ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Bir neçə gün əvvəl 33-cü ildönümünü qeyd etdiyimiz Xocalı soyqırımı Ukraynanın bir sıra şəhərlərində anım tədbirləri ilə xatırlanıb.

 

Krivoy Roq şəhərində Azərbaycan diasporunun fəalları həm Xocalı soyqırımına, həm də Qolodomor qurbanlarına ehtiram əlaməti olaraq “Qolodomor” abidə kompleksinə əklil və gül dəstələri qoyub, soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra tədbir iştirakçılarına Xocalı faciəsinin tarixi haqqında ətraflı məlumat verilib.

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Xarkov şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb. Tədbirdə Azərbaycan Respublikasının Xarkovdakı fəxri konsulu Əfqan Salmanov, Albaniya Respublikasının Xarkovdakı fəxri konsulu Şahin Ömərov, Xarkov Vilayət Dövlət Administrasiyasının investisiya və xarici iqtisadi fəaliyyət idarəsinin xarici iqtisadi əlaqələr və beynəlxalq münasibətlər şöbəsinin müdiri İnessa Qluşenko, Xarkov vilayətinin “Dostluq” cəmiyyətinin sədri Murad Ömərov, Ukraynanın xalq rəssamı Katib Məmmədov, elmi institutların nümayəndələri, yaradıcı və təhsil ictimaiyyətinin üzvləri, eləcə də Xarkov sakinləri iştirak ediblər. Çıxışçılar erməni separatçılarının Xocalıda törətdikləri cinayətlərin amansızlığının, bu faciənin nəticələri və günahsız insanların qətlə yetirilməsinin dünya tərəfindən soyqırım aktı kimi tanınmasının vacibliyini vurğulayıblar. Daha sonra Xocalı soyqırımını haqqında sənədli film göstərilib. Sonda tədbir iştirakçıları Xarkov İnformasiya-Sərgi Mərkəzinin “Buzok” qalereyasında Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan fotosərgisiyə baxıblar.

 

“Ədəbiyyat və incəsənət”

(05.03.2025)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Düzünə qalsa, onunla nə dostluğum, nə də yoldaşlığım olub, amma arada Əli Kərim adına Poeziya klubuna yolum düşəndə, rastlaşıb söhbətləşərdik. 

 

Çox çılğın və emosional adam idi. Bir anda coşa, bir dəqiqə sonra sakitləşə bilirdi. Güclü yaddaşı vardı. Demək olar ki, bütün klassiklərin, eləcə də zəmanə şairlərinin poeziya nümunələrini əzbərdən söyləməyi bacarırdı. O vaxt yüksək postda çalışan qohumunun vasitəsi ilə AYB-nin Sumqayıt bölməsini yaratmışdı və bölməyə özü rəhbərlik edirdi. Münasibətinin kimlərlə necə olduğunu deyə bilmərəm, amma onun vəzifəsinə göz dikənlərin də olduğundan məlumatlıydım. Hətta AYB-nin sədri xalq yazıçısı Anara, eləcə də müxtəlif distansiyalara yazılı, şifahi müraciətlər edirdilər ki, onu tutduğu vəzifədən uzaqlaşdıra bilsinlər. O isə bu xəyanətlərə tab gətirirdi. Elə bil, hansısa sehirli qüvvə onu qoruyub saxlayırdı...

 

Haqqında söhbət açdığım şair Sabir Sarvan (Sabir Soltan oğlu Məlikov) 1956-cı il mart ayının 5-də Ağsu rayonunun Pirhəsənli kəndində anadan olmuşdu. Əsl anası Cəmilə xanım olsa da, bir yaşından Sarvan kəndində yaşayan ana nənəsi Səkinə xanımın himayəsində böyüyüb, təlim-tərbiyə almışdı. 1971-ci ildə Sarvan  kəndində səkkizillik məktəbi, 1973-cü ildə isə Növcü kənd orta məktəbini bitirmişdi. 1977-ci ildə o vaxtkı M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakultəsini bitirmişdi. Bir müddət N. Vəzirov adına Lənkəran Dövlət Dram teatrında, sonra isə Bakı Tədris Teatrında aktyor işləmişdi. 1996-cı ilin dekabr ayından AYB-nin Sumqayıt bölməsinin sədri vəzifəsində çalışırdı. 

 

2017-ci ilin mart ayında xəstəlikdən vəfat edib...

Uzun illər evli olsa da övladı yox idi. Amma uşaqları çox sevirdi... 

Həyat yoldaşı Zərnigar xanımın söylədiyinə görə, həkim ondan son istəyini soruşduqda, Sabir Sarvan dərindən ah çəkərək: “Ölüm məni qorxutmur, torpaqdan gəlmişik, torpağa da qovuşacağıq, amma bir arzum var, keşkə Qarabağı azad görüb öləydim.” Həkm təəccüblə üzünə baxaraq, sən Qarabağlısanmı?- deyə soruşduqda isə, Sabir Sarvanın cavabı qısa və sərt olub: “Mən Azərbaycanlıyam. Bunu istəmək üçün Qarabağlımı olmalıydım?!.

Xarizmatik xüsusiyyətlərilə çoxlarından seçilirdi. Mərdanə davranışı, ağayanə xarakteri vardı. Sözü üzə deməyi bacarırdı. Yaxşı təşkilatçı, bacarıqlı inzibatçıydi. Şəhər rəhbərliyi ilə münasibəti çox yaxşıydı. Bütün bunlarla yanaşı, Sabir Sarvan necə deyərlər, təpədən dırnağa şair idi. Şəxsiyyətilə yaradıcılığı üst-üstə düşən şair...

Deyirdi ki,- “Ədəbiyyat ilk növbədə səmimiyyətdən başlayir. Səmimiyyət olmayan yerdə insanlıq və deməli sənət də yoxdur. Mənim müşahidələrimə görə paytaxt ədəbi mühitində səmimiyyət itib, Sumqayıt ədəbi mühitində isə ayrı-ayrı qələm sahiblərinin sayəsində hələ ki, bir duruluq var və buna görə də, bu fikirlə razıyam ki, Sumqayıt ədəbi mühiti daha fəal, daha güclüdür. Paytaxt ədəbi mühitinin nümayəndələrinin Sumqayıtda görüşlər keçirmək istəyi də elə bununla bağlıdır. Amma təəssüf ki, səmimiyyətdən kənar, bir-birini oxumadan belə, bir-birini tərifləmək bizim ədəbi mühitə də ayaq açır. Ümumilikdə isə, bizim ədəbi mühitdə elə imzalar var ki, təbliğatı “tanrının yanına” qaldırılan paytaxt yazıçısından, yaxud şairindən qat-qat üstündür. Sadəcə, reklamı yoxdur. Günahı da budur ki, əyalətdə yaşayır.”

Vəfatından az öncə, 2017-ci ildə AYB-nin "Natavan" adına klubunda 60 illik yubileyi geniş şəkildə qeyd edilib. Vəsiyyətinə əsasən, doğulduğu Ağsu rayonunun Pirhəsənli kəndində dəfn olunub. 

Sağlığında hər dəfə Pirhəsənliyə yolu düşəndə ahıl insanlara, kimsəsizlərə baş çəkər, onların dərd-sərini öyrənib, əlindən gələn köməyi edərdi...

Sabir Sarvanın Miri deyə müraciət etdiyimiz bir həmkəndlisi və sinif yoldaşı ilə mehriban münasibətim var. Hər dəfə Sabir Sarvandan söz düşəndə, söhbətə atası Soltan müəllimdən başlayıb deyir ki,- “Soltan müəllim çox ciddi və zabitəli kişi idi. Onun zabitəsindən hamımız çəkinirdik. Bu gün nail olduğumuz ali təhsilə, mədəni davranışa görə, məhz ona minnətdarıq. Elə bir kişinin oğlu pis adam ola bilməzdi. Şairin ölümü hamımızın sinəsinə dağ çəkib...”

Söhbətimin sonunda, bir daha vurğulamaq istəyirəm ki, bəli, Sabir Sarvan mərdanə kişilərdən idi. Bunu sağlığında ondan qalaq-qalaq şikayətlər yazıb yuxarılara göndərən qələm yoldaşları da, sonradan başa düşdülər və haqqında ürək dolusu danışmağa başladılar...

Bu gün onun yaratdığı bölmədən necə deyərlər, evinə əməkhaqqı aparan bir neçə adam var. Onlardan biri də Sabir Sarvanın vəzifəsini daşıyan Gülnarə Cəmaləddindir. Sağ olsun, Sabir bəyin açdığı cığırı daha da genişləndirərək, AYB-nin Sumqayıt bölməsinin köhnə nüfuzunu qoruyub saxlaya bilir...

Yaşasaydı, bu gün - martın 5-də şairin 69 yaşı tamam olacaqdı... 

Ruhu şad olsun!..

 

“Ədəbiyyqt və incəsənət”

(05.03.2025)

Türkiyənin paytaxtı Ankarada, eləcə də Antalya və Kayseri şəhərlərində bir neçə gün ərzində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan anım tədbirləri keçirilib. Tədbirlərdə əvvəlcə Xocalı soyqırımı qurbanlarının və hər iki ölkənin azadlığı uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib. Tədbirlər beynəlxalq ictimaiyyəti Xocalı soyqırımını tanımağa çağırışla yadda qalıb.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Ankaradakı “Bir millətin ürəyindəki alov: Xocalının dinməyən ağrısı” adlı anım tədbiri Azərbaycanın Türkiyədəki Səfirliyinin, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF), Türkiyə Siyasi və Strateji Araşdırmalar Fondunun (TÜRPAV), Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyinin, Türk Dünyası Mədəniyyət Mərkəzi və Ankara – Bakı Tanıtım və Həmrəylik Dərnəyinin birgə təşkilatçılığı ilə baş tutub. Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin müşaviri Eldar Əliyev, Ankara Böyükşəhər Bələdiyyəsinin sədr müavini Faruk Köylüoğlu, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) sədrinin müşaviri Pərviz Məmmədzadə və siyasi partiyaların təmsilçiləri çıxışlarında Xocalı soyqırımının bəşər tarixinin ən qanlı və dəhşətli faciəsi olduğunu vurğulayaraq, Xocalını təkcə Azərbaycanın deyil, türk dünyasının ortaq acısı kimi qiymətləndirərək beynəlxalq ictimaiyyətin bu soyqırımı tanımasının zəruriliyini qeyd ediblər. Tədbir çərçivəsində Türkiyənin bir sıra aparıcı universitetlərinin iştirakı ilə panel müzakirələr keçirilib. Sonda tədbir iştirakçıları Xalq artisti Əlixan Səmədovun ifasını dinləyiblər.

Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin, Türk Ocaqlarının Antalya təşkilatının və Türk Dünyası Topluluğunun birgə təşkilatçılığı ilə Akdeniz Universitetində keçirilən tədbirdə Kərkük, Qazaxıstan və Qırğızıstanın müxtəlif bölgələrindən olan dərnək üzvləri, eyni zamanda İraq Türkmən Birliyi və Həmrəylik Cəmiyyəti sədri Kürşad Çavuşoğlu, Akdeniz Universitetində təhsil alan Cənubi Azərbaycanlı soydaşlarımız iştirak edib. Əvvəlcə iştirakçılar universitetin foyesində Xocalı soyqırımını özündə əks etdirən fotosərgi ilə tanış olublar. Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Azər İsmayıl və Türk Ocaqlarının Antalya təşkilatının sədri Abdullah Uysal Xocalı soyqırımının insanlığa qarşı cinayət olduğu vurğulayıb və bu faciənin unudulmamasının, beynəlxalq ictimaiyyətin bu soyqırımı tanımasının zəruriliyini qeyd ediblər. Məruzəçi, professor Toğrul İsmayıl Xocalı soyqırımının tarixi, beynəlxalq hüquq baxımından təhlili və türk dünyası üçün əhəmiyyəti haqqında geniş təqdimat edib. Təqdimatın ardından iştirakçılar, məruzəçiyə mövzu ilə bağlı suallar verərək daha ətraflı məlumat əldə ediblər.

Kayseri şəhərinin Talas rayonundakı Şuşa Azərbaycan Evində də Xocalı qurbanları yad edilib. Anım tədbirində Kayseri valisinin müavini Adnan Türkdamar, Talas Bələdiyyəsinin sədri Mustafa Yalçın, Melikqazi Bələdiyyəsinin sədri Mustafa Palancıoğlu, Kayseri Polis İdarəsinin rəisi Atanur Aydın, Kayseri Universitetinin rektoru Prof. Dr. Kurtulmuş Karamustafa, Kayseri Mədəniyyət və Turizm İdarəsinin müdiri Dos. Dr. Şükrü Dursun, SOCAR-ın Kayseri nümayəndəsi Sinan Temur, Milliyyətçi Hərəkat Partiyası (MHP) və Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Kayseri təşkilatının rəhbərləri, QHT və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirdə soyqırımının tarixi aspektlərinə toxunulub, beynəlxalq ictimaiyyətin bu soyqırımı tanımasının vacibliyi diqqətə çatdırılıb. Sonra tədbir iştirakçıları Azərbaycan Qardaşlıq Parkında ucaldılmış Xocalı abidəsinin önünə gül dəstələri düzüblər.

 

“Ədəbiyyat və incəsənət”

(05.03.2025)

İsraildə fəaliyyət göstərən “Israel National News Arutz Sheva” xəbər saytında Xocalı soyqırımı ilə bağlı  “Paylaşılan ağrı. Yəhudi icmaları soyqırımı qurbanlarının xatirəsini yad edir” başlıqlı məqalə işıq üzü görüb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, məqalədə İsraildə və dünyanın müxtəlif yerlərində yaşayan minlərlə  Azərbaycan əsilli yəhudi icmasının 33 il əvvəl Xocalıda baş verən qətliamı qurbanlarını yad etdiyi  bildirilir. Qeyd olunur ki, yəhudi icmaları Xocalıda  həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq şamları yandırır, dualar oxuyur və mərasimlər keçirirlər.

Bakıdakı Səfərad icmasının ravvini Zamir İsayev İsraildə 7 oktyabr 2023-cü ildə baş vermiş qətliam zamanı azərbaycanlıların İsrailə böyük dəstək olduğunu vurğulayıb. Ravvin  rəhbərlik etdiyi yəhudi məktəbində Xocalı qurbanlarının xatirəsinə həsr olunan anım mərasimi keçirildiyini də diqqətə çatdırıb.

Məqalədə xüsusi olaraq qeyd olunur ki, Azərbaycanda İsrail dövlətinə və yəhudilərə münasibətdə həmrəylik nümayiş etdirilir. 

İsraildə Xocalı faciəsinin anım mərasimini təşkil edən “Azİz” İsrail - Azərbaycan Xalqlararası Əlaqə” Assosiyasiyasının prezidenti Adam Amilov “Azərbaycan və İsrailin ortaq ağrıları iki xalq arasında ümid və birlik körpüsünə çevrilmiş və beynəlxalq arenada diplomatik əlaqələri və qarşılıqlı dəstəyi gücləndirmişdir” kimi fikirləri də yer alıb.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.israelnationalnews.com/news/404585

 

"Ədəbiyyat və incəsənət"

(05.03.2025)

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün

 

 

Azərbaycan aşıq sənəti tarixdən gələn ulu səsdir – bəzən könül titrədən bir yanıqlı havada, bəzən haqqın-ədalətin carçısı olan qılınc kimi kəsərli misralarda, bəzən də insan taleyini naxışlayan incə duyğuların ifadəsində yaşayır o... Ustad Aşıq Əli Ürfan (Quliyev) bu böyük sənətin yalnız daşıyıcısı deyil, həm də onu yeni nəfəs, yeni ruhla zənginləşdirənlərdən biridir.

 

Çağdaş saz sənətinin canlı klassiklərindən, böyük aşıq-ozan gələnəyinin qutsal yolunda yürüyənlərdən Aşıq Əli Ürfanın ötən gün 75 yaşı tamam olduş

Ustadın mənəvi ustadı Aşıq Veysəl necə deyirdi?

 

Uzun incə bir yoldayam

Gedirəm mən gündüz-gecə;

Bilmirəm ki nə haldayam

Gedirəm mən gündüz gecə…

 

Yollar yolçusuz, qollar sazsız, dillər sözsüz qalmasın!

Ustadın yubileyi sadəcə bir ömür tarixinin tamamlanması deyil, həm də bir saz ömrünün hesabatıdır. Çünki ustad sazı sadəcə bir musiqi aləti olmaqda qalmayıb, həm də dil açıb danışan bir tarix bitigi (kitabı) kimidir. Onun misraları könüldən gəlir, könüllərə yol tapır. Elə ona görə də ustadın adı çəkiləndə hər kəsin zehnində “Dilqəmi”nin yanıqlı sədaları ucalır. Necə ki, Aşıq Ədalətin adı gələndə “Yanıq Kərəmi”, Cilli Müseyib xatırlananda “Orta Sarıtel”, Aşıq Xanlar deyiləndə “Baş Sarıtel” yada düşür, eləcə də Aşıq Əli Ürfan adını eşidən hər kəs “Dilqəmi” havasına köklənir sanki.

Ürfan Əli sadəcə bir saz ifaçısı deyil, o, həm də söz ustadıdır. Onun şeirləri yalnız klassik aşıq şeirinin çərçivəsində qalmır, ürfani dərinlikdən gələn, ilahi eşqə və insan taleyinə bağlılıq daşıyan misralarla doludur. Ustadın sənət uğurları, ona bəslənən sevgi təsadüfi deyil, o, bu yolun dərvişidir, öz sazının və sözünün ustad xidmətçisidir.

Şair deyir: 

“Bu sabahlar bir qiyamət qopartdı,

Saz Əlinin, Əli sazın eşqinə”… - Bax, bu misralarda da, yalnız bir sazəndənin eşqi deyil, həm də sazın toxunduğu, canlandırdığı ruhda yaşayan minilliklərin səsi, ünü vardır…

 

Azərbaycan aşıq sənəti, necə deyərlər, yalnız nominal musiqi sayılmamalı, həm də ruh halı, səsin 1001 çalarını ötən hadisə sayılmalıdır; ozan-aşıq sənəti dərin məhəbbətin, üfüqün ötəsinə səslənişin özüdür. Ürfan Əlinin sazında-sözündə bu gözəlliklər çiçək-çiçək, ləçək-ləçək, ürək-ürəkdir...

Aşıq Əli Ürfan öz sazına, öz sənətinə yalnız bir musiqiçi kimi deyil, can verən, ruh gətirən, mənəvi yük daşıyan hadisə kimi baxır. Onun misralarında ulusun dərdləri, sevinc dolu günləri, ağrıları, umudları və güvəncəsi var. O özü də (hələ cavanlıqdan) bu umudun daşıyıcılarından biri olub. Yoxsa, necə deyərlər, özü bal yeyən loğmanın xəstəyə “bal yemə!” hökmü keçməz(di)…

Aşıq Əlinin sənət yoluna nəzər saldıqda, Aşıq Əmrah Gülməmmədov, Mikayıl Azaflı, Hüseyn Saraclı, Kamandar Əfəndiyev, Əkbər Cəfərov, İmran Həsənov, Əlixan Niftəliyev, Ədalət Nəsibov və Xanlar Məhərrəmov… kimi sənətkarlar silsiləsi yada düşür -  Onun adı da bu silsilədə özünəxas yerdə dayanır. Bu, yalnız bir ad sıralaması deyil, həm də ulu sənət yolunun davamılılığının, inkişaf yolunun ifadəsidir. Elə buna görə də, Ürfan Əlinin yetirmələri də artıq neçə illərdir səhnələrdə boy verib görsənir, sənətin gələcəyini nişan verirlər.

Ürfan Əlinin bu gözəl yubiley yaşını, sazın ömrə calandığı bu qutlu günü, könül dolusu sözlərlə salamlayıram. Onun sazını gələcək nəsillər də dinləyəcək, onun qoşmaları, gəraylıları yaddaşlarda yaşayacaq, dillərdən düşməyəcək. Ürfan Əli təkcə sazını deyil, həm də sazın ruhunu yaşadan ustadlardandır.

Saza könül verən, sazda yaşayan, sözün sehrini, sazın hikmətini öz taleyində yoğuran ustad aşığımıza könül xoşluğu içində uzun ömür, sağlam can diləyirik!

 

“Ədəbiyyat və incəsənət”

(05.03.2025)

 

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə sizlərlə yenidən Əlizadə Nuridir. Bu dəfə:

 

Bəlkə elə şərab içib-

Dünyanın başı fırlanır?!

 

-deyir şair. Razılaşın ki, bu şair təkrarsızdır və mükəmməldir.

Xoş mütaliələr! 

 

Neçə acın yuxusunda,

Dəyirman daşı fırlanır.

Bəlkə elə şərab içib-

Dünyanın başı fırlanır?!

 

Azdım bir quşun səsində...

Sirr var şamın şöləsində.

Dərdimin yan-yörəsində

Gözümün yaşı fırlanır.

 

Sevsən, yarpaq da çiçəkdi,

Qoxusunu yellər çəkdi...

...Bu dünya bir yelləncəkdi-

  Nə qədər naşı fırlanır...

 

“Ədəbiyyat və incəsənət”

(05.03. 2025)

Çərşənbə, 05 Mart 2025 09:03

Qaradərə kəndinin Azad Qaradərəlisi

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bu gün 71-ci doğum gününü qeyd edən Azad Qaradərəlinin "Kuma-Manıç çökəkliyi" romanını bu kontekstdə belə bir oksimoronla ifadə etmək olar: Yaddaşa doğru, irəli!

Onun bütün yaradıcılığından milli yaddaş qırmızı xətt kimi keçir.

 

Azad Qaradərəli 1954-cü ilin 5 martında Zəngilan rayonunun Qaradərə kəndində doğulub. APİ-nin filologiya fakültəsini bitirib. Bir müddət müəllim işləyib. 1993-cü ildə Zəngilanın ermənilər tərəfindən işğalından sonra ailəsilə birgə Bakıda yaşayır. 1996-cı ildən 2012-ci ilin iyun ayına qədər Azərbaycan Teleradio Verilişləri QSC-də - radioda çalışıb.

 

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində baş məsləhətçi vəzifəsində işləyib. Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsində dərs deyib. İlk nəsr kitabı 1987-ci ildə çap olunub. 2011-ci ildə nəşrə başlayan "Yazı" ədəbiyyat dərgisinin baş redaktorudur.

İlk hekayələrindən bu yana insanın ən ağır durumda belə mənəvi gücünü itirməməsini, humanizmin, insani duyğuların aşınmaya məruz qalsa da, sonda dirçəlib ayaqda olmasını göstərməyə çalışmışdır. Hekayələri rus, türk, polyak, ərəb və ingilis dillərinə çevrilərək Rusiya, Türkiyə, İran, Polşa, Misir və ABŞ-da saytlarda, jurnallarda, antologiyalarda yayımlanıb.

Yazıçı Azadlıq radiosunun hekayə müsabiqəsinin (2011-ci il) qaliblərindən olmuş və Polşa haqqında hekayələr müsabiqəsində xüsusi diploma layiq görülmüşdür.

On iki roman müəllifi olan A. Qaradərəli bu janrın imkanlarından istifadə edərək, daha da irəli getmiş, insanlığın anti-bəşəri meyillərə yenilmədiyini, bəşəriyyətin nicatının bir sıra mənəvi bağlardan asılı olduğunu obrazların dili ilə əks etdirmişdir. Müəllif müharibə qoxulu yazılarında da insanlığı hərbin üstünə getməyə, qeyri-insani əməllərdən çəkinməyə çağırır.

 

Kitabları:

1. Dumduru su (hekayələr)

2. Ulartı (hekayələr, radiopyeslər)

3. Dəhrə (hekayələr, nağıllar — uşaqlar üçün)

4. Qar ağlığı (hekayələr)

5. Burda yer fırlanmırdı (hekayələr, roman)

6. İrəvan qalası (iki hissəli tarixi faciə)

7. Aşiqlər (elmi-tənqidi oçerk)

8. Qaçaq Fərzalı (bədii-tarixi oçerk)

 

“Ədəbiyyat və incəsənət”

(05.03.2025)

 

 

“Ədəbiyyat və incəsənət” portalı AYB üzvü Coşqun Xəliloğlunun “Qaryağdı əminin bəxşişi” adlı hekayəsini təqdim edir. Bu hekayə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Ulduz” jurnalı ilə birgə keçirdiyi “Narkomaniyaya yox deyək!” hekayə müsabiqəsinin qaliblərindən biri olmuşdur.                               

 

Təyinatla işlədiyim kənd məktəbində maraqlı hadisələrlə üzləşirdim. Bu hadisələr haqqında kiçik xəbərlər hazırlayır, qəzetlərə göndərirdim. Riyaziyyat müəllimi olsam da orta məktəbdən yaranan yazmaq həvəsim hər gün artırdı. Yazı-pozu ilə məşğul olduğumu öyrəndikcə kənd camaatının mənə qarşı münasibəti dəyişirdi. Bəzən məndən kəndin sosial problemləri haqqında məqalələr yazmağı xahiş edirdilər.

Bir gün dərsdən sonra, axşama yaxın kirayə qaldığım evin sahibəsi Əfruz xala qapını döyüb:

-Bala, Vəliağa gəlib, səni soruşur.

Vəliağanı yaxından tanımasam da bir neçə dəfə görmüşdüm. Qızını-Pakizəni məktəbə gətirər, rastlaşanda salamlaşar və sürətlə geri qayıdardı. Qırx beş-əlli yaşında çəlimsiz bir adamdır.

-Zəhmət olmasa, deyin gəlsin.

Beş dəqiqə keçməmiş Vəliağa içəri daxil oldu.

-Xoş gəlmisiniz -əlimi uzatdım. Əlimi iki ovcuna alıb mehribanlıqla:

-Müəllim, yazılarınızı oxuyur, çox bəyənirəm. Uşaqların asudə vaxtları haqqında məqalənizi də oxudum. Üzünüzə demək olmasın, ürəyimizdən tikan çıxarmısınız. Vallah, gənclərimizin gələcəyi məni də çox narahat edir. Heyif ki, yaza bilmirəm.

Vəliağanın yazımı oxuması məni çox sevindirdi. Demək, zəhmətim hədər getməyib.

-Çox sağ olun, Vəliağa. Sizə necə kömək edə bilərəm?

-Sizdən xahişim var, istəyirəm açıq danışım.

-Buyurun.

-Cavanlıqda pis vərdişlərim oub. İndiki terminlərlə desək, narkotik aludəçisi olmuşam. Şükür Allaha ki, indi düz yoldayam. Hazırkı zamanda gənclərin bir hissəsi arzuolunmaz yollardadır.  Xahişim budur, danışım, Siz ona necə deyərlər, bəzək-düzək verin. Qoy cavanlar oxusunlar, acı talelər yaşamasınlar, yuvalar dağılmasın, ocaqlar sönməsin.

-Bilirsiniz, mən yazıçı deyiləm, riyaziyyat müəllimiyəm. Başınıza gələnləri yazmaq mənə çətin olar.

-Müəllim, məqalələrinizi oxuduğuma görə düşünürəm ki, haqqımda yaza bilərsiniz.

Vəliağa danışmaq istəyəndə Əfruz xala iki stəkan pürrəngi çay gətirdi.

-Çayımızı içək, sonra danışın.- dedim.

O, müəllim qarşısında dərs danışan şagird görkəmi alaraq sözə başladı:

-Orta məktəbdə yaxşı oxuyurdum. Valideynlərim, müəllimlərim ali məktəbə qəbul olunacağıma inanırdılar. Çünki çalışqan idim, kitab əlimdən düşməzdi. Belə də oldu. Mühəndis olmaq üçün imtahan verdim, qəbul olundum. Kasıb ailədə böyümüşdüm. Atam yol idarəsində fəhlə işləyirdi. Anamın daimi iş yeri olmasa da pambıq yığımına gedir, azdan-çoxdan qazanardı. Mal-qara saxlasaq da, həyətdə göy-göyərti əksək də dolanacağımız o qədər də yaxşı deyildi.

Ali məktəbə qəbul olunanda valideynlərim çox sevindilər. Avqust ayında mənə xərclik verib fəxrlə yola saldılar. Birinci dəfə idi ki, onlardan ayrılırdım. İlk günlər çox darıxsam da tezliklə ayrı qalmağı öyrəndim. Otaq yoldaşlarımla mehriban yaşayırdıq. Dərsə gedir, yataqxanaya qayıdır, ara-sıra Bakını gəzməyə çıxırdıq.

Mən təbiətən sakit, utancaq olsam da çox intizamlı idim. Dərslərimə məsuliyyətli yanaşırdım. Birinci semestrin sonunda, Yeni il bayramında qrup yoldaşlarımızla pul yığıb bir kafeyə getdik. Spirtli içkilər də almışdılar. Həmin gün mən həyatımda ilk dəfə olaraq arağın dadına baxdım. Yüz qramdan sonra sanki səsim quyunun dibindən gəlirdi. Qıp-qırmızı qızarmışdım. Fəxrəddin dedi ki, araq sənə düşür, ona görə də qızarmısan. Dostumun bu fikri kefimi daha da kökəltdi. Yenə də içdim.

Səhər yerimdən güclə qalxdım. Başım çox pis ağrıyırdı. Özümə söz verdim ki, bir daha içməyəcəyəm.

Ayın sonunda təqaüd alanda qrup nümayəndəmizin kafeyə getmək təklifindən bir bəhanə ilə imtina elədim.

Birinci kursda imtahanların hamısından dörd və beş qiymət aldım. Sevinclə rayona getdim, valideynlərimlə, müəllimlərimlə görüşdüm. Elə xoşbəxt idim ki...

Kənddə bir neçə gün qaldıqdan sonra Bakıya qayıtdım. Biz tələbə-inşaat dəstəsində işləmək üçün Tümenə getdik. Orada işləyənlərə yaxşı əmək haqqı verirdilər. Nijne Vartovsk şəhərinin yaxınlığındakı  qəsəbədə məktəb binasının tikintisində işləyirdik. Komandirimiz rus əsilli Volkov soyadlı otuz-otuz beş yaşlı bakılı aspirant idi. Saçları seyrəlmiş toppuş kişiydi. Hər axşam işdən sonra qərargahın yanındakı otağa yığışar, Volkovun təşkilatçlığı ilə axşam süfrəsi açardıq. Süfrəmizdə də mütləq araq və çaxır olurdu. Sibir şəraitini, havanın soyuqluğunu, yorğunluğumuzu  bəhanə edib içirdik. Bəli, mən də içirdim. Tələbə dostlarımın məsxərəsindən qorxub yavaş-yavaş onlarla ayaqlaşmağa çalışırdım. Yaxşı yadımdadır, bazar günü qəsəbənin mərkəzində möhtəşəm rəqs axşamı təşkil edilmişdi. Burada həm şəhər gəncləri və həm də o vaxtkı ittifaqın müxtəlif regionlarından gəlmiş tələbə inşaat dəstəsinin üzvləri - qızlar, oğlanlar toplaşmışdı. Məndən savayı hamı həvəslə rəqs edirdi. Bayaq dedim, təbiətən utancaq idim- daxilimdə nə qədər istəsəm də rəqs etmək üçün özümdə güc tapa bilmirdim. Birdən Fəxrəddinin səsini eşitdim:

-Ay əfəl, oxumaq deyil e. Bir az gözün açılsın da... Bakıda belə ceyranlar əlimizə düşməyəcək e.

Mən:

- Bacarmıram, ömrümdə oynamamışam.

-Guya biz bacarırıq? Bizi də oynadan var. Cibindən bir “Kazbek” papirosu çıxrıb yandırdı, bir qullab vurub, al yoxla, -dedi.

Deyəsən üzə düşdüm. Papirosun (sonradan öyrəndim ki, marixuana doldurulubmuş) tüstüsünü ciyərimə alıb buraxdım. Məni öskürək tutdu.

-Bir qullab da al, keçəcək.-Fəxrəddinin dediyi kimi etdim.

-Gəl dalımca.

Beş dəqiqə keçməmiş Fəxrəddinlə mən qızların ən gur yerində coşqu ilə rəqs edirdik. Həmin gecəki iki qullab mənə elə ləzzət elədi ki, həftədə 2-3 dəfə onu təkrarlamalı oldum.

Fəxrəddin məni uşaqlara tərifləyirdi;

-Halal olsun, nə qədər çəkir, içir, özünü itirmir.

Artıq marixuananın haradan, kimdən almağı bilirdim. Şəstlə cibimdə “Kazbek” qutusu gəzdirir, lazım gəldikdə dostlarıma da hədiyyə edirdim. Düşünürdüm ki, qrup yoldaşlarım mənim xətrimi çox istəyirlər. Axı mən “Canlara dəyən cayıl” olmuşdum.

Yaxşı yadımdadır, avqust ayının 24-də Bakıya qayıtdıq. İnşaat dəstəsində aldığım puldan qəpik-quruş qalmışdı. Birtəhər rayona getdim. Atam-anam necə də sevinirdilər. Yalandan dedim ki, əmək haqqımızı üç-dörd aydan sonra göndərəcəklər. Təsəvvür edin ki, göz açdığm, böyüdüyüm, bağlı-bağatlı, suyu-havası dərman kədimizdə üç gündən artıq qalammadım. Elə darıxırdım ki... Darıxmağmın səbəbini isə heç kəsə deyə bilməzdim.

İkinci kursa başladıq. Artıq evdən göndərilən pul, aldığım təqaüd mənə bəs eləmirdi. Deyəsən, bu zəhrimar mənim ağam olurdu. Çalışırdım, çəkməyəm. Üç-dörd gün çəkmirdim, sonra yenə düşürdüm “dostlar”ın tələsinə. Bir gün kənd poçtundan yataqxanaya zəng gəldi. Mənə dəhşətli xəbər çatdırıldı:

-Atan asfaltçəkən maşının altında qalıb.

Atamın ölümündən sarsıldım. Onsuz da pis olan maddi vəziyyətimiz daha da ağırlaşdı. Anam da xəstə idi.

Getdikcə dərslərə həvəsim azalırdı. Bəzən bəhanə taparaq instituta getmirdim. Tələbə yoldaşlarımda da mənə qarşı bir soyuqluq yaranmışdı. Maraqlıdır, məni nəşəyə öyrədən, tərifləyən Fəxrəddinlə Sərdar da məndən uzaq gəzməyə çalışır, məni özlərinə layiq bilmirdilər.

Qış semestri imtahanlarını birtəhər versəm də yay semestrində beş imtahanın üçündən “qeyri-kafi” aldım. İkinci dəfə şans verilsə də müsbət qiymət ala bilmədim. İnsitutdan xaric olundum, yəni, qovuldum.

Yavaş-yavaş dostlarım-tələbə yoldaşlarım məndən tamamilə soyudular. Bir müddət fəhlə yataqxanasında uzaq qohumum Ağaqədirin yanında qaldım. Sonra orda qalmaq da mümkün olmadı. Pal-paltarım köhnəlmiş, ayaqqabılarım deşilmişdi. Yeməyə də ki... Nə qədər onun-bunun boğazına ortaq olmaq olar? Həm də ki Ağaqədir otağın ikinci açarını məndən almışdı

Əlacsız kəndə qayıtdım. Allah elə bil məni qarğımışdı. Kasıb-xəstə anama arxa-dayaq olmaqdansa onun cüzi pensiya puluna möhtac olmuşdum. Heç nə etmək istəmirdim. Fikrim, xəyalım nəsə tapmaq, çəkmək, yemək, boş-boş danışmaq və yatmaq idi. Heç bir şey havayı deyil. Həm anamı, həm də kəndçilərimi aldatmışdım ki gözümdə problem olduğu üçün institutdan birillik möhlət götürmüşəm. Əslində sol gözüm çox zəif görürdü, ona görə də  institutdan qovulduqdan sonra məni əsgərliyə  aparmadılar.

O vaxt marixuanaya nəşə deyirdik. Onu rayon mərkəzindən-Səfərağadan alırdım. Bir dəfə fikirləşdim ki, tanışlarıma satmaq üçün  bir az artıq nəşə alım. Səfərağaya dedim, satıb pulunu gətirəcəyəm. Dedi, “Problem yoxdu”. Fikirləşdim ki sataram, həm özümə havayı düşər, bir az da pul qalar.

Rayonun Qəssablar adlanan məkanına çatanda polislər məni saxladılar. Yaxşıca ilişmişdim. Məni bölməyə apardılar. Çək-çevirdən, xahiş-minnətdən sonra onlar məni yaxşı pul müqabilində buraxdılar – pulu çatdırmaq üçün  iki gün vaxt verdilər. Məndə pul var idi? Anamı aldatdım ki, instituta bərpa olunmaq üçün  filan qədər pul lazımdır. Yazıq bu xəbərə elə sevindi ki... Sırğalarını, boyunbağısını və hətta nişan üzüyünü satmaq üçün fərsiz oğluna verdi.

Həbsdən canımı qurtardım. Amma geс-tez həqiqət üzə çıxır. Gündən-günə dəyərsiz olurdum. İşləmək üçün cəhdlər edirdim, amma məni kim idi işə götürən?

Bir gecə yaxşı çəkmişdim. Kefim də kök idi. Gecə yarıdan keçmiş möhkəm acdığımı his elədim. Anamdan yemək tələb etdim. Anam:

-Ay bala, vallah quru çörəkdən başqa heç nəyimiz yoxdu.

-Cəhənnəmə olsun, gora olsun. Acından ölməliyəm?

-Get, işlə, qazan, gətir,  ye.

-Bu xarabada iş var? Kimə deyirəm başın tutur. Bir də ki mən işləməyəcəyəm! – Qışqırdım,  - mənə yemək gətir.- Anamı elə hirsləndirdim ki...

-Allah səni öldürsün.- dedi.

-Allah sənin kimi şikəst ananı öldürsün. – təsəvvür edirsiniz, mənim cavabımı?

Birdən elə vəziyyətə düşdüm ki, el dilində desəm, cin vurdu başıma. “Bu nə həyatdır, Allah, mənə vermisən? Özümü öldürsəm, canım qurtarar.” Elə əsəbiydim ki... köhnə tövləmizə tərəf addımladım. Əvvəllər inək bağladığımız kəndiri tapdım. Özümü asmaq qəti qərarım idi. Kəndirin bir ucunu tövlənin şifer vurulan dirəklərinin birinə keçirdim. Anam inəyimizi sağarkən oturduğu balaca kətili ayağımın altına qoydum. Kəndirin digər ucunu ilmək şəklində boynuma keçirdim. Sol ayağmı qaldırıb sağ ayağımla kətili aşırdım. Sən demə, kəndir çürükmüş, qırıldı və yerə yıxıldım. Daha da hirsləndim.

Qərarım qəti idi. Belə yaşamaq olmaz.

Köhnə, uzunboğaz çəkməmi tapıb geyindim. Atamdan qalmış, ətəyi süzülmüş sırıqlını axtarıb tapdım. Qayadan özümü Kürün burulğanına- nədənsə ora “Mat” deyirdilər- atmaq üçün yola düşdüm. Evimizdən Kür çayına qədər 700-800m idi.

Səhərin açılmağına az qalırdı. Quşlar şirin nəğmələrini oxumağa başlamışdılar. Yay səhərinin xəfif mehini hiss edirdim. Günəşin doğması necə də gözəl imiş. Çayın sahilinə yaxınlaşırdım. Cığırları böyürtkən kolları, qarağan, yulğun basmışdı. Budur, Kürün lap sahilindəyəm. Bir neçə dəqiqədən sonra hər  şey qurtaracaq. Mənim üçün dünyanın gözəllikləri də olmayacaq, yaşamaq əzabları da...

-Vəliağa, sabahın xeyir. Xeyir ola, sübh tezdən balıq tutmağa gəlmisən?

Qaryağdı əmiydi, çoban Qaryağdı.

-Sabahın xeyir, Qaryağdı əmi.

-Nə yaxşı, burdasan?

Utandım həqiqəti deməyə.

Qaryağdı əmi zəhmətkeş, ağıllı bir kişidir. Həm öz qoyunlarını, həm də pul müqabilində kənd camaatının qoyunlarını otarırdı. Yay-qış bilməzdi. Zəhməti ilə ev-eşik sahibi olmuş, balalarına gün ağlamış, onları yerbəyer etmişdi. Budur, səhər açılmamış sürüsünü gətirmişdi Kürün sahilinə otarmağa.

-Eşitdim, iş axtarırsan, tapdın bala?

-Yox, ay əmi, iş qəhətə çəkilib.

-Bəlkə, gələsən, birlikdə işləyək. Mənə kömək edərsən. Həm də evdə çoxlu kitablarım var. Vaxt tapanda oxuyarsan, mən də qulaq asaram. Qazancımızı da əmi-bala bölərik.

Elə bil yuxudan ayıldım.  Heç kim mənə heç vaxt iş verməyəcəksə, Qaryağdının təklifinə niyə etiraz edim. Tutaq ki dünyanı tərk etdim, xəstə anamı kimsəsiz qoydum. Kimə nə olacaq? İntihar etdiyimə görə mənə haqq qazandıracaqlar. Nə olsun ki  iki il ali məktəbdə oxumuşam. Bəlkə Allah özü Qaryağdı əmini mənim xilasım üçün göndərib.

-Yaxşı, Qaryağdı əmi.

-Onda götür bu çomağı, get qoyunları qaytar. Çomağı mənə uzadıb:

-Xeyirli olsun, bala. - dedi.

Çobanlıq asan iş deyilmiş. Qaryağdı əmimlə birinci iş günüm çox ağır keçdi. Dəhşətli dərəcədə yoruldum, az qala ayaq üztə yatırdım. Həm də stresdən tam çıxmamışdım.

Evə qayıtdım. Yazıq anam darvazanın ağzında boynunu büküb məni gözləyirdi.

Sübh tezdən Qaryağdı əminin səsinə oyandım.

-Ay Vəliağa, bu qədər yatmaq olar? Qoyun-quzuların səni gözləyirlər.

 Tez ayıldım, paltarımı geyindim. Bayıra çıxdım. Qaryağdı əmiylə salamlaşdım.

Əlindəki zənbili balkona qoydu. İçində qatıq, süd, yağ, yuxa var idi. Bu vaxt anam da gəldi.

-Sara bacı, Vəliağadan arxayın ol. Maşallah, qoçaq oğlandı, belə bilməzdim. Hələ mənə “Koroğlu” dastanının yarısını da oxuyub. Bu gün qurtarmağa söz verib.

Tezliklə Qaryağdı əmiylə elə isinişdim ki... Deyirdi ki, ayağın yüngüldü. Sən gələndən sonra sürümüzün bərəkəti artıb. Axmaq və mənasız  vərdişlərim haqqında heç düşüməyə belə vaxt yox idi. Bircə ay işləyəndən sonra evimizdə ərzaq sarıdan heç bir korluq çəkmirdik. Anam da dirçəlmişdi. Hər gün mənə dualar etdikcə, əzizlədikcə köhnə əməllərimə, səhvlərimə görə xəcalət çəkirdim.

İlahi, insanı alçaldan, hörmətsiz edən, şərəfsizliyə sürükləyən əməlləri mən necə etmişəm?

Çoban olduğum üçün utanmırdım, əksinə halal ruzi qazandığım üçün özümü xoşbəxt sanırdım. Bir neçə il işlədikdən sonra Qaryağdı əminin məsləhəti ilə anam onların uzaq qohumlarının qızına elçi getdi. Məni evləndirdilər. Xoşbəxtəm, ailəm, qızım var. Anam da bizimlə birlikdə yaşamaqla özünü bəxtəvər hesab edir.

Müəllim, əslində çox danışa bilərəm. Amma danışmağa da, yazmağa da vaxt lazımdı, əsas məqamlardan söz açdım. Bir də ki yazarkən insanların laqeydliyini qeyd edərsiniz. Nə ali məktəbdə, nə dost hesab etdiklərim, nə qohumlarım arasında mənə məsləhət verən, doğru yol göstərən,  sahib çıxan olmadı. Əgər Allah Qaryağdı əmini mənə rast gətirməsəydi, yəqin ki indi burada olmazdım.

-Vəliağa, başına gələnlər, həyatının çətin anları məni çox mütəəsir etdi. Yəqin ki hələ düşündürəcək.

-Müəllim, inanıram mənim haqqımda yazınız çox maraqlı olacaq.

-Görüm, yaza biləcəyəm? Səncə, yazının adını nə qoysam yaxşı olar?

-“Qaryağdı əminin bəxşişi”. O, məni həyata, dünyaya qaytarıb, yenidən anama bəxş edib.

Vəliağa ayağa qalxdı, gözləmədiyim halda məni qucaqladı:

-Çox sağ olun, müəllim, görüşərik.

Vəliağa getsə də uzun müddət düçüncələrdən ayrıla bilmədim.

 

“Ədəbiyyat və incəsənət”

(05.03.2025)

 

- 

 

 

 

 

 

 

 

Rubrikanı təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Rubrikamızda Davud Nəsib həftəsi bu gün başa çatır. Əminik ki, təqdim etdiyimiz şeirlərlə sizin zövqünüzü oxşaya bildik.

Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan Davud Nəsib (Davud Məcid oğlu Nəsibov (25 avqust,1942, Qazax – 26 mart,2003, Bakı) SSRİ dönəmində gəncliyin ən sevilən şairlərindən biri olub. Vətənə, valideyinlərə ülvi məhəbbət, saf sevgi hissləri, nəcibliyin, xeyirxah əməllərin tərənnümü Davud Nəsib poeziyasının leytmotivini təşkil edib. Müstəqillik dönəmində isə şair qələmini süngüyə çevirərək erməni millətçiliyi ilə mübarizəyə qalxıb, bir-birindən sanballı əsərlər ortaya qoymaqla gənc nəslin vətənpərvərlik, qəhrəmalıq ruhunda yetişməsinə öz töhfələrini verib.

Bu gün sizlərə “Oyan, qardaş” şeirini təqdim edəcəyik. Dünyanın vəfasızlığı, bəndələrin üzüdönüklüyü, haqqı-ədaləti qorumaq üçün daim ayıq-sayıq olmağın zərurəti bu şeirin əsas leytmotividir.

 

Arxa, qabaq, nə də yönük,

Görənlərin gözü sönük.

Dostlarının üzü dönük

Nədən oldu, nədən, qardaş.

 

Heç qədrini bilən varmı,

Başdaşını silən varmı,

De, üstünə gələn varmı? —

Gələn qardaş, gedən qardaş.

 

Bilməm kordum, yoxsa kardım? —

Heykəl kimi baxıb durdum.

Sən gedirdin, mən qışqırdım:

Dayan, qardaş, dayan, qardaş.

 

Bilən yoxdur söz yaşını,

Əyri ilə düz yaşını.

Ağlayanın göz yaşını

Göz yaşınla yuyan qardaş.

 

Doydun ömrün cəfasından,

 Yarımadın “vəfasından”.

Bu dünyanın səfasından

Doyan qardaş, doyan qardaş.

 

Namərdlərə sinən qaya, —

Etdiklərin gəlməz saya.

Tək mənə yox, bir obaya

Həyan qardaş, həyan qardaş.

 

Boyanıbdır hər yol qana,

Yağılardan qan al, qana.

 El yolunda dur, al qana

Boyan, qardaş, boyan, qardaş.

 

Aralığı qatanlar var,

 Oylağını satanlar var.

Kölgələrdə yatanlar var, —

Oyan, oyan, oyan, qardaş!

 

“Ədəbiyyat və incəsənət”

(05.03.2025)

“Ədəbiyyat və incəsənət” portalının üç yarpaq rubrikasında sizlərə Təranə Dəmirin şeirlərini yarpaq-yarpaq təqdim edirik.

 

 

Alovun-közün  içində,

Torpağın-tozun  içində, 

Bu  qədər  sözün  içində

Bir  az da  ümid ver, Tanrım.

 

Götür  dar  köynəkdən  keçir,

Ağrıdan,  göynəkdən  keçir,

Min  dəfə    ələkdən  keçir,

Bir az da ümid  ver, Tanrım.

 

Yağışına, selinə qat,

Küləyinə, yelinə qat,

Bu  tələsən  vaxta  inad 

Bir az da  ümid  ver, Tanrım.

 

Baxma  gözümün  yaşına,

Baxma  ömrümün  qışına,

Çevir  səbrimin  başına,

Bir az da ümid  ver, Tanrım. 

 

 

***

  

Qulu  Ağsəsə, Ağ  səs  Quluya..

 

Özü  demiş, "ağzı  kasıb evində  bağlanmış 

turşu  bankasıdı, 

İldə  bir  dəfə  açılar".

Sözü  urvatdan salanlardan deyil,

Amma  sözünə dil uzadanları  

elə sözüylə qamçılar.

Tanrıdan qorxmaz,

Üsyanında  da,  küfründə də Ona sığınar.

Sevgisi  bir adamlıqdı, (yenə  özü demiş),

Ona  görə Eşqdə ikinci adam  artıqdı.

Sözün  keşiyində dördgözlə dayanar,

(Eynəyinin arxasında  gizlədər narahatlığını,

Şəhid  atalarından utanar)

Namaz qılmaz, 

Oruc tutmaz,

(Allahı  aldatmağı  günah  sayar)

Amma  namaz qılmaq  olar ətəyində.

Adamı neçə qat işıqdan keçirib 

salar  ürəyinə,

Hər kəs sağ  çıxa bilməz söz  kötəyindən.

Hərdən tanımadığı ölkələrə,

Tanımadığı  adamlara  açar  sirrini,

Tanıdıqlarına  etibar etməz.

Gülüşündə  gizlədər  dərdini,

Sual  alar, sual  verməz.

Susa-susa sevər,

Sevə-sevə  susar.

Sükutunun  xofu basar  adamı,

Yüz  pozar, bir yazar,

Birdəfəyə  qərar  verməz.

Bircə balasındadı canı,

Canı sağ olsun.

Milyonlara  qoşulmaz heç vaxt,

Təklərin  içindən  çıxıb  axı.

Qınamıram,

İstəyir ki, hər yerdə başı dik gəzsin,

Üzü ağ olsun.

Ayda, ildə  bir dəfə gələr ilham   pərisi,

Sözü misqal-misqal  xərcləyər.

"Xəsislikdi" ən böyük günahı.

"Tənbəl"di bir az da,

Nə şöhrətə qaçar, nə ada,

Zamanla  ayaqlaşa  bilmir  həyat  tərzi.

Qaraladıqlarını ağa köçürməz --

Ağsəs  Qulu,

Qulu Ağsəs.

Fərq  etməz,

Onsuz da hayana çevirsən  eyni adamdı.

Bir də..

Bir də Vətən boyda  sevdası  var  könlündə,

Onunçun  hər yan Ağdamdı.

 

***

 

Yenə  qaranlıq  gecə,

Dünyanın  rənginə bax.

Başımın  üstündə  vaxt,

Yuxuyla  savaşıram,

Görək  kim  uduzacaq,

Salam, zülmətə  salam.

 

Qaranlığın  kölgəsi

Divar-divar dolaşır.

Gözümdə  xatirələr

Dərə  keçir, dağ  aşır,

Salam,  həsrətə salam.

 

Baxışlarım  yol çəkir,

Ürəyim  vaxtı  sayır.

Gecənin  ortasında

Kim isə  qulağıma

Bir  şeir  pıçıldayır,

Salam, xəlvətə salam.

 

Pəncərəmə tökülür

Ulduzlar  göy  üzündən.

Yavaş-yavaş yuxuya 

Uduzuram deyəsən,

Salam, heyrətə salam.

  

“Ədəbiyyat və incəsənət”

(05.03.2025)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.