Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
İnsanı insan edən dildir. Dil, sadəcə sözlərin deyil, bir millətin yaddaşının, ruhunun, tarixinin və gələcəyinin daşıyıcısıdır. Ana dili isə bu yaddaşın özülüdür. İnsan ilk dəfə ana laylası ilə tanıyır dili, ilk dua, ilk çağırış, ilk “Ana” kəlməsi – hamısı ana dilində doğulur.
Bu gün, dilimizin sadəcə ünsiyyət vasitəsi deyil, milli dövlətçilik və suverenlik rəmzi kimi qəbul edildiyi, xalqın kimlik və qürur mənbəyi kimi tanındığı gündür.
Azərbaycan dili uzun illər boyunca türklüyün, mədəniyyətin və istiqlalın sarsılmaz dayağı olub. Lakin hər dönəmdə bu dilə qarşı ədalətsiz yanaşmalar, basqılar və susdurma cəhdləri də az olmayıb. 20-ci əsrin ortalarında türkdilli xalqların dilləri sistemli şəkildə kölgədə saxlanılır, rəsmi sənədlərdə, təhsil və mətbuatda ikinci plana atılırdı. Məhz belə bir dönəmdə ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və xalqın milli oyanışı nəticəsində Azərbaycan dili yenidən yüksəldildi.
2002-ci ildə qəbul edilən və 1 avqustdan qüvvəyə minən “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Qanunla bu yüksəliş qanuniləşdirildi. Artıq Azərbaycan dili dövlətin rəsmi dili kimi yalnız konstitusiyada yox, həm də xalqın gündəlik şüurunda bərqərar oldu.
Azərbaycan dili təkcə milli deyil, həm də ümumtürk mədəniyyət coğrafiyasının mühüm sütunlarından biridir. Türk dillərinin ortaq kökü, leksik uyğunluğu və dərin mənəvi bağları bu dilləri qardaşlaşdırır. Məhz bu baxımdan, Türk Mədəniyyəti və İrsi Fondunun həyata keçirdiyi layihələr ortaq lüğətlər, ədəbiyyat mübadiləsi, transliterasiya və media təşəbbüsləri dil birliyini yalnız nostalji deyil, gələcək strateji platforma kimi təqdim edir.
Dil birləşdirir. Ortaq söz, ortaq düşüncə yaradır. Ortaq düşüncə isə ortaq gələcək qurur.
Bu gün ana dilimiz müstəqildir, amma təhlükəsiz deyil. İnternet dili, texnologiyanın qlobal dili, gündəlik danışıqda yad təsirlər, sosial mediada dil normalarına biganəlik – bütün bunlar ana dilimizi yavaş-yavaş içimizdən silir. Təhlükə yalnız qadağada deyil, laqeydlikdədir.
Bir dili qorumağın yolu onu danışmaqdan yox, onu yaşatmaqdan keçir. Uşaq nağıllarında, məktəb dərslərində, elmi əsərlərdə, reklamda, ekranda, teatrda, musiqidə – hər yerdə dil yaşamalıdır. Dil qorunmalı, yaradılmalıdır, inkişaf etdirilməli, tarixi köklərini daim saxlamalıdır.
Ana dili bizim yaddaş kodumuzdur. Onu itirmək, özünü itirməkdir. Onu sevmək, yalnız dilə deyil, özünə olan ehtiramdır. 1 Avqust – Ana Dili Günü – sadəcə tarix deyil, daxili bir çağırışdır:
“Unutma, səni sən edən dilinlə varsan!”
“Ədəbiyyat və incəsənət”
(02.08.2025)