rubrikasında bu gün sizlərə Ağdam Dövlət Sosial İqtisad Kollecinin Məktəbəqədər təhsil ixtisası üzrə II kurs tələbəsi Nuray Fərzəliyevanın yaradıcılıq nümunəsi təqdim edilir.

 

Mən əsgərəm…

aqlığını yaşamamış, tez böyüməyə məcbur olmuş bir uşaq.

Mənim oyuncağım heç olmayıb. Mən qorxuları yataq altında axtarmamışam, çünki mənim qorxularım yatağın altında yox, həyatın içində olub.

Hər dəfə nə vaxtsa sevinəndə, qısa bir anda belə xoşbəxtlik gələndə… içimdən səs gəlib: Dayanma, çox sevinmə, bu da bitəcək.” Və həmişə bitib

Yatmazdan əvvəl nağıl danışanım olmayıb, Qorxularımın qarşısına keçən bir ana nəfəsi olmayıb. Qaranlığa baxa-baxa yuxuya getmişəm. Soyuq çarpayılarda, içimdə isti bir səs axtara-axtara böyümüşəm. Mən anasını hər şeydən çoxsevən bir əsgərəm. Amma bu sevgi sadəcə bir şəkil boydadır. Baxıram o şəkilə. Sanki o da mənə baxır, amma mən onun gözlərini tanımıram. Qoxusunu bilmirəm, saçlarını heç vaxtoxşamamışam. Anamın yeməklərini dadmamışam, səsini eşitməmişəm. Mənim anam… mənə həyatı verib, özü həyatdan çıxıb.

Bəzənyuxularıma gəlir. Əlləri uzanır mənə tərəf. Gözlərində sükut var. Sanki illərlə demək istədiyi hər şeysusqunluğa çevrilib. Gülümsəyir, amma o gülümsəyişdə bir həsrət var, bir də məni buraxmaq istəməyən bir ümid.

Yaxınlaşıram.Əlimi uzadıram. Və hər dəfə o yox olur. Hər dəfə… Sanki həyat mənə deyir: Yenə yox. Sənə bu qədər bəsdir.”

 

Mən sevilməyi bilməmiş bir oğlanam. Sadəcə xəyalımda böyütdüyüm bir ana” obrazıyla yaşayıram. Bəlkə də ona görə insanlara sarıla bilmirəm. Çünki heç vaxt öyrənməmişəm necə sarılmalı. Sarılmağı bilmədən böyüdüm. Amma bu, məni zəif etmədi. Mən hisslərimi içinə basdırıb irəli addımlamağı öyrəndim. Çünki əsgər olmaq elə budur. Əsgər olmaq – üzünü tanımadığın bir uşağın sabahı üçün bu gününü fəda etməkdir. Qorxduğun halda dayanmamaqdır. Ailən yoxdursa, özünü vətənə ailə eləməkdir. Anan yoxdursa, torpağı ana bilməkdir. Sarılmağa kimsən yoxdursa, silahını sinənə sıxmaqdır sanki bütün dünyanı qucaqlayırsan.

 

Əsgər olmaq… Kimisi üçün vətənin qəhrəmanı olmaqdır, kimisi üçün evə dönəcək oğul, kimisinin gözlədiyi ər, kimisinin söykəndiyi qardaş. Amma mənim kimi biri üçün əsgər olmaq nədir bəs?

Mənim gözləyən anam yoxdur — mən oğul deyiləm.

Evə dönəcəyim kimsə yoxdur — mən ər deyiləm.

Adımı əzbərləyənbacım yoxdur — mən qardaş deyiləm.

Atalıq edəcək balam yoxdur — mən ata deyiləm.

Amma yenə də burdayam. Burdayam çünki içimdə bu dünyaya aid olmasa da, bu torpaqlara borclu hiss edən bir ruh var.

 Mənim üçün əsgər olmaq – susqunluqiçində fəryad olmaqdır. Nə bayramda adın çəkilir, nə də şəkilin hər evdə var. Amma sən varsansa, millət sabah rahat oyanacaq. Sən ayaqdasan deyə, digərləri yuxudadır. Sən səssiz dayanırsan deyə, başqaları gülür. Əsgər olmaq – unutulacağını bilə-bilə unutmaqdan qorxmadan yaşamaqdır. Dönüb baxan olmayacaq, amma sən dönüb getməyəcəksən. Bax, mən buyam. Adlar silinir, izlər qalır. Və mən istəyirəm ki, bu sətirlər iz olsun.

Bəlkə bir gün kimsə bu yazını oxuyar…

Bəlkə illərlə torpağın altında qalar

Bəlkə bir külək vərəqini açar…

Bəlkə bir uşağın əli bu məktuba toxunar… və o zaman anlayarsınız: Mən yaşamışdım. Mən qorumuşdum. Mən sevməyi bilməsəm də, sevmişdim.

 

İmza: Oxunmur.  Tarix: 04.04.2016

Məktubu bitirdiyim an gözlərimdən yaş axdı. Bu, sadəcə bir əsgərin məktubu deyildi. Bu həyatın içində səssizcə çırpınan, amma heç vaxt eşidilməyən bir ruhun fəryadı idi. Onun adı yox idi. O, minlərlə əsgərdən biri idi… amma eyni deyildi. Hər əsgərin bir hekayəsi olduğu kimi, onun da vardı. Həqiqətən də, dediyi kimi adı silinmişdi, amma izi bir ömür mənlə qalacaqdı. Məktubu yavaşca qatladım, cibimə qoydum. Evə aparacaqdım. Və yaşadığım qədər o məktubu da içimdə yaşadacaqdım. Adını heç vaxt bilməyəcəkdim. Amma hər nəfəsimdə onu xatırlayacaqdım.

Çünki bəzi insanlar tanınmaz… amma unudulmaz.

O, onlardan biri idi.

 

“Ədəbiyyat və incəsənət”

(30.06.2025)

 

 

“Liz Rosa quartet”inin iştirakı ilə Braziliya musiqisinin hərarətli axşamı iki həftəlik “Baku Piano Festivalı 2025”i uğurla başa vurdu. 

Festivalın təntənəli bağlanış mərasimi “Rotunda Roof Garden”də reallaşıb.

 

“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, tədbirdə diplomatik korpusun nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, Bakı sakinləri və şəhərin qonaqları, jurnalistlər bir araya gəliblər. “Rotunda Roof Garden” səhnəsində Liz Rosa (vokal), Ayzek Camba (zərb alətləri), Berval Moraes (bas gitara) və Rikardo Fiuza (piano) çıxış ediblər.

Konsertdən əvvəl braziliyalı sənətçilər AzərTAC-ın müxbiri ilə festivalda iştirakla bağlı təəssüratlarını bölüşüblər.

“Baku Piano Festival”ı ən möhtəşəm festivallardan biridir. Biz dünyanın bir çox festivallarında iştirak edirik. Amma heç yerdə belə bir enerjiyə rast gəlməmişik. Bu, fərqli səviyyəli enerjidir! Biz çox həyəcanlıyıq və burada olmaqdan çox şadıq”, - deyə musiqiçilər əlavə ediblər.

Kvartetin solisti, Braziliyanın ən yaxşı vokalçılarından biri Liz Rosa “Baku Piano Festival”ında çıxışının onun üçün xüsusi əhəmiyyət kəsb etdiyini deyib: “Azərbaycana və dünyanın bu hissəsinə ilk dəfədir gəlirəm. Buradakı insanlar çox mehribandır: hava limanından tutmuş bu zala qədər, bura daxil olanda bizi hər yerdə səmimi qarşılayırlar. Mən özümü evdəki kimi hiss edirəm. Burada olmaqdan çox şadam. Ölkəmin musiqisini burada təmsil etmək mənim üçün çox böyük əhəmiyyət kəsb edir. Konsertdən əvvəl çox həyəcanlıyam!”.

“Baku Piano Festival”ının direktoru, tanınmış caz pianoçusu, Azərbaycanın Əməkdar artisti Şahin Növrəsli qonaqları salamlayaraq iki həftəlik festivala yekun vurub. Cazmen festivala dəstək olan bütün sponsorlara, tərəfdaşlara və dostlara təşəkkür edib.

Qeyd edək ki, “IV Baku Piano Festival”ı iyunun 14-dən 28-dək paytaxtda keçirilib. Şəhər sakinlərinə və qonaqlarına müxtəlif janrlı musiqilərdən ibarət geniş konsert proqramı təqdim olunub. Festivalda həm azərbaycanlı incəsənət xadimləri, həm də Avstriya, Braziliya, Gürcüstan, Niderland, Türkiyə, Fransa və digər ölkələrdən tanınmış musiqiçilərin konsertləri olub. “Baku Piano Festivalı 2025” çərçivəsində, həmçinin bədii tədbirlər, sərgilər, ədəbi müsabiqə və sessiyalar keçirilib. Festivalın xüsusi qüruru “We are the Future” gənc musiqiçilər konserti olub. Onun çərçivəsində istedadlı uşaqlar peşəkar klassik və caz musiqiçiləri ilə birgə çıxış ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(30.06.2025)

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” portalının redaktoru

 

Yekaterinburq hadisəsi haqqında dünyanın dörd bir yanında yaşayan, çalışan ictimai fəal həmvətənlərimizin artıq mütləq çoxluğunun bilgisi vardır. Bu yazı həmin sarsıdıcı hadisə haqqındadır.

 

Söhbət 27 iyun 2025-ci ildə səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə təşkil etdiyi qanlı basqından gedir. Basqın nəticəsində həmvətənlərimiz arasında həlak olanlar, ağır bədən xəsarətləri alanlar olub; bununla yanaşı, daha 9 nəfər saxlanılıb. Özünə hörmət edən heç bir dövlətin yol verməməli olduğu bu qəbuledilməz zorakılıqla bağlı dərin narahatlığını ifadə edən Azərbaycan Xarici İşlər Nazirliyinin Bəyanatında bildirilir:

“Rusiya tərəfindən məsələ ilə bağlı təxirəsalınmaz araşdırma aparılmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik”.

(Bundan başqa, iyunun 28-də Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin Müvəqqəti işlər vəkili Pyotr Volokovıx Xarici İşlər Nazirliyinə çağırılıb).

Bəs bu cür hallar Rusiyada ilkdir, yoxsa sonuncu olacaqmı? Təəssüf ki, belə hadisələrin nə birinci, nə də sonuncu olacağına dair əminlik ifadə etmək mümkün deyil.

Bu kimi hadisələr Rusiya təcrübəsində nadir deyil. Hüquq-mühafizə orqanlarının özlərini bəzən kriminal dəstə kimi aparması artıq sistem xarakteri daşıyır. Bu kontekstdə üç əsas məqama diqqət çəkmək istərdim:

Birinci vurğumuz –

dövlət və mafiya əlaqələrinin kök salması ilə bağlıdır.

Rusiya “müharibə təcrübəsi”nə əsaslanaraq, məhkumları və döyüşçüləri yenidən cəmiyyətə “inteqrasiya” adı altında kriminal qrupların silahlanmasına şərait yaradıb. Bu prosesin nəticəsi kimi, geri dönən bəzi veteranlar cinayətlər törədərək, ya yerli kriminal şəbəkələrə, ya da hüquq-mühafizə strukturlarının özlərinə qoşulur. Bu da dövlətin daxilində qeyri-formal və qeyri-qanuni güc mərkəzlərinin yaranmasına yol açır.

İkinci vurğumuz –

etnik və siyasi təzyiq siyasəti ilə bağlıdır.

Azərbaycanlılar, ümumən türk, müsəlman mənşəli və digər qeyri-rus xalqların nümayəndələri Rusiya polisi və dövlət strukturları tərəfindən ayrı-seçkiliyə məruz qalır. Onlara qarşı saxta ittihamlar irəli sürülür, hüquqları pozulur, psixoloji və hüquqi basqılara məruz qalırlar.

Üçüncü vurğumuz –

“qanuni” kriminal qrupların təşkili ilə bağlıdır.

Əfsuslar olsun ki, bəzi hallarda kriminal ünsürlər hüquq-mühafizə orqanlarının gözü qarşısında, bəzən isə birbaşa həmin strukturların içində formalaşır və genişlənir. Belə təcrübələr, dövlətin hüquqi dayaqlarını zəiflədir, ictimai güvəni sarsıdır.

Yaxşı, bəs, bu, nəhayət sonuncu hal ola bilərmi?

Təəssüf ki, Yekaterinburq hadisəsinin sonuncu belə hadisə olacağını düşünmək üçün heç bir əsasımız yoxdur. Mövcud siyasi və sosial kontekstdə Rusiyada bu cür hadisələrin davam edəcəyi ehtimalı yüksəkdir:

– Müharibədən qaynaqlanan sosial və institusional boşluqlar;

– Məhkumların və müharibə veteranlarının kriminal qruplaşmalara və hüquq-mühafizə sisteminə inteqrasiyası;

– Qeyri-rus mənşəlilərə qarşı sistematik dövlət zorakılığı və kriminallaşmanın artması;

– “Hərbi nüfuzu sarsıtmaq” və “ekstremizm” kimi hüquqi cəhətdən qeyri-dəqiq anlayışlarla Rusiya qanunvericiliyinin “silahlandırılması” — bütün bunlar hüququn obyektiv alət olmaqdan çıxarılaraq repressiv vasitəyə çevrilməsinə zəmin yaradır.

Hələ ötən il Qroznı üzərində məcburi enişə imkan verilməyən AZAL uçağında baş verən faciənin ili çıxmamış Yekaterinburqda belə bir hadisənin baş verməsi cəmiyyətimizdə dərin suallar doğurur.

bir diaspor liderinin vətəndaşlıqdan çıxarılması (ötən il),

Xanti-Manti Muxtar Dairəsi Dumasının azərbaycanlı üzvünün tarixi kontekstdə dediyi obyektiv sözə görə gözümçıxdıya salınması (iyunun əvvəlləri),

Azərbaycan Milli Məclisi üzvünün (5 may) Həştərxana uçuşuna izn verilmədən Moskvadan geri qaytarılması…

daha nələr, nələr və indi də Yekaterinburq hadisəsi… Bu cür hallar dövlətlərarası razılaşmaların, o cümlədən 22 fevral 2022-ci il tarixli, Azərbaycan ilə Rusiya arasında qarşılıqlı fəaliyyət haqqında məlum Bəyannaməyə hərfbəhərf ziddir. Əgər hər hansı bir güvən pozuntusu olubsa belə, bu pozuntunun məsuliyyəti bizə yox, yüzdəyüz qarşı tərəfə aiddir.

Rusiya Federasiyası artıq çoxsaylı beynəlxalq sanksiyalar və beynəlxalq tənqid hədəfində olduğu bir ortamda Kreml belə halların nəticələrini necə qiymətləndirir? – bu, böyük sualdır.

Uzun sözün qısası,

Qanlı Yekaterinburq hadisəsi nə ilkdir, nə də görünür ki, sonuncu olacaq. Rusiya dövlət sistemində hüquq-mühafizə orqanlarının kriminal meyllərlə davranması, təəssüf ki, strukturlaşdırılmış bir problemdir. Bu təcrübələrin qarşısını almaq, hazırkı siyasi və hüquqi mühitdə olduqca çətin görünür. Görünən odur ki, ciddi institusional islahatlar, hüquqi müstəqillik və güclü beynəlxalq təzyiqlər olmadan bu kimi sistematik pozuntuların qarşısı alınmayacaq.

Belə bir ortamda beynəlxalq hüquq mexanizmlərinin – o cümlədən sanksiyaların, məhkəmə araşdırmalarının, tematik məruzələrin və faktaraşdırıcı qrupların – daha sürətli və təsirli tətbiqi zəruridir. Fərdi və kollektiv hüquqi iddiaların irəli sürülməsi də həm cəmiyyətin, həm dövlətin çıxarları baxımından önəmlidir.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(30.06.2025)

 

 Sabah portalımızda yayınlayacaq müsahibəni qaçırmayın.

Müsahibimiz — tanınmış italyan şairi, yazıçı, jurnalist, tərcüməçi və nəşriyyatçı, "P. Benintende" Lirik-Drama Assosiasiyasının Prezidenti, "LE MUSE" ədəbi jurnalının baş redaktoru xanım Maria Tesa LİUZZOdur.

 

O, sənətin gözdən düşməsindən, insani münasibətlərin korroziyasından, bununla belə, ümidlərin ölməməsindən danışıb.

Musahibəni “Ədəbiyyat və incəsənət” portalının Özbəkistan təmsilçisi Cahangir Namazov götürüb.

 

“Ədəbiyyat və incəsənət”

(30.06.2025)

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Tam adı Orhan Baltacı olan müğənni Doğuş bizə digər əcnəbi müəğnnilərdən bir kğynək yaxındır. Niyə? Çünki, bizim kürəkən sayılır, məşhur teleaparıcı Xoşqədəm Hidayətqızının həyat yoldaşıdır.

 

Bu gün Doğuşun doğum günüdür, 51 yaşı tamam olur. Gəlin haqqında bir az məlumatlanaq.

Doğuş 30 iyun 1974‑cü ildə Almaniyada dünyaya gəlib. Əslən Rizənin İkizdərəli kəndindən olan müğənni 4 yaşında ailəsi ilə birlikdə Türkiyəyə köçüb.

Acı uşaqlıq keçirib. Ailədaxili problemlər üzündən evdən qaçıb və kiçik yaşlarından küçədə yaşamağa başlayıb. Musiqiyə marağı küçə müğənnilərini dinləməklə başlayıb, tezliklə səs tembri ətrafdakıları cəlb edib. İlk səhnə performansından sonra özünə "Doğuş" təxəllüsü götürüb.

1997‑ci ildən etibarən artıq musiqi çevrələrində tanınmağa başlayıb. İlk single-ları: “Uyan”, “Gamsız” (1997) olub, ardınca “Yan Yüreğim”, “Ayrılmalıyız” kimi hitlərlə davam edib.

 

Mahnılar:

1. Uyan

2. Hadi çiçeğim

3. Yalnızım

4. Gamsız

5. Ahım var

6. Üzülürsün

7. Kısas

8. Babam

9. İnsafsız.

 

 

“Ədəbiyyat və incəsənət”

(30.06.2025)

 

İlqar İsmayılzadə,

fəlsəfə üzrə fəlsəfə doktoru, AJB və AYB-nin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi

 

 

(Cəlilabad ədəbi mühitinin görkəmli siması Əfrahim Hüseynliyə ithaf olunur!)

 

Cəlilabad rayonu öz bərəkətli torpağı, minilliklərdən süzülüb gələn qədim və sirli tarixi və tarixi abidələri, çoxsaylı şəhidləri və qaziləri ilə yanaşı həm də çoxsaylı şairləri və qələm əhli ilə tanınır. Bu diyardan ölkə səviyyəsində öz qələmi və imzası ilə tanınan (Babulla Səlimov, Abbasağa Azərtürk, Mirzəli Hüseynzadə, Ayaz Vəfalı, Əhməd İspər, Səlim Babullaoğlu, Salam Sarvan, Əlizadə Nuri və onlarca digər) samballı simalar çıxmışdır.

 

Cəlilabad ədəbi mühitinə nəzər saldıqda bu mühitdəki bəzi görkəmli simalar insanın diqqətini özünə cəlb edir. Heç şübhəsiz, onlardan biri də uzun illər boyu rayonda, bölgədə və ölkə səviyyəsində tanınan həkim, şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əfrahim Hüseynlidir.

 

QISA BİOQRAFİK MƏLUMAT:

Əfrahim Hüseynli (Hüseynov Əfrahim İsmayıl oğlu): 23 fevral 1954-cü ildə Cəlilabad rayonunun Alar kəndində anadan olmuşdur. Orta məktəbi doğma kənddə bitirmişdir. 1972-ci ildə Azərbaycan Tibb İstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1978-ci ildə yüksək qiymətlərlə təhsilini başa vuraraq terapevt ixtisası almışdır.

Əmək fəaliyyətinə Bakı şəhəri, Qədirli adına Hövzə xəstəxanasında həkim-terapevt kimi başlamışdır. İki il bu tibb ocağında işlədikdən sonra Cəlilabad rayonuna qayıtmış və Alar xəstəxanasının baş həkimi təyin edilmişdir. Hazırda da həmin xəstəxananın baş həkimidir.

Əfrahim həkim ədəbiyyata 70-ci ildə (orta məktəbdə oxuyarkən) mərkəzi mətbuatda çap olunan "Bakının gecə lövhəsi" şeri ilə gəlib. Sonralar şeirləri tez-tez dövri mətbuatda çap olunub. Yaradıcılığında o vaxtlar M.Ə.Sabir adına kitabxanada A.Əlizadənin, Lenin adına kitabxanada N.Həsənzadənin, Tibb İnstitutunda Asif Babazadənin (Çeşmə") rəhbərlik etdikləri ədəbi dərnəklərin böyük rolu olub.

Ədəbiyyat sahəsində "Əfrahim Hüseynli" imzası ilə tanınan Ə.Hüseynli yeddi şeirlər kitabının müəllifi və həkim-yazarların ilk poetik toplusu olan məşhur "Həkimlərin söz dünyası" adlı kitabının tərtibçisidir.

Şuşa dərdinə həsr olunmuş, ədəbiyyatımızda çox yüksək dəyərləndirilən, müəllifini oxuculara daha da çox sevdirən "Bu şəhər həsrət yeridir" poemasının müəllifi də Əfrahim Hüseynlidir. Onun qələmə aldığı şeirləri qardaş Türkiyədə çap olunan "Altun kalemler" kitabında da yer alıb.

Əfrahim Hüseynlinin şerlərinə müxtəlif illərdə T.Bayram, N.Kəsəmənli, B.Bağırlı və digər tanınmış ədəbiyyat adamları rəy yazmışdır. Bu rəylərdə onun şeirlərinin əsas qayəsini Vətən sevgisi, el-oba məhəbbəti, sevgi müqəddəsliyi, ata-ana ucalığı təşkil etdiyi vurğulanmışdır. Özünəməxsus poetik deyim tərzi olması yüksək qiymətləndirilir.

2000-ci ildə A.Şahsuvaroğlunun qələmə aldığı, yüksək tirajla çap olunan "Onların qisməti belə ömürdür" adlı kitabı Əfrahim həkimin həkimlik fəaliyyətinə və yaradıcılığına həsr edilmişdir.

Əfrahim Hüseynliyə Azərbaycan ədəbiyyatına, eləcə də Azərbaycan oxucularına əvəzedilməz töhfə olan iki tərtib etdiyi kitab: "Həkimlərin söz dünyası-1" (2016) və "Həkimlərin söz dünyası-2" (2019) kitabları daha çox şöhrət gətirmişdir. Bu kitablar 18-ci əsrdən üzü bəri çağdaş ədəbiyyatımızda olan həkim-yazarların həyat və yaradıcılıqlarına həsr edilmişdir.

1998-ci ildən etibarən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Dəfələrlə bir çox fəxri fərmanlarla təltif edilmişdir. Buna misal olaraq indiyədək müxtəlif zamanlarda layiq görüldüyü "Xəmsə", "Cəsarətli qələm", "İbn-Sina", "Hippokrat", "Qızıl qələm", "Həməşəra" fəxri diplomlarını göstərmək olar. Ailəlidir. Afaq adlı bir övladı, Zəhra, Zeynəb və Saleh adlı üç əziz nəvəsi var.

Ömür-gün yoldaşı, həm də doğma yurdumuzun tanınmış ziyalı xanım-xatınlarından olan Yaqut xanım, həmçinin əziz qızı Afaq xanım müqəddəs həkim vəzifəsini daşıyırlar.

 

ƏSƏRLƏRİ:

Əfrahim Hüseynlinin indiyədək işıq üzü görmüş əsərləri aşağıdakılardan ibarətdir:

1. "Səni gözləyə-gözləyə" (şeirlər), Bakı: "Ekologiya", 1997, 48 səh.

2. "Yollar qayadan asılır" (şeirlər və poemalar). Bakı: "Gənclik", 1999, 84 səh.

3. "Ömrü hamıtək yaşasan" (şeirlər və poemalar). Bakı: "Adiloğlu", 2001, 80 səh.

4. "Məni axtaran varsa" (şeirlər və poemalar). Bakı: "Adiloğlu", 2002, 66 səh.

5. "Nə yaman çətinmiş məni tanımaq" (şeirlər və poemalar). Bakı: "Adiloğlu", 76 səh.

6. "Yağan yağış yollarını döydümü" (şeirlər və poemalar). Bakı: "Adiloğlu", 80 səh.

7. "Ürəyi aldatmaq olmur" (şeirlər və poemalar). Bakı: "Adiloğlu" səh. 300 səh.

8. "Həkimlərin söz dünyası" (1-ci kitab), (Həkim-yazarların ilk poetik toplusu), tərtibatçı, Bakı: "Xan", 2016, 260 səh.

9. "Həkimlərin söz dünyası" (2-ci kitab), (Həkim-yazarların yaradıcılıq toplusu), tərtibatçı, "Elm və təhsil", 2019, 567 səh...

Məlumat üçün qeyd etmək lazımdır ki, indiyədək dəfələrlə dövlət və özəl telekanallarda Əfrahim Hüseynli haqqında müxtəlif verlişlər hazırlanaraq efirə getmiş, bir-birindən dəyərli və mənalı şeirləri səsləndirilmiş, həmçinin, ölkə mətbuatı və internet portallarında şeirləri yayımlanmışdır.

 

SUBYEKTİV BAXIŞIM:

Müxtəlif insanlar barədə bu qəbil tanıtım-təqdimat yazıları yazmaq sözün həqiqi mənasında ağır məsuliyyət tələb edən bir işdir. Çünki hər kəsi ədalət və insaf çərçivəsində araşdırmaq və təqdim etmək, eyni halda mübaliğə, yalan və haqsızlıqdan ciddi şəkildə pəhriz etmək bir zərurətdir. Bu da sanki qılıncdan iti və tükdən nazik bir körpünün üzərində hərəkət etməyə bənzəyir. Lakin haqqında danışdığım Əfrahim Hüseynli barədə söz açarkən və ya nəsə yazarkən əsla çətinliyə düşmürəm. Çünki onun malik olduğu insani və ali keyfiyyətlər, həmçinin şairlik bacarığı Ulu Tanrının ona bəxş etdiyi və özünün də çalışaraq özündə təsbit etdiyi bacarıq və xüsusiyyətlərdir.

Rayonda daha çox "Əfrahim həkim" kimi tanınsa da biz ona "Əfrahim əmi" deyə müraciət edirik. Ən azından yaşadığım məkanda və olduğum ədəbi mühitdə Əfrahim Hüseynli adı gələndə şairlikdən əlavə, həm də istər-istəməz paklıq, ziyalılıq, etika və yüksək mədəniyyət sahibi olan bir şəxsiyyət zehnimdə canlanır. Bu isə təkcə mənim deyil, bütün səmimi insanların qənaətidir.

Bir insan həyatda bacarıqlı həkim, alım, istedadlı şair, peşəkar yazıçı və s. ola bilər. Əlbəttə, bütün bunlar bir imtiyazdır. Lakin bu imtiyazlar həmin şəxsin etikası, mədəniyyəti və insanlığı ilə birgə olmadıqda, sözün həqiqi mənasında cəmiyyətə və ətrafa zülmət yayır. Əfrahim Hüseynli isə bacarıqlı həkim, istedadlı şair və bacarıqlı qələm əhli olmaqla yanaşı həm də sözün həqiqi mənasında bir elit-ziyalı şəxsiyyət, kübar insan və mədəni simadır. Buna görə də hər zaman cəmiyyətdə insanlar üçün parlaq çıraq kimi işıq saçır, öz gözəl davranışı və mövqei ilə hər kəsə ən yaxşı yolu göstərir. Heç şübhəsiz, bütün bunları eyni halda özündə toplamağın nə qədər çətin bir iş olduğu düşüncə sahiblərinə bəllidir.

Onun şeir və poeziya dünyası əynindəki ağ həkim xalatı kimi təmiz, ləkəsiz və şəffafdır. Əfrahim əmi bütün bunlarla yanaşı həm də öz vətənpərvərliyi, dövlətçiliyi və milli-mənəvi dəyərlərə sıx bağlılığı ilə tanınır.

Sözümün əsas məğzi budur ki, Əfrahim Huseynli istedadlı şair və bacarıqlı qələm əhli olmaqla bərabər, həm də öz insani keyfiyyətlərinə görə xalqın rəğbətini qazanmış dəyərli və ziyalı şəxsiyyət, tanınmış və gözəl bir həkimdir. O, rəhbərlik etdiyi kollektivdə böyük nüfuza malik olaraq indiyədək bir çox ailəyə sevinc bəxş etmişdir. Şəxsən mən belə bir dəyərli və ziyalı şəxsiyyətlə eyni məkanda və eyni zamanda yaşamaqdan fəxarət hissi duyuram!

Qeyd etmək lazımdır ki, mənim Azərbaycan Yazıçılar Birliyinə üzv olmağım üçün zəmanət məktubu təqdim etmiş görkəmli simalardan biri də məhz dəyərlimiz və fəxarətimiz Əfrahim Hüseynli olmuşdur.

 

ARZU VƏ DİLƏKLƏR:

Sonda Ulu Tanrıdan doğma elimizin əziz və dəyərli ziyalısı, Cəlilabad ədəbi mühitinin fəxarəti və görkəmli nümayəndəsi, şəfalı əllərə malik olan tanınmış həkim, şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü hörmətli Əfrahim Hüseynliyə və əzizlərinə uzun, sağlam, mənalı-məsud ömür, ailə xoşbəxtliyi və yeni-yeni yaradıcılıq uğurları diləyirəm!

 

“Ədəbiyyat və incəsənət”

(30.06.2025)

Bazar ertəsi, 30 İyun 2025 09:03

Baharı sevən şair - Əfşan Yusifqızı

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

“O üzündə nələr vardır bilmirəm,

Bu üzündə məşəqqətdir dünyanın.

Gündüzləri yüklənirsən dərd ilə,

Gecələri lap dəhşətdir dünyanın.

 

Bilmək olmur, kim xoşbəxtdir, kim bədbəxt,

Qaçaq düşüb ömrümüzdən səadət,

Yurd salıbdır əzab, nifrət, xəyanət,

Sevgisi də bir minnətdir dünyanın.

 

Yer üzünün əşrəfiyik guya biz,

Həsrət qaldıq havaya biz, suya biz.

Ömür bitir salınmırıq saya biz,-

Əfşan, nəyi de, zinətdir dünyanın?”

 

Onun “Dünyanın” adlandırdığı bu şeiri məni Yer kürəsinin xəritəsində noxud boyda yer tutan Azərbaycandakı insanlararası münasibətlər haqqında yenidən düşünməyimə vadar etdi. Doğrudanmı, bu balaca ölkədə xoşbəxtlərlə bədbəxtlərin arasında heç bir fərq yoxdur? Yəni səadət buradan qaçaq düşüb və bu ölkədə əzab, nifrət, xəyanət ayaq tutub yeriyir? Yoxsa, bu sözlər şairin bir anlıq ovqatından şeirə çevrilən gileyidir? Bilmirəm! Amma hər halda hamı bilir ki, dünya həmişə Xeyirlə Şərin mübarizə meydanı olub. Bu mübarizədə “yaralananlar” da olub, “məhv” olanlar da, “zəfər” çalanlar da...

Bəli, ötən gün növbəti ad gününü qeyd edən Əfşan Yusifqızının bu şeiri, onun yaradıcılığı haqqında söhbət açmağıma bir səbəbdir. Gəlin, əvvəlcə onun ömür yoluna işıq tutaq. 1969-cu ildə Göyçay rayonunun Qəbələ Müskürlü kəndində müəllim ailəsində anadan olub. 1986-cı ildə orta təhsilini başa vurub. "Bir misra söz qədər duyanım ola”, “Bədirlənmiş Ay”, “Əli dağı”, “Xəyala döndün”, “Şəhid üzük” adlı kitabların müəllifidir. "Şirvan” ədəbi-ictimai birliyinin ideya rəhbəridir. Şeirləri müntəzəm olaraq dövri mətbuatda çap olunur...

Bəlkə də özü də bilir, bu dünya bir yuxudur. Burada hər nə tapmısansa itirə-itirə yaşayırsan. Əvvəl uşaqlığını, sonra yeniyetməliyini, daha sonra gəncliyini, cavanlığını itirirsən, sonda da dünya səni doğmalarının, əzizlərinin arasından itirir. Yəqin ki, bütün bunları bilməsəydi “Can nənə, nağıl demə” şerində nəvəsinin dili ilə söyləməzdi:

 

“Can nənə, nağıl demə,

İnanmıram nağıla.

Bu nağıllar üzündən,

Yetəmmədim "ağıla"

 

Gah "tık-tık xanım" oldum,

Tanhalıqdan yoruldum.

Gah da "Qoğala" döndüm,

Öz ədamda boğuldum.

 

Gah "Ağ atlı" oğlanı,

Gah " Xıdırı" gözlədim.

Yunumu yel apardı,

"Fatma" kimi izlədim…

 

Durub çay kənarında,

"Qızıl balıq" səslədim-

Arzulara inanıb,

Xeyli ümid bəslədim.

 

Can nənə, nağıl demə,

Nə deyirsən doğru de.

O saflığı məhv edən,

Bu dövrana oğru de.

 

Barmaq kəsib, duz səpən,

Məlikməmməd yox indi.

Həm "Təpəgöz", həm "Cırtdan",

“Adamyeyən” çox indi.

 

Can nənə, nağıl demə,

Bir bayatı hayla sən.

O məsum Şəhidlərə,

De, bir həzin layla, sən...”

 

Amma bütün bunlar o demək deyil ki, Əfşan Yusifqızının yaradıcılığı büsbütün qəm-qüssəyə bələnib, əsla. Onun şeirlərində sevgi də var, həsrət də, sevinc də…

 

"Can istə, yolunda bu candan keçim,

Könlünə libası sevgidən biçim.

Gəl sənə bəxtinin ulduzun seçim,

Sən eşq göylərindən ay göndər mənə.

 

Sən nə çəkirsənsə qanır ürəyim,

Sanma ki, sevgini danır ürəyim.

Söndürə bilmədin, yanır ürəyim,

Ölləm, dərya göndər, çay göndər mənə.

 

Əfşanam, dərdimin tap çarasını,

Bəxtimin üzündən sil qarasını.

Kəsib ürəyinin bir parasını,

Əgər sevirsənsə, pay göndər mənə."

 

Bu, onun “Ay göndər mənə” adlı poeziya nümunəsidir. Burada ülvü sevgiylə saf diləklərin vəhdəti var…

...Baharı çox sevir. Hər dəfə bu fəsilin gəlişi əhvalına müsbət təsir göstərir, ovqatı gözəl olur...

Deyir ki:- “Hər dəfə yaz fəsli gələndə Bahara dönürəm desəm, yanılmaram. Oxşarlıq elə çoxdu ki, əhvalımda. Əslində, çoxumuz beləyik. Könlümüzün bənövşə kimi küskün-küskün boynunu bükməsi, soyuq mehdən titrəməsi, ürəyimizin lalədən xal alması, gözlərimizin bahar buludu kimi tez-tez dolub-boşalması, yaz dumanının dərələrə yox, fikirlərimizə çökməsi, ruhumuzda səslənən qəmli bülbül nəvası, hər şey hər halı ilə bahara bənzəyir. Hətta ətrafa yayılan qəm rahiyəsi, həsrət qoxusu da... Bu, əhvalımın gözlə görülməyən baharıdır. Bir də, tumurcuq-tumurcuq ümidlər, al çətirli, ləçək-ləçək arzular...”

Vaxtınızı çox almadım ki? İcazə verin, bir şeirini də deyib söhbətimi yekunlaşdırım...

 

"Boşuna yanmağın nə xeyri var ki,

Bir topa üzərlik olaydım barı.

Dolanıb sevdiyim kəsin başına,

Qadasın, bəlasın alaydım barı.

 

Bir çimdik duz olub bir bədnəzərdən,

Uzaq saxlayaydım günahdan, şərdən.

Yanıb qoruyaraq daha nələrdən,

Müqəddəs inanctək qalaydım barı.

 

Xəfifcə çəkilən bir "eh"ə dönüb,

Tüstü-duman olub, zirehə dönüb,

Şəfalar gətirən bir mehə dönüb,

Duatək qəlbinə dolaydım barı."

 

Bəli, iyunun 29-u bu incə ruhlu şair xanımın növbəti ad günü oldu. Gec də olsa onu bu münasibətlə təbrik edir, can sağlığı, yaradıcılıq uğurları arzulayırıq. Yeni yaşı mübarək olsun!

 

“Ədəbiyyat və incəsənət”

(30.06.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.