“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində şeir vaxtıdır, sizlərə Xuraman Hüseynin şeirləri təqdim edilir.
ŞEİR VAXTI
Xuraman HÜSEYN
LAÇIN DAĞLARI
Səninlə qayıdan illər nə gözəl,
Gəldi yurdumuzun əlvan baharı.
Çiçəklər nə gözəl, güllər nə gözəl,
Həyata qaytardıq o laləzarı.
Qəlbimiz məhbəsdə, könlümüz darda,
Gözlər yolda qaldı, qəlb intizarda.
Biz sizə güvəndik, əridi qar da,
Cənnət Qarabağın sərvəti, varı.
Örtdü üstünüzü bulud yorğanlar,
Bitdi ayrılıqlar, keçdi zamanlar.
Dedik, dərdimizi başqa kim anlar?
Gəldik hüzuruna, Laçın dağları!
YORĞUN YOL
Ürəyi qan ağlayan
yaralı həyat da dəyişir
düşmən məğlub olanda.
Gözəlləşir vətən,
yenidən abadlaşır,
tikilir, qurulur.
Həsrət də
bağlı qalmış xonçasını
yığıb gedir,
axan sular durulur.
Dərdimizi çəkə-çəkə
getdi həsrət də, dərd də,
düşmənin əbədi
məğlub olduğu dünyaya
yola düşdülər.
O yol da çoxdan yorulub,
sönüb işıqlar,
zülmətə qərq olub,
bağlanıb qapısı
nankorların üzünə.
Bağlı qapılar arxasında qalan,
əllərinin çatmadığı,
ünlərinin yetmədiyi
arzularının qaranlıq dünyasına
çəkilib düşmən.
Cənnəti işğal etmək xəyalı
suya düşənlər!
Yorğun yolunuz
cəhənnəmə aparır sizi.
O yolların gözləri
İndi yol çəkir.
Gedin,
yolunuzu azmayın bir də!
MÜHARİBƏ OLMAYAYDI
Güllələr susaydı,
Güllər açaydı,
bəzəyəydi hər yeri.
Gözlərimizdən gülüş
nur saçaydı
dərd-qəmin üstünə.
Gözəl həyatın
insanla qəsdi nə?
Öləydi qəddar müharibə,
gözəl sülh
əvəz edəydi onu.
Qara bəxtli qan yerinə
şəffaf su olaydı –
saf su.
Çıxaydı həyat
zibillikdən,
dönəydi cənnətə.
Göz yaşlarına
sevinc səbəb olaydı.
Qorxmayaydı uşaqlar,
ağlamayaydı analar,
müharibə olmayaydı!
İLLƏR
Sinəsinə dağ kimi çəkilən
ayaq izləri
toza dönüb uçacaq havaya.
Qara günləri
Zəfər günəşinə təslim etdiyi
gündən bəri
xoşbəxtliyə addım-addım
aparacaq bizi.
Doğacaq o günəş
zülmət gecələrimizə,
daha görməyəcəyik
susuz qalan çiçək kimi
solan illəri.
Xoşbəxt bir dünyada keçəcək
ömrümüzün
dərdimizə həmdərd
olan illəri.
QÖNÇƏ ÜMİDİMİZ
Yaman zülm çəkdik o illərdə biz,
Çadır şəhər oldu, vaqon ev oldu.
Yenə düşmən çıxdı dost bildiyimiz,
Qönçə ümidimiz saraldı, soldu.
Yanan çıraq idik, yanmadıq, söndük.
Darıxdı hər çəmən, hər dağ, hər dərə.
Vətəndə qaçqına, köçkünə döndük,
Şükür, gəlib çıxdıq bu xoş günlərə.
Qalmadı heç yerdə düşməndən bir iz,
Bəlkə, bundan sonra ağ günlər görək.
Gülsün gözlərimiz, bitsin dərdimiz,
Qönçələr həmişə gül açsın gərək!
NAĞILIN SONU
Namərd dost, xain qonşu, mələk cildində şeytan,
Uzaq dur, bizdən uzaq, düşməsin bura yolun.
Ey vəhşi, ey yırtıcı, necə olmusan insan?
Özünü yazıq kimi göstərən buqələmun.
Əridi qar, getdi qış, vaxtı çatdı baharın,
Dedik, ey yağı düşmən, əl çək bu yurddan, əl çək!
“İti qovan”la qovduq, kəsildi ayaqların
Qalib vətənimizə uzanan əllərintək.
Bürünüb ağ bayrağa, cəhənnəmə gedirsən,
Gözü yaşlı, bağrı qan, məğlub düşmən donunda.
Dövran dəyişib artıq, özünə zülm edirsən,
Göydən alma düşmədi bu nağılın sonunda?
“Ədəbiyyat və incəsənət”
(04.07.2025)