İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
O, xalq yazıçısı Əli Vəliyevin oğludur, Xalq yazıçı Afaq Məsudun da atasıdır. Əsl ədəbiyyatçılar ailəsinin görkəmli bir nümayəndəsi, Azərbaycan ədəbiyyatına bir çox töhfələr vermis yazar və alimdir.
Söhbət Məsud Əlioğlundan gedir.
Məsud Əlioğlu 5 oktyabr 1928-ci ildə Qubadlı rayonunun Mahmudlu kəndində dünyaya gəlib. 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra elmi fəaliyyətini Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat institutu ilə başlayıb.
27 yaşında "Nəsrimizdə vətəndaş müharibəsi mövzusu" adlı elmi tədqiqat əsərinə görə filologiya elmləri namizədi, 40 yaşında "Azərbaycan sovet nəsrinin inkişaf yolları" mövzusu üzrə yazdığı elmi tədqiqat əsərinə görə filologiya elmləri doktoru dərəcəsinə layiq görülüb.
1950–1960-cı illərdə Azərbaycan ədəbi tənqidinin aparıcı nümayəndələrindən biri olmuş, həm də görkəmli bir ədəbiyyatşünas kimi də şöhrət qazanmışdır. 1960-cı illərin əvvəllərinə kimi o, yalnız Məsud Vəliyev kimi tanınıb, sonra Məsud Əlioğlu kimi də imzasını məşhurlaşdırıb.
100-ə qədər məqalənin, monoqrafiyaların, Nizami, Füzuli, M. F. Axundov, N. Vəzirov, S. S. Axundov, Ə. Haqverdiyev, C. Məmmədquluzadə, M. Ə. Sabir, M. Hadi, H. Cavid, Y. V. Çəmənzəminli, Şeyx Məhəmməd Xiyabani, Şəhriyar və digər bu kimi ədiblərin yaradıcılığını, həmçinin yaşadığı dövrün çağdaş ədəbiyyatının mənzərəsini işıqlandıran dəyərli kitabların müəllifidir
Əsərləri sovet dönəmində yasaq olunmuş Hüseyn Cavidə ədəbi bəraət qazandırmış ilk silsilə məqalələrin və fundamental "Hüseyn Cavid" monoqrafiyasının müəllifidir.
Kitabları
1. C. Məmmədquluzadənin dramaturgiyası
2. Məfkurə dostları
3. Rəsul Rza
4. Ədəbiyyatda yeni insan
5. Məslək qardaşları
6. Tənqidçinin düşüncələri
7. H. Cavidin romantizmi
8. Darıxan adamlar
9. Məhəbbət və qəhrəmanlıq
10. Amal və sənət
Məsud Əlioğlu cəmi 44 il ömür sürərək, 1973-cü ilin 23 iyun ayında Bakı şəhərində vəfat edib.
25 sentyabr 2018-ci ildə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elektron Akt zalında Məsud Əlioğlunun 90 illik yubileynə həsr edilmiş elmi sessiya keçirilib. İnşallah, 100 illiyi də yüksək səviyyədə qeyd edilər!
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(23.06.2025)