Super User
SEÇMƏ ŞEİRLƏR: Nigar Rəfibəyli, “Dönməyəcəksən getdiyin əbədi yoldan...”
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
NİGAR RƏFİBƏYLİ
“Dönməyəcəksən getdiyin əbədi yoldan...”
İsmayıl Əfəndiyevin xatirəsinə
Hərdən gülüşün düşür yadıma.
Hərdən qəmin, məlalın.
Hər şeyi sezə bilən,
Hər şeyə dözə bilən
Qəlbin, pərişan halın.
Sakit axan sular kimi
axıb getdin.
Dostlarının ürəyində ağrı buraxıb getdin.
Yenə gələcək bahar,
Yenə çiçək açacaq çəmən.
Budaqlardan sallanacaq
salxım-salxım yasəmən.
Quşlar gələcək
qatar-qatar
Günəş yenə dənizdən doğacaq,
dağların dalında sönəcək.
Ağ göyərçin balası kimi
çırpınan kiçik qızın
sevgilisinin sinəsinə yaslanıb
isti göz yaşları
tökəcək səninçün.
Yanıb ağlayacaq
için-için.
Sonra həzin bir təbəssümlə
qaldıracaq başını,
siləcək göz yaşını.
Yenə dünyada vüsal olacaq,
Olacaq acı hicran.
Bircə sən dönməyəcəksən.
Dönməyəcəksən getdiyin əbədi yoldan...
“Ədəbiyyat və incəsənət”
(20.06.2025)
“Cəngi” estrada folklor ansamblı Mircavad Cəfərovun musiqi tariximizə töhfəsidir
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
"Cəngi" estrada folklor ansamblı Azərbaycanın mədəni irsinin təbliğində böyük rol oynayır, üstəlik, milli musiqimizi yeni çalarda daha da sevdirməyə xidmət edir. Və
"Cəngi"nin inkişafı Azərbaycan Respublikasının Xalq artisti Mircavad Cəfərovun adı ilə bağlıdır. "Cəngi" estrada folklor ansamblının rəhbəridir o.
Mircavad Cəfərov 1965-ci il 20 iyun tarixində Salyan rayonunda anadan olmuşdur. 1974-cü ildə Salyan rayonunun 5 illik musiqi məktəbinin tar sinfinə daxil olmuş və 1979-cu ildə bu məktəbi uğurla bitirmişdir. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsinə daxil olmuş, Özfəaliyyət teatr kollektivinin rəhbəri ixtisası üzrə təhsil almağa başlamışdır. O, Sovet ordusunda hərbi xidmətini bitirdikdən sonra təhsilini davam etmiş və 1988-ci ildə tamamlamışdır.
Hələ universitet illərində Vaqif Gərayzadənin rəhbərliyi ilə caz-folklor ansamblına (1988-ci ildən etibarən ''Aypara'' caz folklor ansambIı) dəvət alıb və peşəkar fəaliyyətə başlayıb. ''Aypara'' qrupu ilə birlikdə 1988-ci ildə «Товарищ Песня!» (Moskva, Rusiya) festivalına qatılıb və laureatlardan biri olub. Bundan başqa, Tiflisdə, İrəvanda, Yuqoslaviyada keçirilən bir sıra müsabiqə və festivallarda iştirak edib.
1990-cı ildə vaxtilə Rəşid Behbudov, Müslüm Maqomayev kimi sənətkarlarla işləmiş pianist Rövşən Rzayevlə əməkdaşlıq etməyə başlayıb. 1999-ci ildən etibarən Salman Qəmbərovla əməkdaşlıq nəticəsində Paris (Fransa), Osnabruk (Almaniya) (Morgenland Festival Osnabrück), Montro (İsveçrə) (Montreaux Jazz Festival), London (İngiltərə) kimi şəhərlərdə keçirilən konsert və festivallarda Azərbaycan adına möhtəşəm çıxışlar edib. Qoçaq Əsgərov ilə əməkdaşlıq nəticəsində Hollandiya, Yunanıstan və İspaniyanın şəhərlərində konsert proqramı ilə çıxış edib.
"Cəngi" ansamblı
2002-ci ildə Baki Şəhər Mədəniyyət İdarəsinin rəhbəri Həsənağa Qurbanovun təyinatı ilə Mircavad Cəfərov "Cəngi" ansamblına rəhbər vəzifəsinə təyin olunub. Fəaliyyətinin ilk illərindən başlayaraq ''Cəngi" rəqs qrupu ABŞ, Fransa, Serbiya, Macarıstan, Türkiyə, Ruminiya, Rusiya, Ukrayna, BƏƏ kimi ölkələrdə konsert proqramları ilə uğurlu çıxışlar edib. 1994-cü ildə dəhşətli terror nəticəsində həyatını dəyişən ansamblın yaradıcısı Rafiq Babayev ənənələrinə sadiq qalaraq, onun vəfatından 19 il sonra böyük zəhmət nəticəsində estrada folklor ansamblı yaradıb.
Ansamblın ilk çıxışı 2013-cü ildə Baku Jazz Festivalında, ilk xarici səfər 2014-cü il 14 may tarixində Paris (Fransa) şəhərinə olub. Parisdə əzəmətli Oratoire du Louvre kilsəsində möhtəşəm konsert proqramı ilə zövqləri oxşayıb, ardından Norveç, Türkiyə, Fransa, Avstriya, Almaniya, Qazaxıstan, Rusiya, Gürcüstan, BƏƏ kimi ölkələrdə uğurlu çıxışlar edib.
Mahnılarda ifalar
Manana - Sevgilərin Qanadında
Brilliant Dadaşova - Səninləyəm
Brilliant Dadaşova - Azərbaycan
Samira Allahverdi - Sən
- Azərbaycan
Bakı Beynəlxalq Caz Festivalı
- Digər ölkələr
Montreaux Jazz Festival
Morgenland Festival Osnabrück
- Məhşurlarla çıxışları
Sami Yusuf
Təltifləri
1. «ТоварищПесня!» Festivalı Laureati
2. Azərbaycan Respublikasının "Əməkdar Artisti" fəxri adı
3. Azərbaycan Respublikasının "Xalq Artisti" fəxri adı
“Ədəbiyyat və incəsənət”
(20.06.2025)
Barbara Vansın uşaq şeiri
“Ədəbiyyat və incəsənət” portalının UŞAQ ƏDƏBİYYATINI TANIDAQ layihəsində Britaniya və Amerika uşaq şeirindən seçmələr təqdim edilir.
Şeirləri ingilis dilindən tərcümə edən Şahin Xəlillidir.
Bu gün tanış olacağınız şeir Barbara Vansa aiddir. O, Amerika şairidir.
Barbara Vans
(1971)
ABŞ
Qar dənəsi
Qar yağanda yuxarı bax,
Gözün olsun göy üzündə.
Düşüb narın qar dənəsi
Öpər sənin üz-gözündən.
“Ədəbiyyat və incəsənət”
(20.06.2025)
"OXU, YARAT, QAZAN!" devizi altında Yay Festivalına start verilib
F. Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən təşkil olunan Yay Festivalı uşaqların yay tətilini daha dolğun, məzmunlu və yaradıcı şəkildə keçirmələri məqsədilə həyata keçirilir. “OXU, YARAT, QAZAN!” devizi ilə keçiriləcək festival oxu mədəniyyətinin təbliği, uşaqlarda yaradıcılıq potensialının inkişafı və onların asudə vaxtlarının mənalı şəkildə təşkil olunmasına yönəlmişdir.
“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, festival aşağıdakı əsas istiqamətləri əhatə edir:
OXU – “Kitabların sehrli dünyasına səyahət et!”
Bu istiqamət üzrə uşaqları kitab oxumağa həvəsləndirmək onlarda mütaliəyə maraq yaratmaq məqsədilə interaktiv tədbirlər, oxu saatları və tematik müzakirələr təşkil ediləcək. Tədbirlər uşaqların kitablarla emosional və intellektual bağ qurmasına kömək edəcək.
YARAT – “Daxilindəki sənətkarı oyat!”
Yaradıcılıq bacarıqlarını üzə çıxarmaq və inkişaf etdirmək məqsədilə iştirakçılar üçün rəsm və boyama məşğələləri, tətbiqi sənət nümunələrinin hazırlanması, ekoloji əl işləri və müxtəlif tematik master-klasslar keçiriləcək. Bu istiqamət uşaqlarda estetik zövqün formalaşmasına və fərdi bacarıqların təşviqinə xidmət edəcək.
QAZAN – “Selfi çək, paylaş, ulduz ol!”
Festival iştirakçıları öz yaradıcı fəaliyyətlərini sosial şəbəkələrdə paylaşaraq müxtəlif nominasiyalar üzrə müsabiqələrə qatılmaq imkanı əldə edəcəklər. Bu, uşaqların özünü ifadəsini təşviq etməklə yanaşı, onların bacarıqlarının da inkişafına xidmət edəcək.
Festivalın keçirilmə müddəti: 18 iyun – 1 sentyabr 2025-ci il
Final mərhələsi: 10 sentyabr 2025-ci il
Festival çərçivəsində aktivliyi və fəallığı ilə seçilən iştirakçılar müxtəlif nominasiyalar üzrə qalib seçilərək kitab hədiyyələri ilə mükafatlandırılacaqlar.
Ətraflı məlumat üçün: https://www.clb.az/x%C9%99b%C9%99rl%C9%99r/2025/f-koc-rli-adina-respublika-usaq-kitabxanasi-oxu-yarat-qazan-devizi-altinda-yay-festivalina-start-verib
“Ədəbiyyat və incəsənət”
(20.06.2025)
.
Biz niyə yorğunuq? - ESSE
Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Gənclik ən gözəl çağdır, — deyirlər. Bəs niyə bu yaşda biz bu qədər yorğunuq? Həyat bizim üçün hələ indi başlayarkən, niyə ruhumuz bu qədər ağırlaşıb?
Sanki hər şeyə, hər yerə tələsirik — bir yarışın içindəymişik kimi. Amma hara qaçdığımızı bilmirik. Hər şeyə çatmağa çalışırıq, eyni zamanda hər şeydən yoruluruq.
Bu vaxtda bu qədər yorğun hiss ediriksə, bu sadəcə bir yorğunluq deyil — bir çağın sindromudur: Tükənmiş gənclik sindromu. Gözləntilər çoxdur. Hər kəs bizdən nəyəsə çevrilməyimizi gözləyir. Hər şeyin tez olmasını istəyirik. Sanki otuz yaşa qədər hər şeyi qurub yaratmalısan: yaxşı iş, karyera, ailə, təhsil, tanınmaq…Elə bil otuz yaşdan sonra həyat dayanır. Sanki geciksən, artıq heç nə əldə edə bilməyəcəksən, hər şey bitəcək. Bu təzyiq içimizi yeyir, bizi qorxudur. Bütün bu “tez”lər içində özümüzü itiririk. Kimsə bizə “Dur, yavaşla” demir. Həyatın sadəcə otuz yaşdan ibarət olmadığını, bir yaşamın bir təqvimə sığışdırmaq məcburiyyətində olmadığını xatırlatmır. Və biz yaşamağa yox, çatmağa çalışırıq. Dayanmaq bizi qorxudur. Sanki dayanmaq — bitmək deməkdir. Amma unuduruq ki, bəzən dayanmaq da irəliləməyin bir formasıdır. Bəlkə də etməli olduğumuz tək şey — özümüzə dönüb: “Bu da mənim halımdır, keçəcək” — deməkdir.
Əgər bu, bir çağın sindromudursa — biz onu anlamaqla, danışmaqla və bir-birimizin səsini eşitməklə sağalda bilərik. Gənclik tükənmək üçün deyil, yaşamaq üçündür. Bəlkə də elə indi bir az yavaşlasaq, həyat bizi öz axarında daşıyar.
“Ədəbiyyat və incəsənət”
(20.06.2025)
Məşhur Rəfibəylilər nəslinin nümayəndəsi Qətərin neft sektorunda çalışır
Diasporla İş üzrə Dövlət Komitəsinin “YouTube” kanalı olan Diaspor TV-nin əməkdaşları Ər-Riyadda ərəb ölkələrindəki Azərbaycan icması ilə keçirilən görüş çərçivəsində Qətərdə yaşayan soydaşımız, məşhur Rəfibəylilər nəslinin nümayəndəsi Eldəgiz Rəfibəyli ilə maraqlı söhbət aparıblar.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, müsahibə zamanı Eldəgiz Rəfibəyli 2004-cü ildən etibarən SOCAR-da və müxtəlif beynəlxalq şirkətlərdə neft-qaz sahəsində fəaliyyət göstərdiyini, 2010-cu ildən isə xarici ölkələrdən aldığı iş təkliflərini dəyərləndirdiyini qeyd edib. Soydaşımız 2011-ci ildən Qətərin paytaxtı Doha şəhərində yaşadığını və peşəkar fəaliyyətini orada davam etdirdiyini vurğulayıb.
Eldəgiz Rəfibəylitanınmış nəslin davamçısı olmaqdanqürur duyduğunu qeyd edib, Azərbaycan adının onun üçün ilk növbədə əcdadlarının ismi ilə bağlı olduğunu bildirib. O, milli kimliyini hər zaman yüksək tutduğunu və Azərbaycan diasporunun güclənməsinə dəstək verməyə həmişə hazır olduğunu ifadə edib.
Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə quberniyasının general-qubernatoru, Xalq Səhiyyəsi naziri, həkim Xudadat bəy Rəfibəyli həmsöhbətimiz Eldəgiz Rəfibəylinin ulu babasıdır.
Müsahibəni aşağıdakı linkdən izləmək mümkündür:
https://www.youtube.com/watch?v=GkRqlAs4DDc
“Ədəbiyyat və incəsənət”
(20.06.2025)
BİRİ İKİSİNDƏ Rəsmiyyə Sabirin şeirləri ilə
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün şeir vaxtıdır, sizlərə Rəsmiyyə Sabirin şeirləri təqdim ediləcək.
QADIN
Səni tanıyıram, qadın...
Üzündəki minillik kədər
tanışdır mənə.
Nə etsən də,
fələk gəlməz ki,
imana-dinə.
Səni tanıyıram, qadın...
Daşıdığın zibil torbaları
ürəyinə ağır gələr.
Bu arsız dərd də gəlib
sənin könlündə dincələr.
Səni tanıyıram, qadın...
Nə istəyir fələk səndən?
Əli ətəyindən uzun bəxtin
utanıb keçər gendən.
Səni tanıyıram, qadın...
Dünya ruhuna dar olar.
Al-əlvan yaz çiçəkləri
payız əllərində solar.
Səni tanıyıram, qadın...
Fəqət, unutdum.
Görən, nəydi sənin adın?..
İçindən yıxılır adam
(Ramiz Rövşən)
BU MƏHƏBBƏT
Bu məhəbbət bir az göydən,
Bir az da yerdən sıxılır.
Dünya ruhumuz boydadır,
Fərq etməz hardan baxılır.
Sən getdin, yox oldu izin,
Mən süründüm dizin-dizin,
Baxmadığımız dənizin
Suyu gözümə yığılır.
Yoxdur səndən xəbər-ətər,
Həsrətin hər vaxt təzə-tər,
Üst-üstə toplanan dərdlər
Hamısı ömürdən çıxılır.
Hicran ağır, ürək kövrək,
Gəl bu dərdin yükünü çək,
Bir gün qurumuş ağactək,
Hər kəs içindən yıxılır.
MƏN VƏ SƏN
Mən həqiqət arayırdım,
Sən yalan kimi çıxdın qarşıma.
Mən ümid arayırdım,
Sən güman kimi çıxdın qarşıma.
Mən xoşbəxtlik arayırdım,
Sən təsəlli kimi çıxdın qarşıma.
Mən əbədiyyət arayırdım,
Sən ömür kimi çıxdın qarşıma.
Mən Yer üzündə
Nə vaxtsa itirdiyim
Özümü axtarırdım,
Sən çıxdın qarşıma…
SƏN YOXSAN
Sən yoxsan,
Bayırda
bahar fəslidir.
Amma bənövşələrin
boynu bükükdür
hələ də...
Sən yoxsan,
Bayırda
yay fəslidir.
Günəş həsrətindən
alışıb-yanır.
Sən yoxsan,
Bayırda
payız fəslidir.
Sarı yarpaqlar
təbiətin
qırmızı xəyanəti üzündən
intihar edir.
Sən yoxsan,
Bayırda
qış fəslidr.
Küçələrin buzunu
ayrılığın alovu
yandırıb-yaxır...
Sən yoxsan,
Bütün fəsillərdə,
bütün aylarda,
bütün günlərdə
içimdə
sənsizlik havası var...
İLĞIM
Mən –
kökündən qoparılmış
bir ağacam.
Kötüyüm belə qalmamış...
Mən –
sındırılmış bir şüşəyəm.
Toxunsan,
qırıntılarım
doğrayar əllərini...
Mən –
saralmış bir yarpağam.
Daha baharlar belə
dəyişə bilməz rəngimi...
Mən –
bir boşluğam
ucsuz-bucaqsız...
Yaxın gəlmə,
yıxılarsan...
DÜNYANIN İÇ ÜZÜ
Ömrümüzün yollarına,
Duman, yağış, sis bürünür.
Çıxır astarı üzünə,
Hərdən iç üzü görünür.
Fələk də bizə zülm edir,
Bəxtimizin gözün didir,
Gedənlər uçaraq gedir,
Yerdə qalanlar sürünür...
Hüznlü payız axşamı,
Kədərə qərq olub hamı,
Küləklər üfürür şamı,
Dünyanın işığı sönür...
BÖYÜK İNSANLAR
(Müəllimlərimə ithaf)
Bu kiçik dünyamızda
böyük insanlar da var.
Onların ürəyindən
cücərərək boy atar
böyük-böyük amallar.
Böyük insanların
kölgəsi düşər
kimsəsizlərin ahının odunun
yandırdığı küçələrə.
Böyük insanların
varlığı nur saçar
işığı azalan dünyaya,
qaranlıq gecələrə...
Böyük insanlar
dərdlərin bizi
küncə sıxdığı həyatda
qəlbimizdə böyüyər,
qəlbimizi böyüdər...
Həmin böyük insanlar
bu kiçik dünyamızda
böyük iz qoyub gedər...
QAYITDIM
Əvvəl bu dünyada bir yuxu gördüm,
Sonra da röyamı yozub qayıtdım.
Bu həyatda hər gün gördüklərimi
Ömür kitabına yazıb qayıtdım.
Qürurum yolumda keçilməz qaya,
Dərdlər qəlb evimdə durdu sıraya,
Doyunca baxmadım bu tamaşaya,
Uzaqdan gözucu süzüb qayıtdım.
Amansız fələkdən çox gördüm həmlə,
Yaxın sirdaş oldum kədərlə, qəmlə,
Kağızın üstündə lələk qələmlə
Özüm öz qəbrimi qazıb qayıtdım.
ZALIM
Sevgi nağılı uydurub
Məni inandırdın, zalım.
Şirin xəyala dalmışdım,
Niyə oyandırdın, zalım?
Məhv etdi bizi inadın,
Taleyi, bəxti qınadın,
Qəlbimi saxlayammadın,
Düşürüb sındırdın, zalım.
Bir-bir itirdim ilimi,
Tapmadın mənim dilimi,
Suyçun çırpınan qəlbimi
Qana boyandırdın, zalım.
Bu dünya mənlə yağımı,
Axtarıram dayağımı,
Of, söndürüb çırağımı
Canımı yandırdın, zalım.
AZƏRBAYCAN ƏSGƏRİ
Sən Vətən torpağında silinməyən bir izsən,
Bu günsən, gələcəksən, şanlı tariximizsən,
Sənin şücaətini necə vəsf eləyim mən,
Ey Odlar diyarının igid, qəhrəman əri,
Azərbaycan əsgəri!
Bu torpaq and yerimiz, sən qürur mənbəyisən,
Yolunu kəsə bilməz nə duman, nə də ki çən,
Vətənə sipər olan şəhidsən, qazisən sən,
Biz müqəddəs bilirik məzarın olan yeri,
Azərbaycan əsgəri!
Addımların titrədir dağı, dərəni, daşı,
Zəfərlə başa vurdun sən bu çətin savaşı,
Hünərini unutmaz bu tarixin yaddaşı,
Cəngavər ruhlusan sən uzaq keçmişdən bəri,
Azərbaycan əsgəri!
Qutsal qanın qarışdı, torpağı Vətən etdin,
Şanlı zəfər yolunu rəşadətinlə getdin,
Qayaların buzunu nəfəsinlə əritdin,
Göytürk xaqanlarının xələfidir hər biri,
Azərbaycan əsgəri!
Şanlı qələbə çaldın, sənə zəfər yaraşır,
Şöhrətinin sədası indi sərhədlər aşır,
Sənə xalqın qəlbində məhəbbət aşıb-daşır,
Qisasımızı alıb ovutdun dərdi-səri,
Azərbaycan əsgəri!
Əsla dayanma, igid, yürü ancaq irəli,
Döyüşlərdə hayqırtın dağı, daşları dəlir,
Uzaqdan Bozqurdların ayaq səsləri gəlir...
Silinir Yer üzünün bütün pisliyi, şəri,
Azərbaycan əsgəri!
Azərbaycan əsgəri!
“Ədəbiyyat və incəsənət”
(20.06.2025)
Şəkidə F.Xoyskinin 150 illiyi tədbiri keçirilib
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
19 iyun 2025-ci il tarixdə Şəkidə Sabit Rəhmanın Ev-Muzeyində "Konstitusiya və suverenlik ili" çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş naziri, görkəmli dövlət xadimi Fətəli xan Xoyskinin anadan olmasının 150 illiyinə həsr edilmiş "Cümhuriyyətin qurulmasında Fətəli xan Xoyskinin rolu" mövzusunda seminar keçirilib.
Muzeyin direktoru Pərvanə İskəndərova seminarı açıq elan edərək bildirib ki, tədbirin iyunun 19-u keçirilməsi heç də təsadüfi deyil, 105 il əvvəl iyunun 19-da, görkəmli dövlət xadimi Fətəli xan Xoyski Tiflisdə erməni qatil tərəfindən qətlə yetirilmişdir.
AMEA Şəki Regional Elmi Mərkəzinin Tarix, arxeologiya və epiqrafika şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Rahim Həsənov “Fətəli xan Xoyskinin siyasi fəaliyyəti” mövzusunda, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun elmi işçisi və Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası İdarə Heyətinin üzvü Zəminə Rəsulova "Dağılan "İstiqlal" qurulan "Zəfər"" mövzusunda, muzeyin baş fond mühafizi və “Şəki Ensiklopediyası” jurnalının təsisçisi Aydın Məmmədov "Şəki Xan qəbiristanlığında Xoyskilərə aid qəbirlər”, muzeyin elmi işçisi Sevinc Məmmədova isə “Fətəli xan Xoyskinin həyatı” mövzusunda məruzələrlə çıxış ediblər.
Sonda R.Həsənov özünün yeni çapdan çıxmış “Azərbaycan milli hərəkatının liderləri müstəqilliyə gedən yolda” kitabının bir nüsxəsini muzeyə hədiyyə edib və çıxış edənlər təşəkkürnamələrlə təltif olunublar.
“Ədəbiyyat və incəsənət”
(20.06.2025)
Sözün həqiqi mənasında BÖYÜK BƏSTƏKAR
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan mədəniyyətinin görkəmli siması, musiqimizin qızıl xəzinəsini neçə-neçə əsəriylə zənginləşdirən Azərbaycan SSR xalq artisti, görkəmli bəstəkar Cahangir Cahangirovun adını bu gün xüsusi təntənə ilə çəkirik. Çünki bu gün onun anadan olmasının 104-cü ildönümüdür.
Bəstəkar 20 iyun 1921-ci ildə Balaxanıda anadan olub. A.Zeynallı adına Bakı Musiqi məktəbində, Azərbaycan Dövlət Konservatoriyasında (1951, B.Zeydmanın bəstəkarlıq sinfi) təhsil alıb. Xor sahəsindəki yaradıcılığı əsası Üzeyir bəy tərəfindən qoyulan Azərbaycan xor sənətində zirvə sayılır.
1949-cu ildən başlayaraq bəstəkar Azərbaycan radiosunun nəzdində yaradılan xora rəhbərlik edərək 15 ildən artıq bu kollektivlə işləyib. Müəllifin yazdığı mahnıların çoxu ilk dəfə həmin kollektivin ifasında səslənib. Habelə o, Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki Mahnı və Rəqs Ansamblının bədii rəhbəri vəzifəsində çalışıb.
Cahangir Cahangirovun yaradıcılığı öz çoxşaxəliyi ilə seçilir. Bəstəkarın xor və instrumental musiqiləri, operaları, bir-birindən gözəl mahnıları var. Bunlara misal olaraq bəstəkarın xor musiqisi sahəsində maraqlı əsərlərindən "Arazın o tayında" poemasını, 12 hissədən ibarət "Dostluq mahnısı" kompozisiyasını, "Azad" və "Xanəndənin taleyi" operalarının xor nömrələrini, "Füzuli", "Nəsimi", "Aşıq Alı" kantatalarını, "Sabir" oratoriyasını, Süleyman Ələsgərovla birlikdə yazdığı odanı, onlarca xor miniatürlərini göstərmək olar.
Simfonik əsərləri
Bəstəkar 1949-cu ildə "Arazın o tayında" vokal simfonik poemasını yaradır və bu əsərə görə SSRİ Dövlət mükafatı laureatı adına layiq görülüb. 1950-ci ildə "Arazın o tayında" poeması Moskvanın Sütunlu Salonunda və Leninqradda ifa olunub, lent yazısı isə Ümumittifaq Radiosunun Qızıl fonduna daxil edilib.
1962-ci ildə — Mirzə Ələkbər Sabirin 100 illik yubileyi münasibətilə Xor və simfonik orkestr üçün "Sabir" oratoriyasını yazıb.
Operaları
Canahgir Cahangirov "Azad" və "Xanəndənin taleyi" adlı iki operanın müəllifidir. Hər iki əsərində Cahangirov musiqi klassikamızın korifeyi Üzeyir Hacıbəyovun sənət ənənələrini davam etdirib.
"Xanəndənin taleyi" operası inqilabdan əvvəl Azərbaycanda yaşamış məşhur xanəndə Seyid Mirbabayevin acı taleyindən bəhs edir. Cah-calalla həyat sürmək xatirinə qürbət ölkədə var-dövlətini göyə sovurub yoxsullaşan, təkcə səsi yazılmış sınıq qrammofon valı qalmış xanəndənin bu yadigarı şikəst olmuş həyatının rəmzi kimi qavranılır.
1957-ci ildə Xalq yazıçısı Mirzə İbrahimovun eyni adlı əsəri əsasında bəstələdiyi "Azad" operasında istismar olunan bir xalqın ağır işgəncələrlə dolu həyat tərzi, azadlıq yolunda mübarizəsi əks etdirilib. Librettonun müəllifi və tamaşanın quruluşçu rejissoru Kərim Kərimovdur.
Mahnıları
Onun böyük həcmli, mürəkkəb formalı görkəmli əsərlərilə yanaşı, musiqi xəzinəmizi zənginləşdirən çoxlu mahnıları da vardır. Onun mahnıları asanlıqla ürəklərə yol tapır. Müasirlik, dövrün tələbi ilə ayaqlaşma Cahangir sənətinin başlıca məziyyətidir. Məhz bunun üçündür ki, Cahangirovun mahnıları müasirlərimizin ürək çırpıntılarını, xoş arzusunu, istəyini ifadə edir, adamları qurmağa, yaratmağa səsləyir. Onun "Ana", "Aylı gecələr", "Bakı", "Dan ulduzu, bir də mən", "Ay qız", "Ala göz" və s. mahnıları dillər əzbəridir.
Filmoqrafiya
1. Arazın sahillərində
2. Bahar rəqsləri
3. Bəstəkar Cahangir Cahangirov
4. Bəxtiyar Vahabzadə
5. Dağlarda döyüş
6. Dəli Kür
7. Evlənmək istəyirəm
8. Gədəbəyin sərvəti
9. Koroğlu
10. Mahnı qanadlarında
Mükafatları
- Stalin mükafatı
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
- "Azərbaycan SSR xalq artisti" fəxri adı
- Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı
- "Qırmızı əmək bayrağı" ordeni (2 dəfə)
Cahangir Cahangirov 1992-ci ilin 25 martında vəfat edib. Məzarı Fəxri Xiyabanda yerləşir. Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(20.06.2025)
Almaniyada azərbaycanlı gənclərin və tələbələrin görüşü keçirilib
Almaniyanın Bad Karlshafen şəhərində azərbaycanlı gənclərin və tələbələrin növbəti görüşü keçirilib. Görüş Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə baş tutub. Məqsəd Almaniyada fəaliyyət göstərən Azərbaycan Tələbə və Elmi İşçilər Birliyinin illik fəaliyyətini qiymətləndirmək, təşkilati strukturu təkmilləşdirmək və üzvlər arasında həmrəyliyi gücləndirmək olub.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məılumata görə, görüşdə Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Altay Rüstəmli, eləcə də Almaniyanın müxtəlif şəhərlərində təhsil alan tələbələr, doktorantlar, mühəndislər, İT mütəxəssisləri və sosial elmlər üzrə tədqiqatçılar iştirak ediblər.
İştirakçılara son bir il ərzində birliyin həyata keçirdiyi əsas layihələr, partnyorluq təşəbbüsləri və kommunikasiya strategiyaları ilə bağlı ətraflı məlumat verilib. Eyni zamanda, 2026-cı il üçün müəyyən olunan yeni istiqamətlər üzrə fəaliyyət planlarından da danışılıb.
Gənclər bu görüşü öz bilik və təcrübələrini paylaşmaq üçün unikal bir imkan, eyni zamanda “il boyu gözlədikləri yeganə məkan” və ya “şəxsi inkişaf üçün ilhamverici fürsət” kimi dəyərləndiriblər.
Qeyd edək ki, 2007-ci ildə yaradılan Azərbaycan Tələbə və Elmi İşçilər Birliyinin (VASW e. V.) əsas məqsədi Almaniyada yaşayan azərbaycanlı tələbə və gənc mütəxəssisləri təhsil, mədəniyyət, elmi əməkdaşlıq və sosial inteqrasiya sahələrində dəstəkləmək, kollektiv təşəbbüslərin inkişafına töhfə vermək, həmçinin Azərbaycanın zəngin tarixi, mədəniyyətini Almaniyada tanıtmaqdır.
“Ədəbiyyat və incəsənət”
(20.06.2025)


