Super User

Super User

Çərşənbə axşamı, 05 Avqust 2025 10:29

Bu dünyada Ramiz Məlik adında bir xalq artisti var idi...

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

 

Hər tənəzzülün öz tərəqqisi olduğu kimi, hər tərəqqinin də öz tənəzzülü var. Ötən əsrin 60-90-ci illəri Azərbaycan kino və teatr sənətinin tərəqqi dövrü olub. Həmin zaman kəsiyində onlarla böyük sənətkar yetişib. Əgər onların hər biri qapalı sovetlər ittifaqında deyil, hər hansı bir Qərb ölkəsində yaşasaydılar, inanın ki, ən nüfuzlu mükafatlara layiq görülərdilər. Belə aktyorlardan biri də, xalq artisti Ramiz Məlik idi...

 

Deyirdi ki:- “Kinodakı fəaliyyətim məni qane etmir. Ona görə ki, dəvətlər yoxdur. İndi kino çəkmirlər. Çəkəndə də peşəkar aktyorları çəkmirlər. İndi kinoda harda oxuyan, oynayan varsa onların meydanıdır. Professional aktyorlardan demək olar ki, çox az istifadə edirlər.”

 

Gileylənsə də kino tarixində silinməz izlər buraxa bildi, gözəl obrazlar yaratdı…

 

“1969-cu il iyulun 14-də keçirilmiş Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. Həmin zamandan başlayaraq Ulu Öndər bir çox istedadlı sənətkarlarımıza ən yüksək fəxri adlar verdi. 1974-cü ildə isə teatrımızın 100 illiyinin keçirilməsi məhz Ümummilli Liderin adı ilə bağlıdır. Həmin dövrdə də bir çox korifey sənətkarlarımız “SSRİ Xalq artisti” fəxri adına layiq görüldülər. Hətta mənzillə mükafatlandırılırdılar. Onlardan biri də mən idim. 1974-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə mənə Azadlıq prospektində 3 otaqlı mənzil verildi. Nəhayət, 1984-cü il sentyabrın 24-də Ümummilli Lider Heydər Əliyevlə bizim unudulmaz görüşümüz oldu. O, dahi şəxsiyyət Hüseyn Cavidin əsərlərini çox sevərdi. Həmin vaxt Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “İblis” tamaşası hazırlanırdı. Biz o zaman məzuniyyətdən yeni qayıtmışdıq, xəbər gəldi ki, Heydər Əliyev gəlib, Bakıdadır və tamaşaya baxmaq istəyir. Bir həftə ərzində ciddi məşq etdik və tamaşanı yüksək səviyyədə nümayiş etdirdik. Əsərin baş qəhrəmanı Arifi mən canlandırırdım. Ulu Öndər adəti üzrə tamaşadan sonra səhnə arxasına keçərək sənətçilərlə görüşdü. Bu çox sevindirici və qürurverici idi ki, dövlət başçısı tamaşa barədə öz təəssüratlarını aktyorlarla bölüşürdü. Ümummilli Lider Hüseyn Cavid yaradıcılığını, dramaturgiyasını təhlil edərək, tamaşaya olan münasibətini, tövsiyələrini bildirdi və kollektivi bu münasibətlə təbrik etdi. Orada həmin an belə bir söz də işlətdi "Bu tamaşa mütləq öz mükafatını almalıdır”. Doğrudan da az bir müddətdən sonra “İblis” tamaşası Dövlət mükafatına layiq görüldü. Ümumilikdə səkkiz nəfər, başda rejissor Mehdi Məmmədov və iki rəssam, eləcə də beş aktyor - Məmmədrza Şeyxzamanov, Hamlet Xanızadə, Vəfa Fətullayeva, Səfurə İbrahimova və mən Dövlət mükafatı aldıq. Bu, Heydər Əliyev kimi şəxsiyyətin bizə və sənətimizə olan diqqətinin, qayğısının ən bariz nümunələrindən yalnız biridir.”- söyləyirdi…

 

Heydər Əliyevin qəlbən pərəstişkarı olduğundan, onun haqqında ehtiramla, səmimiyyətlə xatirələrini bölüşürdü...

 

Deyirdi ki:- “Mən o vaxtlar Əməkdar artist, Dövlət mükafatı laureatı idim və 1998-ci ildə Heydər Əliyevin imzası ilə Xalq artisti adına layiq görüldüm. O, tez-tez teatra gəlir, tamaşalara baxır və sənət adamları ilə görüşərək onların qayğıları ilə maraqlanırdı. Yaxşı yadımdadır, Xalq şairi Bəxtiyar Vahabzadənin "Özümüzü kəsən qılınc" tamaşasını da izləmişdi və tamaşa çox xoşuna gəlmişdi. Orada da tamaşadan sonra ənənəvi olaraq səhnə arxasında tamaşanın yaradıcı heyəti ilə görüşüb səhnə əsəri ilə bağlı öz təəssüratlarını bölüşmüşdü. Dedi ki, “Bu bizim türk kökümüzə layiq bir əsərdir”. İşinin gərgin olmasına baxmayaraq elə bir yeni tamaşa olmazdı ki, Ulu Öndər həmin tamaşaya gəlib baxmasın. Bu, onun Azərbaycan ədəbiyyatına sevgisindən, sözə həssas münasibətindən irəli gəlirdi. Allah ona rəhmət eləsin!”

 

İllər onu heç dəyişmədi. Ömrünün sonunadək gənclik çılğınlığı ilə hadisələrə, gündəmdə olan məsələlərə münasibət bildirirdi. Ünsiyyətdə mehriban və diqqətli idi. Şux geyimi, ruh yüksəkliyi ilə fərqlənirdi. Məzəli zarafatları, şirin söhbətləri adama ləzzət verirdi. Necə deyərlər, uşaqla uşaq, böyüklə böyük idi...

 

Yaşasaydı, dünən - avqustun 4-ü xalq artisti Ramiz Məlikin 82 yaşı tamam olacaqdı. Artıq bir il, səkkiz aydır ki, haqqa qovuşub. Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(05.08.2025)

 

Çərşənbə axşamı, 05 Avqust 2025 10:03

Teatrın və kinonun MEHRİBAN ƏLƏKBƏRZADƏSİ

 

Gənclik şəhəri Sumqayıtın bir adı da var – istedadlar şəhəri. Buradan bir çox məşhur dövlət xadimi, elm və təhsil qabaqcılı, mədəniyyət ünlüsü, ordu rəhbəri çıxıbdır. Bu gün onlardan birinin - televiziya, teatr və kino rejissoru Mehriban Ələkbərzadənin doğum günüdür. Mehriban Ələkbərzadə Azərbaycan Milli Dram Teatrının baş rejissoru, bədii rəhbəridir.

 

Mehriban xanım 1965-ci ilin avqust ayının 5-də Gəncə şəhərində doğulsa da uşaq yaşlarından ailəsi Sumqayıt şəhərinə - 8-ci mikrorayona köçüb və o, buradakı 17 saylı orta məktəbdə oxuyub, məktəbi 1982-ci ildə bitirib.

Bir il Sumqayıt Dövlət Dram Teatrında rejissor köməkçisi işləyib. 1983-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olub. İxtisas təhsilini rejissor Mehdi Məmmədovun və Elmira Şabanovanın kursunda alıb. Hələ tələbəlik illərində institutun Tədris teatrında Tennessı Vilyamsın "Sökülən yurd", Eduard de Filipponun "Silindr", Dövlət televiziyasında Elçinin "Ömrün son səhəri" pyeslərini tamaşaya hazırlayıb. Elçinin bu əsəri televiziya tamaşası kimi də çəkilib.

1988-ci il iyunun 11-də diplom müdafiəsi kimi Akademik Milli Dram Teatrının Kiçik səhnəsində J.P.Sartrın "Dəfn edilməmiş ölülər" tamaşasını hazırlayıb. 1988-ci ildə təhsilini başa vuraraq təyinatla Lənkəran Dövlət Dram Teatrına göndərilib. Lənkəran Dövlət Dram Teatrında Şıxəli Qurbanovun "Sənsiz", Bəxtiyar Vahabzadənin "Yağışdan sonra", Stanislav Stratiyevin "Avtobus", ("Çarəsiz sərnişinlər". 24 aprel 1990) pyeslərinə quruluş verib. 1990-cı ildə Lənkərandan Bakıya qayıdandan sonra "Azərbaycanfilm" kinostudiyasında "Güzgü" qısametrajlı bədii filmini çəkib.

 1991-ci il yanvar ayının 28-də Akademik Milli Dram Teatrına rejissor köməkçisi ştatına işə götürülüb. 1 aprel 1994-cü ildən həmin teatrın quruluşçu rejissoru olub. Akademik teatrda "Dəfn edilməmiş ölülər", "Min illərin işığı", "Müəmmalı bir gəlin üç versiyası", "Poçt şöbəsində xəyal", "Afət" və başqa tamaşalar hazırlayıb. Azərbaycan Dövlət Televiziyasında Nahid Hacızadənin "Yaşa, ey haqq!", Jan Koktonun "İnsan səsi", Marşa Normanın "Gecən xeyrə qalsın, ana", Mehriban Vəzirın "İlğım", Afaq Məsudun "Cəza" əsərlərini tamaşaya hazırlayıb. "Space" televiziyasında özünün həm rejissoru, həm müəllif-aparıcısı olduğu "Dünən, bu gün, sabah, "Telebenefıs", "Fövqəl dünya və mən" bədii kompozisiyaları silsilə proqramlar arasında xüsusi yer tutur.

 Bu televiziya kanalında dörd seriyalı "Qırmızı Terror və ya Mircəfər Bağırov", "Azərbaycan xanlıqları" bədii-sənədli filmlərin rejissorudur. 2008-ci ilin əvvəllərində mətbuata açıqlamasında rejissor televiziya fəaliyyətinə son qoyduğunu bildirib. AMEA-nın "Yeni tarix" şöbəsinin elmi işçisidir. 2017–2022-ci illərdə Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissor kimi fəaliyyət göstərib. 2022–2023-cü illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru vəzifəsində çalışıb. 2023-cü ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri vəzifəsinə təyin edilib.

 

Tamaşaya qoyduğu əsərlər

- Akademik Milli Dram Teatrı

1. Dəfn edilməmiş ölülər

2. İnsan səsi

3. Min illərin işığı

4. Müəmmalı bir qətlin üç versiyası

5. Poçt şöbəsində xəyal

 

- Lənkəran Dövlət Dram Teatrı

1. Sənsiz

2. Yağışdan sonra

3. Çarəsiz sərnişinlər

 

- Azərbaycan Dövlət Akademik Musiqili Teatrı

1. Nuri-Didə Ceyhun

 

- Azərbaycan Dövlət Yuğ Teatrı

1. Müəmmalı bir qətl

2. Mənəm…mən

 

- Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı

1. Cəza

2. Kod adı: VXA

 

Filmoqrafiya

- Dəfn edilməmiş ölülər

- İnsan səs

- Güzgü

- Yaşa, ey haqq

- İnsan-Fövqəlinsan

- Aporiya

- Gecən xeyrə qalsın, ana

- Cəza

- Qırmızı terror və ya Mircəfər Bağırov

- Ömrün sarı rəngi

- Azərbaycan naminə!

- İflas

 

2024-cü ildə Mehriban xanım mədəniyyət sahəsində göstərdiyi müstəsna xidmətlərinə görə Dövlət mükafatına layiq görülüb.

Xeyirli illər!

 

“Ədəbiyyat və incəsənət”

(05.08.2025)

Çərşənbə axşamı, 05 Avqust 2025 09:32

Ayvazovskinin büstü üstə bir neçə söz

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” portalının redaktoru

 

Xankəndi bu gün həm coğrafi, həm də mədəni və hüquqi bir yüklə gündəmdədir. Şəhərdə 4 il öncə qanunsuz şəkildə ucaldılmış - daha doğrusu, yerləşdirilmiş və bu günlərdə aradan qaldırılmış Ayvazovski büstü ətrafında yaranmış səs-küy – Kreml yemlikli mədəniyyət və siyasət dairələrinin isterik reaksiyası – bizə bir daha göstərdi ki, bəzi “büst”lər imperiya zehniyyətinin bərkimiş simvoludur.

 

Sual doğur: Ayvazovski kimdir, büstü Xankəndidə nə “gəzir” və bu “sənət hadisəsi” niyə məhz siyasi iddiaların təməl daşına çevrilib?

Ayvazovski (Иван Константинович Айвазовский/ İvan Konstantinoviç Ayvazovskiy; Հովհաննես Այվազովսկի/ Hovhannes Ayvazovski; 29.07.1817 - 02.05.1900) haqqında mübahisə çoxdur. Kimisi onu erməni, kimisi rus, kimisi türk qarışımı sayır; lakin bir həqiqət dəyişməzdir: o, heç vaxt Ermənistan adlanan bir dövlətin və ya onun mədəni mühitinin məhsulu olmamışdır. Tarixdə erməni dövləti olubmu, hələ bir dənizlə təması da olsun? – Ayvazovskinin dəniz mənzərələri, fırtınalı üfüqləri və gəmi təlatümləri onun təkcə fırçasının yox, irsi yaddaşında (Osmanlı) və içində yaşadığı (Çar Rusiyası) imperiyaların ziddiyyətli harmoniyasının əksidir.

Bu baxımdan Ayvazovski heç vaxt “erməni rəssamlıq mühiti”min övladı olmayıb. Onun sənətindəki lirizm rus rəssamlıq məktəbinə, kompozisiyası isə Osmanlı vizual təsəvvürlərinə söykənir. O, erməni mədəni sınırlarının yox, imperiya qatlarının övladıdır.

İndi, Ayvazovskinin doğulduğu, öldüyü Krımın Feodosya (Kefe) şəhərindən bizim Xankəndiyə gələk.

2020-ci ilin 10 noyabrında imzalanmış bəlli Üçtərəfli Bəyanatda nə büstlərdən, abidələrdən, nə də, üçüncü tərəfin - Rusiya Federasiyasının özbaşına edəcəyi “mədəni təşəbbüslər”dən danışılır. Sülhməramlıların funksiyası – yalnız və yalnız təhlükəsizlik təminatıdır – dünyanın dörd tərəfində belədir. Uluslararası hüququn heç bir normativ aktı, konvensiyası və ya gələnəyi, hərbi kontingentin keçici olaraq yerləşdiyi “münaqişə ərazisi”ndə hansısa abidə ucaltmaq haqqını tanımır.

 

Büstün Xankəndiyə qoyulması – özü də ordu müşayiəti ilə – sıradan “humanitar jest” sayıla bilməz. Bu, bir dövlətin qayda-qanunlarını saymadan onun ərazisində kulturoloji iz buraxmaq cəhdidir. Bu – mədəniyyət vasitəsilə geopolitik şərt irəli sürmə cəhdidir. Büst burada sadəcə büst olmaqdan çıxmışdı – o, yerli-dövlət atributlarını simvolik olaraq əvəzləməyə çalışan ideoloji simvoluydu...

Sülhməramlı adlandırılan, əslində sülhməramsızlar bizim suverenlik hüququmuzu görməzdəngəlirdi. Bu, büst-büst, heykəl-heykəl uzanıb-gedən sorumsuzca davranışıydı.

Hər hansı bir dövlətin suveren hüququ təkcə sınırlarını qorumaqdan ibarət deyil, əlbəttə; bu hüquq həm də həmin sınırlar içindəki mədəni mənzərəni formalaşdırmaqdır. Azərbaycanın Şuşada, Xankəndidə, Xocalıda hansı abidəni saxlayacağına, qanunsuz və qondarma abidələri nə vaxt və necə aradan qaldıracağına yalnız Azərbaycan qərar verə bilər. Və bu qərar – həm hüquqi, həm siyasi, həm də mədəni-mənəvi sorumluluğun təntənəsidir.

Özünə, uluslararası hüquqa sayğı duyan heç bir dövlət  başqa dövlətə – bizim örnəkdə Rusiya Azərbaycana mədəniiyyət siyasəti, siyasət mədəniyyəti və s. mövzusunda göstəriş verə bilməz. Əgər Rusiyada Stalin və b.-nın abidəsi sökülə bilirsə, Leninin heykəlləri yığışdırılırsa, nə üçün Azərbaycan öz ərazisində öz qərarını verə bilməz? Abidələrdən də suverenlik doğur – çünki abidə yaddaşdır, simvoldur, mənsubiyyətdir.

Ayvazovski sənətinin zəbtə çevrilməsinə – etikadan estetikaya, oradan hegemoniyaya keçidinə izn verəsi deyilik.

Ayvazovskinin Xankəndiyə “gətirilməsi” – onun Qaradənizsayağı, Krımsayağı fırçalarını – Xəzərsayağı, Qafqazsayağı tonlamaq deyildi. – Bu, bir estetik vasitə ilə hüquqi məkana girmə cəhdi idi. Bu, əslində “kulturoloji zəbt” aktıydı. Əgər bir abidə xalqın deyil, hərbi kontingentin qoyumunda və qorumasında yaşamalıydısa, bu, sənət deyil, ssenaridir... Sənətkarın adına yazılmış ssenari isə sənətə qarşı sayğısızlıqdır.

Uzun sözün qısası,büstlərə bürünən imperiya kölgələri bir an öncə çəkilib getməlidir.

Bəli, Azərbaycanın sənətə qarşı yox, sənətdən – mövcud örnəkdə Ayvazovskidən sui-istifadəyə qarşı apaydın mövqeyi var. Büstün götürülməsi – nə bir rəssama, rəssamlığa, nə ümumən sənətə, mədəniyyətə qarşı yox, büstün qoyuluş kontekstinə qarşı tam hüquq əsaslı addımdır.

 

Azərbaycanın qərarı – hansı büstün, hansı heykəlin, hansı estetik simvolun bizim ərazidə qalacağına qərar vermək hüququ – müstəqil dövlətçiliyin estetik ifadəsidir. Bu qərarı sual edənlər isə büstlərin arxasında gizlənən zehniyyətin (daha doğrusu, zehniyyətsizliyin) daşıyıcılarıdır.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(05.08.2025)

 

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Firəngiz Rəhimbəyova. Bu ad hər birimizə dönə-dönə tamaşa etdiyimiz “Bəxt üzüyü” filmindən tanışdır. Seda rolunu canlandıran Firəngiz həm də öz gözəlliyi ilə kişi tamaşaçıları əfsunlamağı da bacarmışdı...

 

Azərbaycanlı müğənni, aktrisa Firəngiz Rəhimbəyli 5 avqust 1958-ci ildə Bakının Lökbatan qəsəbəsində dünyaya gəlib. Anası Raisa çox erkən yaşda dünyasını dəyişib. Atası ikinci dəfə xalası qızı Sona adlı qadınla ailə həyatı qurub. Sona xanım AMEA-nın işçisi olub. Firəngizi, demək olar ki, ögey anası böyüdüb, boya başa çatdırır, ali təhsil alması üçün dəstək olub, toyunu edib. Hazırda bu qadın uzun illərdir Bilgəhdə yerləşən qocalar evində yaşayır.

 

Firəngiz xanım 80-ci illərdə Azərbaycan müasir estradasının yaradıcılarından birinə çevrilib. 1986-cı ildə müğənni Azərbaycanı "Yurmala-86" mahnı yarışmasında təmsil edərək dördüncü yerə layiq görülüb. Rafiq Babayev, Eldar Mansurov, Oqtay Kazımov, Siyavuş Kərimi, Faiq Sücəddinov, Cəmil Əmirov kimi bəstəkarlarla işləyən Firəngiz Rəhimbəyova "Əgər məni unutsan", "Bu sevgi", "İnanıram sevgiyə", "Səhra", "Uzaqlaşaq gəl", "Bir ümid", "Hifz eylə", "Uca dağlar", "Ana torpaq", "Məhəbbətim gələcək", "Qaragilə", xalq mahnıları "Gülə-gülə", "Bəri bax" və s. mahnılar ifa edib. Bir sıra filmlərdə aktrisa kimi özünü sınayan Rəhimbəyovaya ən böyük uğuru isə dediyimiz kimi, "Bəxt üzüyü" filmindəki Sevda - Seda rolu gətirib.

Firəngiz xanım ilk həyat yoldaşından boşandıqdan sonra 1993-cü ildən qızı Raisa ilə ABŞ-nin Los-Anceles şəhərinə köçüb. Amerikaya köçdükdən sonra qızı adını dəyişərək Reyçel adını götürüb.

1999-cuildə oradaamerikalı memarReymondAntoniilə ailə həyatı quranFirəngiz xanıməsasən Los-Ancelesdə yerləşən rus restoranlarında müğənnilik edib və kiçik bizneslə məşğul olub.

 

2017-ci ildə tale onu yenidən Bakıya gətirib. Planeta parni iz Baku KVN Tetarının rəhbəri Tahir İmanovun dəvəti ilə o, "Bəxt üzüyü 2" filmində yenidən Seda roluna çəkilib.

Gələcəyə yönəli planlar qururmuş, kino və teatr səhnəsinə qayıtmaq, yeni mahnı repertuarı yaratmaq yönündə işlər görürmüş. Amma...

2022-ci il avqustun 16-sı Firəngiz xanım ürək tutmasından vəfat edib. Sənətçi 6 sentyabr 2022-ci ildə Kaliforniyanın Westlake Village şəhərindəki "Valley Oaks Memorial Park" məzarlığında dəfn edilib.

Beləcə, qəbri də qürbətdə qalıb.

Allah rəhmət eləsin.

 

Filmoqrafiya

1. Gümüşgöl əfsanəsi

2. Bəyin oğurlanması

3. Bəxt üzüyü

4. Bəxt üzüyü 2

 

“Ədəbiyyat və incəsənət”

(05.08.2025)

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

ASAN Könüllülərinin təşəbbüsü ilə həyata keçirilən ASAN Peşə layihəsi artıq bir neçə gündür ki, maraqlı və ilhamverici fəaliyyətlərlə davam edir. Layihənin məqsədi, gənclərin yaradıcılıq potensialını üzə çıxarmaq və onları foto və video sahəsində peşəkar bacarıqlarla təmin etməkdir.

 

Ötən gün – 4 avqust tarixində layihənin ən yaddaqalan anlarından biri baş verdi. Heydər Əliyevin şəxsi fotoqrafı olmuş Rafiq Bağırov bizlə – layihə iştirakçıları ilə görüşə gəldi. Hələ salona daxil olduğu andan biz hiss etdik ki, bu, sadəcə bir təlim deyil, bu, görüş zamanın içindən keçib gələn xatirələrin, tarixi anların canlı təqdimatıdır.

Rafiq müəllim çox sadə, səmimi və bir o qədər də dərin məzmunlu çıxış etdi. O, Ulu Öndərlə birlikdə dünyanın müxtəlif ölkələrində iştirak etdiyi rəsmi səfərlərdən, siyasi liderlərlə olan görüşlərdən, çəkdiyi fotoların arxasında gizlənən hekayələrdən danışdı. Onun sözlərindən aydın oldu ki, obyektiv bəzən tarixin susan şahidi, bəzən isə duyğuların ən real ifadə vasitəsidir.

Mən ona bir sual ünvanladım: “Fotoqraf kimi sizi ən çox təsirləndirən an hansı olub?” Bu sual qarşısında o, bir anlıq duruxdu və sonra çox səmimi şəkildə dedi ki, iki an heç vaxt onun yaddaşından silinmir:

Biri, yetim bir uşağın Qarabağ şikəstəsini oxuduğu zaman Heydər Əliyevin kövrəlməsi və göz yaşlarını gizlədə bilməməsi.

Digəri isə, ailə üzvünün qəbir ziyarəti zamanı çəkilən anın duyğusal təsiri.

Bu cavab təkcə mənim yox, salondakı bütün iştirakçıların qəlbinə toxundu. Biz həmin an anladıq ki, fotoqraf olmaq sadəcə düyməni basmaq deyil, hiss etmək, yaşamaq və başqasına da yaşatmaqdır.

 

Görüşün sonunda Rafiq müəllim hər birimizə təşəkkür etdi, bizimlə xatirə şəkilləri çəkdi, hətta kameranı əlinə alaraq bizi öz obyektivindən çəkdi. Bu, təkcə təlim yox, bir tarix dərsi idi.

Hər anı öyrədici, hər sözü düşündürücü olan bu görüş bizim üçün unudulmaz oldu. ASAN Peşə layihəsinin yaratdığı bu fürsət, biz gənclər üçün həm motivasiya qaynağı, həm də gələcək yolumuza işıq tutan bir addım oldu.

 

SÖZARDI

ASAN Könüllülərinin təşkilatçılığı ilə 23 iyul tarixindən start götürən “ASAN Peşə” layihəsi çərçivəsində gənclərin peşə bacarıqlarının inkişaf etdirilməsi məqsədilə fotoqrafiya və video təlimlərinə başlanılıb. Layihənin əsas məqsədi bu sahəyə marağı olan gənclərin bilik və bacarıqlarını artırmaq, onları yaradıcılıqla yanaşı peşəkar istiqamətdə də inkişaf etdirməkdir.

Layihənin iştirakçıları müxtəlif mərhələlər üzrə praktiki və nəzəri dərslərdə iştirak etməklə yanaşı, həm də bu sahədə uzun illər təcrübəsi olan peşəkarlarla tanış olmaq və onlardan öyrənmək imkanı əldə ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(05.08.2025)

 

 

 

Çərşənbə axşamı, 05 Avqust 2025 08:10

Ziddiyyətli şəxsiyyət – Rafiq Tağı

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Niyə ziddiyyətli?

Orasına gələcəyik.

Hələlik isə onu deyək ki, bu gün Azərbaycan yazıçısı Rafiq Tağının doğum günüdür.

 

Rafiq Tağı 1950-ci il avqustun 5-də Masallı rayonunun Xoşçobanlı kəndində anadan olub. Masallı rayonu Təklə kənd orta məktəbini, Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. Moskva Tibb İnstitutunun daxili xəstəliklər üzrə klinik ordinaturasında təhsil alıb. Sabirabad rayonu Yolçubəyli kənd ambulatoriyasının baş həkimi, Masallı rayonu Həsənli kənd xəstəxanasının baş həkimi vəzifələrində çalışıb. Rusiyanın Kalinin vilayətinin Konakovo şəhər poliklinikasında sahə terapevti, Moskvada 23 saylı Şəhər Klinik Xəstəxanasında, Moskva Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında həkim işləyib.

Bəli, buradək Rafiq həkimdən danışdım.

Amma bizlər onu məhz yazıçı kimi tanıyır.

Rafiq Tağı ilk gənclik illərindən bədii yaradıcılıqla məşğul olub. 1968-ci ildə ilk şeiri Masallının "Çağırış" rayon qəzetində, "Fərqanə" adlı ilk hekayəsi 1977-ci ildə "Ulduz" jurnalında çap edilib. Çoxsaylı şeir, hekayə, esse, məqalə, oçerk və portret yazıları Azərbaycanın və xarici ölkələrin dövri ədəbi mətbuatında mütəmadi dərc edilib. Yazıları həmişə ictimai rezonans doğurub, ciddi polemikaya səbəb olub.

2004-cü ildə "Qafqazın qartalı Şaumyan belə…" (Səməd Vurğun) adlı essesinə görə 1988-ci ildən üzvü olduğu Azərbaycan Yazıçılar Birliyindən xaric edilib, 2006-cı ilin noyabrında daha bir qalmaqallı yazı ilə gündəmə gəlib - "Sənət qəzeti"ndə dərc etdirdiyi "Avropa və biz" essesinə görə həbs olunub. 2011-ci ilin noyabrında bıçaqlanmasının da əsasən onun yaradıcılığı ilə bağlı olduğu ehtimal edilib. Yazıçı özü də xəstəxanada verdiyi müsahibələrində bu sui-qəsdin onun yazıları ilə əlaqəli olduğuna inandığını söyləyib.  "EQO" Yaradıcılıq Ordeninin, Azad Yazarlar Ocağının üzvü olub.

 

Kitabları

1. Yanaşı ulduzlar

2. Düşmənimin xatirinə

3. Pozitiv. Neqativ

4. Şahzadə Dipendranın məhəbbəti

5. Ucaboy liliput

6. Gənc qraf Kenterberiyski

 

Qeyd etdik ki, 2006-cı ilin noyabrında Bakıda nəşr olunan "Sənət qəzeti"ndə çap etdirdiyi qalmaqallı "Avropa və biz" məqaləsinə görə o, həbs olunaraq, Bakı şəhəri Səbail rayon məhkəməsinin 2007-ci il 4 may tarixli hökmü ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-cü maddəsi (milli, irqi və dini ədavətin qızışdırılması) ilə təqsirli bilinib. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 28 dekabr 2007-ci il tarixli əfv fərmanı ilə azadlığa buraxılıb.

Həbsdən sonra, sən demə, onu ölüm gözləyirmiş.

2011-ci il noyabrın 19-da naməlum şəxslər onu bıçaqlayıb. Bir neçə bıçaq zərbəsi alan Rafiq Tağı əməliyyat olunsa da onun həyatını xilas etmək mümkün olmayıb. Əməliyyatdan sonra vəziyyəti bir müddət stabilləşən yazıçı bu ərəfədə jurnalistlərin suallarını cavablandırıb, hücumun oğurluq motivli olduğuna inanmadığını, "İran və Qloballaşma qaçınılmazlığı" məqaləsi ilə bağlı ola biləcəyini qeyd edib.

Yazıçının 2006-cı ildə "Sənət" qəzetində çıxan və öncə adını çəkdiyimiz "Avropa və biz" məqaləsindən sonra iranlı ayətullah Fazil Lənkərani onun haqqında ölüm fitvası verdiyi məlum idi.

Rafiq Tağı 2011-ci il noyabrın 23-də Bakının 1 saylı xəstəxanasında vəfat edib.

 

“Ədəbiyyat və incəsənət”

(05.08.2025)

 

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.

 

Liderliyin xüsusi qanunları hansılardır?

 

«Seminarların və kitabların köməyi ilə uzun illər liderlik öyrətdiyim yuz minlərlə insana və özündə liderlik keyfiyyətlərini inkişaf etdirmək istəyən şəxs, sənə ithaf olunur. Bütün yüksəliş və enmələr liderliyin sayəsində baş verir» sözləri ilə başlayan «Liderliyin 21 inkaredilməz qanunu» kitabını – Con Maksvellin bu incisini, yəqin ki, oxumayan əz-əz liderə rast gəlmək olar. Rəsmən onun özünün, yaratdığı EQUIP və The John Maxwell Company təşkilatlarının bu günədək liderliyin sirlərini öyrətdiyi 5 milyon müdavimi var. Bu gün ABŞ-ın Vest Poynt Hərbi Akadesmiyasından tutmuş BMT-yədək, nüfuzlu Fortune 500 siyahısındakı əksər şirkətlər təmsil olunmaqla az qala hər bir qurumda Con Maksvelldən liderlik dərsi almış insanlara rast gəlmək olar.

Con Maksvellin təqdim etdiyi liderlik qanunlarının 21-nə də qısaca da olsa nəzər yetirməyimiz vacibdir. Belə ki, öz şəxsi həyatlarında və bizneslərində bu qanunlara əməl etməklə insanlar dərhal fayda əldə edirlər.

 

Beləliklə, 21 qanundan növbətisi:

 

 

 

20.Sıçrayışlı inkişaf qanunu

«Sadəcə inkişafa nail olmaqçün ardıcıllar yaradın, sıçrayışlı, çoxşaxəli inkişafa nail olmaqçünsə liderlər yaradın».

 

Məşhur «Papa Con» brendi hamıya tanışdır, 1984-cü ildən dünyanın ən tanınmış pitsa müəssisəsi hesab olunur. 1991-ci ildə artıq 46 ticarət nöqtəsi olan şirkətin 1998-ci ildə bu dəfə ticarət nöqtələrinin sayı 1600-ə çatdı. Bu gün Papa Con obyektləri dünyanın hər bir guşəsində qərarlaşıb, sayı on minlərlədir. Şəxsən bizim paytaxt Bakıda bir neçə belə obyekt var ki, mənim övladlarım orada iştahla pitsa yeyirlər.

Con Şatterin biznes fəlsəfəsi belə olub: «Mənim işim ondan ibarətdir ki, gələcəkdə firmamı inkişaf etdirəcək insanları yetişdirim».

Və o, liderlər yetişdirə-yetişdirə onları yeni-yeni «Papa Con» obyektlərində yerləşdirə-yerləşdirə sıçrayışlı inkişafa nail olub. Sısrayışli inkişaf qanununu praktikada tətbiq edən istənilən lider ardıcıllar silsiləsindən liderlər silsiləsinə keçir.

 

“Ədəbiyyat və incəsənət”

(04.08.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Sovet dönəmində “Mosfilm” kinostudiyasında “Azadlıq şirin sözdür” adlı bir film çəkilmişdi. Svetlərin Böyük Vətən Müharibəsi adlandırdıqları II Dünya Müharibəsindən bəhs edən bu film say-seçmə texniki heyət və aktyr ifası ilə yadda qaldı. Bir aktyor bizlər üçün xüsusən əhəmiyyətli idi – həmyerlimiz, belə bir Dövlət sifarişi ilə çəkilmiş filmə çəkilmiş Eldar Əliyev.

 

Azərbaycan teatr və kino aktyoru, Səməd Vurğun adına Rus Dram Teatrının rejissoru Eldar Əliyev 4 avqust 1936-cı ildə anadan olub. Rus dili və Ədəbiyyatı Pedaqoji İnstitutunu və İncəsənət İnstitutunu bitirib. İlk vaxtlar Səməd Vurğun adına Rus Dram Teatrında rejissor işləyib, sonralar Musiqili Kоmediya Teatrında və Leninqrad Dövlət Musiqili Komediya Teatrında tamaşalar hazırlayıb. “Azərbaycanfilm”də çəkilən filmlərdə və qeyd etdiyim kimi, Rusiyada istehsalı olan “Azadlıq şirin sözdür” filmində rəngarəng obrazlar yaradıb.

 

Filmoqrafiya

1. 1001-ci qastrol

2. Dəli Kür

3. Gümüşü furqon

4. Qız qalası əfsanəsi

5. Mən ki gözəl deyildim

6. Papaq

7. Sən niyə susursan?

8. Toral və Zəri

9. Yenilməz batalyon

 

Eldar Əliyev 1984-cü il fevralın 27-də vəfat edib.

Onun haqqında "Xoşbəxtliyim" sənədli filmi çəkilib.

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(04.08.2025)

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə sizlərlə yenidən Əlizadə Nuridir. Bu dəfə:

Gülsən, ya güldən artıq-

Səni necə dərməyim?!

Susma, bir kəlmə söz de

Səsini əzbərləyim...

-deyir şair. Razılaşın ki, bu şair yenə də həyacanlandırır, duyğulandırır.

Xoş mütaliələr! 

 

Sevda türküsü

 

Mən sənin görüşünə

Uçaraq gəlməsəm də,

Uçunaraq gəlmişəm.

Mən bayaq yerdə idim-

Nə yaman dikəlmişəm?!

 

...Baxıb baxışlarına,

Gün özünü danırdı.

Mən dəniz istəyirdim-

Saçın dalğalanırdı...

 

Ovçu olardım, ancaq,

Əl tətikdə utanır.

Sənin gözəlliyindən 

Gözəllik də utanır.

 

Gülsən, ya güldən artıq-

Səni necə dərməyim?!

Susma, bir kəlmə söz de

Səsini əzbərləyim...

 

Gəlib açdın dünyanı,

Getsən, qapı bağlanar.

Sən bu qədər yaxınkən

Vermərəm uzaqlara...

 

Sevgi də bir vətəndi-

Hamıya pay tən düşə.

Səhər səndə açılar

Axşam da səndən düşər...

 

...Batlm şirin əzaba,

Dərə enim, dağ çıxım.

Düşdüyüm bu qəzadan

İstəmirəm sağ çıxım...

 

“Ədəbiyyat və incəsənət”

(04.08.2025)

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının Qisa fikirlər xəzinəsi rubrikasında bu gün sizə Rey Bredberinin kəlamlarını təqdim edirik.

 

 

 

Oxunmayan kitablar intiqam almağı bacarır.

***

Jül Vern – atamdır. Herbert Uells – çox müdrik əmimdir. Edqar Allan Po – dayım oğludur... Siz indi qohum-əqrəbamı tanıyırsınız...

***

Kitabları yandırmaqdan daha dəhşətli cinayətlər var. Məsələn, onları oxumamaq...

***

Yaşamaq üçün həyatın mənasını arayıb-axtarmağı tərgitmək gərək. Həyat elə özü-özlüyündə cavabdır.

***

Allah-təala bizə ağılı ondan ötrü verib ki, xəlq olunanları araşdırıb öyrənək, daha falçılıq eləyib gələcəkdə bizi nə gözlədiyindən qorxmaq üçün verməyib...

***

Gözlərini geniş aç və elə bir acgözlüklə yaşa ki, sanasan onca saniyə sonra öləcəksən.

***

Mənim üçün ən başlıcası – heyrətlənməkdən qalmamaqdır.

***

Gülümsə ki, fəlakətə keyf yaşatmayasan.

***

Möcüzə baş verən vaxt heç vədə onu şübhə altına almayın.

***

Xeyir Şərrə hər zaman şərr olaraq görsənəcək.

***

Bəşər övladı necə yolunu azmışdısa, elə də qalıbdı.

***

Şərrin bir tək gücü var ki, həmən gücü də ona elə özümüz veririk.

***

Zəngli saata ehtiyac yoxdur, fikirlərim özü məni oyadır...

 

“Ədəbiyyat və incəsənət”

(04.08.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.