Sabah - 19 noyabr 2025-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Şanlı Zəfərin 5-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir və miniatür sənətinin incəliklərini əks etdirən “Kölgəsiz Dünya” sənədli filminin təqdimat mərasimi keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, tədbirdə müxtəlif musiqi və bədii çıxışlardan ibarət proqram təqdim olunacaq daha sonra miniatür sənətinə həsr olunmuş “Kölgəsiz Dünya” adlı sənədli film nümayiş etdiriləcək.
Tədbirdə Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus və Dövlət qurumlarının nümayəndələrinin, elm, mədəniyyət və incəsənət xadimlərinin, media təmsilçilərinin iştirakı gözlənilir.
Türk Mədəniyyəti və İrsi Fondu bu tarixi günü qeyd edərək, Vətən müharibəsində həyatını itirmiş qəhramanlarımızı, eləcə də qazilərimizi dərin ehtiramla anır.
“Ədəbiyyat və incəsənət”
(18.11.2025)


