ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Cümə axşamı, 02 Oktyabr 2025 13:36

“Leyli və Məcnun”un Məcnunu

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Əslində, onun adını “Leyli və Məcnun” poemasından götürüb valideyinləri. Bu mədəniyyət sevgisi nümayişidir. 

 

Azərbaycan Respublikasının Xalq Artisti Məcnun Kərimov 1 sentyabr 1945-ci ildə Zəngəzur mahalının Şəki kəndində müəllim ailəsində anadan olub. 1959–1963-cü illərdə Ağdam rayon orta ixtisas musiqi məktəbində təhsilini başa vurduqdan sonra, 1967-ci ilə kimi Zəngilan rayonu yeddi illik uşaq musiqi məktəbinin direktoru işləyib.

 

Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının "Xalq çalğı alətləri" şöbəsini bitirərək pedaqoji fəaliyyətlə məşğul olub. Elə həmin ildən etibarən orta əsrlərdə Azərbaycanda istifadə edilən, dövrümüzə gəlib çatmayan, unudulan qədim musiqi alətlərinin öyrənilməsi və bərpasi istiqamətində elmi-tədqiat işlərinə başlayıb.

 

1991-ci ildə Bakı Musiqi Akademiyasında ‘‘Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi’’ elmi laboratoriyasını yaratdı. Həmin ildən elmi laboratoriyanın müdiri vəzifəsində çalışıb. Burada unudulmuş 11 müxtəlif musiqi alətini (çəng, barbət, çəqanə, çoğur, tənbur, səntur, rübab, rud, qopuz, ney, nüshə) bərpa edib, onların müxtəlif surətlərini hazırlayıb.

 

 "Azərbaycanın qədim simli çalğı alətləri" (tarixi-nəzəri, bərpa və təkmilləşdirmə məsələləri) mövzusu üzrə dissertasiya müdafiə edib, sənətşünaslıq namizədidir. Azərbaycanın qədim musiqi alətləri haqqında tədqiqatların müəllifidir, 10-dan çox qədim musiqi alətimizi bərpa edib, bu mövzuda beynəlxalq simpoziumlarda çıxış edib.

 

Məqalələri

 

1. "Musiqi dünyası" jurnalı — Azərbaycanın qədim musiqi alətləri

2. "Musiqi dünyası" jurnalı — Tənbur və onun müxtəlif növləri

3. "Musiqi dünyası" jurnalı — Azərbaycan qədim simli alətləri: səntur

4. "Musiqi dünyası" jurnalı — Muğam ifaçılığı sənətində xanəndə və sazəndə dəstələrinin rolu (Fuad Əzimli ilə birgə)

 

Filmoqrafiya

 

- Udun nağılı 

- Sübhün səfiri 

 

Azərbaycan mədəniyyətinə göstərdiyi xidmətlərinə görə 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2011-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 

Uzun müddətd xərçəng xəstəliyindən əziyyət çəkən Kərimov 2013-cü il Oktyabr ayının 2-də, saat 19.00 radələrində 68 yaşında dünyasını dəyişib. O, Bibiheybət qəbiristanlığında – valideynlərinin yanında dəfn olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(02.10.2025)

 

Cümə axşamı, 02 Oktyabr 2025 13:03

Dəniz kimi çağlayan insan...

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Bəzi adamlar insanlar arasındakı müqayisəni israrla qüsurlu hesab edirlər. Fəqət, bəşəriyyət hələ ki, oxşar və fərqli cəhətləri, yaxud birinin o birisindən üstünlüyünü müəyyənləşdirmək üçün, müqayisədən dəqiq qarşılaşdırma, tutuşdurma tapa bilməyib. 

 

Bu dəfə sizə bütün müqayisələrdən alnıaçıq, üzüağ çıxan bir insan haqqında danışmaq istəyirəm. Şair, yazıçı, jurnalist, "Kredo" qəzetinin baş redaktoru- Əli Rza Xələflidən. Amma gəlin əvvəlcə onun ömür yoluna səyahət edək. O, 1953-cü ilin dekabr ayının 7-si Cəbrayıl rayonunun Xələfli kəndində dünyaya gəlsə də, doğum şəhadətnaməsində bu tarix oktyabrın 1-i kimi göstərilib. 1975-ci ildə indiki Pedaqoji Universitetin filologiya fakultəsini fərqlənmə diplomu ilə bitirib. Əvvəlcə doğulduğu rayonun Şahvəli, Tatar və Aşağı Xələfli kəndlərində müəllim işləyib. Həmin illərdəki pedaqoji fəaiyyətinə görə "Qabaqcıl maarif xadimi" fəxri adına layiq görülüb. 1980-ci illərin əvvəlindən mətbuatda çalışır. 1980-1993-cü illərdə rayon qəzetində müxtəlif vəzifələrdə işləyib. "Xudafərin", "Qoşa qanad", "Qarabağ" və "Həyat" qəzetlərində xüsusi müxbir, şöbə müxbiri, şöbə müdiri və eləcə də redaktor əvəzi olub. Ədəbi-publisistik yazıları və şeirləri dövrü mətbuatda müntazam çap olunur. 2002-ci ildə "Qızıl qələm" medalı mükafatına, 2003-cü ildə "Məmməd Araz"ali ədəbi mükafatına, 2004-cü ildə AYB Bədii Ədəbiyyatı Təbliğ Bürosunun "Qılınc və qələm" yaddaş mükafatına, 2008-ci ildə Beynəlxalq Rəsul Rza mükafatına, 2010-cu ildə isə Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat mükafatına layiq görülüb...

 

Mehriban, qonaqpərvər, əyləncəli, simpatik, düşüncəli və cəlbedicidir. Xarakter baxımından cazibədar və sirli xüsusiyyətlərə malikdir. Ətrafındakı insanlara qarşı diqqətli və anlayışlı davranışı ilə tanınır. İti düşüncəsi və hadisələrə rasional yanaşma tərzi istənilən çətin vəziyyətdə onu doğru qərar verməsinə kömək edir. Dostluq və iş münasibətlərində güclü təsir bağışlayaraq qarşısındakı insanları heyran qoyur. Ünsiyyətdə inam qazanmağı və mürəkkəb məsələləri asanlıqla həll etməyi bacarır...

 

Tənqidçi-ədəbiyyatşünas Qurban Bayramov onun yaradıcılığını belə xarakterizə edir: “Əlirza Xələflinin poeziyası irfan dünyasından bir əlçim buluddur və bir bülbülün sızlar türküsünə çevrilib söz gülüstanına yağan ağ yağışdır. Onun poetik üslubda metaforikləşmiş dərin məna yarada bilmə funksiyası hər məqamda özünü göstərir. Poetik üslubun assosiativ təzadlar silsiləsi bu adlar silsiləsinin tarixi mahiyyətinin duyumuna, dərkinə xidmət edir. Əli Rza Xələfli ümumi epik təsvirdən aralanaraq öz hiss və həyəcanlarını ifadə edir, müxtəlif yönlərdə mühakimələr yürüdür, həyat, insan, cəmiyyət haqqında düşüncələrini ifadə edir, burada lirizm hərtərəfli  görünür. Onun yazdıqlarında bədii mətnin, parçanın məna tutumu çox yüksəkdir. Bir qoşa misrada – məsnəvidə obraza elə səmimi, duyğulu yanaşa bilir ki, kiçik mətndə, az sözlə bütöv bir obrazı, xarakteri təqdim edir. Bu məna tutumu barədə müxtəlif mülahizələr də söyləmək olar. Amma şair sözdə ciddidir, sözü havayı yerə işlətmir. Bu mənada Əli Rzanın ədəbi - fəlsəfi mühakimələri ciddi marağa səbəb olmaya bilmir...”

 

Həyat eşqi ilə dolu adamdır. Yüksək yumor hissi var, şən və istiqanlıdır. Sevməyi və sevilməyi xoşlayır. Qayğkeş olduğundan əldə etdiklərini imkansızlarla bölüşməyə hazırdır. Onun ən müsbət tərəfləri isə əsasən məntiqli qərar verməsi və düşdüyü mühitdə hörmət qazanmağı bacarmasıdır. Bir az romantik, bir az da emosionaldır. Yaxşı həmsöhbətdir. Məsələlərə ədalətli yanaşmağı xoşlayır. Nəzakətlidir, diplomatikdir. İş həyatına gəldikdə isə çox istedadlıdır. Narahat və stresli mühitlərdə işləməyi sevmir...

 

Tarix üzrə fəlsəfə doktoru Yusif Mahmudov isə onun haqqında yazır: “Çağdaş Azərbaycan ədəbiyyatşünaslığında, ümumən ədəbi mühitdə və elmi-ictimai media aləmində “Kredo”su ilə özünə möhkəm yer eləmiş Əli Rza Xələfll dövrümüzün görkəmli nasiri, şairi və jurnalisti kimi çox yaxşı tanınan və sevilən şəxsiyyətdir. Şübhəsiz, Əli Rza müəllimin bir yazar kimi dəsti-xətti lap sonsuzluqdan belə oxucusunu çağırır. Manevrli publisistikası şirinliyi, duzluluğu, fərqliliyi ilə ədəbiyyatımızın içində bütövləşmiş bir heykəl kimidir. Onun yazılarında da, adi danışıq və nitqlərində də cəmiyyət və təbiətin qırılmaz ülvi bağlılığı, vəhdəti apaydın süd kimi görünür. Alovlu çıxışlarını dinlədikcə, sanki sehirli nağıllar aləmində itib-batırsan. Ədəbiyyat tariximizin, o cümlədən folklorumuzun gözəl bilicilərindən olan Əli Rza Xələflinin yazılarında bir elat dünyası yaşayır. O, bu dünyadan ana təbiətin füsunkarlığını seyr edir, onu sözə gətirir, elmi istiqamət verir, ictimailəşdirir. Onun Söz gücü Təbiətin ilahi eşqini ürəklərə daşıyır. Bunu bayatılarında daha aydın hiss etmək olur. Təbiətə sevgi ona qayğıkeş münasibətdən başlayır. Bu cür münasibətin yeniyetmə və gənclər arasında yaradılmasının gələcək nəslin həyati vacib bir məsələ kimi ekoloji mühitin sağlamlaşdırılmasında mühüm əhəmiyyəti vardır. Bədii detllardan məqsədli və elmi şəkildə istifadə səmərə verə bilər...”

 

Qəlbi həyatın hər anını doya-doya yaşamaq arzusu ilə doludur. Onun üçün yeni təcrübələr və sərgüzəştlər həyatın ən dəyərli hissələridir. O, enerjili, optimist və macəra ruhuna malikdir və onun daim yeni məlumatlar öyrənmək və müxtəlif mədəniyyətlərlə tanış olmaq istəyi heç vaxt tükənmir. Onun bu liberal xarakteri karyerasından tutmuş şəxsi həyatına qədər hər sahədə özünü göstərir. Məhdudiyyətlərdən qaçmağa üstünlük verir və həyatda öz yolunu qurmaqda çox qərarlıdır. Münasibətlərdə isə tərəfdaşı ilə səmimi və dürüstdür. Müstəqillik onun üçün çox vacibdir, lakin o, həm də mənalı və dərin əlaqələr qurmaq arzusundadır. Erkən gəncliyindən həyatda azadlıq, macəra və yeni kəşflər axtarır. Bu, onun optimist və macəraçı xarakterini və həyata dərin sevgi və marağını əks etdirir. Yaxşılıq etməyi çox sevir. Əgər kiməsə pislik edibsə, onu həyatı boyu unutmur və davamlı peşmançılıq hissi keçirir. Hər şeyə müsbət tərəfdən baxmağı bacaran insandır. Bəli, bu baxımdan yaxın ətrafı ona həsəd apara bilər...

 

Deyir ki:- "Azərbaycanın indiki mənzərəsi qələm adamları tərəfindən kifayət qədər ya dərk olunmur, ya da çətin anlaşılır. Çünki müstəqilliyin 30 illik mərhələsini keçməyimizə baxmayaraq, nə köhnə meyarlar tam aradan qalxmayıb, nə də yeni meyarlar kifayət qədər açılmış deyil. Və yaxud yeni meyarların yeni ədəbi yanaşma düşüncəsi prosesi çox ləng gedir. On-on beş il əvvəl “postmodern” adı ilə özünü göstərən ədəbi tüğyançılıq da sanki sönüb. Çünki həmin ədəbi tüğyan və tüğyançılar özləri də eksperiment hüququndaydılar. Adını nə qoyursan-qoy, hər bir yeni zaman axtarış üçün meyar açır. Əxlaqda, mənəviyyatda, siyasətdə, hətta dinə münasibətdə yeni meyarların yaranması həyat hadisələrinə münasibətdə dəyişməyi tələb edir..."

 

Bəli, oktyabrın 1-i Əli Rza müəllimin rəsmi ad günüdür, 72 yaşı tamam olur. Ona möhkəm can sağlığı, uzun ömür və yaradıcılıq uğurları arzulayıram...

 

“Ədəbiyyat və incəsənət”

(02.10.2025)

 

 

Cümə axşamı, 02 Oktyabr 2025 12:34

Həm Fərhad, həm Oqtay, həm də Sezar

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Romantik və realist aktyor məktəblərinin estetik prinsiplərini öz yaradıcılığında cazibəli ahəngdarlıqla ehtiva edən Həsənağa Dərya oğlu Salayev 5 dekabr 1921-ci ildə Bakıda qulluqçu ailəsində doğulub. 

 

Atası Dərya kişi oğlu yeddi yaşına çatanda onu Bakıdakı 6-cı Şura məktəbinə qoyub. Həsənağa 1937-ci ildə oranın doqquzuncu sinfini yüksək qiymətlərlə bitirib. Elə həmin il Bakı Teatr Texnikumuna daxil olub. Tələbə ikən 1938-ci ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib. 1941-ci ildə təhsilini başa vurduğu günlərdə müharibəyə gedib və doğma teatra 1946-cı ildə qayıdıb.

 

Qısa müddətdə Həsənağa Salayev teatrın repertuarında yer tutan və təzə hazırlanan tamaşalarında maraqlı rollar oynayıb. Müxtəlif illərdə Səməd Vurğunun "Xanlar" (Mamulya), "Fərhad və Şirin" (Fərhad), "Vaqif" (Eldar, Qacar və Vaqif), Zeynal Xəlilin "Qatır Məmməd" (Əziz), Ənvər Məmmədxanlının "Şərqin səhəri" (Mustafa), Vilyam Şekspirin "Otello" (Montano), "Antoni və Kleopatra" (Sezar), "Qış nağılı" (Florizel və Leont), Nazim Hikmətin "Türkiyədə" (Hüseyn Həlim), Mirzə İbrahimovun "Həyat" (Abbas), Mehdi Hüseynin "Cavanşir" (Qartal və Söhrab), "Alov" (Əmin Bəxtiyarov), Lope de Veqanın "Sevilya ulduzu" (Tavera), Şıxəli Qurbanovun "Sənsiz" (Fərhad), Süleyman Rüstəmin "Qaçaq Nəbi" (Vəli), Cəfər Cabbarlının "Solğun çiçəklər" (Bəhram), "Od gəlini" (Qorxmaz), "Almaz" (İbad) əsərlərinin tamaşalarında xarakterik səhnə surətləri yaradıb.

 

Aktyor eyni zamanda "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi "Fətəli xan", "Görüş", "O olmasın, bu olsun", "Onu bağışlamaq olarmı?", "Koroğlu", "İstintaq davam edir" bədii və "Aygün" televiziya filmlərində Süleyman, Musa, Əzim Əzimzadə, Qüdrət, Eyvaz, Mayor Rüstəmov, Əmirxan rollarına çəkilib.

 

Həsənağa Salayev aktyorluq sənətində qazandığı qələbələrə görə 10 iyun 1959-cu ildə Azərbaycan SSR əməkdar artisti, 1974-cü ildə isə xalq artisti fəxri adları ilə təltif edilib. Yaradıcılığının ən müdrik çağında, 54 yaşında Həsənağa Salayev qəfildən iflic xəstəliyinə düçar olub. Bir daha səhnəyə çıxmayan aktyor 2 oktyabr 1981-ci ildə dünyasını dəyişib. Həsənağa Salayev çılğın ehtirası, vüqarlı görünüşü, sərbəst səhnə davranışı, əzəmətli boybuxunu, tamaşada yöndaşlarına diqqəti ilə seçilirdi. Gurultulu və cingiltili səsini məharətlə tənzimləyən aktyor romantik rollarla realist personajları, mürəkkəb psixoloji dönüşlü dramatik obrazları eyni məharətlə oynaya bilirdi.

 

O, klassik və tərcümə əsərlərində ifa etdiyi obrazları çağdaş dövrün ictimai-sosial, mənəvi-əxlaqi problemləri ilə ustalıqla əlaqələndirirdi. Həsənağa Salayev ruhən, emosiya coşğunluğu, səs diapazonu, ehtiraslarının çılğınlığı ilə romantik aktyor idi, ancaq lirik, dramatik və psixoloji rolları da məharətlə oynayıb.

 

Teatr səhnəsində rolları

 

1. Tavera (Sevilya ulduzu, Lope de Veqa)

2. Fərhad (Fərhad və Şirin, S.Vurğun)

3. Sezar (Antoni və Kleopatra, V.Şekspir)

4. Oqtay (Oqtay Eloğlu, C.Cabbarlı)

5. Doktor (Unudulan adam, N.Hikmət)

 

Filmoqrafiya

 

1. Aygün 

2. Cazibə qüvvəsi 

3. Doğma xalqıma

4. Fətəli xan 

5. Görüş 

6. İstintaq davam edir

7. Körpə 

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(02.10.2025)

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Salam " Ədəbiyyat və İncəsənət" portalının dəyərli izləyiciləri.

“Psixologiya və Şeir” rubrikası insanın daxili aləmini iki fərqli, lakin bir-birini tamamlayan prizmadan təqdim edir. Psixologiya insan davranışlarını, duyğularını və düşüncələrini izah edir, şeir isə həmin duyğulara bədii çalar qataraq onları daha təsirli şəkildə ifadə edir. Bu rubrikada elmin dərinliyi ilə poeziyanın incəliyi bir araya gələcək və oxuculara həm düşünmək, həm də hiss etmək imkanı verəcəkdir.

 

Beləliklə, qonaqlarımızı Sizə təqdim edirik: Şair qonağımız BDU- nun SEP- fakültəsinin Fəlsəfə ixtisasının məzunu, AYB-nin üzvü, " Sükutdan asılmış ruh", "Qəfəs darlığı", “Bir sərbəst şeir, iki qafiyə kədər", Türkiyədə dərc olunan  "Günüm gecəylə başlar" şeir kitablarının müəllifi , “Zərif kölgələr" antologiyasının və "Vətən mücahidləri" kitabının həmrəhbəri sevimli xanım Aysel Nəsirzadə, psixoloq qonağımız CİBS Psixologiya və Təlim Mərkəzinin psixoloqu Müjqan Məmmədovadır.

 

Ruh bədəndə yerin danır…

 

Bilsən necə qəm çəkirəm

Divar nəmi çəkən kimi.

Göz yaşlarım selə dönür

Gün gecəyə keçən kimi.

 

Düyünlənib acı qəhər,

Boğur məni yenə gecə.

Ürəyimə verir kədər,

Həsrət olub bir bilməcə.

 

Bilmirəm ki, bu nə sirdir?..

Bilməm, niyə narahatam...

Yadıma gəlmir, bir ildir

Başım atıb rahat yatam.

 

Vücudumun təpəri yox ,

Ruh bədəndə yerin danır.

Nə göylərə təslim olur,

Nə yerdəki yerin anır.

 

Yazan özü belə yazıb,

Taleyi mən seçməmişəm.

Ölüdən betərəm onsuz,

Bir dünyadan köçməmişəm.

 

Ruh–bədən konfliktinin təsviri

 

Şeirin əsas xətti ruhun bədəndə yerini tapa bilməməsidir. Bu, eksistensial narahatlığın və özünü identifikasiya böhranının poetik ifadəsidir. İnsan özünü nə tam bu dünyaya aid, nə də başqa bir dünyaya hazır hiss edir. Bu, dərin daxili boşluq və məna axtarışı yaşayan şəxslərdə rast gəlinir.

“Ruh bədəndə yerin danır,

Nə göylərə təslim olur, 

Nə yerdəki yerin anır.”

Bu misralar insanın mənəvi bir limbo vəziyyətində olduğunu göstərir — nə göy (ilahi) ilə, nə də yer (maddi) ilə tam uyğunlaşa bilir.

 

Qəm və həsrət motivləri

 

“Düyünlənib acı qəhər 

 Boğur məni yenə gecə” bu misralar boğulma hissini, yəni emosional bloklanmanı ifadə edir. Bu həm də ifadə olunmamış hisslərin, xüsusilə həsrətin daxildə düyünlənməsi deməkdir. Həsrətin “bilməcə” adlandırılması onun adını, səbəbini tam dərk etməmək deməkdir.

 

Psixoloji mənzərə

 

Bu şeir eksistensial böhran, daxili boşluq, özünə və həyata aidiyyət hissinin itməsi, uzunmüddətli narahatlıq və ümidsizlik kimi halın bədii təsviridir. Şeirdəki obrazların hamısı bu psixoloji tabloya uyğun gəlir:

Divar nəmi → İçə işləyən, yığılan kədər.

Selə dönən göz yaşı → Emosional daşqın, amma hələ də boşalmamış ağrı.

Düyün → ifadə olunmamış, açılmamış emosiyalar.

Bu şeir şairin ozunə aid hisslərdirsə, bu bir ruhi transformasiya mərhələsinin başlanğıcı da ola bilər. Ruh bədəndə yerini tapmadıqda, bu çox vaxt köhnə kimlikdən çıxıb yenisinə keçmə prosesində olur. Bu, mənəvi oyanış və ya şəxsi böhranın eyni üzüdür.

Taleyi mən seçməmişəm  bu, nəzarət itkisi hissinin ifadəsidir. Şəxs öz həyatını idarə edə bilmədiyini, sadəcə yazılan bir ssenarini yaşadığını düşünür. Bu isə passivlik, ümidsizlik və ozü ölü olmadan ölmüş kimi hiss metaforası ilə tamamlanır.

 

“Ədəbiyyat və incəsənət”

(02.10.2025)

 

 

Cümə axşamı, 02 Oktyabr 2025 11:28

Cızma-qaralar - ESSE

 

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

Bugün uşaqlığımla görüşdüm yenə. Görüşə gələrkən məndən eyni geyinməyimizi istəyəndə tərəddüd etdim, amma sonra onun ən sevdiyi rəngi geyinməkdə razılaşdıq. 

 

Görüş yerimiz evimizə yaxın olan mağazanın həyətindəki balaca bağça idi. Ancaq ora gedə bildiyini, başqa yerləri tanımadığını dedi. Görüşdük. Onu gəzməyə aparmağı təklif etdikdə oyuncaqlarını evdə tək qoya bilməyəcəyini dedi.

 Onunla nə edəcəyimi bilmirdim. O mənim sadəcə keçmişim deyildi, bugün də içimdə saxladığım, bugün də qoruduğum, qəlbimdə yaşatdığım bir parçam idi. 

Onun 6 yaşı var idi. Bu il artıq məktəbə başlamışdı, 1-ci sinfə gedirdi. Mənsə bu il universitetdən məzun olmuş, həyatın başqa yollarına atılmışdım. 

Keçmişi gələcəyə birləşdirəm bir körpü çəkdik onunla bugün. Mənə ən çox hansı oyunları sevdiyini, hansı çizgi film qəhrəmanı olduğunu, böyüyəndə kim olacağını, necə bir həyatı olacağını xəyal etdiyini danışdı. Elə şirin danışırdı ki, hər dediyi gözlərimi doldurdu, üzümə səmimi, qəlbdən bir təbəssüm qoydu. Onunla danışarkən özümü ondan sonrakı 15 ildə olmadığım qədər hüzurlu hiss etdim bəlkə də. Doya-doya baxdım o şən, hər şeydən xəbərsiz, tək qorxusu istədiyi şirniyyatları almadan evə gələn valideynlər idi. Heç müəllimlərdən də qorxmurmuş, sinif birincisi imiş.

Əlimdən tutub dartaraq məni birgə qurduğumuz o körpüyə apardı. "Getmə, gəl bizə gedək, bizdə qal, heç hara getmə" deyə dartırdı. Balaca əlləri, balaca biləkləri 2 barmağımı sarmalamışdı. Onu qucağıma alanda bir şey hiss etdim. Onu geridə qoymaq onu tək qoymaq demək olacaqdı. Boynuma elə möhkəm sarılmışdı ki, bu təkliyi nə ona, nə özümə yaraşdıra bildim. Onu da özümlə aparmaq qərarına gəldim. "Anamı tək qoyacıq?" deyə soruşduqda onun bizi gözlədiyini dedim. Hoppanaraq qucağımdan enib körpünün gələcək istiqamətinə qaçdı. "Gəl gedək, mən tez böyümək istəyirəm" deyə qışqırdı. 

Yerimdə dayandım. Yavaş yavaş ona yaxınlaşıb bir daha qucaqladım və onu özümlə aparmaqdan vazkeçdim. Səssizcə qulağına pıçıldadım:

-Mən heç vaxt icazə verməyəcəm ki, sən böyüyəsən....

 

“Ədəbiyyat və incəsənət”

(02.10.2025)

 



Cümə axşamı, 02 Oktyabr 2025 11:03

Xan qızı Natəvanın anım günüdür

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Gülşəndə açıb səba ilə gül tək,

Könlüm düşdü bir aşiqə könül tək.

Ey Natəvan, bu sevda bir atəşdir,

Yandırar canı, qoymaz səni tək-tək.

 

Azərbaycanın görkəmli  şairəsi Xurşidbanu Natəvan 6 avqust 1832-ci ildə Şuşa şəhərində anadan olub. O, Qarabağ xanlığının sonuncu hakimi olan Mehdiqulu xan Cavanşirin qızı olub. Belə nəcabətli ailədən gəlməsi və xan nəslinə mənsub olması səbəbindən "Xan qızı" ləqəbi ilə tanınınıb. Onun ailəsi Azərbaycan tarixində görkəmli iz qoyan nəsillərdən biri sayılır.

 

Təhsil və Dünyagörüşü:

 

Natəvan yaxşı təhsil alıb, ərəb və fars dillərini öyrənib, Şərq poeziyasını dərindən mənimsəməyib. Onun ədəbi və fəlsəfi bilikləri dövrün bir çox kişi müasirlərindən belə üstün olub. O, həm də klassik Şərq ədəbiyyatının – xüsusən də Sədi, Hafiz, Füzuli kimi sənətkarların əsərlərini dərindən bilirdi.

 

Ədəbi Fəaliyyəti:

 

Xurşidbanu Natəvan poeziyada əsasən qəzəl və rübai janrlarında yazıb. Əsərlərində sevgi, tənhalıq, ayrılıq, insani dəyərlər, könül çırpıntıları və qadın hissləri əsas mövzular olub. Natəvan ilk dövrlərdə "Xurşid" təxəllüsündən istifadə etsə də, sonradan "Natəvan" (aciz, gücsüz) adını seçib. Bu təxəllüs onun həyatda üzləşdiyi faciələrə – xüsusilə oğlunun  ölümünə – bir işarə olub.

Natəvanın şeirləri həm klassik, həm də milli ruhla yoğrulub. Onun dili bədii, zəngin və hissiyyatla doludur. Natəvanın qəzəlləri sonralar Azərbaycan xalq musiqisində və muğamlarında da ifa olunub. 

 

Ədəbiyyat Məclisi – "Məclisi-üns":

 

1864-cü ildə Natəvan Şuşada "Məclisi-üns" adlı ədəbi bir cəmiyyət yaradıb. Bu məclis Qarabağda və ümumilikdə Azərbaycanda ədəbi həyatın canlanmasında mühüm rol oynayıb. Məclisdə dövrün görkəmli şair və ədibləri toplaşır, ədəbi müzakirələr aparılır, yeni əsərlər təqdim edilib. Bu məclis qadın rəhbərliyi altında fəaliyyət göstərən ilk ədəbi qurumlardan biri olub.

Xeyriyyəçilik və İctimai Fəaliyyət:

Xurşidbanu Natəvan təkcə şair deyil, həm də böyük xeyriyyəçi və ictimai xadim olub.

 O, Şuşada bir çox sosial layihələr həyata keçirib. Ən məşhuru 1872-ci ildə Şuşa şəhərini içməli su ilə təmin etmək üçün çəkdirdiyi su xətti – "Xan qızı bulağı" olub. Bu bulaq Natəvanın öz şəxsi vəsaiti hesabına tikilib, şəhər əhalisinin böyük ehtiyacını qarşılayıb.

Bundan başqa, o, yoxsul ailələrə kömək edib, məktəblərin, məscidlərin və digər ictimai binaların tikilməsinə maddi dəstək göstərib. Onun bu fəaliyyəti dövrün ziyalıları və xalqı tərəfindən yüksək qiymətləndirilib.

 

Ölümü və Xatirəsi:

 

2 oktyabr 1897ci ildə vəfat edib. Onun cənazəsi Şuşadan Ağdama qədər piyada daşınıb və İmarət qəbiristanlığında dəfn olunub. Onun vətənə, ədəbiyyata, insanlara olan sevgisi bu gün də xatırlanır və dərin hörmətlə anılır.

 

Mirası və Əhəmiyyəti:

 

Xurşidbanu Natəvan Azərbaycan ədəbiyyatının ilk qadın nümayəndələrindən biri olaraq milli poeziyamıza yeni nəfəs gətirib, qadın şairlərin yolunu açıb. Onun həm ədəbiyyatda, həm də xeyriyyəçilikdə qoyduğu iz bu gün də yaşayır.

Onun adı məktəblərə, küçələrə verilib, onun irsi əsasında sənədli filmlər çəkilib. Natəvan həm poetik istedadı, həm də yüksək mənəviyyatı ilə Azərbaycan tarixinə unudulmaz bir qadın kimi daxil olub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(02.10.2025)

 

 

Cümə axşamı, 02 Oktyabr 2025 10:31

“SÖZ–2025” adlı bayram

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

“Başlanğıcda Söz vardı. Söz Tanrı ilə birlikdəydi və Söz Tanrı idi. Hər şey Onun vasitəsilə var oldu, var olan heç bir şey Onsuz olmadı.”

 

Sözün şərəfinə min illərdir şeirlər yazılır, nəğmələr qoşulur. Söz əbədiyaşarlığını və diriliyini daim qoruyub saxlayır.

Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi yarandığı vaxtdan bəri, bölmənin yaradıcısı və uzun müddət rəhbəri olmuş mərhum şair Sabir Sarvanın ideya və təşəbbüsü ilə şəhərimizdə hər il “SÖZ” bayramı keçirilir. Artıq ənənəyə çevrilmiş bu bayram bu il Poeziya Evində gerçəkləşdi.

Tədbir Vətən torpaqlarının bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin və dünyasını dəyişmiş qələm adamlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Poeziya Evinin direktoru İbrahim İlyaslı qonaqları salamlayaraq sözün ilahi gücündən və qüdrətindən danışdı.

AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin ölməz Füzulinin “Söz” qəzəlini səsləndirərək tədbirin məqsəd və məramından bəhs etdi.

Daha sonra söz ədəbi ictimaiyyətin nümayəndələrinə verildi. Ofelya Babayeva, Rauf Qaraişıq, Avtandil Ağbaba, Rafiq Oday, Gülnar Ümid, Akif Amal, Asif Asiman, Zakir Zahir, Elşad Xaqan Davudoğlu, Hikmət Fərzəli, Elçin Nur, Sübhan Quliyev, Mədaxil Cavadlı, İlqar Həbibi, Kəramət Əmirli, Əliyar Mərdiyev, Polad İbrahimoğlu, İlhamə Müslümova, Rəna Təbəssüm, Almaz Ərgünəş Bəyazid, Hafiz Ataxanlı, Cabir Ağaoğlu Albantürk və Əli Niyazbəyli öz ürək sözlərini bölüşdülər, yeni şeirlərini səsləndirdilər.

Tədbirin sonunda AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin təşkilati işlərdə əməyi keçənlərə və iştirakçılara təşəkkürünü bildirdi və Sabir Sarvanın “Mən varam” şeiri ilə “SÖZ–2025” mərasimini yekunlaşdırdı.

Beləliklə, payızın poetik ab-havasına köklənmiş şəhərin şeirli-sözlü bayramı bir daha yaddaşlara həkk olundu və tarixə qovuşdu.

 

“Ədəbiyyat və incəsənət”

(02.10.2025)

 

 

Cümə axşamı, 02 Oktyabr 2025 10:02

Rus və bolqar dillərini gözəl bilirdi

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Tərcqmə işi çətin işdir. Xüsuaən də bədii tərcümə. Azərbaycan Yazıçılar Birliyinin üzvü,  Əməkdar incəsənət xadimi Səyavuş Məmmədzadə ən yaxşı tərcüməçilərdən olub. 

 

1935-ci il oktyabrın 2-də Bakıda müəllim ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətə tələbəlik illərindən başlayıb. "Sınaq" adlı ilk şeiri və A. Əlizadənin şeirinin rus dilinə tərcüməsi 1956-cı ildə universitetin çoxtirajlı "Lenin tərbiyəsi uğrunda" qəzetində dərc olunub.

 

Həmin vaxtdan "Molodyoj Azerbaydjana" qəzetində mütərcim, sonralar ədəbi işçi işləyib. Onun ədəbi fəaliyyətində poeziya, nəsr, publisistika, bədii tərcümə xüsusi yer tutur. Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutunun bədii tərcümə bölməsini bitirib. Azərbaycan Dövlət Nəşriyyatında redaktor, "Literaturnıy Azerbaydjan" jurnalında ədəbi işçi, tənqid və publisistika şöbəsinin müdiri, Azərbaycan Yazıçılar Birliyində referent-məsləhətçi vəzifəsində işləyib.

 

Azərbaycan poeziyasından rus dilinə ilk poetik tərcüməsi – Ağacavad Əlizadənin Səməd Vurğuna həsr etdiyi şeiri 1956-cı ildə "Lenin tərbiyəsi uğrunda" qəzetində çıxıb. Azərbaycan klassik və müasir ədəbiyyatından rus dilinə, eləcə də rus, bolqar, Ukrayna, Polşa ədəbiyyatından Azərbaycan dilinə etdiyi tərcümələri dövri mətbuatda çap etdirib.

 

Bakı şəhəri Səbail rayon İcraiyyə Komitəsi zəhmətkeş deputatları Sovetinin deputatı olub, Azərbaycan Kommunist Partiyasının XXIX qurultayına nümayəndə seçilib. Bolqarıstanda dəfələrlə yaradıcılıq ezamiyyətində olub, klassik macar şairi Endre Adinin anadan olmasının 100 illiyi yubileyində iştirak edən Sovet nümayəndə heyətinin tərkibində Macarıstana gedib.

 

Əsərləri 

 

1. Небо

2. Тверской бульвар (повести)

3. Самоутверждение (стихи, переводы)

4. Bir yuxusuz gecə (oçerklər)

5. Ночные яблоки (рассказы)

6. Günəbaxan insanlar (şeirlər)

7. Komendant saatı (şeirlər)

 

Tərcümələri

 

(rus dilinə)

 

1.Кямал Талыбзаде. Аббас Сиххат. Баку: Детюниздат, 1963,

2.Мамед Араз. Пой Аракс. M.: Советский писатель, 1966, 66 стр.

3.Сохраб Тахир. Песня мужества. M.: Советский писатель, 1966, 90 стр.

 

(bolqar dilindən):

 

1. Bolqar hekayələri

2. Georgi Strumski. Odlar yurdu

3. Yordan Milev. İnsanlar və səhralar

4. Bolqar çələngi

 

3 sentyabr 2022 tarixində vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(02.10.2025)

 

 

Cümə axşamı, 02 Oktyabr 2025 09:31

Alimimiz Misirdə medalla təltif olundu

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Eşidəndə ki, Azərbaycan tədqiqaçı-alimi Seymur Nəsirov Misir Ərəb Respublikası ilə Azərbaycan Respublikası arasında elmi - mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Misir Təhsil Nazirliyinin medalı ilə təltif olunub, xəbərə sevindik. Və Seymur müəllimlə telefon əlaqəsi yaradıb təfərrüatları öyrəndik. 

 

Mükafatı Bakıda Misir Mədəniyyət Mərkəzinin direktoru professor Tariq Əbu Əl-Futuh təqdim edib.

S.Nəsirov Misirdə Azərbaycan diasporunun sədri, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, Qahirə Universitetində Azərbaycan dili müəllimi, Dünya Azərbaycanlı Alimlər Birliyinin həmtəsisçisi və həmsədridir. Misirdə 23 il ərzində onun rəhbərlik etdiyi müəssisələrdə dünyanın əksər ölkələrindən olan minlərlə tələbə təhsil alaraq ölkələrinə qayıdıb. Hazırda dünyanın 65 ölkəsindən Misirdə təhsil alan 1700-dən çox tələbə bu müəssisələrdə təhsillərini davam etdirirlər.

O, 25 ildən çoxdur ki, ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqatlar aparır. Bu tədqiqatlardan ərsəyə gələn, 250-dən çox əslən azərbaycanlı alim haqqında iki kitabın müəllifidir. S.Nəsirov 1600-dən çox misirliyə Azərbaycan dilini tədris edib. Onun yazdığı məqalələr və elmi-ictimai fəaliyyətlər ərəb mediasında geniş şəkildə dərc olunur.

Qeyd edək ki, Seymur Nəsirov bu ilin sentiyabır ayının əvvəlində Misir Prezidenti Əbdül Fəttah əl-Sisi tərəfindən birinci dərəcəli “Elm və Fənlər” ordeni ilə təltif olunub. Misir Prezidentinin şəxsən özü tərəfindən təqdim olunan bu orden elmin inkişafı və yayılması sahəsində müstəsna xidmətləri olmuş görkəmli alim və maarifpərvər şəxslərə verilir.

 

“Ədəbiyyat və incəsənət”

(02.10.2025)

 

 

 

Cümə axşamı, 02 Oktyabr 2025 09:01

Hüseyn Cavid yadigarı

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Dahi Hüseyn Cavod çox kəşməkeşli bir ömür yaşayıbdır. Faciə, əzab, gərginlik içrə bir ömür. Şübhəsiz, ailəsi də bu çətinliklərə tuş gəlməli olubdur. 

 

Turan Cavid şair Hüseyn Cavid ailəsində, 2 oktyabr 1923-cü ildə Bakı şəhərində dünyaya göz açıb, 1940-cı ildə Bakı şəhəri 189 N-li məktəbi, 1950-ci ildə isə Azərbaycan Dövlət Teatr İnstitutunu fərqlənmə diplomu ilə bitirib. Müharibə illərində — 1942–1943-cü illərdə Azərbaycan Radio Verilişləri Komitəsində arxivarius, 1943–1944-cü illərdə həmin komitədə məsul redaktor, 1944–1945-ci illərdə Nizami adına Ədəbiyyat Muzeyində kiçik elmi işçi, 1945–1949-cu illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun Teatrşünaslıq fakültəsində baş laborant, 1950–1953-cü illərdə müəllim (1983-cü ilə kimi), 1953–1967-ci illərdə, eyni zamanda C. Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində elmi işçi, 1968–1991-ci illərdə həmin muzeyin direktoru vəzifələrində çalışıb.

 

 Hüseyn Cavidin ev muzeyi yarandığı gündən ömrünün sonuna qədər həmin muzeyə rəhbərlik edib. Muzeyin yaradılmasında, eksponatların toplanıb sərgiyə hazırlanmasında, onların tədqiqi və təbliğ edilməsində çox böyük xidmətləri olub.

 

 Onun gərgin əməyi nəticəsində bu gün muzeyin əsas fondunda 5000, elmi-köməkçi fondlarında isə 300-dən artıq eksponat toplanıb. O, Hüseyn Cavidin ev muzeyinin ekspozisiya və fonotekasını Hüseyn Cavid irsinə aid yeni audio və video yazılarla zənginləşdirib. Turan xanım Hüseyn Cavidin 120 illik yubileyi ərəfəsində H. Cavidin əsərlərini öz qələmindən çıxan kimi, onun üslubunda latın qrafikası ilə nəşr edilməsi üçün böyük zəhmət çəkib 

 

Turan Cavid "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüş, "Əmək rəşadətinə görə" medalı, Azərbaycan Milli Elmlər Akademiyasının "Fəxri Fərmanı" ilə təltif edilmişdir, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. 2004-cü il sentyabrın 12-də ömrünün 81-ci ilində vəfat edib.

 

Filmoqrafiya

 

1. Cavid ömrü 

2. Cavidi xatırlarkən

3. Əbədiyyət elçisi

4. Qayıdış 

5. Liderlik missiyası. 1-ci hissə 

6. Memar 

7. Səma şairi 

8. Tikdim ki, izim qala 

9. Topal Teymur 

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(02.10.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.