Super User
Prezident İlham Əliyev Budapeştdə Türk Dövlətləri Təşkilatı (TDT) Zirvəsində iştirak edib
2025-ci il mayın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi Zirvə Görüşündə iştirak edib.
Görüşdə Azərbaycanla yanaşı Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və müşahidəçi ölkə kimi Macarıstanın rəhbərləri də iştirak ediblər. Zirvə görüşündə türk dövlətləri arasında əməkdaşlığın gücləndirilməsi, qlobal enerji təhlükəsizliyi, strateji nəqliyyat dəhlizləri və regional sabitliyin qorunması əsas müzakirə mövzuları olub.
Prezident İlham Əliyev çıxışında Azərbaycan-Macarıstan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində olduğunu qeyd edərək Macarıstanın müstəqil və prinsipial xarici siyasət yürütməsinin Türk dünyası üçün əhəmiyyətini vurğulayıb. O bildirib ki, Budapeşt platforması türk dövlətləri arasında həmrəyliyin və ortaq siyasi iradənin göstəricisidir.
Dövlət başçısı çıxışı zamanı nəqliyyat və enerji təhlükəsizliyinə də xüsusi diqqət ayırıb. Prezident bildirib ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Zəngəzur dəhlizi layihəsi təkcə regionun deyil, həm də türk dünyasının geoiqtisadi xəritəsini dəyişəcək.
Bununla yanaşı, Prezident İlham Əliyev Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında COP29 çərçivəsində imzalanmış yaşıl enerji üzrə strateji tərəfdaşlıq sazişinə toxunaraq bu layihənin Xəzər-Qara dəniz marşrutu ilə enerji ixracında yeni səhifə açacağını bildirib.
Zirvə görüşü çərçivəsində türk dövlətləri arasında əməkdaşlıq sənədləri və birgə mövqelərin formalaşdırılması üçün intensiv müzakirələr aparılıb. Prezident İlham Əliyevin çıxışı, xüsusilə enerji və nəqliyyat sahələrindəki çağırışları və təşəbbüsləri, təşkilatın gələcək fəaliyyət istiqamətləri üçün strateji əsas kimi qiymətləndirilib.
Azərbaycan Prezidentinin Budapeştdəki çıxışı Türk Dövlətləri Təşkilatının qlobal miqyasda güc mərkəzinə çevrilməsi yolunda siyasi iradə və regional liderlik nümunəsi olaraq tarixə düşəcək.
AzərTAC-ın materiallarından istifadə edərək hazırladı Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
“Ədəbiyyat və incəsənət”
(21.05.2025)
Aktotı Raimkulova Bəxtiyar Vahabzadənin 100 illiyi münasibətilə keçirilən konfransda çıxış edib
Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Xanım Aktotı Raimkulova Azərbaycan Respublikasının Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi münasibətilə keçirilən konfransda iştirak və çıxış edib.
“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, 18 may 2025-ci il tarixində Fondun prezidenti Aktotı Raimkulova Şəki şəhərinə səfəri çərçivəsində Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi münasibətilə keçirilən konfransda iştirak edib.
Xüsusilə vurğulamaq lazımdır ki, konfrans Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamına uyğun olaraq AMEA və Mahmud Kaşğari adına Beynəlxalq Fondun əməkdaşlığı çərçivəsində təşkil olunub.
Konfransdan öncə iştirakçılar Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər və əziz xatirəsini dərin ehtiramla yad ediblər. Ardınca konfransın keçirildiyi Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Konfransda çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Fondun türk dünyasının mədəni irsinin qorunması və təbliği istiqamətində həyata keçirdiyi fəaliyyətlərdən bəhs edərək, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamına müvafiq olaraq Fond tərəfindən nəşr edilən “Özümüzü kəsən qılınc” əsərini böyük ədəbi və mənəvi hadisə kimi qiymətləndirib, şairin yaradıcılığını türk ruhunun canlı səsi adlandırıb.
Tədbirdə Azərbaycan Respublikası Şəki şəhəri İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Azərbaycan Respublikası Milli Məclisin deputatı, Mahmud Kaşğari adına Beynəlxalq Fondun prezidenti Cavanşir Feyziyev,Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli, TÜRKPA-nın Baş katibi Mehmet Sürəyya Ər, TÜRKSOY-un Baş katibi Sultan Rayev, Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel, Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün çıxış edərək Bəxtiyar Vahabzadənin yaradıcılığından geniş söz açıblar.
Sonda Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Heydər Əliyev Mərkəzinin muzeyinə Bəxtiyar Vahabzadənin Fond tərəfindən nəşr edilən “Özümüzü kəsən qılınc” əsərinin nüsxələri hədiyyə edilib.
“Ədəbiyyat və incəsənət”
(21.05.2025)
Adına küçə olan akademikin Ərtegin adlı professor oğlu
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Deyirlər ki, insanın adının mənası onun taleyində əhəmiyyətli rol oynayır. Amma elə nadir adlar var ki, onların mənasını dərindən başa düşmək çox çətindir. Məsələn, “Ərtegin” adı. Bu ad azərbaycanlıların adlar siyahısında yoxdur. Lüğət isə, onu belə izah edir; igid varis və ya igidin varisi...
Bəli, bu dəfə sizə ölkəmizdə nadir adlardan birini daşıyan professor Ərtegin Salamzadədən danışmaq istəyirəm. O, 1965-ci ildə Ukraynanın paytaxtı Kiyev şəhərində dünyaya gəlib. Atası- əslən Şamaxı rayonundan olan memar, əməkdar inşaatçı, əməkdar elm xadimi, akademik Əbdül Vahab Salamzadə olub...
Ərtegin müəllim 1987-ci ildə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Təsviri sənət tarixi və nəzəriyyəsi” bölməsini bitirib. 1987-ci ildən AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda çalışır. 1996-2010-cu illərdə İnstitutun elmi işlər üzrə direktor müavini vəzifəsini icra edib. Hazırda İnstitutun rəhbəridir. Eyni zamanda, Azərbaycan Memarlıq-İnşaat Universitetinin “Dizayn” kafedrasının professorudur. 1992-ci ildə namizədlik dissertasiyasını Bakıda, 2002-ci ildə isə doktorluq dissertasiyasını Moskva şəhərində müdafiə edib. Sənətşünaslıq elmləri doktoru, professordur. 2014-cü ildən AMEA-nın müxbir üzvüdür...
AMEA Memarlıq və İncəsənət İnstitutunun baş meneceri, Kulturologiya üzrə fəlsəfə doktoru, dosent Namiq Abbasov onun haqqında yazır: “Ərtegin Salamzadənin elmi fəaliyyətini bir neçə cümlə ilə əhatə etmək mümkün deyil. Onun sənətşünaslıq elminin inkişafındakı fəaliyyəti, şübhəsiz, tədqiqatçılar tərəfindən nə vaxtsa araşdırılacaq. Eləcə də, onun idarəetmə mədəniyyətindəki uğurlu fəaliyyəti insan münasibətləri mədəniyyətinin xüsusi göstəricisi sayıla bilər. Rəhbərlik etdiyi Memarlıq və İncəsənət İnstitutu kollektivinin, xüsusilə gənc tədqiqatçıların hörmətini qazanması onun xüsusi özəlliklərinin olmasından xəbər verir. Yəni söhbət elmli, ədalətli və yüksək keyfiyyətləri özündə cəmləşdirən bir insandan gedir. Daha mühümü, bu gün üçün aktual olan isə insani keyfiyyətlərin önə çıxarılması və şəxsin düşüncə tarixində arzulanan kamillik yolundakı irəliləyişlərini izləməklə əməllərinin yaxşı nümunə kimi göstərilməsidir. Bir sözlə, Ərtegin müəllimin özəlliyi böyüklə-böyük, kiçiklə-kiçik, hər kəsin səviyyəsinə uyğun ünsiyyət, xoş rəftar, tabeliyində olanlara bunu hiss etdirmədən hər zaman "siz" deyərək qarşısındakını dəyərləndirməklə insanlığı təbliğ etməkdir. Əslində, bu fundamental dəyərlərin təbliğidir...”
...Bakı, İstanbul, Daşkənd, Almata, London, Budapeşt, Tunis, Moskva, Sankt-Peterburq və Krasnodar şəhərlərində nəşr olunan, Azərbaycan sənətşünaslığının tarixi və metodologiyasına, dizayn və heraldikanın vizual dilinin problemlərinə həsr etdiyi 160-ə yaxın elmi əsərin müəllifidir. Onlardan “Azərbaycan sənətşünaslığı. XX əsr”, “Elçin Əlibəyli: rəssam və bədii ənənə”, “Dizayn və informasiya”, “İncəsənət və sənətşünaslıq” monoqrafiyaları, “Dizayn tarixi”, “Vizual informasiya” ali məktəblər üçün tədris vəsaitləri, “Məlik Ağamalov. Boyakarlıq”, “Tofiq Rəsulov. Şəbəkə” və “Akmal Nur. Boyakarlıq” kataloqlarını göstərmək olar...
...Çox səmimi adamdır. Təkəbbür və lovğalıqdan uzaqdır. Nizam-intizamı xoşlayır. İnanılmaz dərəcədə ağıllıdır və həmişə onun beyni qəbul etdiyi məlumatları təhlil etməklə məşğuldur. O, dünyanı öz xüsusiyyətlərinə uyğunlaşdırmaqdan və ətrafında dinc, nizamlı bir məkan yaratmaqdan zövq alır. Bəzən, həyatda buraxdığı kiçik səhvlərə görə, özünü çox sərt və amansızcasına tənqid edir. Bu onun olduqca ağıllı olmasının təzahürüdür. O, hər vəziyyətdə bütün nəticələrə nəzarət etməyi bacarır. İşlərini planlaşdırmağı sevir. Mütəşəkkil və nizamlıdır. Bundan əlavə, çox ehtiyatlıdır. Səhv etməkdən, könül qırmaqdan qorxur. Səliqə-səhmana ciddi riayət edir. Gözlənilməz sürprizləri sevmir. Söz verdisə sözünə hökmən əməl edir. Adamları ruhdan salmaq onun təbiətinə yaddır. Əksinə, adamlara bacardığı qədər kömək etməyə hazırdır. Təfərrüat yönümlü insandır. Məzmunlu və məntiqlidir...
...Bəli, ölkəmizdə nadir adlardan birini daşıyan Ərtegin müəllim də, adına uyğun taleyini yaşayır. Bu il onun üçün yubiley ilidir, 60 yaşı tamam olur. Dedim ki, dostları, sevənləri də bilsin. Axı, 28 avqusta nə qalıb ki...
“Ədəbiyyat və incəsənət”
(21.05.2025)
Azərbaycan “Tel Aviv EAT 2025” qida festivalında təmsil olunur
Azərbaycan Turizm Bürosunun İsraildəki nümayəndəliyinin təşəbbüsü ilə ölkəmiz Təl-Əvivdə keçirilən “Tel Aviv EAT 2025” qida festivalında iştirak edir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinə istnadla AzərTAC xəbər yayıb.
Xəbərdə bildirilir ki, iştirakın məqsədi İsrail bazarında Azərbaycanın tanıdılması və ölkəmizin mədəni-turizm imkanlarının daha geniş auditoriyaya çatdırılmasıdır.
Azərbaycanın İsraildəki səfirliyinin tərəfdaşlığı ilə təşkil olunan və dünyanın ən böyük ictimai qida festivallarından biri sayılan tədbirdə Azərbaycan guşəsi fəaliyyət göstərir, milli mətbəx nümunələri ziyarətçilərə təqdim edilir.
Mayın 22-dək davam edəcək festival çərçivəsində Azərbaycan haqqında məlumatlandırıcı materiallar və tanıtım çarxları nümayiş olunub.
2025-ci ilin yanvar-aprel aylarında Azərbaycana səfər edən İsrail vətəndaşlarının sayı 13 min 636 nəfər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfəyə yaxın çoxdur.
“Ədəbiyyat və incəsənət”
(21.05.2025)
ABİDƏLƏRİMİZ - Qarğabazar kənd türbəsi
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Füzuli rayonunun Qarğabazar kəndində XVIII əsrə aid tarix-memarlıq abidəsi, türbə yerləşir. Qarğabazar türbəsi adlanır. Əsas kompozisiya üstünlüyü qeyri-adi böyüklüyə malik olan giriş qapısıdır. Təməldə səkkizguşəli plana malikdir.
Türbənin inşası zamanı bişmiş qırmıızı kərpiclərdən istifadə edilmişdir. Arazboyu ərazinin digər səkkizguşəli türbələrindən fərqli olaraq kərpic, türbənin inşasında əsas inşaat materialı olaraq seçilmişdir. Daha əvvəlki dövrlərdə də kərpic əsas inşaat materialı kimi istifadə edilsə də, bu, heç vaxt türbə inşasına xas edilmirdi. Bu baxımdan Füzuli rayonunun Babı kəndi ərazisindəki Şeyx Babı türbəsi və onun ətrafındakı dini kompleks xarakterik xüsusiyyət daşıyır. Belə ki, kompleks ərazisinə daxil olan bütün tikililər kərpicdən inşa edilsə də, Şeyx Babı türbəsi daşdan tikilmişdir. Əsas kompozisiya üstünlüyü qeyri-adi böyüklüyə malik olan giriş qapısıdır. Bu cür böyük giriş XVI-XIX əsrdə nəinki abidənin yerləşdiyi Qarabağ və Arazboyu ərazi, o cümlədən, ümumilikdə Şimali Azərbaycan ərazisi üçün xarakterik deyildir. Şirvan və Arran memarları XIX əsrə kimi türbə inşası zamanı əvvəlki ustadların kompozisiya yanaşmalarını saxlamış, türbələr üçün kiçik giriş qapısı inşa etməklə ümumilikdə tikiliyə monumental xarakter verə bilmişlər.
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra türbə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Türbənin yerləşdiyi kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Və əlbəttə ki, 2020-ci ildə azad edilib.
“Ədəbiyyat və incəsənət”
(21.05.2025)
PORTAL AKADEMİYASINDA - Ən faydalı qidalardan - göyərti və tərəvəzlər.
“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.
Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
İndi isə sizi ən müxtəlif təsnifatlardan («Forbes» jurnalının təqdimatında «Ən sağlam 12 qida» reytinqi, Conni Bovdenin «Dünyanın ən sağlam 150 qidası» kitabı, «Taym» jurnalındakı «Tarixin ən faydalı 50 bitki və qidası» reytinqi və s.) seçdiyim Yer kürəsinin ən faydalı qidaları ilə tanış etmək istəyirəm. Buyurun, faydalanın:
A. göyərti və tərəvəzlər.
1. Qulançar (az kalorilidir, asan həzm olunur, vitaminlərlə (K, B1, B2, B9, C, E, A, PP), mikro və makroelementlərlə (sink, kalsium, maqniy, dəmir) zəngindir).
2. Şirin bibər (Antioksidantların və C vitamininin mənbəyidir).
3. Brokkolli kələmi (K və C vitaminlərinin və sellülozun çoxluğuna görə təkrarsızdır, xərçəngin bütün növlərinə tutulma riskini azaldır, bədəni toksiki maddələrdən təmizləyir).
4. Kök (karotinin əsas mənbəyidir, insanın hüceyrələrinin inkişafı, dərinin, selikli qişanın və gözün sağlamlığı üçün çox vacibdir).
5. Rəngli kələm (tərkibindəki A, B, PP vitamini, kalium, fosfor, dəmir və sellüloz, eləcə də protein adi kələmdəkindən dəfələrlə çoxdur, bu tərkib bağırsağın mikroflorasına müsbət təsir göstərir).
6. Xiyar (95% sudan ibarət olan və ən az kalorili bu tərəvəzdə yağ, zülal çox azdır, amma kalium və digər vitaminlər çoxdur).
7. Sarımsaq (ən güclü antioksidantlardan hesab olunur, güclü bakterisid təsiri var, soyuqdəymə ilə mubarizədə güclü silahdır, ürək xəstəlikləri riskini, yemək borusu xərçəngi riskini azaldır).
8. Zəncəfil (immungücləndirici, həzmə kömək edən bu bitkinin kökündə efir yağları, vitamin və minerallar boldur).
9. Soğan (bakterisid xassəsinə, dəmir və kalsium bolluğuna, B və C vitamini bolluğuna görə seçilir).
10.Pomidor (xərçəng əleyhinə likolin kimi güclü antioksidanta, ən müxtəlif mikroelement və vitaminlərə malikdir).
11.Cəfəri (tərkibində limondan 4 dəfə çox vitamin olduğundan soyuqdəymədə, habelə avitaminozda çox faydalıdır, bitki proteininə malik olduğundan isə pəhriz saxlayanlar, xüsusən ət yeməyənlər üçün əvəzsizdir).
Növbəti təqdim edəcəyim meyvə və giləmeyvələr olacaq.
“Ədəbiyyat və incəsənət”
(20.05.2025)
BİR FOTONUN TARİXİ - Karl Bents və Mercedes
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bakımızda bir aralar küçələrdə yalnız sovet avtomobilləri şütüyərdi. “Jiquli”lər, “Moskviç”ləe, “Volqa”lar. Sonra – müstəqilliyin ilk illərində yapon avtomobilləri rüzgarı əsdi. Sonra dominantlığı alman maşınları - əsas da “Mersedes” ələ keçirdi.
İndi isə liderlik Çin avtomobillərindədir. Amma sözümüz bu barədə deyil.
“Mercedes” – avtomobillərin kralı hesab edilir, bütün dünyada öz üstün mövqeyini qoruyub saxlayır. Bilirsiniz niyə? Keyfiyyət burada tək rol oynamır. Əsas rol oynayan həm də “Mersedes”in dünyada yaradılmış ilk avtomobil olmasıdır.
Sizə təqdim etdiyim fotoda “Mersedes” yoxdur, amma mən “Mersedes”dən danışıram deyə təəccüblənməyin. Gerisinə qulaq asın.
“Mercedes” 1885-ci ildə yəhudi ixtiraçı Karl Bents tərəfindən hazırlanmışdır. Cənab Bents avtomobilə bu adı isə qızının şərəfinə vermişdir; o, qızını sevgi ilə Mercedes deyə çağırırdı. Bu sevgidən icad etdiyi avtomobilə də pay düşdü, əlbəttə.
“Mercedes” bu günə qədər dünyanın ən bahalı avtomobillərindən biri olaraq qalır! Bu, əlbəttə ki, birincilik, pöionerlik, flaqmanlıq üstünlüklərindən doğan bir impulsdur.
 Şəkildə: Karl Bents və qızı Mercedes, 1885-ci il.
“Ədəbiyyat və incəsənət”
(21.05.2025)
Seçmə şeirlər – RƏSUL RZA, “Bəlkə də”
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
RƏSUL RZA
“BƏLKƏ DƏ”
M.Rəfiliyə
Onunla həmmərəz idik biz, o deyirdi:
Eh! Cəhənnəm olsun
bütün dərman, pəhriz!
Mənə dağ havası verin!
Sac yuxası verin!
İstəyirəm sərxoş olum meyindən
əyriboyun bənövşədən
qalxan ətrin.
Mənə
qızıl söyüd çubuğundan hörülmüş səbətdə
moruq gətirin!
Açın sinəmi!
Dəniz yeli dəysin ona!
Haram olsun mənə
bu torpağın çörəyi,
dincimi almadan,
yorulmadan, qocalmadan
səksəndən getməsəm doxsana.
Azarı, ölümü
büküb qoymasam ayağımın altına!
Belə deyərdi,
Əllini yeni keçmişdi,
qara örtük saldılar tabutuna
Bəs niyə belə?
Həkimlər gəldi,
yazdılar, pozdular.
Gah elə, gah belə yozdular.
Yan-yana düzüldü,
neçə-neçə qəşəng latın sözü.
Qərara gəldilər:
... Xəstəliyin şiddəti...
Bir də... özü...
Ancaq bir deyən olmadı
bəlkə... səbəb başqadır,
Bəlkə... arzusu doğrulmadı
Bəlkə...
ona dağ havası
sac yuxası,
bir də
qızıl söyüd çubuğundan hörülmüş səbətdə
moruq verən olmadı?...
“Ədəbiyyat və incəsənət”
(20.05.2025)
Bəzən bir “salam” həyat dərsinə çevrilə bilər – OLMUŞ HADİSƏ
Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Zəngli saatın səsinə yuxudan oyandım. Səhər açılmışdı. Saat səkkizə işləmişdi. Hər gün olduğu kimi yerimdən qalxaraq dərsə getmək üçün hazırlaşmağa başladım. Universitetdə axırıncı ilim idi. Son vaxtlar həm yorucu, həm də əyləncəli keçirdi. Bitirməyin verdiyi gələcək qayğıları da məni bir az qorxudurdu.
Elə ağlımda gələcək planlarla universitetə daxil oldum. Tanıdığım müəllimlərlə salamlaşaraq sinif otağına doğru pilləkənlərlə qalxmağa başladım. Tək deyildim, yanımda qrup yoldaşlarımdan bir neçəsi var idi. Biz söhbət edərək pillələri qalxırdıq. Universitetin təmizlikçi qadını həmin pilləkənləri təmizləyə-təmizləyə aşağı düşürdü. Biz sakitcə, mane olmadan kənardan keçib getmək istəyirdik ki, birdən kimsə bizi “Qızlar!” deyə səslədi. Hamımız səs gələn tərəfə çevrildik. Bu, təmizlikçi qadının səsi idi. Səsi həm kədərli, həm də mənə tanış olmayan bir hisslə dolu idi. Gözləri çox dərin baxırdı. Bir anlıq nəzərlərini üzərimdə hiss etdim. Baxışları çox şey ifadə edirdi. Hər birimizə diqqətlə baxandan sonra dedi:
-Məndən utanırsız?
Nə baş verdiyini anlamadıq. Sual dolu baxışlarla bir-birimizə baxdıq.
-Mənə nə üçün salam vermirsiniz? Müəllim olmadığım üçün? Buraları təmizləyən birinə salam vermək, hal-əhval soruşmaq sizə ağır gəlir? Buraları təmizləyirəm deyə adımı belə soruşmağa ehtiyac duymursunuz? – dedi qadın.
Səsi bir az titrəyirdi:
-Siz mənim övladlarım yaşındasınız. Həyatı hələ tam anlamırsınız. Lakin mən bu pilləkənlərdən gəlib-keçən çox insan gördüm, çox tələbə gördüm. Bəziləri üçün görünməz idim, bəziləri isə varlığımı dərk edirdi. Salam verib keçirdi. Bilirsiniz, salam vermək adi söz deyil, “Sən varsan”, “Sən insansan” deməkdir. Salam bir insanın gününü dəyişə bilər, həyatını xilas edə bilər.
Biraz dayandı. Baxışları uzağa yönəldi, sonra bizə tərəf dönərək davam etdi:
-Mən salam alanda özümü görünməz hiss etmirəm. Bu da mənə kifayət edir.
Qadının sözləri bizi yerimizdəcə saxladı. Heç nə deyə bilmədik. Bəlkə də heç bir cavab kifayət etməzdi. Çox sarsılmışdıq. Olsun ki, qadının qarşısında yox, özümüzün qarşısında utanırdıq. Qəlbimizdən keçirdi ki, o olmasa, heç düşünməzdik, bir salamın bu qədər önəmli olduğunu.
Qürurla danışan bu qadın o anda müəllimlərdən daha çox öyrətdi bizə. Və biz dərsə girmədən öncə dərsimizi almışdıq. Bu hadisədən sonra hər dəfə o pilləkənləri qalxanda ilk axtardığımız qadının baxışları oldu. Hər dəfə ona salam verdik – həm də ürəkdən. Bu həm də bir təşəkkür idi. Bizə görməyi, salam verməyi öyrətdiyi üçün.
Və anladım ki, həyatda dərsi sadəcə müəllimlər vermir. Pilləkənlərdə qarşına çıxan təmizlikçi bir qadın da səssizcə həyat dərsi verə bilər.
“Ədəbiyyat və incəsənət”
(21.05.2025)
Taksi elmləri namizədi
Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”
Beynimdə o qədər fikir var ki, bir az gəzib dağıtmaq istəyirəm. Gedəsi favorit yerim var. Taksi gərəkdir.
Sağ olsun texnologiya, səssizcə sifariş verib, sakit yol getmək mümkündür. Elə bil casus filmindəsən. Bir az keçmiş, mobil tətbiqdə olduğum məkan bəlli, gedəcəyim ünvanı seçirəm. Budur, seçimimi edirəm, sürücünü də seçib sifarişi təsdiqləyirəm.
Çox keçməmiş tətbiqdən zəng gəlir.
– Alo, – deyirəm.
– Alo, – səsi gəlir.
– Qardaş, taksi sifariş vermisiniz? – deyir.
Daxilimdə bir səs – Axı mən bozbaş istəmişdim, – kinayəli şəkildə səslənsə də, mülayim tərzdə “bəli” deyirəm.
Növbəti sual eşidilir:
– Hardasınız?
Tətbiqdə ünvanım elə detallı görünür ki, tapmamaq qeyri-mümkündür. Ancaq buna rəğmən:
– Filan yerdəyəm, – cavabını verib zəngi sonlandırmaq istəyərkən, budur, növbəti sual fikir qapımı döyür:
– Ora haradır?
– Filan yerin yanı.
– Tanımıram.
– Yanında filan şey də var.
– Yanında filan bank olanı deyirsiniz?
– Yox, yox. Qarşısında filan çayçı da var.
– Hə, hə, tanıdım, – deyir. – Qardaş, iki dəqiqəyə oradayam.
On dəqiqə sonra taksi gəlir. Qapını açıb, salamlaşıb əyləşirəm.
– Hara gedirik? – sualı gəlir, baxmayaraq ki, tətbiqdə gedəcəyimiz ünvan bəllidir. Ünvanı deyirəm. Bir müddət sükut yaranır. Gözlərimi yumuram. Az keçmiş, qarşıdakı maşının qəribə davranışı sürücünü qapanmış və yaranmış sükutu söyüşlə pozmağa vadar edir.
Yolboyu “Harada işləyirsən? Haralısan?” – siyasətdən, cəmiyyətdən müzakirələr edib suallar ünvanlanır. Bəxtimdən şikayətlənsəm də, sosial şəbəkədə tanınmış aktyor Kamran Ağabalayevin taksilər haqqındakı sosial hesabındakı postu qarşıma çıxır və təskinlik tapıram. Budur, artıq ünvana çatmışam. Nağd şəkildə beş manat verib 2 manat 60 qəpiyimi gözləsəm də, qəpiyim ixtisara düşüb 2 manat mənə qayıdır. İki manata baxıb, dünənki taksi sürücüsünün çatmayan otuz qəpiyimə görə saldığı hay-küy gözümün önündə canlanır və bir anlıq mən də hay-küy qoparmaq arzusuna düşsəm də, beynimdə olan hay-küy artıq mənə bəs etdiyindən, qalsın, – deyib sağollaşıb qapını örtürəm.
“Ədəbiyyat və incəsənət”
(21.05.2025)


				    
				    
				    
				    
				    
				    
				    
				    
				    
				    