Super User

Super User

Bazar ertəsi, 04 Avqust 2025 08:03

Teatr rəssamları kulis arxasında qalırlar

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Həqiqətən də teatr rəssamları həmişə kulis arxasında qalırlar. Teatr terminologiyası ilə desək, onılar “zakulisye” əməkdaşlarıdır. Halbuki teatr tamaçasının uğur qazanmasında rəssam tərtibatı əhəmiyyətli rol oynayır. Azərbaycan SSR əməkdar incəsənət xadimi, teatr rəssamı Bəhram Əfəndiyevin yaradıcılığı buna əyani sübutdur.

 

Bəhram Əfəndiyev 25 avqust 1910-cu ildə ildə Tiflis quberniyasının Ahalkələki qəzasında doğulub. Bakı Rəssamlıq Məktəbində dekorçu rəssam ixtisasına yiyələnib, Akademik Milli Dram Teatrında təcrübəçi-rəssam kimi çalışıb.

1932-ci ildə Peterburq Rəssamlıq Akademiyasına qəbul olunub və burada yarım il oxuduqdan sonra səhhəti ilə bağlı təhsilini yarımçıq qoyub. Nuxa (indiki Şəki) Dövlət Dram Teatrında, Aşqabad Dövlət Azərbaycan Dram Teatrında rəssam işləyib.

Qazax Dövlət Dram Teatrının direktoru, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında rəssam və quruluş hissə müdiri, Göyçay Dövlət Dram Teatrında quruluşçu rəssam, Göyçay sənət artelində texniki rəhbət, Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında baş rəssam işləyib.

Gördüyünüz kimi fərqli coğrafiyalar, amma məhsuldar və qənaətbəxş iş.

Bəhram Əfəndiyev 14 dekabr 1961-ci ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub.

Rəssam çox yaşamayıb, cəmi 56 il ömür dürüb. 1966-cı ilin 3 avqustunda dünyasını dəyişib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(04.08.2025)

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Salam, "Ədəbiyyat və incəsənət" portalının dəyərli izləyiciləri, xoş gördük. Geniş izləyici auditoriyası olan və bəyənilən " Sevdiyin şeiri gəl mənə söylə" rubrikasının qonağı heç vaxt unudulmayan, adı poeziyasevərlərin yaddaşına həkk olan mərhum şairimiz Fikrət Sadığın oğlu Əməkdar incəsənət xadimi, yazıçı, publisist Orxan Fikrətoğludur.

 

-- Salam dəyərli Orxan bəy, xoş gördük. Nitqinizi ekranın bu tayından necə heyranlıqla dinlədiyimi xatırlayıram. Sözə olan sevginiz, sözə olan dəyəriniz bizə məlumdur.Qələminizin gücünə də bələdik, bu gün isə elə bu anın ovqatı üçün "Sevdiyin şeiri gəl mənə söylə" deyirik.

Buyurun, əziz Orxan bəy, söz Sizindir.

 

-- Salam, xoş gördük.

Əslində nəfəs alanda nəfəs aldığını düşünmürsən, yeriyərkən yeridiyini düşünmürsən. Əslində hər hansı bir şeirin də izahı yoxdur. "Niyə bu şeir? " sualının da, məncə, cavabı yoxdur. Sevdiyim şeirlər həddindən artıq çoxdur. Ələkbər Salahzadə, Vaqif Səmədoğlu, Ramiz Rövşən, Vaqif Cəbrayılzadə, Fikrət Sadıq və digərlərinin onlarla, yüzlərlə şeirləri var ki, çox bəyənirəm. Bəyəndiyim müəlliflərdən Qul Nəsimi, Dadaloğlu, Qaracaoğlan, Qayıqçı qul Mustafanın adlarını da çəkə bilərəm.

Rubrikanın şərtinə görə bir şeir seçsəm, Vaqif Səmədoğlu yaradıcılığından bu şeiri söyləyərəm, çünki indiki ovqatıma təndir. Mənim bu illərimin ovqatına uyğun Vaqif Səmədoğlunun bu şeirdə yaratdığı ovqatdır.

 

ƏLİMİ UZATDIM SEVİNCƏ SARI

 

Əlimi uzatdım

Sevincə sarı,

Gördüm, yox,

Arada kədər dayanıb.

Atamı səslədim,

Köməyə gəlsin,

Gördüm, yox,

Arada qəbir dayanıb.

Üz tutub gedirdim

Allaha tərəf,

Gördüm, yox,

Arada ömür dayanıb...

 

“Ədəbiyyat və incəsənət”

(04.08.2025)

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili”nə həsr olunan Diaspor Gənclərinin Vl Yay Düşərgəsinin iştirakçıları artıq Azərbaycandadır.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, dünyanın 61 ölkəsindən gələn 128 azərbaycanlı və Azərbaycana dost münasibəti bəsləyən xalqların gəncləri Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər. Ziyarət zamanı Ulu Öndərin əziz xatirəsi yad olunub,  abidəsi önünə əklil qoyulub.

Düşərgə iştirakçıları, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.

Diaspor Gənclərinin Vl Yay Düşərgəsinin iştirakçılarıAzərbaycan xalqının böyük tarixi qələbəsinin rəmzi sayılan Zəfər abidəsini də ziyarət ediblər.

Gənclərə Azərbaycanın Konstitusiya və suverenlik dəyərləri, müstəqillik tarixi, Qarabağda qazanılan qələbə və bir sıra başqa mövzularla bağlı məlumat verilib. Bildirilib ki, ölkəmizin imicinin formalaşması və beynəlxalq nüfuzunun artırılmasında diaspor gənclərinin xüsusi rola malik olması onların doğru bilgiləndirilməsini zəruri edir.

Qeyd edək ki, avqustun 3-dən 9-na qədər Xankəndidə keçiriləcək Diaspor Gənclərinin VI Yay Düşərgəsinin proqramına faydalı və maraqlı panel iclasları, şəhid ailələri, diplomatlar, sənət adamları və idmançılarla görüşlər, müxtəlif mövzularda təlimlər, əyləncəli oyunlar, musiqili proqramlar, ekskursiyalar daxildir. Bu günə kimi diaspor gənclərinin Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində 5 yay düşərgəsi təşkil olunub.

 

“Ədəbiyyat və incəsənət”

(04.08.2025)

 

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi qeyrihökumət təşkilatları üçün 2025-ci il üzrə qrant müsabiqələri – “Mədəniyyət sahələri üzrə ümumi qrant müsabiqəsi” və “Mədəni və yaradıcı sənayelər üzrə xüsusi qrant müsabiqəsi” çərçivəsində layihə təkliflərinin qəbulunu açıq elan edib.

Hər müsabiqə çərçivəsində layihələr “Kiçik qrant” (20.000 manatadək) və “Böyük qrant” (50.000 manatadək) kateqoriyaları üzrə qəbul olunur.

Vaxt daralır deyə təkrarən müsabiqə barədə məlumatı paylaşırıq.
 

İlkin laraq layihə təkliflərinə dair sənədlərin qəbulu 21 iyul – 4 avqust 2025-ci il müddətində elan edilmişdi. Əlbəttə ki, çox qısa müddətdə sanballı layihə düşünüb, sənədlər hazırlayıb müsabiqəyə qoşulmaq çətin idi. Bunu nəzərə alaraq Mədəniyyət Nazirliyi layihə qəbulu müddətini 11 avqust saat 18.00-dək uzatdı. Qərar 31 iyulda keçirilən infossessiyada QHT-lərin təklifi nəzərə alınaraq qəbul edildi.

 

Beləliklə, sənədlərin qəbulu mygrant.culture.az veb-səhifəsi üzərindən elektron formada həyata keçirilir. Qeydiyyat üçün müraciət mygrant.culture.az veb-səhifəsindən avtomatik olaraq myculture kabinetinə yönləndirildikdən sonra kabinetdə müracətlər bölməsindən müvafiq müsabiqənin adını seçməklə layihələr təqdim olunmalıdır.
 
Müsabiqəyə müraciət üçün son tarix 4 avqust 2025-ci il, saat 18:00 müəyyən edilmişdir. Müraciətlərin qəbulu bitdikdən sonra, QHT-lərdən toplanmış layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək.
 
Qrant müsabiqəsi ilə bağlı suallarla 
  Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.  elektron ünvanına və ya Mədəniyyət Nazirliyin qaynar xəttinə (tel: 147) müraciət etmək mümkündür.
 
Mədəniyyət sahələri üzrə ümumi qrant müsabiqəsinin mövzuları
Azərbaycan Respublikasının mədəniyyət siyasətinin və prioritet sahələrinin həyata keçirilməsinə dəstək olmaq üçün innovativ, dayanıqlı və çoxtərəfli əməkdaşlıqları özündə ehtiva edən, müasir dövrün çağırışlarına cavab verən layihələrin həyata keçirilməsi, bu prosesdə vətəndaş cəmiyyəti təşkilatlarının rolunun artırılması, eləcə də mədəni irsin qorunmasında cəmiyyətin və fərdin iştirakçılığının artırılması məqsədilə keçirilən müsabiqə aşağıdakı prioritet mövzuları əhatə edir:
 
1. Mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi (Azərbaycanın mədəni, ədəbi irsinin, incəsənət nümunələrinin və milli mənəvi dəyərlərin təbliği istiqamətində təşəbbüslər; Mədəniyyət sahəsində dövlət və özəl sektor arasında əməkdaşlığın qurulması təşəbbüsləri; Azərbaycan mədəniyyətinin rəqəmsal alətlər vasitəsi ilə təbliği üzrə təşəbbüslər; Tarixi və mədəniyyət abidələrin rəqəmsal məlumat bazalarının yaradılmasına dəstək);
 
2. İşğaldan azad olunmuş ərazilərə mədəniyyətin qayıdışı (İşğaldan azad olunmuş ərazilərin mədəni irsi, işğal dövründə mədəni irsə dəymiş ziyan haqqında məlumatlandırıcı rəqəmsal resursların yaradılması üzrə təşəbbüslər; Qayıdışa hazırlaşan gənclər və uşaqlar üçün işğaldan azad olunmuş ərazilərə işğaldan öncəki mədəni həyat haqqında məlumatlandırılması);
 
3. Mədəniyyət sahəsində könüllülük fəaliyyətinin təşkili (Ölkə ərazisində mədəniyyət müəssisələrində könüllülük fəaliyyətinin təşkili; Gənclər arasında davranış mədəniyyətinin təbliği; Könüllülər tərəfindən mədəniyyətin həyat tərzinin ayrılmaz parçası kimi təşviqi; Könüllülərin iştirakı ilə mədəniyyətin müxtəlif sahələrinin və mədəni irsimizin tədqiqi, qorunması, inkişafı və təbliği istiqamətindəki fəaliyyətlərin təşkili)
 
4. Qərbi Azərbaycanın tarixi-mədəni irsinin öyrənilməsi, tədqiqi, təbliği, arxiv irsinə dəstək
 
5. Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təşviqi (Azərbaycan mədəniyyətinin, eləcə də Qarabağın və Zəngəzurun zəngin mədəni irsinin xarici mediada, sosial şəbəkələrdə, beynəlxalq onlayn platformalarda və ensiklopedik resurslarda təmsil olunması əmsalının yüksəldilməsi üçün təşəbbüslər);
 
6. Beynəlxalq mədəni əməkdaşlığın genişləndirilməsi (“Bakı Prosesi” çərçivəsində mədəniyyətlərarası dialoqun təbliği və təşkili üzrə təşəbbüslər; Azərbaycanının “İqlim naminə Mədəniyyət” təşəbbüsü çərçivəsində fəaliyyətlərin təşkili; Azərbaycanın “Mədəniyyət naminə Sülh” təşəbbüsü çərçivəsində fəaliyyətlərin təşkili);
 
7. Davranış mədəniyyətinin inkişafı (Mütaliə mədəniyyətinin inkişafı və stimullaşdırılması; Rəqəmsal kitabxana xidmətlərin yaradılması və ya təkmilləşdirilməsi; Uşaq və gənclərdə azərbaycanlı milli kimliyinin və mədəni dəyərlərin formalaşdırılması üzrə təşəbbüslər; Dövlət və mədəniyyət müəssisələrində çalışanların bilik və bacarıqlarının artırılması).
 
Mədəni və yaradıcı sənayelərin təşviqi üzrə xüsusi qrant müsabiqəsinin mövzuları
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının icrası istiqamətində mədəni və yaradıcı sənayelərin, həmçinin mədəni və innovativ cəmiyyətin inkişafı üçün müasir, dayanıqlı və çoxtərəfli əməkdaşlıqları özündə ehtiva edən, müasir dövrün çağırışlarına cavab verən layihələrin həyata keçirilməsi və bu prosesdə vətəndaş cəmiyyəti təşkilatlarının rolunun artırılması məqsədilə keçirilən müsabiqə aşağıdakı prioritet istiqamətləri əhatə edir:
 
1. Mədəni və yaradıcı sənayelərin inkişafına dair layihələr
(Mədəni və yaradıcı sənayelərlə bağlı audio-video podkast layihələrinin hazırlanması; Milli yaradıcı sənaye məhsullarının istehsalı (interaktiv tamaşalar, suvenir və əl işləri, geyim kolleksiyaları, foto və audio-video kontent və s.);
 
2. Mədəniyyət sahəsində rəqəmsal həllərə dair layihələr
(Mədəni və yaradıcı sənayelər sahəsində innovativ texnologiyaların (süni intellektin, VR, AR, Aİ, Open data, Open APİ) tətbiqi; Mədəni irs (maddi və qeyri-maddi) obyektlərinin rəqəmsallaşdırılması; Mədəni xidmətlərin və yaradıcı məhsulların satışı, eləcə də ixracı üçün rəqəmsal platformaların yaradılması və ya mövcud platformaların inkişaf etdirilməsi);
 
3. Kino, animasiya və oyun sənayesinin inkişafını təşviq edən layihələr (Mədəniyyətlərarası birgə istehsal layihələrinin həyata keçirilməsi; Filmlərin və multimedia materiallarının dublyajı; Birgə istehsal və əməkdaşlıq bacarıqlarını inkişaf etdirməyə yönəlmiş təlim-tədris proqramlarının təşkili);
 
4. Mədəni və yaradıcı sənayelərin inkişafını təşviq edən yerli və beynəlxalq tədbirlərin təşkilinə dair layihələr (Paytaxt və regionlarda mədəniyyət və yaradıcılıq sahələrində bacarıqların inkişafını təşviq edən tədbirlərin, o cümlədən maarifləndirici təşəbbüslərin həyata keçirilməsi; Ölkə daxilində mədəni və yaradıcı sənayelər üzrə yerli və beynəlxalq tədbirlərin təşkili; (kino, animasiya, cultech, dizayn, oyun sənayesi, musiqi) klasteri üzrə layihələr prioritet sayılır).
 
 
Qrant müsabiqəsinin iştirakçılarına dair tələblər:
 
1. Müsabiqə iştirakçısı Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatı olmalıdır;
 
2. Müsabiqə iştirakçısı olan qeyri-hökumət təşkilatının mədəniyyət sahəsində layihələrin icrası və tədbirlərin təşkili ilə bağlı müvafiq təcrübəsi olmalıdır;
 
3. “Böyük qrant” kateqoriyası üzrə müraciət edən qeyri-hökumət təşkilatlarının nizamnamə məqsəd və vəzifələri mədəniyyət sahəsində fəaliyyəti əhatə etməli, faktiki fəaliyyətinin ən azı 80%-i mədəniyyət sahəsi ilə bağlı olmalıdır. Eyni zamanda, donor tərəfindən əlavə olaraq, bu kateqoriya üzrə müraciət edən qeyri-hökumət təşkilatından 1 respublika səviyyəli mədəniyyət müəssisəsindən dəstək məktubunun təqdim edilməsi tələb oluna bilər;
 
4. Mədəniyyət Nazirliyindən əvvəllər qrant almış, lakin qrant müqaviləsinin yekunlaşmasına baxmayaraq müqavilə üzrə öhdəliklərini qrant müsabiqəsinin başlamasına qədər tam yerinə yetirməyən qeyri-hökumət təşkilatları müsabiqədə iştirak edə bilməz;
 
5. Eyni qeyri-hökumət təşkilatı tərəfindən qrant müsabiqəsinə birdən artıq layihə təqdim edilə bilməz.
 
 
Qrant müsabiqəsində iştirak edən qeyri-hökumət təşkilatları aşağıdakı sənədləri təqdim etməlidir:
 
● Dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin əslinin elektron surəti;
● Hüquqi Şəxslərin Dövlət Reyestrindən çıxarışın əslinin elektron surəti;
● Nizamnamənin əslinin elektron surəti;
● Qeyri-hökumət təşkilatının VÖEN-in surəti
 
Qrant müsabiqəsinə təqdim olunan layihə təkliflərinə dair tələblər:
 
1. Layihə təklifinin müddəti minimum 3 ay olmaqla, maksimum 6 ayadək müddəti əhatə etməlidir.
 
2. Azərbaycan Respublikasının ərazisində həyata keçirilən layihələrə üstünlük verilir.
 
3. Mədəniyyət sahələri üzrə ümumi qrant müsabiqəsində Heydər Əliyev Mərkəzlərinin fəaliyyətinin və imkanlarının genişləndirilməsinə yönəlik dayanıqlı layihələrə üstünlük verilir.
 
4. Beynəlxalq tədbirlərin (və ya fəaliyyətlərin) həyata keçirilməsini nəzərdə tutan layihələrdə beynəlxalq tərəfdaşa dair sənədin əlavə olunmasına üstünlük verilir.
 
5. Qrant müsabiqəsinə təqdim olunan layihələrin məzmunu Azərbaycan Respublikasının Konstitusiyası, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında”, “Nəşriyyat işi haqqında”, “Kinematoqrafiya haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Kitabxana işi haqqında”, “Muzeylər haqqında”, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Media haqqında”, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları ilə ziddiyyət təşkil etməməlidir.
 
Qrant müsabiqəsinə təqdim olunan layihə təkliflərinin qiymətləndirilmə meyarları:
 
■ Layihənin məqsədinin aydınlığı;
■ Layihənin innovativliyi;
■ Layihənin icra müddətinin əsaslandırılması və davamlılığı;
■ Layihənin büdcəsinin qrant məbləğinə uyğun olması;
■ QHT-nin və işçi heyətin müvafiq layihə mövzusuna uyğun təcrübəsi;
■ Layihə üzrə risklərin təhlili;
■ Layihə üzrə benefisiarların düzgün müəyyən edilməsi;
■ Layihənin icrası zamanı müvafiq tərəfdaşlarla və media ilə əməkdaşlıq;
■ QHT-nin təqdim etdiyi layihə mövzusunun nizamnamə məqsədlərinə uyğunluğu;
■ Layihədən gözlənilən nəticələr;
■ Təqdim olunan sənədlərin və sənədlərdə məlumatların tələblərə uyğunluğu.
 
Müsabiqəyə müraciət üçün tələb olunan sənəd formaları:
● Layihənin icra planı
● Layihənin xərclər smetası

 

“Ədəbiyyat və incəsənət”

(04.08.2025)

 

 

Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli yazıçı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xalq yazıçısı (1998), “İstiqlal” ordenli (2003), dövlət və ictimai xadim Elçin İlyas oğlu Əfəndiyev 2025-ci il avqustun 3-də, ömrünün 82-ci ilində vəfat edib.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən AzərTAC-a məlumat verilib.

 

Elçin Əfəndiyev 1943-cü il mayın 13-də Bakı şəhərində anadan olub. O, yaradıcılığa ötən əsrin 60-cı illərində başlayıb və Azərbaycan ədəbiyyatında xüsusi yer tutan “60-cılar” ədəbi nəslinin ən aparıcı nümayəndələrindən biri olub. Yazıçı milli ədəbiyyata yeni ab-hava, yeni dəyərlər və bədii ifadə vasitələri gətirib, ədəbi mühitin inkişafında müstəsna rol oynayıb.

Onun nəsr əsərləri, hekayə və povestləri onlarla xarici ölkədə tərcümə edilərək nəşr olunub, Azərbaycan ədəbiyyatının beynəlxalq səviyyədə təbliğində mühüm rol oynayıb. Elçin Əfəndiyev milli ədəbiyyatımızı xaricdə layiqincə təmsil edən ən tanınmış simalardan biri olub.

Elçin Əfəndiyevin zəngin yaradıcılığında romanlar, povestlər, pyeslər və elmi-tənqidi əsərlər xüsusi yer tutur. Onun “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Baş”, “Bayraqdarlar” kimi əsərləri Azərbaycan ədəbiyyatının qızıl fonduna daxil olub. Dramaturgiya sahəsində də məhsuldar fəaliyyəti ilə fərqlənən yazıçının səhnə əsərləri həm ölkə, həm də xarici teatrların repertuarında geniş yer alıb.

Elçin Əfəndiyev yalnız yazıçı kimi deyil, həm də ictimai-siyasi xadim kimi Azərbaycan dövlətçiliyinin və mədəniyyətinin inkişafında böyük xidmətlər göstərib. O, 1993–2018-ci illərdə Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsində çalışaraq ölkənin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayıb. Bununla yanaşı, 1980-ci illərin sonlarında “Vətən” cəmiyyətinin sədri kimi xaricdə yaşayan azərbaycanlıların birliyinin və tarixi vətənlə əlaqələrinin möhkəmlənməsində, diaspor hərəkatının formalaşmasında əvəzsiz xidmətlər göstərib.

Azərbaycan ədəbiyyatında və mədəniyyətində müstəsna xidmətlərinə görə “İstiqlal” ordeni və digər yüksək dövlət mükafatları ilə təltif olunub.

“Mədəniyyət Nazirliyi Elçin Əfəndiyevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Onun zəngin irsi və böyük xidmətləri xalqımızın yaddaşında əbədi yaşayacaq”, - deyə bildirilib.

 

“Ədəbiyyat və incəsənət”

(03.08.2025)

 

Şənbə, 02 Avqust 2025 16:00

Şirvandan çıxan ünlü tarzən

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Qarabağlı xanəndələr avaz vuranda qavallarının üstünə bülbüllər qonarmış. Şirvandan da elə bir tarzən çıxıb, tarına çox bülbüllər qonub - Azərbaycan SSR xalq artisti Hacı Məmmədovdan danışıram.

 

Hacı Məmmədov 1920-ci il aprelin 28-də Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb. 1949-cu ildən 1970-ci ilə qədər həkim-cərrah kimi fəaliyyət göstərib. Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrində işləyib, 1949-cu ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.

 

Rus və Qərbi Avropa müəlliflərinin klassik əsərlərinin tarda ilk ifaçısı olub. Bülbül, Seyid Şuşinski, Zülfü Adıgözəlov kimi müğənniləri müşayiət edib, Belçika, Polşa, Macarıstan, İran, Suriya, Əlcəzair və digər ölkələrdə qastrol səfərlərində olub.

 

Mükafatları

- "Azərbaycan SSR xalq artisti" fəxri adı

- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

- "Şərəf nişanı" ordeni

- Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı

1981-ci il avqustun 2-də Bakıda vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(02.08.2025)

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan Kinosu Günü ərəfəsində və Xalq yazıçısı, dövlət mükafatı laureatı Maqsud İbrahimbəyovun anadan olmasının 90 illik yubileyi çərçivəsində müəllifin ssenarisi əsasında ekranlaşdırılan bədii filmlər haqqında materiallar hazırlanıb.

 

“Ədəbiyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə,  “Ədəbiyyatdan mavi ekrana – Maqsud İbrahimbəyov yaradıcılığı” başlığı altında təqdim edilən və Azərbaycan kino sənətinə qızıl hərflərlə yazılan “Uşaqlığın son gecəsi”, “Bizim Cəbiş müəllim” və “Ən vacib müsahibə” bədii filmlərinə həsr edilən bu materiallar kitabxananın rəsmi saytında https://www.ryl.az/virtual/multimediya  yerləşdirilib.

Video materiallarda öz ətrafında milyonlarla oxucu və izləyici toplamış bu əsərlərin yazılma tarixi, qısa məzmunu, ekran həyatı, yaradıcı heyətinin üzvləri,  layiq görüldüyü yerli və beynəlxalq mükafatlar haqqında məlumat verilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materiallarda sözügedən ekran əsərlərindən foto və video görüntülər, ən yaddaqalan fraqmentlər də təqdim edilir.

 

Kitabxanada təşkil edilən ənənəvi kitab sərgisində Azərbaycan kino tarixindən, onun inkişaf mərhələlərindən, öz adlarını Azərbaycanın kinematoqrafiya tarixinə qızıl hərflərlə yazmış korifeylərin həyat və yaradıcılığından bəhs edən “Heydər Əliyev və kinematoqraf”, “Kino və həyat”, “Səhnə fədailəri” kimi 60-dan çox kitab sərgilənir.

 

“Ədəbiyyat və incəsənət”

(02.07.2025)

 

Şənbə, 02 Avqust 2025 14:34

Təhminənin Zauru

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

 

Xasiyyəti çox tünddür, xarakteri sərt olduğundan hər kəs onunla dostluq edə bilmir. Oynayır, boynuna götürdüyü rolu elə oynayır ki, nəinki rejissor, əsərin müəllifi də həsəd aparır. Axı, o anadan aktyor olmaq üçün doğulub. Son nəfəsinədək də aktyor qalacaq. Demirəm ki, dünyaşöhrətlidir, amma dünyanın bu küncündə onu hamı tanıyır...

 

Mükəmməl insandır. Bunu onun özünə desəniz, o qədər xoşuna gələcək ki, kövrək vaxtına düşsə sizi bağrına basıb, öpə də bilər. Allahdan aşağı, ucalığın zirvəsində onu görsəniz heç də təəccüblənməyin, o, öz yerindədir...

Doğrudur, tez hirslənir, amma tez də imana qayıdır. Bir məzlumu görəndə ürəyi dağlanır, içi göynəyir...

Gözəl təşkilatçılıq qabliyyəti var. Ürəkləri fəth edəcək xüsusiyyətlərə yiyələnib. Bu xüsusiyyətlərə onunla ünsiyyətdə olan insanlar daha çox şahid olurlar...

 

Bəli, şanslı və uğurlu adamdır. Həyatda bacarmadığı nəsə yoxdur. Heç nə onun qarşısında əngəl ola bilməz. Hətta hər kəsi idarə edə biləcək qədər güclüdür. Dövlət onu dəfələrlə mükafatlandırıb. “Şöhrət” ordeninə, “Xalq artisti” fəxri adına layiq bilib. 2006-cı ildən Prezidentin fərdi təqaüdünü alır. Yəni beş adamdan pis yaşasa da, on beş adamdan irəlidədir. Amma, nədənsə özündə güc tapıb bir ziyalı kimi xalqın çətin günlərində görünməyə can atmır...

 

Bəzən adamda tənbəl birisi təəssüratı yaratsa da aldadıcıdır, necə deyərlər, o, civə kimi qaynayır. Məğrur yerişi var, amma lovğa adam deyil. Sakit təbiətli, mənən çox zəngindir. Geniş dünyagörüşə, iti zəkaya sahibdir. Doğrudur, göstəriş verməyi xoşlasa da, özü icra edəndə daha məmnun olur...

 

Açıq danışmağı bacarır, nəsə xoşuna gəldisə, bəyəndisə və ya nəyisə istəmirsə, o cümlədən bəyənmirsə bunu olduğu kimi qeyd etməkdən çəkinmir. Bəzən kimisə tərif edəndə, onu utandıra biləcək səviyyədə şişirdə bilir. Bu isə onun müdrikliyindən xəbər verir. Son dərəcə çalışqandır. Nə baş verirsə versin, hədəflədiyi nöqtəyə mütləq gedib çatacaq. Novator deyil, fəqət yenilikləri asanlıqla əxz edə bilir...

 

Deyir ki: - “90-cı illərin əvvəllərində mən Slovakiyaya getmişdim və orada düz 10 ay yaşadım. Bəzən mən hüznlə nə qədər çox vaxt itirdiyimi düşünürəm, ən azından əlavə 10 filmdə rol ala, 10 tamaşada iştirak edə bilərdim... Ancaq bununla bahəm çox şey dərk etmişəm. Həqiqi nümunələr gətirim. Mənim hər şeyim vardı – ən prestijli rayonda gözəl evim, ən bahalı maşınlarım. Bir dəfə zülmət qış gecəsində yad bir səs məni yuxudan oyatdı. Eyvana çıxdım və gördüm ki, mənim dəbdəbəli villalarda yaşayan qonşularım aramsız yağıb yığılan qarı təmizləmək üçün əllərində bellələrlə işə girişiblər! "Bunlar nədir, anormaldırlar, səhəri gözləməyə bilməzdilər bəyəm?”, - deyə düşündüm və yatmağa getdim. Səhər 8-də mən ofisə getməliydim, evdən çıxanda isə maşını qarajdan çıxara bilmədim, çünki qapının qarşısında qar anbarı vardı. Ətrafda hər yan isə tər-təmiz idi... Vacib görüşə çatmaq üçün ofisin avtomobilini çağırmalı oldum. Axşam qonşularda təmizlik hökm sürürdü, mənim qarım isə daha da yuxarı qalxmışdı. Gecə üçdə mən yerimdən qalxdım, əlimə bel götürdüm və bütün qarı təmizlədim, səhər qarajdan maşınımla çıxanda, bütün qonşular məni gülüşlə yola salırdılar. Mən anlaşılmaz əcnəbi deyil, onların ənənəsinə qəbul edən bir insana çevrilmişdim. Bir dəfə avropalı ustaların drellərinin arxasında tozsoran olduğunu görəndə necə təəccübləndiyim yaxşı yadımdadır. Bu, bizim ağlımıza niyə gəlməyib deyə düşünmüşdüm?! Bu ki, çox asan bir iş imiş!”

 

Dostluq, yoldaşlıq etməmişəm, amma yaxşı bilirəm ki, dostluqda sədaqətli, yoldaşlıqda səxavətlidir. Bəli, hər bir insan Allahın əsəridir və onun həyat ssenarisini də Allah yazır. Bilmirəm, kim necə düşünür, mən haqqında söhbət açdığım Fəxrəddin Manafovu öz dəsti xətti olan bir aktyor kimi tanıyıram. Biz gəldi gedərik, Azərbaycan daim yaşayacaq və onun müxtəlif obrazlar yaratdığı filmlər Azərbaycan qədər əbədi olacaq...

 

Avqustun 2-si Onun doğum günüdür, 70 yaşı tamam olur. Ahıllığın astanasındadır, üzü CƏNNƏTƏ isə hələ yolu çox uzundur. Çox yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(02.08.2025)

 

 

 

29 iyul – 4 avqust tarixlərində Moldovanın paytaxtı Kişineu şəhərində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Qardaşlaşmış Qarabağ Məktəbləri” VI Yay Düşərgəsi keçirilir.

 

Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə baş tutan düşərgənin təşkilatlçıları “CAM” Azərbaycan Moldova Birliyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Moldova Azərbaycanlıları Konqresi və Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzidir.

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbirdə Azərbaycandan olan şəhid övladları ilə yanaşı, Moldovada yaşayan azərbaycanlı ailələrin uşaqları da iştirak edir.

Proqram çərçivəsində iştirakçılar müxtəlif sahələr üzrə peşəkar təlimlərə qatılacaq, tanışlıq və qrup fəaliyyətləri vasitəsilə yeni bilik və bacarıqlara yiyələnəcəklər. Eyni zamanda, onlar Moldovanın tarixi, mədəni və turistik məkanlarını ziyarət etmək imkanı qazanacaqlar.

 

“Ədəbiyyat və incəsənət”

(02.08.2025)

Şənbə, 02 Avqust 2025 13:35

Satirik şeirlərin böyük ustası

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

"Qısa yazmaq, fikri yığcam ifadə etmək böyük ustalıq tələb edir. Buna nail olmaq üçün daim çalışmaq lazımdır"

        Hikmət Ziya

 

Azərbaycan SSR əməkdar incəsənət xadimi Hikmət Ziya 1929-cu il mayın 13-də Azərbaycanın Şəki şəhərində anadan olub. Ağdam şəhərində 1 saylı orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb. "Azərbaycan pioneri" qəzeti redaksiyasında ədəbi işçi, ədəbiyyat və incəsənət şöbəsinin müdiri, "Göyərçin" jurnalı redaksiyasında poeziya şöbəsinin müdiri, məsul katib vəzifələrində işləyib.

Ədəbi yaradıcılığa 1952-ci ildə "Azərbaycan pioneri" qəzetində çap edilən "Qoqola" adlı ilk şeiri ilə başlayıb. Sonra dövri mətbuatda vaxtaşırı çıxış edib. İlk satirik şeirləri, eyni zamanda "Atamın hədiyyəsi", "Bahar gözəldir, ya qış?", "Milçək ürəyi" kitabları Hikmət Əfəndiyev imzası ilə çap olunub. "Sınaq", "Ekiz qardaşlar" pyesləri tamaşaya qoyulub. Librettolarına ("Nənəmin nağılı", "İkilərin sərgüzəştləri", "Solğun çiçəklər") və şeirlərinə musiqi bəstələyib.

Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə tərcümə olunub. O özü də bədii tərcüməyə qayğı ilə yanaşıb. Ölkənin ayrı-ayrı şəhərlərində keçirilən uşaq və gənclər kitabı həftələrində, eləcə də təşviqat qatarı ilə səfərlərdə, yubiley təntənələrində iştirak edib. "Mozalan" satirik kino-jurnalı bədii şurasının, Ümumittifaq uşaq və gənclər ədəbiyyatı şurasının, "Azərbaycan pioneri" və "Literaturnıy Azerbaydjan" jurnalı redaksiya heyətinin üzvüdür.

 

Əsərləri

1. Atamın hədiyyəsi

2. Bahar gözəldir, ya qış?

3. Milçək ürəyi

4. Şeirlər və təmsillər

5. Ulduzların söhbəti

6. Qısa təmsillər

7. Xatirə

 

Filmoqrafiya

- Əli Bayramlı

- Azərbaycan qadını

- Qərib cinlər diyarında

- Dəcəl dovşan

 

Mükafatları

Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilib

 

Azərbaycan Yazıçılar İttifaqının üzvü Hikmət Əfəndiyev 1995-ci il avqustun 2-də Bakı şəhərində vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(02.08.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.