Xatirə Səfər, “Ədəbiyyat və incəsənət” üçün
9.Keçmiş dövrün qalığı olan qadın yasaqları və qadağaları bir çox ölkələrdə hələ də qanuni şəkildə və ya birtərəfli olaraq qanunsuz formada ölkədaxili qaydaların, qərarların hegemonluğunu təsdiqləyir.
10.Yasaqlar olmadan yaşamaq necə olardı, görəsən? Cəmiyyətə xaos kimi təqdim olunan hal-hazırkı mühit, ictimai-sosial vəziyyət, insanlar arasındakı münasibətlərdə yasaqların aradan qalxması şəxsi fikirlərin, şəxsi azadlıqların daha çox qabardılaraq gündəmə gətirilməsinə, bir çox şeylərin haqlı olmaya-olmaya haqq qazandırılıb normal səviyyədə təqdim edilməsinə səbəb olur.
11.İnsan düşünən, idrak edən varlıq olduğu üçün öhdəsinə yaratmaq və öyrətmək kimi missiyalar qoyulur. Hər kəs yaratmağa və ya öyrətməyə sahib bacarıqla dünyaya gəlirmi? Xeyr, mümkün deyil.
12.Bəzən indiki dövr üçün aktual olan problemlərdən danışanda kitab sektorundakı ciddi narahatlıqlar yada düşür. İnsanları vicdanları ilə sınağa çəkərək hədələmək, qorxutmaq həmişə asan olub. Ona görə də istədikləri sözləri, arzuları, hətta xəyalları belə ya utana-utana deyiblər, ya da elə sadəcə xülya kimi təsəvvür ediblər, yaxud da kitablarla ovudublar özlərini.
13.“Doğru sözü deyəni daş-qalaq edərlər” deyə söz yayılan cəmiyyətdə insan çətin ki, öz arzu-istəklərini asanlıqla gerçəkləşdirə bilsin. Hətta arzu-istək bir yana, haqqı olanı tələb etmək hüququndan belə məhrum edilir. Söz azadlığının ancaq kağız üzərində, formal şəkildə mövcud olduğu bir toplumda yaşamaq və bu toplumun bir üzvü olmaq həddindən artıq böyük iradə tələb edir.
14.Mən bir yazımda Şərq qadınlarının duyğularının kor, kar, lal, əlil qaldığı bir dövrü təsvir etmək istərdim.
15.İstənilən ailələrdə “cəmiyyət nə deyər, qohum-əqrəba nə deyər” düşüncəsi ilə doğulan, tərbiyə edilən qız övladları yaşayır. Onların beyninə təlqin olunan, “günah keçisi” adlanan bu düşüncələr və qadağalar vaxtından əvvəl ruhlarının qocalmasına, özlərini yalnız ana, bacı, qız övladı kimi görmələrinə səbəb olur.
16.Amma qadın yaradıcıdır, doğaraq artandır, öyrədəndir, sağaldandır, yaraları sarandır və s. Cəmiyyətdə və ailədə müxtəlif rollarda çıxış edən qadının ana təbiətdən tək istəyi var: gənc qalmaq, sevgi ilə bəslənmək, çəkdiyi ağrı-acıları gördüyü hörmət və qayğı ilə unutmaq, unudulmamaq.
“Ədəbiyyat və incəsənət”
(24.12.2025)


