ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Biz onu böyük İsmayıl Şıxlının oğlu kimi tanıyırıq. Amma həyat yolu, fəaliyyət spektri, ərsəyə gətirdiyi işlər bunu deməyə əsas verir ki, o, heç vaxt atasının kölgəsinə sığınmayıbdır, həmişə hər yerdə məhz özü – Elçin Şıxlı olaraq qalıbdır.

Bu gün bu gözəl ziyalımızın doğum günüdür.

 

Azərbaycan Jurnalistlər İttifaqının sədri, Azərbaycan Yazıçılar İttifaqının üzvü Elçin Şıxlı 1957-ci il oktyabrın 4-də Bakı şəhərində anadan olub. Əslən Qazax rayonunun İkinci Şıxlı kəndinin məşhur Şıxlinskilər (ən azından general Əliağa Şıxlınskinin adını çəkməyə dəyər) soyundandır.

1964-cü ildə Bakı şəhəri 190 №-li orta məktəbin birinci sinfinə gedib və 1974-cü ildə həmin məktəbi bitirib. 1974-cü ildə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsinə daxil olub və 1979-cu ildə həmin institutu ingilis və alman dilləri müəllimi ixtisası alaraq bitirib.

1979-cu ilin avqustundan oktyabrınadək Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsi informasiya-reklam şöbəsinin müfəttişi işləyib. 1979-cu ilin oktyabrından 1981-ci ilin mayınadək Sovet Ordusu sıralarında hərbi xidmətdə olub və həmin müddət ərzində o zamankı Almaniya Demokratik Respublikası ərazisində yerləşmiş sovet ordusu hərbi komendatlıqlarından birində mütərcimlik edib.

1981-ci ilin iyul-avqust aylarında "İnturist" ÜSC Bakı şöbəsində tərcüməçi işləyib. 1981-ci ilin avqustundan 1986-cı ilin sentyabrınadək Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin xaricdə yaşayan həmvətənlərlə əlaqələr şöbəsinin referenti olub. 1986-cı ilin sentyabrından 1988-ci ilin mayınadək Azərbaycan SSR Maarif Nazirliyi Kollekgiyasının katibi vəzifəsində işləyib. 1988-ci ilin mayından 1989-cu ilin aprelinədək V. İ. Lenin adına Sovet Uşaq Fondu Azərbaycan respublika bölməsi İdarə Heyəti aparatında baş referent olub.

1989-cu ilin aprelindən 1990-cı ilin iyulunadək "Azərbaycan Kommunisti" — "Kommunist Azerbaydjana" jurnalında ədəbi işçi kimi çalışıb.

Sonra isə həyatının "Ayna"-"Zerkalo" dönəmi başlayıb. 1990-cı ilin iyulundan 1998-ci ilin fevralınadək qəzetlər qrupunun redaksiyasında baş redaktor müavini, 1998-ci ilin fevralından 1999-cu ilin mayınadək "Al-ver" qəzetinin baş redaktoru, 1999-cu ilin mayından 2001-ci ilin yanvarınadək "Ayna Mətbu Evi" şirkətinin prezidenti vəzifələrində çalışıb. 2001-ci ilin yanvarından 2014-cü ilədək "Ayna"-"Zerkalo" qəzetlərinin baş redaktoru olub. 2016-cı ildə ayna.az saytı və Ayna TV-ni təsis edib.

Və mütləq bir xatırlatma da edək ki, “Ayna"-"Zerkalo"qəzetləri müstəqil Azərbaycan mətbuatının tarixinə düşən qəzetlərdir, peşəkar jurnalistika, qərəzsiz, obyektiv informasiya, mətbuat kübarlığı – bunlar bu qəzetlərin təlqin etdikləri əsas meyarlar olubdur.

 

Filmoqrafiya

- Dəli Kür

- Mənə inanın!

- Cavabsız sual

 

Sonda bizə də dəyərli ziyalımız Elçin Şıxlını hamılıqla təbrik etmək, ona peşə fəaliyyətində uğurlar, cansağlığı və əlbəttə ki, Azərbaycanımız naminə daha çox qurub-yaratmağı arzulamaq qalır.

 

“Ədəbiyyat və incəsənət”

(04.10.2025)

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Hər il olduğu kimi bu il də dünənki tarix – Türk Dövlətləri Əməkdaşlıq Günü türk dövlətlərində müxtəlif tədbirlərlə, rəsmi qəbullarla yadda qaldı.

Həqiqətən də 3 oktyabr tarixi Türk dünyası üçün xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Məhz bu gün, 2009-cu ildə qədim Azərbaycan torpağı Naxçıvanda imzalanan tarixi sazişlə Türk Dövlətləri Təşkilatının əsası qoyuldu. Bu mühüm hadisə türkdilli dövlətlər arasında əməkdaşlığın möhkəmlənməsində yeni bir mərhələ açdı.

 

Son 16 ildə təşkilat həm regional, həm də qlobal miqyasda böyük nüfuz qazanaraq siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığı daha da gücləndirib. Türk dövlətləri arasında qarşılıqlı həmrəylik və birliyin möhkəmlənməsi üçün atılan addımlar Türk dünyasının gələcəyinə inamı artırır.

Türk Dövlətləri Təşkilatı bu illər ərzində xalqlarımız arasında qardaşlıq münasibətlərinin daha da sıxlaşmasına, mədəniyyət, elm, təhsil və iqtisadi əlaqələrin inkişafına mühüm töhfələr verib. Bu əməkdaşlıq yalnız bugünkü nəsil üçün deyil, gələcək nəsillər üçün də güclü inteqrasiya nümunəsi kimi əhəmiyyət daşıyır.

Azərbaycan daima Türk dünyasının birliyi və həmrəyliyi naminə çalışır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Türk dövlətlərinin qardaşlığı əbədidir və bu istiqamətdə görülən işlər davamlı xarakter daşıyacaq.

Türk dünyası bizim ailəmizdir!

 

“Ədəbiyyat və incəsənət”

(04.10.2025)

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan musiqisinin mahnı janrında bir nömrəli bəstəkar Tofiq Quliyevdir, mən bunu mübaliğısiz deyirəm, zaman ötür, musiqi trendləri dəyişir, amma onun mahnıları yenə də sevilir, yenə də dillərdə dolaşır.

 

Tofiq Quliyev 1917-ci il noyabrın 7-də Bakı şəhərində mühəndis-iqtisadçı Ələkbər Quliyevin ailəsində anadan olub.  12 yaşında Azərbaycan Dövlət Konservatoriyasının yanındaki peşə məktəbinə, 1934-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. Həm İ. S. Aysberqin sinfində fortepiano, həm də S. Q. Ştrasserin sinfində dirijorluq dərsi alıb və 1936-cı ildə Konservatoriyanı bitirib.

1931-ci ildə Asəf Zeynallının məsləhəti ilə Mirzə Ələkbər Sabirin sözlərinə "Məktəbli" mahnısını bəstələyib. 1935-ci ildə Məşədi Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında dirijorluğa başlayıb. 1936-cı ildə bəstəkar Zakir Bağırovla birgə "Rast", "Segah", "Zabul", "Dügəh" muğamlarını fortepianoda hazırlayıb. Üzeyir Hacıbəyovun təşəbbüsü ilə təhsilini davam etdirmək üçün Moskva Dövlət Konservatoriyasına göndərilib. Tezliklə orada A. Tfasmanın rəhbərlik etdiyi orkestrdə pianoçu kimi çalışmağa başlayıb.

1939-cu ildə Bakıya qayıdıb və 1941-ci ildə "Qırmızı ordu" ansamblını yaradıb. 402-ci diviziyanın tərkibində çalışan ansambl üçün müxtəlif vətənpərvər mahnılar yazıb. 1943-cü ildə iki yerə bölünən ansamblın "Qırmızı flot" hissəsinin rəhbəri olub.

Müharibədən sonra M. Əzizbəyov (dram), Səməd Vurğun (rus dram), M. Qorki (gənc tamaşaçılar) teatrları ilə əməkdaşlıq edib. XX əsrin 40-cı illərindən həm də kino sahəsində işləməyə başlayıb.

1948-ci ildə Moskva Dövlət Konservatoriyasında təhsilini davam etdirib. 1951-ci ildə aspiranturaya daxil olub və A. Qaukun rəhbərliyi altında elmi iş müdafiə edib. Həmin il "Azərbaycan xalq rəqsləri" toplusunu hazırlayanlardan biri olub.

1954-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb. 1956–1958-ci illərdə bir neçə mahnısı "Azərbaycan mahnıları" musiqi cildinə salınıb. 1958-ci ildə Filarmoniyanın bədii rəhbəri, sonra direktoru olub. 1960–1970-ci illərdə bir çox beynəlxalq konfrans, festival, incəsənət günlərində iştirak edib.

 

XX əsrin 70-ci illərinin sonlarında bir çox uşaq və gənc musiqi müsabiqələrini, o cümlədən "Bakı payızı"nı yaradıb. 1969-cu ildən 1979-cu ilə qədər Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik edib. 1990-cı ildən ömrünün sonuna kimi Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyətinin sədri vəzifəsində çalışıb.

 

Onun bu mahnıları musiqi xəzinəmizin ən qiymətli insiləridir:

"Pəncərə". Sözləri: Rəsul Rzanındır. İfaçı: Rəşid Behbudov. Romantik və lirik üslubda yazılmış bu mahnı Tofiq Quliyevin klassik estrada musiqisinə verdiyi töhfələrdən biridir.

"Sənə də qalmaz". Sözləri: Bəxtiyar Vahabzadənindir. Sosial və fəlsəfi məzmunlu, xalq arasında çox məşhur olan bir əsərdir.

 "Qal, sənə qurban". Sözləri: Mikayıl Müşfiqindir. Xalq musiqisinə yaxın, romantik tonda yazılmış bu mahnı sevilən ifaçılar tərəfindən dəfələrlə səsləndirilib.

"Ay işığında". Lirik və emosional melodiyası ilə yadda qalan bir əsərdir.

"Cücələrim". Uşaq mahnısı kimi tanınsa da, bütün yaş qrupları arasında məşhurdur. Musiqi baxımından çox incə və yaddaqalan bir quruluşa malikdir.

 "Sənsiz". Tofiq Quliyevin lirik musiqilərindən biridir və həsrət mövzusunu əks etdirir.

"Gəl, ey səhər". Gözəl melodiyası ilə seçilən, ruhlandırıcı və nikbin bir əsərdir.

 

Xalq artisti Şövkət Ələkbərovanın repetruarındakı populyar mahnıları

— Axşam mahnısı — sözlər: Zeynal Cabbarzadə

— Laylay — sözlər: Zeynal Cabbarzadə

 — İlk bahar — sözlər: Zeynal Cabbarzadə

 — Sən mənimsən, mən sənin — sözlər: Zeynal Cabbarzadə

 — Qəmgin mahnı — sözlər: Zeynal Cabbarzadə

— Ağacda alma — sözlər: Ənvər Əlibəyli

 

Filmoqrafiya

1. İyirminci bahar

2. Səbuhi  - bəstəkar

3. Qayğı

4. Bakı döyüşür

5. Qardaşlıq köməyi

6. Şəfa nəğməsi

7. Əbədi odlar ölkəsi

8. İran Azərbaycanının paytaxtında

 

Fəxri ad və mükafatları

1. "Azərbaycan SSR xalq artisti" fəxri adı — 29 iyun 1964

2. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 21 fevral 1959

3. Azərbaycan SSR Dövlət mükafatı — 1980

4. "İstiqlal" ordeni — 7 noyabr 1997

5. "Qırmızı əmək bayrağı" ordeni — 9 iyun 1959; 4 noyabr 1977

6. "Xalqlar dostluğu" ordeni — 6 noyabr 1987

7. "Şərəf nişanı" ordeni — 2 iyul 1971

8. "Əmək igidliyinə görə" medalı — 6 mart 1950

9. Xəzər Universitetinin fəxri doktoru

 

Tofiq Quliyev 2000-ci ildə Bakı şəhərində dünyasını dəyişib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(04.10.2025)

BU GÜN XI BAKI BEYNƏLXALQ KİTAB SƏRGİSİ ÇƏRÇİVƏSİNDƏ AZƏRBAYCAN RESPUBLİKASININ MƏDƏNİYYƏT NAZİRİ VƏ QƏTƏRİN MƏDƏNİYYƏT NAZİRİ TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDUNUN PAVİLYONUNU ZİYARƏT EDİBLƏR

 

3 Oktyabr 2025-ci il tarixində XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət naziri Adil Kərimli və Qətərin Mədəniyyət naziri Şeyx Əbdülrəhman bin Həməd əl-Tani Türk Mədəniyyəti və İrsi Fondunun pavilyonunu ziyarət ediblər.


“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Nazirləri stend ilə tanış edib, Fondun fəaliyyəti və yeni buraxdığı kitablar haqqında ətraflı məlumat verib.

Stend ilə tanış olan cənab Adil Kərimli və cənab Şeyx Əbdülrəhman bin Həməd əl-Tani Fondun fəaliyyətini yüksək qiymətləndirib, Türk dünyasının zəngin mədəni irsinin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən layihələrin mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

Onlar Fondun təşkil etdiyi nəşrlərin, sərgilərin və beynəlxalq tədbirlərin xalqlar arasında dostluq və qarşılıqlı anlaşmanı gücləndirdiyini qeyd edərək, bu istiqamətdə gələcək əməkdaşlığa dəstək verəcəklərini ifadə ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(03.10.2025)


 

 

Cümə, 03 Oktyabr 2025 18:20

Elm və bilik yolunun bələdçisi

 

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Hər bir insanın həyat yolunda bir istiqamət, bir mayak var. Bu istiqaməti göstərən isə müəllimdir. Müəllimlik - sənət deyil, həyat missiyasıdır. Məhz belə bir missiyanı sevgi və məsuliyyətlə üzərinə götürən yüzlərlə müəllimimizdən biri də Sumqayıt Dövlət Universitetinin (SDU) baş müəllimi Gülşən Hüseynzadədir.

 

Ziyalı ailəsində dünyaya göz açan Gülşən Hüseynzadə 1996-cı ilin iyul ayının 3-də Sumqayıt şəhərində anadan olub. Orta təhsilini Təbiət Elmləri Təmayüllü gimnaziyada alıb. 2013-cü ildə 511 balla Sumqayıt Dövlət Universitetinin "Mühasibat uçotu və audit" ixtisasına qəbul olunub. Təhsil pillələrinin hər birini fərqlənmə diplomu ilə başa vurması, onun elmə olan həvəsinin və zəhmətinin bariz nümunəsidir.

2019-cu ildə ali təhsildəki uğurlarına görə SDU-da böyük laborant kimi fəaliyyətə başlayan Gülşən xanım 2022-ci ildə müəllim, 2024-cü ildən isə baş müəllim vəzifəsinə yüksəlib. Hazırda universitetin “Mühasibat və iqtisadiyyat” kafedrasında çalışmaqla yanaşı, eyni zamanda “Müəssisələrin təşkili və idarə olunması” ixtisası üzrə doktorantura təhsilini davam etdirir. Dissertasiya işinin mövzusu isə bu günümüz üçün olduqca aktualdır: “Sənaye müəssisələrində dayanıqlı inkişafın təmin edilməsi istiqamətləri”.

Gülşən Hüseynzadə ixtisasına uyğun bir sıra beynəlxalq sertifikatlara da malikdir. O cümlədən, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə beynəlxalq diplom və Peşəkar Mühasib Sertifikatı onun peşəkar bilik bazasını zənginləşdirən uğurlu addımlardandır.

Lakin Gülşən xanımın uğurlarının kökündə təkcə təhsil və zəhmət deyil, həm də ailə dəyərləri dayanır. Atası Qalib Sirac oğlu Hüseynov iqtisad üzrə fəlsəfə doktoru, dosent və SDU-nun Biznesin idarə edilməsi kafedrasının müdiridir. Anası Mehriban Tofiq qızı Hüseynova isə universitetin kitabxanasında çalışır. Onların hər biri övladlarına elmə, təhsilə və sadəliklə zəngin bir həyat tərzinə bağlılıq aşılayıb. Mənim üçün ailəmin təsiri misilsizdir, deyir Gülşən xanım. Və həmçinin söyləyir ki, atamın elmə olan sevgisi, anamın kitabla nəfəs alan həyatı mənim yolumu işıqlandırdı. 

Müəllimlik onun üçün sadəcə bir ixtisas deyil, həyat fəlsəfəsidir. Hər dərsində yalnız bilik deyil, ruh, dəyər və ümid verir. “Müəllim şam kimidir - özü əriyir, amma ətrafını işıqlandırır” fikri onun fəaliyyətinə ən uyğun təsvirlərdən biridir.

Öz müəllimlərini minnətdarlıqla xatırlayan Gülşən Hüseynzadə bu gün onlarla eyni sırada çalışdığı üçün həm qürurludur, həm də məsuliyyətli.  Vurğulayır ki, mən onlardan öyrəndiyim hər bir keyfiyyəti bu gün öz tələbələrimə ötürməyə çalışıram. Onların uğuru mənim uğurumdur.

Onun ən böyük arzusu daim öyrənmək, yenilənmək və tələbələri üçün ilham mənbəyi olmaqdır. Tədris etdiyi hər bir dərsin yalnız nəzəriyyə ilə deyil, həm də mənəvi dəyərlərlə zəngin olması üçün çalışır. Yetirmələrinin isə yalnız savadlı mütəxəssis deyil, həm də yüksək mənəviyyata sahib və cəmiyyətə faydalı fərdlər olmalarını arzulayır.

Söhbət əsnasında Gülşən müəllimə əlavə edir ki, mən tələbələrimə həmişə  bilgi ilə yanaşı, insanın mənəviyyatı onun əsl sərvətidir, deyirəm.

5 Oktyabr - Beynəlxalq Müəllimlər Günündə minlərlə müəllim kimi, Gülşən Hüseynzadə də təkcə auditoriyada deyil, həm də cəmiyyətin formalaşmasında mühüm rol oynayır. Fədakarlıqla çalışan, sevgi ilə öyrədən və ruhla ilhamlandıran bu kimi müəllimlərə dərin təşəkkür və ehtiram düşür.

Çünki onlar gələcəyin qurucularını formalaşdıran ziyalılardı.

 

“Ədəbiyyat və incəsənət”

(03.10.2025)

 

 

 

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Çox sevindirici haldır ki, bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.

Beləliklə, Kamal Abdullanın qranulaları:

 

1.

Yağışlar yağar Allaha sarı,

Yağışlar yağar dərgaha sarı,

Yağışlar yağar üzüyuxarı

 Üzüaşağı yağmaz yağışlar.

 

2.

Anar nəsrinin doğmalığı Bakı küçələrinin hər tinində yaddan az qala çıxmaq istəyən, amma heç cür yaddan çıxmayan xatirələrin doğmalığıdır.

 

3.

Dədə Qorqud: “Ol qızın üç canavər qalınlığı, qaftanlığı vardı.” Qanturalı Sarı donlu Selcan xatuna yetişmək üçün üç vəhşi heyvana qalib gəlməli idi. Vüsala bundan sonra yetişmək, qaftanları bir-bir çıxarmaq mümkün olardı. Azərbaycan ədəbiyyatının ən parlaq metaforası!

 

4.

“Vaxt gələcək ağrımız örtüləcək çiçəklə,

Bütün yaralarımız yenidən bitişəcək.

Hər şey qurtaracaqdır xoşbəxt bir gələcəklə

- Soldu nar çiçəkləri, indi nar yetişəcək.”

 

5.

“Kitabi-Dədə Qorqud”da Bəkil oğlu İmranın həlak etmək istədiyi kafir ondan soruşur: - Yigit, aman. Sizin dinə nə derlər? Dininə girdim. Yaxud başqa bir boyda Uruz yaxınlaşmaqda olan yağı barədə atasına sual edir: - Yağı nəyə derlər, baba? Yenə də bir başqa boyda Dəli Domrul Əzrayıla sorur: - Ya bəs can verən, can alan Allah taalamıdır? Bütün bu “sadəlövh suallar” bu gün ən azından təbəssüm doğursa da, əslində, hadisələrin cərəyan etdiyi vaxtın çox uzaq qədimliyə aid olduğunu göstərir. Belə ki, bu suallar yarandıqları vaxt müstəqim şəkildə verilir və anlaşılırdı.

 

6.

Qəti hökmlərə ehtiyatla yanaşmaq lazımdır. Onların gözlənilməz keçmişləri ola bilər.

 

7.

Ciddi arxeoloqlar deyir ki, Şliman, əslində, Troyanı yox, tapmaq istədiyini, yəni, arzu etdiyini tapmışdır.

 

“Ədəbiyyat və incəsənət”

(02.10.2025)

 

Cümə, 03 Oktyabr 2025 17:12

Böyük türklər: Əhməd Yəsəvi

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsində Böyük türklərin təqdimatı Əhməd Yəsəvi ilə davam edir.

 

Əhməd Yəsəvi (1093–1166) orta əsr Türk dünyasının böyük sufi, şair və dini xadimi olaraq tanınır. O, həm dini, həm də ədəbi fəaliyyətləri ilə Türk-Islam mədəniyyətinin formalaşmasında mühüm rol oynamışdır. Əsasən Türk dillərində yazdığı təsəvvüfi şeirlər və əxlaqi-ədəbi tövsiyələr onun xalq arasında böyük nüfuz qazanmasına səbəb olmuşdur.

Əhməd Yəsəvi Xorasan və Orta Asiya ərazisində fəaliyyət göstərmiş, təlim və təbliğ yolu ilə geniş kütlələrə İslam əxlaqı və tasavvuf prinsiplərini yaymışdır. Onun məktəbi və təsiri, xüsusilə Türk xalqlarında dini və mədəni identikliyinin formalaşmasına xidmət etmişdir. Yəsəvi əxlaq və dini prinsipləri gündəlik həyatın bir parçası olaraq insanlara çatdırmışdır.

Əhməd Yəsəvinin ən məşhur əsəri “Divan-i Hikmət”dir. Bu əsər xalq üçün yazılmış təsəvvüfi şeirlərdən ibarət olub, həm dini, həm əxlaqi, həm də sosial mesajları ehtiva edir. Onun dili sadə, anlaşıqlı və xalqın anlayacağı üslubda qurulmuşdur ki, bu da onun geniş təbliğ imkanları yaratmasına kömək etmişdir. Eyni zamanda, Yəsəvi türk dilinin ədəbi inkişafında, xüsusən də təsəvvüfi ədəbiyyatın formalaşmasında mühüm rol oynamışdır.

Əhməd Yəsəvi həmçinin sosial və mədəni təsirlər sahəsində önəmli rol oynamışdır. Onun dərsləri və məktəbi gənc nəslin dini tərbiyəsi və əxlaqi yetişməsi üçün geniş imkanlar yaratmış, həmçinin Orta Asiya və Anadolu bölgələrində sufizmin yayılmasına təkan vermişdir. Əsərlərindəki əxlaqi və mənəvi prinsiplər, xalqa doğru davranış və Allah yolunda əzmkarlıq kimi mövzuları ön plana çıxarır.

Nəticə olaraq, Əhməd Yəsəvi yalnız böyük sufi və şair deyil, həm də Türk-Islam mədəniyyətinin və ədəbi ənənələrinin möhkəmləndirilməsində önəmli şəxsiyyət olmuşdur. Onun təsiri həm dini, həm ədəbi, həm də sosial sahələrdə hələ də hiss olunur və Türk tarixində onun irsi unudulmazdır.

 

“Ədəbiyyat və incəsənət”

(03.10.2025)

 

 

Cümə, 03 Oktyabr 2025 16:36

Teatrda qadın rejissorların yüksəlişi

 

Rəqsanə Babayeva,

Beyləqan rayon Mədəniyyət Mərkəzinin rejissoru, “Gənclik” xalq teatrının rəhbəri, yazıçı. “Ədəbiyyat və İncəsənət” üçün

 

Teatr insan həyatının güzgüsü olduğu kimi, cəmiyyətin dəyişən dəyərlərinin də göstəricisidir. Hər dövrdə səhnəyə çıxan əsərlər yalnız dramaturji məharəti deyil, həm də ictimai reallıqları əks etdirib. Bu reallıqlardan biri də son illərdə qadın rejissorların teatrda getdikcə daha fəal mövqe qazanmasıdır. Əvvəllər tamaşaçı salonunda daha çox aktyor, müəllim və ya tənqidçi kimi görünən qadınlar indi teatrın idarəedicisi, qurucusu və yenilik gətirən simaları kimi səhnənin ön sırasına çıxıblar.

 

Tarixi fon

 

Azərbaycan teatrının tarixində qadınların iştirakı heç də həmişə asan olmayıb. XIX əsrin sonlarında qadın aktyorların səhnəyə çıxması belə böyük cəsarət tələb edirdi. Lakin zaman keçdikcə qadın sənətkarlar səhnədə öz yerlərini möhkəmləndirdilər. Əgər o illərdə qadınların rolu daha çox ifaçı ilə məhdudlaşırdısa, XXI əsrdə qadın rejissorlar artıq teatrın quruluşçu və istiqamət verici qüvvəsinə çevriliblər.

 

Qadın baxışının fərqi

 

Qadın rejissorların tamaşalarında xüsusilə hiss olunan məqam onların fərqli baxış bucağıdır. Onlar mövzulara daha incə yanaşır, obrazların daxili dünyasını daha dərindən açır, sosial problemləri duyğusal dərinliklə səhnəyə gətirirlər. Bu, tamaşaları yalnız estetik baxımdan deyil, həm də emosional təsir gücünə görə zənginləşdirir.

 

Məsələn, qadın rejissorların quruluş verdiyi tamaşalarda qadın obrazları stereotiplərdən uzaq, daha canlı və real təsvir olunur. Ailə münasibətləri, qadın-kişi dialoqu, gənclərin dilemması kimi mövzular səhnədə yeni tonlarla əksini tapır.

 

Müasir teatr mühitində qadın rejissorlar

 

Bugünkü Azərbaycan teatrında qadın rejissorların sayı sürətlə artır. Onlar yalnız dövlət teatrlarında deyil, müstəqil səhnələrdə də uğurla fəaliyyət göstərirlər. Bu, həm teatr mühitinin demokratikləşməsinin, həm də gənc nəslin sənətə yeni baxış gətirməsinin göstəricisidir.

Qadın rejissorlar eksperimentlərdən çəkinmirlər: klassik əsərləri yeni interpretasiyada təqdim edir, müasir dramaturgiyanı cəsarətlə səhnəyə gətirir, multimedia və texnologiyadan yararlanırlar. Beləliklə, teatr həm ənənəni qoruyur, həm də müasirliyi əks etdirir.

 

Beynəlxalq səviyyədə tanınma

 

Azərbaycan qadın rejissorlarının əsərləri beynəlxalq festivallarda da diqqət qazanır. Onların quruluş verdiyi tamaşalar müxtəlif ölkələrdə nümayiş olunur, tənqidçilər tərəfindən müzakirə olunur. Bu fakt həm də mədəni diplomatiyanın bir hissəsidir: qadın rejissorlar Azərbaycan teatrını dünyada tanıdır, milli mövzuları qlobal dildə ifadə edirlər.

 

Qarabağ mövzusu qadın baxışında

 

Müharibə və Qarabağ mövzusu qadın rejissorların tamaşalarında da öz əksini tapır. Onların quruluşunda bu mövzu yalnız qəhrəmanlıq və mübarizə prizmasında deyil, həm də insan faciəsi, qadın və uşaq taleyi, itki və ümid aspektlərində təqdim olunur. Bu yanaşma mövzuya daha çox humanist və bəşəri çalar qatır.

 

Çağırışlar və imkanlar

 

Qadın rejissorların yüksəlişi, təbii ki, asan baş verməyib. Bu sahədə stereotiplər, maliyyə və təşkilati çətinliklər hələ də qalmaqdadır. Lakin onların uğurları göstərir ki, istedad və əzm qarşısında bu çətinliklər qalıcı deyil.

Dövlətin incəsənətə dəstəyi, müstəqil teatrların yaranması və beynəlxalq əlaqələrin artması qadın rejissorların fəaliyyətini daha da genişləndirir. Gənc qadın rejissorların təhsilə yönəlməsi isə teatrın gələcəyinə ümid verir.

Teatrda qadın rejissorların yüksəlişi sadəcə sənət hadisəsi deyil, həm də sosial dəyişimin göstəricisidir. Bu yüksəliş Azərbaycan cəmiyyətində qadının rolunun artdığını, onun yaradıcılıq gücünə verilən dəyərin böyüdüyünü təsdiqləyir.

Qadın rejissorlar səhnəyə yalnız tamaşa deyil, həm də öz baxışlarını, həyat fəlsəfələrini gətirirlər. Onların əsərlərində incəlik, duyğu və humanizm ön plandadır. Bu isə teatrı daha zəngin, daha çoxsəsli və daha təsirli edir.

 

Əminliklə demək olar: Azərbaycan teatrının gələcəyi qadın baxışının işığında daha da parlaq olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(03.10.2025)

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

O, 24 iyun 2019-cu ildə Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı seçildi. Elə o gündən də bütün fəaliyyətini türk dünyasının gənc ədiblərininin dostluq və qardaşlıq tellərinin yaradılmasına sərf etdi.

 

Şair, publisist İntiqam Yaşar 3 oktyabr 1990-cı ildə Gədəbəy rayonunda anadan olub. 1997–2008-ci illərdə Gədəbəy rayonu, Çobankənd kəndində orta məktəbdə, 2008–2012-ci illərdə isə Azərbaycan Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb. 2012–2013-cü illərdə həqiqi hərbi xidmətdə olub.

İntiqam Yaşar geniş yaradıcılıq arealı ilə diqqət cəlb edir. Bunu onun həm bədii əsərlərində, həm də publisistik yazılarında görmək mümkündür. O, "Ulduz", "Yazı" jurnallarında, "Ədəbiyyat", "Aydın yol", "525-ci qəzet", "Kaspi" kimi qəzetlərdə mütəmadi olaraq dərc olunur.

 Şairin 2012-ci ildə "İlk görüş" adlı ilk şeirlər kitabı nəşr olunub. 2016-cı ildə "…və susarsan", 2018-ci ildə "Evdə yoxam", 2021-ci ildə "Bütün xatirələr sənə qalacaq" (Təbriz), 2024-cü ildə "Adını çəkirəm" adlı şeir kitabları işıq üzü görüb. O, Azərbaycan Yazıçılar Birliyinin "Ən yaxşı şeir" müsabiqəsinin qalibidir. 2009-cu ildən Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, 2013-cü ildən Məclis üzvü, 2016-cı ildən Məclis Başqanı əvəzi olub. Dünya Gənc Türk Yazarlar Birliyinin icra etdiyi bir çox layihələrin rəhbəri olub.

 2018-ci ildə Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan "Səmərqənd şeir axşamları" adlı beynəlxalq tədbirdə Azərbaycanı təmsil edib, 2019-cu ildə Dünya Gənc Türk Yazarlar Birliyinin nümayəndəsi kimi Özbəkistanın "Gənc Yaradıcılar Birliyi" təşkilatı ilə birgə əməkdaşlığa dair Memorandum imzalayıb, eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. O, 2015-ci ildə Azərbaycan Prezidentinin Təqaüd Fondunun təqaüdünə layiq görülüb.

 

Şairin şeirləri yerli türkcəyə uyğunlaşdırılaraq Özbəkistanda, Türkiyədə, Qazaxıstanda nəşr olunan dərgilərdə və antologiyalarda yayımlanıb, həmçinin rus, ingilis, belarus dillərinə tərcümə edilib. 2024-cü ildə Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü seçilib.

 

Mükafatları

1. Prezident təqaüdçüsü

2. 2015-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin "Gənclər mükafatı"

3. Mədəniyyət Nazirliyinin mükafatçısı

4. 2019-cu ildə Azərbaycan Yazıçılar Birliyinin təsis etdiyi "Uğur" mükafatı

5. 2022-ci ildə Tunisdə təşkil olunan 42-ci Beynəlxalq Tozour ədəbiyyat festivalının medali

6. 2023-cü ildə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən "Molla Pənah Vaqif" medalı.

7. 2024-cü ildə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən "TÜRKSOY — 30" medalı.

8. 2024-cü ildə Özbəkistan Yazıçılar Birliyinə fəxri üzvlük.

9. 2024-cü ildə Çuvaşıstan Yazıçılar Birliyinin 100 illik yubiley medalı

10. 2025-ci ildə Türk Ədəbiyyatı Vəqfi tərəfindən Əhməd Kabaklı medalı

11. 2025-ci ildə Qırğızıstanda TÜRKSOY tərəfindən təşkil olunan Colon Momıtov adına Türk dünyası gənc şairlər festivalının diplomatı seçilib və Colon Momıtov medalı ilə təltif olunub.

 

Biz də redaksiyamız adından İntiqam Yaşarı doğum günü münasibətilə təbrik edir, ona dah auca yaradıcılıq kürsüləri arzu edirik.

 

“Ədəbiyyat və incəsənət”

(03.10.2025)

 

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edirik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

POEZİYA

 

 

NİGAR HƏSƏNZADƏ

 

 

QAYIDIŞIN MÜBARƏK...

 

Sənsiz keçən otuz il saçımızı ağartdı,

Ağır bir yükün altda qaldı kürəyimiz də. 

Gözlərimiz kor oldu göz yaşının duzundan,

Lal quşlar yuvasını qurdu ürəyimizdə. 

 

Əzablıydı dünyanı qolsuz qucaqlamaq da, 

Otuz gecə dualar elədik səs-səmirsiz.

Evindən-eşiyindən, əzizindən ayrılıb,

Böyük zəfər dalınca getdi igidlərimiz...

 

Getdi igidlərimiz – bu xalq sözünü tutdu...

Divarları, sədləri yarıb keçdilər onlar.

Otuz il yaşamışdıq sənin intizarınla,

Bir bax, sağalır indi yaralar, sıyrıntılar...

 

İndi daha gözəldi göy üzündə mələklər,

Qardaşlarım yol alıb Tanrının hüzuruna.

Bu rəşadət işığı əsrlərlə çəkilməz

Ölkəmin, şəhərimin üzərindən heç yana.

 

Köhnə yara yerləri biləklərdə sağalar. 

Dərdimiz də toxtayar, sızıldamaz canımız.

Bu qəhrəman oğullar – qəlbimizin fərəhi,

Qanımız, zəfərimiz, şöhrətimiz, şanımız.

 

Torpaq oğul qoxuyur, Vətəndə ana ətri.

Otuz ilin qürubu dönüb olub dan yeri.

Zamanın qanatdığı milli yaddaşımızdan,

Silib təmizləmişik xəyanətkar izləri. 

 

Planet əvəlkitək fırlanır bizim üçün.

Var olsun bu uşaqlar, bu atalar, analar.

Varsa xilaf çıxmayan öz andına, əhdinə, 

Demək, həqiqi insan bu dünyada hələ var.  

 

Mənim qəhrəman Şuşam, nəfəsindən öpürəm,

Otuz ilin yükündən azad olur bu kürək. 

Bu gecə nəğmə deyir qayıdışın eşqinə 

Və torpaq cavab verir: qayıdışın mübarək!

 

 

               BU DA KEÇƏR...

 

Mələklərin ölməzliyinə, 

Yelçəkənin yüngüllüyünə inanan, 

Qanadlı ayaqlarla yol gedən 

Hər kəsin barmağında

«Bu da keçər...» hikməti 

Yazılmış bir üzük.

 

«Bu da keçər...» – 

Ehtirasların və yaraların 

Üzünə çırpılan gülüşlə

Üzük dilə gəlirdi:

Şad-xürrəm yaşayaq, xoşbəxt qocalaq.

 

Yalandan gözü qorxmuş bu dünya

Ruhdan salmasın qəhrəmanları 

Və quzğunlar anlasın:

Allah qu quşlarını sevir göylərdə...

 

Sinəsində ürək gəzdirən bəndələr – 

Kinlərinin, vədlərinin girovları,

Metaforaların və üzüklərin qoruyucuları

Qəbul eləsinlər bu həqiqəti: 

Bəraət yoxdu əzablara.  

 

«Bu da keçər...» – bir müdrikin 

Bu kəlamını unutmasan əgər.

Yaşamaq əmri verib həyat insana

Zəfər soraqlı sonluğa qədər...

 

  

SAVAŞ

 

Qabarlar içində ucalar saray... 

Qurbansız qurbangah yoxdu, bilirəm...

Mən həm əvvəlimi, həm də sonumu

Güzgünün önündə durub görürəm.

 

Bilirəm, kədərsiz səadət olmur...

Neçə savabım var, neçə günahım.

Qırışlar göylərə qırçın toxuyur,

Yenilmiş şeytanım, yenən Allahım!

 

Bu döyüş hər kəsin hünəri deyil, 

Əsəbi zəiflər çəkilsin geri...

Çağıraq bu savaş meydanına biz

Çılpaq baxışları, yalın əlləri...

 

Qurbansız qurbangah yoxdu, bilirəm...

Şam yanar – istisi gedər, ayrılar.

Bilirəm, ayrı cür ola da bilməz: 

Gözümdə bir savaş ehtirası var.

 

 

 

KAŞ…

 

Qaranlıq səmada işıqlı möhür...

Yağır ulduzların yağışı göydən. 

Qaçmağa lüzum yox, qaçmağa yer yox 

Cəzadan, ədalət məhkəməsindən.

 

Yerin qabığını qoparır səma,

Sanki dərisini soyur adamın...

Qoy baxıb anlasın gözləri korlar:

Göylərin altında qonaqdı hamı...

 

Kimi yuxudadır, kimi də oyaq –

Hamısı dünyada qonaqdı, qonaq.

Və bir an gələcək, hamısı tək-tək

Gözə görünməyən divar dibində

Durub kainata dua edəcək.

 

Qaranlıq səmada işıqlı möhür...

Günaha batmayan adam var hələ? 

Lələyi iynədən, mələyi cindən

Kaş seçib-ayıra biləydik elə.

 

 

                SADƏCƏ, AXTAR…

 

Bir yabanı qızılgül verib ağırlayaram

Ayağımı tikanla dalayan insanları...

Siz ey kirə-palçığa batmayan topuqların 

Hardasa körpüləri, hardasa perronları. 

 

Ruhunuz yox əzəldən sürüdə heyvan kimi,

Aşağı əyarların yiyəsisiz, uzağı... 

Cənnət havası çalır buynuz öz günahına,

Alnınıza salamım dəyir güllə sayağı. 

 

Mən tavan, siz döşəmə – nəmişliyi sevərsiz. 

Verdiyiniz ehsanı toxunmamışam hələ.

Sizin qənimət deyil zəfərlərim, çəkilin.

Oxuyuram dostları gözündən çərşənbələr.

 

Həm özünü yaradan, həm də qayçı adam var...

Edam kötükləriylə dar ağacı yanaşı...

Adam da var, çirkabı, zir-zibili təmizlər,

Usanmadan üfürər tozu, külü, yaddaşı...

 

Hamı ciyər dolusu nəfəs alar səmayla,

Hər kəsin dərisi var – hər kəsin libası var.

Hamı gəlir dünyaya, saralıb-solub gedir,

Hamının sifətini bürüyür sızanaqlar...

 

Arabir xoş təsadüf çıxır qabağımıza 

Payız yağışılarında, qışın qarında, yazda...

Dünyaya İnsan gəlir evlərin, həyətlərin, 

Və qədimi tağların, bağların arasında.

 

Varlığı hiss olunmaz, səsi gəlməz ucadan,

Bəlkə də zəngin deyil, bəlkə də kamil deyil.

İyirmi yaşındadı, amma yox, qırxdır yaşı...

Bütün varı-dövləti özündədir elə bil.

 

Ürəyində təpər var... çəkinmədən, qorxmadan

Qucaq açar hamıya, gülümsəyər üzlərə.

Onun baxışlarında yanan şamlar neçə yol

Yandırıb kainatı, alışdırıb gözləri.

 

İnanar əlamətə, işarətə, mənaya,

Gah zarafat eləyər, gah da susar bu adam.

Dadlı şərablar içər, acı şirnilər yeyər,

Ayaqyalın dolaşar tikanlıqda qorxmadan.

 

Sübh şehini xoşlayar... bədənini, ruhunu

Gərər böyük həvəslə bu dəli küləklərə.

Ürəklə salam verər özgələrə, yadlara,

Sevdiyi adamlara sehirli üzük verər...

 

Həm özünü yaradan, həm də qayçı adamlar... 

Dərisi var hər kəsin – hər kəsin libası var.

Amma bir insan da var bir ömür dəyərində –

Hardasa, yanındadı… sadəcə, axtar, axtar...

 

 

 Rus dilindən tərcümə: Salam Sarvanındır

 

“Ədəbiyyat və incəsənət”

(03.10.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.