Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Salam " Ədəbiyyat və İncəsənət" portalının dəyərli izləyiciləri.
“Psixologiya və Şeir” rubrikası insanın daxili aləmini iki fərqli, lakin bir-birini tamamlayan prizmadan təqdim edir. Psixologiya insan davranışlarını, duyğularını və düşüncələrini izah edir, şeir isə həmin duyğulara bədii çalar qataraq onları daha təsirli şəkildə ifadə edir. Bu rubrikada elmin dərinliyi ilə poeziyanın incəliyi bir araya gələcək və oxuculara həm düşünmək, həm də hiss etmək imkanı verəcəkdir.
Beləliklə, qonaqlarımızı Sizə təqdim edirik: Şair qonağımız BDU- nun SEP- fakültəsinin Fəlsəfə ixtisasının məzunu, AYB-nin üzvü, " Sükutdan asılmış ruh", "Qəfəs darlığı", “Bir sərbəst şeir, iki qafiyə kədər", Türkiyədə dərc olunan "Günüm gecəylə başlar" şeir kitablarının müəllifi , “Zərif kölgələr" antologiyasının və "Vətən mücahidləri" kitabının həmrəhbəri sevimli xanım Aysel Nəsirzadə, psixoloq qonağımız CİBS Psixologiya və Təlim Mərkəzinin psixoloqu Müjqan Məmmədovadır.
Ruh bədəndə yerin danır…
Bilsən necə qəm çəkirəm
Divar nəmi çəkən kimi.
Göz yaşlarım selə dönür
Gün gecəyə keçən kimi.
Düyünlənib acı qəhər,
Boğur məni yenə gecə.
Ürəyimə verir kədər,
Həsrət olub bir bilməcə.
Bilmirəm ki, bu nə sirdir?..
Bilməm, niyə narahatam...
Yadıma gəlmir, bir ildir
Başım atıb rahat yatam.
Vücudumun təpəri yox ,
Ruh bədəndə yerin danır.
Nə göylərə təslim olur,
Nə yerdəki yerin anır.
Yazan özü belə yazıb,
Taleyi mən seçməmişəm.
Ölüdən betərəm onsuz,
Bir dünyadan köçməmişəm.
Ruh–bədən konfliktinin təsviri
Şeirin əsas xətti ruhun bədəndə yerini tapa bilməməsidir. Bu, eksistensial narahatlığın və özünü identifikasiya böhranının poetik ifadəsidir. İnsan özünü nə tam bu dünyaya aid, nə də başqa bir dünyaya hazır hiss edir. Bu, dərin daxili boşluq və məna axtarışı yaşayan şəxslərdə rast gəlinir.
“Ruh bədəndə yerin danır,
Nə göylərə təslim olur,
Nə yerdəki yerin anır.”
Bu misralar insanın mənəvi bir limbo vəziyyətində olduğunu göstərir — nə göy (ilahi) ilə, nə də yer (maddi) ilə tam uyğunlaşa bilir.
Qəm və həsrət motivləri
“Düyünlənib acı qəhər
Boğur məni yenə gecə” bu misralar boğulma hissini, yəni emosional bloklanmanı ifadə edir. Bu həm də ifadə olunmamış hisslərin, xüsusilə həsrətin daxildə düyünlənməsi deməkdir. Həsrətin “bilməcə” adlandırılması onun adını, səbəbini tam dərk etməmək deməkdir.
Psixoloji mənzərə
Bu şeir eksistensial böhran, daxili boşluq, özünə və həyata aidiyyət hissinin itməsi, uzunmüddətli narahatlıq və ümidsizlik kimi halın bədii təsviridir. Şeirdəki obrazların hamısı bu psixoloji tabloya uyğun gəlir:
Divar nəmi → İçə işləyən, yığılan kədər.
Selə dönən göz yaşı → Emosional daşqın, amma hələ də boşalmamış ağrı.
Düyün → ifadə olunmamış, açılmamış emosiyalar.
Bu şeir şairin ozunə aid hisslərdirsə, bu bir ruhi transformasiya mərhələsinin başlanğıcı da ola bilər. Ruh bədəndə yerini tapmadıqda, bu çox vaxt köhnə kimlikdən çıxıb yenisinə keçmə prosesində olur. Bu, mənəvi oyanış və ya şəxsi böhranın eyni üzüdür.
Taleyi mən seçməmişəm bu, nəzarət itkisi hissinin ifadəsidir. Şəxs öz həyatını idarə edə bilmədiyini, sadəcə yazılan bir ssenarini yaşadığını düşünür. Bu isə passivlik, ümidsizlik və ozü ölü olmadan ölmüş kimi hiss metaforası ilə tamamlanır.
“Ədəbiyyat və incəsənət”
(02.10.2025)


