Əziz oxucular!
Tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru, mərhum Sadıq Murtuzayev, publisist, Əməkdar hüquqşünas Müzəffər Ağazadə və yazıçı-rejissor, publisist-jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu səmavi insanların, dünya dahilərinin və Azərbaycan mütəfəkkirlərinin on mindən çox kəlamlarını, sitatlarını, aforizmlərini toplayıb, tərcümə eləyib və “Sözdən yaranan incilər” adlı çox qalın bir kitabı çapa hazırlayırlar.
“Ədəbiyyat və incəsənət” portalı olaraq belə qərara gəldik ki, bu sayımızdan başlayaraq həmin kəlamları, sitatları, aforizmləri səhifələrimizdə çap edək.
İnanırıq ki, sözdən yaran bu incilər sizin xoşunuza gələcək və onları öz yaddaşınıza köçürəcək, gündəliyinizə yazacaq, dostlarınızla, yaxınlarınızla bölüşəcəksiniz.
Çünki bu incilər, hər insana lazım olan ən qiymətli sözlərdir. Onun daha yaxşı, mükəmməl kamilləşməsi üçün əvəzsiz bir məktəbdir.
SƏDİ ŞİRAZİ (1203, 1210 arası – 1292-ci illər), şair
- Dərin dəniz daş atmaqla bulanmaz.
- Eşq çadırının qurulduğu yerdə məntiq axtarma.
- Bədbəxt insan başqalarının ağrı-acısı ilə rahatlıq tapan şəxsdir.
- Bülbüldən çox da vəfa ummayın, çünki hər dəm başqa bir gülün üzərində ötər.
- Bir yatmış başqa yatmışı necə oyada bilər?!
- Şamını gündüz yandıran gecə qaranlıqda qalar.
- Bir yerə girməzdən əvvəl oradan necə çıxacağını düşün.
- Yersiz danışmaq axmaqlıq olduğu kimi, yeri gələndə danışmamaq da axmaqlıqdır.
“Ədəbiyyat və incəsənət”
(30.09.2025)