SEÇMƏ ŞEİRLƏR: Nigar Rəfibəyli, “Qızlarıma” Featured

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

NİGAR RƏFİBƏYLİ             

FİDANA

 

Fidanım, nazlı dilbərim,

Bənövşələr açanda gəl.

Yolunda qalıb gözlərim,

Güllər ətir saçanda gəl...

Fidanım, sənsizəm, aman,

Görüşməyə varmı güman?!

Gözlərəm səni hər zaman,

Yuxularım qaçanda gəl.

Çağıraram ilk baharda.

Səni gözlərəm yollarda.

Qoyma məni intizarda,

Sən durnalar uçanda gəl.

 

 

TƏRANƏYƏ

 

Ömrümün xəzan çağındayam,

Təranə.

Payız bağındayam...

Xatirəli günlər

Qızıl-qızıl yarpaqlar kimi tökülür.

Ömrümün çılpaq budaqlarından

Şəfəqli bir ümid gülür.

O sənsən, Təranəm,

o sənsən...

Rüzgarda yaşıl bir budaq kimi

əsən,

O sənsən, Təranəm,

O sənsən...

 

“Ədəbiyyat və incəsənət”

(04.07.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.