Onun yanğılı, həzin, eləcə də tenor çalarları olan səsi Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

“Bağışla”, “Ağlamasın salxım söyüd”, “Gecələr bulaq başı” – elə bu müğınninin ifasında cəmi bu 3 mahnıya qulaq asmaq bəs edər ki, onun yanğılı, həzin, eləcə də tenor çalarları olan səsinə, ifa tərzinə valeh olasan.

Söhbət Teymur Əmrahdan gedir.

 

Azərbaycan Respublikasının əməkdar artisti Teymur Əmrah 8 oktyabr 1971-ci ildə Gəncə şəhərində anadan olub. İncəsənət gimnaziyasının vokal sinfi üzrə Sergey Zarenbonun sinfini bitirib. İlk müəllimləri Gəncə şəhər Uşaq yaradıcılıq evində görkəmli musiqişünas Oqtay Nağıyev, Ağdam rayonu Uşaq yaradıcılıq evinin məşhur "Qarabağ bülbülləri" ansamblının rəhbəri Murad Rzayev, Gəncə şəhər 6 nömrəli klubun direktoru Kifayət Əmirova olublar.

1990-cı ildə Bakı Musiqi Akademiyasının Vokal sinfinə daxil olub. Burada görkəmli Opera müğənnisi Firudin Mehdiyevdən, Aktyor sənətindən Teatr və Kino aktrisası Şəfiqə Məmmədovadan dərs alıb.

1994-cü ildə indiki Heydər Əliyev adına Sarayda ilk dəfə solo konsert keçirib. 2005-ci ildə Azəristar layihəsinin Vokal müəllimi kimi fəaliyyət göstərib. 2020-ci ildə Heydər Əliyev adına Sarayda "Bu dünya bir nərdivandı" adlı hələ ki son solo konsertini keçirib.

Müxtəlif illərdə Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində mahnı janrından dərs deyib. 20 il Azərbaycan Dövlət Mahnı Teatrında Solist kimi fəaliyyət göstərib. Hal-hazırda Azərbaycan Televiziyası və Radiosunun solistidir.

 

Tələbələri

Teymur Əmrahın iki tələbəsi – Prezident Mükafatçısı Amil Həsənov, Xalq artisti Samir Cəfərov "Qızıl kitab"a düşüblər. Azərbaycan Respublikasının əməkdar artisti Elton Hüseyinəliyev onun yetirməsidir. Digər tanınan tələbələri: Emil Rəhmanov, Ayaz Qasımov, Sima Qasımova, Elvin Abdullayev, Xalq ulduzu müsabiqəsinin qalibi Tural Salmanov, Mirkamil Kamilov, İradə İbrahimova, Nəsimi Məmmədov, İlkin Dövlətovdur.

Əlbət ki, bu qədər tanınmış müğınni yetişdirdiyinə görə Teymur Əmraha ikiqat alqış düşür.

 

“Ədəbiyyat və incəsənət”

(08.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.