Ədalətli prokuror, cəsur vətənpərvər İsmət Qayıbovun doğum günüdür Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

"Vertolyotdan təxminən 500-600 metr məsafədə nazir müavini Qurban Namazəliyevin cəsədi vardı. 700-800 metrlikdə Osman Mirzəyevin cəsədi vardı. Mən o vaxt dediyim versiyada qalıram ki, onlar vertolyotu endirəndə içindəkilər sağ olublar."

                Jurnalist Salman Alıoğlu

 

Azərbaycan Respublikasının ilk Baş prokuroru İsmət Qayıbovu kim xatırlmır ki. Qarabağ müharibəsinin vertolyot terroruna qurban getmiş şəhidi. Bu gün onun doğum günüdür. Heç əlli il yaşamadı…

İsmət Qayıbov 8 oktyabr 1942-ci ildə Azərbaycanın Gəncə şəhərində müəllim ailəsində anadan olub. Əslən Qazax rayonunun Aşağı Salahlı kəndinin Qayıbovlar soyundandır. Onun valideynləri, atası İsmayıl və anası Füruzə Respublikanın əməkdar müəllimi olub. Orta təhsilini Gəncə şəhərindəki 1 saylı orta məktəbdə alıb. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1963-cü ildə əmək fəaliyyətinə başlayıb, 1965-ci ildən Kommunist Partiyasının üzvü olub. O, 1969-cu ildə Əli-Bayramlı Şəhər Komsomol Komitəsinin birinci katibi seçilib

 

"Prokurorluq fəaliyyəti"

1971-ci ilin mart ayında Azərbaycan SSR-in prokurorluq orqanlarına qəbul olub – 26 Bakı komissarı rayonunun prokuror köməkçisi vəzifəsinə təyin edilib. 1975-ci ilin iyun ayında Bakı Şəhər Prokurorluğunda cinayət işlərinin baxılmasına nəzarət şöbəsinin prokuroru vəzifəsinə təyin olunub. 1976-cı ilin fevral ayından isə Bakı Şəhər Prokurorluğunun ümumi nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb. 1978-ci ildən İsmayıllı rayonunun prokuroru, 1982-ci ildən Əli-Bayramlı şəhərinin prokuroru, 1987–1990-cı illərdə isə Sumqayıt şəhərinin prokuroru vəzifələrində çalışıb.  Sonra da Azərbaycan Respublikasının ilk Baş prokuroru olub. Amma heç təzə vəzifəsinə isinişməmiş həmin o məşum gün gəlib.

 

"Qarabağ müharibəsi zamanı"

1991-ci ildə İsmət Qayıbovun verdiyi müsahibədə erməni hərbi dəstələrinin cinayətkar əməllərinin sovet rəhbərliyi tərəfindən cəzasız qaldığına etiraz edir. O, həmçinin Sumqayıt hadisələri ilə bağlı şərh verir və bildirir ki, o şəxsən 96 nəfər barəsində həbs-qətimkan tədbiri seçib. Amma erməni separatçılarının törətdiyi cinayət nəticəsində asudə gəzmələrindən qəzəblə danışır. Qayıbov Quqarkda azərbaycanlılara qarşı törədilən dəhşətli qırğına görə cəmi 4 erməninin saxlandığını "biabırçılq" adlandırıb. O, 20 Yanvar faciəsini "Azərbaycan xaqlnın öz müstəqilliyi uğrunda apardığı mübarizə" adlandırır və bildirir ki, "bu şəhidlər hərbi diktaturanın əleyhinə küçələrə çıxmışdılar".

1991-ci il noyabrın 18-də Mixail Qorbaçovun şəxsi köməkçisi Kremldən Bakıya zəng vurur və Azərbaycan Respublikasının Dağlıq Qarabağ rəhbərliyindən xahiş edir ki, Təhlükəsizlik Şurasının növbəti iclasını Dağlıq Qarabağda keçirsin, çünki ərazidəki torpaq iddiasında olan erməni liderlərinin və Moskva nümayəndələrinin də bu iclasda iştirakı nəzərdə tutulur. Bu telefon zəngindən sonra Bakıda siyahı tərtib olunur.  Siyahıya Viktor Polyaniçko rəhbərlik etməli idi. Nümayəndələr, ancaq güc nazirliklərindən və Təhlükəsizlik Şurasının rəhbər orqanlarından ibarət olmalıydı.

Rəsmi Moskva iclasda dövlət katibi Tofiq İsmayılov və baş prokuror İsmət Qayıbovun hökmən iştirakını xahiş edir. Bu xahişi isə məhz polkovnik Georgi Septa çatdırır. 1991-ci il noyabrın 19-u saat 19.05-də siyahı tərtib olunur. İlkin siyahı Tofiq İsmayılovun rəhbərliyilə müzakirə edilir.

1991-ci il noyabrın 20-də saat 12.57-də Ağdam uçuş zolağındakı Mİ-8 tipli iki vertolyotun 69 və 72 nömrəli yanacaq bakları doldurulur. Mİ-8 N69 vertolyotu əsas vertolyot olmalı, onu iki nəfər — 1981-ci ildə Əfqanıstan döyüşlərində iştirak etmiş kapitan Lantev Mamontov və kapitan Pyotr Babuşkin idarə etməliydi. İkinci vertolyot — Mİ-8 N72 isə birincini müşayiət etməli idi. Amma ikinci vertolyot müşayiət olunmadan, yəni təhlükəsizliyi təmin edilmədən 13.48-də birincinin yerinə havaya qalxır.

Hesablamalara görə Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 vertolyotu 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulub. Qarakənd faciəsisi haqqında ilkin məlumat Prezident Aparatına saat 19:55-də çatıb. Lakin bu faciə haqqında xəbər Xankəndidən erməni dilində yayımlanan "Vətən və vətəndaş" verilişinin xəbərlər bölümündə, saat 15:30-da yayımlanıb. Həmin gün Yerevan radiosu saat 16:15-də həmin xəbərin "qəza" kimi şərhini verib. Saat 16:40-da Tehran radiosu, 17:00-da Moskva radiosu açıqlayıb.

 

Həlak olanlar arasında İsmət Qayıbov da olub. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub. İlkin olaraq Azərbaycanın nümayəndə heyətinin məlumatına görə, cəsədlərdən 12-si tam şəkildə, 3-cü qismən tanınıb, qalanlarının şəxsiyyəti isə ekspertiza nəticəsində müəyyən edilib. İsmət Qayıbovun oğlu İsmayıl Qayıbovun sözlərinə görə, ilk və son dəfə onun atası ailə üzvlərinə vida etməyib. İsmət Qayıbovun geyindiyi pencəyin cibində isə Ömər Xəyyamın rübaisi var idi.

Jurnalist Salman Alıoğlunun sözlərinə görə, Mərzilini keçəndə hərbçilər jurnalistləri saxlayıblar və o əraziyə bir sutka heç kəsi buraxmayıblar. Alıoğluya görə, jurnalistlər əraziyə gedəndə ruslar və ermənilər ərazidə ciddi təmizləmə işi aparıblar. Onun fikrincə, vertolyot yerə düşmüşdür və onlar vertolyotu yerdə yandırıblar.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(08.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.