İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
“Atam mərhum Ramiz Quliyev, Xalq artisti, görkəmli tarzən Nazim Rzayevlə yaxından tanış idi və dostluq edirdi. Mənə danışırdı ki, onlar müxtəlif əsərlərin üzərində birlikdə çalışıblar, birgə fotolarını da görmüşəm. Sonralar məni konkret olaraq hansı əsərləri ifa etdikləri maraqlandırdı. Atam deyirdi ki, onlar dəfələrlə plenumlarda, qurultaylarda çıxış ediblər və bir çox Azərbaycan bəstəkarının əsərləri ilk dəfə Nazim Rzayevin rəhbərliyi ilə kamera orkestrinin ifasında səslənib”. Drijor, Əməkdar artist Eyyub Quliyev
Nazim Rzayev 14 fevral 1925-ci ildə Bakıda anadan olub. 1951-ci ildə P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasını skripka üzrə (professor Marina Kozolunovanın sinfi) bitirib. Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında orkestrin konsertmeysteri və Azərbaycan Dövlət Konservatoriyasında kamera sinfi üzrə müəllim vəzifəsində işləyib.
1958-ci ildə ifaçılıqdan dirijorluğa keçib. Bir il sonra Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyünün hazırlanmasında fəal iştirak edib. 1961–1963-cü illərdə SSRİ xalq artisti Aleksandr Melik-Paşayevin rəhbərliyi ilə Moskvanın Böyük Teatrında dirijorluq təcrübəsi keçib. Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Konservatoriyasının opera studiyasına rəhbərlik edib.
Onun rəhbərliyi ilə studiyada Çimarozanın "Gizli nikah", Üzeyir Hacıbəyovun "Koroğlu" və Fikrət Əmirovun "Sevil" operaları tamaşaya qoyulub. Nazim Rzayev Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin fəaliyyətində də yaxından iştirak edib. Onun dirijorluğu ilə Bethoven, Çaykovski, Brams, R. Ştraus, Qara Qarayev, Fikrət Əmirov və başqa bəstəkarların əsərləri ifa olunub.
1964-cü ildə Azərbaycan televiziyası və radiosunun kamera orkestrinin bədii rəhbəri və baş dirijoru işləməyə başlayıb. Onun rəhbərlik etdiyi bu orkestrin Üzeyir Hacıbəyovun "Sənsiz" romansı, Qara Qarayevin "Yeddi gözəl" baletində Aişənin rəqsi və "İldırımlı yollarla" baletindən qızlar rəqsini ifa edib. Sonralar dirijorun repertuarında Qara Qarayevin Üçüncü simfoniyası və Klassik süitası, Fikrət Əmirovun "Nizami" simfoniyası, "Gülüstan-Bayatı-Şiraz" muğamı və "Min bir gecə" baleti mühüm yer tutub
Nazim Rzayev rəhbərlik etdiyi kamera orkestri ilə SSRİ-nin bir sıra şəhərlərində, xarici ölkələrdə qastrolda olub. O, 1984–1985-ci illər teatr mövsümündə Ankara Dövlət Opera və Balet Teatrında Üzeyir Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasının quruluşçu dirijoru olub. Fəaliyyətinin sonrakı illərində isə Türkiyədə işləyib. Dirijor pedaqoji fəaliyyətlə də məşğul olub, 1952-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib. 1968-ci ildə dosent, 1985-ci ildə professor adlarını alıb.
Mükafatları:
- "Azərbaycan SSR xalq artisti" fəxri adı
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
- SSRİ Dövlət mükafatı
- Azərbaycan SSR Dövlət mükafatı
- "Şərəf nişanı" ordeni
- Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı
Dirijoru olduğu filmlər
Arşın mal alan
Biri vardı, biri yoxdu...
Bizim Cəbiş müəllim
Əmək və qızılgül
Görkəmli dirijor Nazim Rzayev 2 may 2006-cı ildə Türkiyədə - Əskişəhərdə vəfat edib.
2025-ci ildə onun 100 illik yubileyi münasibətilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında təntənəli konsert keçirilmişdi. Mən bu konsert üzərində nisbətən geniş dayanacağam. Fəxriyyə Məmmədovanın yazdığına görə, bu konsert həm əsər seçimi, həm ifa səviyyəsi, həm də ideya yükü baxımından yüksək bədii dəyərə malik idi. Gecə Nazim Rzayev şəxsiyyətinin və irsinin layiqincə anılması ilə yanaşı, Azərbaycan musiqi həyatında kamera orkestrinin rolunu bir daha nümayiş etdirmişdi.
Konsertdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış etmiş, orkestri dirijor Əyyub Quliyev məharət və xüsusi şövqlə idarə etmişdir. Konsertin solistləri violin ifaçısı Elvin Hoca Qəniyev və metso-soprano Aytac Şıxəlizadə olmuşdur. Konsertin əsas ideyası və məqsədi Azərbaycan musiqi mədəniyyətində silinməz iz qoymuş Nazim Rzayevin zəngin yaradıcılıq irsini xatırlamaq, onun Azərbaycan musiqi tarixində rolunu bir daha vurğulamaq idi.
Bu baxımdan proqramın məzmunu və seçilmiş əsərlər xüsusi dramaturji məntiqə əsaslanaraq tərtib edilmişdi. Konsertin giriş sözü sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadəyə həvalə olunmuşdu. Zümrüd xanım çıxışında Nazim Rzayevin sənətkar obrazını 60-cı illər musiqi mədəniyyəti kontekstində təqdim edərək, onun Azərbaycan musiqisi üçün əfsanəvi şəxsiyyət olduğunu qeyd etmişdi.
Çıxış zamanı dirijorun həyat və yaradıcılıq yolu, təhsili, tutduğu vəzifələr və onun dirijorluğu altında səslənmiş Azərbaycan musiqisinin şah əsərləri və dünya musiqisi əsərləri haqqında ətraflı məlumat verilmişdi. Konsertin proqramı Hendelin 3 saylı "Su üzərində musiqi" süitası ilə açılmışdı. Barokko dövrünə aid bu əsərin proqramın əvvəlində səsləndirilməsi təsadüfi deyildi. Məlum olduğu kimi, Nazim Rzayev öz fəaliyyətində barokko musiqisinə xüsusi önəm vermiş və həmin dövrün nadir ifa olunan nümunələrini kamera orkestrinin repertuarına daxil etmişdir.
Orkestr Hendelin musiqisini üslub xüsusiyyətlərinə uyğun olaraq yüngül faktura, aydın frazirovka və balanslı dinamika ilə təqdim etmişdi. Proqramın növbəti əsəri Feliks Mendelsonun violin və orkestr üçün re minor konserti olmuşdu. Bu əsərdə solist kimi Elvin Hoca Qəniyev çıxış etmişdi. Solistin ifası yüksək texniki məharəti ilə yanaşı, dərin bədii duyum və emosional zənginliklə seçilirdi. Qeyd edək ki, E.H.Qəniyevin bu gecədə iştirakı təsadüfi deyildi. Onun babası, müqtədir musiqiçi Sərvər Qəniyev Azərbaycan Dövlət Kamera Orkestrinin ilk konsertmeysteri və solistlərindən olmuş, 80-ci illərdə Nazim Rzayev Türkiyədə yaradıcılıq ezamiyyətində olarkən orkestrə bir müddət rəhbərlik etmişdi.
Konsertin davamında Qara Qarayevin "Mən sizi sevirdim" və "Gürcüstan təpələrində" romansları səslənmişdi. Bu əsərlərin proqramda yer alması da dərin simvolik məna daşıyırdı. Fikrət Əmirovla bahəm, Qara Qarayev Azərbaycan Dövlət Kamera Orkestrinin yaranmasının əsas təşəbbüskarlarından biri olmuş, Nazim Rzayev isə bu romansları məhz kamera orkestri üçün işləyərək onlara yeni nəfəs vermişdi.
Solist Aytac Şıxəlizadənin ifası səs tembrinin zənginliyi, mətnin emosional dərinliyinin incə şəkildə çatdırılması və orkestr ilə harmonik vəhdəti ilə seçilirdi. Bakıda ilk dəfə ifa olunan Adam Veselovskinin "Mələklərin mahnısı" əsərinin səsləndirilməsi konsertə xəfif kədər aşılanmış lirik notlar gətirmişdi və proqramın üslub rəngarəngliyini artırmışdı. Ardınca Çaykovskinin "Gün hökm sürür" romansı ifa olunmuşdu ki, bu da proqramın lirik xəttini daha da gücləndirmişdi.
Konsertin sonuna yaxın dirijor Əyyub Quliyev qısa çıxış edərək Nazim Rzayev irsinin Azərbaycan musiqi mədəniyyəti üçün əhəmiyyətini vurğulamışdı və bu irsin davamlı şəkildə tədqiq olunmasının vacibliyini qeyd etmişdi. Konsert Fikrət Əmirovun "Min bir gecə" baletindən "Şəhrizadın bayramı" və final səhnəsinin ifası ilə yekunlaşmışdı. Həmin musiqi parçasının ifası da təsadüfi deyildi. Bəllidir ki, məhz Nazim Rzayev "Min bir gecə" baletinin ilk musiqi rəhbəri olmuşdur.
Bu möhtəşəm final proqramın ideya və emosional kulminasiyası olmuşdu.
Mən yazımı drijor, Əməkdar artist Eyyub Quliyevin sözləri ilə açmışdım. Elə onun sözləri ilə də yekunlaşdırıram:
“Nazim Rzayevin yaradıcılıq bioqrafiyasında xüsusi yeri Fikrət Əmirovun “Min bir gecə” baleti tutur. Bu şah əsərin səhnə taleyi Nazim Rzayevin adı ilə sıx bağlıdır. O, baletin əsas dirijorlarından biri olub və baletin uğuruna görə SSRİ Dövlət mükafatına layiq görülüb. Əlbəttə, belə uğurlar böyük peşəkar nüfuz olmadan mümkün deyil. F.Əmirov kimi bəstəkarın etimadını qazanmaq üçün çox möhkəm bədii baza və qüsursuz zövq tələb olunur.”
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(02.05.2026)


