İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Klassik rəngkarlıq ənənələrimiz son dövrlərdə xeyli zənginləşib. Bura yeni dövrün tələblərindən irəli gələn novatorluq, yeni texnoloji üstünlüklər, süni zəka elementləri də daxil olubdur. Bu gün doğum günü olan rəssam Müseyib Əmirov da yeni dalğa rəssamlarından biridir.
Müseyib Əmirov 24 dekabr 1963-cü ildə Bakıda rəssam Arif Əmirovun ailəsində dünyaya gəlib. 1979-cu ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1987-ci ildə isə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1996-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssam müəyyən müddət Azərbaycan Rəssamlıq Akademiyasında "Eksperimental rəsm" sinfi üzrə dərs deyib.
Rəssam bir çox beynəlxalq layihələrdə, eləcə də Parisdə, Vaşinqtonda, Lüksemburqda keçirilən sərgilərdə iştirak edib. Onun bir sıra fərdi sərgiləri keçirilib. Bunlardan 2014-cü ildə Bakıda "YARAT" Müasir İncəsənət Məkanında, 2015-ci ildə Müasir İncəsənət Muzeyində, həmçinin 2019-cu ildə Moskvada təşkil olunan sərgiləri qeyd etmək olar.
Rəssamın əsərləri bir sıra muzey və qalereyalarda, Azərbaycan, Rusiya, ABŞ, İsveç, Fransa, Almaniya, Litva, Böyük Britaniya, Türkiyə, İtaliya, Danimarka və Norveçdə şəxsi kolleksiyalarda saxlanılır.
Müseyib Əmirov Azərbaycan təsviri sənətinin inkişafındakı xidmətlərinə görə 29 dekabr 2006-cı ildə "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adına layiq görülüb. O, Azərbaycan SSR xalq maarifi komissarı Müseyib Şahbazovun nəvəsidir.
Bir vaxtlar rəssamlıqda sürrealizm. Daha sonra abstraksizm cərəyanı ilə yeni era başlandı. İndi isə 3-cü minillik – yeni texnologiyaların sürətli inkişafı erasında yenilik yanaşmada deyil, texnoloji imkanlardadır.
Azərbaycan rəngkarlığına öz simasını qoruyub saxlamasını arzu edirik.
“Ədəbiyyat və incəsənət”
(24.12.2025)


