Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Bu dəfə " Sevdiyin şeiri gəl mənə söylə" rubrikasının qonağı Nail Zeyniyevdir.
O, Bakı Dövlət Universitetinin tələbəsidir. Şeirlərini, yazılarını sosial şəbəkələrdə daha çox görə bilərik. "Qaranlıq bir sabah" və "Mən Qəribə Adamam" adlı şeir kitablarının müəllifidir. Onun yaradıcıllığı introspektiv duyğular, kədərli nəğmələr və mənəvi acı ilə zəngindir.
Nail Zeyniyevin " sevdiyi " şeiri " Ədəbiyyat və İncəsənt" portalının izləyicilərinə təqdim edirik.
-Salam, Nail bəy. Buyurun, sevdiyiniz şeiri söyləyin.
-Əvvəla ən çox sevdiyim şeiri seçmək mənim üçün olduqca çətindir, çünki Azərbaycan poeziyasında bir birindən gözəl şeir nümunələri var, bunları bir birindən ayırmaq olmur. Bir əldəki beş barmaq kimidir- necə deyərlər. Amma bəlkə də, ən sevdiyim şeiri seçmək elə bil öz içimdəki ən çox ağrıdan, məni incidən xatirəni seçmək kimidir. Mən o ağrını hər dəfəsində məhz Ramiz Rövşənin “Ayrılıq” şeirində tapıram. Hər oxuyanda elə bil mən özüm bu şeirdə ya yaşayan, ya da ölən bir adamam.
Ramiz Rövşənin qələmi səssiz nalə kimidir. Danışmır, amma yenə sənə özünü danışdırır. "Ayrılıq" şeiri də elə bu cürdür. Sətirlər hərhansı bir ünvana deyil, məhz sanki adamın özünə yazılıb.
Yenə bu şəhərdə üz-üzə gəldik,
Neyləyək, ayrıca şəhərimiz yox.
Bəlkə də, biz xoşbəxt ola bilərdik,
Bəlkə də, xoşbəxtik, xəbərimiz yox.
Bu bənd elə bir tanış küçə kimidir ki, sən ordan neçə dəfə keçmisən, amma heç bəlkə o küçəni tanımamısan. Məncə, həyatda da belə olur insanlar bir-birindən uzaqlaşanda şəhərlər eyni qalır, amma küçələrin istiqaməti onlarçün dəyişir.
Mən elə bilirdim, sənsiz ölərəm,
Mən sənsiz ölmədim, məni bağışla!
Bu misra da həmçinin təkcə sevgi itkisinin yox, ümumi bir yanılmanın ifadəsidir deyə bilərik. Bəzən elə bilirik kimsəsiz yaşaya bilmərik, amma sonra anlayırıq ki, yaşamaq əslində sadəcə nəfəs almaqdan ibarətdir. Həyat davam edir, içimiz isə bəzi şeylər çoxdan tükənir.
“Ölmədim” deyirəm, nə bilim axı,
Bəlkə də, mən sənsiz ölmüşəm elə,
Qəbirsiz-kəfənsiz ölmüşəm elə.
Şair davamında da belə deyir, bu hissə isə məndə çartlamış bir aynanı xatırladır öz əksinə baxırsan, amma tanımırsan, ya tanımaq istəmirsən. İnsan bəzən yaşayır, amma içindəki nəyinsə öldüyünü iliklərinə qədər hiss edir. Və Ramiz Rövşən bunu şeirə yalnız o tanıdığı, yaxşı bildiyi hisslərlə yazır.
Bu şeiri niyə çox sevirəm?
Çünki mən bəzən bu şeirin özüyəm. Bəzən bu şəhərin bir tinində özüm-özümü itirdiyimin fərqinə varıram. Ramiz Rövşənin sətirlərində mən özümü başa düşürəm, çünki o, mənim başa düşməkdən qorxduğum hissləri deyir.
"Ayrılıq"
Ramiz Rövşən
Yenə bu şəhərdə üz- üzə gəldik,
Neyləyək, ayrıca şəhərimiz yox.
Bəlkə də, biz xoşbəxt ola bilərdik,
Bəlkə də, xoşbəxtik,
xəbərimiz yox.
Aradan nə qədər il keçib görən, –
Tanıya bilmədim,
məni bağışla.
Mən elə bilirdim, sənsiz ölərəm,
Mən sənsiz ölmədim,
məni bağışla!
“Ölmədim” deyirəm,
nə bilim axı, –
Bəlkə də, mən sənsiz ölmüşəm elə,
Qəbirsiz-kəfənsiz
ölmüşəm elə.
Bəlkə də, biz onda ayrılmasaydıq,
Nə mən indikiydim,
nə sən indiki, –
Ayrıldıq, şeytanı güldürdük onda;
Bu ilin
bu ayın
bu günündəki,
Elə bu küçənin bu tinindəki
məni də, səni də öldürdük onda.
…Sağımız-solumuz adamla dolu,
Qol-qola kişilər, qadınlar keçir.
Özündən xəbərsiz
ömründə min yol
Özünü öldürən adamlar keçir.
Keçir öz qanına qatan adamlar,
Bir də ki, qan hanı?
Qan axı yoxdu.
Hamı günahkardı dünyada,
amma
Dünyada heç kəsin günahı yoxdu.
Bizsiz yazılmışdı bu tale, bu baxt,
Sapanddan atılan bir cüt daşıq biz.
Bəlkə bu dünyada
on-on beş il yox,
Min il bundan qabaq ayrılmışıq biz.
Halal yolumuzu dəyişib,
nəsə
Çaşmışıq, bir özgə yoldan getmişik.
Bəlkə min il qabaq səhv düşüb nəsə,
Minillik bir səhvə
qurban getmişik.
Dəyişib yerini bəlkə qış-bahar,
Qarışıb dünyanın şəhəri, kəndi.
Bəlkə öz bətnində
ögey analar
Ögey balaları gəzdirir indi.
Ömrüm başdan-başa yalandı bəlkə,
Taleyim başqaymış doğrudan elə.
O yoldan ötən qız
anamdı bəlkə,
Bəlkə də, oğlumdu bu oğlan elə.
Bu yalan ömrümdə
görən sən nəsən?
Bəlkə heç sevgilim deyilsən mənim.
Anamsan,
bacımsan,
nənəmsən,
nəsən?!..
Bircə Allah bilir, nəyimsən mənim.
Bizi kim addadar bu ayrılıqdan,
Çatmaz dadımıza
nə yol, nə körpü.
Ölüsən,
dirisən,
hər nəsən,
dayan!
Dayan, heç olmasa əlindən öpüm…
Deyirsən: “Ölüyəm, ölünü öpmə…”
Əlimin içində
soyuyur əlin.
Deyirsən: “Sən allah, əlimi öpmə,
əlimdən, deyəsən, qan iyi gəlir…”
“Ədəbiyyat və incəsənət”
(04.07.2025)