Azərbaycanın ilk qadın rejissorlarından biri - Gülcahan Güləhmədova Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”  

 

İlk azərbaycanlı qadın rejissorlardan biri olan Gülcahan Güləhmədovanı bu gün əbəs xatırlamadıq. Bu gün onun doğum günüdür. Və özü də, elə-belə, adi ildönümü deyil, tam 100 illiyidir. Gün ərzində izləyəcəyəm, görüm mədəniyyətimiz naminə bu qədər fədakarlılar göstərmiş bu xanımı bu gün hansı səviyyədə yad edəcəklər.

 

Gülcahan Güləhmədova 1925-ci il iyunun 23-də Bakı şəhərində anadan olub. O, 1947–1952-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. Onun müəlllimi Mehdi Məmmədov olub. 1952-ci ildə təyinatını Rus Dram Teatrına alan Gülcahan xanım orada Stepanov-Kolosov, Saxarov, Məhərrəm Haşımov kimi rejissorlarla işləməyə başlayıb.

 

O, 1943-cü ildə leytenant, dəniz məktəbinin məzunu Sergey Martınov ilə ailə həyatı qurub. Adətən mental olaraq azərbaycanlı xanımın başqa millətdən olanla ailə həyatı qurması qəbul edilmir, bu səbəbdən də Gülcahan xanım müəyyən problemlər yaşayıb.

1952–1982-ci illərdə Səməd Vurğun adına Rus Dram teatrında quruluşçu rejissor olub. Onun ilk quruluş verdiyi tamaşa Viktor Rozevin "Şadlıq sorağında" tamaşası idi. 30 il ərzində Gülcahan xanım teatrda 70-ə yaxın tamaşanın qurulşçu rejissorluğunu edib.

 

1982-ci ildə rejissor teatrdan uzaqlaşıb və həmin ildən Opera Studiyasında çalışmağa başlayıb. Gülcahan Güləhmədova həmçinin Bakı Musiqi Akademiyasında vokal kafedrasının müdiri vəzifəsində də çalışıb. Onun tələbələri arasında "Qran-pri" laureatı, La Skala teatrının solisti, çoxsaylı musabiqələrin laureatları və diplomantları, Xalq və Əməkdar artistlər, Respublika və xarici opera teatrlarının (Almaniya, Türkiyə, Misir, Fransa, Boliviya) solistləri vardır.

 

Filmoqrafiya 

 

Sən həmişə mənimləsən 

 

Mükafatları 

 

1. "Əməkdə fərqlənməyə görə" medalı 

2. "Azərbaycan SSR Əməkdar incəsənət xadimi" fəxri adı 

3. Azərbaycan SSR Dövlət mükafatı 

4. "Azərbaycan SSR Xalq artisti" fəxri adı

5. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü 

 

Gülcahan Martınova 20 yanvar 2018-ci ildə ildə 92 yaşında vəfat edib. Ruhu şad olsun.

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.