TƏLƏBƏ YARADICILIĞI - “Bir Bayraq və minlərlə can” hekayəsi Featured

“Ədəbiyyat və incəsənət” portalını Tələbə yaradıcılığı rubrikasında bu gün Ağdam Sosial-iqtisad Kollecinin tələbəsi Ayşən Cəfərlinin “Bir Bayraq və minlərlə can” hekayəsini təqdim edir.

 

Ən öndə Qəhrəman, solundaysa Qurbanov var idi. Arxalarınca digər əsgərlər gəlirdi. Gecə düşmüş, havaysa get-gedə daha da soyumuşdu. Qəhrəmanın içindəki o hiss böyüyürdü. İnsan öləcəyi günü hiss edərmiş. Qəhrəman da şəhadət şərbətini içəcəyi o anı gözləyirdi. Bu, bəlkə də onun dostlarıyla çiyin-çiyinə vuruşduğu son əməliyyat olacaqdı. Nəzrinin səsini eşitdiyi son günlər... Bir daha nə ailəsini, nə də dostlarını görə biləcəkdi.

Olsun.

Vətən sağ olsun!

Qəhrəman.

Uğrunda canından keçən varsa, bu vətən — vətəndir. Qəhrəman bu vətən uğrunda canından keçməyə hazır idi. Təki vətən sağ olsun!

Himnimizdə də deyildiyi kimi:

“Sən olasan gülüstan,
Sənə hər an can qurban”

O an gecənin qaranlığını aydınladan bir parıltı göründü səmada. Eyni anlarda əsgərlərinin səsini eşitdi Qəhrəman:

“Bomba! Əyilin!”

Çox qısa müddətdə cavab atəşi ilə düşmən susturulsa da, Qəhrəmanın üç yaralı əsgəri vardı. Buna baxmayaraq, “Davam edirik” dedi. İndi dayana bilməzdilər. Geriyə çəkilən düşmən əsgəri mütləq geri dönəcəkdi. Ona görə dayanmamalı, irəliləməliydilər. Bu torpaqlara gələnə qədər verdikləri canları düşündü. İntiqam atəşi ilə od tutub yanarkən yola davam etdilər. Qarşılarına çıxan hər kəsi bir-bir məhv etdilər. Kimsə onları dayandıra bilmirdi. Bir torpaq daha azad edildi düşmən əsarətindən. Məlumatlar verildi.

Əsgərlər yeni qələbənin sevincini yaşarkən, Qəhrəmanın gözləri qarşıda, bu küləkli yerdə dalğalana bilməyən düşmən bayrağına sataşdı. Onun baxışlarını bir neçə saniyə sonra görən əsgər Həmidov qaçaraq yanına gəldi. Çantasından çıxardığı üçrəngli bayrağı öpüb gözlərinin üstünə qoydu. Daha sonra komandirinə uzatdı. Qəhrəman ona başı ilə təşəkkür edib bayrağı aldı. Öpdü və gözlərinin üstünə qoydu. Daha sonra uzun dirəyin yanına irəlilədi. İlk düşmən bayrağını yerə endirdi, çəkməsinin altında gözəlcə əzdi. Daha sonra böyük bir qürurla üçrəngli bayrağı asdı. İpi hər çəkdikcə bayraq bir az da yüksəlir, əsən küləkdə dalğalanırdı. Nəhayət, yerini tapan bayraq ən yüksək zirvədə dalğalandı. Bütün əsgərlər və Qəhrəman bayrağın qarşısında durdu. Kimsədən səs çıxmadı, amma o an hər bir əsgər dalğalanan üçrəngli bayrağa baxaraq bu torpaqların azadlığı uğrunda can verən bütün oğulların ruhları qarşısında baş əydi.

“Komandir, indi neyləyək?” — Qəhrəmanın baxışları əsgərinə çevrildi.
“Dəstək gəldikdən sonra burdan ayrılırıq” — dedi o.

Kənarda yaralananlara ilkin tibbi yardım göstərilirdi. Hərbi həkim Cəfər Məmmədov onların yaralarına baxırdı.

“Evə qayıdırıq, uşaqlar” — gülümsəmədi Qəhrəman. O hiss hələ də canlı idi.

Sanki o an, ürəyinə dammışcasına bir səs eşidildi. Az öncə asdığı bayraq yerə düşürdü. Atəş səsləri ətrafa yayılarkən, Qəhrəman ondan bir neçə addım uzaqda olan və sürətlə yerə düşən bayraqdan başqa heç nəyə baxmırdı. Qaçdı. Bayrağa tərəf qaçarkən əsgərlərinin səsini eşidir, lakin nə dediklərini anlamırdı.

Bayraq — vətən deməkdi. Bayraq — şəhid deməkdi. O bayraq uğrunda nə canlar verilmişdi. O bayraq yerə əsla düşməməli idi.

“Komandir!”

Qəhrəman bayraq yerə düşmədən ipi tutdu. Düşmək üzrə olan bayrağı yenidən qaldırdı. Bu üçrəngli bayrağın yeri hər zaman mavi səma idi. O an Qəhrəmanın sol çiynində böyük bir ağrı yarandı.

“Komandiri qoruyun!”

Bayrağın ipini bərkitdikdən sonra təhlükəsiz bir yerə keçmək üçün irəlilədi, amma o an bir mərmi daha bədənini hədəf aldı. Dizləri üzərinə, bayrağın yanında yerə çökərkən “Sonunda...” — deyə fısıldamışdı. Gözləri mavi səmada dalğalanan üçrəngli bayrağa çevrildi.

“Hər şey vətən üçün” — dedi.

“Hər şey vətən üçün” — bir mərmi daha bədənini hədəf aldı. Artıq saymırdı, çünki sayısız mərmi onu hədəf alırdı — sırf bayrağı yenidən dalğalandırdığı üçün.

“Yaşasın Azad Azərbaycan!”

Gözləri qaralarkən şəhadət gətirdi.

O an, kinolardakı kimi həyatı gözlərinin önünə gəlmədi. Tək bir şey gördü — qaranlıq bir yerdəydi. Çox az bir işıq vardı. O da bir nəfərin üzərinə düşür, onu aydınladırdı. Arxası Qəhrəmana çevrilmiş olan bu adam hərbi formadaydı. Uzun boylu, enli kürəkli, olduqca heybətli görünürdü.

“Siz kimsiniz? Mən hardayam?” — deyə soruşdu Qəhrəman. Amma cavab ala bilmədi.

Sonra üzünü ona çevirdi. Qəhrəman bu adamı tanımırdı. Lakin ömrü boyu bu gözləri unutmazdı.

“Ömər...” — gülümsədi əsgər.
“Səninlə fəxr edirəm, ata” — dedi oğlu Ömər.

Onun balaca oğlu böyümüş, əsgər olmuşdu.

“Anam mənə əmanət, gözün arxada qalmasın.”

Sonra...

Sonrası — dərin bir qaranlıq.

Qəhrəman şəhadət şərbətini içərkən, ölmədən öncə gördüyü son üz — balaca oğlu Ömərin üzü idi.

Bir bayraq uğrunda canından keçənlər vardı o gün...

Həmin günün səhəri bütün xəbər kanallarında Zəfərin çalındığı elan olundu. Bütün xalq küçələrə dağılmışdı. Əllərində bayraqlar, uşaq-yaşlı demədən hər kəs Zəfəri qeyd edirdi. Qaçqınlar evlərinə geri dönür, vətən həsrətiylə yanan xalq göz yaşlarına boğulurdu. Və bəziləri...

Bəziləri yol gözləyirdi.
Bir bacı, qardaşının yolunu gözləyirdi.
Bir ana, oğlunu gözləyirdi.
Bir qadın, yoldaşından gələcək hər hansı bir məlumat üçün saniyələri sayırdı.
Bir uşaq, atasının işdən gəlməsini gözləyirdi.

Atası işə getmişdi.

İşdəydi və gələcəkdi.

Gələndə ona ən çox istədiyi o oyuncaq maşını alacaqdı. Söz vermişdi.

Atalar sözlərini hər zaman tutardı.

O uşağın atası heç vaxt işdən geri dönmədi...
Amma onun atası sayəsində neçə-neçə uşaq atasız-anasız qalmaqdan xilas olmuşdu.

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2025)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.