2 iyul 2025-ci il tarixində F. Köçərli adına Respublika Uşaq Kitabxanasında “OXU, YARAT, QAZAN!” - Yay Festivalı çərçivəsində uşaqlar üçün növbəti maarifləndirici və interaktiv tədbir keçirilib. “Yaradıcılığını kəşf et” adlı bu tədbir həm master-klass, həm də zəngin kitab icmalı ilə yadda qalıb.
“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, tədbirin əsas məqsədi uşaqlarda kitab sevgisini artırmaq, onların yaradıcılıq bacarıqlarını inkişaf etdirmək və praktiki təcrübə qazandırmaq olub.
Tədbirin ilk mərhələsində kitabxana əməkdaşları tərəfindən uşaqlara texniki baxımından köhnəlmiş və bərpaya ehtiyacı olan kitabların yenidən istifadəyə hazırlanması ilə bağlı təlim keçirilib.
Bərpa olunmuş kitablar əsasında çəkilmiş cizgi filmlərindən fraqmentlər nümayiş olunub, bunun ardınca isə uşaqlarla qısa müzakirələr aparılıb. Bu, mövzunu daha da maraqlı və yadda qalan edib.
Tədbirin növbəti hissəsində uşaqlar üçün Azərbaycan və dünya uşaq ədəbiyyatı nümunələri əsasında kitab icmalı təqdim olunub. Tədbirin sonunda təqdim olunan əsərlər əsasında viktorinalar təşkil olunub. Uşaqlar viktorinalarda fəal iştirak edərək həm biliklərini sınayıb, həm də əyləniblər.
“Ədəbiyyat və incəsənət”
(04.07.2025)