Şərəf Cəlilli, filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün
Təbriz qeyrətimizin, Dərbənd cəsarətimizin, Şamaxı heyrətimizin, Borçalı həsrətimizin, İrəvan kədərimizin, Bakı mərhəmətimizin, Gəncə məhəbbətimizin baş kəndi, paytaxtıdı. “Eşqdir mehrabı uca göylərin, eşqsiz ey dünya nədir dəyərin?” “Elmlə, biliklə başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz” nidası, “Gəncəvi” imzası, künyəsi ilə qələm çalanların, Kəlamla Qələmin vəhdətində tarix yaradan, Qələmini Süngüyə çevirən dahilərin diyarıdır Gəncə.
Türk saray mədəniyyətinin bütün çalarları ilə zinətlənən Gəncə tarixin bütün dönəmlərində ustad sənətkarları, təbib-filosofları, fikir və düşüncə sahibləri ilə dünyaya meydan oxusa da, dünya onu min illər bundan sonra da “Xəmsə”nin diyarı, Cavad xanın vüqarı, Cümhuriyyətin ilk paytaxtı – baş kəndi kimi etirafda bulunacaq.
Cəngi-cidalar diyarı: Gəncə
Deyirlər, deyirlər yox, elə həqiqətdir. Qafqazın əyanlarından biri kimi Hacı Zeynalabdin Tağıyevi də Çar IIİ Aleksandrın Tacgüzarlıq mərasiminə dəvət edirlər, onun təqdimatı zamanı protokol nümayəndəsi düşünür ki, Qafqazlı qiyafəsində olan bir türk-müsəlman rus dilini bilməz. Bu səbəbdən də “Tağıyev: vəhşi xalqın nümayəndəsi” – deyə təqdimat edir. Tağıyev Çarın hüzurunda sərt bir baxışla dönüb protokol nümayəndəsinə baxır və deyir: “Mənim xalqım vəhşi deyildir, onun qüdrətli keçmişi, zəngin mədəniyyəti vardır.”
Tağıyevin bu sərt cavabı, sərt baxışı Çarı yerində qərar almağa vadar edir. Onun hüzurunda protokol nümayəndəsini vəzifədən alır, saraydan sürgün edir...
Gəncə bizim Təbriz qədər sevdiyimiz, qürur mənbəyi hesab etdiyimiz, yerini başda bildiyimiz, tarixin bütün dönəmlərində ikinci paytaxt bildiyimiz şəhərimizdi.
Binəsinə müqəddəsliklərdən pay düşən Gəncə Əhli-beytə bağlı müqəddəslərin üz söykədiyi diyardı həm də. İslama qədərki dəyərlər tariximizdə də, ondan sonrakı mərhələlər də o cəngi-cidalara meydan olub. VII yüz ilin birinci yarısında farslar, ikinci yarısında ərəblər bu torpaqlarda qılınc sıyırıb. VII yüz ilin sonlarında Ərəblərlə Xəzərlərin döyüş meydanına, qan çanağına çevrilib. IX-X yüz illərdə Ərəb xilafətini, onun ardıyca isə Səlarilərin hakimiyyəti altında olan Gəncə, sonra Şəddadilərin paytaxtı kimi şöhrətlənib. X yüz ildə Gəncə həm də dini-siyasi mərkəz kimi Alban katalikosunun qərarı ilə Qafqaz Albaniyasının paytaxtlarından birinə çevrilərək Bərdəni əvəz edib. Qətran Təbrizinin dili ilə desək, “Cənnəti xatırladan” Gəncə XI yüz ildə Səlcuqların iqtidarı altında olub. I Sultan Toğrulun və Məlikşahın “Gözümün nuru” deyib vəsf etdiyi, “İpək Yolunun incisi”, “Türküstanın körpüsü” hesab etdiyi qiymətli məkana çevrilib.
“Atabəylər dövründə Eldənizlərin paytaxtlarından biri olan Gəncə “mühüm şəhər”, “böyük şəhər və paytaxt” yəni “dar əl-mülk” kimi Yaxın və Orta Şərqdə məşhur olub. 1231-ci ildə moğolların Azərbaycana II yürüşü zamanı basqına məruz qalaraq yenidən dağılan, XIV əsrdə Elxanilər dövründə təzədən qurulan, XV yüz ildə isə Qaraqoyunlular dövlətinin tərkibinə daxil olan, Qaraqoyunlu hökmdarı Cahanşah Həqiqinin dövründə tərəqqi dövrü yaşayan, Əmir Qaraman və varisləri tərəfindən idarə olunan Gəncə Ağqoyunlular zamanı Ziyadoğlu Qacar Əmirləri tərəfindən idarə edilib. Səfəvilər dövləti yarandıqdan sonra da Ziyadoğlu Qacar nəslinin irsi idarəsində olaraq Qarabağ bəylərbəyliyinin mərkəzinə çevrilib.
1606-cı ildən 1804-cü ilə, Çar Rusiyasına birləşənə qədər Gəncə Qacarlar, Əfşarlar, Zəndlər sülasəsinin, daha doğrusu Əfşarlar və Qacarlar İmperiyasının mərkəzlərindən biri kimi inkişaf dövrünü yaşayıb.
1736-cı ildə Suqovuşanda Muğan düzündə Əfşarlar İmperiyasını, eyni zamanda Qurultayın qərarı ilə özünü şah elan edən Nadir şah Əfşara etiraz edən Gəncə xanı Uğurlu xan Qacarı görəvdən alan, onu sadəcə Qarabağ bəylərbəyi təyin etməklə kifayətlənən Nadir şah Əfşar Gəncənin ayrılmaz tərkib hissəsi olan qarapapaq türklərinin tarixi torpaqlarını - Borçalını Gürcü çarı II İrakliyə bağışlayır. Bu zaman Gürcü-İmeretiya Çarlığına aid olan torpaqların böyük bir qismi məhz Qacarların, sonra isə Əfşarların təsir dairəsində idi.
1747-ci ilə qədər Borçalının və Gəncənin tarixi faciəsi hiss olunmasa da, Nadir şahın qətlə yetirilməsindən sonra vəziyyət kəskin xarakter alır. Mərkəzi hakimiyyətdən ayrılan Azərbaycan xanları müstəqillik uğrunda savaşa başlayırlar. Vəziyyətdən istifadə edən Çar Rusiyası Azərbaycan xanlıqlarının işğalı uğrunda savaşa başlayaraq tarixə Rusiya-İran müharibəsi kimi daxil olan müharibələrin əsasını qoyurlar.
XVIII əsrin ortalarına qədər Şahverdi xan Ziyadoğlu Qacar tərəfindən idarə olunan Gəncə xanlığı 1780-ci ildən 1804-cü ilə qədər Qacarların ayrılmaz tərkib hissəsi olaraq qalır. Cavad xan Çar cəlladı general Pavel Sisianov tərəfindən oğlu Hüseynqulu xanla birlikdə qətlə yetirilənə qədər yenə də tərəqqi dövrünü yaşayır. 1804-cü il yanvarın 3-də baş verən tarixi işğal təkcə V Gəncə xanı Cavad xanın qətli ilə bitmir, I Rusiya-İran müharibəsinin başlanmasına və digər xanlıqların işğalına səbəb olur.
Gəncə özünün əzəməti, keşməkeşli taleyi, tarixi qəhrəmanları, müdhiş taleyi ilə körpü idi. Onun qəhrəmanlıq, rəşadət dolu taleyində təəssüf ki, həm də Nadir şah Əfşarın qəzəbi, II İraklinin, Gürcü Çariçası Böyük Tamaranın, general Pavel Sisianovun “parçala hökm sür” adlı I Pyotrdan qalma siyasəti vardı.
“1804-cü il yanvarın 3-də Çar Rusiyasının qoşunları Gəncə xanlığını işğal etdikdən sonra Gəncə şəhəri çar I Aleksandrın həyat yoldaşının “şərəfinə” Yelizavetpol adlandırıldı. Xanlıq üsul-idarəsi ləğv edilərək Yelizavetpol dairəsi yaradıldı. 1840-cı il 10 aprel islahatı nəticəsində dairə qəzaya çevrildi. Yelizavetpol qəzası Gücü-İmereti quberniyasının tərkibinə verildi. Qəza Yelizavetpol, Qazax, Şəmsədil və Ayrım məntəqələrinə bölündü. Yelizavetpol qəzasında qəza idarə sistemi təşkil olundu”.
Bütün bu dəhşətlər, ağrılar, birliyi, bütövlüyü törəsi pozulmuş Azərbaycan, qədim-qayım Gəncə Qəznəlilərin, Səlcukların, Qaraqoyunluların, Ağqoyunluların, Səfəvilərin, Əfşarların, Qacarların gözünün nuru düşmən qabağında atdöşü edilib, imperiyalar arasında bölündükcə 1846-cı il 14 dekabr tarixli inzibati ərazi bölgüsündən sonra Yelizavetpol qəzası yeni yaradılan Tiflis quberniyasının tərkibinə daxil edildi. Çar II Aleksandrın 1867-ci il 9 dekabr tarixli fərmanı ilə Yelizavetpol quberniyası yaradıldı. Quberniyanın ərazisi keçmiş Gəncə, Qarabağ, Şəki xanlıqlarının, Samux və Şəmşədil mahallarının ərazilərini əhatə edirdi. Quberniyanın tərkibinə Yelizavetpol, Şuşa və Nuxa qəzaları, ləğv edilmiş Ordubad qəzasının bir hissəsi, yeni yaradılan Qazax və Zəngəzur qəzaları daxil idi. 1873-cü ildə Yelizavetpol quberniyasının tərkibində Ərəş, Cəbrayıl və Cavanşir qəzaları təşkil olundu.”
Bütün bunlar yerli əhalinin, bu torpaqların tarixi sakinlərinin etirazı ilə nəticələndi.
Gəncənin xilası, Çar Rusiyasının basqılarından nicatı, özgürlüyü uğrunda ayağa duranların sırasında deyil, önündə soyu, soykökü, şəcərə dəftəri ilə Səlcuqlara və Osmanlılara, Ziyadoğlu Qacarlara, Əfşarlara, Cavad xana bağlı olan Xasməmmədovlar, Rəfibəyovlar, Şeyxzamanovlar da vardı. Onlar quruluşun, zamanın mizanının, düzənini dəyişərək Çar Rusiyasının üstünə yeriyir, milli dövlətçilik tarixində yeni bir şərəfli səhifənin yazılması üçün tarixlə müasirlik arasında körpüyə çevrildilər. Tarixi mənbələr də sübut edir ki, “1918-ci ilin yayında Azərbaycanda siyasi vəziyyət ölkədə ikihakimiyyətliliyin olması ilə səciyyələnirdi. Azərbaycanın şərq hissəsi - Bakı quberniyası – Bakıda fəaliyyət göstərən Xalq Komissarları Sovetinin təsiri, qərb hissəsi – Yelizavetpol quberniyası Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin hakimiyyəti altında idi. 1918-ci il mayın 28-də Tiflisdə elan edilən Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il iyunun 16-da Gəncəyə köçdü”. Gəncənin tarixində sınaq dolu anları, hər günü bir əsrə bərabər olan günləri sərf-nəzər etdikcə, o dəhşətli günlərdə Qafqaz İslam Ordusu ilə birlikdə süngüsünə söykənən, Bəhmən Mirzə Qacarın Milli Ordunu şərəfləndirən, general, polkovnik rütbəsi daşıyan varisləri- Sədrəddin Mirzə Qacarın, Rzaqulu Mirzə Qacarın, Xasməmmədovların, Rəfibəyovların səngərlərə sipər olan igidlərinin, qələmini süngüyə, süngüsünü qələmə çevirib tarix yaradan Cümhuriyyət qurucularının sırasında yer alan tarixi şəxsiyyətləri, igid, mərd, məğrur, məğlubedilməz gəncəliləri ehtiram hissi ilə anır, yad edirsən.
İmam Şamildən, Cavad xandan sonra doğan Günəş: Ələkbər bəy Rəfibəyov
Bayraq olmaq, Bayrağa dönmək, yoxdan bir Bayraq yapmaq, Cümhuriyyət qurmaq hər kəsin alın yazısı, Tanrıdan tale payı deyildir.
Ata tərəfdən Qacarlara, Cavad xana, ana tərəfdən Osmanlı sultanlarına bağlı olan Ələkbər bəy Rəfibəyov Mirzə Fətəli Axundzadə, Mirzə Kazım bəy, Abbasqulu Ağa Bakıxanov, Həsən bəy Zərdabi, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Həbib bəy Mahmudbəyov, Kərim bəy Mehmandarov kimi Cümhuriyyətin zəminini hazırlayanlardan, Əbədi İstiqlalın beşiyi başında duranlardan, milləti milli məfkurədən milli dövlətçiliyə gətirən tarixi simalardan idi. Çar cəlladları I Pyotrun “Qafqazı parçala hökm sür! İstanbulu fəth et!” siyasəti ilə Qafqazlara qədəm qoyanda iki qüdrətli sərkərdənin: Şeyx Şamilin və Gəncəli Cavad xanın iradəs ilə üz-üzə gəldi. “Gəlirik!” xəbərini eşidən Şeyx Şamilin cavabı gecikmədi: “Qunib hündür bir dağdır, mən onun üzərindəyəm. Başımın üstündə Allah, arxamda xalqdır. Gəlirlər, qoy gəlsinlər!” Cavad xanın cavabı bir az da sərt səslənirdi. General Pavel Sisianovu qəzəbləndirəcək qədər sərt: “Qalanı ələ keçirə bilərsən, amma mənim cənazəmin üstündən keçəndən sonra!”
Hər iki sərkərdənin dedikləri həqiqət oldu. Mirzə Kazım bəyin “Şeyx Şamil qəhrəmandır, qəhrəmanlar yetirən qəhrəman” nidası ilə Qafqazlarda Çar Rusiyasının aşına düz 20 il zəhər qatıldı. Gəncə qalası erməni yepiskoplarının fitnəsi ilə işğal ediləndə Cavad xanın cənazəsi üzərindən keçən Sisianovun kəlləsi Bakının qala divarları önündə Hüseynqulu xanın qılıncına doğranıb top kimi diyirləndi. XX yüz ilin önündə Çar Rusiyası iflas edəndə erməni daşnakları Çarizmin dağılan tifaqını qorumaq üçün onun dəyirmanına su töküb türk-müsəlmanları qan gölündə boğanda Qafqazın – Azərbaycanın üç Lideri: Əhməd bəy Ağaoğlu, Kərmim bəy Mehmandarov, Ələkbər bəy Rəfibəyov Difai Partiyasını qurdu. Bu “qisas qiyamətə qalmaz” deyib qələmini süngüyə çevriən üç tarixi şəxsiyyətin, sərkərdənin İmam Şamildən, Cavad xandan sonra Qafqazlarda boy verən əzəmətinin, əyilməzliyinin nümunəsi, əbədiyyət üfüqlərində doğan Günəşin təcəllası idi. Ələkbər bəy Rəfibəyov eynən Əhməd bəy Ağa oğlu, Kərim bəy Mehmadarov kimi “Günahsız yerə qanı tökülən hər bir türk, müsəlman üçün qan almaq, kəllə almaq gərəkdir” deyirdi. Xalq şairi Nigar Rəfibəyli millətinin qisasını qiyamətə qoymayanların, Cümhuriyyətin zəminini hazırlayanların, “İstiqlal Bəyannaməsi”nə imza atanların soyundan idi.
Təbabətdən siyasətə: Xudadat bəy Rəfibəyov
Çar Rusiyasının iflası, onun Qafqazlarda itən nüfuzu ucqarların əldə etdiyi muxtariyyət və müstəqillik arzularının gerçəkləşməsi ilə müşayiət olundu. Şərqin ilk Demokratik Cümhuriyyəti Tiflisdə elan olundu. “İstiqlal Bəyannaməsi”nə imza atan, milli məfkurədən milli dövlətçiliyə yol gələn qüdrətli simaların sırasında Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev, Nəsib bəy Yusifbəyli, Xudadat bəy Rəfibəyov, Xəlil bəy Xasməmmədov, Sultan Məcid Qənizadə, Firudin bəy Köçərli, Ələsgər bəy Mahmudbəyov kimi quruluşun, zamanın düzənini, mizanını dəyişən, tərcümeyi-halı ilə tarix yaradan 44 tarixi şəxsiyyət vardı. Məhəmməd Əmin Rəsulzadənin öndərliyi, “Bir kərə yüksələn bayraq bir daha enməz!” nidası ilə yoxdan bir bayraq yapıb, dövlət quran həmin dahilər Cümhuriyyətin 10 günlük Tiflis mərhələsindən sonra onu Gəncəyə köçürdü. Sultan bəy Sultanzadənin, Əliağa Şıxlinskinin, Səməd bəy Mehmandarovun, Şeyxzamanov qardaşlarının, Rəfibəyovların, Xasməmmədovların iradəsi ilə Şeyxzamanovların malikanəsindən Odlar Yurdu Azərbaycanın Səfəvilər, Əfşarlar və Qacarlar imeriyasından sonra özgürlüyünün rəmzi olan, Şəhidlərin al qanından rəng çəkən “Al Bayraq!” Gəncədə dalğalandı. O zaman Nigar Rəfibəylinin beş yaşı vardı. Əl boyda, ürək boyda uşaqdı. Dünyanın get-gəllərindən xəbərsiz olan körpənin soyunu, soykökünü, şəcərə dəftərini, tərcümeyi-halını zinətləndirən babası, dayısı, atası, genetik kodlarının daşıyıcıları olan doğmaları Cümhuriyyət qurucularının sırasında yer alır, milli dövlətçiliyin təməl prinsiplərini müəyyənləşdirirdi.
Səni kim yaratdı böylə alyanaq?
Kiçik yarpağında incəliyə bax!
Sənin rəngindədir sevdiyim bayraq,
Sən ilk salamlarsan baharı, lalə!
-bu şeiri ilə o, illər sonra Şərqdə doğan Günəşə - cəmi 23 ayda millətə, məmləkətə Əbədi İstiqlalın şərbətini içirən Cümhuriyyətə sevgisini ifadə edəcəkdi. Özü də şura hökümətinin oraq çəkiçli Qırmızı Bayrağının kölgəsində....
Çar Rusiyasının iflas etdiyi ərəfədə Naxçıvanda, Gəncədə, İrəvanda Milli Şuralar qurulmağa başladı. Həmin şuraların iradəsi, Rəsulzadənin öndərliyi ilə Milli Hökumətin təməli qoyuldu. Nigar Rəfibəylinin atası, bir qədər də önə getsək Cavad xanın nəvəsi Difai Partiyasının qurucularından biri Ələkbər bəy Rəfibəyovun oğlu Xudadat bəy Rəfibəy 1917-ci ilin martında Gəncədə Nəsib bəy Yusifbəylinin başçılığı ilə qurulan Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü kimi Cümhuriyyət quruculuğu yolunda ilk cəsarətli addımlarını atmağa başladı.
O, 1878-ci il yanvarın 12-də Gəncənin əsilzadələr məhəlləsində, Bala Bağmanda babası Cavad xanın ruhunu cisminə geyib yer üzünə gəlmişdi. Gəncə Kişi Gimnaziyasını, sonra da Xarkov İmperator Universitetini bitirmişdi. 1904-cü ildən 1907-ci ilə qədər Universitetin qospital-klinikasında ordinator kimi fəaliyyət göstərən Xudadat bəy Rəfibəyov vətənə - Gəncəyə dönmüş, o zamankı Yelizavetpol Şəhər İdarəsinin təqdimatı, qubernatorun əmri ilə Afanasyev adına Yelizavetpol xəstəxanasına direktor təyin edilmişdi. 1909-cu ildə fəaliyyəti, xidmətləri nəzərə alınaraq ona titulyar müşavir, 1910-cu ildə kollej asessoru, 1912-ci ildə saray müşaviri rütbələri verilib. 1909-cu ildən Gəncə Mahal Məhkəməsində fəxri barışıq hakimi təyin edilib.
Xudadat bəy Rəfibəyov 1912-1913-cü illərdə Sankt-Peterburq İmperator Kliniki İnstitutunda 6 ay məşhur professorların apardığı 12 ixtisas kursunun dinləyicisi olub. Gəncəlilərin xüsui təkidi və istəyi ilə Cümhuriyyətin Gəncədəki ilk və son, tək və yeganə general-qubernatoru kimi fəaliyyət göstərəndə də, təbabətdən siyasətə yol gələn dahilər: Nəriman Nərimanov, Əziz Əliyev, Mirəsədulla Mirqasımov, Mustafa bəy Topçubaşov, Vəli Axundov, Şıxəli Qurbanov kimi həkimlik edib, həkimdən müqəddəs peşə, ondan müqəddəs ad və ali vəzifə tanımayıb. Bu səbəbdən də hələ Çar Rusiyası zamanı, 1916-cı ildə 3-cü dərəcəli “Müqəddəs Stanislav” ordeni ilə təltif olunub. 1918-ci il iyunun 17-də təşkil olunan II Xoyski hökumətində ilk dəfə yaradılan Səhiyyə və sosial təminat naziri vəzifələr məhz ona etibar edilib.
Cümhuriyyətin eyni qurumda cəm edilən ciddi sahələrinə nəzarət edən, onun qanunvericilik bazasını formalaşdıran Xudadat bəy Rəfibəyovun fəaliyyəti dövründə ölkənin müxtəlif ərazisində dövlət hesabına xidmət göstərən xəstəxanalar açılıb. Kənd yerlərində yeni müalicəxana və feldşer məntəqələrinin təməli qoyulub, ekspertizalar üçün laboratoriyalar təşkil edilib. Gəncə ətrafında Zurnabad adlanan ərazidə ilk dəfə olaraq ölkədə Taun əleyihən stansiya yaradılıb.
Cümhuriyyətin ilk səhiyyə naziri
“Xəmsə” deyəndə Nizami Gəncəvi, “Sevgili canan”, “Sənsiz” deyəndə kimliyindən asılı olmayaraq göz önünə Üzeyir bəy, bir də Bülbül gəlir. Nigar Rəfibəyli deyəndə isə yada düşən ilk ünvan dumduru bulaqlar, qaynar çeşmələr, geniş, açıq, fərah səma olur. Hər halda bu biz tərəflərdə belə idi. Hamı Nigarı oxuyurdu. Oxumağı, yazmağı bilən də, bilməyən də. “Ala gözlüm” deyəndə yadına onu salardı. Su pərilərini, göydə mələkləri sevən kimi onu sevirdilər.
O, Cümhuriyyətin ilk Baş Təbibinin – Səhiyyə nazirinin qızı idi. Xeyirxahlıq, yaxşılıq, dərdə dərman, ağrıya məlhəm olmaq onun ərzi halında idi.
Xudadat bəy Gəncədə doğulmuşdu. Xarkov İmperator Universitetinin Tibb fakültəsini bitirmişdi. Burada təhsil alarkən tələbə yoldaşları ilə birlikdə “Həmyerlilər” dərnəyini qurmuşdu. Universiteti bitirəndən sonra Həkimlər Cəmiyyətini təsis etmiş, onun sədri kimi fəaliyyət göstərmişdi. 17 il rəhbərlik etdiyi bu cəmiyyətlə yanaşı, o 1914-cü ildə Yelizavetpol Tibb Cəmiyyətini qurmuş, yoxsul və kimsəsiz insanların müalicəsini öz üzərinə almış, Çar Rusiyasının ayrı-ayrı şəhərlərindən həkimlər dəvət edərək yerli əhalinin cərrahi əməliyyatlarına nail olmuş, cəmiyyətin üzvlərinin iştirakı ilə Qarabağa, Lənkərana, Şəkiyə, Naxçıvana, Dərbəndə, Borçalıya və İrəvana həkim briqadaları göndərmiş, o dövr üçün o qədər də asan başa gəlməyən səyyar müalicələr təşkil etmişdi. Bakıda, Şuşada, Şəkidə fəaliyyət göstərən cəmiyyətlərlə daima təmasda olan Yelizavetpol Tibb Cəmiyyəti Xudadat bəy Rəfibəyovla yanaşı Həsən bəy Ağayev, Həmzə bəy Zeynalov, Musa bəy Rəfiyev kimi Cümhuriyyət qurucularının dəstəyi ilə bir sıra nailiyyətlərə imza atmışdı.
Xudadat bəy Rəfibəyov 1918-ci il oktyabrın 6-da hökumətdə dəyişiklik ediləndən sonra Cümhuriyyətin Səhiyyə naziri kimi fəaliyyətə başlamış, iki ay bir gün nazir kimi fəaliyyət göstərmiş, 1918-ci il dekabrın 7-də II Xoyski hökuməti istefa verdikdən sonra o, ölkənin Baş cərrahı, eyni zamanda ilk Səhiyyə naziri kimi qeyri-rəsmi fəaliyyətini davam etdirmiş, 1919-il mayın 6-da Azərbaycan höküməti tərəfindən Gəncə quberniyasına general qubernator təyin olunmuşdu. Eyni soya, boya, qan bağına bağlı olan əmisi oğlu, Kiyev İmperator Universitetinin Tibb fakültəsinin məzunu, onunla və Həsən bəy Ağayevlə birlikdə Yelizavetpol Tibb Cəmiyyətinin qurucusu, fevral inqilabından sonra Müvəqqəti Hökumətin yaratdığı Xüsusi Zaqafqaziya Komitəsinin Yelizavetpol quberniysaı üzrə müvəkkili, Nəsib bəy Yusifbəyli tərəfindən qurulan Türk Ədəmi – Mərkəziyyət firqəsinin ilk üzvlərindən biri, Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının, Zaqafqaziya Demokratik Federativ Respublikası dağılandan sonra isə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, 1918-ci il iyulun 17-də Azərbaycan Xalq Cümhuriyyətinin II Kabinetinin portfelsiz naziri, 1918-ci ilin oktyabrın 6-da Nazirlər Şurasının sədri Fətəli xan Xoyski kabinədaxili dəyişiklik etdikdən sonra ölkənin Himayədarlıq və Dini Etiqad naziri təyin edilən, 1918-ci il noyabrın 14-də general-qubernator Uilyam Tomsonla danışıqlar aparmaq üçün Ənzəliyə göndərilən nümayəndə heyətinin tərkibində yer alan, 1918-ci il dekabrın 7-də fəaliyyətə başlayan Parlamana Musavat Partiyasından seçilərək maliyyə-büdcə komissiyasında fəaliyyət göstərən, 1919-cu il dekabrın 22-də formalaşdırılan beşinci hökumət kabinetində İctimai Təminat və səhiyyə naziri vəzifəsinə təyin olunan Musa bəy Rəfiyevin gerçəkləşdirdiyi bütün layihələrin aparıcı simasına, baş ideoloquna çevrilmişdir.
(Növbəti gündə sizə II yazı təqdim ediləcək)
“Ədəbiyyat və incəsənət”
(23.06.2025)