Cızma-qaralar - ESSE Featured

 

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

Bugün uşaqlığımla görüşdüm yenə. Görüşə gələrkən məndən eyni geyinməyimizi istəyəndə tərəddüd etdim, amma sonra onun ən sevdiyi rəngi geyinməkdə razılaşdıq. 

 

Görüş yerimiz evimizə yaxın olan mağazanın həyətindəki balaca bağça idi. Ancaq ora gedə bildiyini, başqa yerləri tanımadığını dedi. Görüşdük. Onu gəzməyə aparmağı təklif etdikdə oyuncaqlarını evdə tək qoya bilməyəcəyini dedi.

 Onunla nə edəcəyimi bilmirdim. O mənim sadəcə keçmişim deyildi, bugün də içimdə saxladığım, bugün də qoruduğum, qəlbimdə yaşatdığım bir parçam idi. 

Onun 6 yaşı var idi. Bu il artıq məktəbə başlamışdı, 1-ci sinfə gedirdi. Mənsə bu il universitetdən məzun olmuş, həyatın başqa yollarına atılmışdım. 

Keçmişi gələcəyə birləşdirəm bir körpü çəkdik onunla bugün. Mənə ən çox hansı oyunları sevdiyini, hansı çizgi film qəhrəmanı olduğunu, böyüyəndə kim olacağını, necə bir həyatı olacağını xəyal etdiyini danışdı. Elə şirin danışırdı ki, hər dediyi gözlərimi doldurdu, üzümə səmimi, qəlbdən bir təbəssüm qoydu. Onunla danışarkən özümü ondan sonrakı 15 ildə olmadığım qədər hüzurlu hiss etdim bəlkə də. Doya-doya baxdım o şən, hər şeydən xəbərsiz, tək qorxusu istədiyi şirniyyatları almadan evə gələn valideynlər idi. Heç müəllimlərdən də qorxmurmuş, sinif birincisi imiş.

Əlimdən tutub dartaraq məni birgə qurduğumuz o körpüyə apardı. "Getmə, gəl bizə gedək, bizdə qal, heç hara getmə" deyə dartırdı. Balaca əlləri, balaca biləkləri 2 barmağımı sarmalamışdı. Onu qucağıma alanda bir şey hiss etdim. Onu geridə qoymaq onu tək qoymaq demək olacaqdı. Boynuma elə möhkəm sarılmışdı ki, bu təkliyi nə ona, nə özümə yaraşdıra bildim. Onu da özümlə aparmaq qərarına gəldim. "Anamı tək qoyacıq?" deyə soruşduqda onun bizi gözlədiyini dedim. Hoppanaraq qucağımdan enib körpünün gələcək istiqamətinə qaçdı. "Gəl gedək, mən tez böyümək istəyirəm" deyə qışqırdı. 

Yerimdə dayandım. Yavaş yavaş ona yaxınlaşıb bir daha qucaqladım və onu özümlə aparmaqdan vazkeçdim. Səssizcə qulağına pıçıldadım:

-Mən heç vaxt icazə verməyəcəm ki, sən böyüyəsən....

 

“Ədəbiyyat və incəsənət”

(02.10.2025)

 



Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.