ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Çərşənbə axşamı, 07 Oktyabr 2025 12:34

“Tələbə yaradıcılığı”nda NDU tələbəsi Yusif Əhməd

 

“Ədəbiyyat və incəsənət” portalının Tələbə yaradıcılığı rubrikasında bu gün sizlərə NDU- Jurnalistika ixtisası üzrə I kurs tələbəsi, TEC Yazarlar klubunun üzvü Yusif Əhmədin hekayəsi təqdim edilir.

 

Yusif Əhməd

Travmaların şahzadəsi

Hekayə

 

Bu gün də o işdən evə yorğun gəlmişdi. Hər dəfə evinə gələndə sanki içini boşluq hissi bürüyürdü. Bəli, çünki heç kimi yox idi. Nə atası, nə anası…

Əlində görünüşündən bahalı içkiyə oxşar nəsə var idi. Ayaqqabılarını çıxardıb evinə girdi. Səssizcə mətbəxə girib dünən hazırladığı yeməyi qızdırdı. Süfrə qurdu. Masada 3 stul var idi. Atası-anasını qəzada itirəndən sonra stulları yerindən qaldırmamışdı. Hətta stulların başında bir atasının köynəyini, bir də anasının köynəyini qoymuşdu. Yemək çəkdi, amma təkcə özünə yox, əlavə 2 boşqaba da.

Oturdu, yeməyə başladı. Nəyisə xatırladı sanki, sonra gülməyə başladı. Atasının bir zamanlar oturduğu stula baxdı:

   Bax, atacan, gör nə almışam, sən istədiyindən. — Əlində atasının sevdiyi içki var idi.

   Anacaan, bəsdi də. — Sanki anası bu hala əsəbləşmişdi, qulaqlarında anasının səsi canlanırdı.

   A bala, bax, içir o zəhrimarı, sonra pis olur.

   Ay arvad, sən işinlə məşğul ol, olan mənə olur da, pay atonndan.

   Nə deyirəm, nə istəyirsən, elə.

   Ay arvad, ürəyimdən sənə bir şeir deməyim keçir.

   Sən Allah… — Sonra gülüşlər…

Birdən sükut yenidən çökdü ortaya. Yeməklər olduğu kimi qalmışdı. Atası bu dəfə o ən çox istədiyi içkidən bir qram belə olsun içməmişdi. Deyəsən, həyat yoldaşının xətrinə bu dəfə dəymək istəməmişdi — belə fikirləşdirdi o.

Zəng gəldi, ona işdən zəng vurmuşdular. Danışdı, söndürdü telefonu. Üz ifadəsi getdikcə dəyişirdi. İçi o qədər dolu idi ki… Gün də batmaq üzrə idi, bu isə onu lap darıxdırırdı.

   Mənim qarnım axı niyə doymur, anacan? Nə vaxta kimi özümü ovundurum axı? — Gözündən yaş süzülməyə başladı. — Niyə belə edirsən axı, atacan, niyə içmirsən? Halbuki sən bu içkini görəndə necə də sevinirdin, indi niyə içmirsən?

Qalstukunu açdı, köynəyinin ilk 2 düyməsini açdı. Boğulurdu sanki bu sükutun içində. Ayağa qalxdı, pəncərəni açdı, siqaret yandırıb gözünü əngilliklərə dikdi. Bəzən bir takkıltı gələndə qorxurdu ki, anası-atasa onun siqar çəkdiyini görüb söz edərlər. Sonra bir anlıq tutulurdu…

Çəkib bitirəndən sonra masada olan içkiyə baxdı. Heç vaxt içki içməmişdi. Bu gün isə o yoxlamaq istəyirdi, çünki artıq dözə bilmirdi. Masaya yaxınlaşdı, bir qədəh içki süzdü özünə. Arada qalmışdı: içsinmi, içməsinmi? Amma artıq bunu fikirləşmək gec oldu, qədəhi başına çəkdi. Sonra birini də. Birini də. Beləliklə, içki qanına qarışdı. Soyuqluğu damarlarında axmağa başladı, bədənini titrəmə bürüdü. Damarlarında axan soyuq içki başına keçdi.

Başı gicəlləndi, ayaq üstə qalmağa çətinlik çəkirdi. Atası və anasının köynəyini götürüb yan otağa keçdi, pəncərəni açdı. Sanki anası və atasının ruhu o qədər əsəbləşmişdi ki, ona soyuq, bir o qədər də sərt külək əsməyə başladı. O, köynəkləri bərk-bərk ürəyinə sıxıb yatağa uzanaraq büzüşdü. Köynəkləri qoxlayaq sanki valideynlərini daha canlı hiss edirdi.

Sonra birdən gözünə valideynləri görünməyə başladı. Nə qədər eləsə də bu travmalarına qarşı gələ bilmirdi. Birdən ayağa qalxdı. Qoca bir səhnə qarşısında yol ayrıcında qalmışdı. Bir tərəfdə atası, bir tərəfdə isə anası. Gözləri bərəlməyə başladı. Dodaqları, əlləri, bədəni titrəyirdi. Qışqırmaq istəyirdi, çıxmaq istəyirdi bu təsirdən, amma çıxa bilmirdi ki, bilmirdi.

   Anaa, anaa, tut əllərimi, xahiş edirəm! — Sanki anası ondan küsmüşdü. Axı hansı ana istəyər ki, oğlu içki içsin? O bu yoxluğa alışmalı idi.

   Ata, heç olmasa sənn, heç olmasa sənnn, buraxma məni, xahiş edirəm! — Atası da küsmüşdü ondan.

Getdikcə bədənini müdhiş həyəcan bürüyürdü. Yoxsa dəlimi olurdu? Yox, yox… onda taqət qalmamışdı artıq. Yerə çökdü, iki əlini yana açdı — birini anasına, birini atasına. Amma onlar getdikcə ondan uzaqlaşırdılar.

   Anaaaaa! — deyə bərkdən qışqırdı cənab. — Analar övladlarını buraxmaz axı!

   Ataaa, ataaa! Anam niyə belə edir? Ataaa, ataaa, hara getdin, ataaa?! Yoooox, ola bilməəəzz!

Bəli, ata və anası ondan aralandılar. Tək qoydular onu. Qoca səhnədə tək qaldı cənab. Çökdü yerə, dəli kimi çığırmağa başladı.

Bir müdedət keçdi.

Artıq sakitləşməyə başlamışdı. Gözündən yaş süzülürdü.

Titrək dodağının altında: -Analar övladlarını buraxmaz… — deyə təkrar-təkrar söyləməyə başladı.

 Bu dəfə də o şık kostyumda idi. Onu qapı ağzında qarşılayan xanımı var idi, bir də balaca oğlu.

—Happy birthday to you, happy birthday to you— xanımı tortu masaya qoyur və şamları travmaların şahzadəsi üfürür. Şamları sönməsilə yanaşı işıq  da söndü və şahzadə birdən gözlərini açdı.  Masada içki şüşəsi və həmin boş qalan o iki stul…

Şahzadə əlinə içki şüşəsini alıb: - Travmaların şahzadəsinin sağlığınaaaaaa— deyə qışqırdı.

 

“Ədəbiyyat və incəsənət”

(07.10.2025)

 

Çərşənbə axşamı, 07 Oktyabr 2025 13:01

Milli irs və gənc nəsil: yaddaşın gələcəyə daşıyıcısı

Rəqsanə Babayeva,

Beyləqan rayon Mədəniyyət Mərkəzinin rejissoru, “Gənclik” xalq teatrının rəhbəri, yazıçı. “Ədəbiyyat və İncəsənət” üçün

 

Millətin yaşaması təkcə ərazilə, dövlət qurumları ilə ölçülmür. Bir xalqın varlığını əsrlərdən əsrlərə daşıyan, onu tanıdan, qoruyan əsas amil milli irsidir. İrs – yalnız qədim abidələr, xalçalar, musiqilər deyil, həm də bir xalqın düşüncə tərzi, yaddaşı, mənəvi kimliyidir. Bu xəzinənin daşıyıcısı və qoruyucusu isə gənc nəsildir.

Bugünümüzün ən mühüm sualı budur: biz milli irsimizi necə gələcəyə ötürürük? Gənclik, qlobal çağırışların, internetin, texnologiyanın təsiri altında milli kimliyini itirmədən, əksinə onu gücləndirərək dünyaya təqdim edə bilirmi?

 

Milli irs – zamanın güzgüsü

 

Azərbaycan irsi çoxqatlıdır: qədim Qobustan qayaüstü təsvirlərindən tutmuş, Şərq poeziyasının incisi olan Nizami irsinə, muğamın fəlsəfi dərinliyindən Qarabağ xalçalarının naxış dilinə qədər. Bunlar sadəcə keçmişin xatirələri deyil, gələcəyə işıq tutan mədəni kodlardır.Mədəniyyət tarixçilərinin dediyi kimi, xalqlar dövlətlərini itirsələr də, irsləri ilə yenidən dirçəlib var ola bilirlər. Bu mənada irs sadəcə muzeylərdə qorunan eksponat deyil, millətin ruhudur.

 

Gəncliyin məsuliyyəti

 

Hər nəsil öz irsini dərk etməli və onu yenidən kəşf etməlidir. Gənclik yalnız irsi qorumaqla kifayətlənməməli, həm də onu öz dilində, öz yaradıcılığında ifadə etməlidir.

Muğamı dinləyən gəncin onu cazla sintez etməsi, qədim xalça naxışlarını rəqəmsal dizaynda istifadə etməsi, aşıq şeirlərini yeni musiqi janrında təqdim etməsi – bunlar milli irsin ölmədiyini, əksinə, dəyişərək yaşadığını göstərir. İrs dondurulmuş abidə deyil, daim nəfəs alan canlı varlıqdır.

 

Təhsil və irs

 

Milli irsin gələcəyə ötürülməsində təhsil sisteminin rolu həlledicidir. Məktəblərdə, universitetlərdə gənclərin yalnız xarici dillərə, texnologiyaya deyil, həm də klassik ədəbiyyata, muğama, milli incəsənətə yönəldilməsi vacibdir.

Gənc nəsil Nizami Gəncəvinin fəlsəfəsini, Füzulinin məhəbbət dilini, Üzeyir Hacıbəylinin musiqi mirasını dərk etdikdə, yalnız öz tarixini öyrənmir, həm də dünyada mövqeyini möhkəmləndirir. Çünki kimliyini dərk edən gənc daha güclü və müstəqil olur.

 

Qarabağ – dirçəlişin mərkəzi

 

İşğaldan azad edilən torpaqlar milli irsimizin ən zəngin məkanlarıdır. Qarabağ təkcə siyasi qələbə deyil, həm də mədəniyyətin təntənəsidir. Şuşada yenidən səslənən muğam, Cıdır düzündə bərpa olunan festivallar, Ağdamda qurulan muzeylər – bütün bunlar gənc nəslə böyük bir mesajdır: irs bəzən torpaq qədər müqəddəsdir.

Burada böyüyən yeni nəsil, öz gözləri ilə milli irsin dirçəlişini gördükcə, onu daha artıq dəyərləndirəcək və gələcək nəsillərə ötürəcək.

 

Qloballaşma və milli kimlik

 

Dünya getdikcə bir-birinə oxşayır. Musiqilər, filmlər, geyimlər, həyat tərzi sərhəd tanımır. Bu prosesin içində gənclərin milli kimliyi itirməməsi ən böyük çağırışdır.

Amma burada qorxuya ehtiyac yoxdur. Əksinə, milli irs qloballaşan dünyada bir üstünlükdür. Çünki unikal olan maraq doğurur. Dünyada milyonlarla gənc eyni musiqini dinləyə bilər, amma yalnız Azərbaycan gənci muğamı, aşıq dastanlarını və ya Novruz ənənəsini dünyaya təqdim edə bilər. Bu, böyük imkandır.

 

İncəsənətdə yeni nəfəs

 

Gənc rəssamların əsərlərində xalça naxışlarının müasir interpretasiyası, gənc musiqiçilərin muğamla rok və cazı birləşdirməsi, yazıçıların klassik motivləri yeni üslubda işləməsi milli irsin necə yaşadığını göstərir.Mədəniyyət yalnız keçmişin yadigarı deyil, həm də gələcəyin qurucusudur. Əgər gənclərimiz bu yolu davam etdirirsə, demək, milli irs yalnız qorunmur, həm də inkişaf edir.

 

Dövlət dəstəyi və ziyalı məsuliyyəti

 

Milli irsin gələcəyə daşınmasında dövlətin yaratdığı layihələr – festivallar, sərgilər, beynəlxalq tədbirlər mühüm rol oynayır. Amma bütün məsuliyyəti dövlətə yükləmək doğru deyil. Burada ziyalıların, müəllimlərin, sənət adamlarının missiyası böyükdür. Onlar gənclərə örnək olur, irsi sevdirməyi öyrədirlər.

Bir ziyalının qələmindən çıxan məqalə, bir müəllimin dərs zamanı dediyi söz, bir sənətkarın yaratdığı əsər – bunlar bəzən dövlət proqramından daha təsirli ola bilir. Çünki irs ilk növbədə sevgi ilə ötürülür.

Milli irs – xalqın yaddaşı, kimliyi və varlığının zəmanətidir. Bu irsin qoruyucusu və daşıyıcısı isə gənclikdir. Əgər gənclər milli irsi öz həyatına daxil etməyi bacarırsa, deməli, gələcəyimiz etibarlı əllərdədir.

Azərbaycanın gələcəyi yalnız iqtisadi gücdə deyil, milli-mədəni dayaqlarında gizlidir. Qarabağın dirçəlişi, Şuşada səslənən muğam, gənclərin yaratdığı yeni sənət nümunələri göstərir ki, biz irsimizi yalnız qorumaqla kifayətlənmirik, həm də yenidən yaradırıq.

Dövlətinə, torpağına, mədəniyyətinə bağlı olan gənc nəsil milli irsi sadəcə xatirə kimi deyil, gələcək güc kimi daşıyacaq.

 

Çünki irsini yaşadan millət heç vaxt məhv olmur.

 

“Ədəbiyyat və incəsənət”

(07.10.2025)

 

 

 

Ədəbiyyat və incəsənət” portalının Redaksiyanın poçtundan rubrikaslnda poçtumuzdakı növbəti yazını təqdim edirik. Onun müəllifi Azərbaycan dill və ədəbiyyatı müəllimi Sevil Azadqızıdır.

 

Müəllim, yalnız dərs deyən insan deyil, o, həyat yolumuzu işıqlandıran, qaranlıqda yolumuzu göstərən, ruhumuzu böyüdən bir insandır. Müəllimlər bizə yalnız ana dili, riyaziyyatı və tarixi öyrətmir; onlar bizə düşünməyi, hiss etməyi, insanlığı və mərhəməti öyrədirlər. Hər birimizin içində gizli qalan bacarıqları aşkara çıxaran, qəlbimizi böyüdən və bizi gələcəyə hazırlayan müəllimlərimizdir.

Böyük Azərbaycan şairi Nizami Gəncəvi demişdir:“Müəllim elmi işıqlandıran və ruhu işıq saçan insandır.”

Burada müəllimin rolu təkcə bilik ötürmək deyil; o, şagirdin ruhunu və daxili dünyasını işıqlandıran rəhbərdir. Müəllim həm elm öyrədir, həm də insanı kamilləşdirməyə istiqamətləndirir.

Keçən əsrin böyük maarifçilərindən Cəlil Məmmədquluzadə isə demişdir:“Müəllim bir xalqın ruhunu böyüdən, onu gələcəyə aparan qüvvədir.”

Cəlil Məmmədquluzadə müəllimin təsirini milli və kollektiv səviyyədə izah edir. Müəllim bir xalqın gələcəyini formalaşdırır və onun mədəniyyətini, bilik irsini qoruyub inkişaf etdirir.

Böyük şair Səməd Vurğun isə əlavə edir:“Müəllim, öyrədən deyil, ruhumuza qanad verəndir.”

Burada müəllimin rolu “qanad vermək” metaforası ilə ifadə edilir. Müəllim öyrənəni yalnız biliklə təmin etmir, ona həyatda uğur qazanmaq və özünü ifadə etmək bacarığını verir.

Dünya pedaqogikasının nəhənglərindən Konstantin Uşinski isə qeyd edir: “Pedaqogika ilk və ən yüksək sənətdir, çünki o, mükəmməlliyi yalnız kətanda, mərmərdə deyil, insanın öz təbiətində ifadə etməyə çalışır.”

Uşinski müəllimin fəaliyyətini elm və sənətin birləşməsi kimi qiymətləndirir. Müəllim təkcə dərs keçmir, həm də şagirdin daxili təbiətini, xarakterini və bacarıqlarını inkişaf etdirir.

Anton Makarenko deyir: “İnsan tərbiyə etmək, ona sabahın yolunda sevinci hiss etdirmək deməkdir.”

Makarenko müəllimin rolunu motivasiya və tərbiyə aspektində izah edir. Müəllim öyrənənin yalnız biliklə deyil, həm də emosional və sosial inkişafı ilə məşğul olur.

Azərbaycanın böyük dramaturqu və maarifçisi Hüseyn Cavid isə yazırdı: “Bir xalqın sabahı müəllimin əllərində böyüyür, onun ruhunda çiçək açır.”

Hüseyn Cavid müəllimin təsirini milli və tarixi perspektivdə göstərir. Hər bir şagirdin inkişafı nəticədə bütöv bir xalqın gələcəyinə təsir edir.

 

Azərbaycanın zəngin təhsil ənənələrində bir çox müəllimlər öz əməkləri ilə iz qoymuş, xalqın maariflənməsinə böyük töhfələr vermişlər. Onlardan bəzilərinin fikirləri bu gün də təhsilimizin əsasını təşkil edir.

Mirzə Fətəli Axundzadə  Azərbaycan maarifçiliyinin banisi sayılır. O, təhsilin və maarifin xalqın inkişafında mühüm rol oynadığını vurğulamışdır. Onun fikirlərinə görə, təhsil yalnız bilik vermək deyil, həm də insanın şəxsiyyətini formalaşdırmaqdır.

Azərbaycan milli maarifçiliyinin öncüllərindən biri olan Əli bəy Hüseynzadə, təhsilin xalqın mədəniyyətini və mənəviyyatını yüksəltmək üçün vacib olduğunu qeyd etmişdir. O, müəllimin yalnız bilik ötürən deyil, həm də tərbiyəçi olduğunu vurğulamışdır.

Azərbaycan dramaturqu və yazıçısı olan Cəfər Cabbarlı, təhsilin cəmiyyətin inkişafında əsas amil olduğunu bildirmişdir. O, müəllimlərin gəncləri düzgün tərbiyə etməsinin vacibliyini qeyd etmişdir.

Bu müəllimlərin fikirləri, Nizami Gəncəvinin, Cəlil Məmmədquluzadənin, Səməd Vurğunun, Konstantin Uşinskinin, Anton Makarenkonun və Hüseyn Cavidin sözləri ilə birləşərək, müəllimin cəmiyyətdəki əvəzsiz rolunu bir daha təsdiq edir.

2 gün öncə qeyd etdiyimiz Müəllim Günü bizə müəllimlərimizin əvəzsiz əməklərini anlamaq, onlara təşəkkür etmək və minnətdarlığımızı göstərmək üçün xüsusi bir fürsət verir. Onlar yalnız bilik öyrətmir, həm də insanın ruhunu böyüdür, onun xarakterini formalaşdırır və gələcəyə ümid verir. Müəllimlərin səbrini, qayğısını və sevgi dolu ürəyini dəyərləndirmək bəzən çətindir, amma onların verdiyi ilham və yol göstərən nümunə bizim üçün əbədi bir xatirədir.

Beləliklə, hər bir müəllim – həyat yolumuzu işıqlandıran bir insandır. Onların əməyi əvəzsizdir, onların təsiri hər zaman yaşayır. Həyatımıza verdikləri işıq və ilham üçün müəllimlərə təşəkkürlərimizi çatdırırıq.

Siz bizim əbədi işığımızsınız!

 

“Ədəbiyyat və incəsənət”

(07.10.2025)

 

 

 

 

Cahangir Namazov,

“Ədəbiyyat və incəsənət” portalının Özbəkistan təmsilçisi.

 

Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portalı ilə birgə Türk dünyası ədiblərini tanıdaq layihəsində bu gün həmsöhbətimiz — Özbəkistan Yazıçılar Birliyinin üzvü, Cizzəx vilayəti şöbəsinin rəhbəri, tanınmış şairə və yazıçı-publisist, Özbəkistan Respublikasının “Şührət” medalı laureatı, ondan artıq poetik, nəsr və publisistik kitabların müəllifi Mehriban Abdurəhmanovadır.

 

— Uşaqlıq xatirələri — yaradıcı insanın tükənməz xəzinəsidir. O xəzinədən hansı “qızıl yadigar” hələ də sözlərinizə rəng, nəfəs, həyat verir?

 

— Anamın gülxəyrilər haqqında oxuduğu nəğməsi uşaqlığımın ən parlaq xatirəsidir. Həyətimizdə, bağçamızda, hətta kəndimizin geniş çöllərində də ağ, çəhrayı gülxəyrilər açardı.

Eşik önü gülxəyrı,

Mənim balam Beqəli.

Gülxəyrinin gülü çox,

Beqəlimin oğlu çox. 

Və bir də gün batımındakı şəfəqin cazibəsi.

Həyətimiz kəndin kənarında olduğuna görə gün batarkən yaranan o mənzərə hər zaman məni heyran qoyardı. Bu barədə “Qanlı şəfəq surəti” adlı hekayəmdə xüsusi dayanmışam:

“Bütün günü aləmə işıq saçan günəş axşamçağı üfüqün arxasına çəkilərkən elə bir gözəlliklə batardı ki, bu mənzərədən qəlbim titrəyər, gözlərim qamaşardı.

O an anladım ki, mavi, yaşıl, göy deyə adlandırdığım rənglərin sayı və mənası nə qədər səthi imiş.

Üfüqdə yayılan qırmızı şəfəqin üstündəki min bir tonlu mavi və göy çalarları sanki ürəyimə dolur, damarlarımda axmağa başlayırdı.

Qəlbimə iztirablı bir hüzn çökür, gözlərimdən yaş süzülürdü.

Sanki yerə yıxılıb, səssiz-səmirsiz ağlamaq istəyirdim.

Səsim çıxmasa da, içimdə göylər dolusu fəryad çalır, şimşəklər çaxır, yağışlar yağırdı.

Yağışlar ki, istiğfar yağışları idi!

Ey Rəbbim, sən əsl Musəvvirsən, sən əsl ustasan!

Sənin sonsuz camalının bir zərrəsi qarşısında qəlbim mum kimi əriyirdi.

Səni dərk etdiyimə şükür, Allah! Var olduğuna şükür, İlahi!

Divanə kimi çöllərdə qaçan ruhum nənəmin atası — babamın vaxtilə tikdiyi, indi xarabaya dönmüş balaca kulbanın önündə dayandı.

O yerdə hələ də gülxəyrilər açırdı.

Orada balaca bir qız anasından soruşurdu:

– Ana, gülxəyrilər niyə bu qədər gözəldir?

– Onlarda Allahın camalı var, balam.

– Allah kimdir, ana?

– Allah məni, səni, hamımızı yaradan Uca Tanrıdır.

– Mən Onu görmək istəyirəm, ana. Göstər mənə, göstər...”

 

  Yaradıcılığınız poeziyadan başladı, sonra nəsr, publisistika və tarixi romanlara keçdi. Bu janr dəyişməsi qələmınıza necə təsir etdi?

 

— İlk yaradıcılığım şeirlə başladı, əlbəttə. Şeir misraları hafizəmdə hazır şəkildə yaranardı, sonra kağıza köçürmək qalardı.

Yadda saxlamağa belə ehtiyac qalmazdı.

Son beş ildə hafizəm bir az zəifləyib, indi fikirlərim tezliklə uçub gedir. Buna görə də, noutbuk ekranına mıxlanmış halda yazıram.

Publisistikaya isə təsadüfən gəlmişəm. Əvvəlcə müəllimlər haqqında məqalələr yazardım, sonra qəzetdə işləməyə başlayanda bu sahəyə ciddən girişdim. “Mirzəçölnamə” adlı publisistik toplusum “Vətən üçün yaşayaq” müsabiqəsində yüksək yer qazandı.

Amma zaman dəyişdikcə bu cür əsərlərin tez köhnəldiyini gördüm. “Əbədiləşəcək əsərlər yazmalıyam,” – dedim özümə. Və nəsrə yönəldim. “Yoshlik” (Gənclik) jurnalında çıxan ilk hekayələrim oxucular tərəfindən alqışlandı.

Amma özüm yazdıqlarımdan razı qalmırdım. Bir müddət fasilə verdim. Yenə poeziyaya, sonra publisistikaya qayıtdım.

“Qadın yazarlarımız arasında nəsr yazan niyə azdır?” – sualı tez-tez səslənir.

Bəli, nəsr ağır janrdır. Üstəlik, qadının boynunda həm yaradıcılıq, həm analıq, həm də evdarlıq məsuliyyəti var. Lakin istəsən, imkan taparsan.

Zamanla gördüm ki, qəlbimdəki duyğular nə şeirə, nə publisistikaya sığmır. Nəsrə tam yönəldim.

Yazmaq istədiyim hekayələr böyüyüb povestlərə çevrildi.

Sonra “1916” adlı tarixi roman üzərində işləməyə başladım.

Çünki o dövrdə baş verən Cizzəx üsyanı barədə babamdan, anamdan eşitdiklərimi yazmaq, gələcək nəsillərə çatdırmaq istəyirdim.

Beləcə, şairlik və publisistikadan doğan nasirlik bu gün məni daha çox ədib kimi tanıdır.

 

 — Bir əsəri yazmaq üçün ilham və hazırlıq dövrü sizdə necə keçir?

 

— Düzünü desəm, şeir və hekayə yazmaq üçün ilhamın gəlməsini gözləmirəm. Məncə, yaradıcı insan ilhamı özü istəyi və hərəkəti ilə çağırıb gətirməlidir. Birdən-birə şüura gələn kiçik bir fikir, kompüterin qarşısına keçəndən sonra böyük hadisələrin qapısını açır. Ən əsası — yazmağa başlamaqdır. Yazı başladımı, artıq yazıçının iradəsi öz əlinə qalmır, hadisələr axarına düşüb, müəllifin iradəsini də ələ alır. Yazmağa başlayanda mənfi qəhrəman bəzən elə hərəkətlər edir ki, insanın tam pis, yaxud müsbət qəhrəmanın da daim yaxşı ola bilməyəcəyini göstərir.

Hə, hər şeydə nisbilik var — hətta insanlara aid “yaxşı” və “pis” keyfiyyətlərin də nisbi olduğunu yazıçı məhz yaradıcılıq prosesində daha dərindən duyur.

Əgər yazılacaq əsər böyük həcmli və xüsusilə tarixi mövzudadırsa, yazıdan əvvəl mövzuya aid materialların hər xırdalığınadək öyrənilməsi vacibdir. Bunsuz olmaz. “1916” romanını yazmazdan öncə çoxlu tarixi mənbələri oxumağa məcbur oldum. Rusiya imperatorunun rus olmayan xalqların məcburi əmək üçün səfərbər olunması barədə fərmanını və onun ətrafında cədidlərimizin yığıncağında gedən söhbətləri təsvir etmək üçün hər bir cədidin əsərləri ilə tanış olub, onların fikirlərini öyrənmişdim. Əlbəttə, bu, böyük zəhmət, dözüm və peşəkarlıq tələb edirdi.

 

— Ustad kimi şagirdlərinizə verəcəyiniz ən mühüm üç tövsiyə nədir?

 

— Dürüstlük, halallıq; Bir saniyəni belə boş keçirmədən oxuyub-öyrənmək; Zülm etməmək və məzlumların tərəfində durmaq.

 

  Siz halallıq və ədaləti həm şəxsi həyatınızda, həm də yaradıcılığınızda üstün tutursunuz. Bu prinsiplər yaradıcı insan üçün necə sınaqlardan keçir?

 

— Halallıq və ədalət — insan cəmiyyətinin ən mühüm dayağıdır. Halallıq və ədalət olmayan yerdə həyat ağacı qurumağa başlayır, nəhayət tənəzzülə uğrayır. Yazılan əsər mahiyyətcə həqiqətə və ədalətə xidmət etmirsə, onların yox olduğu yerdə zülm hökm sürəcəyini həyati misallar və bədii təfsir vasitəsilə göstərə bilmirsə — o əsər deyil, sadəcə uydurulmuş yalanlardan ibarət söz yığınına çevrilir. Əgər oxucu qəhrəmanın kədəri ilə kədərlənib ağlaya bilmirsə, yaxud onun sevincindən könlü işıqlanıb, qeyri-ixtiyari təbəssüm edə bilmirsə, əsərə hopmuş yumorun təsirindən səmimi gülə bilmirsə — demək, o əsər bədii əsər deyil.

Hər bir əsərin dayağı həqiqət və ədalət olmalıdır. Bütün çətinliklərə baxmayaraq, bu keyfiyyətlərsiz yaradıcılıq uzunömürlü ola bilməz.

 

— Qadın yaradıcı kimi cəmiyyət və ailə məsuliyyəti arasında tarazlığı necə qoruyursunuz?

 

— "Zərif varlıq" olan qadının boynuna düşən  məsuliyyətlər bir kişinin üzərinə yüklənsə, bu günün tələsik dünyasında o kişini belə tükəndirərdi. Amma xalqımızın “Qadının canı qırxdır” deyimi hələ də öz mənasını itirməyib. Bugünün qadını həmin qırx canı ilə hər şeyə çatmağa çalışır: Cəmiyyətdə — işgüzar rəhbər, ailədə — sevimli yar, mehriban ana, bacarıqlı evdar qadın. Bu tarazlıq pozularsa, cəmiyyətin tarazlığı da pozular. Mən bu tarazlığı qorumağa çalışıram, əlbəttə.  Dörd övladımın hamısı savadlıdır. Onların həyatda öz yerini tapması üçün daim dəstək oluram.

 

— Mehriban Abdurəhmanovanın həyata baxışını bir cümlə ilə ifadə etmək lazım gəlsəydi, bu necə səslənərdi?

 

 

— Özünə layiq bildiyini başqalarına da layiq gör.

 

  Şair və yazıçı üçün hər bir kitab — həyatındakı ayrı bir dövrün əks-sədasıdır.

Hansı əsərinizi “qəlbimin ən zərif ipindən toxunmuş” adlandırırsınız?

 

— “Qanlı şəfəq surəti” adlı hekayəmi ağlaya-ağlaya yazmışam. Baxmayaraq ki, əsərin bir hissəsində hadisələr rəssam gəncin dili ilə nəql olunur, onun uşaqlığı mənim uşaqlığıma çox bənzəyir.

Doğulub böyüdüyüm kəndin təbiətini, oradakı insanların həyat tərzini həmin rəssam gəncin dili ilə təqdim etməyə çalışmışam. Özüm də qız uşağı olsam da, kitab əlimdə geniş çöllərdə qoyun-quzu otarardım.

Buna görə də əsərin hər sətri, qəhrəmanların sevinci, kədəri və iztirabı mənim ürək titrəyişlərimin əksidir, demək olar.

 

— Kitabxananızda sizin üçün ən dəyərli üç kitab hansılardır və niyə?

 

— “Anna Karenina”, L. Tolstoy. “Ötən günlər”, A. Qədiri. “Sakit axan Don”, M. Şoloxov.

“Anna Karenina” – hər bir dövr qadınının taleyində təkrarlana biləcək acı bir qismətin bədii təfsiridir. Əsərin qəhrəmanları – bir-birinə bənzəməyən müxtəlif insanların taleyi, xüsusilə qadınların düşüncə və hiss dünyası, onların həyat tərzinin incəliklərinə qədər olduqca inandırıcı, dərin həqiqətlərlə təsvir edilmişdir. Tolstoy dahisinə heyran qalmamaq mümkünsüzdür.

“Ötən günlər” – ilk növbədə, milli dəyərlərimizin zərif ifadəsi kimi oxucunun qəlb tellərini titrədən bir əsərdir. Yusifbəy Hacı obrazında özbək xalqının müdrikliyi, Özbeqoyim timsalında isə özbək analarının əzəli və əbədi arzusu — övladına təmtəraqlı toylar edib, gəlin almaq istəyi canlandırılıb. Atabək – məhəbbət hissi ilə övladlıq borcu arasında qalan, nəticədə acı qismətə düçar olan qəhrəmandır; Kumuş – özbək gəlinlərinin mələk simvoludur; Zeynəb isə dövrün qurbanı kimi son dərəcə milli bir tərzdə təqdim olunub.

Əsər milli ədəbiyyatımızın nəsr sahəsində yazılmış ilk və ən gözəl nümunəsidir.

 

“Sakit axan Don” – Birinci Dünya müharibəsi fonunda Rusiya imperiyası dönəmində Don kazaklarının həyat tərzini, duyğularını, faciəli talelərini və müharibə dəhşətlərini olduqca aydın və canlı lövhələrlə əks etdirən bir romandır.

 

— Yazıçı kimi çoxlu kitab oxumaq ilhama nə dərəcədə təsir göstərir? Bəzən elə olurmu ki, bir kitab sizə şeir və ya hekayə yazmaq üçün “açar” rolunu oynayır?

 

— Mən nə qədər yaradıcılıqla məşğul olmuşamsa, bunun hamısı qatı bir kitabsevər olmağımın nəticəsidir, — deyə düşünürəm. Dünya ədəbiyyatının ən seçmə nümunələrini oxuyub onlara heyran qalmışam, əlbəttə. Xüsusilə, Şoloxovun “Sakit axan Don” romanının birinci cildini oxuyandan sonra sadə xalqın həyat həqiqətlərini bədii boyalarla bu qədər gözəl təsvir etməyi məhz onun əsərlərindən öyrənmək gərəkdiyini dərk etmişdim.

 

— “Vətən, ürəyimin döyüntüsünü eşit” kitabınızın adından da milli ruh və məhəbbət duyulur. Sizcə, yazıçı Vətən qarşısındakı ən böyük borcunu necə yerinə yetirir?

 

— Elə bir ədib ki, öz əsərləri vasitəsilə milli dəyərlərimizin — ümumbəşəri dəyərlərin tacı olduğunu göstərə bilsə, deməli, o, Vətən və millət qarşısında ən böyük borcunu yerinə yetirmiş olur. Ürəyimiz Vətən sevgisi və xalq dərdi ilə döyünməsə, ömrümüzün mənası və dəyəri itər.

 

“Ədəbiyyat və incəsənət”

(07.10.2025)

Çərşənbə axşamı, 07 Oktyabr 2025 11:28

“Psixologiya saatı”nda Müjgan Məmmədova ilə

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

"Ədəbiyyat və İncəsənət" portalının dəyərli izləyiciləri, salam olsun. Bu gün də "Psixologiya saatı" rubrikamızda maraqlı bir mövzuya toxunacağıq.

Yəqin ki, çoxunuz mənim kimi yuxudan oyanan kimi gördüyü yuxunun təsirində olur. Yuxuların həyatımıza təsiri varmı?

Yuxular xüsusi xəbərdarlıqmı?

 Rubrikamızın psixoloq qonağı Müjqan Məmmədova bəzi məqamlara aydınlıq gətirəcək.

 

-Müjqan xanım, yuxular, Freydə görə, bir növ psixoloji müdafiə mexanizmi rolunu oynayır, burada gizlədilmiş və qəbuledilməz hisslər və arzular simvolik dilə çevrilərək, şüura təsir etməkdən qorunur.

İstərdik izləyicilərimizə bu haqda məlumat verəsiniz.

 

-Xoş gördük, Ülviyyə xanım.

Yuxu və Gerçəklik: Şüurun Sirlərinə Bir Baxış

İnsan beyni daim reallıq və xəyallar arasında körpülər qurur. Gündüzlər gerçək həyat hadisələri ilə qarşılaşırıq, gecələr isə şüuraltımızın yaratdığı yuxuların aləminə daxil oluruq. Bu iki sahə — yuxu və reallıq — çox vaxt bir-birindən ayrı təsəvvür olunsa da, əslində bir çox nöqtədə bir-birinə toxunur və qarşılıqlı təsir göstərir.

İnam və Reallığın Formalaşması

Son illərdə apardığım müşahidələr göstərdi ki, insanın inam səviyyəsi onun həyatında baş verən hadisələrin istiqamətini dəyişə bilir. Məsələn, insanlara müəyyən pozitiv və ya neqativ məlumatlar verdikdə, onların bu məlumata inanma dərəcəsi sonrakı həyat hadisələrinin reallaşmasında mühüm rol oynadı.

Tamamilə inanan şəxslərdə proqnozların 100% gerçəkləşməsi müşahidə olundu.

Şübhə ilə yanaşan və ya inanmayanlarda isə nəticə demək olar ki, sıfır idi.

Bu fakt insan beyninin çox güclü proyeksiya və proqramlaşdırma qabiliyyətinə malik olduğunu sübut edir. İnam — sadəcə daxili bir duyğu deyil, reallığın formalaşma mexanizmlərindən biridir.

Yuxuların Dili və Şüuraltı

Yuxular insan beyninin ən sirli məhsullarından biridir. Onlar şüuraltının simvolik dili ilə danışır. İnsan gündəlik həyatda yaşadığı duyğularını, qorxularını və arzularını çox vaxt açıq şəkildə ifadə edə bilmir. Lakin yuxular bu gizli dünyanı üzə çıxarır.

Yuxuda görünən fiqurlar, hadisələr və simvollar reallığın başqa bir “şifrəli” formasıdır.

Şüuraltı yuxular vasitəsilə həm xəbərdarlıq edir, həm də gələcək istiqamətləri işarə edir.

Bu baxımdan yuxu ilə gerçəklik arasında görünməz bir axın mövcuddur. Gündüz yaşanan düşüncələr yuxulara keçir, gecə alınan mesajlar isə gündüz həyatına təsir göstərir.

Elm və Mistika Arasında

Neyroelm yuxuları beynin informasiya emalı prosesi kimi izah edir. Yuxular zamanı beyin xatirələri, duyğuları və şüuraltı məlumatları birləşdirərək yeni mənzərələr yaradır. Mistisizm isə yuxulara daha dərin — metafizik mənalar verir: gələcəkdən xəbərdarlıq, ruhun başqa qatlarla əlaqəsi və s.

Əslində, hər iki baxış bir nöqtədə birləşir: insanın inancı və şüur gücü reallığı dəyişə bilir. Beyin həm yuxuda, həm də oyaq vaxtda özünə verilən mesajları proqram kimi qəbul edir və həyata keçirir.

Yuxu və gerçəklik arasında sərhəd düşündüyümüz qədər kəsin deyil. Hər ikisi insan beyninin məhsuludur və bir-birini formalaşdırır. Əgər insan yuxularına diqqətlə yanaşar, onlardan aldığı mesajları dərk edər və gündəlik həyatında pozitiv inamla hərəkət edərsə, öz reallığını daha şüurlu şəkildə yarada bilər.

Yuxu elmdir və eyni zamanda metaforik, simvolik məna dünyasıdır. Elm getdikcə yuxuların mexanizmini, funksiyasını və təsir yollarını açır, ezoterika isə onlardan daha çox dərin mənalar çıxarmağa çalışır.

Elm göstərir ki, yuxular yaddaş, emosiyaların işlənməsi, beyin adaptasiyası və şüurun müxtəlif qatlarında rol oynayır.

Ezoterik düşüncə isə yuxuların yalnız bu dünyaya bağlı olmadığını, həm də şüurun başqa qatlarına, gələcək potensiallara və daxili xəbərdarlıqlara xidmət edə biləcəyini düşünür.

İnsan yuxularına diqqətlə yanaşdıqca, həm elmi, həm də mistik aspektlərini birləşdirərək reallıqlarını və şüuraltı aləmini daha dərindən anlaya bilər.

 

“Ədəbiyyat və incəsənət”

(07.10.2025)

Çərşənbə axşamı, 07 Oktyabr 2025 09:02

“Maraqlı söhbətlər”də Albert Eynşteyn

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Albert Eynşteyn Yaponiyada səfərdə olarkən qaldığı “Tokio İmperial” otelində yaxşı xidmətinə görə xidmətçiyə bəxşiş vermək istəyir, amma yaxşı bilirdi ki, Yaponiyada bəxşiş mədəniyyəti yoxdur. Bu, onlarda təhqir hesab olunur.

 

Nə isə, əlverişli vəziyyət yarananda xidmətçiyə ona bəxşiş vermək istədiyini bildirir. Xidmətçi: "Bu mənim işimdir, buna görə mənə maaş verirlər"- deyib, bəxşişi qəbul etmir.

Eynşteyn həmin gün Nobel mükafatına layiq görüləcəyini öyrənmişdi. Bunu ona bildirir: "Sadəcə, evincimi sizinlə bölüşmək istəyirəm, bəxşişimi qəbul etmək istəmirsinizsə, heç olmazsa icazə verin, sizə nəsə xatirə bir şey verim"- söyləyir.

Və qələm götürüb kağızda nəsə yazır. Altında imzasını qoyub xidmətçiyə uzadır. 

Yapon xidmətçi kağızı götürüb ömrünün sonuna qədər saxlayır. Ölümündən sonra nəvəsi həmin kağızı hərraca çıxararaq bir milyon 600 min dollara satır...

Bilirsinizmi, Eynşteyn “Tokio İmperial” otelində xidmətçiyə verdiyi həmin kağızda nə yazmışdı?

"Təvazökar bir həyat narahat bir uğurun ardınca gedən bir həyatdan daha çox xoşbəxtlik verir...”

 

“Ədəbiyyat və incəsənət”

(07.10.2025)

Çərşənbə axşamı, 07 Oktyabr 2025 17:11

Medallar, heykəllər, pannolar...

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Rəssamlardan danışırıq.

Yada kimlər düşmür?

Əlbəttə ki dahilər!

Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Tahir Salahov, Sakit Məmmədov...

Amma digərləri də var axı. Məsələn, bu gün anım günü olan Namiq Dadaşov.

 

Respublikanın əməkdar rəssamı Namiq Dadaşov 27 noyabr 1945-ci il tarixində anadan olub. Azərbaycan Milli Konservatoriyasının İncəsənət Gimnaziyasının müəllimi kimi çalışıb. Mədəniyyət Nazirliyi tərəfindən sifariş olunan 15 ədəddən artıq xatirə medallarının müəllifidir. Rəssam yaradıcılığının müxtəlif dövrlərində qızıl, gümüş medallarla, o cümlədən diplomlarla təltif edilib.

Rəssam bir çox Beynəlxalq sərgilərin, həmçinin fərdi və qrup sərgilərinin iştirakçısı olub.

Əsərləri Gürcüstan, Hollandiya, İtaliya, İngiltərə, Türkiyə, Fransa və digər ölkələrdə sərgilənib.

O, medal eskizləri, abidə və büstlər üzrə ixtisaslaşıb, yəni ənənəvi fırçalı kətanlı rəssam anlayışı bura şamil olumaz.

 

Yaradıcılığı

-  Qasım bəy Zakirin qəbirüstü abidəsi — Şuşa şəh.

- "Xalqlar Dostluğu" parkında "Xanəndə" heykəli — Ulyanovsk şəh.

- Bülbülün heykəli — Axundov adına kitabxana — Bakı şəh.

- Memorial lövhə — Ə. Dəmirçizadə — Bakı şəh.

- Memorial lövhə — Ə. İbrahimov — Moskva şəh..

- Prezident H. Əliyevə həsr olunmuş xatirə sikkələri.

 

Rəssam 7 oktyabr 2021-ci il tarixində vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(07.10.2025)

Çərşənbə axşamı, 07 Oktyabr 2025 15:34

Sənətkarlarımızı tanıyaq – Amin Novruzov

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Kinodan danışanda rejissordan başlayırıq, aktyorlara keçirik. Sobra ssenari müəllifi, lap elə bəstəkar da xatırlanır. Amma heç görmüsünüzmü, operatorun da adı çəkilsin?

 

Mən özümüzdən danışıram, Hollivudda quruluşçu operatorlar az qala rejissor səviyyəsində tutulur. Ən məşhur kinofestivallarda operatorların ayrıca nominasiyaları olur.

Amma bizdə operatorlar həmişə kölgədə qalır. Hətta mən – mədəniyyətdən yazan muxbir belə barmaq qatlayıb bircə operator adı çəkə bilmırım. Amma gəlin bu gün birindən başlayaq və tanlyaq.

Amin Novruzov.

Bu gün onun doğum günüdür.

 

Azərbaycanın əməkdar incəsənət xadimi Amin Novruzov 7 oktyabr 1947-ci ildə Bakının Güzdək kəndində anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində V. Yusovun emalatxanasında təhsil alıb. Nəzərə alın ki, bura SSRİ-nin ən elit kino təhsili verən ali məktəb idi, oranın şinelindən çıxan sənətkara əsla zaval olmaz.

1983-cü ildən Amin Novruzov peşəkar fəaliyyətə başlayıbdır, özü də  "Azərbaycanfilm" kinostudiyasında quruluşçu operator kimi.

Çəkdiyi filmlər çoxdur və rəngarəngdir.

 

Filmoqrafiya

 

777 №-li müəssisədə,

Adı Günəşlidir,

Alayarımçıq,

 Arşınmalçı,

 Arxada qalmış gələcək,

Bais,

Belə də olur,

 Bəxt üzüyü,

Bir axşam,

"Birisigün, gecəyarısı,"

Boş ver,

 Cəmşid Naxçıvanski,

Cin mikrorayonda,

 Çıxış yolu,

Əhməd haradadır?

Fədailər,

Firəngiz,

Gedərgəlməz,

Güzgü və s.

 

“Ədəbiyyat və incəsənət”

(07.10.2025)

Çərşənbə axşamı, 07 Oktyabr 2025 14:29

Kim deyir ki, Qubadan aşıq çıxmaz?

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Aşıq deyəndə yadımıza Qazax-Tovuz bölgəsi düşür, Quba heç düşmür. Amma buradan Aşıq Haşım Qubalı kimi bir ustad aşıq çıxıbdır. Bu gün aşığın doğum günüdür.

 

1946-cı il oktyabrın 7-də Quba rayonunun Rəngdar kəndində anadan olub. İlk təhsilini kəndlərindəki ibtidai məktəbdə alıb, 1957-ci ildən isə Rəngdar kəndindən səkkiz kilometr aralıqda yerləşən Xaltan kənd yeddiillik məktəbində təhsilini davam etdirib. Bu illərdə o, kənddə yaşayan Aşıq Əşrəfə yaxın olub. Aşıq Haşım aşıq sənətinin sirlərini ilk dəfə Aşıq Əşrəfdən öyrənib. 1959-cu ildə Xaltan kənd yeddiillik məktəbini bitirən Haşım Balasıyev 1960-cı ildə Qonaqkənd orta məktəbinə daxil olur və burada oxuduğu illərdə aşıq sənətinə meyil etməyə başlayır.

1964-cü ildə orta məktəbi bitirib, sonra isə Pedaqoji texnikumunda təhsil alıb. Şamaxı mühiti onun dünyagörüşündə böyük rol oynayır. Burada o Sənəmoğlu Murad, Aşıq Ağapaşa, Aşıq Ağakərim, Aşıq Məmmədağa kimi ustat sənətkarlarla tanış olur. Aşıq Haşım 1965-ci ildə Şamaxı Pedaqoji texnikumu bitirib müəllimlik sənətinə yiyələnib, 1969-cu ildən isə sərbəst aşıq kimi məclisdə iştirak etməyə başlayır.

Ustadı Aşıq Barat olan Haşım Qubalı aşıq şeirinin bütün şəkillərində şeir yazıb, bir neçə kitab nəşr etdirib. "Yetim Aydın", "Adıgözəl", "Bikəs", "Seydi" kimi unudulmuş dastanları bu gün də yaşadan sənətkar "Səni bilmirəm", "Ayrılmaq olmur", "Harasındadır", "Yoxsa nə", "Qızım", "Nə var", "Xaltan deyilmi", "Uşaq kimiyəm" və qoşmaları ilə aşıq sənətini zənginləşdirmişdi. "Gülməz bizə", "Sevgi ətri", "Hal qoymayır", "Gedərəm", "Gözlərin", "Sözüm yoxdu", "Qurban olum", "Gözəl", "Gəl calayaq", "Neyləsin", "Apar məni", "Qubalı qız", "Bu sedanın adı", "Həsrət var", "Bu məhəbbətin", "Mənim deyil" və s. adlı şeirləri mövcuddur.

 

Kitabları

1. "Bağışla məni"

2. "Mənə meydan verin"

3. "Tatam mən"

4. "Bu sevgi"

 

Gəraylıları

- Dünya, bizi aldatma sən

- Mən cır tatam

- Dünya

- Bir sözüm var, ayaq saxla

- Gedərəm

- Gözlərin

- Bu yaşda sevgi

 

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı onun barəsində deyir:

"Dağıstanda Azərbaycan aşıqlığının təbliğ olunmasında da Aşıq Haşımın böyük rolu var. Bu gün Dağıstan bölgəsində təkcə azərbaycandilli yox, eyni zamanda ləzgi dilli, avar dilli xeyli sayda aşıqlar var ki, onlar aşıq Haşım Qubalının ifa tərzini, onun şeirlərini və bildiyi havaları, bir sözlə, aşıqlıq keyfiyyətini uğurla davam etdirirlər."

 

Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu:

"Bir sənətkar kimi həm də ona görə xoşbəxtdir ki, fəaliyyətinin mühüm hissəsi Azərbaycanın müstəqilliyi dövrünə təsadüf edib və bu gün ozan-aşıq sənətinin dünya mədəniyyətinin

incilərindən biri kimi YUNESKO-nun siyahısına daxil edildiyi, sazımızın səsinin Azərbaycanın hüdudlarını aşaraq Avropanın ən möhtəşəm saraylarından gəldiyi bir vaxtda yaşayıb yaradır."

Müxtəlif tədbirlərdəki çıxışlarınıza görə dəfələrlə fəxri fərmanlara və diplomlara layiq görülüb, 2015-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2016-cı il tarixli sərəncamı ilə "Əməkdar Mədəniyyət İşçisi" fəxri adına layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(07.10.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Əslən Trabzondan olan Selçuk Bayraktar 1979-cu ildə İstanbulun Sarıyer mahalında Özemir və Canan cütlüyünün ikinci övladı olaraq anadan olub. Atası Özdemir Bayraktar aerokosmik sənaye, robot idarəetmə sistemləri, pilotsuz uçuş aparatı istehsalı üzrə ixsisaslaşan Baykar Makina şirkətinin qurucusu və sahibidir. Təhsil həyatına Sarıyer ibtidai məktəbində başlamış, buranı bitirdikdən sonra Robert Kollecinə daxil olub, 1997-ci ildə Robert Kollecini bitirib.

 

Elə həmin il, İstanbul Texniki Universiteti Elektron və Rabitə Mühəndisliyi Bölməsində ali təhsilinə başlayıb. Universitetdə təhsili müddətində Pensilvaniya Universiteti GRASP laboratoriyasına təcrübə keçmək müraciəti müsbət nəticələnib. Təcrübə müddətində təqaüd verildikdən sonra, 2002–2004-cü illər arasında Pennsilvaniya Universitetində pilotsuz təyyarələr ixtisası üzrə magistr dərəcəsini tamamlayıb.

Massaçusets Texnologiya İnstitutunda ikinci magistr dərəcəsini pilotsuz hava vasitələrinin aqressiv manevr nəzarəti üzrə təqaüdlə bitirib. Bu dövrdə o, professor Corc Pappas və professor Erik Feronun köməkçi kimi çalışıb. Dünyada ilk dəfə həyata keçirilmiş PUA forması uçuş təcrübələri, quru və hava koordinasiyalı robot qrupları, uçuşa nəzarət və rəhbər sistemlər haqqında elmi araşdırmalar aparıb. Xüsusi pilot lisenziyasına sahibdir.

Təhsilinin ardından 2007-ci ildə Türkiyəyə qayıdaraq ailəsinə məxsus Baykar Makina şirkətinin texniki meneceri kimi fəaliyyətə başlayıb. Türkiyə tərəfindən inkişaf etdirilən pilotsuz uçuş aparatları, idarəetmə, avionik sistem arxitekturası, naviqasiya alqoritmləri, kinematik və sistemin dinamikləri, yerləşmiş proqram inkişaf etdirmə və elektron avadanlıq kimi sahələr ilə məşğul olmağa başlayıb.

 

"Bayraktar TB2"

Komandası ilə birgə istehsal etdiyi Bayraktar TB2 pilotsuz uçuş aparatlarını Türkiyə Ordusu PKK-ya qarşı hərbi əməliyyatlarda, Suriyada vətəndaş müharibəsində, və Liviyadakı ikinci vətəndaş müharibəsində geniş şəkildə istifadə edib. Səlcuq Bayraktar Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil olan ilk pilotsuz uçuş aparatı Bayraktar Mini PUA-nın ixtiraçısı olub. Türkiyənin ilk hücum pilotsuz uçuş aparatı Bayraktar Akıncının (PUA) yaradılmasında xüsusi əməyi olub.

Türkiyə Texnoloji Komandası Vəqfinin yaradıcısı və rəhbəridir. Vəqfin təsisində məqsəd texnologiyaya həvəsli olan müəyyən yaş qruplarındakı insanları vəqfdə araşdırma aparmağa təşviq etməkdir. Türkiyədə kosmik sahədə görülən işləri tanıtmaq üçün Teknofest festivalının təşkilatçısı olub. Çinin Uhan əyalətində yayılan Covid-19 virusuna qarşı 22 mart 2020 tarixində Türkiyədəki Bayraktarın şəxsi Twitter hesabından respirator istehsalına texniki dəstək verəcəyini açıqlamışdır. Arçelik, ASELSAN, Baykar Makina və BIOSYS tərəfindən həyata keçirilən iki həftəlik tədqiqat müddətinin ardından istehsalı planlaşdırılan 5000 tənəffüs cihazından ilk 100 ədədi 20 aprel 2020-ci ildə Başakşəhər Şam və Sakura Şəhər Xəstəxanasının açılışında təqdim edilib.

 

Mükafatları

- "Qarabağ" ordeni — 12 yanvar 2021 (təqdimetmə: 1 aprel 2021)

 

Patentləri

1. Təyyarələr üçün avtomatik enmə-qalxma sistemi (Türk Patent İnstitutu 2015/07928)

2. Dəyişən iş şəraitini təyin edə bilən elektromekanik Servo Motorlu İdarəetmə Sistemi və İdarəetmə Metodu (Türk Patent İnstitutu 2015/14111)

3. Üçlü Ehtiyat Uçuş İdarəetmə Sistemi (Türk Patent İnstitutu İstinad: PT2015–00693)

4. Elektrokardioqrafiya (EKQ) Cihazı (Türk Patent İnstitutu İstinad: PT2015–00693)

 

“Ədəbiyyat və incəsənət”

(07.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.