19 iyun 2025-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “OXU, YARAT, QAZAN!” Yay Festivalı çərçivəsində yaradıcı master-klass baş tutub. “YARAT – Daxilindəki sənətkarı oyat!” devizi ilə təşkil olunan master-klassda uşaqların estetik dünyagörüşünü genişləndirmək və yaradıcılıq bacarıqlarını inkişaf etdirmək məqsədi ilə müxtəlif əl işləri hazırlanıb.
Master-klassda uşaqlar müxtəlif nağıl və hekayə kitablarından ilhamlanaraq fərqli əl işləri hazırlayıblar. Əsas diqqət uşaqların təxəyyül gücünün stimullaşdırılmasına yönəldilib. Onlar gildən müxtəlif fiqurlar düzəldib və bu fiqurları öz zövqlərinə uyğun rəngləyiblər. Bu proses zamanı uşaqlara kitabxananın əməkdaşları tərəfindən həm nəzəri, həm də praktik dəstək göstərilib. Kitabxanaçılar uşaqlara fiqurların hazırlanma texnikası və boyalanma qaydaları barədə ətraflı məlumat verərək, yaradıcı prosesin hər mərhələsində onlara bələdçilik ediblər.
Uşaqlar tərəfindən böyük maraq və həvəslə qarşılanan master-klass onların yaradıcılıq potensialını üzə çıxarmaqla yanaşı, eyni zamanda estetik zövqlərinin formalaşmasına və asudə vaxtlarının səmərəli təşkilinə töhfə verib.
F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən təşkil olunan bu cür maarifləndirici və yaradıcı tədbirlər uşaqların intellektual və emosional inkişafına xidmət edir. Festival çərçivəsində analoji tədbirlərin keçirilməsi davam etdiriləcək.
“Ədəbiyyat və incəsənət”
(23.06.2025)