Buraxmayıb əllərini əlimdən… - QASIM QASIMZADƏNİN DOĞUM GÜNÜNƏ Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət” 

 

 Sahil sakit, çəkilibdir ayaqlar,

Coşan dalğa qayaları qucaqlar…
Deyəndə ki, gəl qayıqla üzək, yar,
Çatıb qara qaşlarını nədən sən,
“Olmaz-olmaz, olmaz-olmaz” deyirsən?

Ay ucalır, gecə olur tən yarı,
Əynin nazik, əsir dəniz rüzgarı…
Üşüyürsən, bir yaxına gəl barı,
Qəzəblənib alovdan don geyirsən,
“Olmaz-olmaz, olmaz-olmaz” deyirsən?

Sübh şəfəqi boyayanda aləmi,
Töküləndə çiçəklərin şəbnəmi…
Deyəndə ki, çatdı ayrılıq dəmi,
Buraxmayıb əllərini əlimdən
“Olmaz-olmaz, olmaz-olmaz” deyirsən?

Görkəmli xanəndə Qədir Rüstəmovun ifasında məşhur olan "Olmaz-olmaz, olmaz-olmaz deyirsən" mahnısının sözləridir, bu mahnının dinləməyən inanmıram ki olsun. Bəs bu gözəl sözlərin müəllifi kimdir? Azərbaycan Yazıçılar İttifaqının üzvü, dövrünün tanınmış şairi Qasım Qasımzadə! Bu gün onu mütləq anmalıyıq, çünki, bu gün onun dünyaya gəlişi günüdür.

Qasım Qasımzadə 23 iyun 1923-cü il tarixində  Qubadlı rayonunun Xocamusaxlı kəndində anadan olub. Şəki Pedaqoji Texnikumunu bitirdikdən sonra Kəlbəcərdə orta məktəb müəllimi, Yevlax rayon xalq maarifi şöbəsində metodist işləyib. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsilini davam etdirib. Ədəbi fəaliyyətə 20-ci əsrin 40-cı illərindən başlayıb. Bu yaxınlarda şairin arxivindən tapılmış və sağlığında çap edilməmiş "İstiqbala səyahət", yaxud "Yerin övladı" başlıqlı poeması göstərir ki, Qasım Qasımzadə dünya elmi bədiiyyat poeziyasında ilkə imzasını atmış Azərbaycan şairidir. İlk mətbu şeiri 1944-cü ildə "Kommunist" qəzetində çap etdirdiyi "Vəfasız olmaz" adlı poetik nümunədir. Dövri mətbuatda şeirləri, ədəbi-tənqidi və publisist məqalələri ilə ardıcıl çıxış etmişdir. Şeirləri bir sıra xarici dillərə tərcümə edilib.

Kitabları

 

1. Bizim kənd

2. Bizim şəhər

3. Bizim dağlar

4. Azərbaycan ədəbiyyatında xalqlar dostluğu

5. Ürək döyüntüləri

6. Son görüş

7. Süleyman Rəhimov

8. Kiçik dayə

9. Nəğməli ürəklər

10. Bənövşə yarpağı

11. İsmət

12. Aşıq gördüyünü çağırar

13. Getdim, gördüm, düşündüm

14. Dağlar buraxmır məni.

15. Keçmə namərd körpüsündən

16. Daşdan keçən söz

17. Ədəbiyyatımız, mənəviyyatımız

 

Tərcümələri

 

- M. Tursunzadə. Hindistan balladası

- M. Mirşəkər. Qızıl qışlaq

- İ. Noneşvili. Qonaq gəlin Gürcüstana

- M. Tursunzadə. Asiyanın səsi

 

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanına, Azərbaycan SSR Dövlət Mükafatına layiq görülmüşdür.

Və onu da mütləq xatırladaq ki, hazırda oğlu, gözəl ziyalımız, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə ədəbiyyata xidmətdə ata yolunu şərəflə davam etdirir.

 

Qasım Qasımzadə 1993-cü ilin 28 iyulunda vəfat edib. Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.