İncə dərəsindən süzülən şeir... Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Örtülü sübhan qapılar

Qoçaq, nə dilər, bildinmi?

Bu çağından bezən naçaq,

O çağ nə dilər, bildinmi?

 

Könlümə haqq nuru saçıq,

Can öyümə o SÖZ açıq...

Yurdun yolu üzə açıq-

Ocaq nə dilər, bildinmi?

 

Son libasdan alma göynək,

Vədəsində gəlsin, geyək.

A yaxasız, qolsuz köynək,

Qucaq nə dilər, bildinmi?

 

 

Bu gün Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, klassik şeirimizi yaşadan azsaylı şairlərdən olan Rəfail İncəyurdun doğum günüdür. Ötən il 70-ini qeyd edən şair kirimişcə 71-ə adlayır.

 

O, 4 iyul 1954-cü ildə Qazax rayonunun Kəmərli kəndində anadan olub. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Fizika-Riyaziyyat fakültəsini bitirib. Ədəbi həyata yeniyetmə yaşlarından başlayıb. Universiteti bitirdikdən sonra bir müddət müəllimlik fəaliyyəti ilə məşğul olub.

Kim deyir ki, şairlik humanitar peşə sahiblərinə məxsusdur? Rəfail İncəyurd fizika-riyaziyyatı poetikləşdirməyibmi, lirik çalarlara bürüməyibmi?

1981–1998-ci illərdə şair Azərbaycan Dövlət Universiteti Hesablama Mərkəzində proqramçı, redaktor müavini, redaktor, Müəllim nəşriyyatında redaktor, Bakı Dövlət Universiteti nəşriyyatında kompüter proqramçısı, Odlar Yurdu və Diplomat nəşriyyatlarında baş redaktor və s. vəzifələrdə çalışıb.

Şairin şeirləri səni mütləqdir ki, keçmişə, suların hələ duru olduğu əqdəmlərə aparır. Orada gül gülü, bülbül bülbülü çağırır. Orada insanı münasibətlər sırf maddiyyata köklənməyib. Orda əsl sevgi, əsl dostluq bərqərardır...

 

Nə deyirsən, dolan könlüm,

Fələk verən bəs olarmı?

Giryanım ilə boşalsan,

Fələyimnən bəhs olarmı?

 

Demədimha söz elə, bax,

Tor gözündən köz ələ, bax!

Evlər yıxan gözələ bax- 

Belə də həvəs olarmı?

 

İncəyurdtək haraylının,

Qətli-fərman...  hər aylının,

Bu sevdalı gəraylının

“Sarıtel”i pəs olarmı?

 

“Ədəbiyyat və incəsənət”

(04.07.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.