BİRİ İKİSİNDƏ Feyziyyənin şeirləri ilə Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Şeir vaxtında Feyziyyənin şeirləri təqdim ediləcək.

 

 

 

ŞEIR VAXTI

FEYZİYYƏ 

MESAJ

 

onlar yuxularında

evlərinin pəncərəsini daşlayar,

qonşularına çığırıb

"pərdələri çəkin" deyərlər...

sən onlara baxma,

bu, gün tutulmasıdı, hələ çox çəkəcək.

bircə mən döyəcləyəcəm hər kəsin yerinə

mis qazanları,

dəmir qapaqları.

heç kim bilmir,

günəş hələ çox gizlənəcək hamıdan –

axı o, bircə çəkili pərdələrdən incik,

axı o, təkcə bağlı pəncərələrdən küskün...

mən inanmaram, inanmaram dualara,

bircə qaçmağı bilərlər – Onun dərgahına,

bunun qulluğuna...

onlar dadını bilməz

bağlı-bağlı pəncərələrdən küsməyin,

örtülü-örtülü pərdələri çəkə bilməməyin...

bəs başına-başına döyməzsənmi,

birisi desə, ay bala,

onu-bunu nahaq qaxınc etdin başına...

sən onlara baxma,

onların nələri yox idi, nələri –

yuxuları,

duaları,

anaları...

onunsa bircə iyirmi doqquz yaşı vardı,

iyirmi doqquz yaşı...

 

 

***

 

bütün sualların cavabı

bir qağayının dimdiyindəymiş, demə,

demə, olanlar kabusmuş,

oyanıb "bismillah" deyəcəm,

bir də deyəcəm, məni bağışla,

butun kabuslara bağışla məni.

hər şey birdən oldu,

birdən oldu hər şey:

əvvəl bir burulğan göründü uzaqdan,

lap uzaqdan,

qara, qorxulu,

kabus kimi qorxulu.

sonra gözlərimi qum tutdu,

o tutdu gözlərimi.

yuxularıma süd sızdı o gecə,

o gecə bütün kollar

kəklikotu qoxuyan lalələr açdı,

bütün ağaclar balıq qoxuyan gilaslar gətirdi.

bağışla,

o gecə qırmızı yağmurluqdan savayı

əynimə heç nə gəlmədi,

bağışlama məni,

göy qurşağı rəngində yağan balıq yağışından

qaçmağa yer tapammadım.

 

daha heç nə gözləmirəm,

məni gözləyən bircə sabahlardı,

onlar da gözləri qumla dolu,

açılmaları qorxulu.

gecələr işığı yanılı qalan pəncərələrin

yozumu çox olar, bilirsən...

bilirəm, sən hər şeyi bilirsən.

bağışla, bu yellənən yelləncəyin

bir ipi qırıqmış, demə,

bağışla, bu yelləncək

ağaca etdiyi dualarında yellənir,

ona toxuna bilmərəm.

qorxma, qorxma, ay ömrüm-günüm,

kuzənin çatının əksidir,

ildırım deyil göydə çaxan...

mənsə saymağı öyrənirəm hələ,

hələ də on birdən başlayıram.

dördüncü dəfə iyirmidə saxla məni.

bu dəfə saxla məni

tut əlimdən, gir qoluma, saxla məni.

de ki, evimizə getməliyik,

nolar, dilə tut məni...

sən bilirdin, sən bilirdin,

o hər şeyi bilirmiş,

həmin o qağayı...

günah məndədir,

hər şeyi bilirmiş o qağayı...

 

  

***

 

sən bircə dəfə sormadın

bir dərdin varmıdır? – deyə.

səndən umduqlarım qədər

səndən küsəmmirəm, niyə?!

keçirəm hər yanlışından,

keçirəm səhvindən elə.

sən hər məni "sındıranda"

sənə sığınıram yenə.

sən bircə dəfə sormadın,

niyə bu qədər susuram,

varlığından inciyəndə

yoxluğuna üz tuturam.

sən bircə dəfə sormadın

istimi, soyuqmu mənə?

mən acmıyam, susuzmuyam –

yox isti-soyuğu sənə.

"niyə bunları sormadım?.." –

deyə, özünü çox yorma.

sən "dost" adında düşmənsən,

bircə "niyə"sini sorma.

 

 

***

 

o beli at çiynindən,

torpağı belə qazarlar, amma

itəni belə axtarmazlar,

gedən belə qayıtmaz...

 

bəlkə, bir əsər çəkəsən?!

bilmirsən? öyrənərsən! –

böyük, lap böyük...

əvvəl bir çay çəkərsən –

axsa da olar, axmasa da.

sonra bir cam çəkərsən,

hardasa oralarda –

dolu olsa da olar, boş olsa da.

yaxınlıqda bir tut ağacı olsun,

amma qara tut –

barı olsa da olar, olmasa da.

amma altında adam çəkmə:

əllərində bel görsək, neylərik,

necə deyərik:

– torpağı belə qazarlar, amma

itəni belə axtarmazlar,

gedən belə qayıtmaz...

daha vaxtdır, qalx, yola çıx

indi sənə bircə işarə lazımdı.

– al! bu da yağış...

 

“Ədəbiyyat və incəsənət”

(07.08.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.