ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

“Atam mərhum Ramiz Quliyev, Xalq artisti, görkəmli tarzən Nazim Rzayevlə yaxından tanış idi və dostluq edirdi. Mənə danışırdı ki, onlar müxtəlif əsərlərin üzərində birlikdə çalışıblar, birgə fotolarını da görmüşəm. Sonralar məni konkret olaraq hansı əsərləri ifa etdikləri maraqlandırdı. Atam deyirdi ki, onlar dəfələrlə plenumlarda, qurultaylarda çıxış ediblər və bir çox Azərbaycan bəstəkarının əsərləri ilk dəfə Nazim Rzayevin rəhbərliyi ilə kamera orkestrinin ifasında səslənib”. Drijor, Əməkdar artist Eyyub Quliyev

 

Nazim Rzayev 14 fevral 1925-ci ildə Bakıda anadan olub. 1951-ci ildə P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasını skripka üzrə (professor Marina Kozolunovanın sinfi) bitirib. Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında orkestrin konsertmeysteri və Azərbaycan Dövlət Konservatoriyasında kamera sinfi üzrə müəllim vəzifəsində işləyib.

1958-ci ildə ifaçılıqdan dirijorluğa keçib. Bir il sonra Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyünün hazırlanmasında fəal iştirak edib. 1961–1963-cü illərdə SSRİ xalq artisti Aleksandr Melik-Paşayevin rəhbərliyi ilə Moskvanın Böyük Teatrında dirijorluq təcrübəsi keçib. Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Konservatoriyasının opera studiyasına rəhbərlik edib.

Onun rəhbərliyi ilə studiyada Çimarozanın "Gizli nikah", Üzeyir Hacıbəyovun "Koroğlu" və Fikrət Əmirovun "Sevil" operaları tamaşaya qoyulub. Nazim Rzayev Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin fəaliyyətində də yaxından iştirak edib. Onun dirijorluğu ilə Bethoven, Çaykovski, Brams, R. Ştraus, Qara Qarayev, Fikrət Əmirov və başqa bəstəkarların əsərləri ifa olunub.

1964-cü ildə Azərbaycan televiziyası və radiosunun kamera orkestrinin bədii rəhbəri və baş dirijoru işləməyə başlayıb. Onun rəhbərlik etdiyi bu orkestrin Üzeyir Hacıbəyovun "Sənsiz" romansı, Qara Qarayevin "Yeddi gözəl" baletində Aişənin rəqsi və "İldırımlı yollarla" baletindən qızlar rəqsini ifa edib. Sonralar dirijorun repertuarında Qara Qarayevin Üçüncü simfoniyası və Klassik süitası, Fikrət Əmirovun "Nizami" simfoniyası, "Gülüstan-Bayatı-Şiraz" muğamı və "Min bir gecə" baleti mühüm yer tutub

Nazim Rzayev rəhbərlik etdiyi kamera orkestri ilə SSRİ-nin bir sıra şəhərlərində, xarici ölkələrdə qastrolda olub. O, 1984–1985-ci illər teatr mövsümündə Ankara Dövlət Opera və Balet Teatrında Üzeyir Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasının quruluşçu dirijoru olub. Fəaliyyətinin sonrakı illərində isə Türkiyədə işləyib. Dirijor pedaqoji fəaliyyətlə də məşğul olub, 1952-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib. 1968-ci ildə dosent, 1985-ci ildə professor adlarını alıb.

 

Mükafatları:

- "Azərbaycan SSR xalq artisti" fəxri adı

- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

- SSRİ Dövlət mükafatı

- Azərbaycan SSR Dövlət mükafatı

- "Şərəf nişanı" ordeni

- Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı

 

Dirijoru olduğu filmlər

Arşın mal alan

Biri vardı, biri yoxdu... 

Bizim Cəbiş müəllim

Əmək və qızılgül

 

Görkəmli dirijor Nazim Rzayev 2 may 2006-cı ildə Türkiyədə - Əskişəhərdə vəfat edib.

2025-ci ildə onun 100 illik yubileyi münasibətilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında təntənəli konsert keçirilmişdi. Mən bu konsert üzərində nisbətən geniş dayanacağam. Fəxriyyə Məmmədovanın yazdığına görə, bu konsert həm əsər seçimi, həm ifa səviyyəsi, həm də ideya yükü baxımından yüksək bədii dəyərə malik idi. Gecə Nazim Rzayev şəxsiyyətinin və irsinin layiqincə anılması ilə yanaşı, Azərbaycan musiqi həyatında kamera orkestrinin rolunu bir daha nümayiş etdirmişdi.

Konsertdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış etmiş, orkestri dirijor Əyyub Quliyev məharət və xüsusi şövqlə idarə etmişdir. Konsertin solistləri violin ifaçısı Elvin Hoca Qəniyev və metso-soprano Aytac Şıxəlizadə olmuşdur. Konsertin əsas ideyası və məqsədi Azərbaycan musiqi mədəniyyətində silinməz iz qoymuş Nazim Rzayevin zəngin yaradıcılıq irsini xatırlamaq, onun Azərbaycan musiqi tarixində rolunu bir daha vurğulamaq idi.

Bu baxımdan proqramın məzmunu və seçilmiş əsərlər xüsusi dramaturji məntiqə əsaslanaraq tərtib edilmişdi. Konsertin giriş sözü sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadəyə həvalə olunmuşdu. Zümrüd xanım çıxışında Nazim Rzayevin sənətkar obrazını 60-cı illər musiqi mədəniyyəti kontekstində təqdim edərək, onun Azərbaycan musiqisi üçün əfsanəvi şəxsiyyət olduğunu qeyd etmişdi.

Çıxış zamanı dirijorun həyat və yaradıcılıq yolu, təhsili, tutduğu vəzifələr və onun dirijorluğu altında səslənmiş Azərbaycan musiqisinin şah əsərləri və dünya musiqisi əsərləri  haqqında ətraflı məlumat verilmişdi. Konsertin proqramı Hendelin 3 saylı "Su üzərində musiqi" süitası ilə açılmışdı. Barokko dövrünə aid bu əsərin proqramın əvvəlində səsləndirilməsi təsadüfi deyildi. Məlum olduğu kimi, Nazim Rzayev öz fəaliyyətində barokko musiqisinə xüsusi önəm vermiş və həmin dövrün nadir ifa olunan nümunələrini kamera orkestrinin repertuarına daxil etmişdir.

Orkestr Hendelin musiqisini üslub xüsusiyyətlərinə uyğun olaraq yüngül faktura, aydın frazirovka və balanslı dinamika ilə təqdim etmişdi. Proqramın növbəti əsəri Feliks Mendelsonun violin və orkestr üçün re minor konserti olmuşdu. Bu əsərdə solist kimi Elvin Hoca Qəniyev çıxış etmişdi. Solistin ifası yüksək texniki məharəti ilə yanaşı, dərin bədii duyum və emosional zənginliklə seçilirdi. Qeyd edək ki, E.H.Qəniyevin bu gecədə iştirakı təsadüfi deyildi. Onun babası, müqtədir musiqiçi Sərvər Qəniyev Azərbaycan Dövlət Kamera Orkestrinin ilk konsertmeysteri və solistlərindən olmuş, 80-ci illərdə Nazim Rzayev Türkiyədə yaradıcılıq ezamiyyətində olarkən orkestrə bir müddət rəhbərlik etmişdi.

Konsertin davamında Qara Qarayevin "Mən sizi sevirdim" və "Gürcüstan təpələrində" romansları səslənmişdi. Bu əsərlərin proqramda yer alması da dərin simvolik məna daşıyırdı. Fikrət Əmirovla bahəm, Qara Qarayev Azərbaycan Dövlət Kamera Orkestrinin yaranmasının əsas təşəbbüskarlarından biri olmuş, Nazim Rzayev isə bu romansları məhz kamera orkestri üçün işləyərək onlara yeni nəfəs vermişdi.

Solist Aytac Şıxəlizadənin ifası səs tembrinin zənginliyi, mətnin emosional dərinliyinin incə şəkildə çatdırılması və orkestr ilə harmonik vəhdəti ilə seçilirdi. Bakıda ilk dəfə ifa olunan Adam Veselovskinin "Mələklərin mahnısı" əsərinin səsləndirilməsi konsertə xəfif kədər aşılanmış lirik notlar gətirmişdi və proqramın üslub rəngarəngliyini artırmışdı.  Ardınca Çaykovskinin "Gün hökm sürür" romansı ifa olunmuşdu ki, bu da proqramın lirik xəttini daha da gücləndirmişdi.

Konsertin sonuna yaxın dirijor Əyyub Quliyev qısa çıxış edərək Nazim Rzayev irsinin Azərbaycan musiqi mədəniyyəti üçün əhəmiyyətini vurğulamışdı və bu irsin davamlı şəkildə tədqiq olunmasının vacibliyini qeyd etmişdi. Konsert Fikrət Əmirovun "Min bir gecə" baletindən "Şəhrizadın bayramı" və final səhnəsinin ifası ilə yekunlaşmışdı. Həmin musiqi parçasının ifası da təsadüfi deyildi. Bəllidir ki, məhz Nazim Rzayev "Min bir gecə" baletinin ilk musiqi rəhbəri olmuşdur.

Bu möhtəşəm final proqramın ideya və emosional kulminasiyası olmuşdu.

Mən yazımı drijor, Əməkdar artist Eyyub Quliyevin sözləri ilə açmışdım. Elə onun sözləri ilə də yekunlaşdırıram:

“Nazim Rzayevin yaradıcılıq bioqrafiyasında xüsusi yeri Fikrət Əmirovun “Min bir gecə” baleti tutur. Bu şah əsərin səhnə taleyi Nazim Rzayevin adı ilə sıx bağlıdır. O, baletin əsas dirijorlarından biri olub və baletin uğuruna görə SSRİ Dövlət mükafatına layiq görülüb. Əlbəttə, belə uğurlar böyük peşəkar nüfuz olmadan mümkün deyil. F.Əmirov kimi bəstəkarın etimadını qazanmaq üçün çox möhkəm bədii baza və qüsursuz zövq tələb olunur.”

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2026)

Nemət Tahir,

 “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

1 may 2026-cı il tarixdə Ağdam Muğam Mərkəzində Azərbaycanın Milli Qərəmanı Baxşeyiş Paşayevin 90 illik yubileyi qeyd edilib.

 

Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Milli Qəhrəmanın ailə üzvləri, döyüş yoldaşları, şəhid ailələri, qazilər, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, din xadimləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamış, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, onların ruhuna dualar oxunmuşdur. Tədbirdə Milli Qəhrəmanın döyüş yolundan bəhs edən videoçarx nümayiş etdirilib. Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər Baxşeyiş Paşayevin Azərbaycanın müstəqilliyi uğrunda qəhrəmanlıqla mübarizə aparmasından, xalqımızın azadlığını hər şeydən uca tutmasından, bu yolda həyatını qurban verərək ən uca zirvəyə-Şəhidlik məqamına ucalmasından bəhs etmişlər. Sonda Milli Qəhrəmanın ailə üzvləri çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Tədbirdən sonra şəhidin məzarı ziyarət olunub.

Bəli, 1-ci Qarabağ müharibəsi şəhidliyinin yaşı artıq 32-33-dür. Və çəhidlərin yaşları isə ən gənclərində 50-ni haqladı. Baxşeyiş Paşayev kimi ortayaşlı döyüşçülərdə isə bu rəqəm gördüyünüz kimi, artıq 90-dır.

Onların təqvim yaşı durmadan artacaq, özləri isə o yaşda – şəhidlik zirvəsinə yüksəldikləri yaşda qalacaqlar.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2026)

 

Xanım Aydın,

“Ədəbiyyat və incəsənət”

 

  Hər bir şəhərin inkişafı rabitə vasitələrinin təkmilləşdirilməsi olmadan mümkün deyil. Bəşəriyyət xəbərçilərdən və siqnal tonqallarından başlayaraq poçta, teleqrafa və nəhayət, gündəlik həyatı köklü şəkildə dəyişdirən telefona qədər uzun bir yol keçib.

 

 Rusiya imperiyasında ilk telefon danışığı 1879-cu ildə Sankt-Peterburq — Malaya Vişera xətti üzrə baş tutub. Artıq 25 sentyabr 1881-ci ildə “Şəhər telefon rabitəsinin qurulması və istismarı üzrə əsas şərtlər” təsdiq olunub. Bu sənədə əsasən, özəl sahibkarlara 20 il müddətinə telefon şəbəkəsi qurmaq və işlətmək hüququ verilirdi, müddət bitdikdən sonra isə şəbəkə dövlətə təhvil verilməli idi. Bu qaydalar Bakı da daxil olmaqla bir sıra şəhərlərdə tətbiq olunub.

 

 

 

Lakin hələ 1881-ci ilin əvvəlində “Nobel qardaşları” cəmiyyəti Bakıda telefon xətti çəkmək üçün icazə almışdı. Artıq 23 noyabr (6 dekabr) tarixində “Bell” şirkətinin istehsalı olan, uzunluğu 6 km təşkil edən ilk telefon xətti istifadəyə verildi. Bu xətt “Petrolea” villası ilə şirkət rəhbərliyinin evlərini birləşdirirdi. Məhz bu tarix Azərbaycanda telefon rabitəsinin başlanğıcı hesab olunur. Bəzi mənbələrə görə, həmin dövrdə “Qafqaz və Merkuri” gəmiçilik cəmiyyəti də oxşar xətt çəkmişdi.

 1886-cı ildə şəhər telefon şəbəkəsinin tikintisinə başlanıldı. İlk stansiya Poliseyskaya küçəsində Tumaevin evində yerləşirdi. Həmin dövrdə Bakıda cəmi 40-a yaxın abunəçi var idi. Şəbəkənin infrastrukturu 20 il ərzində bu sahədə konsessioner olan sahibkar Qustav Listə məxsus idi.

 

  

 

Əvvəlcə xətlərin binaların damları ilə çəkilməsi planlaşdırılsa da, ev sahiblərinin etirazı səbəbindən telefon dirəkləri quraşdırılmağa başlandı. Hər dirəkdə altı travers yerləşdirilir və bu, 36 abunəçiyə xidmət göstərməyə imkan verirdi. Qustav List bəzən şəhərin işıq dirəklərini çıxarıb onların yerinə telefon dirəkləri quraşdırırdı ki, bu da şəhər duması ilə mübahisələrə səbəb olurdu.

Rabitə “Ericsson” şirkətinin əl kommutatorları vasitəsilə həyata keçirilirdi. Bu işlə “barışnyalar” adlandırılan telefonçu qızlar məşğul olurdu. Onlara ciddi tələblər qoyulurdu: boy hündürlüyü, güclü yaddaş, xarici dilləri bilmə və mütləq subay olmaq. Onlar çətin şəraitdə çalışır, onlarla abunəçiyə xidmət göstərir və yüzlərlə zəngi cavablandırırdılar.

 

  

 

XX əsrin əvvəllərində şəbəkə sürətlə genişlənirdi. 1907-ci ildə şəhər mərkəzində 1200 abunəçiyə xidmət göstərən 7 kommutator fəaliyyət göstərirdi. 1906-cı ildə şəbəkə şəhər idarəsinin balansına keçdi. 1908-ci ildə onun genişləndirilməsi qərara alındı, 1911-ci ildə isə Bakıda ilk taksofonlar quraşdırıldı. Həmin ildə Bakı — Yelizavetpol — Tiflis istiqamətində şəhərlərarası rabitənin yaradılmasına başlanıldı. 1913-cü ildə abunəçilərin sayı 4176 nəfərə çatdı.

1918-ci ildə siyasi dəyişikliklərdən sonra rabitə Poçt və Teleqraf Nazirliyinin tabeliyinə verildi. 1920-ci ildə sovet hakimiyyəti qurulduqdan sonra bütün telefon şəbəkələri milliləşdirildi. 1927-ci ildə Avropanın ən uzun rabitə xətlərindən biri — Leninqrad — Bakı (3268 km) istifadəyə verildi. 1928-ci ildə Bakıda telefon nömrələrinin sayı 5185-ə çatdı.

 

  

 

1930-cu illərdə rabitə daha da inkişaf etdi. 1933-cü ildə Bakıda ilk telefon qovşaqlarından biri yaradıldı və şəhərlərarası stansiya müstəqil quruma çevrildi. 1935-ci ildə telefon nömrələrinin sayı 12150-yə çatdı, küçələrdə isə təxminən 20 taksofon fəaliyyət göstərirdi. Bu dövrdə rabitə sahəsi üçün kadr hazırlığına da başlanıldı.

Azərbaycan SSR Rabitə Nazirliyi 1953-cü ildə yaradıldı. 1950-ci illərin sonlarında yüksək ixtisaslı mütəxəssislərə ehtiyac artdı. 1965-ci ildə Azərbaycan Politexnik İnstitutunda rabitə mühəndislərinin ilk buraxılışı baş tutdu.

Xüsusi mərhələ 1932-ci ildə avtomat telefon stansiyalarının (ATS) tətbiqi ilə başlandı. Bu, əl ilə qoşulmanı aradan qaldıraraq rabitənin keyfiyyətini xeyli artırdı.

Sonrakı illərdə Bakının telefon şəbəkəsi sürətlə inkişaf edərək əsasən neft sənayesinə, dövlət qurumlarına və işgüzar dairələrə xidmət göstərdi. Zamanla telefonlar fərdi mənzillərdə də geniş yayılmağa başladı.

 

  

 

Telefon xətlərinin çəkilməsi, şəhərdə telefon mədəniyyətinin formalaşması incəsənətdə də özünü göstərirdi. Əgər Bakıda telefon xətlərinin çəkilməsi və inkişafından danışırıqsa, mütləq yada həm də ssenari müəllifi və rejissoru Həsən Seyidbəyli olan “Telefonçu qız” filmi düşür. Bundan başqa, telefonda yaranan sevgiləri də qeyd etmək yerinə düşür. Əvvəl səsə, sözə, sonra bənizə vurulub, sonardan xoşbəxt olanlar da az deyildi telefon sayəsində. Telefon dövrünün ən böyük romantikası bəlkə də, ev nömrələrinə zəng vurub sevdiyi qızın səsini eşitmək, bəzən danışmadan sevgisini etiraf etmək üçün bir eşq mahnısını səsləndirmək, bəzən də zəngə valideynləri cavab verəndə həyəcan içində “bağışlayın, səhv düşmüşəm” demək idi...

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2026)

 

 Şərəf Cəlilli,

Filologiya üzrə fəlsəfə doktoru.

“Ədəbiyyat və incəsənət”

 

 Dünya Fatehinin ordusunu yenən Sərkərdə

  

Şah İsmayıl Səfəvi dünyasını dəyişdikdən sonra Səfəvi əmirləri onun on yaşlı oğlu Təhmasibi hakimiyyətə gətirdilər. 1524-cü ilin may ayının sonunda hakimiyyətə gələn Şah Təhmasibin hökumdarlığının ilk illərində Qızılbaş əmirləri arasında çəkişmələr gedirdi. Elə dövləti də ilk illərdə Div Sultan Rumlu və digər əmirlər idarə edirdi. Bu dövrdə müxtəlif tayfaların nümayəndələri hakimiyyətdə daha çox təmsil olunmaq üçün bir-biri ilə ölüm-dirim savaşına girmişdilər.

Getdikcə böyüyən və idarəetmə səriştəsi artan Şah Təhmasib 1532-ci ildə ölkədəki ara müharibələrinə son qoydu və bütün hakimiyyəti öz əlində cəmləşdirdi. Şah Təhmasib hakimiyyətini möhkəmləndirdikdən sonra Çaldıran döyüşündəki məğlubiyyətin qisasını almaq və Şərqi Anadoludakı itirilmiş torpaqları geri qaytarmaq məqsədi ilə 50 minlik ordu ilə 1532-ci ildə Osmanlı torpaqlarına yürüş təşkil etdi. Səfəvilər bir neçə Osmanlı qalasını tutsalar da, bu ərazilərdə möhkəmlənə bilmədilər.

  

 

Əks hücum əməliyyatı nəticəsində Səfəvilər Van qalasını tutdular

 

Bu zaman Osmanlı Sultanı Süleyman Qanuni Şərqi Avropada habsburqlara qarşı hərbi əməliyyatlar aparırdı. Səfəvilərin Şərqi Anadoluya daxil olma xəbərini alan Sultan Süleyman habsburqlarla sülh bağlayıb Səfəvilərlə müharibəyə hazırlaşmağa başladı. 1534-cü ilin yazında 100 minlik ordusu ilə Səfəvilər İmperiyasına qəfil yürüş edən Osmanlı Sultanı iyunun ortalarında Səfəvilərin paytaxtı Təbriz şəhərinə daxil oldu. Bu zaman Şah Təhmasibin əsas qüvvələri Xorasandakı qiyamı yatırmağa getmişdi. Bu səbəbdən də şəhər başsız qalmışdı.

Şah Təhmasibin böyük bir ordu ilə Təbrizə yaxınlaşma xəbərini alan Sultan Süleyman şəhəri tərk edib İstanbula geri döndü. 1535-ci ildə Sultan Süleyman bu dəfə Səfəvilərin nəzarətində olan Bağdada yürüş təşkil etdi və şəhəri ələ keçirdi. Osmanlı ordusu Bağdadda möhkəmləndikdən sonra ikinci dəfə Təbriz istiqamətində yürüşə başladı. Şah Təhmasib öncədən tədbir görüb Təbriz əhalisini şəhərdən köçürmüş, bütün ərzaq və həyat üçün lazım olan infrastrukturu bilərəkdən məhv etmişdi.

Sultan Süleymanın ordusu İbrahim Paşanın sərkərdəliyi altında ikinci dəfə Təbrizə daxil olanda şəhər bomboş idi. Ərzaq qıtlığı və orduda yayılan vəba xəstəliyi Osmanlı qüvvələrinin geri çəkilməsinə səbəb oldu. Səfəvilər tərəfindən təqib olunan Osmanlı qüvvələri geri çəkilərkən xeyli itkilər verdilər və əks hücum əməliyyatı nəticəsində Səfəvilər Van qalasını tutdular.

 Kədərlisi isə odur ki, 1535-ci ildə Şah İsmayılın digər oğlu Əlqas Mirzə qardaşı Şah Təhmasibə qarşı qiyam qaldırdı. Bu zaman Əlqas Mirzə Şirvan bəylərbəyi idi. Qardaşının böyük qüvvə ilə üzərinə gələcəyini bilən Əlqas Mirzə İstanbula gedərək Sultan Süleymana sığınmışdı. O, Osmanlı Sultanını inandırmışdı ki, onun ordusu Qızılbaş torpaqlarına daxil olan kimi bir çox tayfalar Səfəvilərə qarşı üsyana qalxacaqlar.

 

 

 

Yol boyu ərazilərin yandırması Osmanlı ordusunun geri çəkilməsinə səbəb oldu

 

Səfəvi hökümdarı Sultan Süleymanın üçüncü dəfə Təbrizə hücum edəcəyindən xəbərdar idi. Ona görə də, Ərzincandan Təbrizə kimi bütün əraziləri məqsədli şəkildə viran qoymuşdu ki, Osmanlı ordusu ərzaq tapmasın. Bu dəfə Şah Təhmasibin qardaşı Əlqas Mirzə də Osmanlı ordusunun sıralarında Səfəvilərlə döyüşmək üçün ön sıralarda durmuşdu. Lakin bu dəfədə döyüş baş vermədi.

Şah Təhmasibin yol boyu əraziləri yandırması Osmanlıların bu dəfə də geri çəkilməsinə səbəb olmuşdu. Bu minvalla Sultan Süleyman bir neçə dəfə Azərbaycan torpaqlarına uğursuz yürüşlər təşkil etdi. Paytaxt Təbrizin Osmanlılar tərəfindən dəfələrlə tutulduğunu nəzərə alan Şah Təhmasib 1551-ci ildə dövlətin paytaxtını Qəzvin şəhərinə köçürmək qərarına gəldi. 1552-ci ildə Şah Təhmasib özü dörd ayrı istiqamətdən Osmanlı torpaqlarına yürüşə başladı. Şərqi Anadoluda Ərzurum başda olmaqla Osmanlının bir çox qalalarını tutan  Şah Təhmasib xeyli qənimətlə sarayına geri döndü. Şah Təhmasibin yürüşündən və qələbələrindən xəbər tutan Sultan Süleyman Səfəvilər  İmperiyasına qarşı  həll edici yürüşə başlamaq qərarına gəldi.

Sultan Süleymanın 1554-cü ilin mayında başlayan son yürüşü Təhmasibin oğlu İsmayıl Mirzənin Şərqi Anadolunun bir hissəsini ələ keçirməsinə və Ərzurum hakimi İskəndər Paşanın məğlubiyyətinə cavab vermək üçün idi. Osmanlı ordusu əvvəl xeyli üstünlüyü əldə edib Səfəvi torpaqlarına daxil olsa da, Qızılbaşların say üstünlüyünü görüb geri çəkilmək qərarına gəldi. Beləcə, Sultan Süleymanın Azərbaycana dördüncü yürüşü də nəticəsiz qaldı. Bu da sülh danışıqlarının başlamasına işarə idi. 1555-ci ildə Amasyada imzalanan sülh müqaviləsinə görə, Səfəvi və Osmanlı imperiyaları arasındakı müharibə bitmiş hesab olunurdu. Sülhün şərtlərinə görə Ərəb İraqı, Bağdad da daxil olmaqla Osmanlıda qaldı. Gürcüstan torpaqları isə iki dövlət arasında bölüşdürüldü. Səfəvi dövləti Təbriz daxil olmaqla Şimal-Qərb sərhədlərini qorumağı bacardı.

 

 

 

Şah Təhmasib dünyasını dəyişdikdən sonra Qızılbaş əmirləri onun həbsdə olan oğlu İsmayıl Mirzəni azad edib hakimiyyətə gətirdilər

 

Amasya Sülhündən sonra Şah Təhmasib demək olar ki, hərbi səfərlərə qatılmadı. 1576-cı il mayın 14-də Şah Təhmasib uzun sürən xəstəlikdən sonra vəfat etdi. 1524-cü ildən Səfəvilər İmperiyasının hökmdarı olan Şah Təhmasib dünyasını dəyişdikdən sonra Qızılbaş əmirləri onun həbsdə olan oğlu İsmayıl Mirzəni azad edib hakimiyyətə gətirdilər. 1576-cı ilin mayında II Şah İsmayıl adı ilə dövlətin başına keçən hökmdarın hakimiyyəti o qədər də uzun sürmədi. O, 1577-ci ildə ögey bacısı Pərixan Sultan tərəfindən zəhərləndi və bir neçə gün sonra həyatını itirdi. Bu faktla bağlı bir məqam da mövcuddur. Deyilənə görə, II Şah İsmayılın öldürülməsinə səbəb onun İslam dininin sünni təriqətinə rəğbət bəsləməsi olub. Çünki bu, o zaman Şiə ideologiyasının təsirində olan Səfəvilər İmperiyasında qəbul olunmaz hal idi. Buna görə də Qızılbaş əmirlər onu sünni olduğu üçün aradan götürüblər. II Şah İsmayıl hakimiyyətdə olduğu bir il ərzində gözləri görməyən qardaşı Məhəmməd Xudabəndədən başqa bütün varisləri edam etdirmişdi. Bu səbəbdən də  Səfəvilər taxtının yeganə varisi gözləri görməyən Məhəmməd Xudabəndə idi. Buna görə də əmirlər məcburi şəkildə Səfəvilər taxtına dünya işığından məhrum olan Məhəmməd Xudabəndəni gətirdilər. O, Şah Təhmasibin yaşca ikinci oğlu idi.

 

  

 

  Qərarı millət vermiş, Xilaskarı zaman yetirmişdi!

 

Məhəmməd Xudabəndənin hakimiyyətdə olduğu 1577-1587-ci illərdə Səfəvilər İmperiyası tənəzzül dövrünü yaşamışdı. Qızılbaş əmirlərinin əlində allətə çevrilən Məhəmməd Xudabəndənin İmperiyanı idarə edə bilməməsindən dövləti  onun yerinə dövləti onun xanımı Məhdi Ülya idarə edirdi. Bu dövrdə Osmanlı İmperiyası Səfəvilərin xeyli ərazisini ələ keçirmiş, Şeybanilər Şərqdə Səfəvilərə qalib gələrək Xorasanın bir hissəsini tutmuşdu. Cənubda isə Portuqal donanması Hörmüz limanında möhkəmlənmiş və əksər ticarət yollarını nəzarətə almışdı.

Üstəlik Şirvan, Aran, paytaxt Təbriz və Səfəvilər İmperiyası  üçün xüsusi əhəmiyyət kəsb edən Ərdəbil şəhəri Qızılbaşların əlində çıxmışdı. Bu gedişlə Səfəvilər  İmperiyası məhvolma təhlükəsi ilə üz-üzə idi. Belə bir vəziyyətdə İmperiyanı xilas etmək üçün mühüm qərarlar alınmalı idi.

Qərarı millət vermiş, Xilaskarı zaman yetirmişdi! Tarix onu yaddaşına  Səfəvilər İmperiyasının nüfuzunu özünə qaytaran, Şeybanilər dövlətinin varlığına son qoyan, bu gün də üstündə qan su yerinə axan Hörmüz boğazını fəth edən, Şah İsmayıl Səfəvinin atının ayağının dəyidiyi bütün torpaqları bir bayraq altında birləşdirən hökmdar kimi yazacaqdı!

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2026)

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair İstanbulda yaşayan Mustafa Şeyxpurdur.

 

 

Mustafa Şeyxpur

İstanbul

 

Gecə qondu

Və biz kəpənəklər kimi işıqlara

Quşlar kimi dallara

Yalqız insanlar kimi divarlara

Sığındıq qaranlıq küçəyə.

 

Kölgəmizdə qaranlıq bir otaq

Kölgəmizdə itkin bir insan

Kölgəmizdə bir küçə.

 

Əllərimi tutarsansa

Bir lampanın işığı vardır kölgəmizdə

Sarı lampa

Kəpənəkləri gətirəcəkdir bizə

Sonra pəncərəsi olacaq

Sonra quşları çağıracağıq kölgəmizə

Birdən bir sərçə qonacaq barmaqlarıma

Yaxalıqlı qurqurlar yuxusu görəcəyik.

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2026)

 

Enver Aykol, “Ədəbiyyat və incəsənət” portalının Türkiyə təmsilçisi

 

Türk Mədəniyyəti və İrsi Fondunun və “Ədəbiyyat və incəsənət” portalının birgə Türk dünyasının mədəniyyət xadimlərini Azərbaycanda tanıdaq layihəsində növbəti görüşümüzün ünvanı yenidən Türkiyədir. Falih Rıfkı Atay barədə danışacağıq. O Falih Rıfkı Atay haaqında ki, yalnız ədəbiyyat tarixində deyil, Türk düşüncə həyatında da silinməz bir iz qoymuşdur.

 

FALİH RIFKI ATAY

Falih Rıfkı Atay 1894-cü ildə İstanbulda, çərkəz əsilli Huriye Cəmilə Xanım və köklü bir ailədən olan Hoca Hilmi Əfəndinin oğlu olaraq dünyaya gəldi. Ailənin iqtisadi çətinliklərinə baxmayaraq, təhsilinə Kovacılardakı "Rəhbər-i Təhsil Rüşdiyyəsi"ndə başladı. İlk gənclik illərində qardaşının zəngin kitabxanasından istifadə edərək ədəbiyyata olan həvəsini kəşf etdi. Mərcan İdadisində Hüseyn Cahidin rəhbərliyi altında aldığı təhsil onu ədəbi müzakirələrə və Qərb düşüncəsinə yaxınlaşdırdı. Darülfünun Ədəbiyyat Fakültəsinə qəbul olduqda, Mehmet Akifin ənənəçi duruşuna qarşı Əhməd Haşimin simvolist estetikasını müdafiə etdi. Bu dövrdə "Sərvət-i Fünun" və "Təcəlli" kimi jurnallarda "Tabişgahi Lahuti" təxəllüsü ilə dərc etdirdiyi şeirlər Ədəbiyyat-ı Cədidə izlərini daşıyırdı.

Peşə həyatına 1913-cü ildə Babıali katibliyi ilə başlayan Atay, qısa müddətdə jurnalistliyə addım atdı. "Tanin" qəzetindəki reportajları və siyasi təhlilləri ilə diqqət çəkdi. I Dünya Müharibəsində Cəməl Paşanın xüsusi katibi kimi Fələstin və Suriya cəbhələrində oldu. Burada yaşadığı ziddiyyətləri, Osmanlının çöküşünü və Anadolunun əhəmiyyətini "Od və Günəş" (1918) adlı əsərində sənədli bir dillə təqdim etdi. Müharibədən sonra, 1918-ci ildə Əli Naci Qaracan və Nəcməddin Sadakla birlikdə qurduğu "Axşam" qəzetində Milli Mübarizəni dəstəkləyən yazılar yazdı. İstanbul Hökumətinin reaksiyasını çəkən bu yazılar səbəbilə həbs edildi və "Bəkir Ağa Bölüyü"ndə saxlanıldı. Ancaq İnönü qələbələrindən sonra azad edildi və Ankaraya dəvət edilərək Mustafa Kamalın yaxın dairəsinə daxil oldu.

1923-cü ildə Bolu millət vəkili olaraq Məclisə girən Atay, 1950-ci ilə qədər fasiləsiz millət vəkilliyi etdi. Bu müddətdə "Hakimiyyət-i Milliye" və "Ulus" qəzetlərinin baş redaktorluğunu üstləndi. Yazılarında xilafətin ləğvi, hərf inqilabı və laiklik kimi islahatları xalqa izah edən bir dil istifadə etdi. 1952-ci ildə qurduğu "Dünya" qəzeti onun həm siyasi tənqidlərini, həm də ədəbi irsini daşıyan bir platformaya çevrildi. Ölümünə qədər bu qəzetdə yazan Atay, 20 Mart 1971-ci ildə İstanbulda vəfat etdi və Zincirlikuyu Qəbiristanlığında dəfn edildi.

Falih Rıfkı Atay Türk ədəbiyyatında səyahət və xatirə janrının qurucu şəxslərindən biri kimi qəbul edilir. Əsərlərində tarix və ədəbiyyatı birləşdirən bir üslub yaradan Atay, müşahidə qüdrətini ictimai dəyişimin xidmətinə təqdim etdi. Cümhuriyyətin ilk illərində "yeni insan" və "yeni cəmiyyət" idealını ədəbiyyat vasitəsilə formalaşdırmağı hədəflədi.

Atayın səyahət yazıları təkcə təsvirlərdən ibarət deyil, həm də sosioloji və siyasi təhlillər ehtiva edir. "Zeytindağı" (1932) Suriya cəbhəsindəki müşahidələrini aktararkən Osmanlının çöküş səbəblərini araşdırır. Kitabda Cəməl Paşanın hərbi strateji səhvləri və xalqın yaşadığı yoxsulluq realistik dillə əks olunur. "Faşist Roma, Kemalist Tiran" (1930) Musolini İtaliyası ilə Atatürk Türkiyəsini müqayisə edərək totalitar rejimlərin təhlükələrinə diqqət çəkir. "Dənizaşırı" (1931) və "Taymis Sahilləri" (1934) kimi əsərlərdə isə Qərbin texnoloji irəliləyişini tərifləyərkən mədəni kimlik itkisinə qarşı xəbərdarlıq edir. Bu kitablar Cümhuriyyətin "müasir mədəniyyət" hədəfinə çatma səyini ədəbi perspektivdən şərh edir.

 

“Mustafa Kamal Böyük Müharibəyə qoşulmağa qarşı idi. Elm və incəsənət adamı olduğu üçün! Mustafa Kamal Qurtuluş Müharibəsini tərk etmək fikrində heç vaxt olmadı. Vətən adamı olduğu üçün! Budur sizə bütün kitabın özü: Elm və vətən adamı olun. Heç biri tək başına nə sizi, nə də millətinizi qurtara bilər.” (Zeytindağı, s. 120)

 

Atayın xatirə əsərləri Cümhuriyyətin quruluş ağrılarını birbaşa yaşamış bir aydının gözündən təqdim edir. "Çanqaya" (1961) Atatürkü rəsmi tarixdən kənar bir insan kimi təsvir edir. İnqilab məclislərindəki müzakirələr, liderin qəzəb anları və kədərli tənhalığı kimi detallar bu əsəri digər bioqrafiyalardan fərqləndirir. "Batış İlləri" (1963) isə II Əbdülhəmid dövrü və II Məşrutiyyətin qarmaqarışıq atmosferini uşaqlıq müşahidələri ilə birləşdirir. Atay bu əsərlərdə tarixi hadisələri "sənəd-ədəbiyyat" sintezi ilə işləyərək akademik tədqiqatlara mənbə olacaq bir irs qoymuşdur.

Atayın qəzet yazıları ədəbi narahatlığı siyasi angajmanla birləşdirən nümunələrdir. "Ulus"dakı baş yazılarında kəndlinin modernləşmə prosesinə inteqrasiyasını müdafiə edərkən, "Dünya"dakı məqalələrində çoxpartiyalı həyatın risklərini tənqid etdi. Xüsusilə 1940-cı illərdə CHP-nin "Kənd İnstitütləri" siyasətini dəstəkləyən yazıları onun təhsil islahatına verdiyi əhəmiyyəti göstərir. "Bazar Söhbətləri" adlı köşəsində gündəlik həyatdan səhnələr təqdim edərkən, ironiya və yumor vasitəsilə ictimai tənqid edirdi.

Atay Türk dilinin sadələşmə hərəkatına gənclik illərindən qoşuldu. Ancaq həddindən artıq türkcülüyü tənqid edərək dilin təbii təkamülünə hörmət etdi. Əsərlərində Osmanlıca sözləri qəsdən istifadə etməkdən çəkinsə də, məna itkisinə səbəb olacaq qədər radikal təmizləməyə qarşı çıxdı. "Hind" (1944) adlı səyahət kitabında sanskrit və fars mənşəli sözləri izah edərək dilin mədəni müxtəlifliyinə vurğu etdi. Bu tutum onun dil inqilabına pragmatik yanaşmasının göstəricisidir.

İttihadçılıqdan Cümhuriyyətçiliyə uzanan siyasi yolculuğu Atayın ədəbi əsərlərinə dərin təsir edir. Gənclik illərində Ziya Göyalpın türkçülük fikirlərindən təsirlənən yazıçı, Cümhuriyyətlə birlikdə milli-dövlət quruculuğunu müdafiə etdi. Ancaq təkpartiyalı dövrdə belə tənqidi duruşunu qorudu. Məsələn, "Roman" (1932) adlı istehza kitabında inqilabları anlamayanları "kor təqlidçilik"lə ittiham etdi. 1950-ci ildən sonra Demokrat Partiyanın populyar siyasətini "Dünya"da sərt dillə tənqid etməsi onun prinsiplərindən güzəşt verməyən bir aydın olduğunu sübut edir.

Falih Rıfkı Atayın əsərləri Cümhuriyyətin mədəni kodlarını anlamaq istəyənlər üçün əsas istinad mənbələridir. "Zeytindağı" tarix dərslərində, "Çanqaya" siyasətşünaslıq tədqiqatlarında tez-tez istinad edilir. Müasir jurnalistikada isə onun "fikir işçiliyi" anlayışı, tərəfsiz amma angaje bir mətbuat modeli kimi xatırlanır. Ədəbiyyat tənqidçiləri Atayı Yakub Qadri Qaraosmanoğlu və Xalidə Ədib Adıvar ilə müqayisə edərək, obyektiv realizmlə subyektiv təcrübəni birləşdirən bir üslupçu kimi qiymətləndirirlər.

Falih Rıfkı Atay ədəbiyyatı "ictimai məsuliyyət" vasitəsi kimi görən nadir yazarlardandır. Səyahət yazıları ilə coğrafiyanı, xatirələri ilə tarixi, qəzet məqalələri ilə siyasəti ədəbi perspektivdə birləşdirdi. Cümhuriyyətin qazancını xalqa izah etmək səyi onu adi bir jurnalistdən çıxararaq "mədəniyyət elçisi"nə çevirdi. Əsərləri Türkiyənin modernləşmə macərasının həm şahidi, həm də memarı olduğunu göstərir. Falih Rıfkı Atay yalnız ədəbiyyat tarixində deyil, Türk düşüncə həyatında da silinməz bir iz qoymuşdur.

 

Biblioqrafiya

Nuri Yüce, "Atay, Falih Rıfkı", Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi, C. 4, s. 48. 1991.

Koray Üstün, “Falih Rıfkı Atay”, Türk Edebiyatı Eserler Sözlüğü. https://teis.yesevi.edu.tr/madde-detay/atay-falih-rifki [Erişim Tarihi: 29.04.2025]

Funda Şirin Selçuk, Falih Rıfkı Atay (1893-1950), Doktora Tezi, Ankara: Ankara Üniversitesi, 2009.

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2026)

 

 

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Tanıdaq və tanıtdıraq!

Ağsaqqal qələm adamlarını tanımalı, onların haqlarını verməliyik. Axı onlardan daim bir şeylər öyrənirik. Belə şəxslərdən biri də İdris Şükürlüdür, məhz bu gün ona diqqət ayırmağımız da boşuna deyil, bu gün onun doğum günüdür. 69-u tamam olur və yubileyinə doğru səmt alır.

 

İdris Şükürlü 1957-ci il mayın 1-də Lerik rayonunun Şingədulan kəndində anadan olmuş və həmin kəndin orta məktəbini bitirmişdir. BDU-nun Jurnalistika fakültəsini qiyabi yolla və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası əyani şöbəsini bitirmişdir.

Bir müddət sıravi kolxozçu, “Bolluq uğrunda” (indiki “Lerik”) qəzeti redaksiyasının mətbəəsində mürəttib, “Kənd həyatı” jurnalının cənub bölgəsi üzrə xüsusi müxbiri işləmişdir. 

1976-1978-ci illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir.

1992-ci ildə “Lerik” qəzetinin redaktoru təyin edilmişdir. 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

İdris Şükürlü həm də bədii ədəbiyyat nümunələri yaradır, qələmini həm nəsrdə, həm də nəzmdə sınayıb.

 

Kitabları:

- “Ölsəm, inanma!” (oçerklər)

- “Gözəlliyi gözlərimdə apardım” (mənsur şeirlər)

- “Ömür çırağı sönmədi” (sənədli povest)

- “Adsız qəhrəman” (sənədli povest)

- “Əliheydər müəllimin arxeoloji cənnətdə tapıntıları”

- “Kitabların işığında”

- “Çəkirəm dünyanın şəkilini sözlə”

- “Açılmayan səhər”

- “Əsl insan haqqında düşüncələr”

 

İdris Şükürlü Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyul tarixli Sərəncamı ilə “Respublikanın əməkdar jurnalisti” fəxri adına layiq görülmüşdür.

Tanıtdırdıq, deyilmi?

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2025)

 

“Ədəbiyyat və incəsənət” portalının və “Ulduz” jurnalının birlikdə həyata keçirdikləri “Biri ikisində” layihəsində bu gün sizlərə Nigar Arifin şeirləri təqdim edilir.

Layihə ən yaxşı ədəbi nümunələrin təbliğinə hesablanıbdır.

Xoş mütaliələr.

 

 

NİGAR ARİF

 

ÇİNAR

 

Hələ cavan, hələ körpə, gur Çinar,

Yoldan ötüb keçənlərə yar Çinar,

Çox güvənmə o kölgəndə coşub-daşan alqışlara,

Çox inanma o dillərdən istilərə tez-tez yağan,

dolu-dolu qarğışlara,

Elə bilmə güclüsənsə,

heç kim sənə batammaz.

Qorxar uca boyundan,

Qamətindən çəkinər,

Heç kim sənə çatammaz,

Səndən gizli başın üstdə

bir quş belə uçammaz,

Budağında bir ilan da yatammaz…

Hələ cavan, hələ körpə, gur Çinar,

Yoldan ötüb keçənlərə yar Çinar,

Hər dərdini dinlədiyin dost deyil,

Hər dostunun sözünə bel bağlama,

az başını yor, Çinar.

Bir də gördün,

Bu gün fağır bildiklərin

Sabah arsız, utanmaz.

Qoynundakı o “çox yaşa” deyənlər də,

bir baltayla sözlərini tutammaz.

Hələ cavan, hələ körpə, gur Çinar,

Yoldan ötüb keçənlərə yar Çinar,

Çox böyütmə gözündə bu dünyanı,

Böyütdüyün dünya gözündən düşər…

Qucağında göyərçintək sandığın,

bəlkə, ağacdələndi?

Bir də baxdın,

Dimdiyinə gün düşər…

Qollarına aldığın,

o balaca sandığın

kiçik bir yuva üçün

qıyıb gövdəni deşər…

 

 

YUXU

 

Baş hara, ayaq da ora,

Ömür bitənə kimi yollanasıyam.

Elə ki sonuncu mənzilə çatdım,

Özüm öz içimdən tullanasıyam…

Hələ ki günlərə ərkim də çatır,

Hələ ki illərdən mədət umuram.

İşimə gələndə bəxtə inanıb,

Qismətdən əl çəkib göz də yumuram…

Balaca bir it var qapımda hələ,

Zamandan yapışır, səbrimdən tutur,

Tapır ümidləri itirəndə də,

Yorulub köksümü ötürəndə də,

Hürüb saxladığım qəzəbə, hirsə

dönüb üzümdəki abrımdan tutur.

Bu it çoxlarından sədaqətlidir,

İndi, de, harda var beləsi – harda?

Biri yarı yolda qoyarsa, qoysun,

Lap üzümə dursun, lap olsam darda,

Bu it əvvəl-axır yetər dadıma,

Yenə də qoruyar, qoruyar orda…

Mənim kimim var ki, mənim nəyim var?

Bircə yuxum vardı, o da qaçıbdı,

Bəlkə də, yatmışam, doymamışam heç.

Nə bilim, bəlkə də, yuxum acıbdı?

Bir az şübhə yeyir, bir az da qorxu,

Nəsə yuxumdan da gözüm su içmir.

Ay it, dayan görüm, dartma yaxamı,

Adam yuxusunu özü ki seçmir…

 

 

XOŞUMA GƏLMİR

 

Mən axı neynirəm o sevgini ki,

Yamaqlı corabla yırtıq şərf kimi,

İsidir, amma ki, xoşuma gəlmir…

 

Hisslər oxunmursa dodaqlarında,

Alışıb-yanmırsa yanaqlarında,

Sevgini eşitsəm qulaqlarımla,

Bəsimdir? Amma ki, xoşuma gəlmir…

 

Əllərim əsməsə, dilim çaşmasa,

Ürək dayanmasa, ürək coşmasa,

Neynirəm təpədən, dağdan aşmasa,

Çox da ki desinlər, eşqin özüdür,

Özüdür, amma ki, xoşuma gəlmir…

 

 

HİRSLİ ŞEİR

 

Hər olan-bitəni həzm etmək olmur,

Hanı yaxşılığım? Haqqını bulmur,

Yerim ki boş qalır, yerim ki dolmur

Mənim nə səhvim var, nə günahım var?

 

Demək ki, belədir dünyanın işi,

Vecsizdi zamanın haqsız gərdişi,

Lap olsun əzəldən zülm vərdişi,

Mənim nə səhvim var, nə günahım var?

 

Mən ki hər gecəyə bir sabah oldum,

İstər əməlimdə, istər sözümdə

Hər zaman şah oldum, padişah oldum.

Mənim nə səhvim var, nə günahım var?

Bəlkə, kimlərinsə dayağı, pulu,

Mənim güvəndiyim bir Allahım var…

 

Qəlbimi qıranlar bilmirlər hələ,

Bilmirlər, neyləyim, bilməsinlər heç!

Əlləri batanda qırıqlarımda,

Ruhumun buz tutmuş bucaqlarında,

Bir gün görəcəklər qucaqlarında

Mənim dualarım, mənim ahım var!

 

 

SƏNİ ATMARAM

 

Mənim arzularım körpədir hələ,

Qaranlıq yollardan başları çıxmır.

Onların bildiyi saf duyğulardır,

Qorxular hələ ki evimi yıxmır.

 

Əlimdə nə varsa, dilimdə odur,

Gözümdə aynalar yalan söyləməz.

Vicdanım gecələr düşüb dalınca

Tutduğum əməli fikir eyləməz.

 

Demirəm asandır, demirəm çətin,

Xəyalım yıxılsa, gülənlər çoxdur.

Bütün addımlarım sevgidən doğur,

Nifrətə, möhnətə yerim də yoxdur.

 

Mən yağış adamam, külək adamam,

Odda da yanmaram, suda batmaram.

Əzizim, bu dünya düşsə gözümdən,

Qəlbimdə saxlaram, səni atmaram…

 

 

“BİZ”DƏ BİTƏN YOL

 

Bu eşqdə nə qazandım?

Axtarsam, tapammıram.

Desəm, çox şey itirdim,

Yenə də qopammıram.

 

Saymadığım gecələr

gündüzləri aldılar.

Məndən keçən sabahlar

sənə yaxın oldular.

 

Gözümə görünmür heç

İnciyib küsdüklərim.

Axır, səndə gizlənib

Əlimi üzdüklərim.

 

İllər boyu dolaşıb

“Biz”də bitən yolmuşam.

Bəlkə də, heç bilmədən

Mən elə sən olmuşam,

Bəlkə də, heç bilmədən

Sən elə mən olmusan…

 

 

BU GECƏ DƏ OYAĞAM

 

Səncə insan dəyişməz

Dəryaları aşanda?

Mən heç bu da deyiləm

Səbrim təmiz daşanda.

 

Ruhuna yadlaşırsan

Hər çıxanda özündən.

Doğmalaşıb dərdinə,

Yapışırsan dözümdən.

 

Həyat belə öyrədir

Əlinə düşənləri,

Ona nə fərqi var ki?

Lap qaynar qazanında

İstəsə yandırır da,

İçində bişənləri.

 

Heç kim bilmir bu dövran

Onu hara aparır.

Hər yazdığım şeir də

Məndən bir az qoparır…

 

– “Üzülmə heç, əzizim,

Mən ki sənə dayağam.

Gəl düşünmə bunları,

Sən rahat ol, yerinə

Bu gecə də oyağam...”

 

 

QAYIT GƏL

 

Gündüzlərim birtəhər,

Gecələr yatammıram.

Yuxum qaçır, neyləsəm,

Ardıyca çatammıram.

Yeməklərin tamı yox,

Çay da ki yaxşı dadmır.

Nə kitab, nə musiqi,

Heç nə başımı qatmır.

Nə var, nə yox soruşdun,

Çox görünür yoxluğun,

Başqa hər şey eynidi,

Başqa sənin sağlığın…

Yalandan niyə deyim,

Aldadım ki, yaxşıyam,

Mən bu cür mövzularda,

Bilirsən ki, naşıyam.

Yazdım xəbər edim ki,

Ayrılığın müddəti

Bu gündən sona çatır.

Hardasansa, qayıt gəl,

Daha anlamışam ki,

Günüm sənlə başlayır,

Günüm səninlə batır.

 

                                                                          

“Ədəbiyyat və incəsənət”

(01.05.2026)

 

Nemət Tahir,

 “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Alfred Nobel həyatda ikən ölümündən xəbər tutan nadir şəxs olub.

Alfred dinamiti ilk olaraq ixtira edir. Bu hadisədən xeyli sonra qardaşı Lüdovik dünyasını dəyişir.

 

Kütləvi informasiya vasitələri isə səhvən Lüdovikin yox, Nobelin dünyasını dəyişdiyi barədə məlumat verir. Qəzetlər birinci səhifədə iri sərlövhələrlə belə bir məlumat dərc edirlər:"MİNLƏRLƏ İNSANIN ÖLÜMÜNƏ SƏBƏB OLAN DİNAMİTİN İXTİRAÇISI NOBEL DÜNYASINI DƏYİŞDİ.”

Nobel bunu oxuyub çox təsirlənir, özlüyündə düşünür: "Ölümümdən sonra başqalarının məni belə yad edəcəyi heç ürəkaçan deyil!”

Məhz bu, Alfredi vəsiyyətnamə tərtib etməyə sövq edir. Vəsiyyətnaməyə görə, onun 31 milyon İsveç kronluq bütün sərvəti (həmin dövrdə bu, nəhəng pul idi) etibarlı bir banka yerləşdirilməli idi. Bir şərtlə ki, sərmayələrdən əldə olunan gəlirlər fonda məxsus olmalıdır və hər il bəşəriyyətə ən çox fayda gətirəcək şəxslərə bonuslar şəklində paylanmalıdır. O, vəsiyyətnaməsində:"Ölümümdən sonra mənim varidatım sülh və sülhün bərqərar olmasına sərf olunsun” cümləsini də əlavə edir.

O vaxtdan Nobel dinamit ixtiraçısı kimi deyil, “Nobel sülh mükafatı”nın banisi kimi tanınır.

Qeyd edək ki, Nobel mükafatının məbləği təxminən 1,05-1,1 milyon dollar təşkil edir və mükafat ənənəvi olaraq 6 sahə üzrə təqdim olunur: fizika, kimya, fiziologiya və ya tibb, ədəbiyyat, sülh və iqtisadiyyat. İqtisadiyyat sahəsi üzrə mükafat isə Alfred Nobelin vəsiyyəti ilə deyil, İsveç Bankı tərəfindən 1968-ci ildə əlavə edilib.

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2026)

Cümə, 01 May 2026 17:11

Sən yaxşı qızsan, Gülnar...

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

“Sən yaxşı qızsan, Gülnar...” - bu sözlər hər birimizin xatirində dərin iz salan “Səni axtarıram” tamaşasındandır. Həmin tamaşa ki, tərəf müqabili Yaşar Nuri ilə birgə Firəngiz Mütəllimovanı bir gecənin içərisində məşhur etdi, onlara minlərlə tamaşaçı sevgisi qazandırdı.

Bu sevgi bəlkə də Firəngiz xanıma şəxsi həyatını qurmaqda da mane oldu. Amma sənətə, teatra, səhnəyə olan sevgisinə hər gün bir az güc, qüvvət verdi...

 

Firəngiz Bəhər qızı Mütəllimova 1 may 1959-cu ildə Ağcabədi rayonunda doğulub. Ancaq əslən Şuşalıdır. 1976-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub və 1980-ci ildə oranı bitirib. Həmin il Azərbaycan Akademik Milli Dram Teatrına aktrisa götürülüb. Elə ilk gündən ona məsul rollar tapşırılıb və istedadının dəyərli çalarları üzə çıxıb.

Teatrda səmərəli fəaliyyət göstərən Firəngiz Mütəllimova paralel olaraq televiziya tamaşalarında da iştirak edib. Üçillik fasilədən sonra aktrisa 1996-cı ildən yenidən Akademik teatrın truppasına qəbul olunub. Qısa müddətdə repertuardakı tamaşaların bir neçəsinə daxil edilib, təzə əsərlərdə rollar oynayıb.

Gözəl ("Qılınc və qələm", Məmməd Səid Ordubadi), Qumral ("Əliqulu evlənir", Sabit Rəhman), Bəyim ("Xurşidbanu Natəvan", İlyas Əfəndiyev), Aynur ("Büllur sarayda", İlyas Əfəndiyev), Mələk ("Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev), Gülnaz ("Mahnı dağlarda qaldı", İlyas Əfəndiyev), Gülruh ("Şeyx Xiyabani", İlyas Əfəndiyev), Gülnaz ("Tənha iydə ağacı", İlyas Əfəndiyev), Azadə xanım ("Dəlilər və ağıllılar", İlyas Əfəndiyev) və s.

Firəngiz Mütəllimova Azərbaycan Dövlət Televiziyasında hazırlanan iyirmidən çox teletamaşada müxtəlif səpkili rollar ifa edib. Onlardan Gülnar ("Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz", Aslan Qəhrəmanov), Mərcan ("Evləri köndələn yar", Anar), Ana və qız ("Unutmaq olmur"), Nazan ("Yad qızı", Orxan Kamal), Almaz ("Topal Teymur", Hüseyn Cavid), Almaz ("Göz həkimi", İslam Səfərli), Günay ("Səninlə və sənsiz", Marat Haqverdiyev), və s. rolların bədii estetik keyfiyyətlərini xüsusi qeyd etmək olar.

Aktrisa "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmiş "Qaçaq Nəbi" (Sərvinaz), "Qocalar, qocalar" (Leyli), "Bəyin oğurlanması" (Telli), "İşarəni dənizdən gözləyin" (Sona), bədii filmlərində, "Mənim ağ şəhərim" (Ana), "Şərəf" (Mila xanım) telefilmlərində aparıcı rollar oynayıb.

Firəngiz Bəhər qızı Mütəllimovaya 1986-cı ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar Artisti, 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti və 2000-ci ildə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adları verilib. ADMİU-nun dosentidir.

9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə və 9 may 2018-ci ildə Prezident Mükafatına layiq görülüb. 2017-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb. 10 may 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq  görülüb.

 

Filmoqrafiya

1. Acılar bitməz

2. Bacanaqlar

3. Bayram axşamı

4. Bağışla

5. Bəyaz həyat

6. Bəyin oğurlanması

7. Diplom işi

8. Evləri göydələn yar

9. Evləri köndələn yar

10. Göz həkimi

11. Qala

12. Qanlı zəmi

13. Yad qızı

14. Yağışdan sonra

15. Səni axtarıram

 

 

Samirə Əşrəflə müsahibəsindən bəzi fraqmentlərə nəzər salaq:

-Firəngiz xanım, müxtəlif erkən yaş səhvlərinə daha kamil yaşlarda gülmək nəyin əlamətidir? Təcrübə, ya həyat insanı tədricən gülməyə vadar edir?

-Həyat, təcrübə insanı məcbur edir, döyə-döyə öyrədir. Sonradan fikirləşirsən ki, ilahi nəyəsə və yaxud da kiməsə görə o qədər göz yaşlarına dəyərdimi? Cavabı da elə tanrı yox, insan özü verir ki, dəyməzdi.

-Çoxsaylı teatr və televiziya tamaşalarınız olub. İndi onları izləyəndə aktrisalıqdan əlavə, həm də bir peşəkar tamaşaçı kimi hansı hisləri keçirirsiniz?

-Hərdən olur ki, fikirləşirəm filan tamaşada bunu belə etsəydim, daha yaxşı olardı. Və yaxud da etməsəydim. Amma elə rollarım da var ki, düşünürəm ki, onlara heç bir əmma qoymaq lazım deyil. Korlana bilər. Elə necə varsa, elə də yaxşıdır.

Onu da deyim ki, hər yaşın da öz təcrübəsi var. Bu sənətdə də belədir. Sənətdə atdığın ilk addımlarda rollarını necə ifa etmisənsə, elə də qalsa, daha yaxşıdır. Sadəcə elə rollar olub ki, ürəyimcə olmayıb, amma məcbur olub ifa etmişəm.

-Bəs rejissorlarla iş prosesi məsələsində necə, o dövrün rejissorları ilə bu dövrkülər arasında fərq var?

-Yox, mənə görə fərq yoxdur. İş elə gətirib ki, mən bir çox rejissorlarla işləmişəm. Rəhmətlik Mehdi Məmmədov, daha sonra məni əlimdən tutub teatra gətirən rəhmətlik Əşrəf Quliyev, Hüseynağa Atakişiyev, Oruc Qurbanov, sağ qalanlardan Mərahim Fərzəlibəyov, Bəhram Osmanov, Azər Paşa Nemətov və.s rejissorlarla iş birliyimiz olub. Yəni elə bir rejissor yoxdur ki, onunla işləməmiş olum.

Bu da aktrisa üçün böyük xoşbəxtlikdir. Əlbəttə ki, hər bir rejissorun öz iş prinsipi var. Elə rejissor var ki, onunla işləmək daha asandır. Onun səndən nə istədiyini tez qavrayırsan. Elə rejissor da var ki, fikirlərini bir az gec çatdırır. Onda yük, təbii ki, aktyorun çiyninə düşür. Gərək aktyor özü axtara, tapa. Bütün bunlar həm də iş üslubunun gedişatından asılıdır.

-İlyas Əfəndiyevin bir çox əsərlərində iştirak etmisiniz.

-Bəli. Onun hardasa yeddi, səkkiz əsərində rolum olub. Elə Elçin müəllimin də xeyli əsərlərində iştirak etmişəm. Özü də baxmayaraq ki, Elçin müəllim İlyas Əfəndiyev kimi böyük dramaturqun oğludur, onların sənətkarlığı arasında xeyli fərqlər var. Elçin müəllimin əsərləri daha fəlsəfidir. Əsərə, obraza vardıqca daha da dərinlərə gedirsən.

Və maraqlı olan budur ki, bu gediş bitmək bilmir. Bu da aktyor üçün çox yaxşı iş prosesidir. Hər aktyor da Elçin müəllimin aktyordan nə istədiyini dərk edə bilmir. Mən Elçin müəllimin “Şekspir” əsərini öz tələbələrimlə birgə hazırladım. Tamam başqa aləmə düşmüşdüm. İlyas müəllim də isə sırf vətənpərvərlik, nakam sevgilər mövzusu qabarıq idi.

Fikir vermisinizsə, onun əsərlərində sevən sevdiyinə heç vaxt qovuşmur…

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2026)

76 -dən səhifə 2933

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.