Super User

Super User

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

İnsanı insan edən dildir. Dil, sadəcə sözlərin deyil, bir millətin yaddaşının, ruhunun, tarixinin və gələcəyinin daşıyıcısıdır. Ana dili isə bu yaddaşın özülüdür. İnsan ilk dəfə ana laylası ilə tanıyır dili, ilk dua, ilk çağırış, ilk “Ana” kəlməsi – hamısı ana dilində doğulur.

 

Bu gün, dilimizin sadəcə ünsiyyət vasitəsi deyil, milli dövlətçilik və suverenlik rəmzi kimi qəbul edildiyi, xalqın kimlik və qürur mənbəyi kimi tanındığı gündür.

 Azərbaycan dili uzun illər boyunca türklüyün, mədəniyyətin və istiqlalın sarsılmaz dayağı olub. Lakin hər dönəmdə bu dilə qarşı ədalətsiz yanaşmalar, basqılar və susdurma cəhdləri də az olmayıb. 20-ci əsrin ortalarında türkdilli xalqların dilləri sistemli şəkildə kölgədə saxlanılır, rəsmi sənədlərdə, təhsil və mətbuatda ikinci plana atılırdı. Məhz belə bir dönəmdə ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və xalqın milli oyanışı nəticəsində Azərbaycan dili yenidən yüksəldildi.

 2002-ci ildə qəbul edilən və 1 avqustdan qüvvəyə minən “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Qanunla bu yüksəliş qanuniləşdirildi. Artıq Azərbaycan dili dövlətin rəsmi dili kimi yalnız konstitusiyada yox, həm də xalqın gündəlik şüurunda bərqərar oldu.

 Azərbaycan dili təkcə milli deyil, həm də ümumtürk mədəniyyət coğrafiyasının mühüm sütunlarından biridir. Türk dillərinin ortaq kökü, leksik uyğunluğu və dərin mənəvi bağları bu dilləri qardaşlaşdırır. Məhz bu baxımdan, Türk Mədəniyyəti və İrsi Fondunun həyata keçirdiyi layihələr ortaq lüğətlər, ədəbiyyat mübadiləsi, transliterasiya və media təşəbbüsləri dil birliyini yalnız nostalji deyil, gələcək strateji platforma kimi təqdim edir.

 Dil birləşdirir. Ortaq söz, ortaq düşüncə yaradır. Ortaq düşüncə isə ortaq gələcək qurur.

 Bu gün ana dilimiz müstəqildir, amma təhlükəsiz deyil. İnternet dili, texnologiyanın qlobal dili, gündəlik danışıqda yad təsirlər, sosial mediada dil normalarına biganəlik – bütün bunlar ana dilimizi yavaş-yavaş içimizdən silir. Təhlükə yalnız qadağada deyil, laqeydlikdədir.

 Bir dili qorumağın yolu onu danışmaqdan yox, onu yaşatmaqdan keçir. Uşaq nağıllarında, məktəb dərslərində, elmi əsərlərdə, reklamda, ekranda, teatrda, musiqidə – hər yerdə dil yaşamalıdır. Dil qorunmalı, yaradılmalıdır, inkişaf etdirilməli, tarixi köklərini daim saxlamalıdır.

 Ana dili bizim yaddaş kodumuzdur. Onu itirmək, özünü itirməkdir. Onu sevmək, yalnız dilə deyil, özünə olan ehtiramdır. 1 Avqust – Ana Dili Günü – sadəcə tarix deyil, daxili bir çağırışdır:

 “Unutma, səni sən edən dilinlə varsan!”

 

“Ədəbiyyat və incəsənət”

(02.08.2025)

Mahmud Kaşqari adına Beynəlxalq Fondun yeni layihəsinin qəhrəmanı “rənglərin və ilmələrin diliylə danışan” Rəhman Kamiloğludur.

 

“Ədəbiyyat və incəsənət” portal xəbər verir ki, Fondun layihəsi əsasında Ümumrespublika və Beynəlxalq konfransların təşkili, elmi simpoziumların keçirilməsi, nəzəri-təcrübi əhəmiyyətli dərsliklərin, tərcümələrin, bədii-publisistik əsərlərinin, elmi monoqrafiyaların nəşri artıq ənənə halını alıb. Fondun prezidenti, Milli Məclisin deputatı Cavanşir Feyziyevin rəhbərliyi ilə gerçəkləşən layihələr elmi-mədəni müstəvidə və ədəbi mühitdə maraqla qarşılanır.

M.Kaşqari Fondunun növbəti uğurlu layihəsinin qəhrəmanı danışa bilmədiklərini rənglərin və ilmələrin diliylə ifadə edən sənətkar Rəhman Kamiloğludur.

Fondun rəhbəri Cavanşir Feyziyev sənətkarın qeyri-adi istedadını yüksək qiymətləndirərək R.Kamiloğlunun əsərlərindən ibarət dərginin çapa hazırlanmağını tövsiyə edib. Müsahibimiz dərginin tərtibatçısı və oradakı “Seçilmiş adam” oçerkinin müəllifi, Fondun əməkdaşı Xəyalə Zərrabqızı vurğulayır:

 

 “Hamının gördüyünü – dağda dağı, daşda daşı görməyə nə var ki?! Hamının görə bilmədiyini görməkdi sənətkar olmaq!..

İstifadə etdiyi hər rəng çalarında büsbütün ruhunu duyduğum, fövqəl istedadının və əsərlərinin irfani dərinliyinə heyran qaldığım Rəhman, mənə elə gəlir ki, sadəcə ilmələrin həndəsi düzümünü sehrkar bir nizamla işləyən sənətkar deyil, həyatın 4 ünsürünü, təbiətin 4 fəslini kətanın yaddaşına köçürən, düşüncə ilə duyğunun mistik ahəngini yaradan filosofdur”.  

 

X.Zərrabqızı bildirir ki, Fondun ədəbi-elmi aktuallığı ilə seçilən çoxsaylı layihələri var, lakin bu incəsənət sahəsində həyata keçirilən ilk lahiyədir. Layihənin məsləhətçisi sənətşünaslığın elmi incəliklərinə vaqif olan tarixçi-alim, Fəxri mədəniyyət işçisi, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Lətifə Məmmədovadır.

Layihənin qəhrəmanı Rəhman Kamiloğlu bu gün Azərbaycanda xovlu tikmə sənəti ilə məşğul olan yeganə kişi sənətkardır. O, Şəkidəki “Sənətkarlar evi”ndə yerləşən emalatxanasında rənglərin ecazkar harmoniyasını yaradıb. Sənətkar Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Erkən yaşlarında həm atasını, həm də anasını itirən Rəhmanın çətin və keşməkeşli uşaqlığı olub. Gələcək yaşayışını, dolanışığını özü təmin etməyi, heç kəsdən kömək ummamağı qarşısına məqsəd qoyan Rəhman uşaqlıqdan zəhmətsevərliyə alışıb, qarşısına qoyduğu hər işdə öz əməyi ilə uğur qazanmağa çalışıb. Elə bu həvəslə də 2001-ci ildə “Böyüklər və uşaqlar üçün xalq yaradıcılığı, biçmə-tikmə kursları” adlı layihə çərçivəsində Əlillərin Dizayn Assosiasiyası tərəfindən Şəki şəhərində təşkil edilən xalçaçılıq kursuna yazılıb, bədii tikmə sənətinin incəlikləri barədə ilkin vərdişlərə yiyələnib.

Assosiasiyanın Şəkidəki mərkəzinin üzvü olan Rəhman Kamiloğlu burada Əməkdar rəssam Qüdrət Məmmədovdan rəssamlığın, tanınmış təkəlduz ustası Güləndam Alxasovadan isə bədii tikmə sənətinin sirlərini öyrənib. Daim öz üzərində işləyən, öz bacarıqlarını kamilləşdirməyə can atan gənc Rəhman az müddət sonra Şəkidə xovlu tikmənin mahir ustası kimi tanınmağa başlayıb. O, artıq 20 ildir ki, bu sənətlə məşğuldur.

Doğulduğu diyarın təbiət mənzərələri, qədim yaşayış məhəllələri, tarixi binalar, daş döşənmiş küçələr, qırmızı kirəmitli evlər, eyvanlar, həmçinin Şəki xan sarayı, Yuxarı və Aşağı karvansaraylar, məscidlər, minarələr, körpülər və digər qədim tarixi abidələr Rəhmanın əsərlərinin əsas mövzusunu, süjetini, ana xəttini təşkil edir. Gənc sənətkarın əsərləri arasında portretlər və natürmortlar xüsusi yer tutur.

Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmən üzərindəki şanlı Qələbəsindən ruhlanan Rəhman Kamiloğlu Qarabağda ucalan azadlıq bayrağını, əsrarəngiz təbiət gözəlliklərini, tarixi abidələri rəngarəng saplarla kətan üzərində toxumaqla maraqlı kompozisiyalar yaratmağa müvəffəq olub. Xudafərin körpüsü, Şuşa qalası, Vaqif məqbərəsi daxil olmaqla, işğaldan azad edilmiş ərazilərimizdəki məşhur tarixi-memarlıq abidələrini qrafika üslubunda toxuyan sənətkarın Qarabağa həsr etdiyi əsərlər Rəssamlar İttifaqı tərəfindən təşkil olunan “Zəfər yürüşü” adlı respublika sərgisində də nümayiş olunub.

Rəhman Kamiloğlunun əl işləri dəfələrlə Respublika və Beynəlxalq sərgilərdə diplomlara layiq görülüb. O, 2021-ci il dekabrın əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə keçirilmiş əlilliyi olan şəxslərin XI Ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsində bədii tikmə nominasiyası üzrə 1-ci yerə layiq görülərək Diplomla təltif edilib.

“Sənətkarın xovlu tikmə nümunələri Fransanın Kolmar şəhərində Azərbaycan mədəniyyəti günləri çərçivəsində təşkil olunan sərgidə də nümayiş etdirilib və iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb. Mahmud Kaşqari adına Beynəlxalq Fondun layihəsi əsasında Rəhman Kamiloğlunun əsərlərindən ibarət dərgi nəşr etməklə, onun fərdi yaradıcılıq sərgisini keçirməklə qeyri-adi mistikası olan bu bənzərsiz sənət nümunələrini geniş izləyici auditoriyasına tanıtmaq, Rəhmanın dilə gətirə bilmədiyi duyğularının tərcümanı olmaq arzusundayıq”, – deyə X.Zərrabqızı əlavə edib.

 

“Ədəbiyyat və incəsənət”

(02.08.2025)

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Əlifba və yazı xalqın milli mədəniyyətinin tərkib hissələrindən biri, başqa sözlə, həmin xalqın mədəniyyət silahı, milli-mənəvi sərvətidir. Ona görə də əlifba məsələsi mədəni inkişaf və tərəqqi üçün həmişə vacib hesab olunub.

 

Tarixi faktlar sübut edir ki, Azərbaycan qədim əlifbaların yarandığı, müxtəlif əlifbaların istifadəyə edildiyi ölkələrdən biri olmuşdur. Təsadüfi deyildir ki, “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti H.Əliyevin imzaladığı  fərmanda oxuyuruq: “Qədim və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqı dünya sivilizasiyasına bir çox dəyərli töhfələr vermişdir. Onların ilk nümunələri bəşər tarixinin böyük kəşfi olan yazı vasitəsi ilə Qobustan və Gəmiqaya təsvirləri, həmçinin epiqrafik abidələr şəklində daşların yaddaşına həkk olunaraq günümüzədək yaşamışdır. Tarixi faktlar sübut edir ki, bu qiymətli əsərləri yaradarkən Azərbaycan xalqı müxtəlif əlifbalardan istifadə etmişdir. İslamın qəbuluna qədər olan dövrün yazıları ilə yaradılan bu qiymətli xəzinənin böyük bir qismi məhv edilmiş, zaman keçdikdə həmin abidələrin qələmə alındığı yazı şəkilləri unudulmuş” və digər əlifbalardan istifadə edilməyə başlanmışdır.

 

Tarix göstərir ki, Azərbaycanda əsrlər boyu aşağıda göstərilən müxtəlif quruluşlu əlifbalardan istifadə edilmişdir:

1.   qədim milli türk əlifbalarından (qədimdən VII əsrin II yarısınadək)

2.   ərəb qrafikalı əlifbadan (VII əsrin II yarısından 1929-cu ilədək)

3.   latın qrafikalı əlifbadan (1929 – 1940)

4.   kiril qrafikalı əlifbadan (1940 – 1992)

1992-ci ilədən hal-hazıradək ölkəmizdə latın qrafikalı tamamilə yeni

əlifbadan istifadə olunur. Araşdırmalar göstərir ki, Azərbaycanda latın qrafikalı əlifbaya keçid heç də asanlıqla baş tutmamışdır. (Düzdür, Azərbaycan ərazisində qədim latın qrafikalı ilk yazı Qobustan qayasında 1948-ci ildə arxeoloq İ.Cəfərzadə tərəfindən aşkarlanmışdır. Əlbəttə, eramızın I əsrində imperator Domisianın zamanında XII Fulminat Roma legionunun Azərbaycanda olmasını təsdiq edən altı sətrdən ibarət bu kitabə  ölkəmizdə bir vaxtlar latın qrafikalı əlifbadan istifadə edilməsi anlamına gələ bilməz.

          Arxiv materialları göstərir ki, latın qrafikalı əlifbaya keçmək cəhdləri və təşəbbüsləri XIX əsrin ikinci yarısından  başlamışdır.  

Həmin dövrdə cərəyan edən ictimai-siyasi və mədəni proseslərin gedişatı mövcud ərəb əlifbasını daha münasibi ilə əvəz etmək ideyasını meydana çıxarmışdı. Bu, əslində tarixi şəraitdən doğan zərurət idi. Bu zərurəti meydana çıxaran əsas amillər isə bunlar idi:

-       birincisi, ərəb qrafikası dilimizin fonetik xüsusiyyətlərini bütün dolğunluğu ilə əks etdirə bilmir, onun quruluşu və xarakteri haqqında tam aydın təsəvvür yaratmırdı.

-       İkincisi, öz qaynağını Avropadan alan yeni dövrün maarifçilik hərəkatı Azərbaycan mədəniyyətinin inkişaf istiqamətini müəyyənləşdirmiş və bu da yeni mədəniyyət tipinə uyğun müasir əlifbaya olan ehtiyacı aktuallaşdırırdı.

-       Üçüncüsü, ərəb əlifbası ilə yazmaq və oxumaq çox müşkül bir iş idi. Təsadüfi deyil ki, ərəb əlifbası ilə savad almağın çətinliyi haqqında M.A.Şahtaxtlı “Şərqi-rus”da  yazırdı: “İstemal eyləməkdə olduğumuz ərəb əlifbasıyla nəinki özgə dillərin və bəlkə öz türk dilimizin sözlərinin həqiqi tələffüzünü göstərmək mümkün deyil”. C.Məmmədquluzadə isə belə deyirdi: "Bunu hamı bilir ki, müsəlmanca oxumaq və qanmaq bir hünərdir. Əvvələn, o hürufat ki, biz yazırıq, onu oxumaq çətin bir məsələdir. Bu barədə çox danışmışıq. Hazır bu yazdığım "danışmışıq" kəlməsinin on beş nöqtəsinin biri artıq-əskik düşsə, oxumağı çətin olacaq, vay bizim halımıza, vay mürəttiblərin gününə, heyif oxucularımızın gözlərinin işığına". 

Məhz bu səbəblər XIX əsrin ikinci yarısından etibarən Mirzə Fətəli Axundzadə başda olmaqla dövrün mütərəqqi maarifçi ziyalılarını əlifba islahatı problemi üzərində düşünməyə vadar etmişdir.    

 Bütün türk dünyasında, o cümlədən Azərbaycanda əlifbanın dəyişdirlməsi, latın qrafikalı əlifbaya keçilməsi ilə bağlı ilk təşəbbüs göstərən böyük mütəfəkkir M.F.Axundzadə olmuşdur. Akademik Tofiq Hacıyev bununla bağlı qeyd edir: “Yeni əlifba ideyası, ərəb əlifbasına qarşı mübarizə kimi böyük tarixi hadisə türk dünyasında və ümumən, Şərqdə Azərbaycan milli mədəniyyəti ilə bağlıdır və bütün dünyaya buradan car olmuşdur”.

İlkin olaraq ərəb əlifbasını dəyişdirmək fikrində olan M.F.Axundzadə  sonda  başa düşmüşdü ki, bu əlifbanı dəyişdirmək mümkün olmayacaq. Ona görə də ərəb yazısını dəyişmək cəhdindən əl çəkib diqqətini bir neçə kiril hərfləri ilə dəyişilmiş latın əlifbasının üzərində cəmləmişdi. Bu, böyük inqilabi ideya idi. O, latın qrafikası əsasında hazırladığı layihəni rəy almaq üçün Paris, London, Berlin, San-Peterburq və başqa şəhərlərə göndərmiş, Rusiyanın, Şərqin və Qərbin bir sıra dövlət və içtimai xadimlərinə müraciət etmişdi. Lakin hazırladığı bu əlifba layihəsinin özünün sözləri ilə desək, “…həyata keçirilməsini caiz görmədilər”. Ruhdan düşməyən M.F.Axundzadə uzagörənliklə akademik B.Dorna məktubunda yazırdı:” 100 ildən sonra mənim əlifbam Şərq ədəbiyyatında layiqli yerini tutacaq, onun vasitəsi ilə yeni əsərlər yaradılacaq. Onda mənim məqsədim yerinə yetəcək və mən qabaqcadan rahat ola bilərəm”.

  Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü, şərqşünas,   M.F.Axundzadə ilə fikir ortağı olan M.Kazımbəy özünün «İndiki Hindistanda maarifin başlanğıcı» adlı məqaləsində vəziyyəti obyektivcəsinə qiymətləndirərək yazırdı:”…müsəlmanları Avropa əlifbalarının onların əlifbasından yaxşı olması fikrinə inandırmaq çətindir. Lakin hər şey zamanla, vaxtla bağlıdır. Elə mənafelər vardır ki, onlar hər şeyi idarə edə bilirlər”. Alim ”belə mənafelərdən» biri kimi mədəni tərəqqiyə coşqun meyli qeyd edir və göstərir ki, bu meyil gec-tez əlifba ideyasının reallaşmasına gətirib çıxaracaqdır.

M.F.Axundovun əlifba layihələri, o cümlədən latın qrafikalı əlifba layihəsi qəbul edilməsə də, geniş iştimai müzakirələrə səbəb olmuşdu. Onun əlifba islahatı ilə bağlı görüşləri və yeni əlifba uğrunda mübarizəsi Azərbaycanın mütərəqqi fikirli ziyalılarını bu məsələnin geniş aspektdə müzakirəsinə səfərbər etdi, onlara inam və güc verdi. T.Hacıyevin yazdığı kimi, “M. F. Axundzadə … ərəb əlifbasına qarşı mübarizəni böyük ictimai hərəkata çevirdi”.

Məhz bu inam və güc sayəsində M.F.Axundzadənin vəfatından bir neçə ay sonra onun məsləkdaşlarından olan, görkəmli mətbuat işçisi, Bakı Uniuversitetinin professoru M.Şahtaxtlı (1879-cu ilin yanvarında) Tiflisdə “Təkmillənmiş müsəlman əlifbeyi” adlı kitab nəşr etdirdi. Bu əsər Azərbaycanda yeni əlifba uğrunda mübarizə tarixində ilk kitab olub.  

1886-cı ildə “Qafqaz” qəzetində M.Əliməhəmmədin ərəb yazısının dəyişdirlməsi barədə məqaləsi çap olundu. Yazıda ərəb əlifbasının dəyişdirlməsinin səbəblərindən və vacibliyindən söz açılırdı.

1898-ci ildə isə tanınmış ədəbiyyatşünas alim F,Köçərli tərəfindən yazılmış “Ərəb əlifbası və onun çatışmazlıqları” məqaləsi nəşr olundu.

 Əlifba islahatı ilə bağlı müzakirələr XX əsrin əvvəllərində “İrşad”, “İqbal”, “Tərəqqi”, “Tazə həyat”, “Tərcüman” qəzetlərində, “Molla Nəsrəddin” jurnalında və digər mətbuat orqanlarında davam etdirilirdi. Görkəmli yazıcımız C.Məmmədquluzadə “Molla Nəsrəddin”in səhifələrində ərəb əlifbası barədə yazırdı:”Bu heroqlifləri latın əlifbası ilə əvəzləmək vacibdir”.

M.F.Axundzadədən sonra bu məsələyə öz yaradıcılığında geniş yer verən ziyalılar arasında yuxarıda adları çəkilənlərdən başqa daha çox fəallıq göstərənlər İ.Qaspiralı, R.Əfəndiyev, M.T.Sidqi, F.Ağazadə, S.M.Qənizadə, S.S.Axundov, Ö.F.Nemanzadə, M.Mahmudbəyov, A.Əfəndizadə, A.Tağızadə, M.Seyidov, H.Şahtaxtinski, A.Əmirov, Ə.Pepinov və digərləri idi. 

Şübhəsiz ki, əlifba islaharının həyata keçirilməsində bütün mütərəqqi fikirli ziyalılarımızın rolu olmuşdur. Bizcə, onlardan iki nəfəri  - M.Şahtaxlını və F.Ağazadəni xüsusi olaraq qeyd etmək lazımdır. Doğrudur, M.Şahtaxlı da yaradıcılığının ilk dövründə ərəb əlifbasının islah edilməsinin tərəfdarı olub. Lakin “Şərqi-Rus” qəzetindən sonrakı dövr yaradıcılığında o artıq latın əlifbasına keçməyin tərəfdarı kimi çıxış edirdi. 1914-cü ildə Peterburqda çıxan “Mir islama” jurnalındakı bir məqalədə qeyd olunurdu ki, M.Şaxtaxtlının 5 əlifba layihəsi olsa da, o daha çox şərq latın əlifbasına ümid bəsləmişdir. Bundan başqa öz dövrünün tanınmış əlifba ıslahatçılarından F.Ağazadə özünün “Nə üçün ərəb hərfləri türk dilinə yaramır?” adlı əsərində əlifba hərəkatı tarixinmdə “Məhəmmədağa dövrü”nü xüsusi fərqləndirir. Hətta bəziləri haqlı olaraq M.Şahtaxtlını “yeni əlifba hərəkatının atası” adlandırırlar.

F.Ağazadə isə ərəb əlifbasından latın əlifbasına keçilməsi prosesində ən fəal iştirak edənlərdən idi. O, həmin dövrdə mətbuat səhifələrində tez-tez yeni əlifba ilə bağlı məqalələrlə çıxış edir, təklif olunan əlifba layihələrinə münasibət bildirirdi. O, mətbuatda çap olunan “Əlifba tarixində türklərin vəziyyəti”, “Dilimizin türkləşməyinə çarələr” adlı silsilə məqalələrində, “Nə üçün ərəb hərfləri türk dilinə yaramır?” adlı əsərində ərəb əlifbasının yararsızlığını sübut edir, ciddi faktlarla latın əlifbasına keçməyin düzgün yol olduğunu əsaslandırırdı.

Cümhuriyyət dövründə ərəb əlifbasının islah edilməsi və latın əlifbasına keçid məsələləri daha qızğın şəkildə müzakirə olunurdu. Bu dövrdə Azərbaycanda ərəb əlifbasından latın əlifbasına keçilməsi prosesi çox geniş vüsət almaqda idi və bu məsələdə ən fəal yenə də Fərhad Ağazadə olmuşdur. Türk dilini dövlət dili elan edən AXC hökuməti latın qrafikalı əlifbanın qəbuluna da laqeyd deyildi.  

 Artıq əlifba məsələsinin kifayət qədər müzakirə obyektinə çevrildiyini görən hökumət məsələyə müdaxilə edir və 21 mart 1919-cu ildə parlamentdə bu barədə  AXC hökumətinin üzvü X.Məlikaslanovun məruzəsi dinlənilir. AXC Nazirlər şurasının qərarı ilə XMN-nə ərəb əlifbasının islahatı üzrə komissiya yaratmaq və komissiyanın hazırladığı təklifləri baxilmaq üçün Nazirlər Şurasına təqdim etmək tapşırılır. Komissiyaya üç layihə təqdim olunur. Uzun mübahisə və müzakirələrdən sonra A.Əfəndizadənin latın qrafikası əsasında tərtib olunmuş “Son türk əlifbası” layihəsi qəbul edilərək çapına icazə verilir. Layihə 1919-cu ildə keçirilən müəllimlər qurultayında müzakirə olunandan sonra parlamentin təsdiqinə verilmişdi. Lakin aprel işğalı və AXC hökumətinin devrilməsi ilə onun reallaşdırılması mümkün olmur. Beləlikllə, əlifba məsələsi aktual olmaqda davam edir.

1921-ci ildən N.Nərimanovun təşəbbüsü ilə əlifba məsələsi yenidən müzakirə obyektinə çevrilir. Əsas mübarizə “latınçılar”la “ərəbçilər” arasında gedirdi. Hər iki tərəfə layihələr təqdim etmək təklif olunsa da, yalnız “latınçılar” layihə təqdim etdilər və hökumət onu qəbul etdi. 1922-ci ildə  Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi (AMİK) yanında yeni əlifba komitəsi (AYTƏK) yaradıldı. AMİK-in 20 oktyabr 1923-cü il tarixli qərarı ilə latın əlifbası ərəb əlifbası ilə bərabərhüquqlu hesab edilmiş, lakin 27 iyun 1924-cü il tarixdən məcbiri dövlət əlifbası olmuşdur. Onu da qeyd edək ki, latın qrafikalı hərflərlə yanaşı Avropadakı rəqəm sistemi də qəbul olunmuşdur. 01 yanvar 1929-cu ildən etibarən Azərbaycanda ərəb əlifbası rəsmən ləğv edilərək latın əlifbası ilə əvəz olunmuşdur.

Təəssüf ki, 1939-cu ildə latın qrafikalı əlifbadan kiril qrafikası əsasında yaradılmış yeni Azərbaycan yazısına qəti və məcburi keçmək haqqında qərar  verildi. Ümummilli liderimiz tərəfindən imzalanmış “Latın qrafikalı Azırbaycan əlifbasının bərpası haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilir ki, “1939-cu ildə latın əlifbasının kiril əlifbası ilə əvəz olunması 30-cu illərin kütləvi repressiyalarının məntiqi davamı olub, türk xalqlarının milli özünüdərk prosesinin qarşısını almaq, onları tədricən yadlaşdırıb bir-birindən uzaqlaşdırmaq məqsədi güdürdü”. Təcrübə də göstərirdi ki, kril qrafikasının dilimizin səs quruluşuna uyğunlaşdırılması yolunda nə qədər cəhd göstərilsə də, optimal variantın tapilması mümkün deyildir, bu da nə vaxtsa onun dəyişdiriləcəyi ehtimalını gücləndirirdi.

XX əsrin sonlarında Azərbaycanda azadlıq uğrunda mübarizənin yeni dalğası yüksəldi. Nəhayət, xalqımız XX əsrdə ikinci dəfə, amma bu dəfə daimi və əbədi olmaqla öz müstəqilliyinə qovuşdu. Latın qrafikalı Azərbaycan əlifbasının bərpası üçün də tarixi şərait yarandı.

Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonraSSRİ dövründə məcbur qəbul edilmiş qərarlara yenidən baxılmasınabaşlandı. Belə qərarlardan biri də əlifba ilə bağlı oldu. Müstəqillik əldə etdikdən sonra yenidən latın qrafikası əlifbaya keçilməsi təklifi irəli sürüldü. Xeyli müzakirələrdən sonra 1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə Qanun qəbul olundu. 2001-ci ildə isə latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırıldı.

2001-ci il avqustun 9-daAzərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən avqustun birinin Azərbaycan Respublikasında Azərbaycan Əlifbası vəAzərbaycan Dili Günü kimi qeyd olunması haqqında fərman imzaladı.

 

“Ədəbiyyat və incəsənət”

(02.08.2025)

 

  

 

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Heydər Əliyev Fondu ilə birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunan Diaspor Gənclərinin VI Yay Düşərgəsinin başlamasına bir gün qalıb.

Düşərgə avqustun 3-dən 9-dək ölkəmizin suverenliyi və ərazi bütövlüyünün simvoluna çevrilən Xankəndi şəhərində keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Gənclərinin VI Yay Düşərgəsinə dünyanın 61 ölkəsindən 128 azərbaycanlı və Azərbaycana dost münasibəti bəsləyən xalqların gəncləri qatılacaq.

Düşərgənin açılış mərasimində rəsmi şəxslər, görkəmli ziyalılar, tanınmış elm,  mədəniyyət və incəsənət xadimləri iştirak edəcək.

Diaspor Gənclərinin VI Yay Düşərgəsinin proqramı olduqca zəngindir. Düşərgə iştirakçıları dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən diaspor siyasəti barədə müfəssəl məlumat alacaq, rəsmi şəxslər və diplomatlarla, müxtəlif sahələr üzrə ekspertlərlə, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizlə görüşəcək,  Qarabağla daha yaxından tanış olacaq, Ana dili dərslərində, əyləncəli proqramlarda, intellektual oyunlarda iştirak edəcəklər.

Prezident İlham Əliyev hər zaman dünya azərbaycanlılarını Vətənlə əlaqələrini kəsməməyə çağırıb. Müzəffər Ali Baş Komandan 2022-ci il aprelin 22-23-də Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında bildirib ki, “Əlbəttə, biz hamımız – Azərbaycanda yaşayan azərbaycanlılar istəyirik ki, xaricdə yaşayan azərbaycanlılar öz tarixi Vətəni ilə sıx bağlı olsunlar. Heç olmasa, ildə bir dəfə hər bir azərbaycanlı öz ailəsi ilə Azərbaycana gəlsə, çox yaxşı olar - xüsusilə azad edilmiş torpaqlara getmək üçün”. Diasporla İş üzrə Dövlət Komitəsi bütün fəaliyyətində, o cümlədən Diaspor Gənclərinin Yay Düşərgələrinin təşkilində dövlət başçısının həmin tövsiyələrini əldə rəhbər tutur.

Diaspor Gənclərinin Yay Düşərgələri layihəsi həm ölkə daxilində, həm də diaspor arasında böyük marağa səbəb olub və nüfuz qazanıb. Yay düşərgələrinə ildən-ilə daha böyük maraq göstərilməsi bunun bariz nümunəsidir.

Qeyd edək ki, bu günə kimi Diaspor Gənclərinin Yay Düşərgələri Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində baş tutub. Düşərgələrin təşkilat komitəsinə hər il 60-dan çox ölkədən ümumilikdə 3000 mindən artıq müraciət daxil olub, müraciət edən gənclərin 700-dən çoxu yay düşərgələrinin iştirakçısı olub.

 

“Ədəbiyyat və incəsənət”

(02.08.2025)

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Drijor, SSR xalq artisti Niyazi Tağızadənin adı kimə tanış deyil ki?

Bu gün dahi dirijorun anım günüdür.

 

Niyazi 1912-ci il avqustun 20-də (digər mənbələrdə 7 iyulda) Tiflis şəhərində ziyalı ailəsində doğulub. Anası Böyükxanım ixtisasca həkim olub. Atası Zülfüqar Hacıbəyov Azərbaycanda musiqili teatrın banilərindən biriydi və dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun qardaşı idi.

Uşaqlıq illərindən Üzeyir Hacıbəyov, Müslüm Maqomayev , Əbdürrəhim Haqverdiyev, Cəlil Məmmədquluzadə, Nəcəf bəy Vəzirov, Hüseyn Cavid kimi dövrünün tanınmış sənət adamları,görkəmli yazıçılar arasında böyüyüb.

İlk musiqi təhsilini Y.A.Şefferlinq adına məktəbdə skripka sinifində oxumaqla alıb. Sonradan atası Zülfüqar Hacıbəyov və əmisi Üzeyir Hacıbəyovun tövsiyəsi ilə təhsilini 1925–1926-cı illərdə Moskvada Mixail Fabianoviç Qnessinin bəstəkarlıq sinifində davam etdirib. 1929–1930-cu illərdə isə Leninqrad (indiki Sankt-Peterburq) Mərkəzi Musiqi Texnikumunda bəstəkarlıq sinifində təhsil alıb. Ancaq həmin şəhərin havası ona düşmədiyindən və darıxdığından bu təhsil ocağını bitirə bilməyib.

Z.Hacıbəylinin "Aşıq Qərib", Ü.Hacıbəylinin "Arşın mal alan" və s. əsərlərinin yeni redaksiyalarını hazırlayıb, Azərbaycan xalq mahnılarını ("Xumar oldum", "Qaragilə", "Ay bəri bax", "Küçələrə su səpmişəm" və s.) simfonik orkestr üçün işləyib, 1935-ci ildə "Rast" və "Şur" muğamlarını nota salıb.

Niyazinin 1942-ci ildə yazdığı "Xosrov və Şirin" operası musiqi dramaturgiyasının çoxplanlı olması, psixoloji gərginliyi, xor səhnələri və opera epizodlarının ifadəliliyi ilə, onun 1949-cu ildə yazdığı "Rast" simfonik muğamı isə dramaturji bitkinliyi, güclü emosional təsiri, zəngin melodikası, xüsusilə harmonik dilinin əlvanlığı və ifadəliliyi ilə fərqlənir. "Rast" müəllifin idarəsi ilə bir çox xarici ölkələrdə səslənib, Çexiyada "Suprafon", ABŞ-də "Rikordi" musiqi şirkətləri tərəfindən qrammofon valına yazılıb.

Avropa və Asiyanın bir sıra ölkələrində çoxlu sayda dirijor kimi müvəffəqiyyətli çıxışlar edib. Niyazi məşhur hind filosofu R. Taqorun "Çitranqoda" fəlsəfi dramı üzrə "Çitra" baletini yazıb. Bu balet böyük uğurla bir çox şəhərlərdə nümayiş etdirilib. Baletdə Niyazi hind xalq musiqisinin ritm və intonasiyalarından, orkestrovkada hind musiqi alətlərinin səslənməsini xatırladan tembrlərdən istifadə edib.

 

Filmoqrafiya

- Almaz

- Arazın o tayında

- Arşın mal alan

- Axşam konserti

- Bəstəkar Müslüm Maqomayev

- Bəxtiyar Vahabzadə

- Bir məhəllədən iki nəfər

- Bir qalanın sirri

- Cazibə qüvvəsi

- Doğma xalqıma

- Əsl dost

- Fətəli xan

- İyirminci bahar

- Kəndlilər

- Kölgələr sürünür

- Liderlik missiyası. 1-ci hissə

- Maestro

- Maestro Niyazi

 

Təltifləri və mükafatları

1. Sosialist Əməyi Qəhrəmanı

2. "SSRİ xalq artisti" fəxri adı

3. "Azərbaycan SSR xalq artisti" fəxri adı

4. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı

5. "Ermənistan SSR xalq artisti" fəxri adı

6. "Stalin" mükafatı (2-ci dərəcə) (konsert-ifaçılıq fəaliyyətinə görə)

7. "Stalin" mükafatı (2-ci dərəcə) ("Gülşən" tamaşasına görə)

8. "Lenin" ordeni

9. "Oktyabr inqilabı" ordeni

10. "Qırmızı əmək bayrağı" ordeni

11. "Şərəf nişanı" ordeni

12. "Əmək veteranı" medalı

 

Niyazinin böyük bəstəkar və dirijor olmasında əsas dəstəkçilərindən biri də ömür gün yoldaşı Həcər xanım olub. Onların tanışlığının maraqlı tarixçəsi vardır:

Bir gün Maestro Niyazi Bakıya qayıdandan sonra Dağıstan Maarif Komissarlığına şöbə müdiri göndərilib. Irandan olan əslən Cənubi Azərbaycanlı tələbə olan Həcər xanımla da elə Mahaçqalada tanış olub. Həcər xanımın qardaşı Əli İsgəndər Mahaçqaladakı İran konsulluğunda çalışıb. Əli İsgəndərin təşəbbüsü ilə bir gün Niyazinin ailəsini qonaq çağırlıblar və yaxın münasibətləri yaranıb. Niyazi bəy Həcər xanımı burada görüb və bir-birlərinə aşiq olublar.

Sonradan bu ailənin İrana geri dönmək fikri olduğundan, Həcərin Niyazi ilə yaxınlaşmasını əngəlləmək istəyiblər. 1932-ci ilin sonları Həcərgilin ailəsi İrana köçməli olur. Həcərin ailəsi bu izdivaca heç cür razı olmayıb. Gənclər 1933-cü ildə qaçıb gizlincə evlənmək qərarına gəliblər. Elə belə də ediblər.

Bir müddət Ağdaşda qohumlarıgildə qalıblar. Evliliklərinin ilk illəri əziyyətli keçib. Çünki həmin dövrdə Hacıbəyovlar ailəsinin maddi vəziyyəti yaxşı olmayıb. Həcər xanımın sovet pasportu olmadığından molla kəbini kəsdiriblər. Onların nigahı 1940-cı ildə rəsmiləşdirilib. Gənclər harda, necə yaşayacaqlarını bilməyiblər. Bütün çətinliklərə baxmayaraq, onlar düz 51 il birgə xoşbəxt ömür sürüblər.

Niyazi 2 avqust 1984-cü ildə dünyaya gözlərini qapayıb.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(02.08.2025)

 

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Səhər açılmamışdı hələ. Sükutun ən dərin anıydı. Bütün Azərbaycan nəfəsini tutmuşdu sanki. Göy üzü bir az daha qəmli, külək bir az daha yavaş əsirdi. Və o an... bir səs susdu. Təkrarsız, dəyişməz, minillərin yaddaşını daşıyan bir səs. Sanki “Segah”ın son pəncərəsi örtüldü, “Qarabağ şikəstəsi” öz kədərini yerə qoydu.

 

Ötən gün – 1 avqust 2025-ci il tarixində Azərbaycan muğam sənətinin nəhəng siması, Xalq artisti, muğam professoru, Azərbaycan muğam məktəbinin canlı əfsanəsi Arif İmran oğlu Babayev 87 yaşında vəfat etdi. Bu xəbər yalnız sənət aləmində deyil, bütün xalqın yaddaşında dərin hüznlə qarşılandı. Çünki o, təkcə bir ifaçı deyildi – o, muğamın özü idi.

 

Bir Ömürlük Səda – Arif Babayevin Həyat Yolu

 

Arif Babayev 20 fevral 1938-ci ildə Ağdam rayonunun Sarıhacılı kəndində anadan olub. Musiqiyə olan istedadı və eşqi uşaq yaşlarından bəlli idi. Gənc yaşlarında muğamın sirlərinə yiyələndi, ifasında milli ruhu və klassik ənənəni birləşdirərək özünəməxsus sənətkar kimliyini formalaşdırdı.

1962-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirən Arif Babayev, 1963–1966-cı illərdə Dövlət Filarmoniyasında, daha sonra isə Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi çalışıb. O, muğam tamaşalarında “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Aşıq Qərib”, “Gəlin qayası” kimi rollarla yadda qalıb.

Lakin onun sənət ömrü təkcə səhnə ilə bitmədi. O, muğamı öyrədən, yaşadan və ötürən bir müəllim oldu. 1982-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində ilk dəfə xanəndəlik üzrə dərs deməyə başladı. 1984-cü ildən Azərbaycan Dövlət Konservatoriyasında – bu günkü Bakı Musiqi Akademiyasında fəaliyyətini davam etdirdi. 1990-cı ildə isə xanəndələr arasında ilk dəfə muğam professoru adına layiq görüldü.

 

Arif Babayev onlarla tələbə yetişdirdi – bir neçəsi bu gün Azərbaycanı beynəlxalq səviyyədə təmsil edən tanınmış muğam ifaçılarıdır. Onun dərs dediyi auditoriyalarda yalnız muğam öyrədilmirdi – orada milli qürur, sənətə hörmət və insanlıq təlim olunurdu.

 

Təltiflər və Təkidlər – Xalqın Səs Verdiyi Ustad

 

Arif Babayevin xidmətləri dövlət səviyyəsində dəfələrlə təqdir olunub:

1978-ci ildə – “Əməkdar artist”

1989-cu ildə – “Xalq artisti”

1998-ci ildə – “Şöhrət” ordeni

2008-ci ildə – “İstiqlal” ordeni

2018-ci ildə – “Şərəf” ordeni

2025-ci ildə – Prezidentin təqdim etdiyi Heydər Əliyev Mükafatı

Onun hər bir təltifi bir əsərin, bir ömrün təntənəsi idi.

 

Səda Susdu, Ruh Qaldı – Ustada Sonsuz Hörmətlə

 

Arif Babayev 2025-ci ilin iyul ayında səhhətində yaranan ciddi problemlərlə xəstəxanaya yerləşdirildi. Onun müalicəsi əvvəlcə Qaxda, sonra isə Bakıda – Mərkəzi Klinik Xəstəxanada davam etdirildi. Bütün ölkə onun sağlamlığı ilə bağlı dualar edirdi. Amma bu gün səhər o böyük səs əbədiyyətə qərq oldu.

Onun itkisi təkcə sənət aləminin deyil, milli kimliyimizin itkisidir. Çünki Arif müəllim öz səsi ilə Qarabağ torpağının nəfəsini, Azərbaycanın könül tınısını oxuyurdu. O, bizim tariximiz, yaddaşımız, varlığımız idi.

Sənin səsin susdu, Arif müəllim…

Amma muğam sənin nəfəsinlə yaşamağa davam edəcək.

“Ədəbiyyat və İncəsənət” portalı adından ustadımızın yaxınlarına başsağlığı verir, xanəndəmizi dərin hüzn və rəhmətlə anırıq.

 

“Ədəbiyyat və incəsənət”

(02.08.2025)

 

Murad Vəlixanov, "Ədəbiyyat və incəsənət"

 

Bu gün Azərbaycan Kinosu Günüdür. Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra – 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı «Bibiheybətdə neft fontanı yanğını», "Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi", «Qafqaz rəqsi» xronikal sənədli və "İlişdin" adlı bədii süjetlərin müstəqil nümayişini təşkil etmişdir. Həmin gün milli kinonun yaranma günü sayılır.

 

Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı — Azərbaycan Kinosu Günü kimi qeyd olunur. Ötən əsrin əvvəllərində «Pate», «Pirone», «Filma» kimi xarici kino şirkətləri Bakıda filiallarını açaraq film istehsalı ilə məşğul olublar. 1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında “Neft və milyonlar səltənətində”, 1917-ci ildə isə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında “Arşın mal alan” qısametrajlı bədii filmləri çəkilib.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət bir çox mədəni-siyasi islahatlar keçirib. Xarici aləmlə diplomatik, mədəni–iqtisadi əlaqələr dünya kinosunun ilk nümunələrinin Bakıya gətirilməsinə və ictimai baxışlara təkan verib. Bunun nəticəsində Bakıda kinematoqrafiya həvəskarlarının sayı artmağa başlayıb. 1918-ci ildə onlar “Kinematoqrafiya və teatr qulluqçuları şurası”nda birləşiblər.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradılıb və həmin il aprelin 28-də Birinci Dövlət Kinofabriki açılıb. Burada çəkilmiş ilk film xalq əfsanəsinin motivləri əsasında yaradılmış “Qız qalası” bədii filmi olub.

1923-1926-cı illərdə kinostudiya Birinci Dövlət Kinofabriki, sonradan AFKİ Kinofabrik ilə birləşdirilərək “Azdövlətkino” “Azərkino”, “Azərfilm” “Azdövlətkinosənaye”, “Azərfilm” “Bakı kinostudiyası”, “Azərbaycanfilm” adlandırılıb. 1960-cı ildən Cəfər Cabbarlının adını daşıyır.

“Azərbaycanfilm”də indiyədək iki mindən çox müxtəlif növ və janrda film istehsal olunub. Onların bir hissəsi, o cümlədən “Arşın mal alan”, “Şərikli çörək”, “Ad günü”, “Sevinc buxtası”, “İstintaq”, “Yaramaz” və başqaları Dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən “Ögey ana”, “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Bizim Cəbiş müəllim”, “Axırıncı aşırım”, “Nəsimi”, “Özgə vaxt”, “Sarı gəlin”, “Ovsunçu”, “Buta”, “Çölçü”, “Nabat”, “Axınla aşağı” və digərləri beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülüb.

Son bir neçə il də kino sənayemiz üçün uğurlu olub. 2015-ci ildə “4.1 Şəhər motivləri” və Finlandiya, Gürcüstan, Azərbaycan istehsalı olan “Qatil” tammetrajlı bədii filmləri tamaşaçılara təqdim olunub.

2016-cı ildə isə “İçəri şəhər”, “Qırmızı bağ” və “Xeyirlə Şərin rəqsi” tammetrajlı bədii, Almaniya və Azərbaycanın birgə işi olan “Sarılar – Qarabağ atının izi ilə” sənədli filmlərinin istehsalı tamamlanıb və təqdimatları olub.

“Postskriptum”, “Onun atası”, “Hədiyyə”, “Qara bağ” qısametrajlı filmlərindən ibarət “40-cı paraleldə” kinoalmanaxı isə bu gün – Azərbaycan Kinosu Günündə təqdim ediləcək. Bunlarla yanaşı, hazırlıq və çəkiliş dövründə olan filmlər də var. Belə ki, “Köşk” tammetrajlı bədii filmi çəkiliş, “Üç gün və bir ömür” tammetrajlı bədii filmi postprodakşn, “Natiq Qasımov” sənədli filmi istehsal, “Nar bağı” tammetrajlı bədii filmi hazırlıq dövründədir. “Həddən artıq uyğunluq” tammetrajlı bədii filmi isə tamamlanmaq üzrədir.

Bu il bir sıra filmlərimiz beynəlxalq festival və müsabiqələrdə iştirak edib. “Azərbaycanfilm” Kann kino bazarına cari ildə 10-dan artıq film təqdim edib. Bunlar “Qırmızı bağ”, “İçəri şəhər”, “Yarımçıq xatirələr”, “4.1 Şəhər motivləri”, “40-cı paraleldə”, “Həddən artıq uyğunluq”, “Xeyirlə Şərin rəqsi”, “Nar bağı”, “Köşk”, “Üç gün və bir ömür”, “Sarılar – Qarabağ atının izi ilə” və digər filmlərdir.

Eyni zamanda, Mədəniyyət və Turizm Nazirliyi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının birgə təşkilatçılığı ilə “Bizim Kino Günləri – audiovizual məkanda peşəkarlıq” layihəsi həyata keçirilib. Layihə çərçivəsində “Audiovizual məkanda ailə dəyərləri”, ”Audiovizual məkanda uşaq mövzusu”, “Audiovizual məkanda vətənpərvərlik” və “Azərbaycan həqiqətlərinin beynəlxalq audiovizual məkana inteqrasiyası” mövzuları müzakirə olunub və “Axınla aşağı”, “Dərs”, “Yarımçıq xatirələr” və “Nabat” filmlərinə baxış keçirilib. Bu filmlər şəhərimizin bütün kinoteatrlarında mütəmadi nümayiş etdirilib.

“Azərbaycanfilm” kinostudiyası şəhid rejissor Vaqif Əhmədov adına təqaüd təsis edib. Təşəbbüsün əsas məqsədi peşəkar kino məktəbinin istedadlı davamçılarını aşkar etmək, iddialı tələbələrə dəstək olmaqdır.

 

Ümummilli lider Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli Sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verib.

Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə bir çox mühüm işlər görülür.

Prezident İlham Əliyev cari il iyulun 29-da Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə bir qrup kino xadiminə fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən 1 nəfər “Xalq Artisti”, 5 nəfər “Əməkdar İncəsənət Xadimi”, 2 nəfər “Əməkdar Artist”, bir nəfər “Əməkdar Rəssam”, 10 nəfər “Əməkdar Mədəniyyət İşçisi” fəxri adına, 3 nəfər isə “Tərəqqi” medalına layiq görülüb.

Bu il 118-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan kino sənəti ötən müddətdə əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçərək, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb.

 

“Ədəbiyyat və incəsənət”

(02.08.2025)

Şənbə, 02 Avqust 2025 09:34

İyulla avqustun “ULDUZ”U BİR ARADA

“Ulduz” jurnalının iyul-avqust sayı  dərc edilib. “Yeni nəsil: tənqid+” adlı yeni layihə “Ulduz” jurnalı ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının birgə əməkdaşlığı sayəsində ərsəyə gəlib.

 

“Ədəbiyyat və incəsənət” portalına “Ulduz!dan verilən məlumata görə, jurnal Qismət Rüstəmovun tərcüməsində Adam Kirşin “Qlobal roman: XXI əsrdə dünyanı yazmaq”  məqaləsi ilə açılır.

“Tənqid” bölümü Ramil Əhmədin “Xatırlamanın və unutmağın səsi”,  Ülvi Babasoyun “Ədəbi tənqidin susmaq formaları”, Qismət Rüstəmovun “Qar Tanrısının qeydiyyatı haradır?”,  Tomas Eliotun “Tənqidin hədləri”  yazılarını təqdim edir.

“Şeir vaxtı”nda Alik Əlioğlu, Feyziyyə, Rəbiqə Nazimqızı, Şəhriyar Del Gerani,  Günel Şamilqızı, Anar Amin, Elçin Səlimlidir.

“Nəsr”də “Həmin işıqlı günlər” hekayəsi ilə Cavid Zeynallı, “Pələng” hekayəsi ilə Ülviyyə Heydərovadır.

“Tərcümə saatı”nda Seyfəddin Hüseynli Andrey Volosun “Çulışman”  əsərini  təqdim edir.

“Dərgidə kitab”da “Bir daha himnimiz haqqında” (1-ci yazı) yazısıyla Kamil Şahverdidir.

“Dərgidə sərgi”nin qonağı  Naqiyə Rzayevadır.

 

“Ədəbiyyat və incəsənət”

(02.08.2025)

 

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” portalının redaktoru

 

Tarixən formalaşmış, özünəxas mədəniyyətə, dilə və mənəvi birlik duyğusuna malik, eləcə də, iqtisadi-siyasi birlik nümayiş etdirən sabit insan toplumuna ulus deyirik. Deyirik, bu toplum öz varlığını həm fərdlər səviyyəsində qavrayır, həm də onu qorumağa və gələcəyə daşımağa çalışır - yəni dövlətçilik bilinci var.

 

Hər bir ulusun daha çox üstünlük verdiyi yaxud öncül mövqe qazanmış bir hadisə, kateqoriya ilə özəlliklə fərqləndiyini görə bilərik. Bəzilərində bu, ərazi (coğrafiya), digərlərində tarix (irs), bir başqasında isə iqtisadiyyatdır. Bizim üçün dil və dövlətçilik daha üst qatda dayanır.

Dilimiz – danışmaqla yanaşı, var olmaq, milli yaddaşı daşımaq, mədəni kimliyi ifadə etmək, habelə müstəqil dövlətçilik bilincini üfüqötəsinə yüksəltmək üçündür. Bu dili qorumaq, yaşatmaq – sözlüyə yiyə durmaqla birgə, vicdana, ulusun sorumluluğuna yazılmış borc kimi də qavranıla bilər.

 

Dünənki tarix - 1 Avqust – Azərbaycan Əlifbası və Dili Günü – bir təqvim faktı olmağın yanında, bir ulusun yazılı əhdidir - desək, yerinə düşər.

Yaxşı, bəs əlifba dəyişəndə yalnız əlifbamı dəyişmiş olur? Bəs heç dəyişməyən nə olur?..

Tariximizin acılı-şirinli dönüşlərinə baxaq: ərəb qrafikalı əlifbadan latın qrafikasına, ordan kiril və yenidən latın qrafikalı əlifbaya keçmiş bulunuruq…

Hər biri – bir çağın ideoloji hökmü, amma dilimiz – millətin hökmü olub. Onu da unutmayaq: bizim öz doğma əlifbamız, yazımız-yazılağımız olub - Orhun-Yenisey abidələri bütün inkarçılara, köksüzlərə və özünü lələhüy durumdaymış kimi hiss edənlərə daş kimi sərt, yaddaş kimi isti cavabdır. Kimsə bizi sanki yazıya ərəb əlifbasıyla başlamışıq kimi göstərməyə qalxışmasın.

Latın qrafikalı əlifbaya qayıdışımız texniki məzmunla birgə, mənəvi qayıdış idi. Son illər latın əlifbasının bizim Turan əlifbasından – Orhun-Yenisey əlifbası kimi tanıdığımız yazılaqdan törədiyinə dair fikirlər yayılır. Bunun yalnız qulağa deyil, elmə, tarixə də xoş gələcəyinə inanıram.

“Dildən bir qavramın itməsi, mədəniyyətdən bir layın itməsi deməkdir” (Mehmet Niyazi). – Təqribən 25 il öncə Rumıniyada tanışdığım bu fikri sadə bir aforizm kimi yox, bir növ dövlətçilik fəlsəfəsi, öz mədəniyyətinə yiyə durmaq aktı kimi oxumuşam.

Bəli, dövlət dili – sadəcə mətnlərə yazılmır.

O:

– ana laylasında,

– aşığın sazında,

– uşaq oyuncağında,

– məktəb lövhəsində,

– səfirin çıxışında,

– vətəndaşın müraciətində,

– hətta… ondan ötələrdə – örnəyi, Şuşa dağlarına dırmaşan və zirvədəki Mədəniyyət paytaxtını ağır silahlarsız azad edən əsgərin sarsılmaz iradəsindədir.

 

Bir akademik münasibətdə deyildiyi kimi:

“Dil – mədəni,əxlaqi, dini, estetik normaların saxlanması və gələcək nəsillərə ötürülməsində aparıcı və əsas vasitədir”.

Şuşada, Xankəndidə,  Xocalıda dalğalanan qutsal bayrağımız həm də dilimizin, mədəniyyətimizin, ümid və inamımızın Zəfər bayrağıdır. Biz Dəmir Yumruqla yeni gerçəklik yaratmış, bölgəmizə yeni dönəm gətirmişik. Yeni dönəm – yeni sorumluluq deməkdir.

Ümumən dünya dəyişir. Süni intellekt, maşın çevirməçiliyi, sosial media – həm dilin imkanlarını genişləndirir, amma həm də onu çökdürmə yoluna girir. Dili qorusaq dil özü qoruyuculuğunu bütün əməli çalışma sahələri üzrə göstərəcək. Burada, qoruma və qorunma qarşılıqlıdır.

 

Əgər biz öz gəncimizə ana dilində təfəkkür etməyi öyrətməsək – dilimiz təkcə “danışıq” dili olaraq qalacaq; amma dilimiz düşüncə dilidir – Dədə Qorquddan Həsənoğluna, Füzulidən Vaqifə, Əli bəy Hüseynzadədən günümüzün fədakar dilçilərinə qədər bu dil bilinc, yaddaş, irs daşımış ulu dildir. Dilimizin yolu, coğrafiyası zaman-zaman genişlənincə – qarmaşıq dönəmlərdə qılıncımızla birgə yeni ünvanlar qazanınca, istər-istəməz qaynayıb-qarışdığı, hətta fəthlərdən “arxayın düşdüyü” olub; o üzdən gərəksiz “anlaşma”, ziyanlı “güzəşt”lərə də gedib bu dil…

Gündoğardan Günbatara, Güneydən Quzeyə atbelində ildırım kimi qoşan ordularımızdakı igidlərin törəmələri bu gün cənub, cənubi, şimal, şimali deyir. Ehtiyac varmı?.. Əsla, yox!

Yaxud, gül kimi “uğur”, “başarı” varsa, (deyincə, az qala çənəmizin çüyü çıxacaq) “müvəffəqiyyət” “nailiyyət”, “öncə” varkən “əvvəl”, “birincisi” varkən, “əvvalə”, “özkeçmiş” varsa, “tərcümeyi-hal”, “avtobioqrafiya, “CV” neyçün?.. - Bax, bu, sadə örnəklərdən də göründüyü kimi, dilimizin arınıb-durulması, gərəksiz yad sözlərdən silkinməsi gərəkdir, gərəkdir, gərəkdir!

Ayrıca, bugünkü gənc bilinc “bratan”, “qaqulya”, “bro”, “inşallah+like”, “okey” arasında itirilməməlidir. Dilimizin saflığı, sadəliyi və zənginliyi – onun yaşamaq strategiyası, bizim isə var olmaq tərzimizdir.

Sosial media şivəsi, küçə dialekti, korporativ dil – heç biri dövlətin, ulusun dili ola bilməz.

Əgər ortaq türk mədəniyyəti deyiriksə, öncə ortaq əlifba, dilin ortaqlaşma imkanı, sonra ortaq fikir və ortaq gələcəklə bağlı işlərimiz gəlməlidir.

Azərbaycanın 24 il öncə aldığı tarixi qərarı Türküstanlı qardaş dövlətlər - Qazaxıstan, Özbəkistan da atmalı, paralel əlifbadan biranlamlı şəkildə qurtulmalı, kiril qrafikalı əlifbaya əlvida deməlidir. Qırğız qardaşlarımız yubanmadan latın qrafikalı əlifbaya keçməlidir. Ötən il razılaşdırılmış ortaq türk əlifbası uyğun ortamda tətbiqata keçməlidir. Ortaq dil üçün söz alış-verişi mühiti gücləndirilməlidir - KİV-lər, universitetlər, eləcə də, ortaq kino çəkimləri, birgə tamaşa hazırlanımları və s. bu işdə böyük önəm daşımaqdadır. Hətta, ayrı qrafika, xeyli fərqli dil ortamı belə bizi ortaq amal uğrunda çalışmaqdan geri çəkməməlidir. Ortaq gələcəyə doğru irəliləmək özü öz əlifbasını, dilini və hər şeyini doğurmaq kimi bir ruhi gücə sahibdir. Niyyət (ondan irəli amal) – işin yarısıdır – deyiblər.

Kim deyibsə, çox yaxşı deyib: “Dil – bayraq kimidir – açanda görünür, dalğalananda yaşanır”...

Dil bayrağımız, dövlət bayrağımız uca olsun!

Dilimiz də, dövlətimiz də çox zavallar görüb - daha zaval görməsinlər!

 

“Ədəbiyyat və incəsənət”

(02.08.2025)

 

Şənbə, 02 Avqust 2025 08:39

Bu gün Fəxrəddin Manafovun 70 illiyidir

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

-Kino, ya teatr?

-Hər ikisi

 

-Keçmiş, ya gələcək?

-Zamanın hər anı

 

-Ürək, ya beyin?

-Bunlar ayrılmazdır

 

-Dəniz, ya dağ?

-Yer kürəsi

 

-Futbol, ya şahmat?

-Həm fiziki, həm də zehni idman

 

-Fellini, ya Bunuel?

-Rasim Ocaqovu da unutmayın!

-Birlikdə, yoxsa tənha?

-Təklik, tənhalıq mənim həyat obrazımdır,

İnsan tək gəlir bu həyata, tək də gedir.

                                     Fəxrəddin Manafovla blits intervüdən

 

Bu gün Azərbaycan Respublikasının xalq artisti Fəxrəddin Manafovun doğum günüdür.

O, 2 avqust 1955-ci ildə Xankəndidə çoxuşaqlı ailədə anadan olub. Bir müddət sonra isə ailə Bakıya köçüb. Uşaqlıqdan futbola böyük marağı olub. Çox yaxşı futbol oynayıb. Hətta yaxın adamlar, ailə üzvləri onun gələcəkdə futbolçu olacağını düşünüblər. 16 yaşı olarkən, 1971-ci ildə A.M.Şərifzadə adına Aktyor evində  kinomexanik kimi işə düzələn Fəxrəddin bir müddət sonra Almaniyaya hərbi xidmətə yola düşüb.

Hərbi xidmətdən qayıdıb sənədlərini M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna verib və 1975-1980-ci illərdə orada ali təhsil alıb. Tələbəlik illərində, 1976-1978-ci illərdə Tədris teatrında aktyor kimi fəaliyyət göstərib. 1980-ci ildə ali təhsilini başa vurub aktyorlar evindəki fəaliyyətini davam etdirib. Orada rejissor Vaqif İbrahimoğlu ilə tanış olan F.Manafov bir müddət sonra Vaqif İbrahimoğlunun quruluşunda “Ac həriflər” tamaşasında səhnəyə çıxır. Aktyor müsahibələrinin birində həmin illəri belə xatırlayır:

“İlk dəfə aktyor evinin foyesində səhnəyə çıxanda o dövrün böyük sənətkarları Mehdi Məmmədov, Şəmsi Bədəlbəylini orda gördüm. Onların hamısı bilirdi ki, mən orda işləyirəm. Ancaq birdən-birə Vaqifin quruluşunda hazırlanan “Ac həriflər” tamaşasında səhnəyə çıxdım. Orda bir neçə sözü olan rol ifa edirdim. Yadımda deyil, ya Mehdi müəllim, ya da Şəmsi müəllim dedi ki, Fəxrəddinə deyin, səhnədən çıxsın, tamaşa gedir. Onda ətrafdakılar onlara dedilər ki, o da tamaşada iştirak edir. Vaqif məni səhnəyə belə gətirdi”

Bir müddət sonra Fəxrəddin Manafov Vaqif İbrahimoğlunun yaratdığı "Yuğ" teatrında aktyor kimi fəaliyyət göstərməyə başlayıb. Beləliklə, 1989-1993-cü illərdə "Yuğ" Dövlət teatrında aktyor işləyib. Ona ən çox uğur gətirən teatrda hazırlanan “Şəhriyar” tamaşasında ifa etdiyi Məhəmmədhüseyn Şəhriyar rolu olub. O vaxt İran səfiri həmin tamaşaya baxandan sonra deyib: “Fəxrəddin eyni ilə Şəhriyarın cavanlığıdır”.

1977-ci ildən bu günədək Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi filmlərə çəkilir. "Evləri köndələn yar", "İşgüzar səfər", "Park", "Şeytan göz qabağında", "Ölsəm bağışla", "Təhminə", "Otel otağı", "Dronqo", "Qraf Krestovski", "Əlvida, cənub şəhəri", "Hökmdarın taleyi", "Sübhün səfiri", "Mahmud və Məryəm" kimi ekran işlərində iştirak edib. Aktyora ən böyük uğuru isə, “Ölsəm bağışla” və “Təhminə” filmlərindəki rolları gətirib.

Fəxrəddin Manafov gənclik illərində Tədris teatrında işləyən vaxt Vahidə adlı xanımla tanış olub. Vahidə xanım da həmin teatrda aktrisa kimi fəaliyyət göstərib. Sonradan məşhur diktora çevrilən Vahidə xanımla Fəxrəddin Manafov ailə həyatı qurublar. Onların heç bir zaman övladı olmayıb. Vahidə xanım dəfələrlə aktyora başqa qadınla evlənməyi təklif etsə də, Xalq artisti xanımının bu istəyini qətiyyətlə rədd edib. Bir-birlərinə böyük məhəbbəti olan cütlüyün bu sevgisi illərlə davam edib. Fəxrəddin Manafov xanımı haqqında müsahibələrinin birində deyib:

“Hər bir insanın bir neçə örtülü qapısı olur. Mənim bircə qapım var ki, o qapı Vahidəyə açılır. O qapını açıb nə istədiyimi deyə bilərəm. Təsəvvür et ki, qaranlıq bir guşədir, mən sadəcə başımı o guşəyə salıb bütün ağrımı, sevincimi, sirrimi, arzularımı həmin qaranlığa deyə bilirəm. Hərçənd ki, Vahidə onların hamısını bilir. Mən insani tərəfdən çox peşmanlıq çəkmişəm. Yəni elə şeylər vardı ki, eləməməliydim. Etmişəm, amma mövqeyim düz idi. Düzdür, Vahidə mənə deyir ki, sən düz etmisən, hətta insan kimi də, dost kimi də doğru etmisən. Amma mənim elədiyim bu günə kimi məni ağrıdır. Vahidə mənim sirli ensiklopediyam, kitabımdı. Onun haqqında həyatım, sevdiyim insan sözlərini demirəm. Bunu demək artıqdı. Çünki bunlar onsuz da belədi. O, çox böyük qadındı. Mənə çox böyük köməyi dəyib”

3 mart, 2021-ci ildə aktyorun həyat yoldaşı Vahidə Manafova uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Bu itki Xalq artisti üçün ağır olub. O, müsahibələrinin birində deyib:

“Mənim ən yaxınım, böyük ağrı ilə deyirəm ki, dünyasını dəyişdi. Bu, həyat yoldaşım Vahidə xanım idi. Mən hər gün səhər gözümü açanda da, gecə yuxuda da, yatmazdan qabaq da bu ağrını yaşayıram. Fikirləşirəm ki, artıq qəribə bir ömür başlayıb həyatımda... Mən hətta ən yaxınlarıma, anama və atama belə demədiklərimi Vahidəyə deyirdim. Amma artıq bu gün bunları deyə biləcək kimsəm yoxdur”.

 

Filmoqrafiya

- Arzunu yarat

- Üzeyir ömrü

- Qaladan tapılan mücrü

- Qocalar, qocalar...

- Ömrün yolları

- Gəmi saatının sirri

- Köhnə bərə

- Tənha narın nağılı

- Əlvida, yaşıl yay

- İşarəni dənizdən gözləyin

- Qəm pəncərəsi

- Şəhərli biçinçilər

- Özgə ömür

- Meyl

- Doğma sahillər

- Son səhnə

- Birlikdə

- Azərbaycan Atabəyləri

- Təxribat

- Gecə qatarında qətl

- Qətldən yeddi gün sonra

-Təhminə

 

Fəxrəddin Manafov Azərbaycan SSR-nin əməkdar artisti, Azərbaycanın xalq artisti fəxri adlarına layiq görülub. 2006-cı ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. 2025-ci ildə TÜRKSOY-un "Türk dünyasının ən yaxşı teatr aktyoru" nominasiyası üzrə mükafatına layiq görülüb. 2 may 2025-ci il tarixində Fəxrəddin Manafov Azərbaycan Respublikasının Kino Agentliyinin Müşahidə Şurasına üzv təyin edilib. 

 

“Ədəbiyyat və incəsənət”

(02.08.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.