Səhnəmizin ən yaxşı Leylisi Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Onun səsi çox ecazkardır. Dinləməkdən doymursan. Qarabağlıdır da, qarabağlıya verilə bilər ancaq bu cür səs.

Və bir də, ən gözəl Leylini məhz o yaradıb. Məncə, səhnənin ən mükəmməl Leylisi onun Leylisidir.

 

Azərbaycanın xalq artisti Nəzakət Teymurova 4 iyul 1972-ci ildə Ağdam rayonunun Əlimədədli kəndində dünyaya gəlib. Orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Bakı Baza Energetika Texnikumuna daxil olub. Oradan müsabiqə yolu ilə Asəf Zeynallı adına Musiqi məktəbinə daxil olub və 1991–1995-ci illərdə Nəriman Əliyevin sinfində oxuyub.

 

1995-ci ildə ali təhsil almaq üçün Azərbaycan Dövlət Konservatoriyasına daxil olub, xalq artisti professor Arif Babayevdən dərs alıb. Elə həmin ildən də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. İlk rolu "Leyli və Məcnun"da Leyli olub. "Aşıq Qərib"də Şahsənəm, "Gəlin Qayası"nda Gülbahar, "Natavan"da Xanəndə qız, "Vaqif"də Xanəndə qız, "Koroğlu"da Xanəndə qız rolları ilə çıxış edib.

Opera solisti kimi fəaliyyət göstərməklə yanaşı, Nəzakət Teymurova həm də muğam, xalq və bəstəkar mahnılarını da yüksək professionallıqla ifa edir. Dövlət səviyyəli tədbirlərdə, yubileylərdə tez-tez çıxış edir. Sənətçi Almaniya, ABŞ, Koreya, Yaponiya, Macarıstan, Fransa, Türkiyə, İran, İsveçrədə konsert proqramları ilə çıxış edərək milli muğam sənətini ləyaqətlə təmsil edib. Hazırda Opera və Balet Teatrının solistidir, Milli Konservatoriyada və Musiqi Kollecində muğam dərsi deyir.

 

Albomları

1. Qal, sənə qurban

2. Unuda bilmirəm

 

Filmoqrafiya

- Güllələnmiş heykəllər

 

Nəzakət Teymurova Azərbaycan Respublikasının Əməkdar Artisti, daha sonra isə Azərbaycan Respublikasının Xalq Artisti adlarına layiq görülüb. 2011-ci ilin avqust ayında Özbəkistanın Səmərqənd şəhərində keçirilən "Şərq təranələri" VIII Beynəlxalq musiqi festivalında YUNESKO-nun "Ən gözəl səs" xüsusi mükafatını alıb.

2012-ci ilin fevral ayında Nəzakət Teymurovanın Azərbaycan musiqisi toplusundan ibarət yeni diski İtaliyada işıq üzü görüb. O, 5 dəfə Prezident Mükafatına layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(04.07.2025)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.