Super User

Super User

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Deyirlər ki, bəzən sənətkarların şəxsiyyəti ilə əsərləri arasında fərq olur. Mən bu fikirlə qətiyyən razı deyiləm. İnana bilmirəm ki, gözəl, parlaq əsər yaradan sənətkar cılız ürəyin, natamam xarakterin sahibi olsun. Özü də Əcəmi Naxçıvani kimi dahi bir memar! 

                             Kamal Ələkbərov 

 

Azərbaycanlı rəssam, heykəltaraş Kamal Ələkbərov 20 mart 1928-ci ildə Füzulidə dünyaya göz açmışdır. Təbii ki, uşaq yaşlarından rənglər dünyası onu özünə çəkmişdir, rəngli qələmlər və albom sirdaşı olmuşdur. Rəsmə maraq isə tədricən heykəltaraşlığa maraqla əvəzlənmişdir. Və bu istək, maraq da onun yolunu Azərbaycan Rəssamlıq Məktəbinə aparıb çıxarmışdır ki, istedadlı gənc oranı 1948-ci ildə bitirmişdir.

Burada Ələkbərova SSRİ xalq rəssamı Pinxos Sabsay dərs deyirdi.

1948-ci ildən 1954-cü ilə qədər isə artıq o, Vasili Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil almışdır.

 

1953-cü ildən Kamal Ələkbərov sərgilərdə iştirak edirdi. Onun yaratdığı heykəltaraşlıq portretləri arasında "Neftçi" (gips, 1954), XII əsrin memarı Əcəmi Naxçıvani portreti (gips, 1955, Azərbaycan Milli İncəsənət Muzeyi; mərmər, 1958-59), "Qız" (mərmər, 1956, Azərbaycan Milli İncəsənət Muzeyi) "Partizan M. Seyidov" (bürünc, 1960), "Xanım" (ağac, 1961), "Balıqçılıq mahnı" (gips, 1962) mövcuddur.

 

Yasamal rayonu parkının ərazisində Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Qəzənfər Musabəyova quraşdırılmış abidə Kamal Ələkbərovun əsəridir. Əlbəttə ki, tarix amansızdır, birilərinə qurduğun abidələr sonra uçurdulur, digərlərinə qurulur. Cumhuriyyətimizə aid abidələri, məscid və mədrəsələri uçurdub qırmızı bolşeviklərə abidələr ucaltdıq, Musabəyov kimilərə səcdə etdik, amma sonra müstəqilliyimiz bərpa edildikdən sonra haqqın yoluna qayıtdıq. 2008-ci ildə abidə söküldü və onun yerinə parkın əsaslı yenidənqurmadan sonra dövlət bayraqları qoyuldu.

 

Kamal Ələkbərov monumental heykəllərin də müəllifidir. Monumental heykəllərin biri 1976-cı ildə Azərbaycan memarı Əcəmi Naxçıvaninin 850 illiyi ilə münasibətilə düzəltdiyi heykəldi.

Müəllif 1976-cı ildə o zamankı «Ədəbiyyat və incəsənət» qəzetinə müsahibəsində öz qəhrəmanı ilə bağlı fikirlərini belə bölüşmüşdü:

"Deyirlər ki, bəzən sənətkarların şəxsiyyəti ilə əsərləri arasında fərq olur. Mən bu fikirlə qətiyyən razı deyiləm. İnana bilmirəm ki, gözəl, parlaq əsər yaradan sənətkar cılız ürəyin, natamam xarakterin sahibi olsun. Özü də Əcəmi Naxçıvani kimi dahi bir memar!"

 

Azərbaycan Prezidenti Heydər Əliyevin 30 may 2002-ci il tarixli fərmanı ilə Kamal Ələkbərov Azərbaycan Xalq Rəssamı adına layiq görülmüşdür. Prezident İlham Əliyevin 23 dekabr 2004-cü il tarixli fərmanına əsasən, Kamal Ələkbərov fərdi prezident təqaüdçüsü olmuşdur.

O, 2009-cu il mayın 21-də 81 yaşında vəfat etmişdir.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(21.05.2025)

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün nəsr saatıdır, sizlərə Nuray Nəzərovanın “Anamın “xoşbəxtlik qutusu”” hekayəsi təqdim edilir.

 

 

Nuray NƏZƏROVA

 

“ANAMIN “XOŞBƏXTLİK QUTUSU””

 

Bu həyatda ən pis sükut ölüm sükutudur. Anamın həyatla vidalaşdığı zaman  həmin ölüm sükutu hökm sürürdü.  Bilmirdim nə edim? Hara sığışdırım özümü? Ana! Həmişə fərqli gözlə baxmışdım o qadına. Qəribə bir havası vardı. Bir şahzadədən fərqi yoxuydu. Sanmayın ki, anamdı deyə, təriflər yağdırıram. Yox, əsla! O, əsl xanımdı! Bəzən sadə bir gülüşlə işini həll edər, bəzən də şirin dilini işə salıb atamın inadla “yox” dediyi məsələlərdə onu yola gətirərdi.

Peşəsi jurnalist idi. Gözümü açdığım gündən anamı yazan, oxuyan, nəyisə müzakirə edən görmüşdüm. Hər şeydən əvvəl bilirdim ki, anam əsl ədəbiyyat insanıdır. Onunla hər zaman fəxr edirdim.

 Gec ailə qurmuşdu. 35 yaşı olanda mənə və əkiz qardaşıma qovuşa bilmişdi.Həmişə deyirdi ki, sən mənə Allahın hədiyyəsisən. Nəvələrini tez görsün deyə, məni 23 yaşım olanda evləndirdi. Gördü də nəvələrini. Onlara olan sevgisi o qədərdi ki, hərdən qısqanırdım da. Deyirdim, anam nəvələrini məndən çox sevir. Sən demə, o, nəvələri mənə görə sevirmiş.

Onsuz həyat yolumu necə tutacağam, bilmirəm. Tez-tez deyirdi ki, 65 yaşında öləcəm. O vaxta kimi işlərimi görməliyəm. Özümdən yadigar nəsə saxlamalıyam bu dünyada. Gördü də, yazdı da, yaratdı da. İndi isə, indi isə gedir...

Atam əllərini tutub yanında oturmuşdu. Anam harasa səyahət edirmiş kimi gözünü divara zilləyib baxırdı.

O məğrur qadının əlləri o qədər zərif idi ki... Mən ən çox onun əllərini sevirdim. Balaca əlləri, incə barmaqları vardı. İndi dərisi altında olan əzələlər elə bil harasa yoxa çıxmışdı. Dəri sümüyə yapışmışdı. O məğrur və tez-tez süzülən gözləri indi çuxura düşmüşdü.

Canım anam, sənsiz biz nə edəcəyik? Bir balaca ürəyinə məni, atamı, nəvələrini, ele hey narazı qalıb, başını buladığı gəlinlərini, "heç mənə oxşamır" dediyin qızını sığışdırmışdın.

Ayın iyirmi beşi  anamı torpağa tapşırdıq. Yas qurtarandan sonra, xalam dedi ki, anamın vəsiyyəti varmış. Ölüm anını sanki bilirmiş kimi vəsiyyət yazıb qoymuşdu. Kaş basdırmadan tapardıq vəsiyyəti, bəlkə də, çox şey onun arzu etdiyi kimi olardı.

Ailə bir araya gəldi. Bacım, həyat yoldaşı, əkiz qardaşım, gəlinimiz, övladları, mən və arvadım. Atam süfrənin ən başında oturdu. Xalam vəsiyyətnaməni oxudu. Heç gözləmədiyim məsələ anamın, zinət əşyalarını gəlinləri və qızı arasında tən bölüşdürməsi idi. Kassasında olan pulunu isə yasına xərclədiyimiz pulun əvəzi olaraq vermişdi. Və yenə bizi düşünmüşdü. Ən çox təəccüb etdiyimiz vəsiyyətnamənin son cümləsi idi: “Balalarım sizdən xahiş edirəm ki, mənim “Xoşbəxtlik qutu”mu mənimlə birlikdə bastırın!”.

Anamın xoşbəxtlik qutusunun olduğunu bilmirdim. Onun “xoşbəxtlik” anlayışının bizdən ibarət olduğunu düşünürdüm. Sən demə, elə deyilmiş.

Qutu haradadı? –xalamdan soruşdum.

Xalam – nənəngildədir, dedi. Anam ərə gələndə qutunu özü ilə gətirməyibmiş. Bu, mənim beynimə qurd saldı. Nə var ki o qutunun içində, anam onu ər evinə gətirməyib?

Tənbəllik etmədim.  Nənəmgilə gedib qutunu tapdım. Adi, göy rəngli, köhnə A4 vərəqlərinin qoyulduğu qutu idi. Üstünə köhnə printerlərdən çıxarılmış vərəq yapışdırılmışdı. “Xoşbəxtlik qutum” yazırdı.

Qutunu evə gətirdim. Anamın onun içində nə saxladığını bilmirdim deyə, yoldaşımın yanında qutunu açmadım. İş otağıma qoydum. Anamın sözü ilə desək – nə də olsa, yad qızı idi. İstəməzdim anama aid hansısa məhrəm bir mənzərəni görsün.

Qutunu açdım. Əvvəlcə hər şeyi bu qədər böyütdüyüm üçün özüm-özümü məzəmmət edib bir xeyli güldüm. Anamın xoşbəxtlik qutusunun içində balaca uşaq ayaqqabıları,  Nuh əyyamından qalma DVD, CD-lər, gümüş boyunbağılar, bir sözlə, əzizləyib, xarab olmasın deyə, istifadə etmədiyi hər şey vardı. Bir də 65 illik ömründə özünü xoşbəxt hiss etdiyi anlardan xatirə qalan balaca əşyalar. Düşündüm ki, bunu kimsə görsəydi, ya da anamın qardaşı olsaydı, arvadı çoxdan bu “xır-xəşəyi” zibilliyə tullamışdı. Bu balaca, adi qutu, açığı, gözümə mənasız göründü. Anam niyə bu qutunu özü ilə basdırmaq istəyir ki, deyə düşündüm.

Sonra məni başqa bir maraq daha çox çəkdi; o, DVD və CD-lərdə nə olduğu. İndiki dövrdə texnologiya o qədər inkişaf edib ki, bu DVD-ləri işlədən komputerlər, aparatlar yoxdu. Özümə söz verdim, nə olur olsun, bu qutunu bastırmadan əvvəl içində olanların, əslində, nə məna kəsb etdiyini bilməliyəm.

Bir haşiyə də çıxım, anamın vəsiyyətini biləndən sonra bir axunda danışdıq. Axund dedi ki, İslam dinində insanın qəbrinə nə isə qoyulması günahdır. Biz sadəcə o qutunu anamın ayaq tərəfindən, yanında basdıra bilərik. Qəbrin içində onunla birlikdə basdırmaq, İslam dini üçün caiz deyilmiş. Mən də anamın qəbrinin aşağısında balaca bir yer qazıb, qutunu ora basdırmağa qərar verdim; amma o, DVD-lərdə nə olduğunu bildikdən sonra.

 Bir kolleksiyaçı dostuma zəng vurub xahiş etdim ki, bir-iki köhnə DVD-im var. Onların içində nə olduğunu bilməliyəm. Mümkünsə mənə kömək etsin.

Sağ olsun, mənim üçün zar-zor işləsə də, işimə yarayacaq köhnə bir komputer tapdı. DVD-lərə baxdım. Çoxusu kino idi. Anamın sevdiyi filmlər. Tez-tez onlar haqqında danışmışdı deyə, filmin ilk səhnəsinə baxan kimi adlarını deyə bilirdim.

Qutunu yerə töküb daha dəqiq yoxladım. Anamın yazdığı hekayə dəftərləri arasında bir DVD yenə tapdım. Qəribəydi, anam onu qutunun içində gizlətmişdi. Qalxıb qapını bərk bağladım. Heç kimin məni izləmədiyindən əmin olub, DVD-ni komputerə yerləşdirdim. Bax bu əsl sirr idi. Ekranda anamın 24-25 yaşında olan şəkillərini gördüm. Şəkillərdə tək deyildi. Anamın yanında, bərabər gülüb, “mehriban” oturduğu bir kişi daha vardı – Aydın əmi.

Aydın əmi anamın iş yoldaşı idi. Mən gözümü açandan onların birgə işlədiyini bilirdim. Qəribə gələni o idi ki, anamın ona nifrət etdiyini düşünürdüm. Heç vaxt onu danışdırmırdı. O zarafat edəndə hamı gülürdü, anamdan başqa. O nəsə söz soruşanda hamı cavab verirdi, anamdan başqa. Hərdən mənə elə gəlirdi ki, anam o adamı görmür.

Bir dəfə balaca olanda anamdan soruşdum: – “Ana, Aydın əmidən niyə zəhlən gedir?” Anam üzümə baxdı, sanki sualımı eşitmədi. Məsləhət verdi ki, vaxtımı boş sözlərə sərf etmiyim. Gedib dərslərimi hazırlayım. Onda qərar vermişdim ki, Aydın əmi anamın gözünə görünmür. O adam yoxdur. Hələ bir ara zarafatca bacımla Aydın əminin adını “yox adam” qoymuşduq.

Aydın əminin qəribə üz quruluşu, çox şirin qoxusu vardı. Mənə şəkil çəkməyi, musiqini – hər anamın yanına gedəndə – o öyrətmişdi. Anamdan gizlin Aydın əminin oturduğu otağa gedər, onunla birlikdə rəsm dərsimi hazırlamağı sevərdim.

Amma indi anamın nifrət etdiyini düşündüyüm adamla belə səmimi gülüşlü şəklini gördüyümdə dəhşətli qısqanclıq hissi keçirdim. Sanki anam atamı aldatmışdı. Sanki bu qutunu "mənimlə basdırın" deməklə o adamı yanında o dünyaya da aparmaq istəmişdi.

DVD-ni kompüterdən çıxardım. Anam necə gizlətmişdisə eləcə də hekayə dəftərinin arasına qoyub qutuya atdım. Və o, “xoşbəxtlik” qutusunu yandırmağa qərar verdim.

Çox hirsliydim. Elə bil kimsə demişdi ki, anan, əslində, sənin anan deyil. Beynimdə Aydın əmiyə sevgi dolu o gözlə baxan qızın anam olduğuna inanmaq istəmirdim. Amma, təəssüf ki, o idi. Mənim anam – Leyla xanım.

Həmişə fikirləşirdim ki, anam atamdan başqasını sevməyib, atamdan başqasını öpməyib. Atamla tanış olduğu hekayəni anam elə həvəslə anladırdı ki, saatlarla o hekayəyə qulaq asmaqdan yorulmurdum. Anam bizə yalan deyirdi? Ağladım. Qəbrinin üstünə getdim. Ağzıma nə gəlirsə, dedim. Dedim ki, onun oğlu olduğum üçün çox utanıram. Kaş sən məni doğmazdın, dedim. Kaş sən mənim anam olmazdın, dedim. Sonra qəbir daşı üstündə, mənə baxıb gülən, illərdi vurğunu olduğum o gözləri gördüm. Mərhəmətlə baxırdı ki, sanki o da “təəssüf edirdi”. Təəssüf edir ki, atamdan çox sevdiyi kimsə olub. Təəssüf edirdi ki, mən onu indi öyrəndim. Sağ olduğu zaman bilsəydim, bəlkə də, nəsə söz deyib məni sakitləşdirə bilərdi. 

Evə qayıtdım. Boş vaxt tapan kimi qutunu yandıracağam deyə, düşünüb evin bir küncünə qoydum. Gözüm görməsin deyə də üstünə evin atılası taxta-tuxtasını tökdüm.

Bir neçə gün sonra atam qutunu tapıb-tapmadığımı soruşdu. Tapmamışam dedim. Çünki atama gördüklərimi deyəcək cəsarətim yoxdu. O, anamı sevirdi. Dəlilər kimi sevirdi. Bir gün belə sevgisindən imtina etməmişdi. 34 illik evlilik həyatında anamın  xətrinə dəyməsin deyə, bircə dəfə belə olsun, anamın sevmədiyi hərəkəti etməmişdi. İndi mən bu adama necə deyim ki, əslində, səninlə bir yastığa baş qoyan qadın başqasını sevirmiş. Necə deyim ki, anamın başqasını gülərək yanağından öpdüyü şəklini görmüşəm. Necə deyim?.. Özümdə deyildim.

Anamın ölümündən artıq 3 ay keçmişdi. Atam tez-tez qutunu soruşur, mən də "vaxtım yoxdu" deyib söhbəti dəyişirdim. Amma o da bir vaxta qədər.

Bir gün evə gələndə gördüm ki, atam evdə yoxdu. Elnarə dedi ki, atam gizlətdiyim qutunu tapıb qəbirstanlığa qutunu basdırmaq üçün gedib.

Ömrümdə ilk dəfəydi saatın əqrəblərinin bu qədər gec işlədiyinin şahidi olurdum. Hər saniyə mənə bir gün kimi gəlirdi.

Ən çox atamın yalanımı tutmağından utanmışdım. Kişinin üzünə necə baxacağam deyə düşünürdüm.

Gəldi! Sonrakı iki günü mənimlə danışmadı. Axırı mən gedib, ayağına düşüb yalvardım. Yalan danışdığım üçün üzr istədim.

Atam əvvəlcə susdu. Sonra dedi ki, anam, “xoşbəxtlik” qutusu taxta-tuxta arasına atılacaq qadın deyildi. Məni ev edən, uşaqlı edən, mənə yuva verən anan idi – dedi. Əgər sən o cür bir qadına hörmət etməyi bacarmırsansa, haram olsun o qadının sənin üstündə çəkdiyi əziyyət. Haram olsun sənə verdiyi südə.

Hirsimdən donub qalmışdım. Özüm də istəmədən ağzımdan bir söz çıxdı.

– Ata sənin o yerə-göyə sığdıra bilmədiyin qadın başqasını sevirdi, başqasını.

Atam susdu. Sanki sirrini öyrənmişdim. Məgər atam bilirmiş. Gözləri bərəli mənə baxaraq oturdu. Və hekayənin əsl üzünü danışdı.

– Bünyad, anan qorxurdu. Sevə bilməməkdən qorxurdu. Onu ilk görəndə düşünmüşdüm ki, o, mənə Tanrının hədiyyəsidir. Mənə ərə gəldi. Onu yarı yolda qoyan bir adamı sevsə belə. Heç vaxt xəyanət etmədi. 34 illik evliliyimizdə gözünün ucu ilə belə tək o adama deyil, heç bir insan övladına baxmadı. Ömrü boyu mənə sədaqətli qaldı. Mənim ona verdiyim sevgi müqabilində o, mənə yol-yordam göstərdi. Yuva qurdu. Bir-birindən ağıllı, bir-birindən gözəl balalar verdi. Yazdı, yaratdı. Mən onunla hər zaman fəxr etdim, oğlum. Leylanın dünyası o qədər zəngin, o qədər gözəldi ki, mən unutdum sevilmədiyimi. Və icazə verdim sevgisini özü ilə qəbrə aparmağa. Bir dəfə ananın qeyd dəftərçəsində oxudum, deyəsən, Hüseyn Cavidin sözləriydi. Deyir, “Məhəbbət öylə bir alov ki, bir kərə insanın qəlbini sardımı, ölüncəyə qadar sızladıb durur”. Hə, onsuz da ananın qəlbi ömrü boyu sızlamışdı. Leyla üçün o adam Tanrı idi. Leyla onun eşqinə ibadət edirdi. Kimisə inancı üçün günahlandırmaq olmaz. O, onsuz özü özünə qəddarlıq etmişdi. Barı biz qəddar olub onu sevgisindən ayırmayaq. Bir də belə şeylərə çox fikir vermə, qocalarsan. Bax, sağ olsun anan, mənə necə yaxşı baxıb. Hələ də gücüm, qüvvətim yerindədir. Ehhh, görəsən, onsuz necə yaşayacam. Yaxşı ki, gözüm o qədər də yaxşı görmür. Onsuz dünya qoy elə belə, torlu-tozlu qalsın.

Atam anamdan sonra gözlükdən imtina etmişdi. Anam öldükdən bir neçə ay sonra atam da öldü. Və mən anamın xoşbəxtlik qutusunu atamla anamın qəbrlərinin arasında basdırdım.

 

 “Ədəbiyyat və incəsənət”

(21.05.2025)

Murad Vəlixanov, "Ədəbiyyat və İncəsənət"

 

Bugünkü mövzumuz "Abbas və Gülgəz" filmi barədədir. Filmi 2000-ci ildə mərhum rejissor Rövşən Almuradlı ekranlaşdırmışdır. Sənədli-bədii serialdır janr etibarı ilə. Azərbaycantelefilmdə istehsal edilmişdir.

 

Babalarımız tariximizi öncə daşlara köçürüb. Sonra dastanlarda, nağıllarda, ulu törənlərdə, miflərdə, sirli deyimlərdə, xalçalarda, el sənəti nümunələrində qoruyub saxlayıb. Bunların sırasında dastanlar aparıcı yer tutur. Şamanlar, ozanlar, aşıqlar bu dastanları nəsildən nəslə əmanət ötürüb, zaman öz köynəyindən keçirib. Tanrının millətə göndərdiyi ulu kişilərin boyuna biçib, bir boy da ucalıb, gəlib bizim çağlara çatıb bu dastanlar. "Dədə Qorqud", "Koroğlu" sırasında dayanan dastanlarımızdan biri də "Abbas və Gülgəz"dir. Soy tariximizə işıq salan, dövlətçilik taleyimizə güzgü tutan monumental bir dastandır "Abbas və Gülgəz". Dastandakı Gülgəz Pəri obrazı Səfəvilər dönəmində Azərbaycanın başkəndi Təbrizin dastan dilində mənəvi qoruyucusudur, hamisidir.

Şah bababımızın övladları, nəvələri yaddilli mirzələrdən dərs aldı, yaddaşları kütləşdi. Elin, yurdun başkəndini İsfahana köçürdülər. El bu olayı da dastan öz yaddaşında saxladı. Gülgəz Pərinin, yəni Azərbaycanın iki istəyəni çıxdı ortaya: biri elin təmsilçisi Tufarqanlı Abbas, o biri hökmü yeddi iqlimə işləyən şah oğlu Şah Abbas. Hər iki Abbas türksoyludur...

Film "Abbas və Gülgəz" dastanı əsasında çəkilmişdir. Ssenari müəllifi Aydın Qurbanoğlu, operatoru İzzət Əzizovdur.

Dastanı Aşıq Mahmud Qasımoğlu söyləyir.

 

“Ədəbiyyat və incəsənət”

(21.05.2025)

 

Çərşənbə, 21 May 2025 12:29

Numizmatika elmilə məşğul olan alim...

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Haqqında söhbət açmaq istədiyim tarix üzrə fəlsəfə doktoru Aygün xanım Məmmədovanın ötən gün ad günüydü. Düşünürəm ki, bu söhbətim gec də olsa, onun ad gününə bir sürpriz hədiyyə olacaq. Amma, gəlin əvvəlcə onun məşğul olduğu numizmatikadan sizə qısa da olsa məlumat verim. Ola bilsin ki, aranızda bu ifadənin mənasını bilməyənlər də var. Numizmatika- sikkələr və onların zərb tarixi, qiyməti, istifadə edilmə müddəti, nominal və həqiqi dəyərlərini öyrənən köməkçi tarix elmidir... 

 

Deyir ki:- “Qarabağ numizmatikasının müxtəlif dövrləri həm yerli, həm də xarici tədqiqatlarda müəyyən qədər araşdırılsa da, müasir dövrümüzdə belə nəticələrə yenidən baxmaq lazım gəlir. Çünki bu bölgənin tarixini dərindən bilməklə biz mənfur düşmənlərin torpaq iddialarına ləyaqətlə cavab verə bilərik. Azərbaycan Respublikasının cənub-qərbində, Həkəri çayının sol sahilindəki dağlıq ərazidə yerləşən Laçın rayonu zəngin tarixi keçmişə malikdir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları ilə həmsərhəd olan Laçın rayonu strateji mövqedə yerləşir. Laçın rayonunda zərbxananın fəaliyyətini sübut edən yeganə və nadir numizmatik faktlar- XIII əsrin 40-cı illərinə aid gümüş dirhəmlərdir. Bu zərbxananın fəaliyyəti tarixi əsərlərdə “Fars monqolları” adı ilə təqdim olunan Çingizilər dövrünə aid numizmatik tapıntılarla təsdiq edilir.”

 

O, 1979-cu ilin may ayının 20-də Bakı şəhərində dünyaya gəlib. Orta təhsilini Bakı şəhəri Yasamal rayonundakı 31 saylı məktəbdə bitirib. Sonra Bakı İslam Universitetinin İslamşünaslıq fakültəsində “islamşünas-şəriət müəllimi” ixtisası üzrə ali təhsil alıb. 2007-ci ildə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin aspiranturasına qəbul olunub və oranı 2013-cü ildə tarix üzrə fəlsəfə doktoru kimi başa vurub. 1999-cu ildə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Numizmatika söbəsində baş laborant kimi əmək fəaliyyətinə başlayıb. 2006-cı ildən Milli Azərbaycan Tarixi Muzeyinin “Numizmatika və epiqrafika” elmi-fond şöbəsində baş laborant, kiçik elmi işçi, elmi işçi kimi çalışıb. 2021-ci ildən bir müddət muzeyin Numizmatika Fondunun müdiri işləyib. Hazırda fondun baş mütəxəsisidir. Eyni zamanda 2020-ci ildən Qərbi Kaspi Universitetində müəllim kimi fəaliyyət göstərir... 

 

“Numizmatik araşdırmalara əsasən, Sankt-Peterburq şəhərindəki Dövlət Ermitajında və Gürcüstan Dövlət Muzeyinin müvafiq fondlarında Laçın gümüş dirhəmləri saxlanılır. Belə dirhəmlərin üst tərəfinə əlində dartılmış yay olan atlı, atın ayaqları altında isə it, dirhəmin arxa tərəfinə isə ərəbcə “Allahdan başqa ilah yoxdur, Muhəmməd Allahın elçisidir”, 1-ci sətirdən yuxarıda ərəbcə: “Laçın” sözləri həkk edilib. Gürcüstan Dövlət Muzeyində qorunan Laçın gümüş dirhəminin üst tərəfinə atlının başı üzərinə türk dilində ərəb sözləri - “uluğ mənqıl ulus bəg” həkk olunub. Xüsusi qeyd etməliyəm ki, Laçın zərbxanasının gümüş dirhəmlərində zərb ili və hökmdar adı yoxdur və belə dirhəmlərdəki “uluq mənqıl ulus bəg” sözləri müxtəlif numizmatik yozumlarla təqdim edilib. Hicri 642 = 1244-1245-ci ilin Cənubi Qafqaz və İranda, o cümlədən Laçında istehsal edilmiş gümüş dirhəmlərinin yazıları və zərb texnikası əvvəlki dirhəmlərdən keyfiyyətcə yüksəkdir. Azərbaycan numizmatikasının banisi, AMEA-nın müxbir üzvü olan, mərhum professor Yevgeni Paxomovun fikrincə, belə dirhəmlərdəki “ulus bəy” titulu ilə ulus qoşununun rəhbəri və ya canişini təqdim olunub. Professor M. Seyfəddini isə bu titulu yalnız ulus canişininə aid edərək, mənbələrdə qoşun rəhbərinin “noyon əl-əzəm” (əzəmətli noyon) adlandırıldığını bildirib.”- söyləyir.

 

Qədim sikkələrlə bağlı bəzi məqamlar onu bir alim kimi çox narahat edir. Çünki mahiyyətini dərindən anlayır. Bilir ki, hər bir sikkə tarixi nöqteyi nəzərindən əvəzolunmaz bir faktdır...

 

Deyir ki: - “Sikkələr təkcə tarixi anlam daşımırlar, həm də idealogi məna kəsb edirlər. Əsaən qiymətli metallardan hazırlanan sikkələr günümüzə gəlib çata biliblər. Məlumdur ki, müasir dövrümüzdə bir sıra arxeoloji qazıntılarda və ya təsadüfən aşkarlanan sikkələr yalnız muzeylərə və ya mütəxəssislərə təqdim edildikdə layiqli dəyərə sahib olurlar. Lakin çox təəssüf ki, bəzi hallarda belə tapıntılar qeyri-peşəkar və ya numizmatikadan anlayışı olmayanların əlinə keçir...” 

 

Yumor hissi yüksək xanımdır. Kübar davranışı ilə fərqlənir. Təbiətcə istedadlıdır və işlərində uğur qazanmağa israrlıdır. Ahəngdar, intellektual, tez qavrayan, məntiqli, danışığı canlı, yeniliklərə açıqdır. Eyni anda bir neçə işi birdən icra etməyə qadirdir. Milli adət ənənələrə ürəkdən bağlı və Alahın varlığına əmin olanlardandır. Odur ki, mənsub olduğu İslam dininin qayda və qanunlarına ciddi riayət edir...

 

...Söhbətimin sonunda Aygün xanıma cansağlığı və daha böyük uğurlar arzulayırıq. Yeni yaşı mübarək olsun!

 

“Ədəbiyyat və incəsənət”

(21.05.2025)

 

“Ədəbiyyat və incəsənət” portalı Dəbdən düşməyən yazı stili rubrikasında bu dəfə sizlərə ustad yazıçı Elçin Hüseynbəylinin “Qararda” hekayəsi təqdim edilir.

 

 

“Sevgi oyunları”  silsiləsindən...

 

QATARDA

 

...Qatarla səyahət etməyi sevirəm.

Ən sevdiyim fəsil payız olduğuna görə bu dəfə də payızda yola çıxmışdım. Çiskinləyirdi. Axşamüstü dağlardan qopan külək payız yarpaqlarını perronun yanına,  relslərin arasına gətirib yığmışdı...

SV, yəni iki nəfərlik kupeyə bilet götürmüşdüm. Yanımda adam olmasın deyə,  ikisinin də pulunu ödəmişdim. Yanımda adam olanda yata bilmirəm. Bəlkə, elə ona görə də evlənmirdim.

Vaqon bələdçisinə də öncədən demişdim ki, məni narahat eləməsin, nəsə lazım olsa, özüm çağıracam.

Vaqon bələdçilərini tanımırsınız? Bir az mənə oxşayırlar, danışdırmasalar da, özüm danışıram, çağırmasalar da, özüm haya gedirəm, başqası üçün narahat oluram. Bu dəfə də belə oldu. Kupem bələdçinin otağına yaxın olduğundan birinci onun haray-həşirini eşitdim. Kiminsə üstünə qaşqırır, vaqondan düşməsini tələb edirdi. Məcbur olub çölə çıxdım.

Bələdçi küncdə dayanmış miniatür qamətli,  gözəl  bir xanımdan vaqonu tərk etməyi tələb edirdi.

        Bu saat tərk edin vaqonu!

Qadın ovçudan (vəhşidən) qorxub küncə qısılan dovşan kimi dayanmışdı, amma əsib eləmirdi. Bu anda mən onu zərif göyərçinə də bənzədə bilərdim.

– Nə olub? – deyə bələdçidən soruşdum.

– Nə olacaq? Vaqona bezbilet (biletsiz) minib, öz yerimi təklif edirəm, razılaşmır, deyir ki, mən elə burda, ya da tamburda duracam. Elə bil bunu yeyəcəm. Hayasızlığa bax da.

Qadın ürkək-ürkək və nəzakətlə:

– Danışığınıza fikir verin! – dedi.

– Nəyə fikir verim, necə fikir verim!? Düş vaqondan! Qatarın rəisi gəlsə, ona nə cavab verəcəm!? İndi vəziyyət əvvəlki kimi deyil e! Hər şey kantroldadır!

Yadımda deyil, qadına yazığım gəldi, yoxsa gözəlliyinə heyranlıqdan idi, ya nəydi, bəlkə də, ilğım idi, yuxuydu, taleyin oyunu idi. Anidən: -Onun bileti var, – dedim.

Bələdçi nə dediyimi anladı, çünki məsələdən hali idi, biletləri ona vermişdim, qadın isə çaşdı.

        O, mənim kupemdə qalacaq, – dedim.

Qadın:

– Sizin? – deyə təəccüblə üzümə baxdı.

– Narahat olmayın, – dedim, – mən öncədən iki bilet almışam. Biri sizin olsun!

Vaqon bələdçisi:

– Məllim, birdən yoxlama olsa, nə cavab verəcəm?

– Sən yox, mən cavab verəcəm, – ötkəmliklə dedim, – buyurun kupeyə, – qadına işarə elədim.

O, yerindən tərpənmədi. Bir mənə, bir də vaqon bələdçisinə baxdı. Sanki bizdən yox, özü-özündən şübhələnirdi:

        Qorxmayın, gəlin, – dedim.

O, çantasını sallaya-sallaya kupeyə tərəf gəldi, yenə də duruxdu. Mən kənara çəkildim və o, içəri keçdi, əl çantasını stolun üstünə qoydu, yağmurluğunu soyunmadan ətrafı seyr elədi. Mələfəni, yastığı əllədi, iylədi, sanki zifaf gecəsinə hazırlaşırdı. Mən də sakitcə tamaşa edirdim. 

Sonra yatacağa oturdu. Onun yumşaqlığını, bərkliyini yoxlamaq üçün yerində yırğalandı.

O, yerini rahatlayandan sonra:

        Mənim borcum nə qədərdir? – deyə üzümə baxıb soruşdu.

Gözlərinin dərinliyində itmək olardı. Qara bəbəkləri gözlərinin ağında çalxalanırdı.

– Sizin mənə borcunuz yoxdur, – dedim.

– Mən biletin pulunu nəzərdə tuturam.

– Onun pulu ödənilib.

– Yəqin, yoldaşınızın yeridir, hə? Bəs o özü hanı?

– Mən evli deyiləm, – dedim.

– Amma...

        Narahat olmayın, – deyə onun sözünü yarımçıq kəsdim.

Qadın oturduğu yerdə şıltaq qızlar kimi ayaqlarını yelləməyə başladı.

Mən yerimə uzanıb kitab oxumağa davam elədim, amma fikrim  qadının yanındaydı, daha doğrusu, toppuş ayaqlarındaydı və oğrun-oğrun onlara baxırdım. Üzünə baxmağa cəsarət eləmirdim. Bəlkə, çox gözəl idi ona görə, bəlkə, vurulmaqdan qorxurdum. O sanki nağıllardan düşüb gəlmişdi, bəlkə, su pərisiydi, sudan  indicə çıxmışdı? Gözlərimi yumdum. Sanki yuxu görürdüm...

Mənə görə onun 28-30 yaşı ancaq olardı. Çünki gözlərinin altı  və əlləri mərmər kimi sığallıydı. Boyu 155-160 sm olardı, çəkisi də ona uyğun.

Qadın çantasından güzgü çıxarıb baxdı, dodaqlarını yaladı, üzünü o tərəf-bu tərəfə çevirdi və güzgünü qaytarıb yerinə qoydu. 

– Deyəsən, siz də mənim kimi kitab oxumağı xoşlayırsınız? – üzümə baxmadan, etinasız halda soruşdu və pəncərədən çölə baxdı.

– Hə, – qısaca cavab verdim.

– Heyf ki, mən kitab götürməmişəm. Çünki çemodanımı evdə unutmuşam və düzünü bilmək istəyirsinizsə, mən qatara da təsadüfən minmişəm.

– Növbə ilə oxuyarıq, – gülümsünərək dedim.

– Bilmək olar, oxuduğunuz nədir?

– Öz kitabımdır, – dedim.

– Deməli, yazıçısınız?

– Belə də.

– Birinci dəfədir, öz kitabını oxuyan yazıçı görürəm.

– Çox yazıçı tanıyırsınız ki? – dedim və güldüm. O da mənə baxıb güldü.

– Yox, sözgəlişi dedim, elə belə. Yəni yazıçılar da öz kitablarını oxuyur?

        Kitablarımı ona görə oxuyuram ki, necə pis yazmamağı öyrənim.

O, daha heç bir sual vermədi. Amma mən ondan gözümü çəkmədim. O da hərdən mənə baxır, nəsə fikirləşirdi. Yəqin, məni təftiş edirdi.

– 38 yaşım var, – dedim.

– Mən sizdən yaşınızı soruşmadım axı.

– Əzəl-axır soruşacaqdınız, – dedim və yenə də gülümsündüm. –İstəyirsiniz, sizin yaşınızı da, peşənizi də deyim.

– Yaşımı çətin tapasınız.

– Əslində, onu tapmışam, amma məlum səbəbdən demirəm...

– Yox, mənim elə bir kompleksim yoxdur. Özüm də deyə bilərəm.

– Vacib deyil. Həkimsiniz.

        Tapmadınız, – deyə güldü.

Fikir verdim ki, gözlərindən gülür, ovurdları da çalalanır.

– Müəlliməyəm, – dedi, – ədəbiyyat müəlliməsi. Sizi də tanıdım. Mən sizi tədris edirəm.

Onun bu etirafı xoşuma gəldi. Ona görə də dikəlib oturdum.

– Hə, mənə də dedlər ki, orta məktəbdə tədris olunuram, – bir az yekəxanalandım.

Susduq. Handan-hana o:

– Bəlkə, bir qədər hündürdən oxuyasınız, – dedi.

– Hündürdən oxumağı sevmirəm. Özü də öz mətnimi başqasına oxuya bilmərəm.

        Onda verin, mən də bir az oxuyum.

Təəccüblə ona baxdım:

        Özünüz demişdiniz axı, növbə ilə oxuyarıq, – dedi və güldü.

Gülüşü cingiltili və əfsunediciydi. Düzü, hələ indiyə kimi məni cəlb edən belə bir qadın olmamışdı. Bəlkə, bu, yuxuydu, ilğım idi, ya taleyin oyunuydu... Bəlkə, vurduğu ətrin rayihəsiydi...

Kitabı ona uzatdım. O, zərif, göyərçin əlləriylə kitabı ehtiyatla məndən aldı, sanki güzgü götürürdü və yerə salmaqdan ehtiyat edirdi.

Mən yenidən yerimə uzandım.

O, kitabı oxuyur və haldan-hala düşürdü. Gah gülümsünür, gah da qəmlənirdi.

Başını qaldırıb mənə baxdı və:

– Yaxşı yazırsınız, – dedi. – Xüsusən də bir fikriniz xoşuma gəldi.

        Nə fikirdi elə? – yenə də dikəldim.

O cavab vermədi. Yəni cavab verməyə imkanı olmadı. Qapı  döyüldü. Durub açdım. Bələdçiydi, yanında da paqonlu, kepkalı biri vardı. Qatar rəisi olduğunu dərhal anladım.

Qatar rəisi:

– Mənə dedilər ki, sizin kupedə biletsiz sərnişin var.

– Bizim kupedə biletsiz sərnişin yoxdur, – dedim, – biletlər bələdçidədir.

– Amma biletlərin hər ikisində sizin adınız yazılıb.

– Düzdür, biletləri mən almışam.

– Amma onun adı olmalıdır, – deyə qadını göstərdi.

– O, mənim arvadımdır, – anidən dedim.

– Kəbin kağızınız var?

        Yox, biz kəbini qatardan düşəndə kəsdirəcəyik.

Qatar rəsi ağzını açıb nəsə demək istəyirdi ki, özümü təqdim eləməyə məcbur oldum. O, qınayıcı nəzərlə bələdçiyə baxdı və sağollaşıb-eləmədən getdi. Mən də qapını bağladım. Onların, yəni qatar rəisinin səsi aydınca eşidilirdi:

        Axmağın biri axmaq, əvvəlcə öyrən, sonra mənə de də!

Bələdçi də özünə bəraət qzandırırdı:

– Rəis, mən hardan bilim e?

        Canına azardan!

Onların səsi kəsiləndən sonra qadın:

– Siz niyə elə dediniz? – deyə təəccüblə üzümə baxdı. Mənə elə gəldi ki, onun  gözləri yaşarıb.

– Nə bilim. Nəsə özümdən uydurmalıydım da.

– Amma mənim xoşuma gəldi, – dedi və gülümsündü.

        Doğrudan! – deyə qəhqəhə çəkdim, – zarafat edirdim də.

Deyəsən, kədərləndi. Çiynini çəkdi. Kitabı qatlayıb özümə qaytardı və yenidən pəncərədən çölə baxdı.

– Bilrisiniz, mən belə zarafatları xoşlayıram. Bəlkə də, bu, heç zarafat deyil...

O, üzünü mənə tərəf çevirdi və güldü...

Kefim durulmuşdu. Özümdən asılı olmayaraq dil qəfəsə qoymadan danışırdım. Heç o da məndən geri qalmırdı...

Yatmaq vaxtı gələndə çölə çıxdım. O, yerini rahatlayandan sona qapını döyüb içəri girdim.

Gənc xanım mənm də yerimi açmış və öz yerinə girmişdi.

        Nə əziyyət çəkirdiniz? – dedim.

Gülümsündü. Bəlkə də, bayaqkı ər-arvad sözümə işarə vururdu...

Səhər yuxudan oyandıq, daha doğrusu, o oyandı. Mən yatmamışdım ki. Səhərə kimi ona baxmışdım. O da səksəkəliydi. O tərəf-bu tərəfə çevrilir, hərdən örtük üstündən sürüşür, bədəninin bir hissəsi açıq qalır və çöldən düşən işıqların haləsində cəzbedici görünürdü. Düzü, bunu qəsdən edirdi, ya yox, bilmədim...

Birinci o, çölə çıxdı, əl-üzünü yuyub qayıtdı. Makiyajsız da gözəl idi. Mən də ayaqyoluna gedib qayıtdım. Mən gələnə qədər özünə sığal vermişdi və qapıya tərəf baxırdı, sanki məni gözləyirdi, üzü gülür, gözləri parıldayırdı.

Qəfildən:

        Növbəti dayanacaq mənimdir, – dedi.

Təəccübləndim və nə edəcəyimi bilmədim.

– Elə bilirdim ki, siz də mənim kimi sona qədər gedəkciniz, – təəssüflə dedim.

– Mən də elə bilirdim, amma düşməliyəm. Sevgilim hardasa buralarda məni gözləməlidir, – sevinclə dedi.

“Sevgili” sözünü eşidəndə çaşdım. Beynimdə o qədər xəyallar qurmuşdum ki.

– Niyə fikrə getdiniz? – yenə də gülümsündü.

– Sevgilinizi qısqandım, – mən də özümü o yerə qoymayıb gülümsündüm. Amma gülüşlərimiz fərqliydi: onunku dürüst, mənimki istehzalıydı, yəni taleyin ironiyası...

O heç nə demədən, gülümsünə-gülümsünə sağollaşdı, çantasını əlinə alıb qatardan düşdü və sanki özüylə ruhumu apardı...

Səfər ərzində bircə dəqiqə də onu unutmadım. Onun gülüşü, qara gözləri, ala-qaranlıqda parlayan dərisi yadımdan çıxmırdı. Bu bir yuxuydu, ilğım idi, ya taleyin oyunuydu, bilmədim...

Səfərim başa çatdı və geri döndüm. Yenə də çiskinləyirdi. Yenə də külək payız yarpaqlarını ətrafa səpələmişdi...

...Birdən onu gördüm. Yağışın altında dayanıb mənə baxırdı. Çətirsiz-filansız. Üst-başı əməllicə islanmışdı. Bir-birimizi aralıdan tanıdıq. O, mənə tərəf yüyürdü və qarşımda dayanıb gülümsündü. Saçlarından yağış damırdı...

– Bu siziniz? – deyə təəccüblə soruşdum. O da gülə-gülə başı ilə təsdiqlədi. – Sevgilinizi qarşılamağa gəlmisiniz?

– Hə!

– Bəs sevgiliniz hanı?

        O, mənim qarşımdadır, – dedi.

Çaşdım.

– Bəs...

– Mən onu axtarmağa çıxmışdım. Tapandan sonra qatardan düşdüm. Necə yazmışdınız? “İnsanlar xoşbəxtliyini vağzallarda tapır, vağzallarda da itirir...”

        Bu nədir, taledir? – deyə məşhur pritçanın sözlərini pıçıldadım.

O da eyni pritçadakı cavabı verdi:

        Yox bu sevgidir, – dedi.

Mən onun qara gözlərinə uzun-uzadı baxdım, sonra qucaqlayıb dodaqlarından doyunca öpdüm: ilğım kimi, yuxu kimi, taleyin oyunu kimi...

(Noyabr, 2023)

 

“Ədəbiyyat və incəsənət”

(21.05.2025)

 

 

Çərşənbə, 21 May 2025 11:30

Amma ən önəmlisi, davam etməkdir! - ESSE

 

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

 

 

 

Həyat insanın qarşısına daim yeni seçimlər qoyan, bəzən özünü təkrarlayan, bəzən isə tamamilə gözlənilməz sürprizlərlə dolu bir yoldur. Bu yolun hər addımında ürəyimiz və ağlımız arasında bir mübarizə başlayır — hansı yolu seçmək, hansı duyğunu qucaqlamaq lazım olduğunu anlamaq isə ən mürəkkəb işlərdən biridir.

 

 

 

Qərarsızlıq, insan həyatının təbii bir hissəsidir. Bu duyğu bəzən bizim zəifliyimiz kimi görünə bilər, amma əslində qərarsızlıq insanın öz içindəki mürəkkəbliyi və dərinliyi əks etdirir. Hər birimiz zaman-zaman seçimlərimizin arasına qapılır, keçmişin xatirələri ilə gələcəyin narahatlıqları arasında qalmışıq. Bu duyğuların içində ən çətin olan isə özümüzlə dürüst olmaqdır. Hisslərimizin mürəkkəb labirintində istiqamətimizi tapmaq, ürəyimizin səsini dinləyərkən ağlın məntiqini də itirməmək böyük zəka və cəsarət tələb edir.

 

Həyatın qərarlarını vermək heç vaxt asan olmur, çünki heç vaxt tam hazır deyilik — amma hər dəfə bu qərarlar bizi daha güclü, daha anlayışlı və daha həssas insan edir. Qərarsızlıq içində yaşamaq, insanın özünü tapması və həyatın incə qatlarını duymaq üçün bir fürsətdir. Bu, zəiflik deyil, əksinə həyatın dərin anlamlarını anlamağa açılan bir qapıdır. Qərarsızlıq zamanı yaşanan sarsıntılar, həyəcanlar və gözləntilər bizi formalaşdırır, şəxsiyyətimizi zənginləşdirir. Hər insanın həyatında müəyyən mərhələlər olur — bəzən hər şey aydın görünür, bəzən isə qarışıqlıq içində qalmışıq. Amma ən vacibi, həmin dönəmlərdə özümüzü sevmək, səsimizi dinləmək və daxildən gələn çağırışlara qulaq verməkdir. Çünki həyatı bütövlükdə anlamaq üçün bu qarışıqlıqlara, çətinliklərə və qərarsızlıqlara ehtiyacımız var.

 

Biz hər gün qarşılaşdığımız seçimlər arasında durur, bəzən addım atmaqdan çəkinir, bəzən isə qeyri-müəyyənliklərlə dolu bu yolda irəliləyirik. Bu prosesdə itirə bilərik, amma yenə də özümüzü tapırıq.

 

Qərarsızlıqla yaşamaq, hər anın fərqinə varmaq və həyatın incə, bəzən də kəskin hissələrini anlamaq — insan olmağın ən gözəl, ən çətin tərəfidir. Bu yolda nə qədər vaxt keçsə də, nə qədər sınaqlardan keçsək də, önəmli olan özümüzü itirməmək, daxildən gələn səsə sadiq qalmaqdır. Çünki həyatın hər qarışıqlığında biz yeni bir dərs, yeni bir anlama şansı tapırıq. Və bu dərslər bizi təkcə daha güclü deyil, həm də daha həssas, daha insan edir.

 

 

 

Qərarsızlıq və hisslərin mürəkkəbliyi içində hər kəs bir yoldaş axtarır — özünü, sakitliyi və ya bəlkə də sadəcə anı yaşamaq bacarığını. Bu yolda bəzən dayanmaq, bəzən gülmək, bəzən isə göz yaşlarını saxlamaq lazımdır. Amma ən önəmlisi, davam etməkdir — ürəkdən gələn çağırışlara qulaq verərək, həyatın axarında öz yolunu tapmaqdır.

 

 

 

 

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(21.05.2025)

 

 

Nail Zeyniyev, “Ədəbiyyat və incəsənət”

 

Şəhriyar adına Mədəniyyət Mərkəzində ASAN Könüllülərinin təqdimatında Cəfər Cabbarlının "Sevil" əsərinin tamaşasını izlədim və bu təcrübə məni dərindən təsirləndirib düşündürdü. Cabbarlının bir əsr əvvəl qələmə aldığı bu əsər müasir gənclərin ifasında yeni nəfəs və aktual məna qazandı və sübut olundu ki, ölməz dramaturqun yaratdıqları hələ də öz aktuallığını qoruyub, saxlamaqda davam edir.

 

İlk növbədə, 16 ASAN könüllüsünün hazırladığı tamaşa qadın azadlığı mövzusunu bugünün kontekstində ustalıqla əks etdirdi. Sevil obrazının transformasiyası – cahil, ərə tabe olan qadından öz kimliyini tapan, təhsilli və müstəqil şəxsiyyətə çevrilməsi prosesi tamaşaçıları sarsıtdı. Gənc aktyorlar xüsusilə Sevilin daxili mübarizəsini və özünü dərk etmə prosesini çox təsirli ifa etdilər.

Tamaşada diqqətimi çəkən digər məqam səhnə dizaynı və rejissor işi oldu. Məhdud resurslara baxmayaraq, qənaətcil, lakin təsirli dekorasiyalar və işıq effektləri vasitəsilə həm 1920-ci illərin Azərbaycanını, həm də əsərin daşıdığı universal mesajı çatdırmağı bacardılar. Xüsusilə Sevilin çarşabı atdığı səhnə dramatik gərginlik və simvolik mənası ilə yadda qaldı.

Balaş obrazı müasir kontekstdə yenidən düşünülmüşdü. Onun ikili standartları və dəyərlər arasında parçalanması bugünün cəmiyyətində də rast gəlinən problemlərin aynası kimi təqdim edildi. Ailə dəyərləri və şəxsi ambisiyalar arasındakı münaqişə xüsusilə gənc tamaşaçılarda rezonans yaratdı.

 "V ASAN Teatr Festivalı" çərçivəsində ilk tamaşa olan bu səhnələşdirmə 500-dən çox tamaşaçı qarşısında nümayiş olundu. Zalda müxtəlif yaş qruplarından insanlar vardı və maraqlı müşahidələrimdən biri də gənclərin klassik əsərə göstərdiyi maraq oldu. Bu, Cabbarlı irsinin nə qədər aktual və zamansız olduğunu bir daha təsdiqlədi. 

"Mədəniyyət Carçısı" proqramının bu təşəbbüsü milli ədəbi irsimizin qorunması və təbliği baxımından çox əhəmiyyətlidir. Gənclərin klassik əsərləri müasir interpretasiyada təqdim etməsi mədəni varisliyin davam etməsi və ədəbi irsin yeni nəsillərə ötürülməsi üçün əvəzsiz vasitədir.

Yekun olaraq deyim ki, ASAN könüllülərinin "Sevil" interpretasiyası sadəcə bir teatr tamaşası deyil, mədəni körpü rolunu oynadı, keçmişlə bu günü, ənənəvi və müasir dəyərləri birləşdirən, düşündürən və eyni zamanda heyran edən bir təcrübə oldu. Bu cür layihələrin davamlılığı mədəni irsimizin yaşaması və zənginləşməsi üçün həyati əhəmiyyət daşıyır.

 

“Ədəbiyyat və incəsənət”

(21.05.2025)

 

 

 

 

Bu yaxınlarda Tatarıstanın paytaxtı Kazan şəhərində “Çağdaş Azərbaycan hekayəsi” antologiyası tatar dilində işıq üzü görüb. May ayının 31-də həmin nəşr ölkəmizdə tədim ediləcək.

 

“Ədəbiyyat və incəsənət” portalına Dünya Gənc Türk Yazarlar Birliyindən verilən məlumata görə, Tatarıstan Respublikasının Azərbaycandakı Daimi Nümayəndəliyi və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təkilatçılığı ilə keçiriləcək təqdimat Xan Şuşinski küçəsindəki Tatarıstan Respublikasının Azərbaycandakı Daimi Nümayəndəliyində baş tutacaq.

Təqdimat törənində Azərbaycan və Tatarıstan arasında ədəbi-mədəni əlaqələr, çağdaş ədəbiyyatın inkişaf istiqamətləri, habelə antologiyada yer alan müəlliflərin yaradıcılığına dair fikir mübadiləsi aparılacaq.

 

“Ədəbiyyat və incəsənət”

(21.05.2025)

 

"Ədəbiyyat və İncəsənət" portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun, Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə "Bir direktor, bir şagird" adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların Ədəbiyyata olan marağına diqqət yönəltməkdir.

Hazırda təqdimatda İlyas Əfəndiyev adına Elitar gimnaziyadır.

 

Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı

 

 

DİREKTOR:

 

Səadət Akif qızı Cahandarova 2000-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş, 2003-cü ildə həmin universiteti bitirmişdir.

2006-cı ildə Azərbaycan Müəllimlər İnstitutunda Tarix- Coğrafiya üzrə ixtisasını artırmışdır.

2003-2021-ci ilədək Bakı Avropa Liseyində Tarix müəllimi, 2016-2022-ci ilədək isə həmin liseydə Direktor müavini vəzifəsində çalışmışdır.

2022-ci il iyul ayının 29 -da Azərbaycan Respublikasının Təhsil Nazirinin əmri ilə İlyas Əfəndiyev adına Elitar gimnaziyaya Direktor vəzifəsinə təyin olunmuşdur. 

2011-ci il may ayında Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının T-381 saylı qərarı ilə "Fəxri Fərman"la təltif edilmişdir.

2012-2013-cü illərdə keçirilmiş "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuşdur. Həmçinin 2012-2013-cü illərdə "Tarix fənn kurikumlarının hazırlanması üzrə işçi qrupunun üzvü" olmuşdur.

2015-ci il oktyabrında Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının № 2768 saylı qərarı ilə "Fəxri Fərman"la təltif olunmuşdur.

2015-2017-ci illərdə "X-XI təmayül siniflərdə Tədris planı"nın hazırlanmasında iştirak etmişdir.

2017-ci il oktyabrında Azərbaycan Respublikası Təhsil Nazirinin K- 560/1. № - li əmrinə əsasən "Azərbaycan Respublikası Qabaqcıl Təhsil işçisi" döş nişanı ilə təltif edilmişdir.

2018-ci il iyul ayında "Respublika Pedoqoji Mühazirələri"nin nəticələrinə görə III dərəcəli diplomla təltif edilmişdir.

2022-ci ilin mayın 16- da Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının №4547 saylı qərarı ilə "Fəxri Fərman"la təltif olunmuşdur. 

2022-ci ilin iyun ayının 11-də Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən "Əvəzsiz dəstəyi və gənc nəslin təlim-tərbiyəsində yüksək nailiyyətlər əldə etdiyinə görə "Təltifnamə" ilə təltif edilmişdir.

 

 

ŞAGİRD:

 

Mən, Fidan Qulu qızı Kamal İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın 9-cu sinfində təhsil alıram.

Bolqarıstan Beynəlxalq Sərhədsiz Riyaziyyat Olimpiadasında gümüş, bürünc medallar almışam. Sasmo Olimpiadasının bürünc medalçısıyam. Uluslararası Aktivist Sanatçılar Birliyinin üzvüyəm. Müxtəlif illərdə keçirilən Respublika Uşaq Rəsm Festifalında diplomlar və sertifikatlarla təltif olunmuşam. Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkil etdiyi tədbirlərin aktiv iştirakçısı və mükafatçısıyam. Şahmat sahəsində də nailiyyətlərim var.

 

 

ESSE

 

Tarixi qəhrəmanlar yaradır

 

"Babək" filmində Babəkin söylədiyi: "Azadlıq. İstər acı olsun, istər şirin. Yalnız o idi məni döyüşdən döyüşə aparan. Ölüm isə mənim son silahımdır" sözlərini xatırlayıram. Qəhrəmanlıq xalq naminə, dövlət naminə ən gərgin vəziyyətlərdə təmkinlə, cəsarətlə qərar qəbul etmək və bu qərarı sonlandırmaqdır. Çünki uğrunda öldükləri səbəblər həm də onları əbədi yaşadır.

Bir çox qəhrəmanların ömür yoluna nəzər salan zaman təxminən belə bir cümləyə rast gəlirik: "O, hələ uşaq yaşlarından müəyyən xüsusiyyətlərinə görə öz yaşıdlarından seçilirdi". Nə idi o seçilmə? O seçilmə hadisələrə ürəyinin gözü ilə baxmaqdımı? Özünü o hadisələrin içində hiss etməkdimi? Düşünürəm ki, bu kimi fikirlər həm də həqiqəti əks etdirir. İgidlik, mərdlik, qorxmazlıq, vətənsevərlik kimi ali xüsusiyyətlər onlarda hələ uşaq yaşlarından özünü göstərir. Qəhrəman qəhrəman kimi doğulmur, xarakteri qəhrəmanlıqların icraçısı olmaq səviyyəsində formalaşır; qəhrəmanlığı şərait və çətinlik üzə çıxarır. Qəhrəmanları şərait yaradır, tarixi isə qəhrəmanlar.

Şərait qəhrəmanlar yaradır, qəhrəmanlar isə tarixi. Şücaətləri, igidlikləri örnək olan qəhrəmanların hər birinin gənclərin vətənpərvər ruhda böyüməsində bilavasitə rolu var. Çünki bugünkü gənclər hansısa film qəhrəmanlarının deyil, şücaəti dildən-dilə düşən əsl qəhrəmanların yolunu örnək götürürlər. Bu Vətənin örnək götürüləcək qəhrəmanları isə olduqca çoxdur.

Vətənin bütövlüyü naminə şirin canından keçən oğulların qanları ilə yazdıqları  şanlı zəfər tariximiz qürur mənbəyimizdir. Torpaqlarımızın bütövlüyü uğrunda Şəhid olan vətənpərvər oğullarımız həm Birinci Qarabağ müharibəsində, həm də İkinci Qarabağ müharibəsində düşmənlə üzbəüz mövqedə şücaətlə döyüşərək şəhadətə qovuşublar.

Ölkəmizin, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edən qəhrəman oğullarımızın ruhu əbədi olaraq yaddaşlara həkk olunub və hər zaman minnətdarlıqla anılacaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(21.05.2025)

 

2025-ci ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadənin anadan olmasının 100 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xalq yazıçısı Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin keçirilməsinə dair imzaladığı Sərəncamdan irəli gələn tədbirləri həyata keçirmək məqsədilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Mən ilk qaynağımdan türk oğlu türkəm” adlı metodiki vəsait hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, təqdim olunan bu vəsaitdə Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının, akademik İsa Həbibbəylinin müəllifi olduğu “Milli istiqlal şairi Bəxtiyar Vahabzadə” adlı məqalənin tam mətni, elm, mədəniyyət, ədəbiyyat, mətbuat sahəsinin nümayəndələrinin, ictimai-siyasi xadimlərin onun haqqında söylədikləri dəyərli fikirlər yer alır. “Bəxtiyar Vahabzadə irsinin kitabxanalarda təbliği” başlığı altında kitabxanalarda Xalq şairinin yubileyi çərçivəsində nəzərdə tutulan elektron məlumat bazasının, virtual və ənənəvi kitab sərgilərinin, təbliğat xarakterli materialların hazırlanması, kitab təqdimatı, ədəbi-bədii tədbirlərin, viktorinaların, müsabiqələrin keçirilməsi metodikası sahəsində tövsiyələr təqdim edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan metodiki vəsaitdə görkəmli şairin xatirəsinin əbədiləşdirilməsi haqqında məlumatlar da yer alır. Ümumilikdə vəsait kitabxana işçiləri, BDU-nin İnformasiya və sənəd menecmenti fakültəsinin tələbələri, kütləvi tədbir keçirən təşkilatların əməkdaşları üçün nəzərdə tutulub.

 “Mən ilk qaynağımdan türk oğlu türkəm” adlı metodiki vəsait kitabxananın rəsmi saytında yerləşdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(21.05.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.