İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycanın dünya rəngkarlığına bəxş etdiyi ən azman sənətkarlardan biri Toğrul Nərimanbəyovdur. Palitrasının rəngarəngliyi, xüsusən folklora və mifologiyaya söykənən millilik onun əsərlərini dünyaya sevdirərək, eyni zamanda vəsf etdiyi Azərbaycanı da sevdiribdir.
Bu gün onun anadan olmasının 95 illik yubileyidir, əminəm ki, ölkə gündəmində onun anılması başlıca yer tutacaqdır.
SSRİ-nin və Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyov 7 avqust 1930-cu ildə Bakı şəhərində doğulub. 1930-cu ilin sonlarında atası Fərman Nərimanbəyov Avropada təhsil alan digər azərbaycanlılar kimi represiyyaya məruz qalıb və Sibirin Marinski şəhərinə sürgün edilib. Daha sonra anası – milliiyətcə fransız İrma xanım da həbs edilərək sürgün edilib. Toğrul Nərimanbəyov bir müddət anası ilə birgə həbsdə yaşayıb. Daha sonra məktəbə başlayıb və səhərlər dərsə gedib, axşam yenidən həbsxanaya qayıdaraq çətin şəraitdə təhsil alıb.
1941-ci ildə Fransa Almaniya tərəfindən işğal olunarkən İrma xanımın qarşısına Fransa vətəndaşlığından çıxması, əks halda sürgün edilməsi şərti qoyulsa da o vətəndaşlıqdan çıxmayaraq əvvəlcə Qostanaya, daha sonra Səmərqəndə sürgünə göndərilib. Valideynləri həbsdə olarkən Toğrul və qardaşı Vidadiyə polyak əsilli dayələri Anna Andreyevna baxıb. Sonralar Nərimanbəyov dayəsinin portretini çəkərək tabloya "Ana" adını verib.
1946-cı ildə Toğrul əvvəlcə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olub. 1950-ci ildən isə Litva İncəsənət İnstitutunda monumental və dəzgah rəssamlığı fakültəsində təhsil alıb. 1955-ci ildə buradan məzun olub. Eyni vaxtda Vilnüs Konservatoriyasında klassik vokalı da öyrənməyə başlayıb. Toğrul anası ilə tələbəlik illərində Səmərqənddə görüşüb. 1961-ci ildə anası bəraət alıb Bakıya qayıdıb. Bir müddət sonra amnistiyaya düşən atası Fərman bəy Nərimanbəyov da Sibir sürgünündən vətəni Azərbaycana qayıdıb.
1980-ci illərdən sonra Toğrul Nərimanbəyov bir sıra ölkələrdə yaşayıb. İlk əvvəl Bakıdan Moskvaya səyahət edən rəssam bir müddət burada yaşadıqdan sonra 1989-cu ildə ABŞ-ın Massaçuset ştatının Boston şəhərinə dəvət edilib və burada fərdi sərgilər açıb. 1992-ci ildə Lüküsemburq şəhərinə köçüb. 1992-1993-cü illərdə sənət həyatını burada davam etdirib.Burada bir neçə salonda sərgiləri keçilib və böyük rəğbət toplayıb.
1993-cü ildə Lüksemburqdan Paris şəhərinə köçüb. Qısa bir müddət içində buradakı həyatına uyğunlaşan rəssam üçün Fransanı xüsusi edən səbəb anası İrma xanımın əslən fransız olması idi. Parisdə yaşadığı dövr rəssamın yaradıcılığının ən məhsuldar dövrlərindən biri hesab edilib.
Onun əsərləri Fransada "Fransa qalereyası" , Almaniyada "Müasir Sənət Muzeyi" (Köln), "Sənət Muzeyi "(Hagen), Polşada "Müasir Sənət Muzeyi" (Varşava), ABŞ-da "Milli Aironavtika Muzeyi "(Vaşinqton), Macarıstanda "Müasir Milli Sənət Muzeyi" (Budapeşt), Bolqarıstanda "Müasir Milli Sənət Muzeyi" (Sofiya), Rusiyada "Rusiya Milli Muzeyi" (Petersburq), "Tretyakov qalereyası" (Moskva), "Şərq Xalqları Muzeyi" (Moskva), "Bəstəkar Qlinka Muzeyi" (Moskva) kimi müxtəlif ölkələrin muzey və qalereyalarında sərgilənir.
Toğrul Nərimanbəyov "Fransa Müasir İncəsənət Ensiklopediyası"nda haqqında məlumat olan yeganə azərbaycanlı rəssamdır. Bu kitabda onun adı dünya şöhrətli rəssamlarla yanaşı yazılıb.
O, bacarıqlı rəssam olmaqla yanaşı həm vokal sənətçisi, həm də şair olub. Toğrul Nərimanbəyov klassik operalardan ariyaları, xüsusilə də italan bəstəkarların əsərlərini ifa edib. Rəssam 1996-cı ildə Bakıda "Kirxa" konsert salonunda, 1998-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, 2000-ci ildə Bolonyadakı (İtaliya) "Oratoria di San Rosso" zalında böyük konsertlər verib.
Rəssamın yaradıcılığı abstraksionizm və fiquratizm uslubuna aid edilir. Mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrdə yaratdığı əsərlər mövzu və janr rəngarəngliyi, həmçinin özünəməxsus üslubu ilə səciyyələnib. Fərdi üslubunu müəyyən edən başlıca xüsusiyyətlər dekorativ Azərbaycan incəsənətinin rəng harmoniyası və müasir dünya incəsənətinin yeni istiqamətləri ilə sıx bağlı olub.
Rəssam 1950-ci ildə Türkiyənin küçəsi adlı əsəri ilə Azərbaycan Dövlət Rəsm Sərgisinə qoşulub. Daha sonra 1953-cü ildə qardaşı Vidadi Nərimanbəyovu rəsm etdiyi “Qardaşımın portreti”, “Venera gecələri” əsərlərini ərsəyə gətirib. O ən uğurlu rəsmlərindən biri olan “Yaylaqdan dönüş” əsərini 1954-cü ildə tamamlayıb. Nərimanbəyovun 1955-ci ildə Litva İncəsənət Universitetinin rəssamlıq fakültəsində bitirmə dissertasiyası olan “Baltikyanı balıqçılar” əsəri rəssamın ilkin əsərləri sırasında ən qiymətli rəsm əsərlərindən biridir.
Rəssam ilk mənzərə və natürmort əsərlərində "sərt üslub" sənətindən təsirlənib. Onun bu istiqamətdə ərsəyə gətirdiyi ilk əsərləri “Bakıda bağ (qapı önü)” (1955), “Bayıl mənzərəsi” (1955), “Bakı günorta vaxtı” (1956) tablolarıdır. Onun 1963-cü ildə çəkdiyi “Ağaclar və qayalar” əsəri də bu istiqamətdə çəkilmiş mənzərə əsərlərindəndir. Bu yöndə çəkdiyi ilk natürmort əsərləri isə “Meyvələr”, “Qabaqla natürmort”, “Narlar və armudlar” əsərləridir.
Toğrulun ilk uğurlu əsərlərindən biri olan "Xəzərdə şəfəq" (1957) romantik üslubda çəkilib. Cəsur neftçilərdən bəhs edən “Fırtınadan da güclü” (1960), “Xoşbəxtlik” (1961), “Sevinc" (1963), nasist həbsxanasının çətin şəraitini təsvir edən "Həyat üçün" (1963) tablolarında dramatizm və rəssamın fəlsəfi fikirləri diqqəti cəlb edib.
O, yaxın dostu, Azərbaycanın digər məşhur rəssamı Səttar Bəhlulzadə ilə Azərbaycanın bölgələrini gəzib, “Göyçay bağlarında” (1965), “Bolluq” (1968), “Bərəkət” (1968) və s kimi əsərlərini bu səyahətlər nəticəsində meydana çıxıb. Nərimanbəyov mənzərə əsərlərində daha çox doğulduğu şəhər olan Bakını təsvir edib. Sənətinin orta dövrlərində kətan üzərində yağlı boya texnikası ilə “Köhnə Bakı” (1964), “Bakıda bahar” (1964), “Bakı” (1965), “Bakıda küləkli gün” (1977) tablolarını ərsəyə gətirib. Nərimanbəyovun Bakıya, onun tarixinə və memarlığına bağlılığı rəssamın tablolarında daha çox köhnə şəhər mənzərələrinin təsviri formasında özünü göstərib.
Mükafatları
1. "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı
2. "Azərbaycan SSR xalq rəssamı" fəxri adı
3. Azərbaycan SSR Dövlət mükafatı
4. SSRİ Dövlət mükafatı
5. "Qırmızı əmək bayrağı" ordeni
6. "SSRİ xalq rəssamı" fəxri adı
7. "İstiqlal" ordeni
8. "Şərəf" ordeni
Filmoqrafiya
- Toğrul Nərimanbəyov
- Qobustan
- Əllər və rənglər
- Dədə Qorqud
- Dantenin yubileyi
- Rənglərin melodiyası
- Salam, Zeynəb!
- Yeddi gözəl
- Toğrul
Dahi rəssam 2 iyun 2013-cü ildə Parisdəki hospitallardan birində vəfat edib. Parisin mərkəzində yerləşən Passi qəbiristanlığında dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(07.08.2025)