ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

BU GÜN XI BAKI BEYNƏLXALQ KİTAB SƏRGİSİ ÇƏRÇİVƏSİNDƏ AZƏRBAYCAN RESPUBLİKASININ MƏDƏNİYYƏT NAZİRİ VƏ QƏTƏRİN MƏDƏNİYYƏT NAZİRİ TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDUNUN PAVİLYONUNU ZİYARƏT EDİBLƏR

 

3 Oktyabr 2025-ci il tarixində XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət naziri Adil Kərimli və Qətərin Mədəniyyət naziri Şeyx Əbdülrəhman bin Həməd əl-Tani Türk Mədəniyyəti və İrsi Fondunun pavilyonunu ziyarət ediblər.


“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Nazirləri stend ilə tanış edib, Fondun fəaliyyəti və yeni buraxdığı kitablar haqqında ətraflı məlumat verib.

Stend ilə tanış olan cənab Adil Kərimli və cənab Şeyx Əbdülrəhman bin Həməd əl-Tani Fondun fəaliyyətini yüksək qiymətləndirib, Türk dünyasının zəngin mədəni irsinin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən layihələrin mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

Onlar Fondun təşkil etdiyi nəşrlərin, sərgilərin və beynəlxalq tədbirlərin xalqlar arasında dostluq və qarşılıqlı anlaşmanı gücləndirdiyini qeyd edərək, bu istiqamətdə gələcək əməkdaşlığa dəstək verəcəklərini ifadə ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(03.10.2025)


 

 

Cümə, 03 Oktyabr 2025 18:20

Elm və bilik yolunun bələdçisi

 

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Hər bir insanın həyat yolunda bir istiqamət, bir mayak var. Bu istiqaməti göstərən isə müəllimdir. Müəllimlik - sənət deyil, həyat missiyasıdır. Məhz belə bir missiyanı sevgi və məsuliyyətlə üzərinə götürən yüzlərlə müəllimimizdən biri də Sumqayıt Dövlət Universitetinin (SDU) baş müəllimi Gülşən Hüseynzadədir.

 

Ziyalı ailəsində dünyaya göz açan Gülşən Hüseynzadə 1996-cı ilin iyul ayının 3-də Sumqayıt şəhərində anadan olub. Orta təhsilini Təbiət Elmləri Təmayüllü gimnaziyada alıb. 2013-cü ildə 511 balla Sumqayıt Dövlət Universitetinin "Mühasibat uçotu və audit" ixtisasına qəbul olunub. Təhsil pillələrinin hər birini fərqlənmə diplomu ilə başa vurması, onun elmə olan həvəsinin və zəhmətinin bariz nümunəsidir.

2019-cu ildə ali təhsildəki uğurlarına görə SDU-da böyük laborant kimi fəaliyyətə başlayan Gülşən xanım 2022-ci ildə müəllim, 2024-cü ildən isə baş müəllim vəzifəsinə yüksəlib. Hazırda universitetin “Mühasibat və iqtisadiyyat” kafedrasında çalışmaqla yanaşı, eyni zamanda “Müəssisələrin təşkili və idarə olunması” ixtisası üzrə doktorantura təhsilini davam etdirir. Dissertasiya işinin mövzusu isə bu günümüz üçün olduqca aktualdır: “Sənaye müəssisələrində dayanıqlı inkişafın təmin edilməsi istiqamətləri”.

Gülşən Hüseynzadə ixtisasına uyğun bir sıra beynəlxalq sertifikatlara da malikdir. O cümlədən, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə beynəlxalq diplom və Peşəkar Mühasib Sertifikatı onun peşəkar bilik bazasını zənginləşdirən uğurlu addımlardandır.

Lakin Gülşən xanımın uğurlarının kökündə təkcə təhsil və zəhmət deyil, həm də ailə dəyərləri dayanır. Atası Qalib Sirac oğlu Hüseynov iqtisad üzrə fəlsəfə doktoru, dosent və SDU-nun Biznesin idarə edilməsi kafedrasının müdiridir. Anası Mehriban Tofiq qızı Hüseynova isə universitetin kitabxanasında çalışır. Onların hər biri övladlarına elmə, təhsilə və sadəliklə zəngin bir həyat tərzinə bağlılıq aşılayıb. Mənim üçün ailəmin təsiri misilsizdir, deyir Gülşən xanım. Və həmçinin söyləyir ki, atamın elmə olan sevgisi, anamın kitabla nəfəs alan həyatı mənim yolumu işıqlandırdı. 

Müəllimlik onun üçün sadəcə bir ixtisas deyil, həyat fəlsəfəsidir. Hər dərsində yalnız bilik deyil, ruh, dəyər və ümid verir. “Müəllim şam kimidir - özü əriyir, amma ətrafını işıqlandırır” fikri onun fəaliyyətinə ən uyğun təsvirlərdən biridir.

Öz müəllimlərini minnətdarlıqla xatırlayan Gülşən Hüseynzadə bu gün onlarla eyni sırada çalışdığı üçün həm qürurludur, həm də məsuliyyətli.  Vurğulayır ki, mən onlardan öyrəndiyim hər bir keyfiyyəti bu gün öz tələbələrimə ötürməyə çalışıram. Onların uğuru mənim uğurumdur.

Onun ən böyük arzusu daim öyrənmək, yenilənmək və tələbələri üçün ilham mənbəyi olmaqdır. Tədris etdiyi hər bir dərsin yalnız nəzəriyyə ilə deyil, həm də mənəvi dəyərlərlə zəngin olması üçün çalışır. Yetirmələrinin isə yalnız savadlı mütəxəssis deyil, həm də yüksək mənəviyyata sahib və cəmiyyətə faydalı fərdlər olmalarını arzulayır.

Söhbət əsnasında Gülşən müəllimə əlavə edir ki, mən tələbələrimə həmişə  bilgi ilə yanaşı, insanın mənəviyyatı onun əsl sərvətidir, deyirəm.

5 Oktyabr - Beynəlxalq Müəllimlər Günündə minlərlə müəllim kimi, Gülşən Hüseynzadə də təkcə auditoriyada deyil, həm də cəmiyyətin formalaşmasında mühüm rol oynayır. Fədakarlıqla çalışan, sevgi ilə öyrədən və ruhla ilhamlandıran bu kimi müəllimlərə dərin təşəkkür və ehtiram düşür.

Çünki onlar gələcəyin qurucularını formalaşdıran ziyalılardı.

 

“Ədəbiyyat və incəsənət”

(03.10.2025)

 

 

 

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Çox sevindirici haldır ki, bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.

Beləliklə, Kamal Abdullanın qranulaları:

 

1.

Yağışlar yağar Allaha sarı,

Yağışlar yağar dərgaha sarı,

Yağışlar yağar üzüyuxarı

 Üzüaşağı yağmaz yağışlar.

 

2.

Anar nəsrinin doğmalığı Bakı küçələrinin hər tinində yaddan az qala çıxmaq istəyən, amma heç cür yaddan çıxmayan xatirələrin doğmalığıdır.

 

3.

Dədə Qorqud: “Ol qızın üç canavər qalınlığı, qaftanlığı vardı.” Qanturalı Sarı donlu Selcan xatuna yetişmək üçün üç vəhşi heyvana qalib gəlməli idi. Vüsala bundan sonra yetişmək, qaftanları bir-bir çıxarmaq mümkün olardı. Azərbaycan ədəbiyyatının ən parlaq metaforası!

 

4.

“Vaxt gələcək ağrımız örtüləcək çiçəklə,

Bütün yaralarımız yenidən bitişəcək.

Hər şey qurtaracaqdır xoşbəxt bir gələcəklə

- Soldu nar çiçəkləri, indi nar yetişəcək.”

 

5.

“Kitabi-Dədə Qorqud”da Bəkil oğlu İmranın həlak etmək istədiyi kafir ondan soruşur: - Yigit, aman. Sizin dinə nə derlər? Dininə girdim. Yaxud başqa bir boyda Uruz yaxınlaşmaqda olan yağı barədə atasına sual edir: - Yağı nəyə derlər, baba? Yenə də bir başqa boyda Dəli Domrul Əzrayıla sorur: - Ya bəs can verən, can alan Allah taalamıdır? Bütün bu “sadəlövh suallar” bu gün ən azından təbəssüm doğursa da, əslində, hadisələrin cərəyan etdiyi vaxtın çox uzaq qədimliyə aid olduğunu göstərir. Belə ki, bu suallar yarandıqları vaxt müstəqim şəkildə verilir və anlaşılırdı.

 

6.

Qəti hökmlərə ehtiyatla yanaşmaq lazımdır. Onların gözlənilməz keçmişləri ola bilər.

 

7.

Ciddi arxeoloqlar deyir ki, Şliman, əslində, Troyanı yox, tapmaq istədiyini, yəni, arzu etdiyini tapmışdır.

 

“Ədəbiyyat və incəsənət”

(02.10.2025)

 

Cümə, 03 Oktyabr 2025 17:12

Böyük türklər: Əhməd Yəsəvi

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsində Böyük türklərin təqdimatı Əhməd Yəsəvi ilə davam edir.

 

Əhməd Yəsəvi (1093–1166) orta əsr Türk dünyasının böyük sufi, şair və dini xadimi olaraq tanınır. O, həm dini, həm də ədəbi fəaliyyətləri ilə Türk-Islam mədəniyyətinin formalaşmasında mühüm rol oynamışdır. Əsasən Türk dillərində yazdığı təsəvvüfi şeirlər və əxlaqi-ədəbi tövsiyələr onun xalq arasında böyük nüfuz qazanmasına səbəb olmuşdur.

Əhməd Yəsəvi Xorasan və Orta Asiya ərazisində fəaliyyət göstərmiş, təlim və təbliğ yolu ilə geniş kütlələrə İslam əxlaqı və tasavvuf prinsiplərini yaymışdır. Onun məktəbi və təsiri, xüsusilə Türk xalqlarında dini və mədəni identikliyinin formalaşmasına xidmət etmişdir. Yəsəvi əxlaq və dini prinsipləri gündəlik həyatın bir parçası olaraq insanlara çatdırmışdır.

Əhməd Yəsəvinin ən məşhur əsəri “Divan-i Hikmət”dir. Bu əsər xalq üçün yazılmış təsəvvüfi şeirlərdən ibarət olub, həm dini, həm əxlaqi, həm də sosial mesajları ehtiva edir. Onun dili sadə, anlaşıqlı və xalqın anlayacağı üslubda qurulmuşdur ki, bu da onun geniş təbliğ imkanları yaratmasına kömək etmişdir. Eyni zamanda, Yəsəvi türk dilinin ədəbi inkişafında, xüsusən də təsəvvüfi ədəbiyyatın formalaşmasında mühüm rol oynamışdır.

Əhməd Yəsəvi həmçinin sosial və mədəni təsirlər sahəsində önəmli rol oynamışdır. Onun dərsləri və məktəbi gənc nəslin dini tərbiyəsi və əxlaqi yetişməsi üçün geniş imkanlar yaratmış, həmçinin Orta Asiya və Anadolu bölgələrində sufizmin yayılmasına təkan vermişdir. Əsərlərindəki əxlaqi və mənəvi prinsiplər, xalqa doğru davranış və Allah yolunda əzmkarlıq kimi mövzuları ön plana çıxarır.

Nəticə olaraq, Əhməd Yəsəvi yalnız böyük sufi və şair deyil, həm də Türk-Islam mədəniyyətinin və ədəbi ənənələrinin möhkəmləndirilməsində önəmli şəxsiyyət olmuşdur. Onun təsiri həm dini, həm ədəbi, həm də sosial sahələrdə hələ də hiss olunur və Türk tarixində onun irsi unudulmazdır.

 

“Ədəbiyyat və incəsənət”

(03.10.2025)

 

 

Cümə, 03 Oktyabr 2025 16:36

Teatrda qadın rejissorların yüksəlişi

 

Rəqsanə Babayeva,

Beyləqan rayon Mədəniyyət Mərkəzinin rejissoru, “Gənclik” xalq teatrının rəhbəri, yazıçı. “Ədəbiyyat və İncəsənət” üçün

 

Teatr insan həyatının güzgüsü olduğu kimi, cəmiyyətin dəyişən dəyərlərinin də göstəricisidir. Hər dövrdə səhnəyə çıxan əsərlər yalnız dramaturji məharəti deyil, həm də ictimai reallıqları əks etdirib. Bu reallıqlardan biri də son illərdə qadın rejissorların teatrda getdikcə daha fəal mövqe qazanmasıdır. Əvvəllər tamaşaçı salonunda daha çox aktyor, müəllim və ya tənqidçi kimi görünən qadınlar indi teatrın idarəedicisi, qurucusu və yenilik gətirən simaları kimi səhnənin ön sırasına çıxıblar.

 

Tarixi fon

 

Azərbaycan teatrının tarixində qadınların iştirakı heç də həmişə asan olmayıb. XIX əsrin sonlarında qadın aktyorların səhnəyə çıxması belə böyük cəsarət tələb edirdi. Lakin zaman keçdikcə qadın sənətkarlar səhnədə öz yerlərini möhkəmləndirdilər. Əgər o illərdə qadınların rolu daha çox ifaçı ilə məhdudlaşırdısa, XXI əsrdə qadın rejissorlar artıq teatrın quruluşçu və istiqamət verici qüvvəsinə çevriliblər.

 

Qadın baxışının fərqi

 

Qadın rejissorların tamaşalarında xüsusilə hiss olunan məqam onların fərqli baxış bucağıdır. Onlar mövzulara daha incə yanaşır, obrazların daxili dünyasını daha dərindən açır, sosial problemləri duyğusal dərinliklə səhnəyə gətirirlər. Bu, tamaşaları yalnız estetik baxımdan deyil, həm də emosional təsir gücünə görə zənginləşdirir.

 

Məsələn, qadın rejissorların quruluş verdiyi tamaşalarda qadın obrazları stereotiplərdən uzaq, daha canlı və real təsvir olunur. Ailə münasibətləri, qadın-kişi dialoqu, gənclərin dilemması kimi mövzular səhnədə yeni tonlarla əksini tapır.

 

Müasir teatr mühitində qadın rejissorlar

 

Bugünkü Azərbaycan teatrında qadın rejissorların sayı sürətlə artır. Onlar yalnız dövlət teatrlarında deyil, müstəqil səhnələrdə də uğurla fəaliyyət göstərirlər. Bu, həm teatr mühitinin demokratikləşməsinin, həm də gənc nəslin sənətə yeni baxış gətirməsinin göstəricisidir.

Qadın rejissorlar eksperimentlərdən çəkinmirlər: klassik əsərləri yeni interpretasiyada təqdim edir, müasir dramaturgiyanı cəsarətlə səhnəyə gətirir, multimedia və texnologiyadan yararlanırlar. Beləliklə, teatr həm ənənəni qoruyur, həm də müasirliyi əks etdirir.

 

Beynəlxalq səviyyədə tanınma

 

Azərbaycan qadın rejissorlarının əsərləri beynəlxalq festivallarda da diqqət qazanır. Onların quruluş verdiyi tamaşalar müxtəlif ölkələrdə nümayiş olunur, tənqidçilər tərəfindən müzakirə olunur. Bu fakt həm də mədəni diplomatiyanın bir hissəsidir: qadın rejissorlar Azərbaycan teatrını dünyada tanıdır, milli mövzuları qlobal dildə ifadə edirlər.

 

Qarabağ mövzusu qadın baxışında

 

Müharibə və Qarabağ mövzusu qadın rejissorların tamaşalarında da öz əksini tapır. Onların quruluşunda bu mövzu yalnız qəhrəmanlıq və mübarizə prizmasında deyil, həm də insan faciəsi, qadın və uşaq taleyi, itki və ümid aspektlərində təqdim olunur. Bu yanaşma mövzuya daha çox humanist və bəşəri çalar qatır.

 

Çağırışlar və imkanlar

 

Qadın rejissorların yüksəlişi, təbii ki, asan baş verməyib. Bu sahədə stereotiplər, maliyyə və təşkilati çətinliklər hələ də qalmaqdadır. Lakin onların uğurları göstərir ki, istedad və əzm qarşısında bu çətinliklər qalıcı deyil.

Dövlətin incəsənətə dəstəyi, müstəqil teatrların yaranması və beynəlxalq əlaqələrin artması qadın rejissorların fəaliyyətini daha da genişləndirir. Gənc qadın rejissorların təhsilə yönəlməsi isə teatrın gələcəyinə ümid verir.

Teatrda qadın rejissorların yüksəlişi sadəcə sənət hadisəsi deyil, həm də sosial dəyişimin göstəricisidir. Bu yüksəliş Azərbaycan cəmiyyətində qadının rolunun artdığını, onun yaradıcılıq gücünə verilən dəyərin böyüdüyünü təsdiqləyir.

Qadın rejissorlar səhnəyə yalnız tamaşa deyil, həm də öz baxışlarını, həyat fəlsəfələrini gətirirlər. Onların əsərlərində incəlik, duyğu və humanizm ön plandadır. Bu isə teatrı daha zəngin, daha çoxsəsli və daha təsirli edir.

 

Əminliklə demək olar: Azərbaycan teatrının gələcəyi qadın baxışının işığında daha da parlaq olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(03.10.2025)

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

O, 24 iyun 2019-cu ildə Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı seçildi. Elə o gündən də bütün fəaliyyətini türk dünyasının gənc ədiblərininin dostluq və qardaşlıq tellərinin yaradılmasına sərf etdi.

 

Şair, publisist İntiqam Yaşar 3 oktyabr 1990-cı ildə Gədəbəy rayonunda anadan olub. 1997–2008-ci illərdə Gədəbəy rayonu, Çobankənd kəndində orta məktəbdə, 2008–2012-ci illərdə isə Azərbaycan Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb. 2012–2013-cü illərdə həqiqi hərbi xidmətdə olub.

İntiqam Yaşar geniş yaradıcılıq arealı ilə diqqət cəlb edir. Bunu onun həm bədii əsərlərində, həm də publisistik yazılarında görmək mümkündür. O, "Ulduz", "Yazı" jurnallarında, "Ədəbiyyat", "Aydın yol", "525-ci qəzet", "Kaspi" kimi qəzetlərdə mütəmadi olaraq dərc olunur.

 Şairin 2012-ci ildə "İlk görüş" adlı ilk şeirlər kitabı nəşr olunub. 2016-cı ildə "…və susarsan", 2018-ci ildə "Evdə yoxam", 2021-ci ildə "Bütün xatirələr sənə qalacaq" (Təbriz), 2024-cü ildə "Adını çəkirəm" adlı şeir kitabları işıq üzü görüb. O, Azərbaycan Yazıçılar Birliyinin "Ən yaxşı şeir" müsabiqəsinin qalibidir. 2009-cu ildən Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, 2013-cü ildən Məclis üzvü, 2016-cı ildən Məclis Başqanı əvəzi olub. Dünya Gənc Türk Yazarlar Birliyinin icra etdiyi bir çox layihələrin rəhbəri olub.

 2018-ci ildə Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan "Səmərqənd şeir axşamları" adlı beynəlxalq tədbirdə Azərbaycanı təmsil edib, 2019-cu ildə Dünya Gənc Türk Yazarlar Birliyinin nümayəndəsi kimi Özbəkistanın "Gənc Yaradıcılar Birliyi" təşkilatı ilə birgə əməkdaşlığa dair Memorandum imzalayıb, eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. O, 2015-ci ildə Azərbaycan Prezidentinin Təqaüd Fondunun təqaüdünə layiq görülüb.

 

Şairin şeirləri yerli türkcəyə uyğunlaşdırılaraq Özbəkistanda, Türkiyədə, Qazaxıstanda nəşr olunan dərgilərdə və antologiyalarda yayımlanıb, həmçinin rus, ingilis, belarus dillərinə tərcümə edilib. 2024-cü ildə Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü seçilib.

 

Mükafatları

1. Prezident təqaüdçüsü

2. 2015-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin "Gənclər mükafatı"

3. Mədəniyyət Nazirliyinin mükafatçısı

4. 2019-cu ildə Azərbaycan Yazıçılar Birliyinin təsis etdiyi "Uğur" mükafatı

5. 2022-ci ildə Tunisdə təşkil olunan 42-ci Beynəlxalq Tozour ədəbiyyat festivalının medali

6. 2023-cü ildə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən "Molla Pənah Vaqif" medalı.

7. 2024-cü ildə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən "TÜRKSOY — 30" medalı.

8. 2024-cü ildə Özbəkistan Yazıçılar Birliyinə fəxri üzvlük.

9. 2024-cü ildə Çuvaşıstan Yazıçılar Birliyinin 100 illik yubiley medalı

10. 2025-ci ildə Türk Ədəbiyyatı Vəqfi tərəfindən Əhməd Kabaklı medalı

11. 2025-ci ildə Qırğızıstanda TÜRKSOY tərəfindən təşkil olunan Colon Momıtov adına Türk dünyası gənc şairlər festivalının diplomatı seçilib və Colon Momıtov medalı ilə təltif olunub.

 

Biz də redaksiyamız adından İntiqam Yaşarı doğum günü münasibətilə təbrik edir, ona dah auca yaradıcılıq kürsüləri arzu edirik.

 

“Ədəbiyyat və incəsənət”

(03.10.2025)

 

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edirik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

POEZİYA

 

 

NİGAR HƏSƏNZADƏ

 

 

QAYIDIŞIN MÜBARƏK...

 

Sənsiz keçən otuz il saçımızı ağartdı,

Ağır bir yükün altda qaldı kürəyimiz də. 

Gözlərimiz kor oldu göz yaşının duzundan,

Lal quşlar yuvasını qurdu ürəyimizdə. 

 

Əzablıydı dünyanı qolsuz qucaqlamaq da, 

Otuz gecə dualar elədik səs-səmirsiz.

Evindən-eşiyindən, əzizindən ayrılıb,

Böyük zəfər dalınca getdi igidlərimiz...

 

Getdi igidlərimiz – bu xalq sözünü tutdu...

Divarları, sədləri yarıb keçdilər onlar.

Otuz il yaşamışdıq sənin intizarınla,

Bir bax, sağalır indi yaralar, sıyrıntılar...

 

İndi daha gözəldi göy üzündə mələklər,

Qardaşlarım yol alıb Tanrının hüzuruna.

Bu rəşadət işığı əsrlərlə çəkilməz

Ölkəmin, şəhərimin üzərindən heç yana.

 

Köhnə yara yerləri biləklərdə sağalar. 

Dərdimiz də toxtayar, sızıldamaz canımız.

Bu qəhrəman oğullar – qəlbimizin fərəhi,

Qanımız, zəfərimiz, şöhrətimiz, şanımız.

 

Torpaq oğul qoxuyur, Vətəndə ana ətri.

Otuz ilin qürubu dönüb olub dan yeri.

Zamanın qanatdığı milli yaddaşımızdan,

Silib təmizləmişik xəyanətkar izləri. 

 

Planet əvəlkitək fırlanır bizim üçün.

Var olsun bu uşaqlar, bu atalar, analar.

Varsa xilaf çıxmayan öz andına, əhdinə, 

Demək, həqiqi insan bu dünyada hələ var.  

 

Mənim qəhrəman Şuşam, nəfəsindən öpürəm,

Otuz ilin yükündən azad olur bu kürək. 

Bu gecə nəğmə deyir qayıdışın eşqinə 

Və torpaq cavab verir: qayıdışın mübarək!

 

 

               BU DA KEÇƏR...

 

Mələklərin ölməzliyinə, 

Yelçəkənin yüngüllüyünə inanan, 

Qanadlı ayaqlarla yol gedən 

Hər kəsin barmağında

«Bu da keçər...» hikməti 

Yazılmış bir üzük.

 

«Bu da keçər...» – 

Ehtirasların və yaraların 

Üzünə çırpılan gülüşlə

Üzük dilə gəlirdi:

Şad-xürrəm yaşayaq, xoşbəxt qocalaq.

 

Yalandan gözü qorxmuş bu dünya

Ruhdan salmasın qəhrəmanları 

Və quzğunlar anlasın:

Allah qu quşlarını sevir göylərdə...

 

Sinəsində ürək gəzdirən bəndələr – 

Kinlərinin, vədlərinin girovları,

Metaforaların və üzüklərin qoruyucuları

Qəbul eləsinlər bu həqiqəti: 

Bəraət yoxdu əzablara.  

 

«Bu da keçər...» – bir müdrikin 

Bu kəlamını unutmasan əgər.

Yaşamaq əmri verib həyat insana

Zəfər soraqlı sonluğa qədər...

 

  

SAVAŞ

 

Qabarlar içində ucalar saray... 

Qurbansız qurbangah yoxdu, bilirəm...

Mən həm əvvəlimi, həm də sonumu

Güzgünün önündə durub görürəm.

 

Bilirəm, kədərsiz səadət olmur...

Neçə savabım var, neçə günahım.

Qırışlar göylərə qırçın toxuyur,

Yenilmiş şeytanım, yenən Allahım!

 

Bu döyüş hər kəsin hünəri deyil, 

Əsəbi zəiflər çəkilsin geri...

Çağıraq bu savaş meydanına biz

Çılpaq baxışları, yalın əlləri...

 

Qurbansız qurbangah yoxdu, bilirəm...

Şam yanar – istisi gedər, ayrılar.

Bilirəm, ayrı cür ola da bilməz: 

Gözümdə bir savaş ehtirası var.

 

 

 

KAŞ…

 

Qaranlıq səmada işıqlı möhür...

Yağır ulduzların yağışı göydən. 

Qaçmağa lüzum yox, qaçmağa yer yox 

Cəzadan, ədalət məhkəməsindən.

 

Yerin qabığını qoparır səma,

Sanki dərisini soyur adamın...

Qoy baxıb anlasın gözləri korlar:

Göylərin altında qonaqdı hamı...

 

Kimi yuxudadır, kimi də oyaq –

Hamısı dünyada qonaqdı, qonaq.

Və bir an gələcək, hamısı tək-tək

Gözə görünməyən divar dibində

Durub kainata dua edəcək.

 

Qaranlıq səmada işıqlı möhür...

Günaha batmayan adam var hələ? 

Lələyi iynədən, mələyi cindən

Kaş seçib-ayıra biləydik elə.

 

 

                SADƏCƏ, AXTAR…

 

Bir yabanı qızılgül verib ağırlayaram

Ayağımı tikanla dalayan insanları...

Siz ey kirə-palçığa batmayan topuqların 

Hardasa körpüləri, hardasa perronları. 

 

Ruhunuz yox əzəldən sürüdə heyvan kimi,

Aşağı əyarların yiyəsisiz, uzağı... 

Cənnət havası çalır buynuz öz günahına,

Alnınıza salamım dəyir güllə sayağı. 

 

Mən tavan, siz döşəmə – nəmişliyi sevərsiz. 

Verdiyiniz ehsanı toxunmamışam hələ.

Sizin qənimət deyil zəfərlərim, çəkilin.

Oxuyuram dostları gözündən çərşənbələr.

 

Həm özünü yaradan, həm də qayçı adam var...

Edam kötükləriylə dar ağacı yanaşı...

Adam da var, çirkabı, zir-zibili təmizlər,

Usanmadan üfürər tozu, külü, yaddaşı...

 

Hamı ciyər dolusu nəfəs alar səmayla,

Hər kəsin dərisi var – hər kəsin libası var.

Hamı gəlir dünyaya, saralıb-solub gedir,

Hamının sifətini bürüyür sızanaqlar...

 

Arabir xoş təsadüf çıxır qabağımıza 

Payız yağışılarında, qışın qarında, yazda...

Dünyaya İnsan gəlir evlərin, həyətlərin, 

Və qədimi tağların, bağların arasında.

 

Varlığı hiss olunmaz, səsi gəlməz ucadan,

Bəlkə də zəngin deyil, bəlkə də kamil deyil.

İyirmi yaşındadı, amma yox, qırxdır yaşı...

Bütün varı-dövləti özündədir elə bil.

 

Ürəyində təpər var... çəkinmədən, qorxmadan

Qucaq açar hamıya, gülümsəyər üzlərə.

Onun baxışlarında yanan şamlar neçə yol

Yandırıb kainatı, alışdırıb gözləri.

 

İnanar əlamətə, işarətə, mənaya,

Gah zarafat eləyər, gah da susar bu adam.

Dadlı şərablar içər, acı şirnilər yeyər,

Ayaqyalın dolaşar tikanlıqda qorxmadan.

 

Sübh şehini xoşlayar... bədənini, ruhunu

Gərər böyük həvəslə bu dəli küləklərə.

Ürəklə salam verər özgələrə, yadlara,

Sevdiyi adamlara sehirli üzük verər...

 

Həm özünü yaradan, həm də qayçı adamlar... 

Dərisi var hər kəsin – hər kəsin libası var.

Amma bir insan da var bir ömür dəyərində –

Hardasa, yanındadı… sadəcə, axtar, axtar...

 

 

 Rus dilindən tərcümə: Salam Sarvanındır

 

“Ədəbiyyat və incəsənət”

(03.10.2025)

 

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Azərbaycan Ədəbiyyat Fondu@

 

31.

GƏNCLƏR HEÇMİ KİTAB OXUMUR?

 

 "Gənclər kitab oxumur!", "Hazırda mütaliə mədəniyyəti aşağı səviyyədədir!". Azərbaycan cəmiyyətində bu cür bəyanatlar tez-tez səsləndirilir. Dərhal qeyd edək ki, bu bəyanatlar əsassızdır. Düzdür, ölkədə kitaba maraq əvvəlki illərlə münasibətdə xeyli azalıb, bunun səbəbləri barədə öncəki söhbətlərimizdə diskussiyalar aparmışıq. Amma “gənclər kitab oxumur” deyə bilmərik. Belə ki, ölkənin orta statistik oxucusu tələbə gəncdir. Bəli, kitab nəşri və satışı ilə məşğul olan şirkətlərdən aldığımız məlumatlara görə, bu gün kitab oxuyanların böyük əksəriyyəti elə gənclərdir. Amma sözsüz ki, bu, nəinki yetərli, heç orta səviyyədə də deyil. Ona görə də ölkədə mütaliə mədəniyyətinin yüksəldilməsinə böyük ehtiyac var. Bəs necə edək ki, Azərbaycan vətəndaşı özünü kitabsız təsəvvür edə bilməsin? Hansı tədbirləri həyata keçirək ki, insanlar üçün kitab oxumaq əvəzolunmaz vərdişə çevrilsin?

Sözügedən məsələ ətrafında ölkəmizdə kitabların sevdirilməsi üçün müstəsna işlər görən çəxslərin fikirlərinə diqqət edək. Ölkə KİV-lərinə verilən, yaxud sosial mediada yayımlanan bu açıqlamalar, düşünürük ki, real mənzərəni görməkdə yardımçı olacaqlar.

 "Qanun" nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu bildirir ki, onların kitab stendlərinin ətrafında çoxlu adamlar olur və bunların da əksəriyyətini gənclər təşkil edir: "Müşahidəyə görə, stendə yaxınlaşan 10 nəfərdən 9-u gəncdir. Biri isə nisbətən yaşlı nəslin nümayəndəsi olur. Bu mənada hesab edirəm ki, son illər kitaba maraq xüsusən də gənclər arasında xeyli dərəcədə artıb. Əlbəttə, mütaliə etmək birbaşa olaraq təhsil mədəniyyəti ilə bağlıdır. Təhsil yoxdursa, onda kitaba da məhəbbət olmayacaq. Düşünürəm ki, oxumağın artması onunla əlaqədardır ki, son illər Azərbaycandan xaricə təhsil almağa gedirlər və onlar qayıdandan sonra öz dillərində kitab oxuyurlar. Və yaxud da üçüncü sektorun, nəşriyyatların kitabı təbliğ etmələri kitaba da münasibəti dəyişir".  

Ölkədə mütaliə mədəniyyətinin inkişaf etdirilməsinə gəldikdə isə Ş.Xuduoğlu bildirir ki, heç bir uşaq özbaşına kitab oxumaz: "Gərək uşağa məcburən hərfləri öyrədəsən, yazı yazmaq üçün əlindən tutasan. Əks halda o heç vaxt öyrənməyəcək. Mindən və ya on mindən bir uşaq özü yazmağa, öyrənməyə həvəslə təşəbbüs göstərəcək. Ədəbiyyat daim oxunmalıdır. Bütün inkişaf etmiş ölkələrdə də belədir. Ancaq təəssüflər olsun ki, bizdə belə deyil. Bizə elə gəlir ki, yalnız təhsili olan kitab oxumalıdır. Amma bu, səhv fikirdir. Təhsili olmayan da kitab oxumalıdır. Mütaliə etmək bir mədəniyyətdir. Bu mədəniyyətə də sahiblənmək lazımdır. Təbii ki, bu da öyrənilməlidir, təbliğ olunmalıdır. Əgər bir insan hansısa işində nailiyyət qazanırsa, bu, yalnız onun oxuduğu kitablar və aldığı təhsillə bağlıdır. Təhsil olmadan, kitab oxumadan nailiyyət əldə etmək mümkün deyil. İnkişafın yeganə yolu təhsildir, oxumaqdır. Başqa bir yol isə yoxdur".

Milli Kitab Mükafatının təsisçisi, "Əli və Nino" kitab mağazalar şəbəkəsinin rəhbəri Nigar Köçərli də hesab edir ki, son zamanlar kitab oxuyanların sayı artıb. Onun sözlərinə görə, bu artım gənclər arasında daha yüksəkdir: "Bizim təcrübəmizdən də bəlli olur ki, hazırda elə məhz gənclər kitab oxuyur. Bu da qürurvericidir. Biz görürük ki, son illərdə kitab alınması və oxunması istiqamətində böyük irəliləyişlər var. Gənclərimiz daha çox oxumağa başlayıblar. Hazırda oxucularımız daha çox xarici müəlliflərin əsərlərini oxuyurlar. Görünür, həmin müəlliflərə böyük etibar və ehtiyac var. Ümid edirəm ki, yerli yazıçılarımızın əsərləri daha çox oxunacaq və onların kitablarının tirajları çoxalacaq".

 

Növbəti: 32.ANAİB-in müstəsna fəaliyyəti

 

“Ədəbiyyat və incəsənət”

(03.10.2025)

 

Cümə, 03 Oktyabr 2025 14:32

ANAR, “Taksi və vaxt”

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

ANAR, ŞEİRLƏR

 

TAKSİ VƏ VAXT

         Bəxtiyar Vahabzadəyə

 

Taksi, gəncliyimə apararmısan,

Keçmiş ünvanları axtararmısan,

Bircə gün, bircə an geri dönsəydim...

Zamanın hökmünü sındırarmısan?

 

Taksi, gəncliyimə apararmısan,

Ötən illərimi qaytararmısan,

Bu özləm, bu həsrət üzdü qəlbimi,

Məni bu həsrətdən qurtararmısan?

 

Sayğacda rəqəmlər ötdü yaşımı,

İllər də yollartək geridə qaldı.

Saçları ağarmış bəyaz başımı

Arxaya baxmağa qaldırarmısan?

 

Taksi, gəncliyimə apararmısan,

İtən sevdaları arayarmısan,

Zaman qürbətinə düşmüşəm indi,

Məni öz vaxtıma çatdırarmısan?

25 avqust 2005

İstanbul

 

“Ədəbiyyat və incəsənət”

(03.10.2025)

 

 

Cümə, 03 Oktyabr 2025 14:06

İtirilmiş uşaqlıq

 

Gülgəz Sultanova, “Ədəbiyyat və incəsənət” üçün

 

Sakit, təmiz havası, saf suları, bulaqları, artezanları ile mehşur olan gözəl bir kənddə, Fuzuli rayonunun Horadiz kəndində, kasıb, zəhmətkeş bir ailədə 1983-cü ildə yazın ilk günlərində dünyaya göz açmışam. Ailəde 5-ci, sonbeşik uşaq olmağıma baxmayaraq, sakit və üzü yola olmuşam. Yaşadığım uşaqlıq illəri müharibə vaxtına düşdü...

 

 Müharibə, əsl müharibə!

 

Vəzifə və ərazi müharibəsi. Vəzifə müharibəsinin qurbanına çevirilən ölkə ərazisinin bir hissəsi erməni işğalçıları tərəfindən vəhşicəsinə zəbt olunurdu. Hər gün onlarca cənazə, yaralı gözlərimizin önündən keçirdi; maşınların ardı-arası kəsilmədn qonşu kəndlərdən ev əşyaları ilə birgə evlərini tərk eden əhali evlərindən məcburi köçürdülər. Buna baxmayaraq kəndimizdən heç kim öz evini tərk etmirdi, əksinə hərə öz işində kənd təsərrufat işləri ilə məşğul olurdu. Baxmayaraq ki, gecələr çox qorxulu və vahiməli olurdu. Güllələrin səsindən qulaq batırdı. Hər gün kəndimizə gələn cənazələr ve yaralılar kənd sakinlərini ruhdan salmırdı, əksinə hamı düşünürdü ki,bizim kəndimiz heç vaxt yağı düşmənlər tərəfindəni zəbt oluna bilməz.

   Bütün günü hamı öz işində-gücündə olurdu. O, vaxtlar mənim oynadığım tək oyun evcilik oyunu idi;(sınıx şüşə qablarından özümüzə ev qurub qonşu qızlarla oynayırdım). 1993-cü il o illər mənim həyatımın ən təmiz, saf, qayğısız və yaddan çıxmayan illəri idi. Bəlkə də o saflıqdan irəli gəlir ki, aradan illər keçib, amma dünənmiş kimi, gözümün önündə o illərin hər bir anı canlanır.

...Axşam düşəndə hamı özünü güllələrdən, qəlpələrdən qorumaq üçün səngərlərdə gecələmək məcburiyətində olurdu.

Bu əsl dəhşət idi!

Bir gecə çox dəhşətli atışma oldu, bayram günlərində göydə partlayan  atəşfəşanlığı xatırladan mərmilər, barıtlar çox qorxulu idi. Həmin gecə səngərdə keçirəcəyim ilk gecə idi.

 

“Hamı səngərə”, - dedilər!

 

Hər məhlənin kişiləri öz məhləsində yığışıb əvvəlcədən səngər qazmışdılar (dağın içini qazaraq hər dörd bir yanı 2,5 mt hündürlüyündə torpaq olmalı idi.)

Bəli, səngərə gedirik, saray kimi evimizdən götürdüyümüz tək şey canımız oldu. Bəli, canımız, o gecə hər şey ola bilərdi; evimiz yana bilərdi, dağıla bilərdi. Düşünün, insanın hansısa bir əşyası itəndə bütün günü onu axtarır, amma biz bir gecədə evimizi və içi dolu əşyalarımızı itirə bilərdik. Təbii ki, o anda düşünəcəyimiz son şey hansısa əşya olardı...

Budur səngərə çatmışıq! İlk baxışda nağıllardan bizə tanış olan ayı mağarasını xatırladır. Səngərə ilk girən kişilər oldu, içərinin təmiz olduğunu bildirib çıxdılar. Sonra qadınlar, uşaqlar, qocalar daxil oldular. Rutubətli, nəm və zülmət bir mağara... Çox qorxuludur, büzüşüb anamın qucağında oturmuşdum. Çıraq işığına ətrafa nəzər salırdım, başımın üstündən sakıt bir zümzümə səsi gəldi; "Küçələrə su səpmişəm, yar gələndə toz olmasın". Bu mahnının sözlərini zümzümə edən qonşu gəlin idi. Onun yarı müharibədə, ön cəbhədə vuruşurdu. Gəlin gözlərini qırpmadan yarının yolunu gözləyirdi. Bir neçə saat keçmədi ki, yarı gəldi, heç toza batmadan, ağ kəfəndə, tabutun içində gəldi...

Həmin gecə çox igidlər şəhid oldu və çox qəhrəmanlar qazi oldu. Çox evlər dagıdılıb xarabaya döndü...

Həmin gecə səngərdə gecələmək məcburiyyətində qaldıq. Hamı susqun halda oturub gözləyir, xəstə sağalmağını gözləyən kimi, yazda ilk çiçəklərin açmağını, qışda ilk qarın yağacağını gözləyən kimi hamı gözləyir. Nəzərlərimi hər kəsin üzərindən keçirirəm, yaşlı bir nənə əllərini Allaha uzatmış nəzərini mənə yönəltmiş halda “Allahım, özünün bu körpələrə yazığın gəlsin!”, - deyirdi. O anda körpə görünə bilərdim, amma içimdə özümü bir qəhrəman kimi hiss edirdim. Çünkü toprağını sevən hər bir qəhrəman kimi öz torpağımda idim. O gecə həmyaşıdlarım öz yataqlarında mışıl-mışıl yatarkən mən səngərdə anamın qucağında oturmuş, hər an ölüm qorxusu yaşayırdım...

Saatlar keçdikcə içəridə təmiz hava azalırdı, nəfəs almaq çətinləşirdi, rütubət artırdı. Sanki səhər açılmayacaq kimi gecə hey uzanırdı...

Anamın qucağında ordaca yuxuya getmişəm.Tezdən anamın səsinə gözlərimi açdım: “Qalx, oyan, səhər açılıb!”

Dan yeri sökülmüşdü, kəndə sakitlik çökmüşdü. Kənd kişiləri dağlardan, dərələrdən enirdilər. Gecələr adəti üzrə kişilər dağlara səpələnirdilər. Bəli, bu vəziyyət hər gün davam edirdi...

O gecə çoxlarının arzuları ürəklərində donub qaldı...

O gecə hamı nəsə itirdi; kimisi əzizini, kimisi sevgisini, kimi gəncliyini, kimi son zengini. O gecə mən də itirdim. Ömrümün ən şirin, ən saf, ən gözəl çağını itirdim...

Uşağlığımı....

Uşaqlıq hansısa bir əşya deyil ki, itirib sonralar yaddan çıxarasan və ya ev, maşın, var-dövlət deyil ki, illərlə çalışıb əldə edəsən. Uşaqlıq ömrün ən saf, ən təmiz, heç zaman yaddan çıxmayan, illər ötdükcə daha çox axtardığın və bir daha geri dönməyən illərindir...

1993-cü il sentiyabırın 5 -i. Kəndimiz erməni işğalçıları tərəfindən zəbt olundu. Bu hadisə kənd sakinlərinə gözlənilməz olsa da, öz doğma evlərimizdən, torpağımızdan, yurd-yuvamızdan qaçqın düşdük. Bəli, Qaçqın! o vaxtlar bizi belə adlandırırdılar.

***

Aylar ötdü, illər keçdi yaşadığın illər içərisində, hər çətinliklər, acılar gördüm, təbii ki, xoş günlərim də oldu. Artıq 33 yaşım var, zahirən nə qədər böyüsəm də, daxilimdə hələ də uşaqlıq arzuları yaşayır. Sanki kəndimizə geri qayitsam, kəndimizlə birgə uşağlığım da qayıdacaq, qurub gəldiyim evciyimlə də oynamağa davam edecəm.

Son sətrim bəlkə də sənə gülməli gəldi, amma həqiqətən kəndimizə qayıtsam ilk gedəcəyim yer evimizin arasında düzəltdiyim, doyunca oynamadığım evciyim olacaq....

Bəlkə də, uşağlığımın ən şirin çağını yaşamadığı üçün o illərə qayıdacağıma bu qədər əminəm və inanıram.

Bəlkə də...

***

Hələ aylar öncədən bilirdik ki, müharibə olacaq! Axı biz cəbhə bölgəsində yaşayırıq. Bütün silah-sursatlar, zirehli texnikalar gözümüzün önündən hər gün karvan-karvan keçirdi. Lakin gördüklərimiz bir an da olsun bizi qorxutmurdu, əksinə, çox sevinirdik nədənsə. Sevinməyə də haqqımız var idi, axı torpaqlarımızın azad olunmasına sayılı günlər qalmışdı. O günləri yaşadıqca uşaqlığımı əlimdən almış 1993-cü ildəki günlər yadıma düşürdü. O zamanlar ölkəmiz bu qədər inkişaf etməmişdi, səngərlərdə gecələyirdik, hər an ölüm qorxusu yaşayırdıq. Hələ sonuncu dəfə səngərdə qaldığım heç yadımdan çıxmaz. Adətən axşam saatlarında atışma güclənirdi, o da evlərdən gələn isiqların gendən gorünməsilə əlaqədər idi. Həmin gecə çox dəhşətli atışma oldu, bayram günü…

 

Oyunlar içində...

 

33 il ürəyimə yük etdiyim bir sözü bu gün həyata keçirdim. Verdiyim söz kəndimizə, evimizə qayıdanda ilk gedəcəyim yer evimizin arxasında qurub gəldiyim evciyim olacaq.

Və düşünürdüm, zənn edirdim ki, daha doğrusu ürəkdən istəyirdim, arzu edirdim, bilmirəm necə deyim, özümü ona o qədər inandırmışdım ki, elə bilirdim verdiyim sözü tutsam uşaqlığıma geri dönərəm... Qəribədir, mümkün olmayan bir istək, arzu...

Getdim....Və sözümü tutdum. Amma, nə evciyimi qurub gəldiyim kimi gördüm, nə də uşaqlığıma qayıda bildim. Söz tapıb yaza bilməyəcəyim duyğular, hisslər keçdi içimdən . Bəlkə də uşaqlığım məndən küsdü, axı onu düz 30 il erməni işğalı altında, əsirlikdə qoyub gəlmişdim... Bəlkə də, o uçuq-sökük evimizin daşları altında qalaraq çoxdan ölüb gedibmiş... Bəlkə də, evciyim kimi xaraba qalaraq ağlını itirib, bir zamanlar uşaqlarla gizlənqaç oynadığım oyunun içində itib batıb... Bilmirəm...

Baxdım, sadəcə baxdım...

Dağılmış evimizin uçuqları altında qalan bir ev-evcik, bir insan həyatı, bir arzu, bir gələcək, bir uşaqlıq... Mən verdiyim sözü tutdum, amma uşaqlığım verdiyi sözü tutmadı...

Əlvida, oyunlar içində itən uşaqlığım...

                                 30 avqust 2025-ci il.

 

“Ədəbiyyat və incəsənət”

(03.10.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.