İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, AJB və AYB-nin üzvü, «Ədəbiyyat və incəsənət» portalının Cənub təmsilçisi
Cəlilabad rayon Veteranlar Təşkilatı tərəfindən Azərbaycan Yazıçılar Birliyinin üzvü, qəzəlxan, şair-dramaturq İman Abdullanın vətənpərvər, ictimai və lirik şeirləri ilə yanaşı Azərbaycanın qəhrəman övladları haqqında qələmə alınmış poemalar toplusu olan "Hədəfdən yayınan güllə", həmçinin əziz şəhidlərimiz barədə qələmə aldığı "Zirvələrə ucalanlar" adlı kitablarıının təqdimatı keçirilmişdir.
Əziz şəhidlərimizin xatirəsini əziz tutmaq hədəfi ilə 1 dəqiqəlik sükutla başlayan, eyni halda AYB və AJB-nin üzvü, tanınmış yazıçı-nasir Meyxoş Abdullahın aparıcılığı ilə keçirilən tədbirdə Cəlilabad rayonunun tanınmış ziyalıları, siyasət, ictimaiyyət, din və media nümayəndələri, şəhid ataları və qazilər, Cəlilabad Rayon İcra Hakimiyyətinin şöbə müdiri qazi Füzuli Cəfərov və Cəlilabad Bələdiyyəsinin sədr müavini Elçin Hüseynov, "TarTvAz" İnformasiya Agentliyinin rəsmisi Marif Bayramov, Qarabağ qaziləri İctimai Birliyinin rayon filialının sədri Maşalla Əliyev, həmçinin, Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndələrindən: Ədalət Salman, İman Abdulla, Meyxoş Abdullah, Mikayıl İncəçaylı, Gülbala Teymur, Bilal Alarlı, Sakit Üçtəpəli, Qurban Əhməd, Ruhiyyə Abaszadə və İlqar İsmayılzadə yaxından iştirak edərək öz çıxışlarında el şairi İman Abdullanı yeni nəşr olunmuş kitabları münasibəti ilə müəllifi təbrik edib, şəhidlər və qazilər barədə yazılan hər bir kitab, məqalə və yazının dəyərindən söz açdılar. Tarixin unudulmaması və vətənpərvərlik hissinin daim diri saxlanılmasına təkid edilən tədbirdə Ali Baş Komandan Prezident İlham Əliyev və onun qalib ordusunun rəşadətindən danışılmış, şəhidlər və qazilər barədə ərsəyə gəlmiş kitablarla bağlı müəyyən təkliflər irəli sürülmüşdür.
Tədbirdə AYB və AJB-nin üzvü, "Sözün işığı" mətbu orqanının təsisçisi və baş redaktoru, Prezident təqaüdçüsü, yazıçı-publisist, şair Ədalət Salman tərəfindən şair İman Abdullaha Veteranlar Təşkilatının Fəxri Diplomu, həmçinin, fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, AJB və AYB-nin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi İlqar İsmayılzadə tərəfindən şair İman Abdulla Cəlilabad ədəbi mühitində davamlı və səmərəli fəaliyyətinə görə "Həməşəra" Fəxri Fərmanı, müqəddəs Azərbaycan Bayrağı və Cəlilabad ədəbi mühitinin xanım yazarları barədə ilk dəfə yazılıb çap olunmuş "Qələm tutan incə əllər" təqdimat kitabı təqdim edilmişdir. Tədbir xatirə şəkillərinin çəkilməsi ilə sona çatmışdır.
“Ədəbiyyat və incəsənət”
(02.10.2025)