Şərəf Cəlilli,
Filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün
Sakaryadan Çanaqqalaya, Çanaqqaladan Cankaya köşkünə varan Qazi Mustafa Kamal Paşa Atatürkün Fətih dastanının təntənəsi olaraq köşkdə ilk mətbuat konfransı düzənləndi. Konfransı Kərim bəy Mehmandarovla birlikdə DİFAİ Partiyasının quran, “Kaspi”nin, “Fyüzat”ın, “Həyat”ın, “İrşad”ın memarlarından biri, Şuşalı Əhməd bəy Ağaoğlu təşkil etmişdi. Konfransda Atatürkə tarixi bir sual verilmişdi: “Uğrunuzun mayası nəyə bağlıdır?” Qazi tərəddüd etmədən söyləmişdi: “Ətimin və sümüyümün yiyəsi Əlirza əfəndidirsə, ruhumun yiyəsi Ziya Göyalpdır”. Ziya Göyalpın ruhunun yiyəsi Əli bəy Hüseynzadə, onun ruhunun yiyəsi Hacı Zeynalabdin Tağıyev, ən yaxın silahdaşı, dostu, arxadaşı isə Əhməd bəy Ağaoğlu idi.
Tale elə gətirib ki, kimsə soyunu, soy-kökünü, millətini, məmləkətini, valideynlərini seçə bilmir. Ona alın yazısı deyirlər. “İxtiyar mənimdir, xalqa nə borcdur!?” hikmətinə tapınanlar isə sənətini, işini, peşəsini, dostunu seçməkdə azad ruhunun dalıyca gedir.
Milli-mənəvi dəyərlər tariximizdə Nizami Gəncəvi - Xaqani Şirvani, Şah İsmayıl Xətai - Qurbani, Nəimi - Seyid İmadəddin Nəsimi, Əlişir Nəvai - Hüseyn Baykara, İbrahimxəlil xan - Molla Pənah Vaqif, Hacı Zeynalabdin Tağıyev - Həsən bəy Zərdabi, Həbib bəy Mahmudbəyov - Sultan Məcid Qənizadə dostluğu, arxadaşlığı olub. Bu dahilərin dostluğu Yaxın və Orta Şərq mühiti üçün qəbul olunandır. Şərqdə qadın-kişi dostluğu adətən başqa cür yozulardı.
Yalnız üç cüt müqəddəs dostluq var ki, o milli-mənəvi dəyərlər tariximiz üçün sözün həqiqi və məcazi mənasında hadisə idi. Mahmud ağa - Mirzə Güllər, Xurşidbanu Natəvan - Qasım bəy Zakir və bir də Həmidə xanım Cavanşir - Kərim bəy Mehmandarov dostluğu. Birincilər Şamaxının, ikincilər Qarabağın elmi-mədəni mühitində qoşa qanada döndülər. Odlar Yurdu Azərbaycanı zirvələrə qaldıranların sırasında yer aldılar. Hər üç cütlük sarayda sultan olsa da, millətə sonsuz, hüdudları məlum olmayan sevginin nümunəsinə, cəhalətdən qurtuluşun simgəsinə, bəlgəsinə döndülər. Mirzə Güllərin ruhunun atası, soyu, soy-kökü, şəcərə dəftəri ilə Nadir şah Əfşara, Əfşarlar sülaləsinə, Şamaxı xanı Mustafa xana, Şirvan şahlarına bağlı olan, adını tarixə sənətin, mədəniyyətin, elmi-irfanın, muğamların, xalq mahnılarının, aşıq sənətinin himayədarı, Muğam Mərkəzinin qurucusu kimi yazan Mahmud ağa xanəndə Güllərin şərəfinə malikanəsində “Qızılı Salon”u tikdirdi. Muğam müsabiqələri təşkil etdi. Zamanın, quruluşun qadağalarına rəğmən qalifeyi şalvar geyən, buxara papağının altında bir cüt hörgünü gizləyən xanəndə Güllər - Mirzə Güllər kimi Şamaxıdan İsfahana, Qarabağdan Türküstana, Borçalıdan Anadoluya, Dəmirqapı Dərbənddən İraq-Türkmən ellərinə səs saldı. Sadıqcanın tarından, Cabbar Qaryağdıoğlunun qavalından, Aşıq Bilalın şirmayi sazından qopan muğamlar, xalq mahnıları, təsniflər həm də Mirzə Güllərin məxməri səsi, qaltanlı ifası ilə zinətləndi. Mirzə Güllər dəvət aldığı bütün məclisləri “Mahmud ağa Gərayısı” ilə başlayıb onunla bitirdi. Bu bir müphəm sevginin, gündə bir kərpic hörülən eşq sarayının harayı idi. El yatmazdı harayından.
Nə mən olaydım İlahi, nə də bu Aləm
İbrahimxəlil xanın nəvəsi, Mehdiqulu xanın qızı, Qarabağ xanlığının son vərəsəsi - Xurşidbanu Natəvanın ustadları çox olmuşdu. Qasım bəy Zakir, Mirzə Camal Cavanşir Qarabaği, Mirzə Adıgözəl bəy Qarabaği, Əhməd bəy Cavanşir. Bu mütəfəkkir alimlərin, müqtədir qələm sahiblərinin içərisində ancaq bir nəfərin sözü Xurşidbanu Natəvan üçün Tanrı kəlamı, Peyğəmbər buyruğu idi. Onların arası Dürrü yektanın saray qanununu pozduğu günə, Xasay xan Usmiyevdən sonra rəiyyət Seyid Hüseynlə nikahına qədər dəymədi.
Günlərin bir günü Xan qızı törəni, törə qanunlarını pozub, əsilzadələrin, Şuşanın zadəgan mühitinin üstünə yeridi. Kərim xan Zəndə meydan oxuyub Şuşanın, Qalanın təməlini qoyan üç sərkərdənin, Pənahəli xanın, Alagöz Məhəmmədin, Mirzəli Səmədin, Qarabağın nicatını Çar Rusiyasında görən vəziri-azam Molla Pənah Vaqifi oğlu Əli bəylə birlikdə edam etdirməkdən belə çəkinməyən Məhəmməd bəy Batmanqılıcın, “Kürəkçay”dan sonra kürəyinə ox sancılan, sarayında varisləri ilə birlikdə öz qılıncına doğranan İbrahim xanın ruhunu incitdi.
Şuşanın zadəgan-əsilzadə mühiti nə “Məclisi-üns”ə, nə “Məclisi-fəramuşan”a, nə də, Xan qızının xeyirxahlıq, yaxşılıq dolu qəlbinə baxmadı. Ondan üz döndərdi. Müqəddəs ruhların ah-naləsinə qoşulub “Zar könlü qəmə girifdar” olan Xan qızının “Nə mən olaydım İlahi, nə də, bu aləm olaydı” deyib, Abbasın ağrısı, oğul dağı ilə İmarət-Qərbəndə köçdüyü günə qədər bağışlamadı. Torpağın üzü soyuqdur deyirlər. Üzü soyuq, könlü isti torpaqda, Qarabağda Xan qızından iki soyun iki nümayəndəsi dönmədi. Mirzə Mustafa bəy Mehmandarov və Əhməd bəy Cavanşir.
Məni ailə adamı edən sən oldun
Mirzə Cəlil dünyasını 1932-ci il yanvarın 4-də, qarlı bir qış günündə, gündüz saat 3-də dəyişdi. Ruhu bədənindən qopmamışdan üç gün öncə üzünü Həmidə xanıma tutub söyləmişdi: “Mən öləndə molla çağırmayın!” Canını tapşırmamışdan iki gün öncə üz-gözünü, əl-ayağını yuduğundan “Meyit qüsulu” da verilmədi. Kəfənlənmədi də. “Molla Nəsrəddin”in, “Allahsız”ın qiyafəsində, “əyni kostyumda” yola salındı. Həmidə xanım onun son istəyini yerinə yetirdi. O, bu dünyaya hər bir qüdrətli kişinin arxasında bir qadın ömrü əriyir kəlamını gerçəyə çevirməyə gəlmişdi. Bu nə az, nə çox, düz 25 il çəkdi. Hər günü bir əsrə bərabər 25 il. Göz yaşının sel olduğu, inamına doğrandığı, Kəhrizli, Şuşa, Tiflis, Təbriz, Bakı arasında əriyən ömründə iki dəfə Mirzə Cəlildən etiraf eşitmişdi: “Mən ailə üçün yaranmamışam. Mahiyyətcə dərvişəm. Xasiyyətim ağırdır. Əsəbiyəm. Başa düşürəm ki, mənimlə birgə yaşamaq çətindir. Uşaqları tərbiyə edə bilmirəm. Məni ailə adamı edən sən oldun.” “Sənə layiq olmağa çalışıram.”
Həmidə xanım Mirzə Cəlilin üçüncü, Mirzə Cəlil onun ikinci nikahı idi. Mirzə Cəlilin ağır xasiyyəti ilk iki nikahını yarıda qoymuşdu. Faciə o yerə çatmışdı ki, Naxçıvanın əsilzadə, zadəgan mühiti yol verməsə də, hökumət işinə girib Nazlı xanım Kəngərli ilə ailə həyatı qursa da, onu da, ağır dərdə mübtəla etmiş, hətta ölümünə belə bais olmuşdu.
Həmidə xanımın 16 yaşı olanda Bərdə zadəganlarından olan Polkovnik İbrahim bəy Davatdarova ərə verilmişdi. Bu nikahdan onun Mina və Müzəffər adlı iki övladı dünyaya gəlmişdi. Brest-Litovskidə və Qarsda hərbçi kimi xüsusi nüfuz qazanan Davatdarov Qafqaz Albaniyası Knyazlarına bağlı idi. Rusiya-Türkiyə müharibəsindən sonra Qarsda konsul vəzifəsinə təyinat alan Davatdarovun ölümündən beş il sonra belə dul qadın ömrü sürən Həmidə xanım Cavanşir 1906-1907-ci illərdə iki dəfə Tiflisdə Mirzə Cəlildən evlilik təklifi alsa da, nə ilk məktuba, nə də ikinci təklifə cavab verməmişdi. Qızı Mina xanım Davatdarova Tiflisdə Nəcib Qızlar İnstitutunu bitirdikdən, Mirzə Cəlilin katib kimi çalışdığı Tiflis Müsəlman Xeyriyyə Cəmiyyətinin xətti ilə Tiflisdə və Qarabağda mühüm layihələr gerçəkləşdirdikdən, atası Əhməd bəy Cavanşirin kitabının “Qeyrət” mətbəəsində çapına nail olduqdan sonra “Molla Nəsrəddin”ə könül verməyi qərarlaşdıran Həmidə xanım ona “yoldaş və arxa” olmağı qəbul edir. Bu addımın əsilzadə şərəfinə, zadəgan tituluna yad olduğunu bilsə də. Mirzə Cəlili Tiflisdən Kəhrizliyə qonaq dəvət edən Həmidə xanım da, Mirzə Cəlil də öncə qərar alır ki, məsələ üstü örtülü qalsın. O, qohum-əqrəbaya “Minanın müəllimi-Məhəmməd Həsənov” adında təqdim olunsun. Elə də edirlər. İki gün keçmiş Kəhrizliyə varan Həmidə xanımla Mirzə Cəlil gəlişin üçüncü günü Mirzənin istəyi ilə nikah məsələsini tezləşdirməyi qərara alır. Həmidə xanımın qohum-əqrəbası çox idi. Onun Xan sarayı qədər əzəməti vardı. Pənahəli xanın, Batmanqılıc Məhəmmədin, Mehrəli bəyin, Cəfərqulu bəyin, Əhməd bəy Cavanşirin soyuna bağlı idi. Hamıdan, hər kəsdən öncə isə məlumat bir nəfərə verilməli, onun rizası, xeyir-duası alınmalı idi. O, Kərim bəy Mirzə Mustafa bəy oğlu Mehmandarov idi.
Topxana meşəsində açılan atəş
Həmidə xanımın yaxşı at çapmağı, quşu gözdən vurmağı, “Mauzer”i göydə oynatmağı vardı. Bu ona atasından miras qalmışdı. Əhməd bəy Cavanşir Çar ordusunda polkovnik rütbəsinə qədər yüksəlmiş, Petroqrad Hərbi Akademiyasının Kadet məktəbini bitirmiş, bir çox müharibələrin iştirakçısı olmuşdu. Göstərdiyi igidliklərə görə orden-medallar almaqla yanaşı, “dəli Əhməd titulu” qazanmışdı. Onun dostları çox olsa da, bir dostunun yeri həmişə əvəzsiz olmuşdu. O, Doktor Kərim bəy Mehmandarov idi. Pənahəli xanla birlikdə Şuşanın-Qalanın təməlini qoyan Mehmandar Mirzəlinin nəticəsi.
Həmidə xanım Kərim bəy Mehmandarovu üstündən illər ötəndən sonra, ilk dəfə Topxana meşəsində görmüşdü. “Mauzer”indən açdığı atəş Mehmandarovun sağ çiynini sıyırıb keçmişdi. Bu ilk tanışlıq cavan həkimdə qəribə duyğular oyatmışdı. Kərim bəy Sankt-Peterburq Tibbi Cərrahlıq Akademiyasını bitirmişdi. Aleksandra Mixaylovna Dolqanova ilə nikahında Mixail adlı oğlu dünyaya gəlmişdi. Sonra ayrılmışdılar... Kərim bəy 1883-cü ildə Vətənə dönmüş, Yelizavetpol (Gəncə) Quberniyasında həkimliyə başlamışdı. Topxana meşəsindəki təsadüfi görüş onun ən gözəl təsadüfü, daha doğrusu gerçəyi olmuşdu. Batmanqılıcın və Mirzəli bəyin törəsi bir bədəndə iki can - Azərbaycan olsa da, araya Davatdarovun nişan üzüyü çəpər çəkmişdi. Rus Əhmədin - Əhməd bəy Cavanşirin Silahdaşı ilə Həmidə xanımın Sirdaşı illər sonra yenidən, elə bura da - Topxana meşəsində üz-üzə gəlmişdi. O zaman Kərim bəy Mehmandarov Bəhmən Mirzə Qacarın qızı, Qacarlar sarayının şahzadəsi Zəri xanım Qacarla, Həmidə xanım da son aylarını yaşayan atası Əhməd bəy Cavanşir və iki övladı - Mina və Müzəffərlə başmaq seyrinə çıxmışdılar. Gül bülbülü, bülbül gülü çağırsa da, könlü viran Kərim bəylə, taxtı talan Həmidə xanımın arasında elə də bir fərq yox idi...
Əbədi sevginin xatirəsi - “Gümüş Medalyon”un əfsanəsi
“Molla Nəsrəddin” məktəbinin ciddi tədqiqatçısı, Azərbaycan teatr tarixinin bilicisi, unudulmaz Qulam Məmmədli deyirdi ki: “Ən çətin vaxtlarda dolanışıq və Mirzə Cəlilin əsərlərinin çapı, kitablarının nəşri ilə bağlı hər şeyindən keçən Həmidə xanım heç vaxt boynundakı “Gümüş Medalyon”a toxunmamışdı. Vəsiyyət etmişdi ki: “Öləndən sonra da, boynundan çıxarmasınlar.” Onun niyə bu qədər qiymətli olduğunu bilmirdim. Ölümündən iki gün qabaq məni çağırdı. Medalyonun qapağını açıb göstərdi. Medalyona iki şəkil həkk edilmişdi, atası Əhməd bəy Cavanşirin, bir də Kərim bəy Mehmandarovun (Kərim bəy Mehmandarov görkəmli ictimai-siyasi xadim idi. 1906-cı ildə erməni-müsəlman soyqırımları zamanı Əhməd bəy Ağaoğlu ilə birlikdə DİFAİ Partiyasını qurmuş, erməni daşnaklarının cəzasını kəsənlərin rəhbəri olmuşdu). Kərim bəy Mehmandarov medalyonu ona ilk tanışlıqları zamanı Topxana meşəsində vermişdi. Həmin gün Həmidə xanım “Mauzer”i ilə onun sağ çiynini yaralamışdı. Sonra da, dəsmalı ilə yarasını sarımışdı. Kərim bəy həmin dəsmalı ömrünün sonuna qədər cibində gəzdirirmiş. Bunu mənə rəhmətlik Cabbar Əmi – (Cabbar Qaryağdıoğlu) demişdi. Həmidə xanım həmin gün qoynundan kiçik bir kisə də çıxardı. Medalyonu və kisəni ürəyinin başına sıxdı. Kisəni göstərib dedi: “Əhməd bəyin, bir də, Kərim bəyin məzarından öz əlimlə götürüb gətirdiyim torpaqdır. Dəfn edəndə gözlərimə tökərsiniz. Biri sağ, o biri, sol gözümdür”. Həmidə xanım qürurlu adamdı. Bu sirri bir Allah, bir o, bir də belə çıxdı ki, mən bildim. Onun dediklərinə əməl etdim. Həmidə xanım hər şeydən, hamıdan küskün getdi. “Qələmi qırılsın yazı yazanın. Ağabəyimə, Gövhərbəyimə, Banubəyimə, mənə yazı yazanda qəm dəftərində yer qoymadı” deyirdi. Mirzə bir dəfə onun boynundakı medalyonla maraqlanır. Medalyonu açır, sonra götürüb yerə çırpır. Bu evliliklərinin ilk vaxtlarında olur. Həmidə xanım onu qaldırıb boynundan asır. “Bir də toxunsan, Gedərəm! Həmişəlik Gedərəm!” deyir. Mirzəni ölənə qədər bu hərəkətinə görə bağışlamır. Onlar ayrılmadılar, amma elə ayrı kimi yaşadılar. Mirzə həm əvəzsiz, həm də, naqolay adamdı. Bacısı Səkinə xanım Həmidə xanımla dərdləşib söhbət edəndə deyərmiş: “Qardaşım Cəlilin bütün evliliklərində bəxti gətirib. Onun birinci və ikinci arvadları çox yaxşı qadınlar idi, onu qəlbən sevirdilər. Ancaq qardaşım heç vaxt xoşbəxtliyinin qədrini bilməyib, bu qadınları da, bədbəxt edib.”
Kəhrizlidən Şuşaya göndərilən teleqram
Həmidə xanım Mirzə Cəlillə kəbin məsələsini gerçəkləşdirmək qərarını alanda, xeyir-dua üçün ilk xəbəri Kəhrizlidən Şuşaya göndərir. Teleqram vurub atasının silahdaşını, özünün qəlb sirdaşını - Kərim bəy Mehmandarovu çağırtdırır. Kərim bəyin qohumu, ailə həkimi, ən əsası atasının dostu kimi üstündə haqqı-sayı vardı. Əhməd bəy Cavanşir dünyasını dəyişəndə qızının əlini onun ovcuna qoyub, əmanət etmişdi. Bu azmış kimi Doktor Mehmandarov onun cənazəsini çiyninə alıb atası Cəfərqulu bəy Cavanşirin və anası Zöhrə xanım Cavanşirin ortasında torpağa vermişdi. Doğmaları, qohumları çox olsa da, atasız, arxasız dünyada Həmidə xanım üçün tək və yeganə doğma insan Kərim bəy Mirzə Mustafa bəy oğlu Mehmandarovdu.
O, bunu Mirzə Cəlilə anlatmaq üçün “çox çəkdi”. Canından çəkəcək qədər çox. Baxmayaraq ki, “Molla Nəsrəddin”in “dinləmək və anlamaq” kimi dərdi var idi. Bu barədə “Xatirələrim”də yazan Həmidə xanım qeyd edir: “Teleqraf göndərib mərhum atamın əziz dostu və ailə həkimimiz Kərim bəy Mehmandarovu bizə dəvət etdim. Doktor Kərim bəy Mehmandarov Şuşada yaşayır və işləyirdi. O, gizli inqilabi fəaliyyət göstərən Süleyman bəy Mehmandarovun əmisi idi. Doktorla öz xəstəliklərindən başqa, həyatımda etmək istədiyim dəyişikliklərlə bağlı məsləhətləşmək istəyirdim. Artıq beş il idi ki, dul idim. Həyat yoldaşım polkovnik İbrahim bəy Davatdarov vəfat etdikdən sonra, qətiyyən ərə getmək fikrim yox idi. Durumu Kərim bəy Mehmandarova danışdıqdan sonra, o, mənə belə cavab verdi: “Sizin bu istəyiniz məni təəccübləndirmir; Gec ya tez kimi isə sevməli və ərə getməli idiniz. Etdiyiniz bu seçim isə mənim xoşuma gəlir. Mirzə Cəlil nadir istedad sahibidir. Onun böyük gələcəyi vardır. Ancaq onun öz mühüm fəaliyyətini buraxıb bura, sizin yanınıza gəlməsi təəssüf doğurur. Eyni zamanda sizin də qara camaat arasında apardığınız lazımlı fəaliyyəti buraxıb şəhərə köçməyiniz öz növbəsində təəssüf doğurur. Ayrılıqda sizin hər ikiniz cəmiyyətimiz üçün çox gərəkli ictimai xadimlərsiniz, ancaq bir yerdə bir-birinizə mane ola bilərsiniz. Ziyalı qadınlar, adətən ərlərinə qarşı çox tələbkar olurlar. Hər bir hərəkətlərinə görə, hesab sorurlar. Bu isə onları sıxır, bədbəxt edir. Bir az ehtiyatlı olun, onu qorumaq və çox şeylərin üstündən keçmək lazımdır...”
Sonralar həyatın çətin məqamlarında əziz həkimin qiymətli nəsihətlərini xatırlayaraq əslində özümü məcbur edirdim ki, Cəlili bağışlayım və onun şəxsi işlərinə müdaxilə etməyim...”.
Könlünə girən gözdən uzaq olanda nə olur ki?
Kərim bəyin etiraz dolu, həm də, üstüörtülü dediyi məsələlər Həmidə xanımın taleyi oldu. Xidmətçi Olqa Şipyaginanın nikah məsələsinə münasibətini “Xatirələrim”də qələmə alan Həmidə xanım yazır: “Olqanın Mirzə Cəlildən heç xoşu gəlmirdi. Hesab edirdi ki, onun çox amansız gözləri var və məni bədbəxt edəcək. Ağlayır, yalvarıb-yaxarırdı ki, ona ərə getməyim”.
Həmidə xanımla Mirzə Cəlilin münasibətinə etiraz edənlərdən biri də, Qasım bəy Zakirin qardaşı oğlu Mustafa bəy Behbudov olur. Nikaha dəvət məktubunu alan Mustafa bəy məktubu qaytarmaqla kifayətlənmir. “Mən bundan sonra Həmidə xanımın heç bir tapşırığını yerinə yetirməyəcəyəm. Bundan sonra onu, heç tanımaq da istəmirəm”.
Xurşidbanu Natəvanın Seyid Hüseynlə nikahında olduğu kimi “Küllü-Qarabağ” bir yana olur, Həmidə xanım bir yana. O, Mirzə Cəlilin, Kərim bəy Mehmandarov da onun oduna yanır. Onlar iki bədəndə bir can - Azərbaycan olub, Əbədi sevginin xatirəsini - “Gümüş Medalyon”un əfsanəsini yaratdılar. Mövlana Cəlaləddin Rumiyə qoşulub “Könlünə girən gözdən uzaq olanda nə olur ki?” dedilər.
“Ədəbiyyat və incəsənət”
(07.08.2025)