ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

 

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Çox sevindirici haldır ki, bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.

Beləliklə, hər gün Kamal Abdulladan bir neçə qranula:

 

1.

Gerçəklikdə əvvəl cisim, sonra ruh olur. Mifdə isə əvvəl ruhu, sonra bu ruhun cismini görə bilirik.

 

2.

“Başçı - Kahin - Müəllim - Müəllif” xəttində Başçı fiziki üstünlüyü olan mağaradaşdırsa, Kahin mənəvi üstünlüyü olan mağaradaşdır. Daha sonra kahinlər qrupunun içindən Müəllim və Müəllif seçilib ayrılır.

3.

O uca dağların başı qarla örtülü idi. Dədə Qorquddan başqa heç kimin ağlına gəlmədi ki, desin: “Yapa-yapa qarlar yağsa, yaza qalmaz.”

Mif yaradıcılığı dövrü ilə mif təsviri dövrünü bir-birindən ayırmağa məcburuq. Birinci halda insan mifin içində yaşayır, ikinci halda isə insan mif barədə əvvəlcə eşidir, sonra eşitdiyini yenidən yaradır

 

4.

“Göydən yağış, qar yağır,

Cavabsız suallar yağır.

Cavabsız suallar ağır

- illah məhşər ayağında.”

 

5.

“Kitabi-Dədə Qorqud” dastanında hər şeydən əvvəl “söz” və “Sözü” bir-birindən fərqləndirmək lazımdır.

 

6.

İngilis kralı Şirürəkli Riçard xaç yürüşündən geri qayıdarkən alman torpaqlarında əsir düşür və qalaların birində gizli olaraq saxlanır. Onu anasının axtarışa göndərdiyi çaparlar qala qarşısında nəğmə oxuyaraq tapırlar. Riçard onların səsinə səs verir. Eyni situasiya Beyrəklə bağlı baş verir. Beyrəyin də gizli əsirlik yerini atasının göndərdiyi bəzirganlar saz çalıb oxuyaraq tapırlar. Beyrək də onların səsinə səs verir.

 

“Ədəbiyyat və incəsənət”

(06.10.2025)

 

 

İndira Şəmsivari,

Sizi sevən və Sizə hər zaman hörmətlə yanaşan şagirdiniz, Dövlət Qulluğunun Dövlət Müşaviri, Prezident təltifçisi

 

Var olun, vüqarlı insan! Müəllim, böyük hərflə yazılan əsl Ata, Dost və qürurlu Kişi! Var olun ki, gələcək nəsillərə örnək göstərməyə layiq bir dəyərlimizsiz!

 

Əvəz müəllim, heç vaxt unutmuram… Tahir müəllimin yubileyinizdə sizin şeirlərinizi əzbər söyləməsi, sizin də bizə o şeirləri əzbərlətməyiniz hələ də yaddaşımdadır. Və bilməyənlərə dediyiniz o söz: “Ağıllı insan çox dillər bilməlidir”, qulaqlarımdan getmir.

Siz, canım Əvəz müəllim, atamın çox qısa zaman dostluq etdiyi, boyu, duruşu, xarakteri atama bənzəyən bir insan kimi mənim üçün çox qiymətlisiniz. Özümü çox xoşbəxt sayıram ki, sizin yetirməniz olmuşam, dağ vüqarlı müəllimim!

Sumqayıtın rəhbəri, hörmətli Zakir müəllimin də dediyi kimi, rəqsi belə özü kimi vüqarlı olan Əvəz müəllim, yaşayın, yaradın! Çünki siz yaşadıqca, Azərbaycan dilində artıq unudulmaqda olan, amma sizinlə yenidən anlam qazanan “Əsl kişi” ifadəsi də yaşayır.

Biz gözümüzü açanda atalarımızı sizin kimi vüqarlı görmüşük. Bir baxışları yetərdi bizə. Ona görə də biz cinayətkar böyümədik. Biz bu sözlərlə böyüdük: “Əldən tutmaq əldən qalıb”, “Kişinin qapısını kişi döyər”, “Əmanətə xəyanət olmaz”.

O illərə, o atalara və o dəyərlərə bu gün cəmiyyətin böyük ehtiyacı var. Və Əvəz müəllim, bizlərin də  əziz Ata, Müəllim, Dost olaraq Sizə çox ehtiyacımız var.

Yubileyiniz mübarək olsun! Allah sizi bədnəzərdən qorusun!

 

“Ədəbiyyat və incəsənət”

(06.10.2025)

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Ədəbiyyatı Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Yalçın Türkaydır.

Şeirlərin orfoqrafiyasına toxunulmayıbdır.

 

 

Yalçın Türkay

Təbriz

 

  

ANATOMİK DÜNYAGÖRÜŞÜ

 

Biraz göylərdən danış!

Biraz da,

Məhəbbətin muzikal dünyasından!

Başqa şeydən danışma -

Qulağının içində yeriyirik göylərin...

 

Azacıq göy üzündə

               Uçan quşları düşün...

Bir də ki, ağacların fəlsəfi düşünməsin!

Ayaqların üstündə gəzən adamlara bax!

Nifrətdən –

Dərddən iraq,

Gözlərinin içində yeriyirik göylərin...

 

 

“Ədəbiyyat  və incəsənət”

(06.10.2025)

 

Bazar ertəsi, 06 Oktyabr 2025 15:34

ANAR, “Ürək qatarı”

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

ANAR, ŞEİRLƏR

 

ÜRƏK QATARI

Atamın yaşını ötəndə onun “Yol. Qatar” şeirini ayrı gözlə oxudum

 

O gün exoqrammada

Dinlədim ürəyimi.

Eynən qatar səsiydi

Relslər üstə

çık-çırık… çık…çırık…çık…çırık…

harasa tələsirdi.

Duraqlarda durmadan

Hey irəli, irəli

qatar gedirdi hara?

Haçan çatacaq ora?

Hələ ana bətnində

Yollara çıxır “qatar”,

Sonra dünyaya gəlir,

Davam edir bu səfər

Hər axşam, gecə, səhər.

Keçib gedir, ötüşür,

dəyişir pəncərələr

Həftələr, aylar, illər…

Keçir gənclik, qocalıq,

Sona az qalır artıq.

Pillələri qalxanda qatar bir az töyşüyür,

Bir az yeyin döyünür.

Bədxahlığı görəndə istidə də üşüyür.

Sonuncu duraq – sükut

Gəlib ora çatanda

bir anda

çık-çırık dayananda

Susacaqdır qatarın

relslərdə döyüntüsü

Başlanacaq əbədi

səssizlik-səmirsizlik.

Bu yolun gerisi yox,

Amma hələ ki, gedir,

hələ yoldadır qatar,

Şükür,

dayanmır qatar.

Son durağa bir az var…

Darıxmayın,

bir az var

Saniyələr, saatlar,

Yenə tələsir, qaçır

Yenə də axşam düşür,

yenə də şər qarışır.

Külək səndən söz açır,

Yağış səndən danışır.

 

Zamanın təkərini

necə geri döndərim?

Yadımda qalanları

sənə necə göndərim?

 

Sənsiz kimdi, əzizim

Məni tanıyan, sayan,

Söhbətimi, sözümü

Bütün aləmə yayan?

 

Ay batanda ağlayıb,

Gün çıxanda gülürsən.

Dünyanı gah bağlayıb,

Gah açmağı bilirsən.

 

Dənizləri örtəndə

buludların kölgəsi

Ayla başlayacaqdır

dənizin qabarması,

dənizin çəkilməsi.

Ayla, günlə nə işim,

tək səninlə bağlıdır

könlümün hər kəlməsi.

                            25 yanvar 2015

 

“Ədəbiyyat və incəsənət”

(06.10.2025)

 

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Yaponiyaya səfəri çərçivəsində Yamato Universitetinin rektoru və tələbə-müəllim heyəti ilə görüşüb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Komitədən məlumat verilib.

 

Universitetin rektoru Şinji Matsumoto ilə görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin yaranma tarixi, fəaliyyət istiqamətləri və həyata keçirdiyi genişmiqyaslı layihələr barədə ətraflı məlumat verilib. Eyni zamanda universitetlə əməkdaşlıq imkanları müzakirə olunub və azərbaycanlı gənclərin Yaponiyada təhsilə böyük maraq göstərdikləri diqqətə çatdırılıb. 

Yamato Universitetinin rektoru Şinji Matsumoto qonaqları səmimi salamlayaraq, rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tarixi, fəaliyyəti və tədris prosesi barədə danışıb. O, azərbaycanlı tələbələrin rəhbərlik etdiyi universitetdə təhsil almağa artan marağını müsbət qiymətləndirib.

Daha sonra universitetin tələbələrinə ölkəmizin müstəqillik tarixi, regiondakı mövqeyi və dövlətimizin müasir inkişaf mərhələləri ilə bağlı ətraflı məlumat verilib. Komitə sədri tələbələr qarşısında Azərbaycanın müstəqillik tarixi, qabaqcıl ictimai-siyasi dəyərlərə sadiqliyi, demokratiya və zəngin multikultural ənənələrə malik olması barədə dolğun faktlar əsasında məruzə ilə çıxış edib.

Yapon tələbələr uzun illər işğal altında olan torpaqlarımızda suverenliyimizin bərpa olunması, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında sülh sazişinə yönələn görüşün təşkili və digər mühüm tarixi-siyasi hadisələrlə bağlı təqdimatı maraqla izləyiblər.

Daha sonra azad Şuşada səsləndirilən və Xalq artist, maestro Yalçın Adıgözəlovun dirijorluq etdiyi konsertdə ifa olunan “Qarabağ şikəstəsi” nümayiş olunub. Tələbələr “Qarabağ şikəstəsi”ni və onlarla görüşdə iştirak edən maestronu alqışlarla qarşılayıblar.

Universitetdə görüş fikir mübadiləsinin aparılması və tələbələrin suallarının cavablandırılması ilə davam edib.

Sonda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə nəşr edilən bir sıra kitablar Yamato Universitetinin kitabxanasına hədiyyə olunub.

 

“Ədəbiyyat və incəsənət”

(06.10.2025)

 

 

“Ədəbiyyat və incəsənət” Yunus Oğuzun felyrtonunu təqdim edir

 

Şəhər telefonuna zəng gəldi. Dinşünas, teoloq-alim dostumun səsini xəttin o biri başından eşitdim. "Bəli" deməyimlə dostum danışmağa imkan vermədi.

-Neyləyirsən, Mirzə? - deyə soruşdu.

-Heç, - dini söhbətlərdən qaçmaq üçün candərdi dilləndim, - yazı-pozu ilə məşğulam.

Ancaq hiss etdim ki, qanı qaradır.

-Mirzə, gəl çay içək. Bu dəfə ağ gilas mürəbbəsi ilə çayın yeddi manat pulunu mən verəcəm.

(Bu parklarda çay satanlar lap ağ ediblər e..! Çay 7 manat. Hələ bu ən aşağısıdır. Parka gələnlər termosda özlərilə çay götürürlər ki, mağazada satılan bir qucaq quru çaya burada bir çaynikin pulunu verməsinlər. O da əgər varsa)

Hiss etdim ki, dilxordur. Çar-naçar razılaşdım.

Həmişəkindən fərqli olaraq çayxanaya məndən tez gəlmişdi. Çay və mürəbbə də masanın üstündə bizi gözləyirdi.

Xoş-beşdən sonra soruşdum ki, imam əfəndi (otuz ildi onu belə adlandırıram), nə məsələdir? Qanın niyə qaradır?

Dostum elə bu suala bəndimiş. Ürəyi açıldı:

-Mirzə, təsəvvür edirsən, bu gün çadır yasına getmişdim. İçəri girən kimi məni yuxarı başda, molladan bir az kənarda əyləşdirdilər. Vəzifəli bir adamın qohumunun yası olduğundan çadır adamla dolu idi. Tanıyan da, tanımayan da, acıyan da, acımayan da yasda idi. Molla da "savadlı" adama oxşayırdı. Yas əhlinin başını qarışdırmaq üçün əleyhissalam İdrislə Cəbrayılın hekayətini danışırdı. Söhbətin o yerinə çatdım ki, İdris peyğəmbər Cəbrayıla yalvarır ki, bəs mənə cənnəti göstər. Cəbrayıl əleyhissalam da dirənib ki, yox, olmaz, bəs ora girən çıxmaq istəməyəcək. Peyğəmbər deyir ki, yox söz verirəm çıxacam cənnətdən.

 "İmam əfəndi" soyuq çayından bir qurtum içib söhbətinə davam etdi. (Deyəsən ağ gilas mürəbbəsini yemək yadından çıxmışdı.)

 - Nə isə... Allah Təalanın izni ilə Cəbrayıl (ə) İdrisə (ə) cənnəti göstərir. Peyğəmbər cənnətə necə hayıl-mayıl olursa burada qalmaq istəyir, ancaq Cəbrayıla (ə) söz verib axı cənnətdən çıxmaq barədə. Düşünüb-daşınır, cənnətin səkkiz qapısının birindən çıxmaq istəyəndə ayaqqabısını soyunub cənnətdə saxlayır ki, qayıdıb götürəndə bir də oradan çıxmasın...

Ağ gilasdan ləzzətlə yeyib, üstündən bir qurtum soyuq çay da içdim. Çayçıya əlimlə işarə etdim ki, çayı təzələsin, amma o danışdıqca üzümdən təbəssüm çəkilmirdi.

-Sonra nə oldu?

-Nə olacaq, Mirzə? Elə bil məni cin atına mindirdilər. Bu camaat da başını aşağı salıb mollaya elə diqqət və maraqla qulaq asırdı ki, elə bil Qurandan "İxlas" surəsini dinləyir. Bəziləri, arada başlarını yelləyib razılıqlarını bildirdikcə, molla da qızışıb söhbətinə davam edirdi. Indi bildim ki, cəhalət, xurafat hardan gəlir...

-Hardan?

-Qanmazlığımızdan Mirzə, qanmazlığımızdan, oxumamaqdan, düşünməməkdən. Yas yerində molla elə bilir k, çadırın yiyəsi odur: istədiyini danışa bilər, ancaq mən onun sözünü kəsdim. Özümün axmaq yerinə qoyulmasını istəmədim. "Molla! - dedim, - İki məsələdə böyük qələt elədin. - Hamı bizə maraqla baxdı. Mollasa belə şey gözləmədiyindən bərəlmiş və donuxmuş gözlərini mənə zillədi. - Cənnət sənin qonşunun qapısı deyil ki, kandarında ayaqqabını çıxarıb evə girəsən. Cənnət mal, mülk aləmi deyil, ora ilahi aləmdir, ora saf, təmiz, əməli saleh olan insanların, ruhların aləmidir. Bu sənin birinci qələtin. İkinci qələtinsə odur ki, İdris peyğəmbəri yalançı etdin. Elə bil qonşudan toya getməyə borc çəkmə alıb, indi qaytarmaq istəmir. Cəbrayıl (ə) da uşaq-muşaqdır, elə bil Allahın qüdrətli mələklərindən, batin elmindən xəbər verən deyil. Molla vəziyyətdən çıxmaq üçün dedi ki, bəs mən neyləyim? Hədisləri mənə belə yazıb veriblər. Amma, harda yazıb veriblər demədi. Onsuz da bilirəm".

Bu ara məni gülmək tutdu. Gülüşümün səbəbini soruşdu.

-Heç- dedim, - Molla Nəsrəddinin ayaqqabı əhvalatı yadıma düşdü. -Danışmaq növbəsi məndə idi. - Molla bir yasa gedir. Ayaqqabısını kandarda çıxarıb içəri girir. Çölə çıxanda görür ki, ayaqqabısını oğurlayıblar. Bu bir neçə dəfə təkrar olunur. Molla Nəsrəddin ayaqqabı almaqdan bezir. Növbəti yasa gedəndə ayaqqabısını çıxarıb qoltuğuna vurur. İçəridə hamı ondan soruşur ki, Molla, nə məsələdir, ayaqqabını qoltuğuna niyə vurmusan? Molla da cavab verir ki, bilmək olmaz, bəlkə yolum burdan o yana düşdü.

Əlavə etdim: - Sən ayaqqabının kəramətinə bax e...e... onun hesabına cənnətdə qalmaq olurmuş. Ona görə də Molla Nəsrəddin ayaqqabısını özü ilə götürübmüş.

Bu dəfə dostum qəhqəhə çəkib güldü... Dostumdan ayrılandan sonra barmağımı dişləyib düşündüm. Elə bil nəyisə kəşf etmişdim: "Ay xətakar, xristianlar, Cənnətə düşməkçün kostyumda, ayaqqabıda dəfn olunurlar. Ona görə bizdən qabaqdadılar. Yəqin sayları orada müsəlmanların sayından da çoxdur. Biz ayaqqabı axtarana qədər, onlar cənnətdəkilərə kəf gəlirlər. Ay, xətakarlar!"

 

“Ədəbiyyat və incəsənət”

(06.10.2025)

 

 

İlqar İsmayılzadə,

fəlsəfə üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi

 

Ötən günlərdə Əməkdar artist Cabir İmanovun 49 yaşında Bakıdakı idman zallarından birində infarkt keçirərək dünyasını dəyişməsi hadisəsinin video görüntülərinin media və sosial şəbəkələrdə yayılmasının şahidi olduq.

 

Tanınmış jurnalist və blogger Azər Qərib bu məsələyə fərqli yanaşaraq olaya sərt reaksiya verdi: "Bu gün Cabir İmanovla vida mərasimi oldu, amma mən başqa məsələni vurğulamaq istərdim. Əgər mənim hüquq-mühafizə orqanlarına göstəriş vermək səlahiyyətim olsaydı, tapşırardım ki, idman zalından rəhmətliyin son kadrlarını mediaya ötürənləri müəyyən edib, ciddi cəzalandırsınlar.Həm qanuna zidd oldu bu çirkin əməl, həm mənəviyyata. Amma mənəviyatdan uzaq olanlar bunu çətin anlayarlar...”

Bunun ardınca media orqanlarından birində onun yanaşmasının tənqidi ilə üzləşdim. Orada jurnalist Azər Qəribin yazıdığı cümlələrdə 2-3 texniki hərf səhvləri qabardılmış, ardınca qardaş Türkiyə və digər ölkədən nümunələr göstərərək canlı yayımda dünyasını dəyişmiş insanların video görüntülərinin yayımlanmasının adi və sadə bir iş olduğuna təkid edilir. Məsələnin daha qəribə yeri isə ondadır ki, yazı müəllifi "Zəruri qeyd" adı altında Azər Qəribin həyat bioqrafiyasını təqdim edərək sonda onun ayrı-ayrı sahələrdə çalşdığı və 42 yaşından etibarən blogger və həvəskar “jurnalistika ilə məşğul olan" bir şəxs kimi təqdim edir... Beləcə mərhum Cabir İmanovun vəfat etdiyi anın video görüntüsünün yayılmasının adi və qəbahətsiz bir əməl olduğu fikirini dəstəkləyir...

Bununla bağlı bir neçə mülahizəni qeyd etmək olar:

1. Əvvəla, uyğun mövzuda istər qardaş Türkiyə, istərsə də dünya mediasından nümunə gətirməyə lüzum yoxdur. Çünki demək olar ki, hər yerdə baxıcı və tamaşaçı sayı toplamaq hədəfi ilə bir çox hallarda etik qayda-qanunlar tapdalanır. Hansısa futbolçunun futbol meydançasında, hansısa sürücünün sükan arxasında və ya hansısa millət vəkilinin tribunada yıxılıb vəfat etməsini bir çox media qurumları uff demədən tirajlaya bilərlər. Lakin unudulan bir məsələ var: o da jurnalistika etikasından ibarətdir. Axı vəfat edənin ailə üzvləri, övladları, bacı-qardaşları və sevənləri var. Onların belə kadrları müşahidə etməsi sayğı, hörmət və ləyaqəti alçaltmırmı? Xüsusilə də, anidən yıxılaraq vəfat edən şəxs həmin zaman xoşagəlməz formada yerə yıxıla və qeyri-adi hala düşə bilər. Görən, bu hərəkət hansısa şəxsin şərəf və hörmətinin zədələnməsinə yol açmırmı? Qanunvericilikdə şərəf və ləyaqətin müdafiəsi hüququna dair maddələr mövcud olsa da hər halda bu barədə dərindən düşnməyə və nəticə çıxarmağa dəyər.

2. Əslində belə kadrlar yalnız araşdırma üçün hüquq-mühafizə orqanları üçün açıq olmalıdır. Belə kadrların müxtəlif media orqanları və sosial şəbəkələr üzərindən yayımlanması isə məqbul sayılmır. Buna əsas olan isə etika və mədəniyyət məsələsidir. Əgər qanunvericilikdə bununla bağlı hər hansı bir boşluq varsa, həmin boşluğu yanlış hərəkətlərimizlə doldurmaq həqiqətən də jurnalistika adına ləkədir.

3. Jurnalist və blogger Azər Qəribin təqdim etdiyi tutarlı və əsaslı yanaşmanı tənqid etmək üçün onun həyat bioqrafiyasını araşdırmaq və sonra onu jurnalistika ilə "həvəskarcasına məşğul olan" bir şəxs kimi qələmə vermək yaxşı hərəkət deyil. Çünki bizim borcumuz yanlış bir işə bəraət qazandırmaq üçün hər yola əl atmaq deyil, deyilən məntiqli fikirdən ibrət almaq və nəticə çıxarmaqdır. O, jurnalistika sahəsində peşəkar və ya həvəskar olsa da hər halda uyğun mövzuda söylədiyi söz və təqdim etdiyi mövqe tam məntiqlidir.

İndi isə müxtəlif media orqanları, eləcə də peşəkar və həvəskar jurnalistlərin bu fikirdən nəticə çıxarmaq zamanıdır. Məncə, bu barədə əldə ediləcək əsas nəticə jurnalistika sahəsində çox hallarda etikanın hakim olmamasından ibarətdir. Halbuki hər bir sahədə olduğu kimi jurnalistika sahəsinin də öz etik qaydaları və mədəniyyəti olmalıdır. Lakin təəssüf ki, bir çoxları belə bir zəruri mövzuya biganəliklə yanaşırlar. Ümumiyyətlə, jurnalistika etikası və mədəniyyəti hər şeydən öncə ixtisası və pesəkarlığından asılı olmayaraq bu sahədə çalışanların özündə formalaşmalı və bunun üçün hansısa qanuna düzəliş və ya əlavə edilməsinin intizarı çəkilməməlidir.

 

“Ədəbiyyat və incəsənət”

(06.10.2025)

Bazar ertəsi, 06 Oktyabr 2025 14:04

Sən demə, təzədən sevmək olarmış

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Musiqimizdə Almaz Ələsgərova adı xeyli populyardır, amma onu həm də maqazin proqramlarından qayğıkeş ana obrazında görmüşük. Bugünsə müğənninin ad günüdür.

 

Azərbaycan Respublikasının əməkdar artisti Almaz Ələsgərova 1985–1990-cı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Musiqili komediya aktyoru" fakültəsində təhsil alıb. Sonralar o, R.Behbudov adına Mahnı Teatrında və Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb və 2016-cı ildə yenidən Azərbaycan Dövlət Musiqili Teatra qayıdıb. Karyerası boyunca oxuduğu populyar mahnılar arasında Alim Qasımov ilə duet "Səni axtara-axtara", "Qadasın alım", "Uçan quş", "Necə unudum səni", "Gözəlim", "İlk məhəbbətim", "Bu sevgi" (İlqar Muradov ilə duet), "Sevgilim" (Heydər Anatollu ilə duet), "Novruzum", "Yazığım gəlir sənə" və başqaları.

 Hal-hazırda müğənnilik fəaliyyəti ilə yanaşı aktyorluq ilə də məşğuldur. 2016-cı ildən Azərbaycan Dövlət Musiqili Teatrında çalışır.

 

Teatr səhnəsində ifa etdiyi rollar:

1. Şəfiqə-"Baladadaşın toy hamamı"(Elçin)

2. Tünzalə-"Amerikalı kürəkən" (Ramiz Mirişli,Marat Haqverdiyev)

3. Cahan xala- "Arşın Mal Alan" (Üzeyir Hacıbəyov)

 

Albomları

- İlk Məhəbbət

- Taleyin Qisməti

 

Klipləri

1. Səni Axtara-Axtara ft. Alim Qasımov

2. Sən Demə, Təzədən Sevmək Olarmış

3. УнесенныеВетром

4. Sənsiz Də Xoşbəxtəm

5. Məleykə Salam feat. Anar Nağılbaz

6. Gecikmiş Məhəbbət

7. Bulud Yağmura Aşiq

 

Fəxri adları, mükafatlar, nailiyyətlər

- 1985-ci ildə A.Ələsgərova "Bakı payızı-85" estrada artistləri müsabiqəsinin diplomantı adına layiq görülüb

- 1988-ci ildə "Bakı payızı-88" estrada artistləri müsabiqəsinin laureatı olub.

- 1999-cu ildə o, Qırğızıstanın Oş şəhərində keçirilən "Oştun azem tündörü" festivalının qalibi olub.

- 2000-ci ildə Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Yaxşıların yaxşısı-2000" müstəqil musiqi mükafatı olan "İlin ən yaxşı qadın müğənnisi" adına layiq görülüb.

-  2007-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti adını alıb.

 

“Ədəbiyyat və incəsənət”

(06.10.2025)


 

Könül, “Ədəbiyyat və incəsənət”

 

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

POEZİYA

 

 

XƏYAL RZA

 

YOSUNLAR

 

Məndən bir şey qalmaz

Bu yer üzündə

Bir qara qəpik

Bir qara daş da

İndi hər nə varsa

Göy üzündədi

Qanadlı balıq da

Qanadsız quş da

 

Məndən bir şey qalmaz

Bu yer üzündə

Nə şeir, nə yazı, nə söz, nə söhbət

Bütün yetimlərə mərhaba...

Bir də...

Məhəbbət, məhəbbət, yenə məhəbbət!

 

Məndən bir şey qalmaz

Bu yer üzündə

Mənim nəyim var ki,

Mənim kimim var?!

Yeyib-bitiriblər bütün dünyanı

Bircə mən qalmışam...

Və... Qarışqalar

 

Məndən bir şey qalmaz

Bu yer üzündə

Yosunlar ehsandı ayaq izimdə

Məndən heç nə qalmaz

Bu yer üzündə

Nə Allah özündə, nə göy özündə

Məndən heç nə qalmaz

Bu yer üzündə...

Yosunlar, yosunlar, yazıq yosunlar

Hər şey mənimlədir, Yerdən Göyədək

Bütün başlanğıclar və bütün sonlar

 

 

ZƏHRAM

 

Üzündə qan ləkəsi – Zəhra...

Dərdlərin ən yekəsi  - Zəhra...

Körpələr mələkdilər, Zəhra...

Sənə silah çəkdilər, Zəhra...

Mələyə qıyılarmı, Zəhra...

Göz yaşım quruyarmı, Zəhra...

Qanadların gözəldir, Zəhra...

Onlar sənə özəldir, Zəhra...

Uçub getdin göylərə, Zəhra...

Yerim fəryad eyləyər, Zəhra...

Bəndə Tanrı quludur, Zəhra...

Qulun haqqı uludur, Zəhra...

Dünya göz yaşı boyda, Zəhra...

Ömür başdaşın boyda, Zəhra...

Ürək boyda kəfəni – Zəhra...

İki yaşlı VƏTƏNİM – ZƏHRAM!

 

 

EVSİZ QAPI

 

Salam, yaşıl qapı

Salam, ağ qapı

Köhnə dəmirlərdən

Cağbacağ qapı

Hələ qırmızısı

Sarısı da var

Yarını gözləyən, yarısı da var

Sökülmüş, uçulmuş, köhnə evlərdə

Xəstə, əldən düşmüş qarısı da var...

Salam, evli qapı

Salam, dul qapı

Salam, ağa qapı

Salam, qul qapı

Atılsan kimsənin vecinə olmaz..

Satılsan, yox yerdən dolar pulqabı

Salam, həyət qapı

Salam, yol qapı

Salam, qabaq qapı

Salam, dal qapı

Nəzərdən, fitnədən

Uzaq ol deyə

Boynundan sallanan

Qara nal qapı

Salam, otuz doqquz

Salam, qırx qapı

Salam, söyülməkdən

Üzü tökülmüş

Hər gün min təpiyə

Qonaq edilən

Səbirli, təmkinli,

Ay qırıq qapı

Salam, yaxşı qapı

Salam, pis qapı

Salam, paslı qapı

Salam, his qapı

Salam, qızıl qapı,

Salam, mis qapı

Salam, qara qapı

Avara qapı

Salam, köçkün qapı...

Tər-təmiz qapı.

Salam, evsiz qapı

Ən əziz qapı!

 

 

QARA GÖZƏLƏ ELEGİYA

 

Keçər bu körfəzdən yekə bir gəmi

Gəmidə beş gəmi yazıq adamlar

Bir qara gözəlin mavi göz yaşı

Şopenin ritmiylə dənizə damlar

 

Görüşüb, öpüşüb, qucaqlaşarlar

Dəniz damlaları özündən bilər

Bu qızın bu yaşda yaşadıqları

Gəlməzmi dünyanın gözündən, gələr

 

Gah günəş yandırar ümidlərini

Gah sazaq dondurar arzularını

Gözünü yumanda ölmüş körpələr

Gözünü açanda can verən qarı

 

Neçənci gündüzdür, neçənci gecə?..

Günlərin sayını salıb, itirər...

Qəribə bir dildə nəsə pıçıldar

Bir-bir barmağını sayıb, bitirər

 

Külək zəhrimar da başlayar yenə

Görünməz dünyanın azad ölkəsi

“Bəlkə aldadıblar, sağ qalan yoxdu”,

Boğular içində yetim həvəsi.

 

Keçər bu körfəzdən yekə bir gəmi

Gəmidə beş gəmi yazıq adamlar

Bir qara gözəlin... Körpə bədəni...

Bir də ki... buz kimi soyuq dalğalar...

 

 

MƏNİM DƏRDİM TƏKCƏ SƏNSƏN?

 

Sənin çəkdiyin dərd mənəm,

Çək sürü, başına dönüm.

Nə çəkim var, çətin gələm,

Tək sürü, başına dönüm!

 

Evin yolun itirmişəm,

Yolum haradı bimirəm...

Sağımda itlər ulaşır,

Solum haradı, bilmirəm.

 

Ürəyimdə "at yarışı",

Yuxum üzümə dirənib.

Varım yoxa çıxıb, vallah,

Yoxum üzümə dirənib.

 

Sınıq-sökük xatirələr,

İnan, ağladıb anamı.

Ana, sənə qurban olum,

Niyə doğdun bu adamı?!

 

Mənim dərdim təkcə sənsən?

Çəkərəm, başına dönüm!

İşimin adı nədi ki...

Bekaram, başına dönüm!

 

 

“Ədəbiyyat və incəsənət”

(06.10.2024)

 

Bazar ertəsi, 06 Oktyabr 2025 12:34

Azərbaycana böyük sevgisi olan norveçli

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bu günə doğum günü təsadüg edən tanınmış norveçli səyyah Tur Xeyerdalın adı çoxumuza bəllidir, çünki bu şəxs azərbaycanımıza qarşı əsl sevgi nümayiş etdiribdir hər zaman. Bu gün onun doğum günüdür.

 

 Xeyerdal Norveçin cənubunda, kiçik Larvik şəhərciyində anadan olub. İlk ekspedisiyası 1937-1938-ci illərdə Polineziyaya, Fatu-Hiva adasına olub. 1947-ci ildə isə Sakit okeanı "Kon-Tiki" adlı salda keçib. Məhz bu səyahət ona sonralar dünya şöhrəti gətirir. 1950-ci illərdə çoxlarının unutmuş olduğu Pasxa adalarını yenidən kəşf edir, 1953-cü ildə isə Qalapaqos adalarına baş çəkir.

O, həmin dövrdə çoxlarının əsassız yerə inandırıcı görmədiyi adanın inklər tərəfindən kəşfi ve məskunlaşması ideyasını irəli sürür. 1969-1970-ci illərdə qədim misirlilərin Cənubi Amerikaya üzməsi nəzəriyyəsini sübut etmək üçün "Ra" və "Ra 2" sallarında Atlantik okeanı üzüb keçir. Tur Heyerdal həm də Pasxa, Qalapaqos və Kanar adalarında apardığı arxeoloji qazıntıları ilə də məşhurdur.

Məşhur səyyahın həyat və fəaliyyətinin bir qismi də Azərbaycanla bağlıdır. 1981-ci ilin avqustunda Tur Heyerdal ilk dəfə Bakıya gəlib. Qobustan arxeoloji ekspedisiyasının rəisi, arxeoloq, alim Cəfərqulu Rüstəmovun xatirələrindən: "Ayın 28-də o, Bakıya və 29-da Qobustana gəldi. O, əslində Azərbaycana Qobustandakı qayıq təsvirlərinə baxmağa gəlib. Özü də buraya gələnə kimi onun Qobustan qayıqları, onların dövrü haqda məlumatı olub

 Gəlməsində məqsəd isə Qobustan "Tiqris"lərinin qamışdan hazırlandıqlarını və onların dövrü haqdakı məlumatları yoxlamaq olub. Onun arzusu ilə gəzib baxa biləcəyimiz sahələrdəki qayıq təsvirlərini ona göstərdim və biz bu təsvirlər ilə əlaqədar fikir mübadiləsi etdik. Söhbətimiz çox coşğun keçirdi. Tərcüməçi — Heyerdalın kitablarını rus dilinə tərcümə etmiş, həm də onun dostu, Oslo Universitetində təhsil almış Lev Jdanov dediklərimizi elə tərcümə edirdi ki, elə bil tərcüməsiz danışırdıq.

T. Heyerdal qayıq təsvirlərinə baxdıqca I tip qayıqların ağacdan, ikincilərin qamışdan və qarğıdan düzəldildiyinə etiraz etmədiyini bildirdi. Bir də onu ən çox maraqlandıran günəşin qayığın burun hissəsində verilməsi oldu. Axı o, qədim Misir qayıqlarında günəş təsvirinin qayığın burnunda yox, ortasında — dor ağacında təsvir olunduğunu görüb. Özü də etiraf etdi, günəşin bu cür təsvirini birinci dəfədir, özü də Qobustanda görür. O, günəş təsvirinin günəşə sitayişlə əlaqədar olması fikri ilə razılaşdı.

Qonaqla əsas mübahisə Qobustan qayalarındakı qayıq təsvirlərinin tarixi barədə oldu. O, hələ Azərbaycana gələnə qədər Qobustan gəmilərinin e.ə. VII–VI minilliklərə aid edilməsini bilirdi və buna şübhə ilə yanaşırdı. Odur ki, o bildirdi ki, Şərq ölkələrində gəmi təsvirləri xeyli gec dövrlərə, cəmi 3500 il bundan əvvələ aid edilir. Bu, bizdən Qobustandakı gəmi təsvirlərinin qədimliyini əsaslandırmağı tələb etmək idi. Çünki o, Qobustanda qayıq təsvirlərinin tarixinin göstərdiyimiz qədər qədim olması ilə heç cür razılaşmaq istəmirdi.

Mən onunla bir saata qədər mübahisə etməli oldum. Ən əvvəl qonağa qədim qayaüstü təsvirlər, o cümlədən, qayıq təsvirlərinin yarandığı dövrdə Qobustanda olmuş əlverişli təbii-coğrafi şəraitdən söhbət açdım. Sonra qonağa Qobustanda aparılan arxeoloji qazıntılar nəticəsində əldə edilən materiallar, onların saxlanmış olduğu mədəni təbəqələr, buradan tapılan, üzərində gəmi şəkli çəkilən daşları göstərdim və lazımi məlumatları verdim.

Bundan sonra o bildirdi ki, Qobustanda aparılan yüksəksəviyyəli arxeoloji qazıntı və tədqiqat işlərinin nəticələri Qobustan qayıqlarının qədimliyinə onda şübhə qoymur. Sonra etiraf etdi ki, Qobustanda qədim mədəniyyət və ibtidai incəsənət abidələrinin bu qədər zəngin, onun köklərinin, xüsusilə, qayıq təsvirlərinin bu qədər qədim olmasını gözləmirmiş.

1 mart - 31 may 2012-ci il tarixlərində Milli Azərbaycan Tarixi Muzeyində dünya şöhrətli Norveç alimi, səyyahı Tur Heyerdala həsr olunan "Tur Heyerdal — Kon-Tiki adamı" ("Thor Heyerdahl – The Kon-Tiki Man") sərgisi fəaliyyət göstərib. Tədbirin təşkilatçıları Norveç Krallığının paytaxtı Oslo şəhərində yerləşən Kon-Tiki Muzeyi, Norveç Krallığının Azərbaycan Respublikasındakı Səfırliyi və Milli Azərbaycan Tarixi Muzeyi idi. Sərginin sponsoru Norveçin "Statoil" şirkəti idi. Sərgidə Tur Heyerdalın həyat və fəaliyyətini əks etdirən posterlərin, ekspedisiyalar zamanı istifadə olunan avadanlıq və qısametrajlı film nümayiş olunub.

 Bundan əlavə, Norveç-Azərbaycan mədəni əlaqələrinin inkişafında mühüm rol oynayan, 2006-cı ildə Norveçin Stavanger şəhərində keçirilən "Karvansara — Azərbaycan dünən və bu gün" sərgisinin foto və video görüntülərindən ibarət təqdimat nümayiş etdirilib. Sərgidə görkəmli alimin oğlu, İdarə Heyətinin sədri, kiçik Tur Heyerdal, Kon-Tiki Muzeyinin direktoru xanım Maja Bauge, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələri, ölkənin elmi ictimaiyyəti iştirak edib.

18 aprel 2002-ci ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(06.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.