Zahirə Cabir, “Ədəbiyyat və incəsənət” üçün
Yaxşı əməldən iki dəfə ləzzət alarsan:birini o işi edən vaxtda,
birini də o işin səmərəsi sənə yetişən zamanda.
Zeynalabdin bəy Sona xanımla evin qarşısındakı eyvanda oturmuşdu. Hava çox isti idi. Sona xanım:
- Hacı, su məsələsi ilə bağlı təzə nə xəbər var?
-Yox, Sona xəbər yoxdur. Mən dövlət adamları ilə də görüşdüm, fikrimi onlara çatdırdım. Dedim ki, nə xərc var boynuma götürürəm. Millət yazıqdır, su vacibdir. Amma, Sona sən bilsən ki, nələr ortaya çıxdı, inanmazsan. Yadındadır, mən Avropanın bir neçə şəhərinə su çəkən alman mühəndisi Lindleylə görüşüb onu Bakıya dəvət etmişdim. O vaxt sən demə bəzi şirkətlər yaman təşvişə düşübmüş. Onlar Bakıya suyun çəkilməsini istəmirlərmiş. Səbəb isə, Kürün suyunu təmizləyib, əhaliyə satırmışlar. Axı, Bakıya su çəkilsə onların bazarı bağlanacaq. Amma, yox Sona, onlar inadkardırlarsa, mən onlardan da inadkaram. Bakıya mütləq su çəkilməlidir.
- Hacı, bu barədə nədənsə bizdən başqa kimsə düşünmür.
- Elədir, Sona. İmkanlılar təmiz suyu pulla alır. Onlar sudan heç bir korluq çəkmir. Şəhərdə cəmi 800 quyu var. 0, quyuların da yalnız 100-ü yararlıdır. Qalan quyuların suyu təmiz deyil. Kasıb camaat məcbur qalıb təmiz olmayan sudan istifadə edir.
- Ona görə də yoluxucu xəstəliklər günü-gündən artır. Hacı, bilirsən sən ən gözəl bir iş üçün mübarizə aparırsan. Mənim əlimdən nə gəlirsə mən də sənə kömək etməyə hazıram. İstəyirsən xeyriyyə gecəsi keçirim. Varlılardan ianə toplayım.
- Yox, Sona pul əsas deyil. Məndən nə qədər pul istəsələr verərəm. Var-dövlətimdən də keçərəm. Təki Bakı camaatı təmiz su içsin. Düşünürəm ki, bələdiyyə rəisi Rayevskini ələ almalıyam. Eşitdiyimə görə onun dövlət dumasında sözü keçir.
- Rayevski sizə hər zaman hörmətlə yanaşır. Məclislərdə sizinlə xüsusi görüşür. Bakıda çox milyonçular sizin kimi ona bahalı hədiyyələr verib. Amma o, sizi hamıdan çox sevir və sizə hörmətlə yanaşır.
- Sona, öyrənmişəm ki, bu yaxınlarda onun ad günü olacaq. Ona bahalı bir hədiyyə vermək istəyirəm. Bilirsən nəyi?
Sona ona daha da yaxınlaşdı və yavaş səslə:
- Nəyi, Hacı?
- II Nikolayın qardaşının mənə bağışladığı qızıl, üstü bahalı brilyantlarla bəzədilmiş çarkanı. II Nikolayın qardaşına o vaxt Ənzəlidəki meşələrimdə istirahət etmək üçün icazə vermişdim. Mən onu elə qarşılayıb, elə qonaq etmişdim ki, ətrafındakı insanlar deyirmiş ki, düz bir il məndən danışıb. Buradan gedəndən sonra həmin o peymanəni - çarkanı mənə hədiyyə göndərmişdi.
- Amma, o çox bahalıdır.
- Özüm Rayevskiyə bahalı hədiyyə verirəm ki, su məsələsində mənə kömək etsin, Dumada tərəfimi saxlasın. Əgər bu çarka su məsələsinə kömək edə bilsə, bizim camaat ömürlük su bəlasından qurtulacaq.
- Hacı, sən hökumətin dilini deyəsən tapmısan.
- Sona, vallah bahalı hədiyyə verməyincə heç bir işim alınmır. Neyləyim, mənimki də belə gətirib.
İkisi də bir-birinə baxıb, ürəkdən güldü. Sona mehriban baxışlarla Hacıya baxıb dedi:
- Hacı, sən bu şəhərə çox şeylər bəxş etmisən. İlk “Qızlar məktəbi", ilk pasaj, ilk konka nəqliyyatı, ilk bağbanlar məktəbi, ilk teatr binası, daha nələr-nələr. Sənin bu xalq üçün etdiklərin saymaqla bitməz. Vaxt gələcək sənin şəhərə çəkdirdiyin suyu insanlar içib, sənə dua edəcəklər. Mən buna inanıram. Bu mütləq olacaq!
Günlər keçdi. Zeynalabdin bahalı çarkanı Rayevskiyə bağışladı və ondan xahiş etdi ki, dumada istiqrazların buraxılmasına səy göstərsin. Bir neçə ay keçdi. Dövlət Duması istiqrazların buraxılmasına izin verdi.
Zeynalabdin Lindleyi Şollar çeşməsini tapmaq üçün Bakıya dəvət edir. Bakıdan 190 km aralıda aparılan çeşmə axtarışı uğurla başa çatır. Lindley Şollar su çeşməsini tapir. Hacı bakılıların ən ümdə və ən əlçatmaz bir arzularını gerçəkləşdirmək üzrə idi. Tale bu xeyirxah işi də onun qismətinə yazmışdı.
Zaman su kimi axıb keçsə də Bakıya su kəmərinin çəkilməsi bir xeyli zaman aldı. Bakı sakinləri üçün 1917-ci il fevral ayının 18-i həyatlarının ən xoşbəxt ili kimi yaddaşlarda qaldı. Nəhayət, Bakıya içməli su çəkildi. "Naxır bulağının" başında toplaşan yüzlərlə sadə insanlar, sahibkarlar, neftxudalar, din xadimləri bu tarixi anın tamaşasına yığışdılar. Qazi Mir Məhəmməd Kərim əlində Quran sözə başladı:
- Müsəlman qardaşlarımız, izin verin, bu xoşbəxt gün münasibəti ilə sizi ürəkdən təbrik edim. "Şollar" suyunun çəkilməsində nə az, nə çox düz 25 il pul xərcləyən, əziyyət çəkən Hacı Zeynalabdin Tağıyev cənablarına dərin minnətdarlığımı bildirim. Kəmərin çəkilişinə pul xərcləyən bir neçə müsəlman bacı-qardaşlarımıza - Murtuza Muxtarova, Ağamusa Nağıyeva, İsa bəy Hacınskiyə, Nabat xanıma və başqa adlarını unutduğum sahibkarlara, bu işdə əziyyət çəkən, illərlə səy göstərən Lindleyə, mühəndislərə, fəhlələrə hamınızın adından təşəkkürümü bildirim.
Danışığını bitirdikdən sonra Mir Məhəmməd Kərim “Bismillah” - deyib Quranı açdı və ayələr oxudu. Ayələri oxuyub qurtarandan sonra Zeynalabdin Tağıyevi yanına çağırdı:
- Hacı, sizin uzun illər çəkdiyiniz zəhmət hədər getmədi. Lütfən, yanıma gəlin, suyu siz açın. Siz müsəlman qardaşlarınıza elə bir yaxşılıq etmisiniz ki, bu yaxşılığı qiymətləndirmək üçün sözlər və kəlmələr yetməz.
Hacının gözləri doldu, ağlamsındı. O, üzünü toplaşan insanlara tutub:
-Bu gün qələbəmizi, sevincimizi paylaşmaq, Allahın möcüsəsi saf, şəffaf suya qovuşmaq üçün burada - "Naxır bulağı”ndayıq. Bu xoşbəxtliyi Allah bizə nəsib etdi. Mən doğma Bakıma söz verdim və sözümü də tutdum. Xoşbəxtəm ki, Bakımız çoxdan gözlədiyi saf, təmiz suyuna qovuşdu. Bu su, hamımızın haqqıdır!
Alqış səsləri ətrafı bürüdü. Hacı üzünü yanında dayanan su kəmərinin çəkilişində böyük əməyi olan məhşur dəmirçi Ağaya tutub:
- Ağa, yanıma gəl, suyu səninlə birgə açacağam.
Ağa Hacının yanına gəldi. İkisi də "Bismillah"- deyib, əllərini suyun lüləyinə uzatdılar. Lülək açıldı və şəffaf su şırıltı ilə axmağa başladı. İnsanların sevincinin həddi-hüdudu yox idi.
(Çarka – qədəh, piyalə)
“Ədəbiyyat və incəsənət”
(04.07.2025)