İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Qəzetlərdə və nəşriyyatlarda uzun illərdir ki səmərəli redaktor fəaliyyəti göstərən, burada saçını-saqqalını ağardan, doğma Kəlbəcərin azad olunduğu gün dünyaya yenidən gəldiyini iddia edən Adil Cəmilin bu gün doğum günüdür, ötən il 70 illik yubileyini keçirmişdi, indisə 71-ini qeyd edir.
Adil Cəmil 1954-cü il oktyabrın 8-də Azərbaycanın Kəlbəcər rayonunun Kilsəli kəndində anadan olub. Burada ibtidai məktəbi, Mingəçevir şəhərində isə 9 saylı orta məktəbi bitirib. ADU-nun Jurnalistika fakültəsində təhsil alıb. Təyinatla "Yazıçı" nəşriyyatının sərəncamına göndərilib. Burada poeziya redaksiyasının redaktoru olub.
"Həqiqət" qəzetində baş redaktor, "Bakı" qəzeti redaksiyasında mədəniyyət şöbəsinin müdiri, "Boz qurd" qəzetində redaktor, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi nəzdində olan mətbəədə nəşriyyat şöbəsinin rəisi, "Binəqədi" rayon qəzetinin redaktoru işləyib.
Hazırda "Ədəbiyyat qəzeti"nin şöbə müdiri vəzifəsində çalışır (2002-ci ildən). Hələ orta məktəb illərindən bədii yaradıcılığa başlasa da ilk mətbu şeiri — "Bahar" 1970-ci il martın 22-də "Mingəçevir işıqları" qəzetində dərc olunub. Bədii tərcümə ilə də məşğul olur. Rus, belorus, özbək, Latın Amerikası poeziyasından etdiyi tərcümələr qəzet, jurnal və toplularda dərc olunub. Onun mənzum tərcümə etdiyi "Manas" qırğız xalq qəhrəmanlıq dastanından müəyyən hissələr Azərbaycan mətbuatında dərc olunub.
""Manas" eposu və türk dastançılıq ənənəsi" mövzusunda elmi tədqiqatını başa çatdırıb müdafiə edib, filologiya elmləri namizədi elmi dərəcəsinə layiq görülüb (2004). Həmçinin iyirmiyə yaxın bədii filmi — "Məhəbbətin son mahnısı" (Türkiyə), "Samraat" (Hindistan), "13-cü nəvə" (Qırğızıstan), "Qayıtmağı unut" (Moldaviya) və s. doğma dilimizə çevirib.
Şeirləri qardaş sovet xalqlarının dillərinə tərcümə olunub. Mingəçevirdə yaşayıb-yaradan şairlərin poeziya-baxış müsabiqəsinin qalibi kimi (1976) respublika kitabsevərlər cəmiyyətinin və "Mingəçevir işıqları" qəzetinin Fəxri fərmanlarını alıb. Kutaisidə keçirilən "Mayakovski poeziya günləri"nin (1985), Qırğızıstanda keçirilən "Manas" eposunun min illik yubileyinin (1995) iştirakçısı olub.
30 dekabr 2015-ci ildə Azərbaycanın əməkdar jurnalisti fəxri adına layiq görülüb
Əsərləri
1. İşıqlar, pərvanələr
2. Gündoğandan günbatana
3. Aylı gecə nağılı
4. Sözümün canı var
5. Yuxusunda gülən qız
6. Ürəyimdə bir haray var
7. El üçün ağlayan gözüm (publisistika)
Tərcümələri
"Manas" (eposdan parça)
“Ədəbiyyat və incəsənət”
(08.10.2025)