Super User
Güney Azərbaycan Ədəbiyyatı Antologiyasında Zaman Paşazadənin “Sadəcə sən bilirsən” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Ədəbiyyatı Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Parsabadda yaşayan Zaman Paşazadədir. Şeirlərin orfoqrafiyasına toxunulmayıbdır.
Zaman Paşazadə
Parsabad
SADƏCƏ SƏN BİLİRSƏN…
Indi yerin boş olsa da
Önümdəki oturacaqda kapşenimi çiyninə atmışam
Və əllərimi gözlərində qızdırıram.
Sadəcə mən bilirəm bu kafedə gözlərinin rəngində bir içki serv olur
Yoxsa çoxları qəhvəni şəkərsiz içir.
Yoxsa çoxları Jak Brelin “məni tərk etmə” mahnısını
qəhvə ilə qarışdırır
mənasını bilmədən
Sadəcə sən bilirsən bütün mənaları
Və bir an öncə tərk etdin kafeni.
Sadəcə sən bilirsən taksilər yolları qısaltmaq deyil,
hadisə yerindən uzaqlaşmaq üçündür.
Sadəcə sən bilirsən caddələr gəlmək deyil,
tərk etmək üçündür.
Sadəcə mən bilirəm
Daha Sezen get mahnısını mələməyəcək
Get
Deyəcək
Get…
Amma hardasa, ürəyinə quraşdırdığım saatlı bomba partlayıb
Düyünlü yumruğunu barmaq-barmaq parçalayacaq
Və görüşə uzanacaq əlin.
İndi yerin boş olsa da
Gözlərinin rəngi üstümə dağılmış
Və kapşenimin cibini axtarır polislər.
Sadəcə sən bilirsən mən özümü öldürməmişəm
Və qatil soyuqqanlılıqla uzaqlaşır taksidə.
“Ədəbiyyat və incəsənət”
(03.11.2025)
ANAR, “Sevdalı bulud”
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
ANAR, ŞEİRLƏR
SEVDALI BULUD
Nazim Hikmətə
Ömrün uzun yolunda
Gözləməkdən yoruldum,
Uzaq qarlı şəhərdə
Ümidlərim doğruldu.
Bir payız axşamında
Ömrümə girdi birdən
Soneşqinmöcüzəsi,
Soneşqinfaciəsi.
Nəkeçmiş, nəgələcək
Yalnız, yalnızvarindi.
İndigecəvəgündüz
Axşam, səhərsənindi.
Bueşqmacərasında
Axırqaldıqüçümüz.
Qaldıqüçümüz, gülüm,
Birsən, birmən, birölüm.
“Ədəbiyyat və incəsənət”
(03.11.2025)
Tələbə yaradıcılığı – Yusif Əhmədin hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının Tələbə yaradıcılığı rubrikasında təqdim edilən növbəti tələbəmiz Naxçıvan Dövlət Universitetitnin Jurnalistika ixtisası üzrə I kurs tələbəsi, TEC Yazarlar klubunun üzvü Yusif Əhməddir. Hekayəsi “Son uçuş” adlanır.
Mən stüardessayam.
Bilirsiniz, peşəmi necə də sevirəm? Əslində, təyyarəyə minərkən həmişə qəza anında sərnişinlərin nə etməli olduğunu onlara izah edəndə, içimdə bir boşluq hissi keçirdirdim. Düşünürdüm ki, əgər bir gün belə bir şey baş versə və mən sağ qalsam, özümü bağışlamaram.
25 dekabr 2024-cü ildə biz Bakı vaxtı ilə saat 07:56-da havaya qalxmalı idik. Təyyarənin uçuşa qalxmağına 15 dəqiqə qalırdı. Hava qaranlıq və soyuq idi. İnsanlar bir-bir yerlərini tuturdular. Hələ aralarında təyyarəyə ilk dəfə minənlər də var idi. Hər kəs yerlərini tutduqdan sonra vaxt tamam oldu. 07:56-da havaya qalxdıq. Yolumuz Qroznıya idi. Təyyarəmiz bu gün çox sakit və soyuqqanlı şəkildə uçurdu. İçimi bir narahatlıq hissi bürüdü. Axı mən təyyarənin dilini bilirdim. İllərlə bu işin içində idim.
Hər uçuşumuzda təyyarə ilə danışırdım. Ona deyirdim ki: “Dostum, xahiş edirəm səndən, heç bir nasazlığın olmasın. Bizi salamat gedəcəyimiz yerə qədər daşı.”
Sanki təyyarə mənə cavab verirdi. Həmişə bu sözləri ona deyəndə, turbulansa düşür, yavaşca titrəyərək mənə cavab verirdi. Amma bu dəfə isə dediklərimə cavab vermədi. Bu soyuqluq məni çox qorxudurdu.
Yavaşca ona pıçıldadım:
“Dostum, cavab ver mənə… Bu qədər insanların arzularını, ümidlərini, gələcəyini puç etmə.”
Dostumun mühərrikindən gələn xırıltıdan hiss etdim ki, o artıq yaxşı deyil və özünü yaxşı göstərməyə çalışır. Hələlik bunu uğurla gizlətməyə çalışırdı.
Qroznının dumanlı hava limanı uzaqdan görünürdü. Hava şəraiti çox pis idi. Hava limanı bağlanmışdı. Məcburən əvvəlcə Mahaçqalaya, sonra isə Aktauya yönəldik.
İnsanların üzündə təlaşı oxuyurdum. Bilirsiniz, bu artıq suda boğulmaq kimi bir hiss idi — necə ki insan suda boğulanda ümid edir ki, indi kimsə gəlib onu çıxaracaq… İnsanlar da ümid dolu baxışlarla mənə baxırdılar ki, onlara hər şeyin yaxşı olduğunu deyim.
Mən isə kapitanımız İqor Kşnyakinə və köməkçisi Aleksandr Kalyaninova güvənirdim. Onlar əllərindən gələn hər şeyi edirdilər ki, bircə sağ qalaq. Təyyarədə baş verən nasazlıqdan dolayı titrəmə baş verdi. Bu, məni sağ qalmağımız üçün qurduğum xəyallardan ayırdı.
Artıq dostum özünü pis hiss edirdi. Tez-tez və çılğın şəkildə turbulansa düşürdü. İçimdə ona nə qədər bağırsam da, əsəbləşsəm də, xeyri yox idi. Bəzən düşünürdüm ki, bəlkə də bağırdığım üçün belə edir. Sonra sakit tərzdə danışırdım. Bu qədər insanın sağ qalması üçün dostumu sakitləşdirməkdə əlimdən sadəcə bu kimi şeylər gəlirdi…
Saat 09:35-də artıq kritik vəziyyət idi. Qəza siqnalı verildi. İlahi, mən necə də həyəcanlanmışdım… Amma əgər bunu sərnişinlərə bildirsəydim, vəziyyət daha da gərginləşəcəkdi. Ona görə də özümü şux tutmuşdum.
09:49-da pilotlarımız Aktauya təcili eniş tələb etdilər. Təyyarəni birbaşa rejimdə idarə etməyə başladılar. Bu dəqiqələr, bu saatlar ərzində səmada neçə dəfə dövrə vurduq…
Hər zaman mənə sakit tərzdə cavab verən dostum sanki bu gün məni eşitmirdi. Elə bil ki, son dəqiqələrini yaşayırdı. Göyləri süzmək istəyirdi. Hiss edirdim ki, artıq son saatlarıdır. Deyəsən, bu gün onunla yollarımızı ayıracağıq. Bunu hiss etdikcə elə təəssüflənirdim ki, axı o mənim neçə illik dostum idi. Mühərriyi necə də xırıldayırdı. Sanki mənə demək istəyirdi ki:
“Mən heç də yaxşı deyiləm… Məni qanadlarımdan vurublar, sanki…”
Bu dəqiqələr ərzində onun necə əziyyət çəkdiyini bir mən bilirdim. Yavaşca, heç kimin eşitməyəcəyi, tez-tez vuran ürəyimdən səslənirdim:
“Bir az da dayan… Hər şey yaxşı olacaq. Biz yerə sağ çatacağıq. Sənin qanadlarını təmir edəcəyik, mühərriyindəkiı xırıltını aradan qaldıracağıq… Bircə döz.”
Nə qədər eləsək də, yerə enmirdi. Sərnişinlər necə də qorxmuşdular…
11:25-də mən sərnişinlərə səsləndim:
“Hər kəs kəmərlərini bağlasın. Hər şey…” — sözlər boğazımda düyünlənirdi. Çünki onlar ümid dolu gözlərini məndən ayırmırdılar. Hələ o təyyarəyə ilk dəfə minən sərnişinlər… Pis olmamağım əlimdə deyildi. Bunu onlara bildirməməli idim axı… Ona görə anında özümü yığışdırdım və dedim:
“Hər şey yaxşı olacaq!”
11:27 idi. Dostum son dəfə var gücü ilə dövrə vurdu. Bəlkə bir daha qalxa bilməyəcəkdi bu göylərə... Bəlkə də bu son dəfə o sərinliyi, istiliyi, dumanı, buludları, ildırımı, yağışı dadmaq istədi.
11:28 olmağına cəmi 10 saniyə qalırdı. Hər saniyədə dostuma bağırırdım. Bu saniyələrdə onun bircə “Mən bacarmadım…” sözünü eşitdim.
Artıq 11:28 idi. Ruhum getdikcə bədənimdən çıxırdı. Amma mən hələ də peşman deyildim. Heç olmadım da…
Mənimlə birgə neçə adamın ruhunun göyə qalxdığını gördüm. Artıq ruhum bədənimdən ayrılmışdı. Mənimlə birgə həlak olmuş cisimlərdən ruhları görürdüm. İş yoldaşlarım da onların arasında idi. Bütün ruhlar əl-ələ tutub göylərə qalxırdıq.
Qalxdıqca ikiyə bölünmüş dostumu gördüm. O necə də pərt olmuşdu…
Mənim adım Hökumə Əliyevadır.
İndi mən çox yaxşıyam. Dostlarım da hamısı yaxşıdır. Biz sizi göylərin ən yüksək mərtəbələrindən izləyirik.
Mən çiçəkləri çox sevirdim axı…
İndi olduğum yerdə elə gözəl çiçəklər var ki…
“Ədəbiyyat və incəsənət”
(03.11.2025)
Xalqın ruhu harada gizlənib?
Rəqsanə Babayeva,
Beyləqan Rayon Mədəniyyət Mərkəzinin rejissoru, “Gənclik” Xalq Teatrının rəhbəri, yazıçı. “Ədəbiyyat və incəsənət” üçün
Zaman hər şeyi dəyişdirir. Dəyişməyən tək bir şey var – insanın öz kökünə olan ehtiyacı. Bu ehtiyac bəzən musiqinin bir sədasında, xalçanın bir naxışında, ya da qədim bir bayramın qoxusunda özünü göstərir. Mədəni yaddaş dediyimiz o görünməz qüvvə millətin ruhunu, varlığını qoruyub saxlayan ən böyük xəzinədir.
Hər xalqın mədəni yaddaşı onun kimliyidir. Amma yaddaş yalnız muzeydə qorunan bir əşya deyil, canlı orqanizmdir. O nəfəs alır, danışır, dəyişir və bizdən qayğı gözləyir. Mədəni yaddaşın qorunması – təkcə keçmişi saxlamaq deyil, gələcəyi formalaşdırmaq məsuliyyətidir.
İtirilən simvollar – ruhumuzun qırıq parçaları
Biz çox vaxt gündəlik həyatın tələskənliyində xalqımızın əsrlər boyu yaratdığı simvolları – xalçadakı quşu, kəmərdəki ulduzu, sazın səsindəki çağırışı – görmürük. Halbuki hər biri bir məna daşıyır.
Xalça naxışlarında minillik tarix yatır: “Buta” sevgini, “Sarmaşıq” həyatın davamını, “Qoçbuynuzu” igidliyi, “Səkkizguşəli ulduz” Tanrıya bağlılığı ifadə edir. Biz bu simvolları sadəcə naxış kimi görməyə başladığımız an, mənəvi körpünü itiririk. Hər naxış, hər rəng bir düşüncə sistemidir; atalarımızın kainatı anlama modelidir.
Bugünkü gənc nəsil bu kodları oxumaqda çətinlik çəkir. Çünki məktəb proqramları, informasiya axını, sosial mediada yayılan qlobal simvollar çox zaman milli düşüncənin dərin qatlarını kölgədə qoyur. Amma xalq öz köklərini unutduqca, yad təsirlər içində ruhən kiçilir.
Xalq yaddaşının daşıyıcıları
Mədəni yaddaş təkcə yazılı tarixdə deyil, həm də sözsüz ötürülən ənənələrdə yaşayır. Nənələrimizin “layla”sı, ustaların “dua”sı, kənd toylarında çalınan “yallı”lar — bunlar hamısı xalqın kodlaşdırılmış xatirələridir.
Məsələn, “Kosa-Kosa” və “Novruz” mərasimlərində oynanan hər hərəkət – torpağın oyanışına, insanın təbiətlə vəhdətinə işarədir. Biz bu mərasimləri “əyləncə” kimi görsək də, onlar dərin mədəni semantikaya malikdir.
Eləcə də “aşıq sənəti” – yalnız sazla qoşma söyləmək deyil, həm də xalqın yaddaşını diri saxlamaq missiyasıdır. Hər aşıq öz dövrünün salnaməçisidir. Əgər bu gün gənclər aşıq dastanlarını anlamırsa, bu, təkcə marağın azalması deyil, həm də yaddaşın zəifləməsidir.
Modernləşmə və unudulmaq təhlükəsi
Texnologiyanın, sosial medianın, qlobal mədəniyyətin artması ilə insanlar “universal” olmaq istəyir. Amma universallıq, bəzən “özünə yadlaşmaq” demək olur. Ən pisi odur ki, bu yadlaşma yavaş, səssiz və “müasirlik” adı ilə baş verir.
Məsələn, gənclər xalq geyimlərini yalnız “səhnə kostyumu” kimi görür, milli ornamentlərdən ilham almaq əvəzinə, Qərb markalarının simvollarını geyimlərinə yapışdırırlar. Halbuki dünya modasında etnik motivlərə dönüş tendensiyası güclənir.
Azərbaycan və türk mədəniyyətinin zəngin vizual simvolları — “buta”, “xarı bülbül”, “bədii kalliqrafiya” — həm estetik, həm fəlsəfi dəyərlər daşıyır. Biz onları gündəlik həyatımıza, dizayna, sənətə qaytarmaqla yaddaşın canlanmasına xidmət edə bilərik.
Mədəniyyət – dövlətin səssiz dayağı
Bəzən düşünürük ki, mədəniyyət yalnız “keçmiş”lə bağlıdır. Amma əslində, dövlətin ideoloji sütunlarından biri də mədəni dəyərlərdir. Güclü dövlətlər mədəni simvollarını dünyaya ixrac edir – kinoda, musiqidə, memarlıqda, brendlərdə.
Azərbaycanın son illərdə mədəni irsə, teatr və folklor sənətinə göstərdiyi diqqət təsadüfi deyil. Dövlət teatrlarının, xalq kollektivlərinin, mədəniyyət evlərinin fəaliyyətinin bərpası təkcə incəsənət deyil, milli yaddaşın bərpasıdır.
Bu istiqamətdə rayon mədəniyyət mərkəzlərində aparılan işlər – festival və teatr layihələri – regionların mənəvi dirçəlişində mühüm rol oynayır.
Simvolları yenidən oxumaq – gələcəyə baxış
İtirilmiş simvolları tapmaq təkcə arxeoloqların yox, həm də sənətkarların işidir. Rəssamlar, rejissorlar, yazıçılar, musiqiçilər öz əsərlərində milli simvolları çağdaş dildə təqdim etməlidir.
Sənət insanı keçmişlə bu gün arasında vasitəçi kimi çıxış etməyə vadar edir.
Teatr səhnəsində qədim bir motiv – məsələn, “Xızır” obrazı, yaxud “Su” elementinin təmizləyici funksiyası – yeni bədii məna ilə təqdim oluna bilər. Bu yolla mədəni yaddaş unudulmur, əksinə, müasir təfəkkürlə yenidən doğulur.
Yaddaş yalnız qorunmalı deyil, həm də yenidən oxunmalıdır. Çünki hər nəsil öz dövrünün dilində həmin yaddaşı tərcümə etməlidir. Əks halda, ən gözəl simvollar belə muzeylərin tozlu guşələrində qalır.
Yaddaşın qorunmasında teatrın rolu
Teatr — canlı sənətdir. O, hər tamaşada yenidən doğulur. Buna görə də teatr xalqın mədəni yaddaşının ən güclü qoruyucularından biridir.
Bir tamaşada qədim oyun elementlərinin, xalq musiqisinin, milli geyimin, simvolik hərəkətlərin istifadəsi – sadəcə estetika deyil, həm də yaddaşın səhnəyə qayıdışıdır.
Xalq teatrlarının fəaliyyəti bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Onlar şəhərlərin təmtəraqlı səhnələrində yox, xalqın içində, insanların gündəlik həyatına yaxın mühitdə doğulur. Bu teatrlar unudulmaqda olan simvolları yenidən dirildirlər.
Hər tamaşa bir dua kimidir – keçmişə sayğı, gələcəyə ümid. Bu mənada mədəniyyət evləri və xalq teatrları təkcə sənət ocaqları deyil, həm də xalqın mənəvi qalasıdır.
Yaddaş yaşadıqca xalq da yaşayır
Mədəni yaddaş bir xalqın kollektiv ruhudur. Onu itirən millət, sanki, ruhunu itirir. Amma o ruh hələ yaşayırsa, deməli, simvollar tam yox olmayıb – sadəcə tozlanıb, səssizcə bizi gözləyir.
Bizim vəzifəmiz onları yenidən tapmaq, anlamını dərk etmək və gələcək nəsillərə ötürməkdir.
Bir xalçanın naxışında, bir mahnının sədasında, bir tamaşanın səhnəsində – xalqın ruhu yaşayır.
Və oruhuqorumaqhərbirimizinmənəviborcudur.
“Ədəbiyyat və incəsənət”
(03.11.2025)
Türk Mədəniyyəti və İrsi Fondu anlaşma memorandumu imzalayıb
30 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransı çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu ilə Qlobal Dözümlülük və Sülh Şurası (GCTP) arasında Anlaşma Memorandumu imzalanıb.
“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, sənədi Fondun prezidenti Aktotı Raimkulova və Qlobal Dözümlülük və Sülh Şurasının prezidenti Ahmed Aljarwan imzalayıblar.
Memorandumun məqsədi mədəni irs, sülh və dözümlülük dəyərlərinin təşviqi, qarşılıqlı anlaşmanın gücləndirilməsi və ortaq layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsidir.
Görüş sırasında çıxış edən Aktotı Raimkulova Fondun Türk dünyasının zəngin mədəni irsinin qorunması və beynəlxalq miqyasda tanıdılması istiqamətində həyata keçirdiyi fəaliyyətlərdən söz açaraq, bu əməkdaşlığın mədəni dialoq üçün yeni imkanlar yaradacağına inamını bildirib.
Öz növbəsində Ahmed Aljarwan Türk Mədəniyyəti və İrsi Fondunun sülh və mədəniyyətlərarası anlaşmanın təşviqində mühüm rol oynadığını vurğulayıb və gələcəkdə birgə təşəbbüslərin həyata keçirilməsinin beynəlxalq əməkdaşlığa töhfə verəcəyini qeyd edib.
Tərəflər arasında imzalanan sənədin gələcək layihələrin icrasında qarşılıqlı əlaqələrin daha da dərinləşməsinə xidmət edəcəyi bildirilib.
“Ədəbiyyat və incəsənət”
(03.11.2025)
Qərbi Azərbaycan mədəni irsi: tarixi abidələr və onların taleyi
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Qərbi Azərbaycan torpaqlarında çoxsaylı abidə və memarlıq nümunələri — məbədlər, karvansaralar, türbələr, qəbirüstü kitabələr, qəbiristanlıqlar, köhnə yaşayış məntəqələri mövcud olmuşdur. Bu abidələr türk‑əlaqəli etnik elementlərin dili, dövrü, memarlıq üslubu və epigrafik izləri ilə zəngindir. Məsələn, bir tədqiqatda qeyd edilmişdir ki, “Aysasi” kəndində VII‑XIII əsrlərə aid qəbirüstü kitabələrdə vuruşan atlardan, saz çalan fiqurlardan və şir təsvirlərindən ibarət motivlər var, bu da həmin məkanın türk‑mədəni kökləri olduğunu göstərir. Ayrıca, “Return: Our Material‑Cultural Heritage in Western Azerbaijan” adlı elmi nəşrdə 144 abidənin adları, təsnifatı və cari vəziyyəti təqdim edilmişdir: 21 ziyarətgah‑müqəddəs məkan, 6 məscid, 12 qəbirüstü kitabə monumenti, 16 qala, 5 karvansara və s.
Bu da onun göstəricisidir ki, bölgə yalnız milli deyil, eyni zamanda mədəni irs baxımından çox zəngindir.
Abidələrin taleyi və problemlər
Abidələrin qorunması və onların mövcud vəziyyəti müxtəlif təzyiqlərə məruz qalmışdır. Bir neçə əsas problem sahələri aşağıdakılardır:
- Dağılma, tərk edilmə və baxımsızlıq: Tədqiqatlar göstərir ki, 532 abidədən illik sahədə müəyyən edilmiş 144‑ü tam şəkildə tədqiq edilmişdir və onların arasında 32 abidə məhv edilmiş, 42 abidə xarabalığa çevrilmiş, 70 abidə isə mənimsənilmiş və ya qeyri‑rəsmi kontrollar altına düşmüşdür.
- Etnik‑siyasi münaqişə və vandalizm: Məqalədə bildirilir ki, bölgədəki abidələrdən bəziləri “erməni tərkibli işğal siyasəti” kontekstində dağıdılmışdır; abidələrə misal olaraq Erivan qalası (Erivan Fortress), Abbas Mirzə məscidi kimi məscidlər göstərilir.
- Beynəlxalq nəzarət və monitorinqin çatışmazlığı: Yerli ictimai təşkilatlar və abidə müdafiəçiləri bildirirlər ki, beynəlxalq təşkilatlar (məsələn, UNESCO, ICESCO) tərəfindən monitorinq və müdaxilə imkanları məhdud olmuşdur.
- Məlumatların qeyri‑tamlığı və arxiv işlərinin məhdudluğu: Abidələrin tarixi, orijinal memarlıq üslubları və arxiv sənədləri haqqında müstəqil elmi tədqiqatlar azdır və bu sahədə ciddi boşluqlar mövcuddur. Məsələn, nəşrlər abidələrin vəziyyətini təqdim etsə də, bəzi hallarda orijinal tikinti və memarlıq haqqında tam arxiv məlumatı olmur.
Nəticələr və gələcək perspektivlər
Bu abidələrin taleyi milli-mədəni yaddaş, kimlik və etnoqrafik araşdırmalar üçün vacibdir. İrəliyə baxdıqda bir neçə vacib məqam önə çıxır:
· Qərbi Azərbaycan abidələri yalnız həmin bölgənin deyil, ümumilikdə türk‑ası mənşəli mədəniyyətin təzahürüdür; onların qorunması isə milli irsin qorunması ilə bərabər, beynəlxalq mədəni irs çərçivəsində də əhəmiyyət kəsb edir.
· Məhv edilmiş və ya xarabalığa çevrilmiş abidələr gələcək nəsillərə keçə biləcək tarix, memarlıq və estetik dəyərləri itirməklə nəticələnir. Bu həm milli identifikasiyanın zəifləməsi, həm də elmi araşdırma üçün böyük itki deməkdir.
· İctimai şüurun formalaşmasında və diaspor fəaliyyətində bu abidələrin tanıdılması, elektron bazaların yaradılması və beynəlxalq müzakirələrə daxil edilməsi zəruridir. Artıq belə təşəbbüslər mövcuddur, məsələn, “Return: Our Material‑Cultural Heritage in Western Azerbaijan” kitabı və dijital kataloqlar.
· Qorunma və bərpa işləri üçün həm yerli, həm beynəlxalq təşkilatların əməkdaşlığı vacibdir. Abidələrin yalnız siyahıya alınması yox, aktiv olaraq bərpa edilməsi və turizm-mədəni resurs kimi inteqrasiya olunması da perspektivlərdəndir.
· Elmi‑araşdırma baxımından, abidələrin memarlıq-tarixi üslubları, epigrafik mətnləri, məkan‑fonu və sosial konteksti daha dərindən işlənməlidir. Bu sahə magistr və doktorluq tədqiqatları üçün böyük potensial təklif edir.
“Ədəbiyyat və incəsənət”
(03.11.2025)
Türk dünyası məşhurları – NİZAMİ GƏNCƏVİ
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Ədəbiyyat Fondunun “Ədəbiyyat və incəsənət” portalında yayımlanan Türk dünyası məşhurları layihəsində bügünkü təqdimat Nizami Gəncəvi barədədir.
Nizami Gəncəvi (təxminən 1141–1209) — türk və ümumşərq ədəbiyyatının ən parlaq simalarından, bəşəri düşüncənin klassiklərindən biri kimi tanınır. O, Gəncə şəhərində doğulmuş, ömrünün böyük hissəsini orada keçirmişdir. Nizami yalnız bir şair deyil, həm də müdrik bir filosof, humanist və mədəniyyət daşıyıcısı idi. Onun yaradıcılığı türk-islam sivilizasiyasının intellektual və mənəvi yüksəlişinin simvolu hesab olunur.
Nizami Gəncəvinin ədəbi irsinin əsasını “Xəmsə” — beş böyük poema təşkil edir: “Sirlər Xəzinesi” (Məxzanül-əsrar), “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi Gözəl” (Həft Peykər) və “İsgəndərnamə”. Bu beşlik təkcə poetik sənət abidəsi deyil, həm də bir elmi-fəlsəfi sistemdir. Hər bir əsərində Nizami insan, kainat, ədalət, sevgi, hikmət və ilahi kamillik anlayışlarını özünəməxsus poetik dildə izah edir.
“Sirlər Xəzinesi” onun yaradıcılığının fəlsəfi və mənəvi başlanğıc nöqtəsidir. Bu əsərdə o, insan ruhunun təkamülü, mənəvi saflıq və elmin dəyəri haqqında dərin mülahizələr irəli sürür. Nizami bu əsərlə göstərir ki, əsl hikmət insanın daxili aləminin işığı ilə ölçülür.
“Xosrov və Şirin” isə həm romantik, həm də siyasi məzmun daşıyan bir poemadır. Burada Nizami dövlət idarəçiliyində ədalət, səmimiyyət və fədakarlığın vacibliyini ön plana çəkir. Şirin obrazı türk-iran ədəbiyyatında qadın ləyaqətinin və mənəvi gücün simvoluna çevrilmişdir.
“Leyli və Məcnun” — bəşəri sevgi fəlsəfəsinin ən dərin poetik təzahürlərindən biridir. Nizami bu əsərdə eşqi cismani deyil, ilahi təbiətin təcəssümü kimi təqdim edir. Onun bu yanaşması sonrakı əsrlərdə həm türk, həm fars, həm də ərəb poeziyasında eşq motivlərinin inkişafına istiqamət vermişdir.
“Yeddi Gözəl” əsərində Nizami kainatın harmoniyasını və insan həyatının mənəvi mərhələlərini bədii obrazlarla izah edir. Buradakı yeddi planet və yeddi gözəl motivi, həm astronomik, həm də etik simvolizm daşıyır. Bu əsər həm də sosiomədəni baxımdan maraqlıdır — o, türk və İran mədəniyyət elementlərinin sintezini əks etdirir.
“İsgəndərnamə” — Nizaminin dünyagörüşünün zirvəsidir. Burada o, İsgəndəri fəthçi kimi deyil, hikmət axtaran bir filosof kimi təqdim edir. Bu, Nizaminin dünya siyasəti, elmi və din arasında tarazlıq axtarışının ifadəsidir.
Nizami Gəncəvi təkcə poetik yaradıcılığı ilə deyil, həm də dil və mədəni kimlik baxımından mühüm əhəmiyyət kəsb edir. O, türkcə düşünən, amma farsca yazan klassik idi. Bununla belə, onun əsərlərində türk etik və mədəni kodları — ədalət, mərdlik, bəşəri sevgi və ruhani müdriklik dərin şəkildə əks olunur. Bu baxımdan o, türk dünyasının ortaq mədəni irsinə daxil olan ən universal şəxsiyyətlərdən biridir.
Nizaminin təsiri çoxşaxəlidir. Onun ideyaları Əlişir Nəvai, Füzuli, Xəyyam, Həfiz, Sədi kimi sonrakı klassiklərin yaradıcılığında əksini tapmış, Avropa ədəbiyyatına da dolayı yolla təsir göstərmişdir. Onun humanist dünyagörüşü, elmə və mənəviyyata çağırışı bugünkü dövrdə də aktuallığını qorumaqdadır.
Nizami həm də qadın azadlığı və bərabərliyi ideyasını erkən orta əsrlərdə irəli sürən nadir mütəfəkkirlərdən idi. “Xosrov və Şirin” və “Yeddi Gözəl” əsərlərində qadın obrazlarını mənəvi və intellektual cəhətdən kişidən üstün mövqedə təsvir etməsi, onu dövrünün ən qabaqcıl humanistlərindən birinə çevirir.
Nizami Gəncəvinin dünyagörüşü — rasionalizm və iman, elmi bilik və ilahi hikmətin vəhdəti üzərində qurulmuşdu. Onun əsərlərində həm Aristotel, Platon və İbn Sina kimi filosofların təsiri, həm də türk sufizminin dərin mistik ruhu hiss olunur.
O, 1209-cu ildə Gəncədə vəfat etmiş və orada dəfn olunmuşdur. Onun məqbərəsi bu gün Azərbaycan xalqının milli-mədəni yaddaşının rəmzinə çevrilmişdir.
“Ədəbiyyat və incəsənət”
(03.11.2025)
Həm Gülnaz, həm də Gülçöhrə
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Musiqili komediya janrı Azərbaycan incəsənətinin ən şöhrətli janrlarındandır, ən azından, bu janrda heç vaxtdan dəbdən düşməyəcək “O olmasın, bu olsun” və “Arşın mal alan” var.
Zaman zaman nusiqili komediyamızda parlayan aktyor və aktrisalarımız az olmayıb. Bu gün onlardan biri – bu gün anım günü qeyd edilən Zümfira Quliyeva barədə danışacağıq.
Zemfira Quliyeva 23 noyabr 1937-ci ildə Gəncə şəhərində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının (indi ki Bakı Musiqi Akademiyası) vokal fakültəsinin solo oxu şöbəsinə daxil olub. 30 iyun 1962-ci ildə ali təhsilini başa vurub. Zemfira xanım ikinci kursda oxuyanda bəstəkar Süleyman Ələsgərovun və rejissor Şəmsi Bədəlbəylinin təşəbbüsü ilə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına işə dəvət olunub. İki il bu kollektivdə çalışıb. Bir sıra tamaşalarda əsəs partiyaları oynayıb.1960–1963-cü illərdə Azərbaycan Dövlət Radiosunun xorunda çalışıb.
1963-cü ildə Musiqili Komediya Teatrının aparıcı solisti götürülüb. Zemfira Quliyeva otuz ildən çox Musiqili Komediya Teatrının reperturarındakı, demək olar əsas tamaşaların qəhrəman sevgili obrazlarını uğurlu ifa edib. Yaradıcılığının son bir neçə ilində isə tipik personajların səhnə surətini yaradıb. Musiqili Komediya Teatrının yaradıcılığı yolunda, solist ifaçılığında formalaşmasında özünə məxsus xidmətlər göstərən Zemfira Quliyeva 1982-ci ildə Azərbaycan SSR əməkdar artisti fəxri adı ilə təltif olunub. Aktrisa 3 noyabr 1997-ci ildə Bakıda vəfat edib.
Filmoqrafiya
- Zəncirbənd - Çimnaz
Azərbaycan Dövlət Musiqili Komediya Teatrında oynadığı rollar (1963–1997)
1. Gülnaz və Gülçöhrə-"Məşədi İbad","Arşın mal alan"(Üzeyir Hacıbəyov)
2. Səlmə, Qonşu qız, Gülər, Gülnar, Həkim-"Özümüz bilərik","Milyonçunun dilənçi oğlu","Sevincik qız axtarır","Olmadı belə oldu belə"(Süleyman Ələsgərov və Şıxəli Qurbanov)
3. Çiçək-"Ev bizim sirr bizim"(Novruz Gəncəli və Şəfiqə Axundova)
4. Sona-"Hacı Qara"(Mirzə Fətəli Axundov və Şəmsi Bədəlbəyli)
5. Ulduz-"Ulduz"(Sabit Rəhman, Süleyman Ələsgərov)
6. Pəri-"Altı qızın bir Pəri"(Məhərrəm Əlizadə və Tofiq Bakıxanov, Nəriman Məmmədov)
Allah rəhmət eləsin!
Amin!
“Ədəbiyyat və incəsənət”
(03.11.2025)
Görkəmli naşir və tərcüməçi
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycanda bir vaxtlar naşirlər pleadası var idi. Bu sənətin peşəkarları olan bu şəxslər poliqrafiya işinin xiridarı idilər. Çox təəssüf ki, hazırda bu sahədə yalnız təsadufi şəxslər çalışırlar, sənət olaraq bu sənət itib batmaqdadır. Günümüzdə tək bir peşəkar naşir qalıbdır, Şəddat Cəfərov. Mənsə sizə bu pleadanın görkəmli nümayəndəsi Mustafa Əfəndiyev barədə danışmaq istəyirəm.
Mustafa Əfəndiyev 1918-ci ildə Füzuli şəhərində anadan olub, orta təhsilini bitirdikdən sonra müəllim işləyib, 1939-cu ildə SSRİ–Finlandiya, daha sonra İkinci Dünya müharibəsində ön cəbhədə döyüşüb və ağır yaralanıb.
Müharibədən sonra yazı-pozu işinə böyük marağı özünü göstərib. O, 1950–1955-ci illərdə M. Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. Bu universitetin jurnalistika fakültəsini bitirən ilk azərbaycanlı kimi tarixə düşübdür.
Moskva təhsilindən sonra Vətənə qayıdan Mustafa Əfəndiyev redaktorluq fəaliyyətinə başlayıb. 1960-cı illərdən etibarən Azərbaycan Dövlət Nəşriyyatında (Azərnəşr) baş redaktor və 1970-ci illərdən ömrünün sonuna kimi nəşriyyatın direktoru vəzifəsində çalışıb.
Mustafa Əfəndiyev "1001 gecə" nağıllarının 5-ci cildini, L. Tolstoyun "Hacı Murad" povestini və uşaq hekayələrini, A. Çexovun hekayələrini, R. Kiplinqin "Mauqli", L. Kerrolun "Alisa möcüzələr diyarında" kimi məşhur romanlarını, M. Qorkinin "Günəşin övladları" pyesini, Yelin Pelinin, V. İvanovun, A. Çakovskinin, S. Uluqzadənin və b. əsərlərini dilimizə tərcümə edib.
Onun tərcümə yaradıcılığı Azərbaycan tərcümə ədəbiyyatının inkişafında və zənginləşməsində əhəmiyyətli rol oynayıb.
Mustafa Əfəndiyev 3 noyabr 1982-ci ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(03.11.2025)
O, hər dəfə Bakıya gələndə ilk işi Səməd Vurğunun məzarını ziyarət etmək olub
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Sovet dönəmində bir ədəbiyyatda məşhurluq kultu var idi, məsələn, Vevgeni Yevtuşenko, Boris Oleynik, Nodar Dumbadze, Səməd Vurğun... Bu sırada bu gün anım günü olan Dağıstan şairi Rəsul Həmzətov da yer almışdı. Rəsulun Həmzətovun poeziyası – əsrin böyük hadisəsi, əsrin böyük möcüzəsi hesab edilir. Onun anadan olduğu gün - 8 sentyabr Rusiya Xalqlarının Dilləri Günüdür.
Rəsul Həmzətov 8 sentyabr 1923-cü ildə Dağıstanın Xunzax rayonunun Sada kəndində, şair Sadasa Həmzətin ailəsində dünyaya göz açıb. Milliyyətcə avardır. Onun ilk müəllimi atası olub. Rəsul Həmzətov özünün ilk şeirini 11 yaşında yazıb. Kənd məktəbini bitirdikdən sonra pedaqoji məktəbə daxil olub. 1940-cı ildə bir vaxtlar oxuduğu məktəbə müəllim işləməyə qayıdıb. Ancaq burada o, uzun müddət işləməyib. Bir neçə iş yerini dəyişən Həmzətov, avar səyyar teatrında rejissor köməkçisi, "Bolşevik qor" qəzetində və radioda işləyib.
1943-cü ildə ilk şeirlər toplusu – "Sevgi məşəli və acı ədavət" çap olunub. 1945–1950-ci illərdə Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda oxuyub. 1947-ci ildə rus dilində ilk şeirlər kitabı işıq üzü görüb. Bundan sonra rus və avar dillərində Rəsul Həmzətovun 25-dən çox kitabı dərc olunub.
Rəsul Həmzətov Dağıstan Xalq Şairi, Sosialist Əməyi Qəhrəmanı adlarına, eləcə də Lenin mükafatı, Rusiya və SSRİ Dövlət Mükafatı, "XX əsrin ən yaxşı şairi" beynəlxalq mükafatına, Asiya və Afrika yazıçılarının Lotos mükafatına layiq görülüb. O həmçinin Cəvahirləl Nehru, Firdovsi, Xristo Botev, Şoloxov, Lermontov, Fadeyev, Süleyman Stalski və Sadasa Həmzət adına mükafların laureatıdır.
2003-cü ilin sentyabrın 8-də şairin 80 illiyində Rusiya prezidenti Vladimir Putin ona vətən qarşısındakı xüsusi xidmətlərinə görə, ölkənin ən böyük mükafatını bağışlayıb. Mahaçqala və Moskvanın teatr və konsert zallarında, həmçinin Sofiya, Varşava, Berlin, Budapeşt və başqa mədəniyyət mərkəzlərinin zallarında Rəsul Həmzətovun poetik gecələri müvəffəqiyyətlə qeyd olunub. Öz doğma avar xalqının böyük oğlu olan Rəsul Həmzətov Dağıstan dağlarındakı kiçik Sada auluna da və bütün yer kürəsinə də eyni dərəcədə mənsubdur.
Rəsul Həmzətov Dağıstan şairi olsa da, Dağıstanda böyüyüb boya-başa çatsa da Azərbaycana, onun xalqına, poeziyasına çox bağlı olub. O, özünün nə qədər müdrik şeirlərini Azərbaycana həsr edib. Bakıya, neftçilərə, dəniz şəhərimizə və özü "böyük ustadım" deyə çağırdığı Səməd Vurğuna. Rəsul Həmzətov hər dəfə Bakıya gələndə elə vağzaldan, yaxud hava limanından maşınını birbaşa Fəxri xiyabana sürdürüb, əlində tər çiçəklər böyük ustadın məzarına yaxınlaşıb. Sirli sükut içində onunla danışıb söhbət edib, ondan sonra – oğulluq borcunu yerinə yetirən sənətkar asta, yorğun addımlarla mehmanxanaya yollanıb. Rəsulun şeirlərinin bir hissəsini Azərbaycan dilinə Tofiq Bayram tərcümə edib.
Rəsul Həmzətov 2003-cü il noyabr ayının 3-də vəfat edib. O, Mahaçqalada Tarki-tau dağlarının ətəyindəki qəbiristanlıqda, həyat yoldaşı Patimatın qəbri ilə yanaşı dəfn edilib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(03.11.2025)


