ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

 

Parisdə, Azərbaycan səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzində görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın yaradıcılığına həsr olunmuş ədəbi-musiqili məclis keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, ədəbi məclisdə fransız ədəbiyyatının və intellektual dairələrinin nümayəndələri, şair və yazıçılar, habelə jurnalistlər iştirak ediblər.

 

Ölkəmizin Fransadakı səfiri Leyla Abdullayeva tədbirdə çıxış edərək XIX əsr tanınmış Azərbaycan şairəsi, sonuncu Qarabağ xanının qızı Xurşidbanu Natəvan haqqında danışıb, dövrünün aparıcı qadın siması olan xan qızının zəngin yaradıcılığı, Azərbaycan ədəbiyyatının və incəsənətinin inkişafına verdiyi töhfəsi, habelə onun xeyriyyəçilik fəaliyyəti barədə iştirakçılara məlumat verib. Məclisdə fransız nümayəndələr, Marsel Dram İncəsənət Konservatoriyasının məzunu və klassik vokal sahəsində təhsil almış Alən Tremolye, “Rives Méditerranéenes” mədəniyyət təşkilatının prezidenti, altı şeirlər toplusunun müəllifi şair Fatima Chbiban, habelə ədəbiyyat nəzəriyyəsi üzrə təhsil almış və hazırda Strasburq Universitetinin Yaxın Şərq və Aralıq dənizi ətrafı ölkələri üzrə regionşünaslıq fakültəsinin tələbəsi, ədəbi əsərlərin tərcüməçisi Sitarə Quliyeva Natəvanın bədii yaradıcılığından bəhs edib, Azərbaycan və fransız dillərində onun qəzəllərini səsləndiriblər.

 

Qəzəllərin təqdimatı Azərbaycan milli musiqisi və muğamı ilə müşayiət edilib. Tar və kamançada Azərbaycan Milli Konservatoriyasının İnstrumental ifaçılıq kafedrasının baş müəllimi, tarzən Elçin Nağıyev və Qarabağ Universitetinin İncəsənət fakültəsinin dosenti, Xalq artisti və kamança ustası Elşən Mansurov ifa ediblər.

 

Muğamın ahəngi ilə qəzəllərin poetik dərinliyinin vəhdəti milli mədəniyyətimizin zənginliyini nümayiş etdirməklə yanaşı, dinləyicilərin könlünü oxşayıb.

 

Natəvan poeziya məclisinin iştirakçıları tədbirin sonunda Mədəniyyət Mərkəzinin bağında görkəmli şairənin heykəli önündə xatirə şəkli çəkdiriblər.

 

“Ədəbiyyat və incəsənət”

(30.09.2025)

Çərşənbə axşamı, 30 Sentyabr 2025 07:33

Mədəniyyət naziri UNESCO-nun konfransında çıxış edib

 

 Azərbaycanın mədəniyyət naziri Adil Kərimli UNESCO-nun MONDIACULT 2025 konfransı çərçivəsində keçirilən “Mədəniyyətə əsaslanan İqlim Fəaliyyəti üzrə Dostlar Qrupu”nun Üçüncü Yüksək Səviyyəli Nazirlər Dialoqunda çıxış edib.

 “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, nazir ev sahibliyinə görə İspaniyaya, təşəbbüsə dəstəyə görə Braziliya və Birləşmiş Ərəb Əmirliklərinə təşəkkürünü bildirib, COP28 və COP29-un nəticələrini xüsusi vurğulayıb. O qeyd edib ki, Bakıda keçirilmiş COP29 mədəniyyətin iqlim fəaliyyətində rolunu gücləndirmək üçün mühüm addım olub və qəbul edilən Bakı Maliyyə Məqsədi qlobal iqlim maliyyələşməsində tarixi dönüş nöqtəsi sayılır. 

Adil Kərimli Azərbaycanın təqdim etdiyi “Culture for Climate” (C4C) təşəbbüsünü xatırladaraq, Bakı İqlim Həftəsində də mədəniyyətin iqlim dəyişikliyi ilə mübarizədə rolunun müzakirə ediləcəyini bildirib.

 Nazir vurğulayıb ki, Prezident İlham Əliyevin elan etdiyi “Yaşıl Dünya naminə Həmrəylik İli”, azad olunmuş Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonaları və Bakı Prosesi çərçivəsində keçirilən beynəlxalq forumlar Azərbaycanın dayanıqlı gələcəyə sadiqliyini göstərir.

 Çıxışın sonunda o qeyd edib: “Mədəniyyət və ətraf mühit bir-birindən ayrılmazdır. Birgə səylərlə gələcək nəsillər üçün daha dayanıqlı dünya qura bilərik”.

 

“Ədəbiyyat və incəsənət”

(30.09.2025)

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Azərbaycan-Özbəkistan diplomatik əlaqələrin 30 illiyi ilə əlaqədar videoçarx hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, videoçarxda Azərbaycan-Özbəkistan əlaqələri ilə bağlı Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyevin sitatları var.

Qeyd olunur ki, Azərbaycanla Özbəkistan arasında diplomatik əlaqələr 2 oktyabr 1995-ci ildə qurulmuşdur. Videoçarxda Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana, Özbəkistan prezidentləri İslam Kərimovun, Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfərləri haqqında qısa məlumatlar verilir.

Azərbaycan-Özbəkistan mədəni əlaqələri xüsusi bölmədə verilib.

Videoçarx kitabxananın YouTube kanalında aşağıdakı keçiddə yerləşdirilib:

https://www.youtube.com/watch?v=uFL4Ik0Acm4

 

“Ədəbiyyat və incəsənət”

(30.09.2025)

 

 

 

Çərşənbə axşamı, 30 Sentyabr 2025 10:13

Marneulidəki Azərbaycan Evində Anım Günü tədbiri keçirilib

 

“Azərbaycan Evi”nin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) dəstəyi ilə 27 Sentyabr - Anım Günü ilə əlaqədar “Azərbaycan Evi”ndə “Zəfərə Gedən Yol” adlı tədbir və eyni adlı qısa tamaşa nümayiş etdirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev və səfirlik əməkdaşları, Gürcüstan Parlamentinin deputatı Zaur Darğallı, Gürcüstan Müsəlmanları İdarəsinin müftisi hacı Etibar Eminov, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstandakı səlahiyyətli nümayəndəsi Məhəmməd Şamilov, Marneuli Bələdiyyə məclisinin sədr müavini Tariyel Məmmədov eləcədə Marneuli meriyasının və bələdiyyə məclisinin struktur bölmələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri, gənclər, din xadimləri, 44 günlük Vətən müharibəsində Gürcüstan əsilli şəhidlərin ailə üzvləri və ziyalılar iştirak ediblər. 

Əvvəlcə Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü və suverenliyi uğurunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov çıxış edərək 1990-cı illərdən davam edən Azərbaycan-Ermənistan münaqişəsi haqqında məlumat verib, tarixi torpaqlarımızın qısa müddət ərzində işğaldan azad edildiyini bildirib. 

Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Gürcüstanda yaşayan azərbaycanlıların müharibə dövründə və ondan sonrakı müddətdə Azərbaycana mənəvi dəstək göstərdiklərini, Marneulidə, eləcə də Gürcüstanın digər bölgələrində keçirilən aksiyalarda Azərbaycanla həmrəylik nümayiş etdirdiklərini qeyd edib.

Gürcüstan Parlamentinin deputatı Zaur Darğallı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli və uzaqgörən rəhbərliyi ilə uzun illər işğal altında olan torpaqların azad olunmasını böyük tarixi nailiyyət adlandırıb və Ağ Evdə baş tutan tədbirin bu zəfərin təntənəsinə çevrildiyini bildirib.

Tədbirdə iştirak edən şəhid Orxan Məhərrəmovun nənəsi Nazan Məhərrəmova və şəhid Bilal Qənbərovun bibisi Qiyafət Qənbərova da çıxış edərək şəhidlərin əziz xatirəsinin unudulmadığını və daim hörmətlə anıldığını bildiriblər. 

Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Etibar Eminov və Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstandakı səlahiyyətli nümayəndəsi Məhəmməd Şamilov şəhid ailələrinə göstərilən diqqət və qayğının dinimizin və milli-mənəvi dəyərlərimizin ayrılmaz bir hissəsi olduğunu xüsusi qeyd etdilər.

Tədbirin davamında ictimai-siyasi xadimlər — Azər Süleymanov, Ruslan Hacıyev, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusibov və digər çıxışçılar söz alaraq, 44 günlük Vətən müharibəsinin Azərbaycan xalqının tarixində qızıl hərflərlə yazıldığını vurğulayıblar. 

Tədbirin ikinci hissəsində Gürcüstandakı Azərbaycandilli Məktəblər Birliyinin rəhbəri Esmira Ələkbərlinin müəllifi olduğu “Zəfərə gedən yol” adlı qısametrajlı tamaşa nümayiş etdirilib. Tamaşa Vətən müharibəsində Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıq, xalqın birliyi və şəhidlərin fədakarlığı mövzusunda həsr olunub. Məktəblilərin ifasında təqdim olunan səhnə əsəri tamaşaçılara duyğulu anlar yaşadıb və alqışlarla qarşılanıb.

Tamaşada rol alan məktəblilər “Azərbaycan Evi” tərəfindən təşəkkürnamələrlə təltif olunublar.

 

“Ədəbiyyat və incəsənət”

(30.09.2025)

Çərşənbə axşamı, 30 Sentyabr 2025 17:07

Tam xoşbəxtlik nədir? - HƏR GÜN KAMAL ABDULLADAN 7 QRANULA

 

Xalq yazıçısı, akademik Kamal Abdullanınəsərlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” portalı oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.

Çox sevindirici haldır ki, bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.

Beləliklə, Kamal Abdullanın qranulaları:

 

1.

“Vaxt gəlir, hər şeyin yetişir sonu,

 Bu nəydi, qurtardı, yox oldu, getdi?!

Bu da bir həyatdı - oynadıq onu,

Bu da bir oyundu - yaşadıq bitdi.”

 

2.

Taleyində olan həyatında olmaya bilər.

 

3.

“Mənə deyən gərək nə olub axı

Nə çabalayırsan, söylə nə xəbər?!

Sən çətin tapasan axtardığını,

Sən axtardığını itirməyiblər.

 

4.

Əvvəlki an olmamışdır və sonrakı an olmayacaqdır. Həm indini, həm sabahı, həm keçmişi öz içinə yağan bir vahid an var. Dolğun an!

 

5.

“Kitabi-Dədə Qorqud” başdan-başa mağara dərsləridir. “Nəyi etmək olar?!”dan “nəyi etmək olmaz!”a qədər geniş bir didaktik yelpazə Dədə Qorqudun mağara dərslərinin əsas mövzusudur.

 

6.

Quru çay ola. Üstündən sınıq bir körpü salasan. Keçəndən üç axça, keçməyəndən döyə-döyə dörd axça alasan. Bunu ancaq Dəli Domrul edə bilərdi.

 

7.

Bəzi adamların tam xoşbəxt olmaları üçün vacib deyil ki, onların bütün arzuları yerinə yetsin. Tam xoşbəxtlik üçün bu adamların qonşuları da gərək bədbəxt olsun.

 

“Ədəbiyyat və incəsənət”

(30.09.2025)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

 

POEZİYA

 

QULU AĞSƏS

 

ŞÜKÜR...

Bir yol yatağından qalxmayan bu çay
Qoluna döyməni nə vaxt yazdırıb?
Qış günü soyuqdan ölən ağacın
Yasına mart ayı yarpaq yazdırıb…

Başını yelləsən, külü közərir,
İşıq vermir, amma işıq söz verir.
Bircə eybi var ki, dünya gözəlin
Məni qucağına qonaq yazdırıb…

Şükür o göydəki ismin halına,
Şükür yağışına, şükür qarına.
Şükür – adımızı öz jurnalına
Əcəl adqoydudan qabaq yazdırıb…

 

SƏNSƏN HƏR YER...

 

Ömrümdən neçə gün qalıb,

                         neçə saat, İlahi?

Çoxdan Səndən nə zəng gəlir,

                         nə amanat, İlahi!

Kim kəsib Sən olan yerdə,

                         söylə, yolu-yolağı?

Gedim hansı cəhənnəmə,

                         hardan gəlir sorağın?..

Nə vaxt çaparam dördnala

                          mən də əcəl atında?

At altımdan uçub gedə,

                          mən də sənin altından.

Ha uçsam da, öz üstümə

                           uçar öz günahım da,

Səhvlərimi deyim, bəlkə,

                            çıxım söz günahımdan? –

...İki dünya gözəlinə

                            mehr  saldım – yadında?

Nə özgəyə verdim, nə də

                             özüm aldım – yadında?

Yolda qoydum gözlərini,

                              gözümü dağlayarsan,

Əllərinə qurban olum,

                               üstündə saxlayarsan.

Neçə kərə söz göndərdin,

                               ərindim, yazammadım,

Ürəyimdə ocaq çatdın,

                                naşükür qızınmadı.

Qadan-balan sızan yerə

                                 şərab süzdüm – bilirsən,

Sənin qurduğun dünyaya

                                 dodaq büzdüm – bilirsən.

Ruhumu da tərpətmədi

                                   min cür nazü-nemətin,

Yamanladım taleyimi –

                                    haqdan gələn qisməti...

...Mərhəmətin, neyləsəm də,

                                    günahımı aşmada,

Çoxdandı ki, içimdə bir

                                    yalvarış dolaşmada: –

Gedib tövbə eləməyə

                                    mənə yer ver, İlahi,

Elə yer ki, baxıb görüm

                                    Sənsən hər yer, İlahi!

Günahımı nəylə desən,

                                    razıyam, yuyum orda,

Əgər gücün çatsa, məni

                                    özündən doyur orda...

 

 

 

BAXDIM Kİ...

 

Ümidimi ütüləmişdim,

barmağımı cütləmişdim

subay vaxtı:

iki oğlum olasıdı,

birinin adı Tezol,

birinin adı Təkər.

Tezol –

zamandan iti,

Təkər –

maşından yekə.

... Qayğılar basdı başımdan,

özümü güclə atdım

zaman – maşından.

Baxdım ki,

aləm qarışıb,

ümidimin ütüsü cəhənnəm,

barmağımın cütü qırışıb!

Baxdım ki,

ömür yarıda...

...qızımın adın Su qoydum,

ciyərim yanırdı övlad sarıdan...

 

 

 

GÖRSƏN ÜŞÜYÜRSƏN...

Görsən ki qaranlıq çökür aləmə,
Görsən ki axşamdı… fikir eləmə.
Bir uçuq yuxudu gecənin boyu,
Nə qədər imkan var, rahatlan, uyu…

Qəflətən bir çağa salar hay-həşir
Səhər – körpəsidi doğan Günəşin.
Onu ovutmağa tələsər hamı,
Beləcə, salarlar yenə axşamı.

Təzədən qaramat basar dünyanı,
Hanı doğan Günəş? Körpəsi hanı?
… Görsən hər tərəfdən əlin üzülür,
Görsən üşüyürsən… yandır özünü…


ATAMIN YORĞUNLUĞU

 

Atam
bu dünyada
o dünyanın
cəhənnəm əzabını çəkib,
Qırx bir – qırx beşdə
faşistlərlə döyüşüb Kerçdə –
atəş kəsiləndə,
ya da siqaret fasiləsində
Gülablıda odun doğrayıb,
axura ot töküb...
Üzünü xatırlamıram deyə,
hərdən elə bilirəm,
məni öləndən sonra əkib...
Bir tikə çörəyin dərdindən
gecə yatmayıb,
gündüz yatmayıb,
tabutdan başqa heç yerdə
ayaqlarını oxxaynan uzatmayıb...
Şəkli də qalmayıb
darıxanda  köksümə sıxım,
bütün ömrü dincəlsəm də doymuram –
atamın yorğunluğu
mənim canımdan çıxır...

 

“Ədəbiyyat və incəsənət”

(30.09.2025)

 

Çərşənbə axşamı, 30 Sentyabr 2025 14:29

MÜTALİƏ MƏDƏNİYYƏTİ – 28.Fasiləsiz təhsil anlayışı

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Azərbaycan Ədəbiyyat Fondu@

 

28.

FASİLƏSİZ TƏHSİL ANLAYIŞI

 

Mütaliənin faydaları barədə danışırıqsa, mütləq fasiləsiz təhsil barədə də danışmalıyıq. Belə ki, özünüinkişaf proqramında əsas çəkiyə malik olan bu təmrin məhz mütaliənin hesabına formalaşır.

Heç bir ali təhsil müəssisəsi, məktəb proqramı insana təbiətin və cəmiyyətin inkişaf qanunları haqqında lazımi biliklər verə bilməz. Mövcud təhsil proqramları məhdud zaman çərçivəsi üçün hazırlanır. Odur ki, insan ömrü boyu fasiləsiz olaraq bilik almalı, bunun üçün isə şəxsi təhsilə - fasiləsiz şəxsi təhsilə müraciət etməlidir.

Beləliklə, şəxsiyyətin formalaşmasında şəxsi təhsil müəssisəsinin tərkib hissəsi olan fasiləsiz təhsilin əsas rol oynaması dünyada birtərəfli şəkildə etiraf olunur. 2000-ci ilin martında Lissabonda keçirilən Avropa Sammiti Avropa Birliyinin siyasətinin və təcrübəsinin müəyyən edilməsində dönüş anı oldu. Orada fasiləsiz təhsil haqqında Avropa Birliyi Memorandumu imzalandı.

Fasiləsiz təhsil, yəqin ki, bunu bilirsiniz, məhz kitabların hesabına formalaşır. Ən müxtəlif mövzularda, ən müxtəlif cildlərdə, ən müxtəlif müəlliflərin müxtəlif qiymətlərə milyonlarla kitabı var. Siz öz kitablarınızı seçib karyera pillələri ilə irəliləməkdə davam edin. Unutmayın, dayanmaq, kifayətlənmək olmaz. Dayanmaq inkişafdan qalmaq, tənəzzülə uğramaq deməkdir.

Növbəti: 29.Qara ststistika

 

“Ədəbiyyat və incəsənət”

(30.09.2025)

 

Çərşənbə axşamı, 30 Sentyabr 2025 17:34

ANAR, “Son dəfə”

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

ANAR, ŞEİRLƏR

SON DƏFƏ

(Köhnə mənzilə vida mahnısı)

 

Əlvida,

Ayrılırıq, köhnə mənzil.

Yaşadıq səndə neçə ay, neçə il.

Son dəfə

Baxdım bu yalın divarlara,

son dəfə

Yeri boş şəkillərdən qalan mismarlara

son dəfə.

Son dəfə üzüm yarpaqları pəncərələrdən

Kölgələrini mənimçün salır,

son dəfə.

Son dəfə

Qapı zəngi mənimçün çalır,

son dəfə.

Kirayə kağızları hələ yoldadır

Hələ dostum bizə gəlib deyə kimisə aldadır.

Kimsə hələ bu ünvana məktublar yazır,

Kimsə hələ bu telefonla zəng vurub asır.

Susub artıq bütün səslər,

gülüşlər, qədəhlər,

“əşşi”lər, “sağ ol”lar, “əh”lər.

Susub yazı makinası,

Çaynikin qaynaması.

Atılıb yerə yazılmamış vərəqi son dəftərin,

Son dəfə içəridən açıram cəftəni.

Söndürürəm işığı, qapını bağlayıram,

son dəfə.

Bu qapının dalında qaldı ömrümüzün on ili

Müddətimizi çəkdik,

Tərk edirik yarızirzəmi mənzili.

Bomboş otaqlarda dolaşır qərib bir kölgə,

Ömrün ən xoş anlarını

burda qoyub gedirik bəlkə.

Son dəfə

Bu pilləkənlərdə siqaret yandırıram,

son dəfə.

Son dəfə bu tində maşın dayandırıram

son dəfə.

               14 yanvar 1976

 

“Ədəbiyyat və incəsənət”

(30.09.2025)

 

Çərşənbə axşamı, 30 Sentyabr 2025 18:11

Sözdən yaranan incilər – SƏDİ ŞİRAZİDƏN DAHA 10 KƏLAM

 

Əziz oxucular!

Tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru, mərhum Sadıq Murtuzayev, publisist, Əməkdar hüquqşünas Müzəffər Ağazadə və yazıçı-rejissor, publisist-jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu səmavi insanların, dünya dahilərinin  və Azərbaycan mütəfəkkirlərinin on mindən çox kəlamlarını, sitatlarını, aforizmlərini toplayıb, tərcümə  eləyib və  “Sözdən  yaranan incilər” adlı çox qalın bir kitabı  çapa hazırlayırlar. 

 

“Ədəbiyyat və incəsənət” portalı olaraq belə qərara gəldik ki, bu  sayımızdan başlayaraq həmin kəlamları, sitatları, aforizmləri səhifələrimizdə çap edək.

İnanırıq ki, sözdən yaran bu incilər sizin xoşunuza gələcək və onları öz yaddaşınıza köçürəcək, gündəliyinizə yazacaq, dostlarınızla, yaxınlarınızla bölüşəcəksiniz.

Çünki bu incilər, hər insana  lazım olan ən qiymətli sözlərdir. Onun daha yaxşı, mükəmməl  kamilləşməsi üçün əvəzsiz bir məktəbdir.

 

                                                                           

               SƏDİ  ŞİRAZİ   (1203, 1210 arası – 1292-ci illər), şair

 

-         Hökmdarlara xidmət etmək dəniz səfəri kimidir, həm qorxusu var, həm faydası, ya xəzinə taparsan, ya dənizdə batarsan.

-         Dərin dəniz daş atmaqla bulanmaz.

-         Eşq çadırının  qurulduğu yerdə məntiq axtarma.

-         Bədbəxt insan başqalarının ağrı-acısı ilə rahatlıq tapan şəxsdir.

-         Bülbüldən çox da vəfa ummayın, çünki hər dəm başqa bir gülün üzərində ötər.

-         Bir yatmış başqa yatmışı necə  oyada bilər?!

-         Tədbirləri baş tutmayanda düşmən dostluq fikrinə düşər və dostluqla elə işlər görər ki, onu heç bir düşmən bacarmaz.

-         Şamını gündüz yandıran gecə qaranlıqda qalar.

-         Bir yerə girməzdən əvvəl oradan necə çıxacağını düşün.

-         Yersiz danışmaq axmaqlıq olduğu kimi, yeri gələndə danışmamaq da axmaqlıqdır.

 

“Ədəbiyyat və incəsənət”

(30.09.2025)

 

 

Çərşənbə axşamı, 30 Sentyabr 2025 13:36

Musiqi – milli kimliyin güzgüsü

 

Rəqsanə Babayeva,

Beyləqan rayon Mədəniyyət Mərkəzinin rejissoru, “Gənclik” xalq teatrının rəhbəri, yazıçı. “Ədəbiyyat və İncəsənət” üçün

 

Musiqi hər bir xalq üçün yalnız əyləncə və sənət deyil, həm də milli kimliyin, tarix və mədəniyyətin əks olunma vasitəsidir. Bir millətin ritmləri, melodiyaları və naxışları onun düşüncə tərzini, dünyagörüşünü və hisslərini dünyaya çatdırır. Musiqi həm də sərhədləri aşır, zamanın və məkânın ötesində bir xalqın kimliyini tanıdır.

Azərbaycan musiqisi bu baxımdan xüsusilə zəngindir. Muğam, xalq mahnıları, aşıq poeziyası, caz-folklor sintezi – hər biri Azərbaycanın tarixini, təbiətini, insan ruhunu və mədəni dəyərlərini əks etdirir. Bu əsərlər təkcə xalqın əyləncəsi deyil, həm də milli kimliyin güzgüsüdür.

 

Muğam – ruhun dilinə çevrilmiş tarix

 

Muğam yalnız melodik əsər deyil; o, bir xalqın həyatını, duyğularını və mədəni kodlarını ifadə edən fəlsəfi sistemdir. “Segah”, “Bayatı-Şiraz”, “Şur” kimi muğamlar hər biri fərqli emosional dünyaya açılan qapıdır. Onlar sevincdən kədərə, ümiddən həsrətə qədər bütün insan duyğularını əks etdirir.

UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil etdiyi muğam yalnız Azərbaycan üçün deyil, dünya musiqi xəzinəsi üçün böyük bir dəyərdir. Çünki muğam millətin kimliyini qoruyur, onun tarixini və mənəvi dəyərlərini gələcək nəsillərə çatdırır.

 

Aşıq sənəti və xalqın səsi

 

Azərbaycanın xalq musiqisi və aşıq sənəti də milli kimliyin güzgüsüdür. Aşıqlar yalnız musiqiçilər deyil, həm də tarix və mədəniyyət daşıyıcılarıdır. Onlar şifahi ənənə ilə xalqın sevincini, kədərini, qəhrəmanlıq dastanlarını və mənəvi dəyərlərini nəsildən-nəsilə çatdırıblar.

Hər bir aşıq mahnısı və dastanı, hətta ən sadə ritm də, bir xalqın ruhunu əks etdirir. Bu, yalnız Azərbaycanın deyil, bütün dünyanın diqqətini çəkən bir xüsusiyyətdir.

 

Müasir musiqidə milli motivlərin dirçəlişi

 

XXI əsrdə gənc musiqiçilər milli musiqi motivlərini müasir janrlarla sintez edirlər. Muğam və jazzın, xalq melodiyalarının pop musiqi və cazla birləşməsi milli kimliyi qlobal auditoriyaya çatdırır. Bu, Azərbaycan musiqisinin həm ənənəni qoruduğunu, həm də müasirliyi qəbul etdiyini göstərir.

Beynəlxalq festival və konsertlərdə səslənən bu əsərlər yalnız estetik zövq vermir, həm də milli kimliyin qürurunu yaradır. Xarici tamaşaçılar Azərbaycan musiqisini dinlədikcə onun zəngin tarixini və mədəni dəyərlərini daha dərindən anlayırlar.

 

Musiqi və mədəni diplomatiya

 

Musiqi həm də diplomatiya alətidir. Konsertlər, beynəlxalq festivallar, musiqi mübadiləsi proqramları ölkəmizi dünyada tanıdır, milli kimliyi təqdim edir və insanları birləşdirir. Musiqi dilini bilmədən də, onun emosional təsiri və universallığı sayəsində dünya auditoriyası Azərbaycanı dərk edir.

Buna klassik nümunə kimi “Xarıbülbül” festivalını göstərmək olar. Burada səslənən muğam və xalq musiqisi yalnız Azərbaycan auditoriyasına deyil, dünyanın müxtəlif ölkələrindən gələn qonaqlara da təqdim olunur. Bu, həm milli irsin qorunması, həm də mədəni diplomatiyanın güclü vasitəsidir.

 

Qarabağ motivləri musiqidə

 

Qarabağ musiqisi Azərbaycan milli kimliyinin ayrılmaz hissəsidir. Bu bölgədən çıxan melodiyalar yalnız coğrafi məkana aid deyil, həm də xalqın tarixini, azadlıq mübarizəsini və mənəvi irsini əks etdirir. Gənc musiqiçilər bu motivləri müasir musiqi ilə birləşdirərək həm milli kimliyi qoruyur, həm də onu dünya səhnəsinə çıxarırlar.

 

Gənclərin rolu və gələcək

 

Azərbaycan gənc musiqiçiləri milli musiqi irsini yaşadır və onu yenidən kəşf edirlər. Onlar muğamı, xalq melodiyalarını və aşıq sənətini həm ənənəvi, həm də eksperimental formada təqdim edərək gənc auditoriyaya çatdırırlar. Bu, gələcək nəsillərin milli kimliyi qoruması üçün vacibdir.

Gənclərin yaradıcılığı yalnız musiqi əsərləri yaratmaqla məhdudlaşmır; onlar musiqi vasitəsilə tarix, mədəniyyət və mənəvi dəyərləri qoruyur və dünyaya tanıdırla

Musiqi bir xalqın tarixini, mədəniyyətini və kimliyini ən təsirli şəkildə əks etdirən güzgüdür. Azərbaycan musiqisi bu güzgüdə yalnız öz köklərini qoruyub saxlamır, həm də onları yeni janrlarla, yeni üslub və platformalarla dünyaya çatdırır.

Muğam, aşıq sənəti, xalq melodiyaları və onların müasir interpretasiyaları milli kimliyi gücləndirir, gənc nəsli ilhamlandırır və Azərbaycanın dünyadakı mövqeyini möhkəmləndirir. Musiqi sərhəd tanımır, millətləri birləşdirir və hər birimizin qəlbində milli kimliyin canlı izini qoyur.

Beləliklə, musiqi milli kimliyin əbədi güzgüsüdür və onun əks-sədası zamanla səslənməyə davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(30.09.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.