“Biri ikisində” Şahanə Müşfiqin essesi ilə Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Şahanə Müşfiqin Zemfira Məhərrəmlinin yaradıcılığına həsr edilmiş essesi təqdim edilir.

 

ŞAHANƏ MÜŞFİQ

 

SÖZÜN İŞIĞINDA – ZEMFİRA MƏHƏRRƏMLİNİN YARADICILIQ DÜNYASI

 

Fikrimcə, insan ömrü təkcə yaşanan illərlə deyil, söylədiyi sözlərin, ortaya qoyduğu fikirlərin, əməllərinin çəkisi ilə ölçülür. Zaman keçdikcə hadisələr unudulur, amma vicdanla qələmə alınmış bir sətir illərin tozuna təslim olmur. Azərbaycan ədəbiyyatının və publisistikasının tanınmış imzalarından olan Zemfira Məhərrəmli də bu “unudulmayan sətirlər”in müəlliflərindəndir. Onun yazılarını oxuyanda hiss edirsən ki, bu sətirlər informasiya çatdırmaq üçün deyil, insanı oyatmaq, onu düşündürmək, mühüm ictimai problemlərə diqqət çəkmək üçün yazılıb.

 

Zemfira Məhərrəmlinin publisistikası həm ağılın səsi, həm də ürəyin çağırışı dır. Onun yazılarında məhkəmə baxışı ilə qadın zərifliyinin, analıq duyğusu ilə vicdan mühakiməsinin, vətən ağrısı ilə bəşəri düşüncələrin bir nöqtədə birləşdiyini görürsən. Bu harmoniyanı təkcə yaxşı yazıçı, jurnalist yox, min bir duyğunu öz könül süzgəcindən keçirməyi bacaran, yazdıqlarını həm də öz daxilində yaşayan bir qələm sahibi qura bilər.

Publisistikanın dəyəri, yazının arxasındakı vicdanla ölçülür. Zemfira Məhərrəmli bu baxımdan “sözün vicdanını qoruyan” müəlliflərdəndir. Onun yazılarında sadəcə hadisə deyil, bütöv bir insan taleyi var. O, bir cəbhə döyüşçüsünü də, bir müəllimi də, bir gənci də eyni qayğı ilə yazır, eyni sevgi ilə əzizləyir. Çünki bilir ki, hər insan öz hekayəsinin qəhrəmanıdır.

Zemfira xanımın məqalə və hekayələrində oxucu təkcə “müəllif baxışı” ilə deyil, həm də müəllifin ürəyi ilə qarşılaşır. O bunun üçün xüsusi olaraq heç nə etmir, sadəcə yazdıqlarını yaşayır. Onun yaradıcılığında ən çox qarşılaşdığımız mövzular olan Qarabağ müharibəsi, şəhidlər, bir zamanlar işğal altında olan, indi isə 5 ildir azadlığı ilə xoşbəxt olduğumuz torpaqlara həsr olunmuş bütün məqalə və hekayələrinin sətirləri arasından bir qadın səsi duyulur. O səs ağrıyır, o səs hıçqırır, o səs sevinir, o səs inanır… Zemfira xanım həyatda necə sakit, sadə, təvazökardırsa, əsərlərində də eyni sadəlikdədir. O, heç zaman pafosa qaçmır. Onun vətənpərvərliyi təntənəli ritorika deyil, sakit, amma sarsılmaz, son dərəcə qətiyyətli bir inamdır.

Zemfira Məhərrəmliyə görə, Vətən təkcə torpaq deyil, həm də yaddaşdır. Bu düşüncə onun bütün yaradıcılığının bünövrəsidir. O, öz qələmi ilə insanlara həm şəxsi, həm də milli yaddaşı xatırladır.

Zemfira Məhərrəmli elə yaradıcılığının ilk illərindəncə klassik mənada “xəbər” jurnalistikasından çıxaraq emosional və analitik publisistikaya keçid edib. Bu keçid həm onun həyat təcrübəsindən, həm də içindəki yazıçı duyumundan qaynaqlanır.

Onun yazılarında sözlə həyat arasında məsafə yoxdur. Onun publisistik məqalələri belə özünün bədii yükü, poetik çalarları ilə hekayə təsiri bağışlayır. Burada bədii boyalar o qədər təbii tətbiq olunur ki, oxucu publisistik yazı oxuduğunu unudur, özünü hekayəvari mistikanın içərisində tapır. Onun yazılarının içində həm ədəbi zövq, həm yüksək səviyyəli analitika, həm də humanist bir baxış olur. Bu da onu bir çox həmkarlarından fərqləndirən, “Zemfira Məhərrəmli” imzasını özəl edən xüsusiyyətlərdən başlıcasıdır.

Zemfira xanım həm Azərbaycan ədəbiyyatında, həm də jurnalistikasında qadının gücünə sahib olan, bu gücü illərdir yaşadan və sübut edən simalardandır. Bəli, o bir qadın kimi zərifdir, amma əsla zəif deyil. Əksinə, o, qələmi ilə çox kişilərdən daha güclü, daha qüdrətlidir.

Onun mövzuları çox zaman kişilərin sərt, rasionallığa söykənən publisistik dünyasından üstündür. O, hadisələrə “xaricdən” baxmır, hadisənin içindən yazır. Əsgərin anası kimi, tələbənin müəllimi kimi, bir vətən qızı kimi…

Bu üslub həm də onun yaradıcılığına ruhi bir poetika qazandırır. O, oxucunu inandırmaq üçün deyil, hiss etmək və hiss etdirmək üçün yazır. O yazır ki, oxucu o hekayədəki qəhrəmanların ağrılarını hiss etsin, hətta bəzən öz ağrılarını orada görərək təsəlli tapsın, ondan çıxmaq yollarını görsün. O yazır ki, oxucu bu keşməkeşli, qaçaqaçlı həyatda bir anlıq ayaq saxladığı o hekayə sayəsində bir hovur nəfəs alsın, düşünməyə zaman qazansın. Bəlkə də onun hekayələrini daha qüvvətli, daha oxunaqlı və daha təsirli edən əsas məqam da məhz budur.

Zemfira xanımın bədii üslubunun ən xarakterik xüsusiyyəti, fikrimcə, sakitlikdir. Onun mətnlərində “qışqıran” cümlələr yoxdur. Hər şey sakit, amma dərindən gəlir. Bu, bəlkə də illərin təcrübəsindən, jurnalistikanın səs-küylü dünyasında “sükutun dəyərini” anlamasından doğur.

Bəzən onun fərqli mətləbləri ələ alan hekayəsi çox sadə bir sonluqla bitir. İlk oxuyanda elə bilirsən ki, hətta cümlə tamamlanmayıb, nəsə yarımçıq qalıb. Amma sonra düşünəndə görürsən ki, əslində, o sadəliyin arxasında çox böyük mənalar gizlənib. Yazıçı demək istədiklərini yazıb, yazmadıqlarını isə oxucunun ixtiyarına buraxıb, “bundan sonrasını sən yaz!” – deyərcəsinə. Burada başlayır oxucunun oxuduğunu, həyatı və özünü sorğulaması. Yəni, xanım yazar bununla bir növ oxucusunu düşünməyə vadar edir.

Onun hekayələrində emosiya təmkinlə birləşir. O, ağrını romantikləşdirmir, amma gizlətmir də. Bəlkə də bu tarazlıq Zemfira Məhərrəmlinin həm jurnalist, həm yazıçı, həm də düşünən insan kimi bütünləşmiş xarakterindən irəli gəlir.

Onun yaradıcılığında əsas mövzular insanın mənəvi durumu, insan dəyərləri və zamanın ədalətsizliyi səviyyəsində cəmlənir. O, təkcə hadisəni təsvir etməklə kifayətlənmir, həm də zamanın, dövrün ruhunu çəkir.

Zemfira xanım öz qələmi ilə nə qədər mülayim, həssas olsa da, ədalətsizliyə, biganəliyə, riyakarlığa qarşı nifrətini də gizlətmir. Bu yerdə onun qələminin sərtliyi, tənqidinin amansızlığı üzə çıxır. O, bir yazıçı kimi cəmiyyətin nöqsanlarına ən güclü silahla- sözlə reaksiya verir. Bu, təkcə məsuliyyəti deyil, hər şeydən öncə mənəvi vətəndaşlıq hüququdur.

Zemfira xanımın ən çox müraciət etdiyi mövzulardan biri Qarabağ müharibəsi və qadın taleyidir. Çox zaman bu iki mövzu bir nöqtədə birləşib, ədəbiyyatımıza əvəzsiz əsərlər təqdim edib. Məsələn, onun "Qarabağ müharibəsi: zərif talelər" kitabı bu mənada çox dəyərli və cəmiyyətdə olduqca müsbət reaksiyalar doğuran əsəri oldu.

Əslində, Zemfira Məhərrəmli Qarabağ müharibəsində evini, yurdunu, isti ocağını atıb, uşaq sayıla biləcək yaşda cəbhəyə yollanan, uzun saçlarını bir yerə yığıb əsgər papaqlarının altında gizlədən, kişilərlə çiyin-çiyinə vətəninin müdafiəsinə qalxan qızlarımız haqqında bir çox kitabın müəllifidir. Onun "Qarabağ müharibəsi: zərif talelər" kitabında da həmin qızlardan, qadınlardan bəzilərinin müharibə həyatı, döyüş yolu, çəkdiyi ağrılar sənədli hekayələr və portret yazılar şəklində öz əksini tapıb. Onlar arasında sıravi əsgər, tibb bacısı, kəşfiyyatçı, tankçı, snayper, jurnalist və başqa xidməti vəzifələrini yerinə yetirərək Qarabağ müharibəsində önəmli rol oynamış minlərlə qızlarımız, qadınlarımız var. Zemfira Məhərrəmli bu yazıları ilə həkim Gültəkin, rabitə komandiri Gülbar, sıravi döyüşçülər Kəmalə, Xanımzər, Aliyə, Gülpəri, Diləfruz, Sədaqət, Nurcahan, Cəvahir, Rahilə, Könül, Nərminə, kəşfiyyatçı Səadət, Növrəstə, snayper Kəmalə, tankçı Şirin, cərrahiyyə üzrə tibb bacıları Məleykə, Rada, Tərlan, Sevda, Rüxsarə və onlarca başqaları haqqında söz açmaqla Azərbaycan qadınının mətanətini, vüqarını, cəsurluğunu, qorxmazlığını, Vətənə, millətə sədaqətini həm gənc nəslə, həm də gələcək nəslə çatdırmaq yönündə ciddi iş görür. 

Onun son illər yaradıcılığı isə yenə də Qarabağa, Azərbaycanımızın haqq mücadiləsinə həsr olunub. Amma bu yazılarda artıq Zəfər sevinci, qələbə ətri var. Onun “Zəfər yolçuları” kitabı taleyimizə yazılan qanlı-qadalı Qarabağ savaşının başlanğıcından 44 günlük Vətən müharibəmizədək olan bir dövrü əhatə edir. Bu kitabda işğal illərində yaşadığımız iztirab və kədərdən, uzunillik mücadiləmizdən, intizarında olduğumuz böyük Qələbəyə yetmək üçün çarpışan, canından keçən oğul və qızlarımızın hünərindən, eləcə də hər birimizə böyük coşqu və sevinc bəxş edən möhtəşəm Zəfərimizdən bəhs edən bədii və sənədli hekayələri toplanıb. Ən yaxın keçmişimizdə baş verən bu hadisələr ədəbi örnəklərdə təkcə bədii boyalarla təsvir edilmir, həm də ağrılı və qürur dolu tariximiz oxucu yaddaşına ötürülür.

“Zəfər yolçuları” kitabında Birinci Qarabağ savaşı dönəminə məxsus olan nəslə vurulmuş psixoloji zərbələr, işğalçıların törətdikləri ağlasığmaz vəhşiliklər, Vətən, hərb tariximizin sinəsində açılmış çalın-çarpaz şırımlar, həmçinin millətimizə xas olan yurd sevgisi, müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əsgər və zabitlərimizin, eləcə də bütöv xalqımızın bir yumruq tək birləşərək göstərdiyi qəhrəmanlıq, igid qazilərimizin, al qanı əzəli torpaqlarımıza səpələnmiş şəhidlərimizin, rəşadəti dolğun və əhatəli əks etdirilib.

Zemfira Məhərrəmli bu kitabda müharibəni qəhrəmanlıq salnaməsi kimi yox, insanlıq imtahanı kimi təqdim edir. Hər bir şəhidin hekayəsində həm ağrı, həm də ucalıq var. O, qəhrəmanları yalnız medalla deyil, həm də ruh təmizliyi ilə tanıdır. Bu yanaşma onun əsərlərini digər müharibə mövzulu yazılardan fərqləndirən əsas xüsusiyyətdir. Çünki o, hadisələrə təkcə ağrı və ya sevinclə yox, ən başlıcası vicdanla yanaşır, özünün vicdan tərəzisində ölçür. Onun üçün Zəfər yalnız düşmənə qalib gəlmək deyil, ən başlıcası, insanlığını itirmədən qala bilməkdir.

Zemfira Məhərrəmli yaradıcılığının əsas prinsipi milli dəyərlərin, mənəvi təmizliyin və insan hüquqlarının qorunmasıdır. O, qələmi ilə sadə camaatın, şəhid ailəsinin, qazinin, hüquqları tapdanan qadınların, eləcə də bir xalqın səsi olmağı bacaran yazıçıdır. Onun üçün yazı masası bir “mövqe tribunası”dır. O, bu tribunada heç vaxt populizmə uymur, dəyər və məsuliyyət anlayışlarını ciddi cəhdlə qoruyur.

Bu ilə Zemfira xanım öz yubiley yaşını qeyd edir. Əminliklə deyə bilərəm ki, bu yubiley yalnız illərin hesabatı deyil, yazılmamış sətirlərin başlanğıcıdır. Çünki o, hələ də düşünür, yazır, oxucularla, xüsusən, gənclərlə görüşür, onları dinləyir və yeni mövzular axtarır.

Zemfira xanım o nadir imzalardandır ki, özünü təkrarlamadan illər boyu aktual qala bilib. Onun səsi bu gün də eyni həssaslıqla, eyni hünərlə, eyni cəsarətlə və eyni həvəslə eşidilir. O, yorulmadan, usanmadan, əksinə, hər gün bir az daha həvəsli, enerji ilə yazır, yaradır və bu yazıların arxasında yenə də illərin təcrübəsi, vicdanın səsi və bir qadın qəlbinin zərifliyi dayanır.

Onu bu gün də belə enerji ilə, ruhla, həvəslə yazmağa vadar edən əsas qüvvə isə sözə olan inamıdır. O, hələ də yazının gücünə inanır, bir sətrin, bir cümlənin bütöv bir dövrü, böyük bir cəmiyyəti dəyişə biləcəyinə ümidini itirmir. O, əmindir ki, vicdandan doğan, qəlbdən süzülən söz heç zaman köhnəlmir.

Hörməti yazıçımız, Əməkdar jurnalist, ictimai xadim Zemfira Məhərrəmlini yubileyi münasibəti ilə təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, bitməz enerji və daha böyük yaradıcılıq uğurları arzu edirəm!

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.