ANAR, “Son dəfə” Featured

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

ANAR, ŞEİRLƏR

SON DƏFƏ

(Köhnə mənzilə vida mahnısı)

 

Əlvida,

Ayrılırıq, köhnə mənzil.

Yaşadıq səndə neçə ay, neçə il.

Son dəfə

Baxdım bu yalın divarlara,

son dəfə

Yeri boş şəkillərdən qalan mismarlara

son dəfə.

Son dəfə üzüm yarpaqları pəncərələrdən

Kölgələrini mənimçün salır,

son dəfə.

Son dəfə

Qapı zəngi mənimçün çalır,

son dəfə.

Kirayə kağızları hələ yoldadır

Hələ dostum bizə gəlib deyə kimisə aldadır.

Kimsə hələ bu ünvana məktublar yazır,

Kimsə hələ bu telefonla zəng vurub asır.

Susub artıq bütün səslər,

gülüşlər, qədəhlər,

“əşşi”lər, “sağ ol”lar, “əh”lər.

Susub yazı makinası,

Çaynikin qaynaması.

Atılıb yerə yazılmamış vərəqi son dəftərin,

Son dəfə içəridən açıram cəftəni.

Söndürürəm işığı, qapını bağlayıram,

son dəfə.

Bu qapının dalında qaldı ömrümüzün on ili

Müddətimizi çəkdik,

Tərk edirik yarızirzəmi mənzili.

Bomboş otaqlarda dolaşır qərib bir kölgə,

Ömrün ən xoş anlarını

burda qoyub gedirik bəlkə.

Son dəfə

Bu pilləkənlərdə siqaret yandırıram,

son dəfə.

Son dəfə bu tində maşın dayandırıram

son dəfə.

               14 yanvar 1976

 

“Ədəbiyyat və incəsənət”

(30.09.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.