ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Cümə axşamı, 02 Oktyabr 2025 08:29

Cəlilabadda iki kitab təqdimatı...

 

İlqar İsmayılzadə,

fəlsəfə üzrə fəlsəfə doktoru, AJB və AYB-nin üzvü, «Ədəbiyyat və incəsənət» portalının Cənub təmsilçisi

 

Cəlilabad rayon Veteranlar Təşkilatı tərəfindən Azərbaycan Yazıçılar Birliyinin üzvü, qəzəlxan, şair-dramaturq İman Abdullanın vətənpərvər, ictimai və lirik şeirləri ilə yanaşı Azərbaycanın qəhrəman övladları haqqında qələmə alınmış poemalar toplusu olan "Hədəfdən yayınan güllə", həmçinin əziz şəhidlərimiz barədə qələmə aldığı "Zirvələrə ucalanlar" adlı kitablarıının təqdimatı keçirilmişdir.

 

Əziz şəhidlərimizin xatirəsini əziz tutmaq hədəfi ilə 1 dəqiqəlik sükutla başlayan, eyni halda AYB və AJB-nin üzvü, tanınmış yazıçı-nasir Meyxoş Abdullahın aparıcılığı ilə keçirilən tədbirdə Cəlilabad rayonunun tanınmış ziyalıları, siyasət, ictimaiyyət, din və media nümayəndələri, şəhid ataları və qazilər, Cəlilabad Rayon İcra Hakimiyyətinin şöbə müdiri qazi Füzuli Cəfərov və Cəlilabad Bələdiyyəsinin sədr müavini Elçin Hüseynov, "TarTvAz" İnformasiya Agentliyinin rəsmisi Marif Bayramov, Qarabağ qaziləri İctimai Birliyinin rayon filialının sədri  Maşalla Əliyev, həmçinin, Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndələrindən: Ədalət Salman, İman Abdulla, Meyxoş Abdullah, Mikayıl İncəçaylı, Gülbala Teymur, Bilal Alarlı, Sakit Üçtəpəli, Qurban Əhməd, Ruhiyyə Abaszadə və İlqar İsmayılzadə yaxından iştirak edərək öz çıxışlarında el şairi İman Abdullanı yeni nəşr olunmuş kitabları münasibəti ilə müəllifi təbrik edib, şəhidlər və qazilər barədə yazılan hər bir kitab, məqalə və yazının dəyərindən söz açdılar. Tarixin unudulmaması və vətənpərvərlik hissinin daim diri saxlanılmasına təkid edilən tədbirdə Ali Baş Komandan Prezident İlham Əliyev və onun qalib ordusunun rəşadətindən danışılmış, şəhidlər və qazilər barədə ərsəyə gəlmiş kitablarla bağlı müəyyən təkliflər irəli sürülmüşdür.

Tədbirdə AYB və AJB-nin üzvü, "Sözün işığı" mətbu orqanının təsisçisi və baş redaktoru, Prezident təqaüdçüsü, yazıçı-publisist, şair Ədalət Salman tərəfindən şair İman Abdullaha Veteranlar Təşkilatının Fəxri Diplomu, həmçinin, fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, AJB və AYB-nin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi İlqar İsmayılzadə tərəfindən şair İman Abdulla Cəlilabad ədəbi mühitində davamlı və səmərəli fəaliyyətinə görə "Həməşəra" Fəxri Fərmanı, müqəddəs Azərbaycan Bayrağı və Cəlilabad ədəbi mühitinin xanım yazarları barədə ilk dəfə yazılıb çap olunmuş "Qələm tutan incə əllər" təqdimat kitabı təqdim edilmişdir. Tədbir xatirə şəkillərinin çəkilməsi ilə sona çatmışdır.

 

“Ədəbiyyat və incəsənət”

(02.10.2025)

 

 

Cümə axşamı, 02 Oktyabr 2025 08:04

Balet elə bir sənətdir ki…

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

İncəsənət get-gedə “bozbaş” meyillərə, bayağılığa yönəlir. Birada elitar baletə yer qalmaz belə getsə. 

 

İslam İslamov 2 oktyabr 1982-ci ildə Bakıda anadan olub. 2000-ci ildə Bakı Xoreoqrafiya Məktəbinin klassik rəqs şöbəsini bitirib. 1998-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasında çıxış edir.

 

İslam İslamov "Sevil" (Fikrət Əmirov), "Karmen" (Jorj Bize), "Aşıq Qərib" (Zülfüqar Hacıbəyov), "Vaqif" (Ramiz Mustafayev), "Koroğlu" (Üzeyir Hacıbəyov) operalarında solo rəqsləri ifa etmişdir. Onun ifa etdiyi əsas partiyalar:

 

1. Mitifyo ("Arlezianka", Jorj Bize)

2. Şəhrizad ("Şəhrizad", Nikolay Rimski-Korsakov)

3. Alov rəqsi ("Xəzər balladası", Tofiq Bakıxanov)

4. Oğuz xan ("Eşq və ölüm", Polad Bülbüloğlu)

5. Şah ("Rast", Niyazi)

6. Toreador, Espada və Qaraçı rəqsi ("Don Kixot", Lüdviq Minkus)

7. Şəhriyar ("Min bir gecə", Fikrət Əmirov)

8. Xasay xan ("Qafqaza səyahət", Aqşin Əlizadə)

9. Cahangir xan ("Qız qalası", Əfrasiyab Bədəlbəyli)

10. Məcnunun dostu, Montesinos ("Leyli və Məcnun" və "Don Kixot", Qara Qarayev)

 

Mükafatları

 

1. "Qızıl Dərviş" mükafatı

2. "Azərbaycan Respublikasının əməkdar artisti"

3. Azərbaycan Respublikası Prezidentinin mükafatı.

 

“Ədəbiyyat və incəsənət”

(02.10.2025)

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzi və “Marsol Academy”nin əməkdaşlığı çərçivəsində ölkəmizdə ilk dəfə “Body Game” təlimi təşkil olunub.

 

“Ədəbiyyat və incəsənət” portalına ASAN-dan verilən məlumata görə, Türkiyədə yaranaraq dünyanın müxtəlif ölkələrində tətbiq edilən bu 10 saatlıq proqram musiqi, oyun və öyrənməni bir araya gətirən innovativ metodologiyaya əsaslanır. Təlimi türkiyəli peşəkar mütəxəssislər Tuncer Ediz Toksoy və Esin Toksoy aparıblar.

 

Fərqli sahələri təmsil edən 50-dən çox iştirakçının qatıldığı təlim tamamilə interaktiv formatda keçirilib. Sessiyalarda iştirakçılara “Orff” yanaşması, bədən perkussiyası, yaradıcı rəqs və drama, hekayə əsaslı ritm məşqləri, eləcə də çoxlu zəka nəzəriyyəsi kimi mövzular praktiki üsullarla təqdim olunub.

 

Proqram çərçivəsində ritm və bədən hərəkətləri, “stəkan oyunları”, intizam və koordinasiya məşqləri, qrup rəqsləri, həmçinin yaradıcı materiallardan istifadə etməklə müxtəlif interaktiv fəaliyyətlər həyata keçirilib. Bu metodika iştirakçıların həm yaradıcı potensialını, həm də komanda bacarıqlarını gücləndirməyə xidmət edib.

 

ASAN İnnovativ İnkişaf Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə yaradılıb. Mərkəz qabaqcıl ASAN təcrübəsini tətbiq etməklə yanaşı, daim təlim sahəsində yenilikləri ilə fərqlənir, innovativ və müasir öyrənmə metodlarını təqdim edir. Məqsəd ölkədə yüksək ixtisaslı kadrların hazırlanmasına, dövlət və özəl sektorda fəaliyyət göstərən əməkdaşların peşəkarlığının artırılmasına mühüm töhfələr verməkdir.

 

“Ədəbiyyat və incəsənət”

(01.10.2025)

 

Türkiyənin Ankara şəhərinin tarixi Beypazarı rayonunda keçirilən 28-ci Beynəlxalq Beypazarı Festivalı zəngin proqramı və beynəlxalq iştirakçıları ilə diqqət mərkəzinə çevrilib.

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Beypazarı Bələdiyyəsinin təşkilatçılığı ilə reallaşan festival həm Türkiyədən, həm də xarici ölkələrdən gələn qonaqları bir araya gətirərək mədəniyyət, sənət və dostluq körpüsü qurub.

Festivalda Azərbaycan da fəal iştirak edib. Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Zəngəzur” Azərbaycan xalq rəqsləri qrupu möhtəşəm çıxışı ilə böyük maraq doğurub və Azərbaycan mədəniyyətini, milli rəqs irsini zövqlə təqdim edərək tamaşaçılardan alqış qazanıb. Bu iştirak həm Azərbaycan-Türkiyə qardaşlığının, həm də mədəni əməkdaşlığın gözəl nümunəsi oldu.

Beypazarı əsrlərin izlərini daşıyan daş küçələri, Osmanlı dövrünə məxsus evləri, zəngin kulinariyası ilə seçilir. Festival zamanı həm yerli sakinlər, həm də ölkənin müxtəlif bölgələrindən gələn qonaqlar qədim şəhərin ruhunu yaşadı, turizm və iqtisadi canlanmaya töhfə verildi.

Qeyd edək ki, Beypazarı Festivalı bölgənin qədim tarixini, milli dəyərlərini və zəngin sənət irsini dünyaya tanıtmaq məqsədi daşıyır. Ziyarətçilər burada qədim memarlığı, türk-Osmanlı dövrünün ruhunu yaşadan küçələri, yerli mətbəxin unikal ləzzətlərini, el sənətkarlarının əsərlərini və xalq rəqslərini görmək imkanı əldə ediblər. Festival çərçivəsində müxtəlif konsertlər, rəqs və moda nümayişləri, sənət sərgiləri, xalq oyunları və interaktiv ustad dərsləri təşkil olunub.

 

“Ədəbiyyat və incəsənət”

(01.10.2025)

Çərşənbə, 01 Oktyabr 2025 11:44

Şəhidlər barədə şeirlər - Fariz Həsənov

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

Şəhid Fariz Həsənov

Fariz Həsənov 1987-ci il fevralın 12-də Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olub. Ailəli idi. Bir oğlu və bir qızı yadigar qaldı.

Fariz Həsənov 2005-2006-cı illərdə Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) Milli Qvardiyasının sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2008-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun çavuşu olan Fariz Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fariz Həsənov oktyabrın 13-də Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fariz Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Fariz Həsənov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fariz Həsənov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

 

Zəfər tariximizdə

Qoymusan iz, Həsənov.

Özün müqəddəs şəhid,

Adın Fariz Həsənov.

 

Həyatda həssas adam,

Döyüşdə mahir əsgər.

Maaşını əsgəriylə,

Bölən komandir əsgər.

 

Sən bayrağa ucaldın,

Sən vətənə qarışdın,

Son dəfə ailən ilə,

Şəkildən sağollaşdın.

 

Sağollaşdın oğlunun

O körpə gözləriylə,

Qızının “tez gəl, ata”-

Sonuncu sözləriylə.

 

Söz vermişdin, savaşlar,

Bitən kimi qayıtdın,

Bu dəfə tarix kimi,

Vətən kimi qayıtdın.

 

Qayıtdın, ürəklərdə,

Alovun, adun qaldı.

Ailənin üzərində,

Əbədi adın qaldı.

 

Adın qaldı vətənin

Hər uca zirvəsində.

Millətin zəfər yolu

Azadlıq nəğməsində.

 

“Ədəbiyyat və incəsənət”

(01.10.2025)

 

 

Xalq yazıçısı, akademik Kamal Abdullanınəsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.

Çox sevindirici haldır ki, bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

 

1.

Hacı Mir Həsən ağa Səyyah, mənim başqa bir adım:

“Ölməkdən əvvəl ölməyə həvəsim yoxdur.”

 

2.

Kamyunun ölümə məhkum edilmiş qəhrəmanından soruşanda ki, sən o biri dünyanı necə təsəvvür edirsən, belə cavab verir: “Elə təsəvvür edirəm ki, mən orada bu dünyanı xatırlaya bilim.”

Gözəl arzudu. Bu həqiqətən belə olsaydı, ölməyə nə vardı?

 

3.

“Yollar getdi üzü dağa

Yoxuşlar enişlərdən çox.

 Kimsə yox xatırlamağa,

Unutmağa da kimsə yox...”

 

4.

“Filan ildə ölkənin şahı öldü. Bundan bir il sonra şahın arvadı öldü.” Bu iki cümlə tarixi əks etdirir. Bu cümlələri tarixi faktdan ədəbi fakta çevirmək üçün ikincisinə bircə söz əlavə etmək kifayətdir: “Filan ildə ölkənin şahı öldü. Bundan bir il sonra şahın arvadı qüssədən öldü.”

 

5.

“Kitabi-Dədə Qorqud” XVI əsr kəsiyində yazıya alınsa belə əsl tarixi romandır. Cismi ilə (ilk növbədə dili ilə) XVI əsrdə, ruhu ilə daha qədim dövrlərdədir. Bu dastanın cismi ilə ruhu bir-birinə uyğun gəlmir.

 

6.

Mifoloji təfəkkür birmənalı şəkildə dediyinə inanır. Siz bu gün dilimizin dərinliklərinə nə qədər ensəniz, bir o qədər dediklərinizə inanmayacaqsınız. “Aldanma ki, şair sözü, əlbəttə, yalandır” deyən Füzuli haqlı idi.

 

7.

“Kimi” qoşması Koroğlunun tüfənglə bağlı dediyini xatırladır. Bu dil vahidi ortaya çıxdımı, dilin mif dövrü (mərdlik dövrü - !) bitir. Və yeni yazı dövrünün (poetik dövrün) təntənəsi başlayır.

 

“Ədəbiyyat və incəsənət”

(01.10.2025)

 

 

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

1 oktyabr tarixi təqvimdə nə ilə səciyyələnir? İlk öncə onunla ki, bu gün yeni ay başlayır. Qızıl payızın orta ayı, toy-düyün mövsümü. 

 

Adəti üzrə 1 oktyabrda dünyaya gələn məşhur mədəniyyət xadimlərinin əlifba sırası ilə siyahısına nəzər yetirək. 

 

 

BƏHRAM OSMANOV

Azərbaycanın teatr rejissoru, aktyor, əməkdar incəsənət xadimi. 

Hazırda Akademik Milli Dram Teatrında və “Ocaq” yaradıcılıq studiyasında çalışır. 

1962-ci ildə Gəncədə dünyaya gəlib. 

 

EL QREKO

Dünya şöhrətli yunan mənşəli ispan rəssamı. Avtoportretləri ilə məşhurdur. 

1541-ci ildə İraklionda doğulub, 1614-cü ildə Toledoda vəfat edib. 

 

LEV QUMİLYOV

Rusiyanın yazıçısı, tarixçi alimi, etnoqrafı, araşdırmaçısı. Xüsusən tarixi kitabları ilə tanınıb. Onun “Qədim türklər” kitabı türkdilli xalqlar üçün xüsusi əhəmiyyət kəsb edir. 

1912-ci ildə Sankt-Peterburqda doğulub, 1992-ci ildə orada da vəfat edib. 

 

MƏNSUM İBRAHİMOV

Tanınmış xanəndə, Azərbaycan Respublikasının Xalq artisti, Prezident mükafatçısı, Milli Konservatoriyanın professoru. 

1960-cı ildə Ağdam rayonunda anadan olub. 

 

RİÇARD HARRİS

İrlandiyalı aktyor, müğənni, teatr prodüsseri, film rejissoru, yazıçı - bir sözlə, universal mədəniyyət xadimi. Kino və musiqi sahəsində ötən əsrin 60-80-ci illərində hədsiz uğurlar əldə edib. Kral Artur rolu və “Mak Artur Park” mahnısı onu şöhrətin zirvələrinə qaldırıb.

1930-cu ildə Limerikdə doğulub, 2002-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda vəfat edib. 

 

VAQİF BAYATLI ODƏR

Sevilən şair, tərcüməçi, Azərbaycanın Əməkdar İncəsənət xadimi. “Unudulacaq bütün sevdalar”, “Ölənəcən sevmək azdır”, “Yupyumru bir eşq ilə” kimi kitabları ilə bənzərsiz poetik nümunələr ortaya qoyub. 

1948-ci ildə Cəbrayıl rayonunda doğulubdur şair. 

 

“Ədəbiyyat və incəsənət”

(01.10.2025)

 

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edirik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

 

POEZİYA

 

SƏLİM BABULLAOĞLU

 

SENTYABR. EYLÜL. VERESEN. SEPTEMBER

 

1.

 

Sentyabr. Eylül. Veresen. September.

Sarı rəng və kədər. Qüssəli tembr.

Uzaqda batıq səs: halsız və yorğundur.

Diş yoxdur, deməli, işlər də yoğundur:

nədən ki, adamın tamahı itidi;

hər adam bir az da tamahın itidi.

 

Eylül, veresen, september, sentyabr

işğal eləyir bütün diyarı

köndələn yağışla, gözdeşən küləklə.

Sonrası rəsmdir: nə toxun, nə rənglə!

Payızdır. Sonbahar. Osen. Autumn.

Sarımtıl inqilab. Sarışın təlatüm.

 

Veresen. September. Sentyabr. Eylül.

Yarpaqlar qəpiktək elə hey tökülür.

Elə bil kim isə anladır könülsüz:

Bax budur dünyanın dəyəri, görürsüz.

Pəncərə önündə tozlu əlcək

sözsüz bir yazıdır: dünyadan əl çək!

 

September. Sentyabr. Eylül. Veresen.

Ad üçün hansı söz doğrudur, görəsən?

Sözdən yükünü boşaldıb kağıza

mənalar ehtiyac duymur ağıza.

Otaqda bürküsə, kim deyir bu, pisdi?!

Bürkünü hiss edən bədən var ipisti.

 

 

2.

 

Sentyabr. Eylül. Veresen. September.

Lüğətlər arası ən adi tender

qalib edərdi, yəqin ki, sükutu.

Sonrası nöqtədir – qələmin ucu.

O isə lap çoxdan yazıbdır: şimşək

çaxanda açacaq çətirlər çiçəktək.

 

Eylül. Veresen. September. Sentyabr.

Təqvimlər özünü eləyir biabır.

Onlara baxmadan bilirsən hətta

qiyabi tanışdır təqvimlər həyatla.

Açıqdır pəncərə, uçuşur bir arı.

Onun da rəngi sənintək sapsarı.

 

Veresen. September. Sentyabr. Eylül.

Qızılı alovdan doğulur qara kül.

Hirsinə nidatək siqaret kötüyü

küldanda dik durub. Ağzının köpüyü,

hirsin yatır. Elə öz qanında boğulur ürəyin,

gizlənib altında ağappaq köynəyin.

 

September. Sentyabr. Eylül. Veresen.

Sədəqə istəyir birisi, verirsən:

bir ovuc xırda pul, bir ilıq təbəssüm.

“Qoy arzun çin olsun, qoy üzün gülsün!” –

qapının dalından sezilən sözlərin

ünvanı göylərdir. Yaşarır gözlərin.

 

 

3.

 

Sentyabr. Eylül. Veresen. September.

Göy üzü ağarır tənbəl-tənbəl.

Baxışın səmada marafon yürüşü,

geridə buraxır uçağı və quşu.

Miskindir bu yerdə hər hansı məğrurluq.

Biz ki, göylərə əvvəldən məğlubuq.

 

Eylül. Veresen. September. Sentyabr.

Gecələr mavrdır, səhərlər kentavr

gödəni, bədəni, rəngi ilə hər kəs.

Divanda açıqdır İmre Kertes.

Vərəqi geriyə çevirir sərinkeş.

Ömürsə yenidən yaşanmır... eh...kaş...

 

Veresen. September. Sentyabr. Eylül.

Milçəkdən bir öpüş qazanır süni gül.

Yalanlar daha çox çəkici, güvənli.

Saxta bir avazla oxuyur müğənni:

“Dərdimi göylərə danışsam, alışar...”

Eybi yox, qulaqlar buna da alışar ...

 

September. Sentyabr. Eylül. Veresen.

Frigid qadıntək qələmdən bezirsən.

Üfüqü qızardan qürubun şəfəqi

güldanda bərq vurub anladır fərqi.

İşıqla kölgənin sevgi oyunu

qurtarır divarda. Filmin sonu. 


OKTYABR AĞISI


Asfaltda adətən iz qoymaz addımlar,
ləpirlər sanki təsdiq eləməz yolları;
nə geysək yenə də qaradır kölgəmiz,
qaradır uzunqol köynəyin ağappaq qolları;
tavanda heç vaxt günəştək doğmaz
o billur salxım, çilçıraq,
nəğmənin mənası yoxdursa
bəlkə dəlilik yaxşıdır, bəlkə çıldıraq?!

Bilirəm, çöhrəmdə ən çox sezilən 
sarıdır, bir az da külrəngi solğunluq;
uzaq bir nöqtəyə dirənib qalmağım,
halsız-halsız baxmağım, yorğunluq;
düzdür, sözlərin muncuq sırası varağda 
çox rahat oxunur; eləcə;
amma sözlər uzaqdan yol gəlir,
ürəyi deşib keçirlər qələmə, ələcən.

Divarlar çat verib, nəm çəkib; rütubət “Yoxsul süfrə”ni
pikassosayağı ustaca həkk edib divara;
o isə hələ də dimdik, ütülü, şıq gəzir,
cibində dostların verdiyi qəhvəyi siqara.
Qəzetlər qəzadan yaman çox danışır, yazırlar-
elə bil ölənlər adam yox, böcəkdir.
Həyəti sanki qurd kimi ulayan küləkli bu evin sakini tənhadır;
deyirlər təklik-tənhalıq kütlədən daha çox gerçəkdir.

Nə ilham pərisi, nə sükut, bax elə tənhalıq əlində qələmim

vərəqin üstündə gəzişir, bəlkə də başını bulayır: yəni ki, nə bilim…

Adını düşünüb yad dildə astadan “october” deyirəm axırda

və ona “Koktobel” sözündən başqa bir qafiyə tapmıram Bakıda.

Gündüzlər qısalır, gecələr uzanır, tezliklə şaxtalar başlayar, oktyabr.

Siyafur vərəqlər arada qoluma yapışır hələ də:  nə həya tanıyır, nə abır.

Çox qəliz havadır: gah soyuq, gah isti, çoxalır sətəlcəm, öskürək, xırıltı:

elə bil kim isə dalğanı dəyişir “fm”də, qafamda, komamda: xışıltı...


Əvvəllər yazanda sevinər, o xoşbəxt olardı,
indi sözləri sanki tikantək çıxarır canından;
əvvəllər duranda cümlənin başında mübtəda,

deməli yel də ötməzdi yanından,
yəni, sonrası olardı mütləq xəbərə mübtəla.
İndisə içində böyüyən əcaib monstr
qul etmək istəyir onu da ismin yiyəlik halında,
dünya da təəsüf ki, nə məscid, nə də ki monastır.

 

“Ədəbiyyat və incəsənət”

(01.10.2025)

 

Çərşənbə, 01 Oktyabr 2025 07:43

MÜTALİƏ MƏDƏNİYYƏTİ – 29.Qara ststistika

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Azərbaycan Ədəbiyyat Fondu@

 

 

 

29.

 

QARA STATİSTİKA

 

Mütaliə insanların həyatındakı müvəffəqiyyəti gücləndirən başlıca amillərdəndir. O, məlumat-axtarış və idrakı fəaliyyət növü kimi insanın inkişafında, təhsilində və tərbiyəsində xüsusi yer tutur. Mütaliənin tədris, təhsil və tərbiyə funksiyaları kompleks xarakter daşıyır. Bir-biri ilə qırılmaz surətdə bağlı olan bu proseslər mütaliənin nəticəsi olaraq cəmiyyət tərəfindən formalaşmış biliklərin mənimsənilməsi (tədris), bu biliklər sisteminin yaradılması (təhsil) və şəxsiyyətin inkişafı gedişinin idarə edilməsi (tərbiyə) kimi ifadə edilir.

Fərdi psixoloji proses olmasına baxmayaraq o, cəmiyyətin sosial həyatına, mövzu marağının məhsulu olan yeni ideyaların yayılmasına və içtimaiyyətin malına çevrilməsinə imkan yaradır, dövrün və tarixi keçmişin hadisələri ilə yaxından tanış olmağa, içtimai münasibətlərin dərk edilməsinə, həyatda obyektiv baxışın formalaşmasına, eləcə də cəmiyyətin həyat tərzi üçün etik, hüquqi və estetik normaların mənimsənilməsinə kömək edir. Sokrat  mütaliənin cəmiyyətin həyatındakı önəmi barədə deyirdi: " Mütaliə hər bir cəmiyyətin gündəlik vərdişinə çevrilərsə, həmin cəmiyyət xoşbəxt olar."

Təəssüf ki, ölkəmizdə ənənəvi mütaliəyə meyil azalmaqdadır. İl ərzində bir yunan 25, isveçli 10, fransız və türk 7 kitab oxuduğu halda, Azərbaycanda bu göstərici minumum səviyyədədir.

ABŞ-da valideynlərin 87%-i məktəbəqədər yaşlı övladlarına kitab oxuyur, 37%-i bunu gündəlik edir. Bizdə isə 34% ailələrdə uşaqlar üçün kitablar yoxdur. 

Halbuki mütaliə şəxsiyyətin formalaşmasında xüsusi əhəmiyyət kəsb edir.

Bəs nə etməli?

 

Növbəti: 30.Nə etməli?

 

Ədəbiyyat və incəsənət”

(01.10.2025)

 

Çərşənbə, 01 Oktyabr 2025 13:09

Biri ikisində Vasif Əlihüseynin şeirləri ilə

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Vasif Əlihüseynin şeirlərı təqdim edilir.

 

ŞEİR VAXTI

 

Vasif ƏLİHÜSEYN

 

 

SİNƏSİNƏ MİNA BASDIRILMIŞ TORPAQDI ÖMÜR

 

Sinəsinə min basdırılmış

Torpaqdı ömür,

Yaşayırıq, Allaha təvəkkül.

 

Gəl, istehkaçmı çağır,

irəlidə getsin,

biz də arxasınca,

qarşıdakı günləri qarşılamaq üçün.

 

Bax, ayağını itirən o adam

Hələ də peşmandı

Cızığından çıxdığı üçün

 

 

DÜŞDÜ GÖZMÜDƏN BU ŞƏHƏR

 

Burnunu kiçildib,

dodağını şişirdəndən sonra

düşdü gözümdən bu şəhər.

 

Gözəllik salonları artdıqca

daha çox çirkinləşdi,

bilmirəm, nə fikirləşdi.

 

Adını azadlıq qoyub

qadın özbaşınalığını təbliğ etdilər.

Qətllər, qisaslar artdı sinəsində

bu şəhər sinəsini şişirdən gündən.

 

Bu şəhərin xəstəlik tutan kişiləri

kürəyindəki ağrıları fahişələrə ovdurur

masaj salonlarında...

Bəs sənin ərin hanı,

özgə kişinin kürəyini ovan qadın?!

 

 

APTEKÇİ QIZ

 

Ağrılarımın sağalacağına dair

Bir məktub var əlimdə,

Oxu bu əndrəbadi yazıları,

Aptekçi qız.

 

Bax gör dərd mənə

Dünyanın neçənci mərtəbəsindən

Baxır üzüaşağı.

 

Sən dərmanları saydıqca

Ağrılarım keyiyir

Barmaqlarım cibimi deşir.

 

İçim bu kəmşirin dərmanları

Ağrıların sağlığına,..

Bir də oğluma pampers ver,

Aptekçi qız.

 

 

DARIXIRAM

 

Sənə xəyanət etdiyim gündən

milçəklər pəncərə toruna

dəyib qayıdan kimi

sənə gəlib-qayıdıram.

 

Hardadı sənlə çay içəndə

ayağımı dişləyən

ağcaqanadlar?

Sən gedəndən

fincanının dibində quruyub

kofenin sonu.

 

İndi fincanının dibində

fala baxıram

uzaqlardasan, uzaqlarda,

mən darıxıram...

 

 

DƏRD ELƏMƏ, ƏZİZİM

 

Küçədə yağış yağır,

sel götürüb hər yanı.

Yuyur günahlarını,

təmizləyir dünyanı.

 

Sənin də günahın var,

düzün deyim, bağışla.

İndi fürsətdi sənə,

çıx küçəyə yağışda.

 

Qoy saçların islansın,

gözlərinə yaş dolsun.

Ürəyinə “heyif”lər,

ürəyinə “kaş” dolsun.

 

Dərd eləmə, əzizim,

günahsız insan yoxdu.

İndi nə çıxdın-çıxdın,

sabaha leysan yoxdu.

   

 

KÖRPƏLƏRİN ŞƏKLİ

 

Bütün müharibələrə

körpələrin yatdığı yerdə

şəklini göstərin,

onda anlayacaqlar

dünyanın nə qədər mənasız olduğunu...

 

anaların qolları

saat kəfkiri kimi

yelləyir bu ağlağan uşağın beşiyini...

 

yellədikcə zaman ötür,

körpələr böyüyür,

əsgər olur.

 

 

ŞƏHİD RAMAZAN

2022-ci il 19 sentyabrda antiterror əməliyyatında şəhid olan kəndlim Hüseynzadə Ramazan üçün

 

Uzanan o səsiylə

Vətən səni çağırdı.

Bu tabut nə böyükdü,

Bu tabut nə ağırdı.

 

İlahi, oğulların

Bir bax gör hardan gəlir.

Vətənin beşiyindən,

Edibdi dardan gəlir.

 

Gözlərində yuxusu

Nə şirindi şəhidin.

Üzündəki gülüşü

Necə var, elə qalıb.

 

Nə gözəl şəhid olub,

Könüllərdə bu dindi.

Şəhadəti lap uca,

Şərbəti şipşirindi.

 

Arzun, de, çin oldumu?

Vətənçün sədaqətə.

Axı özün demişdin:

“Vilayətdən şəhadətə”.

 

“Ədəbiyyat və incəsənət”

(01.10.2025)

                                              

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.