Sevinc Şirvanlı "Qələm tutan incə əllər"də... Featured

 

İlqar İsmayılzadə,

fəlsəfə üzrə fəlsəfə doktoru, AJB və AYB-nin üzvü, "Ədəbiyyat və incəsənət"  portalının Cənub təmsilçisi

 

“Ədəbiyyat və incəsənət” portalı oxucularına "Qələm tutan incə əllər" layihəsində  Cəlilabad ədəbi mühitinin xanım yazarlarını təqdim edir. Həmin layihə çərçivəsində növbəti qələm sahibi Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndəsi, şair Sevinc Şirvanlıdır.

 

Qısa təqdimat:

Əliyeva Sevinc Kamil qızı (Sevinc Şirvanlı): 30 noyabr 1983-cü ildə Cəlilabad rayonunda dünyaya göz açıb. 1989-cu ildə Cəlilabad şəhər 8 saylı orta məktəbə daxil olmuş, 2000-ci ildə isə orta məktəbi bitirərək orta təhsil haqqında Attestatını almışdır. Daha sonra Cəlilabad şəhər 36 saylı Peşə Məktəbində ilk peşə təhsili almış, ardınca Cəlilabad şəhərində 1 il altı aylıq tibb kursuna qatılaraq burada tibb bacısı ixtisasına yiyələnmiş və Diplomunu almışdır.

Sevinc xanım bir müddət yaşadığı Cəlilabad rayonunda Tibbi Sosial Ekspert Komisiyasında tibbi qeydiyyatçı vəzifəsində işləyib. Ali təhsil almaq və hüquqşünas olmaq istəsə də bu istəyinə nail ola bilməmişdir. Hətta, bu arzusuna çatmaq üçün dərslərini, xüsusilə də tarix fənnini yaxşı oxumuşdur.

Sevinc Şirvanlı hələ uşaq yaşlarında ikən bədii ədəbiyyat sahəsinə həvəs göstərmiş və III sinifdə oxuyarkən bir sıra şeirlər qələmə almışdır. Bu sahədə peşəkar fəaliyyəti isə 11 yaşında ikən (V sinifdə oxuyarkən) başlamışdır. Onun bədii ədəbiyyat və yaradıcılıq sahəsində olan nümunələri dövrü mətbuatda işıq üzü görmüş və bir sıra kitablarda yer almışdır. İndiyədək yazdığı şeirlərdən bir qismi "Münasibət", "Vətəndaş həmrəyliyi", "Xural" və digər qəzetlərdə, həmçinin, Azərbaycan Yazıçılar Birliyinin Lənkəran Bölməsinin ədəbi-bədii orqanı olan "Şəfəq" jurnalında və eləcə də Cəlilabadda yayımlanan "Sözün işığı" jurnalında çap olunmuşdur.

2025-ci ildə Cəlilabad ədəbi mühitinin xanım yazarları barədə ilk dəfə çap olunmuş "Qələm tutan incə əllər" kitabında təqdimatı və poeziya örnəkləri dərc edilmişdir. "Həməşəra" Fəxri Diplomu laureatıdır.

Müxtəlif mövzuları ehtiva edən 100 şeirindən ibarət "Həyatı mənə sevdirən şeirlərimdir" adlı kitabı 2024-cü ildə, 50 şeirindən ibarət olan "Həsrətimi çəkəcəksən" adlı ikinci kitabı isə 2025-ci ildə Bakı şəhərində "Elm və təhsil" nəşyiyyatı tərəfindən nəşr edilmişdir.

Ədəbiyyat və poeziya sahəsində "Sevinc Şirvanlı" təxəllüsü ilə tanınan bu xanım şairin "Şirvanlı" təxəllüsünün əsaslı bir səbəbi var: Məlum olduğu kimi əslən Şamaxıdan olan Məşədi Məhəmməd Zeynal oğlu (1868-1935) XIX əsrin ilk illərində (1902-ci ildə) Şamaxıda baş vermiş güclü zəlzələdən sonra bir neçə şirvanlı tacir və ailə üzvləri ilə birlikdə ilk öncə o zaman indiki Cəlilabadın mərkəzi sayılan Hasıllı kəndinə köçmüş, amma müəyyən problemlərə görə həmin kəndi tərk edərək Astraxankaya (indiki Cəlilabad şəhərinə) gəlmişlər.

Əldə olan məlumatlara əsasən, mərhum Məşədi Məhəmməd və bir neçə varlı tacir indiki Cəlilabad şəhərinin ilk ərazisini Çar dövründə Rusiyadan bu ərazilərə köçürülmüş malakanların rəhbəri, eyni halda keçmiş Astraxanovkanın mülkədarı İnnokentiy Anikiyev oğlanlarından qızıl pulla satın almış və beləliklə də Cəlilabadda ilk olaraq 7 ailənin məskunlaşması üçün burada yaşayış evləri tikib, bu doğma diyarı adablaşdırmışlar.

Daha sonralar rayonun müxtəlif kəndləri və digər ətraf rayonlardan bura çoxsaylı insanlar gəlib məskunlaşsalar da, idiyədək Cəlilabad əhalisinin müəyyən bir hissəsi "Şamaxılı" və ya "Şirvanlı" kimi tanınır. Bu günə kimi də mərhum Məşədi Məhəmməd Zeynal oğlu cəlilabadlılar tərəfindən qurucu və xeyriyyəçi bir insan kimi hörmətlə anılır. Hal-hazırda Cəlilabad şəhərinin Heydər Əliyev prospektində yerləşən Ana heykəlinin yaxınlığında onun keçmiş zamanlarda mövcud olmuş malikanəsinin yerləşdiyi binanın qarşısında heykəli mövcuddur. (Bu barədə ətraflı məlumat əldə etmək üçün bax: "Yurdumun tarixi", İlqar İsmayılzadə, səh: 209-213; "Astraxanbazar tarixi", İlqar İsmayılzadə, səh: 22-31; "Cəlilabad tarixi", İlqar İsmayılzadə, səh: 6-7.)

Cəlilabad tarixinə qısa ekskursiyadan sonra bu əziz diyarın xanım şairlərindən olan Sevinc Şirvanlının ədəbi mühitdə daşıdığı "Şirvanlı" təxəllüsünün də hansı anlamda olduğu aydınlaşır. Çünki, onun babaları məhz həmin dövrdə Şamaxıdan bu diyara gəlmiş insanlardan olublar. Mərhum Məşhədi Məhəmməd isə Sevinc xanımın nənəsinin doğma dayısı sayılır.

Ulu Tanrıya xüsusi bağlılığı ilə tanınan Sevinc xanım şeirlərini özünün "şəxsiyyət vəsiqəsi" sayır. O, həyatda üzləşdiyi çətinlik və acılıq anlarında bir əziz anası, bir də şeirlərinə üz tutur. Özünün söylədiyinə görə, həyatda dərdlərini anasına və şeirlərinə sarılaraq bölüşməyi üstün tutur. Həyatda hobbisi evdarlıq, səfər, müqəddəs yerlərin ziyarəti, kitab oxumaq, həmçinin, gül-çiçəklərə qulluq etməkdir. Ailəlidir, Zeynəb, Zəhra və Aydan adlı üç qız övladı var.

 

Bədii ədəbiyyat nümunələri:

 

"Həsrətimi çəkəcəksən"

 

Bir gün axtararsan məni,

Bağışlayım deyə səni.

Anlayaraq günahını,

Çünki almısan ahımı,

Həsrətimi çəkəcəksən.

 

Bax günəşin işığı tək,

Gərəyin olacam sənin.

Ağladanda səni fələk,

Fikrinə Sevinc gələcək.

Həsrətimi çəkəcəksən.

 

Mənlə keçən günlərinə,

Etdiyin zülmlərinə,

Peşman olub əməlinə,

Dəyərimi biləcəksən,

Həsrətimi çəkəcəksən.

 

Həyatımı qaraltdığın,

Ömür boyu ağlatdığın,

Bir qadın tək alçaltdığın,

Sevinc deyib gələcəksən,

Həsrətimi çəkəcəksən...

 

 

“Elm öyrən!”

 

Qızım, sənə budur ilk məsləhətim,

Dilimizi öyrən, gəlməsin çətin.

Çalış ol savadlı, vüqarlı mətin,

Sən öz dilimizin saxla hörmətin.

 

Qızım, dərslərini yaxşı oxu sən,

Oxu gələcəyin işıqlı olsun.

Bilmək istəyirsən keçmişimizi

O zaman yaxşı bil tariximizi.

 

Mənim sevdiyim fənn ədəbiyyatdır,

Bizə yol göstərən mənəviyyatdır.

Var onda şairlər, ədiblərimiz,

Onlardan qalıbdır öyüdlərimiz.

 

Bütün elmlərin şahı riyaziyyat,

Onu bilməyənə çətindir həyat.

İstəsən hesabda aldanmayasan

Onun hər sirrini öyrən, ol rahat.

 

Cəmləyib özündə bütün dünyanı,

Maraqlı elmdir bu coğrafiya.

Dənizi, dağları, düzü, səhranı

Səyahət edərək kitabda tanı.

 

Canlı təbiəti öyrədir bizə,

Köməkdir insana biologiya.

Onun sayəsində öyrənirik biz

Nədən ibarətdir gözəl cismimiz.

 

Fizika, kimya, həndəsə, rəsm...

Sən özün bilərsən öyrənsən hansın.

Fərqli ola bilər düşüncələrin,

İstərəm biləsən elmin dəyərin.

 

Ömürlük vəfalı sirdaş istəsən,

Gəl indi elm öyrən, sənətə yiyələn.

Sənət də sadiqdir elə ana tək,

Səni hər halınla inan etməz tərk.

 

Son olaraq doğma elimizin tanınmış şairi Sevinc Şirvanlı xanıma uzun, sağlam, mənalı-məsud ömür, yaradıcılıq sahəsində yeni-yeni nailiyyətlər arzulayıram!

 

“Ədəbiyyat və incəsənət”

(07.08.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.