
Super User
İntizar ədəbiyyatı - Hökumə Billuri
Təqdim edir: Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Açın qoynunuzu, açın a dağlar,
Savalan həsrətli bir mehman gəlir
O, dağlar qoynuna köksündə dağlar
Daşqın Araz kimi bağrı qan gəlir.
Ötən əsrin 40-cı illərində Cənubi Azərbaycanda başlanan milli azadlıq hərəkatı cənubi Azərbaycandakı ziyalıları öz ətrafına topladı və onlar Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi "21 azər" hərəkatının ən fəal üzvlərinə çevrildilər. Hərəkat qələbə ilə nəticələndi və şairlərimiz gənc yaşlarında inqilabçı oldular. Lakin, təəssüfki bu səadət uzun sürmədi.
Min bir əzabla, qanlar bahasına qurulan milli hökumət qısa zamanda İran dövləti tərəfindən devrildi. Bu zaman hərəkatın ən fəal üzvləri Arazın bu tayına, vətənin quzey parçasına, şimali Azərbaycana pənah gətirdilər.
Nə qəribədir 37-ci ildə soydaşlarımızın bir qismini Arazın o tayına sürgün edən tale 47-ci ildə soydaşlarımızın bir qismini bu dəfə də Arazın bu tayına mühacirət etməyə məcbur etdi.
Və beləliklə öz vətənində mühacir həyatı yaşayan, daim bütöv Azərbaycan həsrəti çəkən bu inqilab şairləri qəlblərindəki ağrını, nisgili, intizarı kağız qələmlə bölüşərək intizar ədəbiyyatını yaratdılar.
Həmin şairlərdən biri də bu gün haqqında danışacağımız əməkdar incəsənət xadimi, alim, tərcüməçi, xalq şairi Hökumə Billuri idi.
Hökumə Billuri 1926-cı il martın 3-də Cənubi Azərbaycanın Zəncan şəhərində anadan olub. Zəhmətkeş dəmirçi ailəsində böyüyüb.
1933-1943-cü illərdə Azəri qızlar məktəbində orta təhsil alıb. Və məktəbi bitirdikdən sonra, həmin məktəbdə müəllim kimi işləməyə başlayıb.
İlk şeirlərini orta məktəb illərində yazıb. Qələmə aldığı “Fəhlə”, “Göyərçin”, “Sübh açıldı” adlı ilk şeirləri “Azər”, “Vətən yolunda” qəzetlərində və “Azərbaycan” jurnalında dərc olunub.
Şimali Azərbaycana mühacirət etdikdən sonra 1947-1952-ci illərdə Azərbaycan Dövlət universitetinin filologiya fakultəsində təhsil alıb.
1956-1960-cı illərdə Azərbaycan qəzetinin baş redaktoru olub.
1956-cı ildə Bakı Ali partiya məktəbi, 1963-cü ildə Moskvada Sovet İttifaqı Kommunist partiyası yanında İctimai Elmlər Akademiyasını bitirib. Təhsili dövründə (1963-cü ildə) İran Azərbaycanının realist demokratik ədəbiyyatı mövzusunda disertasiya müdafiə edərək filologiya elmləri namizədi dərəcəsi almışdır. Bir il sonra Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda baş elmi işçi vəzifəsinə dəvət olunub, ömrünün sonuna qədər orada çalışıb.
Tərcüməçilik fəaliyyəti ilə də məşğul olan Hökümə Billuri Şəhriyarın fars dilindəki şeirlərini azərbaycan dilinə, Cəfər Cabbarlı, Səməd Vurğun, Mirvarid Dilbazi və Nəbi Xəzrinin şeirlərini fars dilinə tərcümə edib.
Mənim taleyimdir, mənim taleyim
Ömrümü tufana salanda odur
Xisləti sərt olan bir ana kimi
Həmişə qeydimə qalanda odur.
Mənim taleyimdir, mənim taleyim
O günəş nəfəsli, ay nəfəslidir
Köküylə bağlıdır ana torpağa
O şur nəğməlidir, muğam səslidir.
Şair “Mənim arzum”, “Ölməz qəhrəman”, “Həyat yollarında”, “Mübarizə illərində”, “Şeirlər”, “Şairin yadigarı”, “Səhər günəşi”, “Səndən uzaqlarda, “İstərəm”, “Necə unudum” , “Çinar gözləyir məni” “Apar məni o yerlərə”, Bir də bahar gəlsə”, “Seçilmiş əsərlər” “Dünya belə dünyadır”, “Nə qəribə dünya imiş” kimi çoxsaylı şeir kitablarının “1940-1960: İran Azərbaycanında realist-demokratik poeziya” və “Məhəmmədhüseyn Şəhriyar” monoqrafiyalarının müəllifidir
O, 2000-ci ildə noyabrın 22 də Bakıda vəfat etmişdir.
Ölümün gözünün içinə baxıb
Sonra bir şam kimi sönəcəyəm mən
Qartal tək zirvəyə qalxdıqca qalxıb
Sonra bu dünyaya dönəcəyəm mən
Yenidən doğacaq məni bu bahar
Fəqət dağ insanı qəm, həsrət əyər
Azadlıq eşqi ilə irəli dostlar
İrəli bu yolda ölməyə dəyər.
“Ədəbiyyat və incəsənət”
(10.06.2024)
POETİK QİRAƏTdə Əlizadə Nurinin “Qarabasma” şeiri
Poetik Qiraətdə bu gün daimi müəllifimiz, ustad şairimiz Əlizadə Nuridir. Onun “Qarabasma” şeiri zəmanədən şikayət motivlidir.
Götürüb öz dərdini
Hər adam toya gedir.
Ömür - qatar kimidi
Sonda depoya gedir...
Həqiqətən də mükəmməldir!
Xoş mütaliələr!
Qarabasma
Günəşi gizlədiblər,
Buludun arxasında.
Adam var toyundadı
Adam var öz yasında...
Tanrı insan yaratdı,
İnsan səsdi, haraydı.
Yoxsa tək darıxdı O?
Gərək darıxmayaydı...
...Yüz il ömür istədin,
Əlli il bəs eləmir?
Özünə bir ev tikən
Günü günbəz eləmir...
Hər yan saxta parıltı-
Çağırma, girmirəm mən.
Qaranlıqdan qorxmuram,
İşıqda görmürəm mən...
Onun iştahına bax,
İstəmir tacı düşsün:-
Göydən də üç alma yox
Alma ağacı düşsün...
Ağa olmaq istədi,
Amma bir gün qul oldu.
Hamını uddu, ancaq
Özünə məğlub oldu...
...Götürüb öz dərdini
Hər adam toya gedir.
Ömür- qatar kimidi
Sonda depoya gedir...
Ədəbiyyat və incəsənət”
(10.06.2024)
STATUSLAR STATUSUnda Əli Niyazbəyli
Növbətçi: Könül, “Ədəbiyyat və incəsənət”
Bu dəfə facebook sosial şəbəkəsindən sumqayıtlı aktyor Əli Niyazbəylinin bir postunu sizlər üçün seçdim. Post toy məclisləri mövzusundadır. Axı Əli bəyi hamı mahir toy aparıcısı kimi tanıyır.
Toy məclislərinin tarixin hansı günündən başlandığını dəqiq bilən yoxdur. Sonunu da heç kim bilməyəcək. Nə qədər həyat var, insanlıq var, toy da var olacaq. Ancaq çox təəssüf ki, dəbdən-dəbə, haldan-hala düşən toylarımız bu gün çeynənilib dadını itirib yumşalan saqqıza bənzəyir. Bu işdə günahkar axtarmaq lazım deyil. Günah birbaşa toy sahiblərindədir. Adam otuz-qırx il gözləyir ki, övladına toy etsin, ağsaqqal xeyir-duası olsun, bir qohum, bir dost məclisə münasibət bildirsin, toyu peşəkar tamada idarə etsin. Ancaq nə baş verir: yarı müğənni, yarı aparıcı məclisi pis vəziyyətə gətirib çıxarır. Çox insan düşünür ki, kimin toyunda çox adam oynayırsa, kimin toyunda çox səs-küy varsa, demək, o toy yaxşı keçir. Səhv edirsiniz. Toy ancaq oynamaq üçün deyil. Toya gələnlər istirahət etməlidirlər, tamada bəy-gəlinə öyüd-nəsihət verməlidir, arada birbaşa məclis üçün gərəkli olan şeirlər deməli, atalar sözlərindən istifadə etməlidir, bir az muğam, bir az xalq mahnıları səslənməlidir, təbii ki rəqs də olmalıdır. Mən qırx il toy məclisləri idarə etmişəm. Bütün Azərbaycanımızda mənim səsim, sözüm var. Toyunu etdiyim cütlüklər hamısı xoşbəxtdir. Toy bir teatr tamaşasıdır, onu qurmaq lazımdır. İndi hərə beş-on şeir əzbərləyib düşüb toyların canına. Toyu idarə edən insanın özünün nümunəvi ailəsi olmalıdır, ailə dəyərlərini bilməlidir. Ay insanlar, toyunuzu tapşırırsınız, Zəlimxan Yaqub demişkən: “Dörd dəfə evlənib beş dəfə boşananlara”. Onun özünün normal ailəsi yoxdursa, o nə xeyir-dua verə bilər, sizin övladlarınıza hansı ailə dəyərlərindən danışa bilər? Boşanmaların bir səbəbi də məhz budur. Siz çox gec başa düşəcəksiniz ki, səhv etmisiniz. Tamada başqa şeydir, aparıcı başqa.
“Ədəbiyyat və incəsənət”
(10.06.2024)
Bu dünya nə yaman boşalıb… - TƏRANƏ DƏMİRİN ŞEİRLƏRİ
1.
İndi qaranlıqdan keçir
bütün xəyallar,
Ulduzlar bir gecəlik qonaqdı.
Köhnə havanı oynayır təzə arzular,
Əl çalmaq yasaqdı.
...Torpaq yağışı arzulamır,
Əslində buludlar torpağa acdı.
...Pəncərəsi açıq evlərin
sirrini küləklər yayır,
Bağlı qapılar qeybətə möhtacdı.
..İndi sevgilər bu gündən yox,
sabahdan asılır.
Ona görə də çox vaxt
"Azadlıq" sözü dırnaq arasında yazılır.
2.
Ümid edə -edə ömrü bitirdik,
Ömürdən o yana nə var, İlahi?
Gah suya yüyürdük, gah dənə qaçdıq,
Getdi biz gözləyən qatar, İlahi.
Aşdı üstümüzə əzablarımız,
Nə tapdıq hamısı alayarımçıq.
Sən verən bu ömrü yaşamadıq ki,
Tutunub dayandıq qonşuya acıq.
Sən demə nağıllar baş alladırmış,
Günəş də zülmətdən doğurmuş demə.
Qismət deyə -deyə, bəxt gəzə-gəzə
Şeytan evimizi yıxırmış demə.
Xəyallar sonuymuş həqiqətlərin,
Aldanmaq ən acı həqiqət imiş.
Görüşə çətirsiz gələnlər üçün
Sən demə yağış da səadət imiş.
Nə bahar görmədik, nə də ki, payız,
İndi də qapını qış alıb, Allah.
Deyəsən tənhalıq ömrü yaşayır--
Bu dünya nə yaman boşalıb, Allah.
3.
İSTANBULDAN DÖNƏRKƏN YAZDIĞIM ŞEİR.
Cığır-cığır, çəpər -çəpər,
Dəniz-dəniz, liman-liman,
Ölkə -ölkə, şəhər-şəhər,
Qaya-qaya, orman-orman
Ürəyimdə kök atmısan,
Dodağımın sözü Vətən,
Həsrətimin özü, Vətən!
Tarixlərin yaddaşında
Ərən kimi qalan yurdum,
Talan yurdum.
Dərdlərində yanıb, yanıb
Külündə bir də doğulan
Qalam yurdum,
Azərbaycan,
Salam, yurdum!!
Kimlərə pay verməmisən
Axı halal çörəyindən?
Üzünə kim ağ olmayıb,
Kimlər çəkib ətəyindən?
Kimlər verib ürəyini,
Kimlər vurub ürəyindən?
Kimlər keçib ələyindən?
Şərəfiylə, qeyrətiylə,
Sevgisiylə, şəfqətiylə
Dünyaya səs salan yurdum,
Azərbaycan,
Salam, yurdum!
Hara getsəm çəkir məni
Bu torpaq, bu su, bu hava,
Bu duman, bu külək, bu çən,
Bu yuva, bu el, bu oba,
Anam Vətən, babam Vətən,
İstəyirəm yağış olub
Damcı -damcı torpağına hopam, Vətən!
Minib arzu köhlənimə
Səni dağ-dağ, çəmən -çəmən
O baş , bu baş çapam, Vətən.
Sərhəd -sərhəd tikələnib
Şəhid-şəhid bütövlənən ,
Şeir -şeir hecalanan,
Varaq-varaq çiçəklənən,
Dilimizdə ən müqəddəs
Kəlam, yurdum,
Azərbaycan,
Salam, yurdum!
“Ədəbiyyat və incəsənət”
(10.06.2024)
1964 yaşlı şair - Qulu AĞSƏSDƏN
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində 85 illiyini qeyd etdiyimiz mərhum Xalq şairimiz Vaqif Səmədoğlu barədə növbəti yazı təqdim edilir. Müəllif Qulu Ağsəsdir.
"Ömür gedir, ölüm gedir,
O bir yana, bu bir yana.
Yerini de, unutmuşam,
Səsim hardadı,
ay ana?!"
Vaqif Səmədoğlu bu şeirində nənəsinin tumanından tutub qonşuya oturmağa gedən uşaq yaşındadı...
"Burda qoyma bura gəlməyini də!"
Vaqif Səmədoğlu təzəcə sevir...
"Qəzetdə bir yazı oxudum, amma
Nədənsə qızlarım düşdü yadıma".
Vaqif Səmədoğlu qocalır, deyəsən...
"Başımız bir yastıqda
Bir-birimizdən xəbərsiz".
Vaqif Səmədoğlu darıxır...
"Sənə inamdan da gözəl sevgi var,
Məhəbbət dəmidi, saxlama məni."
Vaqif Səmədoğlu təzədən cavanlaşır...
"Qoy tarixdə adım qalsın
Nüşabənin qulu kimi".
Vaqif Səmədoğlu yavaş-yavaş ev-eşiyə sığmaq istəyir...
"Millət, dövlət zirvəsindən
İnsana enmək vaxtıdı".
Vaqif Səmədoğlu ictimailəşir...
"Yenə dərdə sığınıb
Azərbaycan ölkəsi".
Vaqif Səmədoğlu siyasiləşir...
"Allah, keç günahımdan
Qospodi, prosti".
Vaqif Səmədoğlu yalvarır...
"Mən burdayam, İlahi!"
Harda Vaqif Səmədoğlu?
"Yumruğunla qız üzündə
Anamı söydüyün yerdə".
Ora çoxmu uzaqdı?
"Papirosum da yox,
Ölçəm bu yolun uzunluğunu".
Niyə göz-gözü görmür?
"Bakıya duman gəlib,
Deyəsən, yaman gəlib,
heç kəsə demə..."
Ayrı nə var, nə yox?
"39-da doğuldum,
37-də tutuldum".
2003-39...
1964 yaşınız mübarək, Vaqif Səmədoğlu!
“Ədəbiyyat və incəsənət”
(10.06.2024)
BİR SUAL, BİR CAVAB El Roman ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL:
Öyrəndikdən və sevdikdən sonra daha çox əzab çəkəcəksiniz. ( Viktor Hüqo)
Gedişini xəyal edib
Gülüşündən yan keçirəm.
Göz yaşımı sel edənin
Göz-qaşına and içirəm.
Günahkaram, damarımdan
Qan içənə qansız dedim.
Can alana canan deyib
Can verənə cansız dedim...
( El Roman)
El Roman bəy, sevginin əzabı acıdırmı, yoxsa şirin, bəlkə də, hər iki daddan yaranan bir daddır?
CAVAB:
- Məncə, sevgi ən orijinal hissdir. Heç bir hissin törəməsi deyil və heç bir hissə yaxın deyil. Yerdə qalan istənilən hiss hansısa başqa hissdən törəmədir. Sevginin o qədər dəqiq simptomları var ki, kimisə sevən kimi bu hissin adının sevgi olduğuna əmin ola bilərsən. Ad qoya bilməyənlər artistlik edir. "Sevginin əzabı" deyilən bir şey yoxdur. Əzab nəyə deyirsiniz ki? Qarşı tərəfin tərk etməyi nəzərdə tutulursa, bu çox absurd və əsassız düşüncədir. Tərk edilmək sənətdir axı. Özün özünün sənətkarı olursan. Sən sonradan bu haldan istifadə edərək bərkiyirsən, yoğrulursan, xarakter formalaşdırırsan. Hansı əzabdan söhbət gedə bilər? Əzab sevə bilməməkdir. Gör onda yeməyin dadını bilirsənmi? Yuxundan ləzzət ala bilirsənmi? Ümumiyyətlə, sevə bilmirsənsə, nələrə güləcəksən?
“Ədəbiyyat və incəsənət”
(10.06.2024)
Məsləhət deyil
“Ədəbiyyat və incəsənət” portalı sizlərə Xeyrəddin Qocanın miniatür hekayələrinin təqdimini davam etdirir.
Məsləhət deyil
Yeni il qabağı baş konsul Xarici İşlər nazirinə rəsmi müraciət edir ki, ailəsi ilə birlikdə bayram keçirmək üçün Bakıya gəlmək istəyir. Nazir də məktubu göndərir Şərq ölkələri ilə məşğul olan şöbənin müdirinə ki, cavab versin. Cavab çox gecikir, Baş konsul Bakıya gəlir, Yeni ili keçirir, geri qayıdır. Görür ki, müraciətə cavab gəlib. Şöbə müdiri yazmışdır: "Məsləhət deyil".
Xeyrəddin müəllim çox həssas adam olduğundan əsəbiləşir, sonra da gülümsəyərək dillənir:
-Guya mən bunun məsləhəti ilə oturub-dururam...
Bir dəfə həmin şöbə müdirinin Xeyrəddin Qocaya ciddi işi düşür, işçiləri vasitəsilə ondan pul istəyir. Hamıya əl tutmağa, kömək göstərməyə çalışan baş konsul iş yoldaşlarına deyir:
-Ona deyin ki, məsləhət deyil...
“Ədəbiyyat və incəsənət”
(10.06.2024)
Mükafatçıların müsabiqəyə təqdim etdikləri poeziya nümunələri - I YER: CAVİD QASIMOV
Bildiyiniz kimi, “Ulduz" aylıq ədəbiyyat dərgisi və Azərbaycan Ədəbiyyat Fondunun unudulmaz Xalq şairi Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr edilmiş, 35 yaşa qədər qələm adamları arasında keçirdikləri poeziya müsabiqəsinin qalibləri bu gün mükafatlandırılacaqlar.
I yer:
Cavid Qasımov;
II yer:
Rəşad Nağı Mustafa,
Allahşükür Ağa;
III yer:
Eminquey,
Seyyidəli Sübhi,
El Roman
“Ədəbiyyat və incəsənə” portalı mükafatçıların poeziya nümunələrinin təqdimatını başa çatdırır. Bu gün 1-ci yerin sahibinin şeirləri təqdim edilir.
I YER
CAVİD QASIMOV
Dil bilməyən sərçələr
Bu qışı da qarşıladı
Həyətimizdə.
Yenə dua edirlər:
– Bol olsun süfrələrin çörək qırıntıları...
Dəyirmanların ürəyi daşdan olmasaydı,
Köçməzdi ölkədən ölkəyə quşlar...
Zaman ötdükcə anlayıram ki,
Sünbül günəşdən də yandırıcıdır.
Yoxluğu nəinki yeriməyi bacaranlar,
Uçmağı bilən quşlar üçün də utandırıcıdır.
Gileylənmirəm, İlahi, gileylənmirəm.
Buna da şükür,
Bizi sərçələrin duaları saxlayır,
Sərçələri sən.
*
O gün yadımdadır, qarışqalar da
Yeraltı bahardan qayıdırdılar,
Çiçəklər təzəcə dil açmışdı ki,
Arılar nahardan qayıdırdılar.
Mən isə dənizdən şeir deyirdim
Qanadı qırılmış qağayılara.
O gün yadımdadır, yarasalardan
Gecənin qanını götürürdülər.
Hə, hə...
Yadımdadır çarpayısında
Uzanan adama köçürürdülər.
Mən isə həyatdan şeir deyirdim
Gecəni yatmayan səfil dostuma.
O gün yadımdadır, işıqforların
Gözləri hirsindən qan bağlamışdı.
Görmüşdü uzaqda işıq dirəyin
Kimsəsiz bir uşaq, qucaqlamışdı.
Mən isə anadan şeir deyirdim
Körpələr evinin darvazasında.
O gün yadımdadır, dostum gəlmədi,
Onu da bayraqla gətirmişdilər.
Heç vaxt uzaqlara ata bilməyən
Ayağın uzaqdan götürmüşdülər.
Mən isə yollardan şeir deyirdim
Oğlu itkin düşmüş ata evində.
O gün yadımdadır, ağaclar hələ
Körpə meyvələrin bəsləyirdilər.
Dəcəl uşaqları meyvə dərməyə
Kölgə-kölgə düşüb səsləyirdilər.
Mən isə qocaya şeir deyirdim
Meyvədən xəbərsiz əlağacından.
O gün yadımdadır, xatırlayıram:
Daha günüm yoxdur xatırlanası.
Söz verdim Allaha, şeir yazmaram
Qadın qulağına pıçıldanası.
O gün yadındadır?
– Yadımda deyil...
“Ədəbiyyat və incəsənət”
(10.06.2024)
“Bu həyatda sizin cəmi bir arxanız var. O da...” - Uğura doğru kreativ irəliləmənin Xakamada yolu
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Motivasiya ədəbiyyatı içərisində oxucularıma nümunə gətirəcəyim daha bir təlim Rusiya siyasətçisi və publisisti İrina Xakamadaya məxsusdur.
Atası yapon, anası rus olan İrina Rusiya kimi mürəkkəb bir ölkədə uğurlu siyasi karyera qurması ilə məşhurlaşaraq Rusiya tarixində seçkidə ən çox səs toplayan prezidentliyə namizəd qadın olması, Rusiya Federasiyası Dövlət Dumasının sədrinin müavini postunadək yüksəlməsi, aparıcı bir siyasi partiyaya həmsədrlik etməsi kimi uğurlar əldə edib, bunlar ona nə qədər nüfuz gətiribsə iqtisadiyyat üzrə elmlər namizədi mərtəbəsinədək yüksəlməsi, məşhur teleradio aparıcısı olması, Moskva Beynəlxalq Munasibətlər İnstitutundakı pedaqoji fəaliyyəti, yazdığı populyar roman və pyeslər, «uğurlu insan olmaq» mövzusunda oxuduğu master-klasslar da ona bir o qədər nüfuz gətirib. Təsəvvür edin ki, «Taym» jurnalı onu dünyanın XXI əsrdəki 100 ən məşhur qadınları reytinqinə daxil edib. Bu «uğurlu» qadın barədə onun, hədsiz nüfuzu barədə bircə fakt söyləmək istəyirəm: 2002-ci ildə Moskvanın Dubrovka adlı ərazisindəki Teatr mərkəzində terrorçular dinc insanları girov götürərkən İrina onlarla danışıqlar apararaq üçü uşaq olmaqla dörd girovu azad etməyə müvəffəq olub.
Onun, xüsusən, uğurlu karyera qurmaqla bağlı fərqli və kreativ məsləhətləri çox maraqlıdır. (Məsələn, Təqribən ayda bir dəfə ölüm haqqında bədii filmlərə baxın ki, həyatı qiymətləndirə biləsiniz).
Gəlin bunlara diqqət yetirək:
3.Cəsur olmanız üçün sizə yeni fəlsəfə kömək edə bilər: bu həyatda sizin cəmi bir arxanız var. Vəssalam. Bu nə ailədir, nə ölkədir, nə sosial-müdafiə fondudur, nə məmurlardır. Yalnız özünüzsünüz.
Bu isə öncəki gün paylaşdığımdır:
1.
Hədəfə, məqsədə doğru deyil, özünə tərəf hərəkət etməlisən. «Məqsədə doğru nə qədər sürətlə getsən, o sürətlə də məqsəd səndən kənarlaşacaq. Səadətə doğru irəlilə», - deyə öyrədirlər daosistlər. Eynən serfinqist kimi səni yuxarı qaldıracaq öz dalğanı tapmalısan. Buna görə də mütləq axından qopub özünü dinləməlisən.
2.
Rəsmi TV kanallara az baxın, orada göstərilənlərin real həyatla əlaqəsi yoxdur. Daha yaxşısı – əyləncəlilərdir. Əgər mütləq informasiya lazımdırsa, onu da internetdən götürün. Ümumən isə informasiyanı ətrafdakı insanlardan alın. Taksi sürücüsüylə, zərgərlə ünsiyyət qurmaqla heç bilirsiniz, nə qədər informasiya ala bilərsiniz? Dünyanı dinləyin ki, öz dalğanızı tutasınız.
Sabah davamı olacaq.
“Ədəbiyyat və incəsənət”
(10.06.2024)
Yazıçı, publicist və araşdırmaşı Pənah Qurbanov! - HƏM DƏ ŞAİR
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” üçün
Yazıçı, publicist və araşdırmaşı Pənah Qurbanov! O, 1938-ci ildə Oğuz (keçmiş Vartaşen) rayonunun Yaqublu kəndində anadan olmuşdur. İlk təhsilini Yaqubludakı natamam orta məktəbində, orta təhsiini isə Padar kənd məktəbində almışdır.
Əmək fəaliyyətinə Yaqublu kəndindəki kolxozda başlamışdır. Bir müddət rayon qəzetində işləmişdir. Ötən əsrin 60-cı illərində Bakıda Montin adına zavodda və metro tikintisində əmək fəaliyyətini davam etdirmişdir. Həmin illərdə BDU-nun jirnalistika fakültəsini bitirmişdir.
Hələ cavan yaşlarından tanınmış qələm sahibləri V.Əziz, Ə.Kərim, A.Laçınlı, M.Səməd və başqaları ilə yoldaş olmuş, tez-tez onlarla ədəbi məclislərdə iştirak etmişdir.
1968-ci ildən Mingəçevirdə məskunlaşmışdır. “Mingəçevir işıqları” qəzetində foto-müxbir olmuşdur. Sonrakı illərdə şəhər Partiya Komtəsində təlimatçı və “Bilik” cəmiyyətində məsul vəzifədə işləmişdir.
1970-ci ildən Mingəçevir radiosunda müxbir kimi əmək fəaliyyətini davam etdirmişdir.
1973-cü ildə tanınmış radiojurnalist Firuz Əhmədlinin köməkliyi və zəmanəti ilə Azərbaycan radiosu və televiziyasının Şəki-Zaqatala bölgəsi üzrə müxbiri təyin olunmuşdur. Az sonra Azərbaycan Televiziyasının “Günün ekranı” xəbərlər proqramının xüsusi müxbiri olmuş, 1985-ci ilə kimi burada çalışmışdır. Burada işləyərkən V.Sənani, N.Muradxanlı, N.Səfərli, Z.Zeynalov, İ.Göyçaylı və Ş.Rza kimi peşəkarlardan çox şey öyrənmişdir.
1986-cı ildə Mingəçevir radiosunun məsul redaktoru təyin olunmuşdur. Şəhərin ilk qurucuları, Mingəçevir SES tikintisi onun əsas araşdırma mövzusu olub. 1995-ci ildə P.Qurbanovun “Mingəçevir: hidroqovuşaq və şəhər necə yarandı”, 1999-cu ildə “Onlar Mingəçeviri qurmuşlar” tarixi səlnamələri, daha sonra M.Füzuliyə həsr olunuş “Ayrılıq karvanı” kitabları çapdan çıxmışdır. Ümumiyyətlə, bu günə kimi onun 8 kitabı nəşr olunmuşdur ki, onların 6-sı müasir Mingəçevirin tarixindən bəhs edir.
P.Qurbanov görkəmli yazıçılarımız Ə.Kürçaylı və F.Kərimzadə ilə dostluq edirdi . O, qəzet müsahibələrinin birində belə deyir: “Ömrümün ən ağır və kədərli günləri dostluq etdiyim Ə.Kürçaylı və F.Kərimzadə kimi istedadlı qələm sahiblərinin vaxtsız itkisi ilə bağlıdır.”
Onun istedadlı şair M.Daşqının yaradıcılığı barədə araşdırmaları professor M.Bağırov tərəfindən çap olunmuş kitaba daxil edilmişdir.
Çoxlu sayda publisistik yazıları və reportajları da vardır. Azərbaycan Yazıçılar Birliyi və Jurnalistlər ittifaqının üzvü idi.
P.Qurbanovun “Mingəçevir SES tikinti” və Azərbaycan”, “Arxivlərdə yatan imzalar”, “Qranatnı roşa”nın sonuncu sakini”, “Danışır Mingəçevir” və “Batalyon kömək istəyr”, “Ömrümüz çiçəktək solacaq bir gün” adlı əsərlərin də müəllifidir.
P.Qurbanov bəzən öz kövrək duyğularını şeirlərlə də ifadə etmişdir. Bu şeirlər Vətənə, onun təbiətinə və bu təbiət qədər saf olan insanlarına həsr olunmuşdur.
Əsərləri ilə tanış olan hər kəs aydın hiss edir ki, onun qələminin sehri də , gücü də öz Vətəninə, anadan olduğu Yaqublu kəndinə, uzun illər sakini olduğu Mingəçevir şəhərinə, onun daşına, torpağına, bu torpağın üstündə yaşayan həmvətənlərinə olan sonsuz məhəbbətdədir.
Təsadüfi deyil ki, P.Qurbanov öz doğma məktəbinin kitabxanasına bağışladığı kitablarının birinə belə bir avtoqraf yazıb: “Mənə həyat vəsiqəsi vermiş, xatiratımda unudulmaz iz qoymuş doğma məktəbim və Yaqublu kəndi yaradıcılığımın əsas mənəvi dayağı və mövzusudur.”
P.Qurbanov 2006-cı ildən təqaüdə çıxmışdır. 2022-ci ildə vəfat etmiş və Mingəçevir şəhərində dəfn olunmuşdur.
Sonda P.Qurbanovun M.Füzulinin 500 illik yubileyi ərəfəsində yazdığı bir qəzəli dahi şairin 530 illik yublieyini qeyd etməkdə olduğumuz bir dövrdə hörmətli oxucularımızın nəzərə çatdırmaqda bir qəbahət görmürük:
Kərbalada ucalanda Allahu-Əkbər səsləri,
Burda parladı bir gün söz mülkünün sərkəri.
Ad qoydular o dühaya, müqəddəslər şərəfinə,
Mühəmmədi-Əleyhissəlam, Ali həzrət şərəfinə.
Qərib eldə böyüdükcə Süıeymanın göz işığı,
Sanki artıb çıxalırdı Kərbəlanın yaraşığı.
İraqi-Ərəb, Bağdad, Hillə möcüzələr aləmiydi,
Burda ürək yandırırdı, Məcnun ahı, Leyli dərdi.
Boylandıqca ətrafına hicran gördü, əfqan gördü,
Bir gün könül qapısını “Şəbi-hicran” yaman döydü.
Gah nəvasın gülə dedi, gah çöllərə, gah yellərə,
Füzun oldu, düşdü dilə, bu sayaq “türki-dilrubə”.
“Ləhceyi-türki” eylədi qəzəllə “məşhuri-cahan”,
Bu dildə çünki “oxumaq da, yazmaq da asan”.
Zamanmı səni məşhur eylədi, ya sənmi zamanı ?!
Yox! Sən oldun ey ulu ustad, zamanın söz sultanı.
Dərgahına qədəm qoymaq asan deyil, sənin çünki,
Söz mülkünün sirri dərin, “dürri-ərən, dedim, dedi”.
Üzr qıl bu cürətimə, xəzinənə əl uzatdım,
Gövhərinə üzüm sürtüb astananda qul tək yatdım.
Əxz eylədik biz səndəki aşiqliyi, dəyanəti,
Nəymiş sənin söz mülkünün “haqq adına” bu hikməti?!
“Ədəbiyyat və incəsənət”
(10.06.2024)
\