Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Maraqlı söhbətlərdəyik.
Amerikalı ixtiraçı və alim, sahibkar və bütün dünyada 4000-dən çox patent sahibi olan Tomas Edison öz ölkəsində son dərəcə məşhur idi.
1878-ci il aprelin 1-də Nyu-Yorkun “The Daily Graphic” qəzeti alimin populyarlığından istifadə edərək, onun yaratdığı inanılmaz texnoloji aparat haqqında məlumat verir. Qəzet Tomas Alva Edisonun dünyada bəşəriyyəti aclıqdan xilas edəcək qida maşını yaratdığını açıqlayır.
Yeni texnologiya möcüzəsinin işləmə prinsipi isə unikal idi: əkin, suvarma, alaq otları, zərərvericilərə qarşı mübarizə, məhsul yığımı və mal-qaranın artırılması kimi heç bir ara proseslər olmadan, aparat qidanı birbaşa torpağından istehsal edəcəkdi! Xəbərdə bildirilirdi ki, Edisonun aparatı torpağı və havanı ətə və tərəvəzə, suyu isə şəraba çevirə bilir. Dahiyanə!
Əslində isə bu bir 1 Aprel zarafatı idi və məqalənin son abzasında qeyd edilirdi ki, bu bir zarafatdır və ərzaq hazırlayan belə bir möcüzəli maşın yoxdur. Amma məqaləni axıra kimi kimdir oxuyan? Hətta Amerikanın digər nəşrlərinin redaktorları da son sətirləri oxumadan buna inanmışdılar.
Onlar bu məlumatın dünyada sensasiya yaradacaqlarına və məlumatın etibarlılığına heç bir şübhə etmədən olduğu kimi çap edərək yayırlar. Bunun ardınca çoxsaylı jurnalistlər ordusu böyük alim Edisonun daha bir böyük və parlaq ixtirası haqqında məqalələr dərc edərək, ona təriflər yağdırmağa başlayırlar.
“The Daily Graphic” qəzeti isə bir qədər fasilə verir və bir müddətdən sonra “Onlar yedilər!” başlığı altında kinayəli yazı ilə zarafata qapılan həmkarlarını ələ salan bir məqalə yazır.
“Ədəbiyyat və incəsənət”
(04.07.2025)